“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Türkiyədə bir məktəbdə gənc müəllimə ibtidai sinif şagirdlərinə boş vərəqlər paylayıb dedi:“Ən böyük arzunuzu yazın.”
Uşaqların çoxu oyuncaqlardan, telefonlardan, velosipedlərdən yazdı. Amma bir kağızda hamıdan fərqli, cəmi bir cümlə vardı: “Babamın dönər yeməyini istəyərdim.”
Müəllimə bu cümlənin arxasındakı hekayəni sonradan öyrəndi.
Hatay zəlzələsində 8 yaşlı bir uşaq atasını, anasını və qardaşını itirmişdi. Onun həyatda qalan yeganə yaxın insanı babası idi. Zəlzələdə evlərini də itirdikləri üçün baba və nəvə kirayə evdə yaşayır, bir-birindən başqa heç kimləri olmadan həyata davam edirdi.
Bir gün uşaq babasından dönər istəmişdi. Baba isə cibindəki pulun yalnız bir dönərə çatdığını bildiyi üçün onu nəvəsinə almış, özü isə yeməmişdi.
Balaca uşaq isə bunu unutmadı.
Müəllimənin verdiyi o vərəqdə o, öz arzusu yerinə sadəcə bir cümlə yazdı:“Babamın dönər yeməyini istəyərdim.”
Bəzən insanın ürəyi belə kiçik bir cümləyə sığır.
Amma biz…
Biz isə çox vaxt sahib olduqlarımızın fərqinə varmırıq. Hər gün şikayət etdiyimiz şeylərin bir çoxu, əslində başqaları üçün əlçatmaz bir nemətdir. Evimiz var deyə narazıyıq, işi olanlar işindən şikayət edir, süfrəsi dolu olanlar yenə də narazıdır.
Bəlkə də problem həyatın bizə az verməsi deyil. Bəlkə də problem bizim çox şeyə öyrəşib şükür etməyi unutmağımızdır.
Bəzən isə bir uşağın yazdığı tək bir cümlə insanın bütün şikayətlərini susdurmağa kifayət edir.
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


