Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Elvin Babayevə  həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

ELVİN ƏKBƏR OĞLU BABAYEV

(28.02.2001.-02.10.2020.)

 

Əslən Gəncədən olan, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.

 

ELVİN

 

Uşaqlıqdan qoçaqdın, əməlin düz, özün düz.

Hamı səni sevirdi, əqidən düz, sözün düz.

 

Hələ məktəbli ikən xəyalən döyüşdəydin,

Şuşada, Kəlbəcərdə  inamla yürüşdəydin.

 

Şahinlər yarışında  qələbə də çalmışdın,

Sevimli müəllimdən təşəkkür də almışdın.

 

Vaxt gəldi, məqam çatdı, hərbiyə yola düşdün,

Kişilik məktəbində yaxşı dərs aldın, “bişdin”.

 

Ali Baş Komandandan əmr gəldi: “- Əzəli

Torpağı qaytarmağın məqamıdır, irəli! “

 

Əsgər yoldaşlarınla düşmənə uddurdun qan.

Dedin, Vətən var olsun, yaşasın Azərbaycan.

 

Sən Gəncədə doğuldun, cəsur bir igid oldun.

Qarabağ torpağında qəhrəman, şəhid oldun.

 

Vətən, namus uğrunda  canından keçdin Elvin.

Hünərinlə əbədi  cənnətə köçdün Elvin.

 

Sənin ilə fəxr edir Elvin, obalar, ellər.

Xalqım səni unutmaz, ötüşsə də yüz illər.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Həsrət ağrısını, vüsal qəmini 

Ayrılıq oduna yananlar bilər. 

Dənizdə qərq olan tənha gəminin 

Tənha fəryadını ümmanlar bilər. 

 

Mənə söyləməyin, az alışıb-yan, 

İnanın daşı da ağladar hicran. 

Dağların ahıdır o çən, o duman, 

Dağların dərdini dumanlar bilər. 

 

Məni sorğulara tutma sən əbəs, 

Arzumu qəlbimdə, baxışımda gəz. 

Könlümü hər naşı oxuya bilməz, 

Onu dünyagörmüş insanlar bilər.

 

Poeziyası başdan-başa intizar notları ilə pərçimlənmiş, ömrü boyu bir gün bu intizarının bitəcəyi ümidi ilə yaşamış xalq şairi Mədinə Gülgün.

O, 17 yanvar 1926-cı ildə Bakıda əslən Cənubi Azərbaycandan olan dəmiryol işçisinin ailəsində dünyaya gəlib. 1938- ci ildə Mədinə xanım da ailəsi ilə birlikdə Ərdəbilə, daha sonra isə Təbrizə köçür.

Əmək fəaliyyətinə Təbrizdə toxuculuq karxanasında başlayan Mədinə xanım daha sonra Təbriz dram teatrında və Azərbaycan qəzetinin redaksiyasında işləyir. O, da həmkarları kimi 1945-1946-cı illərdə Cənubi Azərbaycan milli azadlıq hərəkatına qoşulur və hərəkatın ən fəal üzvlərindən birinə çevrilir. Hətta hərəkat və teatrdakı fəaliyyətinə görə o, Azərbaycan qəzetinə xüsusi müxbir kimi dəvət olunur. Şairin ilk şeirləri də məhz bu dövrlərdə çap olunur. Milli Azadlıq hərəkatı qələbə ilə nəticələndiyi zaman hərəkatın fəal iştirakçısı olaraq Mədinə Gülgün də "21Azər" medalı ilə təltif olunur. 1947-ci ildə milli hökumət devrildikdən sonra Mədinə xanım ailəsindən ayrılaraq bir qrup hərəkat iştirakçısı ilə birlikdə Bakıya gəlir. Burada o, Bakı Dövlət pedaqoji universitetinin dil və ədəbiyyat fakultəsində təhsil alır. 

 

Qəzəbi şimşəklərdən,

Atəşi ürəklərdən, 

Ətrini çiçəklərdən

Alıbdır şerim mənim  

 

Deyən Mədinə Gülgünün 1945-1949-cu illər ərzində yazdığı şeirlərinin toplandığı "Təbrizin baharı" adlı ilk kitabı 1950-ci ildə Bakıda çap olunmuşdur. Sonralar isə şairin müxtəlif illərdə Bakıda və Moskvada  Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin” , “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və s. kimi kitabları işıq üzü görmüş, əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Sözlərinə "Sən gəlməz oldun", '"Məhəbbət olmayanda" və başqa mahnılar bəstələnmişdir. 

 

Biz ki özgə deyilik -

Bölünək bölük-bölük.

Bir obayıq, bir elik -

Bakıdan Təbrizəcən. 

 

Vüsal olsa, nə dərdim,

Quşlarla bəhs edərdim,

Mən piyada gedərdim -

Bakıdan Təbrizəcən... 

 

Vətənə məhəbbət, Təbriz həsrəti Mədinə Gülgün yaradıcılığının əsas leytmotivini təşkil edir.

O, üç dəfə Azərbaycan SSRİ Ali soveti rəyasət heyyətinin fəxri fərmanına, "21Azər" və əmək veteranı medallarna, Şərəf nişanı ordenininə layiq görülmüşdür. 

Şair Bakıya gəldikdən sonra Təbrizdəykən tanış olduğu və "21Azər" hərəkatında çiyin-çiyinə mübarizə apardığı, özü kimi Təbriz həsrətli xalq şairi Balaş Azəroglu ilə ailə həyatı qurur. 

Bir də Təbrizə getməyi, ailəsi ilə görüşməyi çox istəsə də, şairin bu arzusu heç vaxt baş tutmur. O, ömrü boyu Təbrizə və anasına həsrət qalır. Uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda dünyasını dəyişmiş fəxri xiyabanda dəfn olunmuşdur.

Onun yazdığı son şeir 1990-cı il dekabrın 11-də Balaş Azəroğluna xitabən yazdığı "Bir gün" şeiridir. 

 

Bir gün ağlayacaqsan, 

Yaman ağlayacaqsan, 

Lap körpə uşaq kimi. 

Tökdüyün göz yaşları, 

İnan ki, məzarda da 

Yandıracaq qəlbimi... 

Çalış nə gizlində, 

Nə də aşkarda ağla, 

Faydasızdır göz yaşı. 

Tapa bilməzsən məni, 

Lap axtarsan soraqla, 

Ay ömrümün yoldaşı. 

Sən ağlama, ağlasan 

Daşım, torpağım ağlar. 

Məzarım dönər oda,

Torpaq yatağım ağlar. 

Məzarda da mən gərək 

Özüm ağlayım səni. 

Məndən sonra, bilirəm, 

Qalacaqsan tənha, tək, 

Ey ömrümün yelkəni. 

Sən ağlama, amandır, 

And verirəm mən səni 

Allaha, yerə, göyə. 

Ağlasan, məzarda da 

Mən bataram günaha 

Sən tək qalıbsan deyə....

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Müəllif: John Boyne

Janr: Tarixi roman

Əsas mövzu: İkinci Dünya Müharibəsi zamanı dostluq, məsumluq və insanlığın faciəsi

 

Giriş

John Boyne-un "Zolaqlı Pijamalı Oğlan" əsəri İkinci Dünya Müharibəsi dövründə yaşanan bir faciəni uşaqların gözü ilə təqdim edir. Əsərdə iki fərqli dünyadan gələn uşağın – Bruno və Şmuelin dostluğu vasitəsilə insanlığın sərhədləri, nifrətin yaratdığı faciələr və məsumluğun nə qədər kövrək olduğu göstərilir. Bu kitab mənim üçün yalnız tarixi bir hekayə deyil, həm də insanlığı, ədaləti və empatiyanı dərindən düşündürən bir əsərdir.

 

Xülasə

Bruno, nasist zabiti olan atasının işi səbəbindən Berlindən "Out-With" adlı bir yerə köçmək məcburiyyətində qalır. Yeni evinin yaxınlığında məftilli çəpərlərlə əhatə olunmuş qəribə bir "düşərgə" yerləşir. Bu düşərgənin əslində nasistlərin yəhudi əsirlər üçün tikdiyi bir ölüm düşərgəsi olduğunu Bruno bilmir. Orada zolaqlı pijamada olan Şmuel adlı bir uşaqla tanış olur və dostluqları başlayır. Bruno və Şmuel arasında yaranan bu bağ uşaqların dünyasının saflığını və müharibənin amansız reallığını üzə çıxarır. Əsərin sonu isə faciəvi və dərindən sarsıdıcıdır: Bruno çəpərin digər tərəfinə keçərək Şmuelin taleyini paylaşır.

 

Təhlil

 

1. Məsumluğun Rəmzi:

Bruno və Şmuelin dostluğu insanlığın ən gözəl tərəfini təmsil edir – məsumluq və sərhədsiz empatiya. Mənim üçün bu, insanların ilk növbədə insani dəyərlərlə birləşməli olduğunu xatırladır. Əsərdə uşaqların dünyası nifrət və müharibə ilə çirklənmiş dünyaya güzgü tutaraq, saf bir ümid işığı kimi parlayır. Lakin məftilli çəpər bu məsumluğun nə qədər kövrək olduğunu göstərir.

 

2. Məftilli Çəpər:

Mənim üçün çəpər iki dünyanı ayıran yalnız fiziki bir sərhəd deyil, həm də insanları bölən nifrət, cahillik və qərəzli münasibətlərin simvoludur. Bruno-nun çəpərin o tayını kəşf etmək istəyi, başqalarını anlamaya çalışmaq mənası daşıyır. Çünki Bruno məhdudiyyətləri görməzdən gəlir, məsum qəlbi ilə Şmueli yalnız bir dost kimi görür. Bu, mənim həyatımdakı məhdudiyyətləri aşmaq, fərqlilikləri anlamaq cəhdlərimi də xatırladır.

 

3. Valideynlərin Rolu:

Bruno-nun atası və anası uşaqlarının müharibənin təsirindən qorunduğunu zənn edir, lakin onların əməlləri birbaşa uşaqlarının həyatını formalaşdırır. Mən burada valideynlərin qərarlarının və dəyərlərinin uşaqların taleyinə necə təsir etdiyini bir daha düşündüm. Ailənin məsuliyyətsizliyi Bruno-nun həyatına mal olur, bu isə müharibənin təkcə birbaşa iştirakçılara deyil, hər kəsə zərər verdiyini göstərir.

 

4. Empatiya və İnsanlıq:

Əsərin ən təsirli tərəfi Bruno və Şmuelin bir-birini anlamasıdır. Onların yaşadıqları fərqli dünyalara baxmayaraq, bir-birini qavramağa çalışması insanlığın gücünü göstərir. Bu, mənə göstərir ki, empatiya sərhəd tanımır – nə sosial, nə mədəni, nə də fiziki.

 

Nəticə

"Zolaqlı Pijamalı Oğlan" əsəri mənim üçün insanlığın ən incə və eyni zamanda ən qəddar tərəflərini göstərən güzgüdür. Bruno və Şmuelin hekayəsi bir tərəfdən məni ümidlə doldurur, digər tərəfdən isə məsumluğun bu qədər asan itirilməsinə görə kədərləndirir. Bu əsər mənə bir daha sübut edir ki, nifrət və müharibə yalnız məhv edir, amma sevgi və anlayış sərhədləri aşa bilir.

 

Təhlilimi bitirərkən deyə bilərəm ki, bu kitab mənim həyat fəlsəfəmlə uyğunlaşır: insanlıq hər zaman birinci gəlməlidir və məsumluq qorunmağa layiqdir. Bruno və Şmuelin dostluğu mənim üçün yalnız bir hekayə deyil, əsl dərsdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

 

 

 

 

 

 

Cümə axşamı, 16 Yanvar 2025 18:25

POETİK QİRAƏTdə ana nisgili

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Poetik qiraətdə sizlərlə şair Ayaz Arabaçını görüşdürürəm. “Bu gün bizi tərk edəli iki il oldu... “ şeiri ana nisgilindən yoğrulub, çox təsirlidir.

Allahdan sağ-salamat analarımıza cansağlığı, vəfat edənlərə isə rəhmət diləyirik. 

 

Ayaz Arabaçı

 

Bu gün bizi tərk edəli iki il oldu... 

 

Ürəyimdə həsrətinin alovu,

Yanır ana, gurdan da lap gur, deyim.

Olmasan da işıq salır yoluma,

Daim gözəl çöhrəndəki nur, deyim.

 

Narınqalam, Çıraqqalam, Bəzz qalam, 

Xatirimdə bahar qalan yaz qalan.. 

O gün sənə xəyalımda az qala, 

O saatı götür beşə, qur deyim.

 

Niyyətim var, elə baxma, qoy tutum,

Qəbrin üstə üzüquylu boy tutum,

Göz yaşıma bir şıdırğı toy tutum,

Yana-yana Rast oxuyum, Şur deyim

 

Ağlamaqdan gözlərimi sis tutub,

Tale məni sol əlində pis tutub, 

Barmaqlarım papirosdan his tutub, 

Əllərimə-əllərimə vur deyim..

 

Bir xəzanda solub getdi gülzarın.. 

Hardan gəlib hara düşdü güzarın.. 

Gör nə boyda dağa dönüb məzarın,

Kəpəz deyim, Murov deyim, Tur deyim?..

 

Dərd üstümə hər tərəfdən saldırıb,

Ümid boyda silahımı aldırıb, 

Az qalıram baş daşını qaldırıb,

Gəldim axı, nə yatmısan, dur deyim..

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sadiq Qarayev, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu gün tezdən işə gedəndə bir alim yoldaş gördüm, məndən öndə gedirdi. Əlində köhnə balaca, qara çanta var idi. Asanca bildim ki, içində köhnə, ola bilsin 2- 3 gün əvvəldən, bəlkə də dinozavrların dövründən qalmış  dolma, ya kartof soyutması var, yarı da bölünmüş soğan, aparır günortaya çatmamış işdə pıxsın. 

Necə oldusa, ayağı deyəsən büdrəyən kimi oldu, yana, sonra geri çöndü, məni gördü. Onun köhnə paltonun içindəki bədəni sanki yay kimi rəqsi hərəkət etdi, amma yıxılmadı, üstəlik mənə salam da verdi. Onda zənn etdim ki, alimlər qiyamət tufanında, ana balasına sahib çıxa bilməyəndə də öz mənəvi müvazinətlərini, ideya və əqidələrini itirməyəcəklər.

Axşam da işdən gələndə uzaqdan bir alim yoldaşın dayanacaqda mənə tərəf gəldiyini, bəlkə də uçduğunu gördüm. Bu yoldaş az qala mənə dəyirdi, amma sanki görmürdü. Bəlkə tezdən olsa görərdi? Onda göydə yox, yerdə idi.  İndisə gün ərzində işlədiyi fikirin, ideyalarının  qanadlarında  asanlıqla dünyanı gəzməyə çıxmışdı. Öz aləmində idi. Dikisindirib, gətirdim, yer kürəsinə... Yanımızdan keçən bahalı, qara ayıya oxşayan maşınlara baxa-baxa xeyli danışdı yeni ideyalarından.

Qulaq asdım, paltosuna baxa-baxa. Onun da paltosu köhnə idi. Deyirdi, filan qurğular, reaktivlər olsa lap əla olar. Soruşdum, neyləyəcəksən, dedi, filan şeyi axtaracam, filan nəticəni alacam. Dedim, yaxşı, ondan sonra nə olacaq, durub prizmadan keçib 7 rəngə  ayrılan ağ işığa bənzər baxışlarla üzümə baxmağa başladı. Düşündüm ki, nahaq elədim, onu göydən endirib, yer kürəsinə gətirdim.

Avtobus gəldi, böyük kimi ona yol verdim, önə keçsin. Yenə duruxdu, hərəkətini yavaşıtdı...

Dərhal anladım ki, "O qabaqlar idi yol böyüyün olardı, avtobusa minəndə yol kimin kartında pul varsa onun olar, alim balası".

Önə keçdim, kartı vurdum ikimiz də keçdik. Üzünə baxıb, güldüm. Soruşdu nəyə gülürsən?

Dedim, sən elə bir icad edə bilərsən ki, kartı yaxınlaşdıranda pul çıxmasın, əksinə oradan geri, karta pul köçsün?

Yenə qəribə rəngli baxdı mənə.

 

Əslində gülməyimin səbəbi o deyildi. 

Şərurdan Bakıya gəlirdik qatarla. İkinci mərtəbədə uzanmışdım, mürgüləyürdüm.

Dədəm siqret çəkməkdən qaydıb, girdi kupeyə.

Qoca bibim də alt mərtəbədə oturub, əl- qolunu, başını qoymağa yer axtara-axtara mürgüləyirdi.. 

Qarayev (atamı soyadla çağırıram) bir ona,  bir mənə baxdı:

-Ə, sən nə mədəniyyətsiz adamsan, arvadı burda qoyub, özün qalxmısan yuxarı...- dedi.

Əslində mən düşünmüşdüm ki, yaşlı adamdı, ordan yıxılar. Amma deməzsınmiş, bibi də aşığda yatmaqdan utanırmış, axı kupedə bir nəfər başqa kişi də vardı.

Kişi də deyəndə nəvəsi yaşda bir gənc.

İndi yadıma düşmüşdü ki, bu alim yoldaşı avtobusda irəli buraxmağı dədəm görsəydi eyni sözü təkrarlayıb "bəlkə kartında pulu yoxdur" deyərdi.

Avtobusda  asanlıqıa inandım ki, bu alimlər qıl körpüsündən "aftoşluq" edib keçəcəklər, çiyinlərində də "qabadayılar" kimi atdıqları paltolar olacaq. 

Amma köhnə paltolar.

Onlara kvarklar kiçikliyindən kainat sonsuzluğuna qədər dünyanı gəzmək, hüceyrlərin içinə girmək, İşıq sürətilə "gəzmək" asan, təzə paltonun içinə girmək çətindir...

Göydən üç alma düşməyə başladı, alim yoldaş almaları təhlil, analiz etməyə başlamışdı ki, yanımzda gedən "qara ayının" içindən qızıl saatlı bir qol çıxıb, bir anda almaları tutub, qırmızıdan keçib getdi...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb. 

 

“Ədəbiyyat və incəsənət” portalına Veteranlar Təşkilatından verilən məlumata görə, görüşdə veteranları maraqlandıran suallara cavab verən C.Xəlilov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb.

Təşkilatın sədri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, Prezident İlham Əliyevin sərkərdəlik dühası, xalqımızın həmrəyliyi barəsində danışıb. Onun sözlərinə görə, bütün bunlar ölkəmizi tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib.

Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. C.Xəlilov qeyd edib ki, hazırkı postmüharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlətimizin başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısıdır.

Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olublar.

Onlar Ulu Öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər.

Sonda təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Cümə axşamı, 16 Yanvar 2025 17:13

“Yaddaşın İntəhasızlığı” - Ülvi BABASOY

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ülvi Babasoyun Vaqif Səmədoğlu yaradıcılığı barədə məqaləsi təqdim edilir. 

 

"Təbiət sənətin yanında 

səssizliyə qərq olur".                                                                                           Benedetto Kroçe

 

"Bir neçə saatlıq iztirabdan sonra gənc şair yavaş-yavaş ananın 

bədənindən sürüşüb dünyanın 

yaş mələfəsinin üstünə düşdü...

Yeri gəlmişkən, şairin kiməsə şair 

deməsi, mühəndisin mühəndisə 

mühəndis, kəndlinin kəndliyə kəndli deməsiylə eyni deyil. Kəndli torpağı əkib-becərən adamdır, şair isə şeir yazan deyil, şeir yazmaq üçün seçilən adamdır. Digər şairdə Allahın bu 

lütfünü görə bilən ancaq və ancaq şairdir. Rembonun məktubunu 

xatırlayaq - bütün şairlər 

qardaşdırlar və onlarda şairlər 

nəslinin gizli əlamətləri vardır. Onları yalnız qardaşları tanıya bilərlər". 

 

Milan Kundera

 

 

"Bakir şairin sinəsinə gözəl bir qız 

qısılıb. Cavan oğlanın ruhu da, 

bədəni də dadmadığı hisslərə bələnib. Bu, Milan Kunderanın "Həyat başqa yerdədir" romanının şair qəhrəmanı Yaromilə oxşayır. Bəlkə də, heç 

Yaromil də deyil. Süheyil ulduzu və Günəşin eşqidir. Süheyil ulduzu 

doğarkən üzüm yetişir. Eşq fizikadan metafizikaya keçid edir. İlk toxunuşdur. İlk qucuşdur. Bəlkə də, M.Lermontovdur, A.Puşkindir,  Ş.Bodlerdir, O.Pazdır, P.Nerudadır, L.Araqondur, 

V.Səmədoğludur. Bəs bu qədər həyəcanlı hissləri yaşamaq bir şairəmi xasdır? Əlbəttə ki, Yaromilin şair olması 

emosiya və ehtirasın dozasını artırır.           

Sevgilisi başını Yaromilin sinəsinə sıxdıqca şair oğlan ekstaz halı 

yaşayır. Yaromilin keçirdiyi (və ilk dəfə kəşf etdiyi) hiss və duyğular ən böyük cinsi doyum və həzz nöqtəsindən, orqazm halından daha təsirlidir. 

Hər hansı erotik pozadan da. Şairin yaşadıqları erotikasız erotikadır".  

 

Sənət və estetika yaddaşın məhsuludur. Şeir isə ruh və şüura bütöv bir effektlə nüfuz edə bilir. Şeirdə ruh da, şüur da sərbəstdir. Əslində fizika da, metafizika da şeirdə estetikləşir. Vaqif Səmədoğlunun şeirlərində hər şeydən əvvəl düşüncə azaddır, sərbəstdir. Estetik düşüncədir bu. Bəzən maksimal dərəcədə prozaiklik var Səmədoğlu şeirlərində. Prozaik düşüncə və görkəmdə belə şeir adamdır Vaqif Səmədoğlu. Onun prozasını poeziyaya, poeziyasını prozaya çevirmək mümkün deyil. Çevrilən kimi tilsim qırılır. Bu da insan düşüncəsinin ilkinliyində yalnız və yalnız şeir dilinin aparıcı olduğunu göstərir. Gündəlik danışıq dilində olduğu kimi. Proza və poeziyanın sərhədləri itir Vaqif Səmədoğlu şeirlərində. 

 

Şair kimi yox, 

şeir kimi ölmək istəyirəm...

Oxunmaq arzusuyla yaşayıram, 

əvvəldən axıra

kimi oxunmaq... 

Əzbər qalmaq istəyirəm 

kiminsə yadında.

Bəyənilmək, sevilmək istəyirəm,

İstəyirəm, dəlicəsinə -

Şair kimi yox,

Yaddan çıxmayacaq bir şeir kimi...

 

Bu şeirə bircə şərh verilib və veriləcək. Yəni hamının şərhi eynidir. Şeir kimi yadda qalmaq istəyib və şeirləri ilə də yadda qalıb. Şeir kimi yadda qalan bir şairin avtoportretinə hər kəs heyrandır. Hər bir misranı ayrıca duymaq üçün şairin bioqrafiyasını bilmək lazımdır. Şairin bioqrafiyası heç vaxt bağlanmır. Şeir kimi yaşamaq da budur. Vaqif Səmədoğlunun bioqrafiyası xanımı Nüşabə Vəkilovanın "Mən sənin yuxunam" xatirələr kitabında da davam edir. Nüşabə xanım Vaqif Səmədoğlunun uşaqlığını təsvir edir, Xəzəri, qağayıları, çərpələngləri. Bax, o uşaqlıqda və gənclikdə Nüşabə xanım da var. Buna "yoxluğ"un varlığı demək olar. "Mən sənin yuxunam"dan bir passaj: "Mən o oğlanla Ləhişdəki bağımızda tanış oldum. Sənin içində yaşayan o dəcəl oğlanla. Velosiped sürəndə, çərpələng uçuranda, dənizdə, hovuzda  üzəndə, masaüstü futbol, xokkey oynayan oğlanı mən lap çox istədim. Uduzanda cığallıq edən, küsərək, "Mən bir də səninlə oynamayacam" deyən "oğlan"ı". Şair heç vaxt "böyüməyən" insandır. Şeir kimi yadda qalmaq bunun üçündür. Estetikanın şeirdə və həyatda əksidir Vaqif Səmədoğlu zərifliyi. Hər bir şairin həyatında qadınlar rol oynayıb. "Yesenin və Mayakovskinin bacıları, Blokun xalaları, Hölderlin və Lermontovun nənəsi, Puşkinin dayəsi və xüsusilə, analar, ata kölgəsinin üstünü örtən şair anaları. Xanım Uayld oğlu Oskarı qız kimi geyindirərdi. Uşağın güzgüdə özünü həyəcanla seyr etdiyini təsəvvür edə bilirsinizmi? Şair ömrü boyu simasında kişiliyin cizgilərini axtaracaqdı". Nüşabə xanım da Vaqif Səmədoğlunun qapanmayan, həmişə dövrə vuran yaradıcılığının ürəyində məskən salıb. 

 

Bu dünya, bir də sən olmasaydınız,

Harada, kiminlə mən tək qalardım?

Başqa bir yalqızın sığınmağıyçün

Yəqin ki, həm dünya, həm sən olardım...

 

Nüşabə xanım şairin özüdür. Canının və dünyasının bədii proyeksiyasıdır. Təkliyin cütlük adıdır. Salamat sahilidir. Güvən yeridir. Vəfa borcudur.

Kant estetikaya həm təcrübə, həm də fəlsəfə kontekstində tərif verir. Estetikada təbii gözəllik də əsas yer tutur. Hegel estetika deyəndə, yalnız sənəti əsas götürür. Natural gözəllik Hegelin vecinə belə deyil. Hegelin gözəllik anlayışı bir qədər məhduddur. Ona görə, estetika sənət fəlsəfəsində üzə çıxır. Kantın gözəllik fəlsəfəsi dərketmə və hissetmə proseslərinə istinad edir. Hegelin estetika fəlsəfəsi isə bilik və rasional düşüncəyə söykənir.  Vaqif Səmədoğluda isə estetikaya verilən bütün məhdud təriflərin sərhədləri dağıdılır. Ən ciddi sənət manifestləri  bir şeirin içində əriyir:      

 

İçimə həsrət yazır,

yazır, yazır, yazır həyat.

Günəşli gündüzlər,

köksü məsafəylə dolu düzlər,

gecətək qaranlıq,

gündüz kimi aydın üzlər

yazılır içimə,

içimdə qalır...

Sevdiklərim də,

sevmədiklərim də

yazılır içimə,

qalır içimin

qalın səbir dəftərində...

Dostum,

mən öləndən sonra

basarsan bu maqnitofonun

səs qaytarmaq düyməsini,

bir dəfə də eşidərsən

artıq döyünməyən

qəlbimin səsini...

 

Şeirdə əvvəlcə subyektiv, daha sonra obyektiv yaddaşın izləri görünür. Ancaq bu yaddaş "Günəşli günlər" kimi aydın, işıqlı deyil, bir qədər dumanlıdır. Buradakı hisslər də, həyat da, "döyünməyən qəlbin səsi" də dumanda itib-batır. Azaddır. Və bu azadlıq dumanda olmaq qədər həsrətlidir və payızvaridir.

 

Ömrümə duman gəlib,

Heç kəsə demə!

Deyəsən, yaman gəlib,

Heç kəsə demə!

Çıraq yanıb bu axşam,

Yanıb-sönüb bu axşam.

Bu dumana qapımdan

Çıxan kimi azmışam.

Daş evlər arasında

Duman neyləyər mənə?

Gülüm, diriyəm yenə,

Heç kəsə demə!!!

        

Kamal Abdulla bənzərsiz romanı "Unutmağa kimsə yox"da yazır: "Bir də ki... necə idi o?! -  "Bir axşam taksidən düşüb payıza..." Bundan daha sızıltılı misra tanımıram. Şahanədi! Mənim qəti fikrim belədir: Azərbaycan ədəbiyyat tarixini yazıçıdan-yazıçıya, şairdən-şairə yox, misradan-misraya, şeirdən-şeirə yazmaq lazımdır. "Bir axşam..." Hər şey ola bilər bir axşam. Xüsusilə, taksidən düşən yerdə. Özü də payızın içinə düşə bilərsən. Başqa hara düşəcəksən ki?! Sən bu misranın şahanə sayıldığı dünyada taksidən yaya, yaza, qışa düşə bilməzsən, özü də... "bir axşam". Sən burada bir axşam ancaq payıza düşə bilərsən, başqa heç hara". Duman İçərişəhərin, "biçarə şəhər"in içərisində azdırar adamı. Zamanı saxlaya bilməməyin lənətini ömrün payızında duyarsan. Kamal Abdullanın (daha doğrusu, qəhrəmanı F.Q.-nin) təsnifatı olduqca orijinal və maraqlıdır.  Məncə, ədəbiyyat tarixini diaxron bir ardıcıllıqla izləmək bir qədər darıxdırıcıdır. Bəzən müasir dövrdən qədim çağlara səyahət etmək olar. Bir şərtlə ki, F.Q.-nin dediyi kimi, mətndən-mətnə, misradan-misraya keçidlər edə bilək.

Vaqif Səmədoğlunun şeirlərində obrazların, şəkillərin, səslərin insan yaddaşının dərinliklərindən gələn reaksiyaların intəhasızlığı yatır. Necə?

Belə:

 

Tez ol xəbər ver, görüm necəsən,

Gözlərin necədi, yerişin necə?

Yaman darıxmışam, mən səndən ötrü,

Barı, bir soraq ver özün gəlincə.

Yerini bilmirəm, bilsəm, gələrəm,

Könlünü alaram, sevərəm yenə.

Xəzərin köksündən qalxan dumana

Qara şanı büküb gətirrəm sənə...

 

Bəlkə də, dünya poeziyasında yoxdur bədii yaddaşın bu cür intəhasızlığı. Şairin poetik enerji və təxəyyülü nə qədər geniş olmalıdır ki, belə bir misra yazsın: "Xəzərin köksündən qalxan dumana Qara şanı büküb gətirrəm sənə".  Mümkünsüzlüyün obrazı mümkünləşir. Bu misra dumanın içində olan şairin sərbəstliyindəki enerjidir. Kinetik enerjinin bədii güc və gözəlliyə çevrilməsidir. "Uzaq, yaşıl ada" nəğməsində gözəllik və bənzərsizlik fikrin duyğusal vizuallığıdır. Fikir formaya girir. Uzaq, yaşıl adaya çevrilir. Vaqif Səmədoğlu fikri metafizikadan çəkib çıxarır. Ona fiziki bir libas geyindirir.

 

Bilirsiz, qantel nədir?

Çuqundan tökülmüş,

Uzun bel səkkizə bənzər

əzələ bərkidən.

Mən bir dəfə

dünyanın ən ağır

qantelini qaldırdım:

telefon çağırdı məni,

götürdüm dəstəyi,

səs gəldi:

- Özünü ələ al,

öldü...

Qüvvəm çatmadı,

düşdü əlimdən

dünyanın ən ağır qanteli...

 

Şeiri oxuyan kəs millətindən və dinindən asılı olmayaraq, öz itkiləri ilə empatiya edir bu vəziyyəti. Vaqif Səmədoğlu ilə Azərbaycan şeiri daha geniş və bəşəri obraz qazanır. Bu obrazda məna və mənanın ifadə forması paralel şəkildə təsir edir oxucuya. Əvvəla, fikir və mövzu daimidir. Daha sonra duyğusal və poetikdir.      

Vaqif Səmədoğlu 70-ci illərin şairi hesab olunur. Ancaq o, dünya ədəbiyyatında altımışıncı illərin böyük mədəni partlayışının yaradıcılarındandır. Kino sənətində fransız yeni dalğa hərəkatı, Fransa, Kanada və Meksikadakı tələbə hərəkatları, İhab Hassanın "Orfeyin parçalanışı", Lesli Fidlerin "Sərhədləri keçin, xəndəkləri doldurun" manifestləri, Liotarın "Postmodern vəziyyət"i, İv Kleinin "Dolu", Armanın "Boşluq" sərgiləri, İqor Stravinski və Vaqif Mustafazadənin musiqi sənətindəki estetik inqilabları, Elvis Presli və "Bitlz" qrupunun mahnılarındakı "minimum ərazidə maksimum çoxsəslilik" elementləri Vaqif Səmədoğlunun bəşəri poeziyasının yaranması ilə eyni estetik məkanı bölüşür; şüuri və ya qeyri-şüuri aspektdən. 

Hər hansı bir varlığın obrazlı ifadəsi onun özü deyil, ancaq özündən də təsirli ola bilər. Vaqif Səmədoğlunun yaratdığı obrazlar həmin əşya və varlıqların özündən təsirlidir. Hər bir sənətin özünə aid olan obrazlı ifadə tərzi və təsiri var. Memarlıqda fiziki və struktural ifadə tərzi əsasdır. Özü də maksimum həddə. Heykəltəraşlıq abstrakt sənətdir, ancaq onu konkretləşdirir istifadə etdiyi bədii elementlərlə. Rəssamlıq və kino sənətlərinin obrazları fiziki varlıqlardır. Təsir mexanizmləri metafizikidir.  Xüsusən, işıq və səs effektləri ilə maddi olmayan sənət fenomeni yaradırlar. Musiqidə isə fiziki forma əsas deyil, ancaq fizikada var olan təcili cəzbetmə effektinə malikdir. Musiqinin bu mənada dili yoxdur. Yəni bütün dil sərhədlərini aşır. Vaqif Səmədoğlu şeirlərində musiqi özünə yuva qurur. Sənətin təbiətində köhnəlmə və yaxud da öz estetika dövrünü başa vurma reallığı mövcuddur. Vaqif Səmədoğlunun şeir-nəğmələrindəki ritm, musiqi və forma tandemindəki ahəng köhnəliyi deyil, yeninin estetikasını aktual olmayan aktuallıqda saxlayır. Bu şeirlər caz musiqisi kimi heç vaxt dəbdə olmur ki, dəbdən düşsün. 

 

Payız rəngli baharları,

Kölgən düşən divarları

Ürəyimdən qopar, qopar,

Özünlə apar!

 

Burada fikirlərin hamısı antitezadır. "Özünlə apar" deyərkən, "aparma", deyir şair. Aparmamağın bədii proyeksiyası aparla ifadə edilir. Ayrılığın obrazı ayrılığın özü deyil. Allahın bədii obrazı Allahın özü olmadığı kimi. Vaqif Səmədoğlu mümkünsüzlüyün ruhunu və bədənini  yaradır. O, gözəlliyi rənglər, sözlər və obrazlarla yenidən kəşf edir. Gözəlliyi kəşf etmək bizi məhdud, sərhədli var olmaqdan azad edir.

(7 yanvar 2025)

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Cümə axşamı, 16 Yanvar 2025 16:40

Qəzza: İnsanlıq dramının davamı

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Son dövrlərdə dünyada baş verən münaqişələrin ən dramatik və ürək ağrıdan məqamı Qəzza zolağında yaşanır. İllərdir İsrail-Fələstin münaqişəsinin episentrində yerləşən bu bölgə, hazırda misli görünməmiş humanitar böhranla üz-üzədir. 2023-cü ilin oktyabr ayında başlayan İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağı tamamilə dağıntılara məruz qalıb və insanlar, sözün əsl mənasında, sağ qalmaq üçün mübarizə aparır.

 

İnsan Tələfatı: Ən Böyük Yaralar

 

Əməliyyatlar nəticəsində minlərlə insan həlak olub. Rəsmi rəqəmlərə görə, Qəzzada ölənlərin sayı 32 mindən 44 minə qədər dəyişir, lakin bu, yalnız qeydiyyata alınmış məlumatlardır. Yaralananların sayı isə 100 minə yaxınlaşır. Ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və yaşlılardan ibarətdir. Məktəblər, xəstəxanalar, məscidlər, hətta yaşayış evləri də bombalanıb.

 

Səhiyyə Sisteminin Çöküşü

 

Qəzza zolağında səhiyyə sistemi faktiki olaraq iflic vəziyyətdədir. Bombardmanlar nəticəsində 312 tibb işçisi həyatını itirib, onlarla təcili yardım maşını sıradan çıxıb. 142 səhiyyə müəssisəsi hədəfə alınıb. Xəstəxanalar çatışmayan dərman, elektrik enerjisi və tibbi avadanlıqlar səbəbindən xəstələrə yardım edə bilmir.

 

Aclıq və Su Problemi

 

Qəzzada insanların ən böyük problemlərindən biri aclıqdır. Münaqişə başlayandan bəri humanitar yardımların regiona daxil olması ciddi şəkildə məhdudlaşıb. Uşaqlar və yaşlılar arasında qida çatışmazlığı səbəbindən xəstəliklər yayılmağa başlayıb. Əlavə olaraq, içməli suya çıxış çox məhduddur və bu, xəstəliklərin artmasına səbəb olur.

 

Beynəlxalq Reaksiyalar: Sözlər Yoxsa Əməl?

 

Beynəlxalq ictimaiyyət Qəzzada baş verənlərə reaksiya versə də, konkret addımlar atılmır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzadakı vəziyyəti “humanitar fəlakət” kimi təsvir edir və tərəfləri atəşkəsə çağırır. Amma indiyədək nə İsrail, nə də Fələstin bu çağırışlara müsbət cavab verib.

 

Qəzzalıların Gözündən Vəziyyət

 

“Bizim üçün həyat artıq qalmayıb” deyir 35 yaşlı Əhməd, Qəzza sakini. O, bombalanan evindən sonra ailəsi ilə birlikdə küçədə yaşamaq məcburiyyətindədir. “Övladlarım gecələr ağlayır. Mən isə nə edəcəyimi bilmirəm. Bütün dünya bizi unudub.”

 

Müharibənin Kökü: Bu Böhran Nə Zaman Bitəcək?

 

Qəzzadakı münaqişə, İsrail və Fələstin arasında on illərdir davam edən torpaq mübahisəsinin nəticəsidir. Münaqişənin arxasında siyasi, dini və tarixi faktorlar dayanır. Lakin hər bir müharibə, əslində, masum insanların həyatını itirməsi ilə nəticələnir.

 

Əməkdaşlıq Üçün Çağırış

 

Bu dramatik vəziyyət, yalnız qlobal əməkdaşlıqla həll edilə bilər. Beynəlxalq güclər, xüsusilə də BMT, ABŞ, Avropa İttifaqı və qonşu dövlətlər dərhal hərəkətə keçməli, davamlı və ədalətli sülh üçün təşəbbüslər irəli sürməlidir.

 

Ümid: Yenidənqurma və Sülh

 

Hər bir dağıntının ardından yenidənqurma mümkündür. Amma Qəzzanın yenidən qurulması yalnız fiziki mənada deyil, eyni zamanda sosial və psixoloji baxımdan da olmalıdır. Ən önəmlisi, oradakı insanlar üçün təhlükəsiz və insan hüquqlarına uyğun həyat təmin edilməlidir.

 

Bu, sadəcə bir bölgənin deyil, bəşəriyyətin dramıdır. Hər kəs Qəzzanın səsi ola bilər. Çünki bu hekayə, insanlıq tarixində utanc səhifəsi olaraq qalacaq.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Cümə axşamı, 16 Yanvar 2025 16:04

Kitabçının ürək ağrısı - FOTOREPLİKA

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bəzən fotolar çox yox, qısa bir mətnə bələdçi olurlar, bu mətn isə kitab qədər mənalı olur. 

 

Xan Resuloglunu kim tanımır. Ölkənin bir nömrəli kitabçısı. Onu məyus edən fotonu qoymuşuq qapaq şəklinə. Fotonun alt yazısı ilə belədir:

 

“Adətən, dükanın pilləkənlərinin üstünə kitablar düzürəm.  

Axşamlar qoyub getdiyim kitablar da ehtiyacı olanlar üçün nəzərdə tutulur. 

Bu gün gəlib görürəm ki...”

Bəli, gəlib görür ki, hansısa vəhşilər kitabla bu cür rəftar ediblər. 

Ar olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bakını özünün cazibə nöqtəsi hesab edir. Yerlipərəstlikdən uzaq olsa da onun üçün Vətən ata-baba yurdu Buzovnadan başlayır. Xatirələrində olan Bakı tamam başqadır. 

 

“Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.”- söyləyir.

 

Avtomobildə gedə-gedə radioya qulaq asmaqdan həzz alır. Bəyəndiyi ifanı tapana kimi dalğaları tez-tez dəyişir. O qədər ifasını bəyənmədiyi, qulaq asmağa səbri çatmadığı müğənnilər olur ki, vaxtının 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edir. Nəhayət klassik musiqi, caz, muğam, retro-estrada fərq etməz əhvalına uyğun musiqi seçib dinləyir. Onun üçün Akif İslamzadə, Brilliant Dadaşova, Zeynəb Xanlarova, Nisə Qasımova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Sezen Aksu, Ajda Pekan, Ququş, Alla Puqaçova, Xulyo İqlesias, Dems Russos, Stinqin ifaları, ABBA qrupu və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi nümunələri daha önəmlidir...

 

Haqqında söhbət açdığım bəstəkar Aygün Səmədzadə 1967-ci ildə tanınmış iqtisadçı alim, millət vəkili, akademik Ziyad Səmədzadənin ailəsində dünyaya gəlib. 1985-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinə daxil olub. Oxuduğu müddətdə qabaqcıl tələbə kimi "Üzeyir Hacıbəyov təqaüdü" alıb. 1990-cı ildə konservatoriyanı da fərqlənmə diplomu ilə bitirən Aygün xanım elə o vaxtdan da bitirdiyi elm ocağının musiqi tarixi kafedrasında müəllimlik edir.

Türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradacılığına həsr olunan elmi monoqrafiyanın və bir sıra elmi məqalənin müəllifidir. 2003-cü ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur...

 

Deyir ki:- “Mən tələbələrimə də deyirəm, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib, onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda "üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs "dost”, "qardaş”, "yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki, gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm, deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə "sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da "xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi toxunulmazdır, onları hər kim gəldi oxuya bilməz”- demişəm. Görürəm ki, buna görə məndən inciyiblər...”

 

Kiməsə ilk baxışda qapalı, özündən razı adam, eqoist kimi görünə bilər, amma çox təvazökar, daxilən zəngin insandır. Əsl xanımlara xas olan əda, davranış, mədəniyyət ona da xasdır, kübarlığı ilə seçilir. Bəstəkar kimi musiqiyə 1996-cı ildə Flora Kərimovanın ifa etdiyi, Xanım İsmayılqızının sözlərinə bəstələdiyi "Ruhumuz qovuşacaq" mahnısı ilə gəlib. 2000-ci ildə keçirilən "Yaxşıların yaxşısı" müsabiqəsində onun sevimli şairimiz Kamalə Abıyevanın sözlərinə bəstələdiyi "Məktəb illəri" mahnısı müəllifinə "ilin bəstəkarı" nominasiyasında qələbə qazandırıb. 2002-ci il isə onun üçün daha uğurlu olub. Belə ki, bu ilin fevralında keçirilən "Nəğmələrin nəğməsi" müsabiqəsində onun Zəkirə Allahverdiyevanın sözlərinə bəstələdiyi "Tut ağacım" mahnısı "Qran-Pri"yə, yenə də Kəmalə xanım Abiyevanın sözlərinə bəstələdiyi "Bu dünyanı nağıl bilək" mahnısı birinci, "Yağış" mahnısı isə ikinci yerə layiq görülüb...

 

Kanservatoriyanı 1990-cı ildə bitirsə də, yaradıcılığa 1996-cı ildə başlayıb. Bunu da onunla əlaqələndirir ki, tələsməyib, özünü püxtələşmiş bəstəkar kimi təqdim etməyi planlaşdırıb...

 

“Mən peşəkar musiqi təhsili alıb, mahnılarımı tam hazır şəkildə dinləyicilərə təqdim etmək istəmişəm. Yəni aradakı 6 ili boş yerə sərf etməmişəm. Biliyimi artırmaqla, tədqiqat işləri aparmaqla məşğul olmuşam. Və nəhayət, ürəyimin istəyini üzə çıxarmışam. Mənə elə gəlir ki, yaradıcı insan üçün bu müddət elə də gec deyil. Hamı deyir ki, 20-30 ildir, sənətdədir, amma onlar bunu nə ilə sübut eləyə bilərlər? Başqaları müxtəlif işlərlə məşğul olanda, mən ali musiqi təhsili almışam, aldığım biliyi də ilk və ən çox sevdiyim "Ruhumuz qovuşacaq" adlı mahnımla ortaya qoymuşam. Düzdür, buna qədər bir sıra kiçik pyeslər yazmışam. İlk mahnımı isə Bülbül adına Musiqi Məktəbinin 10-cu sinfində oxuyanda Cəfər Cabbarlının "Dan ulduzu" şerinə bəstələmişəm. Ancaq müəyyən vokal imkanları nəzərə almadığıma görə mahnını indiyə qədər heç bir müğənniyə göstərməmişəm. Yəni bu mahnı düzəlişlər ediləndən sonra oxuna bilər.”- söyləyir...

 

Musiqi yaranan zamandan yeddi notdan ibarət olub. Hələ indiyədək heç kim bu notların sayını artırmaq iqtidarında olmayıb. İndiyədək bəlkə də milyonlarla musiqi bəstələnib, çoxları da artıq unudulub. Amma əsl musiqi unudulmazdır, əbədidir...

 

Deyir ki,- “Mənim üçün notların göy qurşağında olduğu kimi hər birinin öz rəngi var. Məsələn, Do quruyan qızılgül ləçəyinin rəngindədir, Re və Sol yaşıl, Mi və Sol qəhvəyi, Fa göy, Lya sarı rəngdədir. Əgər insanın ruhu rəngarəngdirsə, demək, o, canlıdır, hərəkətlidir və yaradacaq. İlhama gəldikdə isə bu xüsusiyyət ruhun xüsusi halıdır və duyğularla, müsbət və hətta mənfi emosiyaların təzahürü ilə bağlıdır. İnsana ilham gələndə, öz potensialını tam reallaşdırmağa, fikir və səylərini konkret işlərə, əsərə çevirməyə hazırdır. İnsan bu halda-zehni və emosional vəhdətin yüksəliş məqamında dağları devirə bilər. Əksəriyyət üçün ilham qaynağı fərdi xarakter daşıyır. Amma daha dəqiq desəm, əslində bizə motivasiya verə biləcək hadisələr özləri bizi seçir və bizdən asılı heç nə yoxdur. Bu əsəri yazmaq mənim qismətimdədirsə, onun ilhamı da elə mənə gələcək. Məsələn, məşhur “Tut ağacı” kompozisiyam küskün və əsəbi bir əhvaldan sonra ərsəyə gəlib. Ümumiyyətlə, bütün əsərlər ağır və fərəhli anların, yaşadıgım hisslərin, dinlədiyim həyat hekayələrinin və sevgi tarixçilərinin, oxudugum kitabların, ən əsası isə məni əhatə edən bütün gerçəkliyin nəticəsidir. Elə məqamlar olur ki, müəyyən hadisələrin təsiri altında musiqi yazıram, gözlərimdən yaş axır və bu əsəri dinləyən insanların da göz yaşı axıtdığını görəndə heyrətlənmirəm. Bilirəm ki, içimdəki sevinci də, göz yaşını da dinləyicilərə ötürməyi bacardım, buna cəhd göstərməsəm də...”

 

Bəli, haqqında söhbət açdığım əməkdar incəsənət xadimi, xalq artisti, alim, bəstəkar Aygün Səmədzadə gözəl bəstələri- musiqiləri ilə insanları düşündürməyi, kövrəltməyi, ağladıb güldürməyi bacarır. Bu, onun taleyinə yazılan ilahi qüdrət, Allahın hədiyyəsidir...

Bu günlərdə Aygün xanım növbəti ad gününü qeyd etdi. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.