Super User
Dünya ədəbiyyatı – Xose Luis Rubio
Təranə Turan Rəhimli, “Ədəbiyyat və incəsənət” üçün
Dünya ədəbiyyatı rubrikasında ispan şair Xose Luis Rubionun tərcümeyi halını və 2 şeirini tərcümə edərək oxuculara təqdim edirəm. Əminəm ki, bu məşhur ispan şairi ilə tanışlıq hamının ürəyincə olacaq.
"Həyat hekayəmi danışmaq asandır. 74 il əvvəl Kadisdə (İspaniya) anadan olmuşam. Uşaqlığım orada dənizi qoxlamaqla keçdi, oxudum, öz biliyimi başqalarına öyrətmək üçün müəllim oldum. Bir müddət əvvəl isə yazı "həbsxanası"na girdim, hələ də orada dustağam.
Bu söz həbsxanasının rəflərini bəzəyən müxtəlif kitablarda toplanmış minlərlə misralar yazmışam. Otuz ildən çoxdur ki, Konildə yaşayıram, həm də yenə dəniz qoxusu ilə. Rəflərimdə hələ də kiminsə oxuyacağını bilmədiyim çoxlu kitablar saxlayıram. Şeirlərdən başqa boşluqlarımı başqa gözəlliklər də doldurdu: qeyri-adi flamenko musiqisi və özümü jurnalist kimi hiss etdiyim radio, bu peşə ilə daim məşğul olmaq istərdim.
Bir neçə mükafat almışam, amma ən böyük zövqüm “Azahar” poeziya jurnalı ilə bütün dünyaya poeziya səslərini yaymaqdır. Bu, misralar və flamenko ilə hazırlanmış həyat hekayəmdir.
DƏYİŞƏK
Sülh içində yaşamaq istəyirsizsə
silahları çaya atın.
Uşağınıza oynamağı öyrətməyin
qılınc və ya tüfənglə.
Ona gül əkmək öyrədin
Bir də insanlarla danışmağı.
Müharibə mərhəmətsiz
öldürücü bir oyundur,
qoy içində biz olmayaq.
Tankları kitablarla dəyişək,
bıçaqları qələmlərlə,
bombaları şeirlərlə.
Güllələri əvəz edək
zərif fırçalarla,
ya da rəngli karandaşlarla.
Və çiçəkli çöllər çəkək,
ya da rəngarəng balıqlarla dolu
sakit dənizlər.
Gəlin səmanı dolduraq
ağappaq göyərçinlərlə
və əbədi sülh içində yaşayaq.
Bəlkə bu bir illüziya, ya yuxudur,
amma xəyal etmək istəyirəm
o sülh göyərçinlərinin
dünyanın hər ölkəsinə sığınacağını.
RƏNGLƏRİN RİTMİ
Rənğlərin səsləri varmı?
Əgər varsa, necədir?
Hamısının səsi eynimi?
Qırmızı mavi ilə eyni səsə sahibmi?
O səsi eşidə bilirsinizsə
bunun səbəbi hər rəngin öz içində daşıdığı sehri duya bilməmizdir.
Rəsimlərin arasında özünü tapmısansa,
qarşısında bir neçə dəqiqə dayanırsanız,
Rənglər sizə səs mesajları ötürür.
Dur!
Səsi eşidirsənmi?
Qırmızı səni çağırır
Mavi nəsə pıçıldayır.
Yaşıl yavaşca nəsə danışır.
Sarı sığal çəkir,
Narıncı kpks ötürür,
Qara qorxudur.
Və hamısı birlikdə
sənə kətan üzərində
Yaratdığı hekayəni anladır.
İndi rənglərin səsini eşidirsənmi?
Musiqini sevirsənmi?
Onların səsindən bir həyəcan duyursanmı?
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
“Maraqlı söhbətlər”də ermənilərin öldürdüyü xeyriyyəçi Yusif ağa Dadaşov
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bu günkü Maraqlı söhbətlərfə xalqın maariflənməsinə, qızların təhsil almasına vəsait ayıran, ermənilər tərəfindən öldürülən xeyriyyəçi Yusif ağa Dadaşov (1870-1918) barədə danışacağıq.
Gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və "Qızlar məktəbi"nə) sərf edilirdi. Bakı quberniyasının müsəlmanları arasında maarifin yayılmasına çalışan "Nəşri-Maarif" cəmiyyətinin ömürlük fəxri üzvü olub. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı duması binasının inşasına xeyli vəsait sərf edib. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edib. Azərbaycanda milli hökumətin yaradılmasına, "Müsavat" partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918-ci il martında vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O, bu işə bütün ətrafını səfərbər edir. Rus qoşunları Bakını əhatə etdiyindən şəhərdə xüsusi vəziyyət yaranmışdı. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi.
1918-ci ilin 26 martında növbəti dəfə Zirə kəndinə silah ardıyca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedir, silahları qəbul edir, silahları arabalara yüklətdirib geri qayıdarkən S.Lalayanın quldur dəstəsi ilə qarşılaşır. S.Lalayan ona qılıncının altından keçməyi əmr edir. Dadaşov isə öz növbəsində deyir ki: Mən türkəm. Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz". Bu cavabdan sonra hiddətlənən daşnaklar onu işgəncə ilə doğrayaraq öldürürlər. Öldürülərkən hərbi geyimdə olur, üzərində olan üstü brilyant, almaz və yaqutla süslənmiş saysız-hesabsız orden-medallar da beləcə yoxa çıxır. Məzarının yeri bilinmir. Nəslin yaşlıları onun meyitinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edirlər.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
16 yaşlı Rəşad Atillanın yeni romanının təqdimatı keçirildi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
“Bu roman bir təşəkkür deyil, bir hiss borcudur…”
Sumqayıtda gənc yazar Rəşad Atillanın yeni romanının təqdimat mərasimi keçirilib. Tədbir ədəbiyyat, elm və təhsil ictimaiyyətinin nümayəndələrini, eləcə də gənc yazıçının dostlarını və ailə üzvlərini bir araya gətirib.
Cəmi 16 yaşı olmasına baxmayaraq, Rəşad Qasımzadə (ədəbi təxəllüsü Rəşad Atilla) artıq iki romanın müəllifidir. Onun yeni əsəri – “Qurban oyunu” insan ruhunun sükut və qurbanlıq arasındakı mübarizəsini, sevgi, inam və kimlik axtarışlarını bədii dillə əks etdirir.
Tədbirdə tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər
Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, yazıçı və filologiya elmləri doktoru, professor Zahid Xəlil, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğlu, yazıçı, şərqşünas Əli Rzazadə, AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev çıxış ediblər.
Hər biri gənc yazıçının yaradıcılıq potensialını, bədii duyumunu və ədəbiyyata olan səmimi münasibətini yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə həmçinin Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin professor-müəllim heyəti, 3 saylı orta məktəbin kollektivi, Rəşadın ilk müəllimi Leyla Nəsirova, LEVEL ACADEMY və RT ACADEMY rəhbərləri də iştirak edərək gənc istedada öz dəstək və arzularını bildiriblər.
“Bu roman bir təşəkkür deyil, bir hiss borcudur…”
Rəşad Atilla təqdimat zamanı çıxış edərək “Qurban oyunu”nun yaranma tarixindən danışıb:
“Bəzən bir baxış, bir fikir, bir səssiz təşviq illərlə susan bir hekayəni oyada bilər. Bu əsər – bir təşəkkür deyil, bir hiss borcudur. Qəlbimdə açılan qapının arxasında gizlənən bütün səslərə və sükutlara həsr olunub.”
Gənc yazar qeyd edib ki, bu roman bir hekayədən çox bir sualdır – “İnsan gerçək kimliyini öyrəndikdə, əvvəlki sevgisi və inandığı həqiqətlər nə qədər dəyişir?”
Mərasim ədəbi-emosional notlarla yekunlaşıb. Qonaqlar Rəşad Atillanın yeni romanının gənclər arasında ədəbiyyata marağı artıracağına inandıqlarını vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
1+1=11
Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Bilirsən, mən çox düşünmüşəm bu ifadəni.
Riyaziyyat deyir “1+1=2”, amma məncə, sevəndə bu hesab işləmir.
Çünki sən mənim həyatımda olanda, mən sadəcə artırılmıram — tamamlanıram.
Elə buna görə də deyirəm: 1+1=11.
Sən mənə qarışanda bir şey dəyişir içimdə.
Sakitlik gəlir, amma içində qəribə bir istiliklə.
Sanki dünya dayanır, amma ürəyim daha sürətlə döyünür.
Bəzən səni düşünürəm və ağlım yox olur, amma hisslərim danışır.
Elə o an anlayıram ki, biz sadəcə iki nəfər deyilik —
biz bir bütövük, bir tənlik kimi, bir sirr kimi.
“11” mənim üçün sanki bizik.
İki tənha xətt, amma bir-birindən heç ayrılmadan yanaşı gedən.
Heç toxunmadan bir-birinə isinən,
bəzən sükutla danışan, baxışla başa düşən iki ruh.
Səninlə tanış olandan bəri, mənim üçün hər şeyin mənası dəyişdi.
Sadə şeylərdə belə səni görürəm —
külək əsəndə səsini xatırlayıram,
günəş doğanda baxışlarını.
Bəzən elə gəlir ki, sən olmasan, rənglər də solacaq.
Çünki sənin varlığınla hər şey bir az daha parlaq, bir az daha mənalı olur.
Bilirsən, mən heç vaxt çox danışan olmamışam,
amma səni düşünəndə içimdə min cümlə yaranır.
Sadəcə onları deməyə cəsarət tapmıram,
çünki qorxuram — desəm, sehr pozular.
Ona görə yazıram.
Sözlər səssiz olsa da, ən azı səni anladar deyə.
Sən mənim həyatımda riyaziyyatın səhv etdiyi ən gözəl andısan.
Çünki səninlə birləşəndə say düz gəlmir,
amma hər şey yerinə oturur.
Səninlə “biz” olmaq, heç kimin anlamadığı bir hesab kimidir.
Sadəcə biz bilirik cavabını — 1+1=11.
Hər dəfə səni xatırlayanda, bu cümlə gözümün önünə gəlir.
Çünki biz heç vaxt 2 olmadıq — biz yan-yana duran iki düz xətt olduq,
bir yerdə durub bütün dünyanı tənliksiz qoyan bir cüt “bir”.
Və bəlkə də, bu, ən saf, ən səmimi sevgi növüdür.
Mən səni sevdim, çünki səndə özümü tapdım.
Səni sevdim, çünki səninlə mən tam oldum.
Riyaziyyat deyə bilməz, amma ürəyim bilir —
1+1=11.
Və bu, mənim üçün dünyanın ən doğru hesabıdır.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
Onun parlaq musiqi karyerası olacaq
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu ad kifayət qədər populyardır. Onun səsinə vurğun olanlar az deyil. Səsi o qədər gur, saf, şaqraqdır ki. Bu gün onun doğum günüdür. 37 yaşı tamam olur. Əminik ki, o ulu muğam ustalarımızın estafetini davam etdirəcək, musiqi tariximizdə qızıl səhifələr yazacaq.
Mirələm Mirələmov 4 noyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. 1996–2004-cü illərdə Şamaxı şəhərinin Məhəmməd Hadi adına 9 saylı orta məktəbində təhsil alıb. 2004-cü ildə 9-cu sinfi bitirərək mədəni marif texnikumuna daxil olub və iki ildən sonra Azərbaycan Milli Kansorvatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollecinə daxil olub
Azərbaycan Respublikasının xalq artisti Zabit Nəbizadənin xanəndəlik sinfində təhsilini davam etdirib. Mirələm təhsilini 2008-ci ildə bitirir. 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasına, Professor Arif Babayevin sinfinə daxil olur. 2016-cı ildə Konservatoriyanın bakalavır pilləsini bitirib. Alim Qasımovdan dərs alıb.
Fəaliyyəti
- 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında səfir qismində çıxış edib.
- 2021-ci ildə "Xarıbülbül" musiqi festivalında çıxış edib.
- 2022-ci ildə Mərakeşin Fəs şəhərində Sufi Mədəniyyəti Festivalında çıxış edib.
- 2022-ci ildə Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Muğam axşamları" layihəsində çıxış edib.
- 2022-ci ildə Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında çıxış edib
Mükafatları
1. Muğam Televiziya Müsabiqəsində 1-ci yerin qalibi olub.
2. 2013-cü ildə Respublika muğam müsabiqəsinin qalibi olub.
3. 2013-cü ildə "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının qalibi olub.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
Rəssam multipikator olmaq asandırmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Populyar aktrisamız Kübra Dadaşovanı kim tanımır? Bax onun qardaşı Rauf Dadaşov barəsində danışacağıq, özünə maraqlı peşə seçib - rəssam multipikator.
Rauf Dadaşov 4 noyabr 1944-cü ildə doğulub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində 4 il oxuyub, 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kursu bitirib.
1970-ci ildən «Azərbaycanfilm»də, 1990-cı ildən başlayaraq, «Azanfilm» studiyasında rejissor-rəssam-animasiyaçı işləyib.
"Əndazədən çıxanlar" (1988) animasiya filmindəki eyni adlı novella onun quruluşçu rejissor kimi ilk işidir.
Filmoqrafiya
1. Ağ atlı oğlan (tammetrajlı bədii film) — quraşdırılmış səhnələrin rəssamı
2. Akvarium
3. Anam ağaca çıxıb
4. Balaca çoban
5. Bir axşam...
6. Bir dəfə
7. Cavanşir
8. Cırtdan və div
9. Cırtdan-"pəhləvan"
Onun filmoqrafiyasında çoxsaylı animasiya və bədii filmlər yer alır: məsələn, Siçan və pişik (2008), Kitabi Dədə Qorqud: Basat və Təpəgöz (2003) və s.
2006-cı ildə “Qarğa balası və özgə yuvası” filmindəki işi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Qızıl Çıraq” mükafatına layiq görülüb.
2008-ci ildə “Əməkdar mədəniyyət xadimi” fəxri adına layiq görülmüşdür.
Azərbaycan animasiyasının və kino sənətinin inkişafında Dadaşovun rolu mühüm olub – o, həm rəssam, həm animasiyaçı, həm də rejissor kimi fəaliyyət göstərib.
Onun işi uşaqlara, gənclərə, animasiya janrına yönəlmişdir və ölkədə bu sahənin peşəkarlığını yüksəltməyə kömək edib.
Fəxri adlarla təltif olunması onun sənətdəki professional and kiçik yaşlı izləyici kütləsinə təsirinin tanındığını göstərir.
Rauf Dadaşov 9 fevral 2020-ciildə uzunsürənxəstəlikdənvəfatedib.
Allahrəhməteləsin!
“Ədəbiyyatvə incəsənət”
(04.11.2025)
Vasif Adıgözəlovun oğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Atalar və oğullar mövzusunu davam etdirirəm. İndi də Vasif Adıgözəlovun oğlu Yalçın Adıgözəlov barədə danışmaq istəyirəm.
Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində bəstəkar Vasif Adıgözəlovun ailəsində anadan olub. Tanınan musiqi sülaləsinin üçüncü nəsil nümayəndəsidir. 8 yaşında konservatoriyanın nəzdində fəaliyyət göstərən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ifaçılığı üzrə A. Y. Kopeleviç və B. L. Qusliserin sinfində təhsil almağa başlayıb. 1982-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib (professor R. Atakişiyevin sinfi).
1983–1984-cü illərdə Daşkənd Dövlət Konservatoriyasında "opera-simfonik dirijorluğu" fakültəsində təhsil almışdır (professor K. M. Usmanovun sinfi).
1984-cü ildən 1989-cu ilədək Leninqrad konservatoriyasının "opera-simfonik dirijorluğu" fakültəsində tanınan professor İlya Musinin sinfində təhsil alıb. 1990–1992-ci illərdə Vyana Musiqi və İfaçılıq Sənəti Akademiyasında (alm. Wien – Musikhochschule) Azərbaycanı təmsil edən ilk musiqiçi kimi professor Karl Esterrayxerin sinfində təcrübə keçib.
1989-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991–1998-ci illərdə isə bədii rəhbəri və baş dirijoru olub. Ölkədə iqtisadi böhranla müşayiət olunan ağır ictimai-siyasi illərdə gənc dirijor respublikanın aparıcı musiqi kollektivlərinin qorunub saxlanılması işində əvəzsiz xidmətlər göstərib. Y. Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkədə və onun hüdudlarından kənarda geniş konsert fəaliyyəti göstərib.
20 yanvar 1991-ci ildə Bakıda baş vermiş faciənin ildönümü münasibətilə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası Yalçın Adıgözəlovun dirijorluğu və müəlliflərin iştirakı ilə Moskva Konservatoriyasının Böyük Zalında V. Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası və Ə. Karamanovun "Stabat Mater" vokal-simfonik əsərini ifa edib.
1991-ci ilin martında orkestrin Uzaq Şərq şəhərlərində (Yujno-Saxalinsk, Petropavlovsk-Kamçatski, Maqadan) və 1992-ci ildə Orta Asiyada qastrolları baş tutub. Yalçın Adıgözəlov 1991–1993-cü illərdə Avstriya hökuməti ilə birlikdə keçirilən "MOSART-festivalları"nın bədii rəhbəri olub. Keçirilən festivalların üçündə Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərinin dünya premyeraları baş tutub.
Mükafatları
1. "İlin ən yaxşı dirijoru" nominasiyasında "Humay" mükafatının ilk laureatı
2. 15 may 2007 — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
3. Azərbaycan Respublikasının xalq artisti
4. Prezident Mükafatçısı
5. "İlin ən yaxşı musiqiçisi" nominasiyasında "Zirvə" mükafatı.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
Məmməd Arifin oğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Məşhur ataların çox oğuılları olub ki, daim atalarının kölgəsində girlənibdir. Amma az halda oğullar ataların estafetlərini davam etdiriblər. Səməd Vurğun oğlu Vaqif Səmədoğlu, Səməd Vurğun oğlu Yusif Səmədoğlu, Rəsul Rza oğlu Anar... Və bu sırada əlbəttə ki, Məmməd Arif oğlu Araz Dadaşzadə də vardır.
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olub. 1952-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirib və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirib. O, 1957–1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləyib.
1960–1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub. O, 1963–1966-cı illərdə burada kiçik elmi işçi, 1968–1976-cı illərdə isə İnstitutun orta əsrlər şöbəsinin baş elmi işçisi olub. 1988–1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışıb.
Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirib. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. Gənclik illərində hekayələr də yazıb və onların bir qismi "Azərbaycan", "Kirpi" və bir sıra digər nəşrlərdə çap olunub.
Araz Dadaşzadə "Böyük türkmən şairi Məxdumqulu", "Aşıq Qurbani, 55 şeir", "Aşıq Abbas Tufarqanlı, 72 şeir" və digər kitabların ön söz müəllifi və tərtibçisidir. Onun "Historie de la litte’rature azerbaidjanaise" ("Azərbaycan ədəbiyyatının tarixi") məqaləsi M. Quluzadə ilə birlikdə) Parisdə "Bedi Kartlisa, revue de kartvelogie" jurnalının bir neçə nömrəsində çap olunub.
O, "Sovet Şərqi xalqlarının ədəbiyyatlarında realizm problemləri" ümumittifaq müşavirəsində, Azərbaycan yazıçılarının qurultaylarında və digər elmi-ədəbi tədbirlərdə dəfələrlə problem məruzələrlə çıxış edib.
Əsərləri
1. Molla Pənah Vaqif (həyat və yaradıcılığı)
2. Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)
3. Həyat müğənnisi
4. XVIII əsr Azərbaycan lirikası
5. Xeyirxahlıq və gözəllik poeziyası.
Araz Dadaşzadə 4 noyabr 1990-cı ildə vəfat edib. Bu gün onun 35-ci anım ilidir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
19-cu əsrdən danışaq. O vaxtlardan ki teatr yeni-yeni təşəkkül tapırdı, qadınlar isə ümumiyyətlə teatrda yox idilər. Qadın rolları kişilərə həvalə edilirdi...
Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulan Cahangir Zeynalov atası Məşədi Rza Zeynal oğlu ilə birgə tacirlik ediblər. Cahangir bəy ibtidai təhsil alıb, rus və fars dillərini mükəmməl bilib, geniş mütaliəsi olub.
Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi olub, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxıb.
Hətta 1916–1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itən həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılıb.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik edib. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutub, onlara pul yardımı edib. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırıb. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirib.
Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq edib, tamaşalar hazırlayıblar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılıb və xərci Kərbəlayı özü ödəyib.
Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli və s.
Cahangir Zeynalovun 4 noyabr 1918-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)
Qərbi Azərbaycan məsələsinin müasir gənclik şüurunda rolu
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Müasir Azərbaycan gəncliyi üçün Qərbi Azərbaycan məsələsi milli kimlik, illüziyalar və gələcək perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir. Gənclər müxtəlif platformalarda – sosial media, ali təhsil müəssisələri, ictimai təşkilatlar – bu mövzu ilə qarşılaşır, müzakirə edir və öz şüurlarında bu məsələ ilə bağlı mövqe formalaşdırırlar.
Məsələn, Qərbi Azərbaycan Cəmiyyəti‑nin “Gənclər Şurası” tərəfindən keçirilmiş “Qərbi Azərbaycana Qayıdış” adlı tədbirdə gənclərin roluna xüsusi vurğu edilmişdir; gənclərdən məsələnin tarixini öyrənmək, medianı və sosial şəbəkələri istifadə etmək yolu ilə onu geniş kütləyə yaymaq tələb olunmuşdur.
Gənclik şüurunda Qərbi Azərbaycan məsələsi üç əsas funksiyanı yerinə yetirir: birincisi — tarixi yaddaşın yaşadılması, ikincisi — milli kimliyin möhkəmləndirilməsi, üçüncüsü — ictimai-siyasi fəaliyyətə çağırışdır. Tarixi yaddaş baxımından, gənclər deportasiya, toponimlərin dəyişdirilməsi və etnik məskunlaşma məsələlərini öyrənir, bunları sosial şəbəkələrdə bölüşür və bu yolla xalqın unudulmaq təhlükəsində olan hissələrini yenidən gündəmə gətirirlər. Məsələn, tədbirlərdə vurğulanmışdır ki, “bu torpaqlar bizim və əcdadlarımızındır” və gənclər bu fəlsəfənin daşıyıcılarıdır.
Milli kimlik aspektində, Qərbi Azərbaycan məsələsi gənclərin “haradalılıq” hissi və mənsubiyyət məsələlərini aktiv şəkildə düşünməsinə səbəb olur. Gənclər arasında “mənim köküm buradadır”, “bu məsələ mənim haqqımdır” kimi ifadələr get‑getə yayılmaqdadır. Bu halda məsələ sadəcə siyasi mövzu olmur, həm də subyektin kimlik təcrübəsində yer tutur. Bununla belə, aparılan sorğular göstərir ki, gənclər üçün daha dərindən ön planda olan problem iqtisadi və sosial məsələlərdir: məsələn, bir araşdırmada gənclərin 11 %‑ə qədəri “teritorial bütövlük” məsələsini önəmli saydığını göstərmişdir. Bu isə göstərir ki, Qərbi Azərbaycan məsələsi gənclik üçün əhəmiyyətli olsa da, gündəlik prioritetlər arasında bəzən ikinci planda qala bilir.
Gənclərin ictimai‑siyasi fəaliyyətə çağırışı baxımından, Qərbi Azərbaycan məsələsi onları müxtəlif fəaliyyətlərə – forumlar, hərəkatlar, yarışmalar cəlb edir. Məsələn, “Hər qarışı Vətəndir!” kimi müsabiqələr keçirilmişdir. Bu cür fəaliyyətlər gəncləri yalnız mövzunu öyrənməyə deyil, eyni zamanda öz fikir və ideyalarını formalaşdırıb təqdim etməyə yönəldir. Bu isə gənclərin vətəndaş aktivliyini, mədəni irsə olan məsuliyyət hissini artırır.
Digər tərəfdən, bu məsələnin müasir gənclik şüuruna inteqrasiyası bəzi çətinliklərlə də müşahidə olunur. Gənclər arasında sosial‑media mühitində sürətli məlumat axını və qarşılıqlı təsirlər nəticəsində mövzunun səthi şəkildə qəbul edilməsi riski mövcuddur. Həmçinin, araşdırmalarda göstərilir ki, bu məsələ bəzən “territorial iddia” kimi təqdim olunur və beynəlxalq hüquq, tarixi kontekst kimi müzakirələrdə sadələşdirilmiş yanaşmalara həm müsbət, həm də mənfi səbəb ola bilər. Xüsusilə müzakirələrdə gənclər “bu mənim haqqımdır” yanaşması ilə yanaşsa da, bəzən daha geniş qeyri‑rəsmiləşmiş ideologiyalar çərçivəsində mövzunu qəbul edə bilirlər. Bu isə gənclik şüurunda komplekslik və pluralizm əvəzinə birmənalılığa yol aça bilər.
Bundan əlavə, Qərbi Azərbaycan məsələsinin müasir gənclər üçün əhəmiyyəti və gələcək perspektivləri baxımından da qiymətləndirilməlidir. Gənclər bu məsələni gələcək diaspor fəaliyyəti, beynəlxalq təşkilatlarda təmsilçilik, sosial media kampaniyaları və tədqiqatlarla əlaqələndirirlər. Bu da göstərir ki, Qərbi Azərbaycan məsələsi passiv yaddaş funksiyasından çıxaraq aktiv və strateji bir məsələ halına gəlməkdədir. Eyni zamanda, bu prosesdə gənclər üçün yeni imkanlar– liderlik, təşkilati təcrübə, millətlərarası diskursda iştirak yaradır.
Yekun olaraq, Qərbi Azərbaycan məsələsi müasir Azərbaycan gəncliyinin şüurunda həm milli‑mədəni, həm də sosial‑fəaliyyət baxımından önəmli yer tutur. Bu məsələ gəncləri tarix, kimlik və fəaliyyət məsələlərinə cəlb edir və onları yalnız vaxtın keçmişinə bağlı izlər kimi deyil, gələcəyə yönəlik fəaliyyət subyektinə çevirir. Lakin bu prosesin səmərəli olması üçün gənclər arasında mövzunun dərin şəkildə öyrənilməsi, plural müzakirələrin aparılması və səthi təqdimatların önlənməsi vacibdir.
“Ədəbiyyat və incəsənət”
(04.11.2025)


