Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
Vaqif Səmədoğlu,“Uzaq yaşıl ada” kitabına Ön sözdən
Birinci sinifdə mən konservatoriya nəzdindəki onillik məktəbə getdim. Orda da artıq ikinci sinifdə oxuyan Anarı gördüm. Müəllimlər onu fərqləndirir, ondan söz açırdılar. Görkəmli ifaçılıq qabiliyyəti göstərdiyinə görə deyil, – onun şəxsi özgünlüyü, davranışı, – təmkinliyi, ləyaqəti diqqəti cəlb edirdi. Biz, demək olar ki, bir yerdə boya-başa çatmışıq.
Anar heyrətamiz düzgünlüyü ilə fərqlənir. Bizim rəhmətlik riyaziyyat müəllimimiz həmişə, bütün siniflərdə onu örnək kimi göstərərdi. O, çox uğurla riyaziyyatla, fizika ilə məşğul olurdu, çoxları da onun bu yolu seçəcəyini güman edirdilər. Atası onun geoloq olmağını istəyirdi. Yazıçılıqdan hələ söhbət getmirdi.
Əsl, ciddi dostluğumuz məktəbdən sonra başladı. Anar ədəbiyyata aludə oldu, musiqi məşqlərindən tamam əl çəkdi. Azərbaycan Dövlət Universitetinin Filoloji fakültəsinə daxil oldu. Bizim öz kampaniyamız yarandı, – Anar, mən, bəstəkar Emin Sabitoğlu, Rəhman Bədəlov (o, indi fəlsəfə sahəsində çalışır) və rəhmətlik Araz Dadaşzadə. Liderimiz Anar idi. Mən isə musiqi təhsilimə davam edir, konservatoriyanın fortepiano şöbəsində çalışırdım, mənə az qala Emil Gilels gələcəyini vəd edirdilər... Alınmadı...
Görünür, bununla bağlı Anar nə isə qabaqcadan duymuşdu, çünki sənət, ədəbiyyat haqqında söhbət düşəndə hər dəfə məni ədəbi tənqidlə məşğul olmağa təhrik edir, deyirdi ki, mənim ədəbiyyat haqqında maraqlı mülahizələrim var. Amma tale elə gətirdi ki, mən şeir yazmağa başladım, şair oldum.
Azərbaycan heç bir zaman ədəbi istedadlar sarıdan qıtlıq çəkməmişdir. Şairlər sarıdan – qədimdən bəri, nasirlərdən də – iki yüz ildi. Anarı mən mədəniyyət tariximizdə yalnız iki fiqurla – Mirzə Fətəli və Üzeyir Hacıbəyovla müqayisə edə bilərəm.
Yazıçı, dramaturq, ictimai xadim, hətta kinorejissor Anar haqqında çox yazırlar. Onun istedadı çoxşaxəlidir və bu vüsətli istedadın bir çox cəhətləri, açığını deyim, hələ də tələb olunmamış qalır. Onun istedadının maarifçilik yönü isə hələ də incələnməmiş və təəssüf ki, layiqincə dəyərləndirilməmiş bir qat kimi qalır.
Bəzən kiminsə haqqında deyirlər ki, taleyi belə gətirdi, elə gətirdi... Mənim taleyim Anarla bağlıdır. O, məndən bir yaş böyükdür və ən əvvəldən, məktəb illərindən, erkən çağlardan onun liderlik keyfiyyətləri üzə çıxdı, hərçənd buna can atmırdı da.
***
Amansızcasına öz şəxsi vaxtına qəsd edərək, öz yaradıcılığı hesabına Anar Azərbaycan söz sənətinə çox-çox xidmətlər göstərmişdir. İndi isə öz səhhətinin hesabına... Fədakarlıq onun təbiətinə xasdır, təsadüfi deyil ki, ən çox sevdiyi şeirlərdən biri Pasternakın “Sənətin məqsədi fədakarlıqdır...” misrası ilə başlayan şeiridir.
Moskvada onun ətrafında azadsevər, dissidentlik üstə köklənən bir mühit yaranmışdı. O, yataqxanada yaşamırdı, otaq tuturdu və orda mən bir çox münəvvər adamlarla tanış olmuşdum. Onun qonaqları Yunna Morits, Alla Axundova, İvan Draç, Yuri Klepikov, İlya Averbax, Manana Andronnikova kimi şəxsiyyətlər olurdu. Ciddi, mənalı söhbətlər səhərədək uzanırdı.
80-ci illərin sonlarındakı dönüş məqamında Yusiflə mən Azərbaycan Xalq Cəbhəsinin qurucularından idik. Qarabağ hadisələrinin qızğın çağında, 90-cı ildə Anar Azadlıq meydanında çıxış edirdi. Yadımdan çıxmaz: beş yüz min nəfərdən az olmayan izdiham və mikrofon qarşısında duran Anar. Onun bir kəlamı məni heyrətə gətirdi: “Mən heç vaxt yuxarıların təzyiqinə tabe olmamışam və sizin də təzyiqinizə tabe olmayacam! Yəni Ali Sovetdə lazım bildiyimi edəcəyəm, əyilməyəcəm...”
Diqqət yetirin, axı onun qarşısında yarım milyon qızışmış, coşmuş, ilk dəfə birləşmiş azərbaycanlı var idi... Amma onun cəsarətinə heyrətim çox çəkmədi, bir dəqiqə sonra anladım ki, bu – Anardı.
***
Əziz oxucu! Bu kitabın, şeirlərin əksəriyyətini, poemaların hamısını mən itmiş, ölmüş hesab edirdim. Elə bilirdim ki, onlar da 70-ci illər yaradıcılığımın aqibətinə uğrayıblar. Xoşbəxtlikdən belə olmadı. Xoşbəxtlikdən yer üzündə Dostluq, Qayğıkeşlik, Məhəbbət və Etibar varmış. Anar varmış yer üzündə. Dost şeirlərini öz arxivində saxlayan, özünün yaradıcılıq, ictimai fəaliyyəti, ailə qayğıları vaxtından kəsib bu yazıları makinada köçürən, sahmana salan Anar varmış. Nə deyim? Məni mənə qaytaran, ölü sandığım yazılarımı mənə dipdiri bəxş edən bu insana dilimizin hansı sözləriylə minnətdarlığı bildirim? Allah səni mənə çox görməsin, Anarım!
“Ədəbiyyat və incəsənət”
(19.09.2025)