Bahar anam Featured

Aygün Bayramlı,

“Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi

 

Baharın gəlişi lap uşaqlıqdan qəlbimdə qəribə, adını verə bilmədiyim hisslər yaradıb. Uşaqlıqdan rayonda böyümüşəm. Həyət evində yaşadığımız üçün ağaclarımız, güllərimiz, böyük, yaraşıqlı həyətimiz olub. Atamın səliqəsi, anamın təmizliyi həyətimizi həmişə sahmanda saxlayıb.

 Bahar yaxınlaşanda bağımız bağçamız daha gözəl olurdu. Yamyaşıl otların içində körpə uşaq kimi boylanan çiçəklər, anamın böyütdüyü güllər cənnətə döndərirdi həyətimizi. Sonra anam bahar təmizliyi edərdi. Hər pəncərələri təmizlədikcə, hər küçəmizi suladıqca bahar qoxusu bir az da yaxınlaşırdı. Bayrama az qalmış ovcunda isidib, sevgisi, nazlaması ilə böyütdüyü buğdalar əlçim-əlçim çəmənliyə dönüşürdü. Belinə bağladığı qırmızı lentlər onu ən gözəl gəlinə bənzədirdi. Ürəyim fərəhdən böyüyürdü, böyüyürdü, dünya boyda olurdu.

Sonralar böyüdükcə başa düşdüm ki, ən gözəl bayram anamın özünün var olmağıdır. Çünki anam var deyə bütün baharlar gəlir, özü ilə bayram gətirir. Başa düşdüm ki, baharı da, bayramı da gözləmək lazım deyilmiş. Anam, atam evdədirsə, əzizlərimiz yanımızdadırsa, demək ən gözəl bayram elə budur! Elə bu hisslərlə yazdığım “Bahar anamın əllərində imiş” şeirimi sizə təqdim edir və doğmalarımızla neçə bayramlar qarşılamağı arzu edirəm.

Bahar bayramımız mübarək!

 

Əvvəl anamın isti ovcundan başladı bahar...

Bir ovuc sevgi ilə gəldi evimizə

Bir ovuc buğdadan bir əlçim çəmənlik bitdi

Anamın ovcundan, ovcunun istisindən bitdi...

 

Sonra bahar evimizdə böyüdü,

Anamın sığalıyla böyüdü.

Böyüdü bahar,

Böyüyüb anamın ovcu boyda oldu,

Böyüdü, böyüyüb gəlin oldu.

 

Sonra eyvanımıza gəldi, pəncərəmizə,

Küçəmizə gəldı bahar.

Küçəmizə qaranquşlar xəbər verdi,

Sonra xəbər anamın ürəyilə əkdiyi çiçəklərə çatdı,

Çiçəklər açdı.

 

Anamın isti ovucları günəşi də isitdi,

Günəşə də bahar çatdı.

Demək dünya anamın əllərində imiş,

Demək bahar, anam var deyə evimizə gəlibmiş.

 

Mən illərdi gözləyəndə zamanı

Bilməmişəm, sən demə

Bahar uzaqda deyil,

Bahar evimizdəymiş...

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.