ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Frans Kafka – dünyaşöhrətli bu yazıçı Azərbaycanda da kifayət qədər sevilir. Amma həyatı barədə çoxumuz məlumatsızıq. Halbuki, acılarla dolu bir həyat yaşayıb, sağlığında yazdıqlarına əhəmiyyət belə verməyiblər. Bu həyatda bir sınma nöqtəsi də olub – atası.

 

O, atasını əsla sevmirdi, çünki onunla münasibətləri çox gərgin və çətin idi. Kafka bu münasibətləri ən açıq şəkildə "Atama Məktub" ("Brief an den Vater") adlı əsərində təsvir etmişdi. Burada Kafka atasını avtoritar, tələbkar və emosional baxımdan soyuq bir insan kimi təqdim edir. Bunun əsas səbəbləri bunlar idi:

 

1. Qorxu və təzyiq: Kafka uşaqlıqdan atasından çox qorxurdu. Atası onun üzərində psixoloji təzyiq göstərirdi və onu daim tənqid edirdi, bu da Kafkanın özünəinamını zəiflətdi.

 

2. Anlaşılmazlıq: Ata ilə oğul arasında böyük bir düşüncə və dəyər fərqi var idi. Kafka incə ruhlu, həssas və yazıçı təbiətli biri idi, atası isə daha sərt, praktik və dünyəvi insan idi.

 

3. Tənqid və etinasızlıq: Atası onun yazıçı olmaq istəyini dəstəkləmirdi, onu zəif xarakterli hesab edir və daim uğursuzluqları ilə üzünə vururdu.

 

4. Sevgi çatışmazlığı: Kafka atasından nə istədiyi sevgini, nə də dəstəyi ala bilmədi. Bu sevgi boşluğu onun həm şəxsi həyatına, həm də yaradıcılığına dərin təsir göstərdi.

 

Kafka üçün atası bir növ avtoritet və qəddar sistemin simvoluna çevrilmişdi. Onun bir çox əsərində — məsələn, "Məhkəmə", "Qəsr", "Metamorfoz" — bu avtoritar fiqurun metaforik təzahürlərini görmək mümkündür.

 

Nəticə 

 

İnsan sevgi ve qayğını ilk öncə ailəsində hiss etməlidir. Atasının Kafkaya olan soyuq münasibəti, onun yazıçı olmaq düşüncəsinə və hisslərinə laqeyd olması, atasından istədiyi dəstəyi və sevgini görə bilməməsi də yaradacılığına təsir etmişdi. Kafka atasını sevmirdi, ona sadəcə nifrət edirdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məsum Cabbarpurdur.

 

Məsum Cabbarpur

Təbriz

 

 

DÖRD BİR YANIM MƏSUM CABBARPUR

 

Dörd bir yanım Məsum.

Dörd bir yanım günah

Dörd bir yanım  nahəncar

Həncarlar.

Dörd bir yanım yasaq

Yasaqlı Məsumlar...

Dörd bir yanım günəş

Dörd bir yanım külək

Başımın üstə ulduzlar

Aylar... Aylar... Ay var...

Ayımı ayaqlarından daşıyan qartal

Başımın üstündə allahın qəlbiri, ələyi

Ələyir başıma əlinə gələni.

Ələyir başıma sənsizliyi

Ələyir başıma izdiham tüstüsün.

Ələnir başıma sevgilimin oynaşı ilə

Çəkdiyi siqaretlərin külü...

Ələnir başıma, nələr ələnir.

Qarşımda sel

Qarşımda tufan

Qarşımda anam

Qarşımda sən...

Qarşımda yaşayış

Qarşımda ölüm

Qarşımda uçurum

Qarşımda yamac

Qarşımda hər şey

Qarşımda heç nə.

Qarşımda ümid

Qarşımda təvəhhüm!

Qarşımda buruq-buruq yollar.

Qarşımda sakit yaşayış

Qarşımda “Ləqəd xələqnəl insanə fi kəbəd”

Arxamda polis...

Arxamda kələfçələr

Arxamda pis günlərim, xoş günlərim

Arxam, arxamda...

Arxamda düşmənlər, dostlar

Arxamda təbəssümlər, göz yaşlarım

Arxamda benzin var, yanğın var

Kül var,

Köz var,

Közərən köz var.

Aman allah yellər əsir arxamdakı yollarda

Bazarlar var, küçələr var

Daşa dönmüş canlılar

Canlanmış daşlar.

Dəyişik ruhlar, ruh dəyişikləri...

Sağımda sol var

Solumda sağ.

Sağ-solum ilan

Bir-birini sancır hər yanım

Bir yanımda tüncələr, bir yanımda it qatığı

Bir yanımda eşq murdar olub

Bir yanımda nifrət qoxuyur

Bir yanımda xoruzlar dan ulduzuna baxıb ağlayırlar

Bir yanımda itlər keflənib.

“Məndə iki cahan yox,

Bu cahanın mindən biri də sığışmadı”*

Məndə hər şey itdi, batdı, boğuldu.

Məndə yarananlar öldü, törənənlər, yaşayanlar...

Amma mən, məndə qaldım.

İçimdə daşdım, töküldüm,

Calandım, dondum.

Axmadım

Dörd bir yanım film

Dörd bir yanım nəm-nəmənə!

Dörd bir yanım Ahmet Kaya

“Dörd bir yanın pas içində

Önüm, arxam pos içində”.

 

*Böyük Nəsiminin şeirinə bir damğa.

 

“Ədəbiyyat və incəsənət”

 (16.04.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizi uğura aparacaq daxili intizam aşılamanız üçün çox vacib səbəbiniz var. Daxili intizam aşılamaq xarakterinizi dəyişir, sizi daha güclü və uğurlu şəxsiyyətə çevirir. Daxili intizamınızı inkişaf etdirmək düşüncə və emosiyalarınıza təsir edərək sizi fərqli şəxsiyyətə çevirir.

 

Özünüzü kimya laboratoriyasında təsəvvür edin. Bir neçə kimyəvi maddəni kolbada qarışdırır və odun üstünə qoyursunuz. Maddələr qızdıqca formalarını dəyişir və nəhayət müəyyən bir temperaturda kristallaşaraq bərk hala keçirlər. Və kristallaşıb bərkimiş bu maddələri artıq yenidən maye hala çevirmək mümkün olmayacaq. Sizin şəxsiyyətiniz də eynən bu maddələr kimi öncə maye halda, formasız və yumşaq olur. Daxili intizam odundan istifadə edib qızdırdıqca, özünüzü asan və əyləncəli olanı deyil, çətin və lazımlı olanı etməyə məcbur etdikcə xarakteriniz bərkiyir və mürəkkəb quruluşlu kristala çevrilir.

 

Daxili intizamdan istifadə edərək özünüzü məqsədinizə doğru getməyə vadar etməyin ən maraqlı tərəfi sizin başqa şəxsə çevrilməyinizdir. Daha güclü, qətiyyətli, intizamlı və məqsədyönlü olursunuz. Siz şəxsiyyətinizi başqa formaya salaraq gücləndirir və daha yaxşı keyfiyyətlər qazanırsınız. Belə bir qayda var: “Əvvəlkindən fərqli bir adam olmaq üçün əvvəl etmədiyiniz işləri etməlisiniz”. Bu o deməkdir ki, daha güclü şəxsiyyət olmaq üçün daha intizamlı olmaq lazımdır.

 

Özünüzü, adi adamların xoşlamadıqları işləri görməyə vadar etməyi bacarmalısınız. Uğurun digər prinsipi, “əvvəllər əldə etmədiyiniz 

nailiyyətləri əldə etmək üçün bilik və bacarığınızı əvvəlkindən daha üstün etmək” zərurətidir.  Daxili intizam aşılamaqla siz yeni bir şəxs olursunuz. Daha yaxşı, güclü və məqsədyönlü olursunuz. Özünüzə inamınız artır və özünüzlə fəxr edirsiniz. İnsan tərəqqisi pilləsində daha yüksək pillələrə qalxır, dərin xarakter və düşüncəyə malik olursunuz.

 

Brayan Treysi/Bəhanələrə yox (Daxili intizamın gücü)

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

Çərşənbə, 16 Aprel 2025 12:16

“Tanrını kəşf etmək arzusu” - ŞEİR

İlkin Vəliyev, “Ədəbiyyat və incəsənət”

 

Bəşər yaranandan bəri Tanrını kəşf etmək arzusu insanlığın ən böyük arzularından biri olub həmişə. Bu barədə danışmaq istəyirəm. Fikirlərimi şeir dili ilə izhar edəcəyəm.

 

Kimə şeir yazırıq?

Kimi təsvir edirik?

Nəyə bənzədirik biz?

Yox... Səhv edirik ya da.

və bizi yaradanı,

özümüz yaratmağa

çalışdıq dünyada.

 

Daşdan heykəl düzəldib,

Tanrı demişik ona.

Sonra qəhrəman kimi,

nə qədər şeir yazıb

nöqtə qoymuşuq sona.

 

Yerə, göyə bənzədib,

naməlum yaradanı,

təbiət Tanrısıtək

ağlımıza yazmışıq.

İnsana firon deyib,

daşlara Allah deyib

o pilləyə ucaldıq?

Biz Tanrını kəşf etmək

arzusuyla qocaldıq...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə Ağsu rayonunun Kalva kəndində dünyaya gələn bir rəssam haqqında söhbət açmaq istəyirəm. Əvvəlcə onu deyim ki, qəhrəmanımın doğulub böyüdüyü kəndin qəribə səslənən adı sizi çaşdırmasın. Bu ad türkcədəki "kalafa" sözündəndir. Bu da "çala, çökək, dərə" mənasını verir.

 

Zarafat deyil, o, indiyədək Türkiyə, Makedoniya, Koreya, İndoneziya, İspaniya, Çin, Misir kimi ölkələrdə keçirilən müxtəlif rəsm müsabiqələrində dəfələrlə yer tutub, karikatura festivallarının, sərgilərin mükafatına layiq görülüb. Onun "Əsir qadın", "Qoyunotaranlar”, "Gələcəyin şəhəri", "Əsarət və məhəbbət", "Bülbül ilə natürmort", "Ağ buludun kölgəsində" adlı kətan üzərində yağlı boya ilə çəkdiyi əsərləri tamaşaçılar tərəfindən çox bəyənilib, yaxşı qarşılanıb...

 

Deyir ki:- “Mənim doğulub böyüdüyüm kənd dağların qoynunda yerləşir, bu baxımdan həmişə gözəlliklərin içərisində olmuşam. Məni rəssam edən həmin kənd oldu. Uşaqlıqdan rəssamlıqla bağlı bütün duyğularımı təbiətdən almışam. Buna görə “təbiət” adlı müəllimə minnətdaram. Təbiətlə bağlı obrazlarım gördüklərimin ifadəsidir. Bu gün Bakıda yaşasam da kəndimizə tez-tez gedirəm və hər dəfə oranı görəndə yeni bir əsər yaranır. Məndə bulud obrazı var. Misal üçün “Bulud altında çimən qadınlar” əsərində mən buludu obrazlaşıdırmışam, yəni burda bulud ayrıca obrazdır, fon deyil. Buluda xüsusi münasibətim var və məni təbiət hadisələri içərisində ən heyrətləndirən də odur...”

 

Bəli, o, 1976-cı ildə Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. Orta təhsilini orada başa vurduqdan sonra Bakıya üz tutub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1997-ci ildə oranı bitirdikdən sonra, 1997–2000-ci illərdə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...

 

“Uşaq olanda rəssamlıq məktəbinə qəbul olunmaqdan ötrü ürəyim gedirdi. Hesab edirdim ki, məktəbi oxuyandan sonra rəssam olacam. 1991-ci ildə gəldim Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə, qəbul ola bilmədim. Geriyə, kəndə qayıtdım. Atam mənim rəssam olmağımı istəmirdi, çəkdiklərimi də cırırdı. Baxmayaraq ki, atam özü müəllim, dünyagörüşlü insan idi, hər dəfə istehza ilə deyirdi ki, saqqalı uzun, cibi boş adamlara rəssam deyilir, get özünə başqa sənət tap. Niyə danım, o vaxt mənim içimdəki əsas istək isə kənddən çıxmaq idi. Gəlib ADPU-nun filologiya fakültəsinə qəbul olundum, sonra da dilçilik üzrə magistr oxudum. Amma ikinci kursda qəti fikir yarandı ki, institutu atıb, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gedim. Artıq rəssamlarla görüşmüşdüm, onların emalatxanalarında olmuşdum. Evdə bu qərarı pis qarşıladılar. Gördüm ki, təhsil almasalar da, dünya rəssamlığına böyük töhfələr verən, öz məktəblərini yaradanlar az olmayıb. Məsələn, fransız rəssamı Pol Sezan, Pol Qogen, Meksika rəssamı Frida Kahlo və s.. Belələri çoxdur. Məşhur xalçaçı rəssam Lətif Kərimov tələbələrinə deyərmiş ki, sərgilərdə heç bir rəssam diplomunu asmır, əsərini asır. Yeri gəlmişkən, Lətif Kərimov da heç bir təhsil almamışdı. Beləcə qərara gəldim ki, bu sahə üzrə təhsil almayacağam.”- söyləyir.

 

Bunun bir başqa səbəbi də olub. Tanıdığı bütün rəssamların əsərlərində oxşarlıq görüb. Görüb ki, hamısının iş üsulları, düşüncələri oxşardır. Düşünüb ki, hamısı bir məkdəbdən keçdiyi üçün, bu eyniliyi yaradan səbəb, onların aldıqları təhsildir. Və özünü bu qəlibdən qorumağa məcbur olub. Necə deyərlər, başqalarına oxşamaq istəməyib, özü olmağı arzulayıb.  

 

Deyir ki:- “Bəlkə də rəssamlıq məktəbini qurtarsaydım, mənim fərdi məktəbim olmayacaqdı.

Üslub odur ki, min nəfərdən biri tamam ayrı yolla gedir. Alim Qasımov muğamda heç kimə bənzəmirsə, bu, məhz onun yoludur. Adam var ki, 70 il yazıb yaradır, amma üslubu yoxdur. Baxan kimi bilinir ki, bu filankəsin dəsti-xətti, ideyası, rəngidir. Şairdə, rəssamda, bəstəkarda da bu bilinir. Üslub yoxdursa sənət yoxdur, yaradıcı yoxdur, rəssam yoxdur...”

 

O, özündən öyrənməyə üstünlük verir. Axı rəssamın yaradıcılığı üçün fəlsəfilik, təkrarsızlıq başlıca amildir. Bildinizmi kimdən danışıram? Yəqin ki, aranızda onu tanıyanlar da var. Beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan rəngkar, qrafik və karikaturaçı Soltan Soltanlıdan. Əsərləri beynəlxalq kataloqlarda yer alan və müxtəlif ölkələrdəki muzeylərdə, eləcə də özəl kolleksiyalarda saxlanılan bir rəssamdan...

 

Bu gün - aprelin 16-sı Soltan Soltanlının növbəti ad günüdür, 49 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, çalışdığı sahədə bənsərsiz uğurlar, Səttar Bəhlulzadə məqamına yüksəlməsini arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

 

 

Türkiyə Böyük Millət Məclisinin üzvləri Hulusi Akar, Şamil Ayrım, Sayın Bayar Özsoy, Kayseri Talas bələdiyyəsinin sədri Mustafa Yalçın, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksək vəzifəli şəxsləri, ali məktəb rektorları, alimlər və sahibkarlardan ibarət nümayəndə heyəti Qarabağa səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetində olub, təhsil müəssisəsinin kollektivi ilə görüşüb. Rektor Şahin Bayramov ali təhsil ocağının fəaliyyəti, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması ilə bağlı məlumat verib. Türkiyə nümayəndə heyəti tədris prosesini izləyib, müxtəlif auditoriyalarda dərslərin gedişini müşahidə edib, eyni zamanda tələbələrlə maraqlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Qarabağ səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Görkəmli yazıçı, maarifçi, həkim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 155 ili tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin yubileyi ilə əlaqədar “Nəriman Nərimanov - 155” adlı virtual  kitab sərgisi hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Ulu Öndər Heydər Əliyevin Nəriman Nərimanov haqqında söylədiyi dəyərli fikirlər, müəllifi olduğu və haqqında qələmə alınan 30-a yaxın kitabın tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində müstəsna rolu olan Nəriman Nərimanovun ictimai-siyasi və ədəbi-mədəni fəaliyyətindən bəhs edən akademik Nizami Cəfərovun “Əhmədovun "Nəriman Nərimanov"u ”, professor Teymur Əhmədovun “Heydər Əliyev: Nəriman Nərimanov bu gün də bizimlədir”, yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Camalovun “Maarifçilik tariximizin Nəriman Nərimanov imzalı parlaq səhifələri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nəriman Nərimanov: Məşhur yazıçı, qüvvətli dramaturq, publisist və maarifçi”, jurnalist Aytac Sahədin “"Nəriman Nərimanov. 20-ci illər" - "Bir rəsmin dedikləri"” kimi 10-dan çox məqalənin, rəsmi sənədin tam mətni də yer alır.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://ryl.az/multimedia/neriman-nerimanov-155   linkindən istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar Oğuz Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbirdə müəssisə rəhbərliyi və əmək kollektivinin üzvləri iştirak ediblər.

 

İştirakçılar Zərifə xanım Əliyevanın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Tədbirdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Polikilinika şöbəsinin müdiri Xəqani Hüseyni çıxış edərək akademik Zərifə Əliyevanın zəngin irsi, tibb sahəsindəki xidmətləri və yüksək mənəvi keyfiyyətlərindən danışıb. O, Zərifə xanım Əliyevanın həyat yolunun bu gün də gənc həkimlər üçün örnək olduğunu bildirib və onun irsinin daim yaşadılmalı olduğunu diqqətə çatdırıb.

Oğuz Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Səriyyə Şəfiyeva akademik Zərifə Əliyevanın elmi və mənəvi irsindən, onun tibb sahəsinə qazandırdığı yeniliklərdən danışıb.

Ardınca akademikin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Videoda Zərifə Əliyevanın elmi nailiyyətləri, Azərbaycan tibb elminə verdiyi töhvələr və insani keyfiyyətləri əks etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

 

Külək, hər şeydən əvvəl gəlir bu şəhərə. İnsanlar doğulmamışdan, yollar çəkilməmişdən, binalar ucalmamışdan öncə də vardı. Və indi, bütün bunların içində hələ də təkcə küləkdir şəhərimə sadiq qalan. O gün də 20 Yanvar dairəsinin üstündən əsirdi. Üşütmək üçün yox, sanki yaddaşı təmizləmək üçün. Asfaltın üstündəki ayaq izlərini, divarlardakı baxışları, havada qalan fəryadları silmək üçün əsirdi…

 

Orada, yolun kənarında dayanmışdım. Finansal şəkildə sıfırda idim və gözləyirdim. Dostumu? Bəlkə özümü. Bəlkə də məni evə aparacaq adamı. Amma əslində heç bir yerdə deyildim. İnsan bəzən bir dairənin ortasında dayanıb, hərəkətdə olan hər şeyə baxarkən, özünü dayanmış bir zamanın parçası kimi hiss edir. Məni belə donmuş bir anın içində tapdı o. "Mənə bir manat kömək edərsən?" deyə..

Görünüşcə insan idi. Amma ona baxanda düşünürsən ki, bədən bir qəbirdir, ruhu hələ də orada ilişib qalıb. Üzündə zamanın əl izləri vardı, sanki həyat onu əlində çox sıxıb, sonra bir kənara atmışdı. Gözləri... Yox, o gözlər bir hekayə danışmırdı, çünki danışmağa halı qalmamışdı. Sadəcə baxırdı. Bir məzar daşına çevrilmiş baxışla.

- Mən elə-belə düşməmişəm bu hala… - dedi.

Səsi içkidən titrəyirdi, amma təkcə alkaqol deyildi onu qıran. İnsanın içini içdən yeyən bir şey vardı orada. Hər sözündə, hər nəfəsində. O danışmırdı. Sanki vicdan danışırdı, peşmanlıq fısıldayırdı. Çünki bu adam artıq cəmiyyətin gözdən saldığı bir "alkoqolik" deyildi. O, öz varlığının məzarlığında səssizcə yaşayan bir məxluqa çevrilmişdi.

Bax, qaranlıq bir paradoks burada başlayır, məhz elə bu nöqtədə. Harada ki, insan öz günahının fərqində olur, amma ondan qurtulmaq üçün artıq gec olur. O, öz içindəki Tanrını çoxdan itirmişdi, amma yenə də Allahsız yaşamaqdan qorxurdu. Sanki hər içki qurtumu ilə onu unutmağa çalışır, amma yaddaşı daha da ayılırdı.

 - Mən bomj deyiləm, qardaş… Mən məhv olmuş bir niyyətin canlı sübutuyam. Həyat... O, bir dəfə səni udanda, səni necə gəldi geri qaytarır... Amma artıq tanınmaz bir halda...

Ən çox bu cümlə dondurdu içimi. Sanki Dostoyevskinin “Cinayət və Cəza”sında Razumixinin dilindən çıxmalı idi bu sözlər. İnsan bir dəfə yerə yıxılanda, ona əl uzadılmır. Əksinə, o uzanan əllərin içində daş olur bəzən və sən bilmirsən, səni xilas edirlər, yoxsa batırırlar.

O adam əyildi, ayaqqabısının bağını yoxladı. Sanki bir ömrün qırıq hissələrini toplamağa çalışırdı. Mənə baxdı, gözlərimdə nə axtardığını bilmirdim, amma görünür, tapmadı.

- Sən qal burada. Mən... 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.

Və getdi. Əlində heç nə yox idi, cibləri boş idi, bədəni titrəyirdi. Amma nədənsə, sanki məndən daha zəngin görünürdü. Çünki onun hər şeyi yox idi və bu “yoxluq”, mənim daşıdığım yalanlarla dolu varlıqdan daha dürüst idi.

O getdi, külək isə susmadı. Yalnız insanlar susur bu şəhərdə. Külək heç vaxt unutmur.

Bəzən insanın dediyi ən sadə cümlə, əslində içində bir ömrün qaranlığını daşıyır. “Mən elə-belə düşməmişəm bu hala”. Bu sözlər, dilə asan gəlir, amma ruhun ən dərin qatından, vicdanın illərlə gizlətdiyi bir zindandan gəlir. Bu cümlədə nə bəraət istəyi var, nə də ağlamaq. Sadəcə fakt var. Çılpaq, soyuq və geri dönməz bir fakt.

O adam danışanda, səsi sanki onun dodaqlarından deyil, içində illərlə danışmaq istəyən, amma susmağa məcbur edilmiş bir uşaqdan gəlirdi. O uşaq, bəlkə on yaşında, bəlkə otuz... İlin, ayın, yaşın əhəmiyyəti yoxdur. Hər insanın içində bir zaman donub qalır və həyat boyu sən o donmuş zamanın əsirisən. O adamın zamana münasibəti pozulmuşdu. O, saatlarla yox, keçmişlə ölçürdü ömrünü.

-Mən də bir zamanlar geyinirdim - dedi. - Təmiz geyim. Qoxusu belə başqa idi. İnsanlar mənim yanımda rahat otururdular. Qızlar üzümə baxırdı... Elə baxırdılar ki, insan olduğumu xatırlayırdım.

Bu sözləri deyərkən gülümsədi. Amma bu gülüş həyatın yumşaqlığından yox, ömrün sərtliyindən doğan bir gülüş idi. O, həyatına gülmürdü. Öz halına da yox. Sadəcə susmağa çalışırdı. Səsi ilə deyil, sifəti ilə.

-Hər şey bir səhvlə başladı. Bilirsən, insanlar səhvlərin böyüklüyünü nəticədən anlayır. Amma məncə, ən böyük səhvlər heç vaxt görünmür. Sakitcə gəlirlər, sən hiss etmirsən. Hətta xoşbəxtlik kimi görünür bəziləri əvvəlcə... Sonra səni içindən yeyir.

Bu adamın dedikləri, bir müdrikdən çox, bir məhkumun sözlərinə bənzəyirdi. Amma o, cəmiyyətin deyil, özünün məhbusuydu. Öz seçimlərinin, öz qorxularının, öz unutqanlığının zindanında idi.

 - İçməyə başlayanda, heç kim "məni xilas edin" demir. Hətta bir az xoşbəxt hiss edirsən. İlk dəfə içəndə bir qız məni tərk etmişdi... Mən ağlamadım. İçki məni sakitləşdirdi. Sonra işdən çıxarıldım. İçki məni güldürdü. Anam öldü. İçki məni unutdurdu... Mən sandım ki, bu mənim dostumdur. Amma içki dost kimi gəlir, qəbir kimi gedir.

Ətrafımızdan maşınlar keçirdi. İnsanlar, biri gedir, biri gəlir. Onlar üçün bu adam bir parazitdir. Bir rahatsızlıq. “Cəmiyyətin zibilliyi” deyərdilər bəlkə. Amma heç biri onun içindəki cəhənnəmi görə bilməzdi. Çünki cəmiyyət, aludəliklə yox, görüntü ilə mühakimə edir.

 - Bəlkə də mən hələ də insanam, amma insanlar məni çoxdan silib. Bilirsən, bir insanı öldürmək üçün onun bədənini deyil, varlığını yox saymaq yetərlidir...

 Sözləri havada qalırdı. Sanki Tanrı belə susmuşdu ona qarşı. Mən isə heç bir cavab verə bilmirdim. Çünki o məni sorğu-suala çəkmirdi. Sadəcə danışırdı. Və bəlkə də, ilk dəfə danışmağa layiq bir qulaq tapmışdı.

  - Mənə nə narkotik lazımdır, nə iynə, nə də alkoqol artıq. Sadəcə... bir nəfər desin ki, "sən bu dünyada varsan". Bu kifayətdir. Amma o sözü illərdir eşitmirəm.

 Mən baxırdım. Qəribədir, adamın üstü toz içində idi, əynindəki paltar cırıq, amma sanki mənə həyatın əsl üzünü göstərirdi. Biz hamımız ömrümüz boyu pərdələrin arxasında yaşamağa öyrəşmişik. Gözəl sözlər, gözəl geyimlər, gözəl planlar... Amma onun üzündə həyat çılpaq idi və bəlkə də, ilk dəfə qorxurdum bu qədər dürüst bir aynaya baxmaqdan.

Bəzən bir insanın "indi qayıdıram" deməsi, əbədi bir gedişin anonsudur. O kişi mənə baxdı və dedi:

 -Gözlə, 10 dəqiqə fırlanım, sənə pul gətirərəm.

  Bu cümlə, yerdəki bir siqaret kötüyündən daha qısadır əslində. Amma onda qəribə bir təmkin, bir inam vardı. Sanki əslində özü də bilirdi ki, heç yerə getmir və heç vaxt qayıtmayacaq. Amma yenə də dedi. Nə üçün? Mənə ümid vermək üçünmü? Özünə son bir oyun oynamaq üçünmü? Yoxsa bu, sadəcə həyatın içindəki bir mikro-trajediyanın sadə bir replikasımıydı?

Mən gözlədim. Dəqiqələr ağır keçirdi. Ətrafdan keçən adamların heç biri mənə və ya onun yoxluğuna baxmırdı. Heç kim üçün heç nə olmamışdı. Halbuki mən, bu kiçik anın içində  böyük bir varlıq-yoxluq məsələsini yaşayıb dururdum. O adam orada idi, indi isə yox idi. Və mən nə bir iz, nə bir sübut, nə də bir cavab ilə tək qalmışdım. İnsan, yoxluqla üz-üzə qalanda dəyişir. Hətta bu yoxluq, bir evsizin, bir alkaqolikin yoxluğu olsa belə. Bəzən insanın yoxluğu, onun varlığından daha çox iz buraxır. Sanki həyatda bəzi adamlar yalnız getmək üçün doğulub. Onlar bizə gəlib ilişirlər, qısa müddət bir şey öyrədirlər və sonra yox olurlar. Tanrının gizli məktubları kimi, ünvanı oxunmayan, amma məğzi içimizdə partlayan məktublar kimi...

  "Gözlə..." - bu, həm də Tanrının bəşərə dediyi bir söz ola bilərdi. “Gözlə, bəlkə bir gün qurtulacaqsan. Gözlə, bəlkə bir gün anlayacaqsan. Gözlə, bəlkə o gələcək.” Biz hamımız kimisə və ya nəyisə gözləyirik, bəraətimizi, izahımızı, xilasımızı... Hətta gecikmiş bir peşmanlığı belə.

Mən o adamı gözlədim. Hər keçən dəqiqə, onun qayıtmayacağına bir az daha əmin oldum. Amma yenə də gözlədim. Çünki bəzən insan birini yoxluğuna baxmayaraq gözləyir. Çünki içində hələ də onun üçün bir yer var. Yoxluğun yerləşdiyi yeganə otaq, insan qəlbidir.

10 dəqiqəlik yoxluq deyib keçmək olar. Amma mənim üçün bu, həyatın bütün haqsızlıqlarını içində daşıyan bir sükut idi. Sanki cəmiyyətin kənarına atılmış bu adam, son dəfə bir insanla təmas qurmuşdu və sonra yenidən cəmiyyətin yaddaşsızlıq quyusuna gömülmüşdü. Heç kim onun adını bilmirdi, haradan gəldiyini, nə üçün orada olduğunu... Və bir gün, o tamam yox olacaq. Sanki heç yaşamamış kimi. Və biz, bir daha onun kimi biri ilə qarşılaşmayacaqmışıq kimi yolumuza davam edəcəyik.

 

Amma mən, unutmayacağam...

 

Bəzi insanlar var ki, dünyaya iz buraxmaq üçün gəlmir. Onlar bu həyatın səssiz fonudur – musiqi deyil, ancaq musiqini tamamlayan sakitlik kimi. Onlar günəşin altında kölgə kimi dolaşır, lakin heç kim onların adını, haradan gəldiyini və nə üçün bu qədər tənha olduqlarını soruşmur. Sanki cəmiyyət, onların varlığını qəbul etmir, amma onların yoxluğu ilə də narahat olmur.

O adam içkiyə sığınmış, amma əslində çoxdan qırılmış bir ruhun daşıyıcısı idi. Onun içkili olmağı bir seçim deyildi. O, cəmiyyətin qaranlıq dəhlizlərində itirdiyi mənliyini unutmaq üçün içirdi. İçmək bəlkə də susmaq üçün bir yol idi. Bəlkə də hər qurtumla öz keçmişini boğmaq istəyirdi. Kim bilə bilər ki? Axı onun üçün heç kim maraqlanmırdı. O, artıq "heç kim" olmuşdu.

Dostoyevski demişkən, "Ən böyük əzab, insanın artıq faydasız olduğunu hiss etməsidir." O adam da belə bir əzabın içində çürüyürdü. Onun üçün heç nə qalmamışdı. Nə ailə, nə ev, nə də sabah. Sadəcə bu gün vardı və o da yaşamaq yox, sadəcə nəfəs almaqdan ibarət idi. Və belələrinin çoxu, cəmiyyətin bir növ “unutmağa məhkum etdiyi” insanlardır.

 

 Biz onlara baxıb keçirik. Onlar isə, bəzən bizə baxır, bəlkə bir az ümid, bir az şəfqət gözləyirlər. Amma biz onlara yox, onların üstünə baxırıq. Sanki bir zibil qutusuna baxırmışıq kimi. Halbuki onların içində, bəlkə də bizim ən gizli qorxularımız yaşayır: tərk edilmək, unudulmaq, heç kimə lazım olmamaq...

 İnsan, insanın aynasıdır. O evsiz, mənim aynama çevrildi o gün. Onun gözlərində özümə baxdım. Özümə demədiyim sualları verdim. "Bəs sən, bu qədər rahat yaşamağa necə layiq oldun? Səni ondan fərqli edən nədir? Sadəcə şans? Yoxsa sən də, o olmadığın üçün Tanrıya minnətdar olmalısan?"

 Bəzən bir insanın varlığı, milyonların vicdanını silkələməlidir. Amma olmur. Çünki artıq hər kəs susmağa, laqeyd qalmağa öyrəşib. Ən faciəli olan isə budur: unutmaq öyrənilir. Biz unuduruq. Onları, dərdlərini, simalarını. Onlar tədricən yaddaşdan silinir və bir gün, heç yaşamadıqları bir dünya tərəfindən “ölü” elan olunurlar.

 Mən o adamı unutmayacağam. Çünki onun yoxluğu, mənim içimdə var olan bir boşluğu işarələdi. O mənə göstərdi ki, bəzən bir insanın sadəcə danışmağa ehtiyacı olur. Və bəzən, sadəcə 10 dəqiqəlik bir söhbət, bütün bir varlığın sübutuna çevrilir.

 İndi gecədir. Şəhər yuxudadır. Metro qapıları çoxdan bağlanıb. Səssizlik, sanki hər şeyin üstünü örtən bir yorğan kimi çöküb küçələrə. Amma mənim içimdə hələ də o adamın səsi gəzir: “Gözlə, 10 dəqiqə fırlanım...”

 O 10 dəqiqə keçdi. Saatlar da keçdi. Aylar da keçəcək. Amma mən o baxışı, o təbəssümü, o səmimi yalanı unutmayacağam. Çünki bəzi yalanlar var ki, həqiqətin özündən daha doğrudur. O adam, bəlkə də heç kim üçün heç kim deyildi. Amma o anda, mənim üçün varlığın özü idi. Mənə həyatın kənarında yaşayanların da bir adının, bir səbəbinin, bir ruhunun olduğunu xatırlatdı.

Və bəlkə də bütün məsələ budur. Hər kəsin bir hekayəsi var. Amma çox az adam dinləyir. Və bu şəhər, bu dünya, daha çox danışanlardan deyil, dinləyənlərdən qorxur.

 Mən o gün bir evsizlə yox, unudulmuş bir insanın xatirəsi ilə tanış oldum. Onun yoxluğu, içimdə bir iz buraxdı. Bəlkə də bu yazı, onun üçün bir qəbirdaşı olacaq. Sözlərdən hörülmüş, səssiz bir məzar daşı.

 Əgər bir gün, əziz oxucum,  metro çıxışında bir adama rast gəlsən, sadəcə keçib getmə. Bəlkə də o adam, sənə şükür etməli bir varlığının olduğunu xatırlatmağa yox, vicdanını geri verməyə, xatırlatmağa gəlmiş biridir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN

 

ŞAİR, NƏ TEZ QOCALDIN SƏN

 

Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən?!

 

Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən?!

 

Ovçuluğa meyil saldım,
Gecə-gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə-süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?!

 

Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən?!

 

Saç ağardı, ancaq ürək
Alovludur əvvəlkitək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
Şair, nə tez qocaldın sən?!

 

    “Ədəbiyyat və incəsənət”

    (16.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.