Ona hər şey naziri də deyilir, çünki səriştəli və bacarıqlıdır

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İndi haqqında söhbət açacağım şəxs Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Haqqında niyə məhz bu gün söhbət açmağımın isə səbəbi var. Bu gün Mikayıl müəllimin ad günüdür, 49-u aşırıb 50-yə doğru yola çıxır.

 

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il, 20 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələlər və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib

2021-ci il, 4 yanvar – Dövlət başçısının Sərəncamı ilə yaradılmış Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. 2021-ci il, 23 yanvar – Dövlət başçısının Sərəncamı ilə Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edilib. 2022-ci il, 7 iyul – Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib. 2022-ci il, 28 iyul – Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

 

Mikayıl Cabbarov 2013–2017-ci illərdə təhsil naziri kimi fəaliyyət göstərib. Onun Azərbaycanın təhsil naziri kimi fəaliyyəti müddətində ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanıb. Nazir müəllimlərlə iş və onların qiymətlədirilməsində yeni qaydalar tətbiq edib. 2014–2018-ci illər ərzində ölkədə ümumilikdə 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.

Tədris prosesinin elektronlaşdırılması bu dövrdə təhsil sahəsində aparılmış islahatların əsas istiqamətlərindən biri olub. 2015-ci ildə Bakı şəhərində birinci siniflərə qəbul prosesi tam elektronlaşdırılıb. 2017-ci ildə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrinin birindəndən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə https://transfer.edu.az/ xüsusi elektron sistemi istifadəyə verilib.

2015-ci ildə Mikayıl Cabbarovun iştirakı ilə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Həmin il onun iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılışı olub. 2017-ci ildə "ADA" Universitetində BP-nin maliyyə dəstəyi ilə "Big Data" Elmi-Tədqiqat və Təlim Mərkəzi yaradılıb.

2017–2019-cu illərdə Mikayıl Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri kimi fəaliyyətə göstərib. O, vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və vergi sahəsində şəffaflığın təminatı ilə bağlı təşəbbüslər irəli sürüb.

İlk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasının bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsi istiqamətində islahatlara başlayıb. Vergi islahatlarına paralel olaraq milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqi başlayır.

Dövlət başçısının sərəncamı ilə Mikayıl Cabbarov 2019-cu ildən Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib. Onun təşəbbüsü ilə Azərbaycan iqtisadiyyatında şəffaflığın təmin olunması istiqamətində vergi sistemində həyata keçirilən tədbirlər iqtisadiyyatın digər sahələrində də davam etdirilib. Mikayıl Cabbarov, iqtisadiyyatın daha sürətlə şaxələndirilməsi, iqtisadiyyatın dayanıqlılığını təmin etmək, neftdən asılılığı aradan qaldırmaq, iqtisadiyyatın bütün sahələrinə özəl sektoru cəlb etmək və insan kapitalının inkişafının iqtisadi siyasətin əsas hədəfləri olduğunu hesab edir:

 

"Şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizminin tətbiqi biznesin qismən də olsa, "kölgə"dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir."

Onun fəaliyyəti dövründə sahibkarlığın təşviqi, yeni istehsal müəssisələrinin yaradılması və biznes mühitinin təkmilləşdirilməsi genişlənib. 2019-cu ildə Pirallahıda dərman istehsalı müəssisəsi açılıb, Hacıqabul Sənaye Parkında izolyasiya materialları istehsalı üzrə yeni zavodun təməli qoyulub, 2020-ci ildə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Mikayıl Cabbarov iqtisadi sahədə fəaliyyətin stimullaşdırıcı mexanizmlər vasitəsilə həyata keçirilməsinə xüsusi diqqət ayırır. 2020-ci ildə COVID-19 koronavirus pandemiyasının və bundan irəli gələn dünya enerji və səhm bazarlarının kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər ilə bağlı tətbiq edilən alətlər biznes ictiamiyyəti, sahibkarlar və cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.

2021-ci ildə Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Azərbaycan və BMT arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq üzrə Çərçivə Sənədi imzalayıblar. Ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsi məqsədilə Türkiyə ilə rəqəmsal ticarət sahəsində Anlaşma Memorandumu imzalayıb. 2021-ci ilin iyulunda nazir Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın, işgüzar əlaqələrin genişləndirilməsi və işgüzar dialoqun təşviqi üçün mühüm platformaya çevriləcək Azərbaycanın İsraildə Ticarət və Turizm Nümayəndəliklərinin açılışında iştirak edib.

2022-ci ilin iyun ayında Türkiyə İxracatçılar Məclisinin (TİM) "2021-ci il İxracat Çempionları" siyahısında "SOCAR Türkiyə" 8-ci yerə layiq görülüb, "SOCAR Türkiyə"nin törəmə müəssisəsi olan "Petkim" isə TİM-in "İlk 1000 ixracatçı" siyahısında 22-ci sırada yer alıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "SOCAR Türkiyə"nin layiq görüldüyü mükafatı Mikayıl Cabbarova təqdim edib.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Sənədin əhəmiyyəti barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, onun hazırlanması zamanı yaradılmış işçi qruplara müvafiq sahələrin və nazirliklərin rəhbərləri başçılıq edib:

"Bizim əsas hədəflərimiz cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsidir."

2024-cü ildə İslam İnkişaf Bankı və İqtisadiyyat Nazirliyi arasında Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir imzalayıblar. İqtisadiyyat naziri Mikayıl Cabbarov sənədin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirib.

2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra tədbirlər keçirilib. Yaşıl iqtisadiyyata keçidin stimullaşdırılması, iqlim fəaliyyətinə töhfə verən və dayanıqlı biznes modellərinin təşviqi, karbonsuz iş prinsiplərinə transformasiyanın sürətləndirilməsi və bərpa olunan enerjidən istifadənin artırılması kimi hədəflərə yönəlik səmərəli müzakirələr aparılıb və bir sıra sənədlər imzalanıb.

COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqunun və SPECA Çoxtərəfli Etimad Fondunun təqdimatı keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dialoq qlobal iqlim idarəçiliyində vahid platformamız olacaq: "Fond isə iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm kimi fəaliyyət göstərəcək".

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” istifadəyə verilib.

Əslində, bu sadaladıqlarım Cabbarov personasının yalnız cüzi bir hissəsinin görüntüsüdür. Bütövlükdə, onun fəaliyyəti əlbəttə ki, bir yazıya əsl sığışmaz.

 

“Ədəbiyyat və incədənət”

(19.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.