Bir obraz yaratdı və hamının sevimlisi oldu Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Ürəyimdən vur, Kələntər dayı, ağrıdır axı...” – Bu sözləri söyləyən gənc və yaraşıqlı Cəlal Azərbaycanın kult filmlərindən birinin –“Yeddi oğul istərəm”in baş qəhrəmanlarından biri idi və bu obrazı canlandıran Ənvər Həsənov on minlərin, xüsusən xanımların simpatiyasını qazanmışdı...

 

Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan Ənvər Həsənov eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi də fəaliyyət göstərib. Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətçi 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. 7-ci sinfə qədər 190 saylı məktəbdə oxuyan Ənvər sonra Fəhlə Gənclər Məktəbinə keçib. Buna səbəb isə 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olması idi. 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969–1973-cü illərdə M. A. Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb.

Ənvər Həsənov gənc yaşlarından filmlərə çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb.

 

Deyir ki, “Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəmki, özmüəllimlə 3 filmdə tərəfmüqabiliolmuşam. Əvvəlcə 4 ilkinoaktyorstudiyasındatələbəsiolmuşam, dahasonraisə İncəsənətUniversitetinə daxilolubonunsinfinə düşmüşdüm. Mənigörəndə dediki, “diplomunudünənalmısan, buqədərfilminvar, beynəlxalqkinofestivalındanAzərbaycanabirincikişimükafatını səngətirmisən”, hələ üstəlik, indidə universitetə təhsilalmağagəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.

Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır”.

 

Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkib. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 1 avqust 2018-ci ildə isə xalq artisti fəxri adlarına, 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Çəkildiyi filmlər:

1. Ağ atlı oğlan

2. Arxadan vurulan zərbə

3. Babək

4. Atları yəhərləyin

5.Yeddi oğul istərəm

6. Bəyin oğurlanması

7. Birisigün, gecəyarısı...

8. Bizim küçənin oğlanları

9. Cavad xan

10. Çalış, nəfəs alma

11. Ölüm növbəsi

12. Məhkumlar

13. Qatır Məmməd

14. Dədə Qorqud

15. Dəli Kür

16. Səhərə inan

17. Bəyaz həyat…

 

2007-ci ildə o, çox ağır qəza keçirdi, başım partladı. Həmin vaxt damarının birini düzgün tikməyiblər deyə, o vaxtdan yuxu üzünə həsrət qalıb, daim başında ağrılar, qulağında səslər olub. Ömrünün son vədələrində bir neçə xəstəlikdən əziyyət çəkirdi, müsahibələrindən birində deyib:

“Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvodlar, vəssalam...

Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə  dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.”

2025-ci ilin yanvarında səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib və fevralın 3-ü evə buraxılıb. Ənvər Həsənov 16 mart 2025-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bakının Buzovna qəsəbəsindəki ailə qəbiristanlığında həyat yoldaşının məzarı yanında dəfn edilib. 2023-cü ildə mədəniyyət yazarı Vasif Ayanın Ənvər Həsənova həsr olunan "Ənvər Həsənovun xatirələri" və "Ənvər Həsənova vida" adlı kitabları nəşr edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.