Salam, hörmətli “Ədəbiyyat və incəsənət”!
Sizi narahat edən Cavidan Hacıyevdir. Zəhmət olmasa bu şeirləri nəzərdən keçirin. Əgər bəyənilərsə və saytda nəşr edilərsə çox məmnun olaram. Öncədən təşəkkürlər.
CAVİDAN HACIYEV
YARA
Qız əlinə qənimmiş bıçaqlar dəstə-dəstə.
Dəsmal yoxdur — nərdədir, nər həmişə yol üstdə.
Dəvə çatar - kəsiklər şəfa tapa bir gözdə.
Amandır qəlbə düşsə — sağalmaz ki yaralar.
Aman qəlbə düşməsin, qəlbin iti yaddaşı.
Dəcəllikdən həsrətə dad dəyişər gözyaşı
Qız qəlbi sözlə dolu — ancaq əngəl baş daşı.
Qəbrin o tayında da, bəlkə duyur atalar?
Atanın sevgisinə məzar ki əngəl deyil.
Ata görünməz olar, ona yazılmaz şeir.
Elə ki balasına bu dünya çətin gəlir,
Ata yuxuya gələr — Yoxsa niyə yuxu var?
Vaxt keçdikdə sanarlar, unudubdur dərdini.
Dərdsə o qızla qalar gizlətdiyi dost kimi.
İllər gəlib keçsə də, — sanar yaş on yeddidir:
Ata gedəli gündən böyümür ki uşaqlar.
Ata gedəli gündən hey tələsir zaman da.
Ürkək bir yavru idi -- dayaq oldu bir anda.
Tanrı, bu nə fəryaddır o qızın sükutunda?
Bir vaxtın dəcəl qızı çevrilib şeir olar.
Hərə təsəlli verər, «döz» vardır hər ağızda.
Dərdlər ki yarpaq deyil — itib batsın payızda.
Bu şeir də saralıb, gedəcək bir kağızda.
İlahi, nə ağrılı olur Şeir-qadınlar.
AĞACLAR
İnsan — ruha çarıqdı,
Bir almaya karıxdı.
Dar ağacı darıxdı -
Ağacdan soranmı var?
Bizlərdik alma dərən
İndi tabut düzəldən.
Bəlkə elə əzəldən
Ağaclar ölüm doğar?
Yaşayıb — nə bilmişik?
Ömrə — kino demişik
Spoylerin yemişik:
Ən sonda ölüm olar.
Dərdli dərdə səbr edir.
Zaman bizi qəbr edir
Yaranışdan dövr edir:
Oğul, daxma, ağaclar.
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


