“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qərb bölgəmiz sazın, sözün vətənidir. Burada Qazax-Akstafa, Tovuz və Gədəbəy aşıq məktəbləri çox populyardır. Bu gün aşıqdan danışacağıq.
Aşıq musiqisi xalqın şifahi yaradıcılığının ən geniş yayılmış qoludur. Tanınmış aşıqlarımızdan birinin bu gün doğum günüdür.
Cavan Alay 1942-ci il 17 martda Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olub. Şeirlərində xalq ədəbiyyatı ənənələri üstünlük təşkil edib. Lirik duyğular, məhəbbət, Vətən və xalqa bağlılıq mənəvi ucalıq el şairinin yaradıcılığının əsas mövzusu olub.
O, aşıq şeirinin, demək olar, bütün janrlarında dillər əzbəri olan şeirlər yazıb. Hələ sağlığında onun yaradıcılıq örnəkləri aşıqların repertuarında özünəməxsus yer tutub. Uzun müddət yerli dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış Cavan Alayın şəxsiyyəti və yaradıcılığı hər zaman yaradıcı insanlar, onu tanıyanlar, iş yoldaşları və oxucuları üçün əziz olub.
"Mənim də qəlbimin bir arzusu var" kitabının müəllifidir.
Tovuzlu Alayam, yırtıb kəfəni,
Sevindirrəm məni candan sevəni.
Ölsəm də, həyatda hər zaman məni
Yaşada biləcək duyğularım var.
Cavan Alay 1996-cı ildə vəfat edib. 2012-ci ildə onun 70 illiyi geniş çəkildə qeyd edilib. Hazırda YuTube platformasına çıxışları da yüklənib, baxıb yaradıcılığına qiymət verə bilərsiniz.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.03.2025)


