İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O fərqli idi, daim yeniliyə, novatorluğa əl atırdı. 1960-cı illərdə Azərbaycanın ucqar bölgələrinə səyahət etdi və nəticədə “Vətənim” və “Azərbaycan” adlı rəngli linogravüra silsilələri yarandı. Bu əsərlərdə Naxçıvanın təbiət mənzərələri xüsusi yer tuturdu. 1956-cı ildə Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm” adlı tarixi romanı üçün illüstrasiyalar hazırladı. 1963-cü ildə “Azərbaycan nağılları” kitabı üçün elmi nəşr illüstrasiyalarını yaratdı. Hamısında özünəməxsus bir dəst-xətt duyulurdu...
Bu gün onun anım günüdür.
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olub, O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkib. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.
Rəhmanzadə tanınan heykəltəraş və Qazaxıstan Rəssamlıq Akademiyasının fəxri üzvü Vaqif Rəhmanovun böyük bacısıdır.
1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edib. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olub. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanıb.
"Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir. O, Böyük Vətən Müharibəsi zamanı vətənpərvərlik mövzusunda bir sıra əsərlər yaradıb. Müharibə illərində sovet qadınlarına həsr etdiyi silsiləyə “Xalq könüllüləri”, “Cəbhədə qadınlar”, “Partizan qızı” və “Rabitəçi” daxildir. Digər bir 19 çapdan ibarət silsilə isə cəbhəarxası əmək fəaliyyətinə həsr olunub:
“Təsərrüfatda iş”, “İctimai fəallar” və “Cəbhəçilər üçün çıxış edən aktyorlar”. “Arvadlar ərlərini əvəz edir” adlı əsərində zavodlarda çalışan qadınları təsvir edib. Bu rəsmlər əsasən kömür vurgulu qara akvarellə işlənib.
Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində də ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapıb. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma vətənim", "Azərbaycan" və s. (1965–1975)).
1940-cı illərdə Rəhmanzadə bədii ədəbiyyat əsərlərinə illüstrasiyalar çəkib. 1945-ci ildə Xətainin “Dəhnamə” və Zöhrabbəyovun “Odlar yurdu” kitablarını təsvir edib. Xüsusilə “Dəhnamə”də qadın obrazlarının poetik təqdimatına nail olub. O, Xətaini iki illüstrasiyada canlandırıb : biri onun profildən portreti, digəri isə gecə atmosferində qələm tutmuş vəziyyətdə təsviridir.
Eyni illərdə Rəhmanzadə Cəfər Cabbarlının “Qız qalası” və “Gülzar” əsərlərinin də illüstrasiyalarını yaratmışdır. Müharibədən sonrakı dövrdə isə rəssamlıq sahəsində intensiv fəaliyyət göstərmişdir. 1947-ci ildə neft sənayesinə həsr olunmuş 10 əsərdən ibarət “Neft” adlı avtolitoqrafiya silsiləsini ilk dəfə sərgiləmişdir. Bu seriya “Odapərəstlər” ilə başlayaraq neftin çıxarılma tarixinə həsr olunub. Digər əsərlər arasında “Yeni müəssisə”, “Neft buruğunda”, “Vintli nasos” və “Borulara vurulan fontan” yer alır.
1948-ci ildə Rəhmanzadə 10 əsərdən ibarət “Sosialist Bakı” silsiləsini tamamlayıb. Bu silsiləyə sənaye və şəhər mənzərələri, həmçinin “Növbə dəyişikliyi”, “Növbə günü” və “Yeni binanın inşasında” kimi əsərlər daxildir. O, neft mədənlərində işləyən ilk rəssam olub, neftçilərin gündəlik həyatını və Xəzər dənizindəki neft yataqlarını təsvir edib. “Xəzər dənizində” adlı avtolitoqrafiya seriyası yaradıb və 15 rəngli litoqrafiyadan ibarət albom Moskvada nəşr olunub.
1950-ci ildə Rəhmanzadə Cəfər Cabbarlının iki cildlik şeir toplusuna illüstrasiyalar çəkib. “Sevil”, “Almaz” və “Solğun çiçəklər” əsərlərinin personajlarını təsvir edib. Həmin il Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” adlı tarixi pyesinin illüstrasiyalarını da hazırlayıb. O, həmçinin A.S. Puşkinin “Yevgeni Onegin” və M.Y. Lermontovun “Zamanımızın qəhrəmanı” kimi tərcümə olunmuş nəşrlərin illüstrasiyaları üzərində işləyib.
1950-ci illərin sonunda o, “Bakı” adlı rəngli avtolitoqrafiya seriyası hazırlayıb. Burada şəhər parkları, dənizkənarı neft sahələrinin panoramaları təsvir olunub. “Bakı” silsiləsi 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin onilliyinə həsr olunmuş sərgidə nümayiş etdirilib.
Sonrakı illərdə Rəhmanzadə linogravüra texnikasında çalışıb. Onun ilk əsərləri Sumqayıt və Rustavi şəhərlərindəki sənaye və şəhər mənzərələrinə həsr olunub.
Noyabr 2016-cı ildə Azərbaycan Milli İncəsənət Muzeyində Rəhmanzadənin rəsmləri, litoqrafiyaları, linogravyuraları, qrafik əsərləri və kitab illüstrasiyalarına həsr olunan sərgi keçirilib.
Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada, Kubada və İranda fərdi sərgiləri göstərilib. Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.
Mükafatları
- "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı
- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı
- "Şöhrət" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- "Şərəf nişanı" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.03.2026)


