Super User

Super User

Cümə axşamı, 12 Fevral 2026 16:11

Tanınmış ağdamlılar: Süleyman Zeynalov

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Zeynalov Süleyman Məhərrəm oğlu 1924-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, bir müddət Əlimədədli, Xaçındərbənd kənd orta məktəblərində müəllim, dərs hissə müdiri işləmiş, sonra orduya səfərbərliyə alınaraq Böyük Vətən müharibəsində iştirak etmiş, müharibədən qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olmuş və 1951 ci ildə həmin fakultəni bitirmişdir.

 

O, Ağdamda çıxan "Lenin yolu" qəzetinə redaktor təyin olunmuş, sonra rayon partiya komitəsinin ikinci katibi, rayon icrayyə komitəsinin sədri kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən  1974-cü ilə qədər Ağdam şəhər 1 nömrəli orta məktəbdə çalışmış, 1964-cü ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Zeynalov Süleyman Məhərrəm oğlu 1970-ci ildə Xankəndində açılmış pedaqoji instituta dəvət olunmuş, 1974-cü ildən ömrünün sonuna kimi orada müəllim işləmiş, tarix fakultəsinin dekanı olmuşdur.

O, təlim tərbiyə problemləri, məktəbə rəhbərlik və nəzarət məsələlərinə dair 19 kitabın, 500-dən çox məqalənin müəllifi olmuşdur.

Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi müxbiri olan  Zeynalov Süleyman Məhərrəm oğlunun  əməyi dövrünün dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Qırmızı Əmək Bayrağı"ordeni, "SSRİ nin maarif əlaçısı", "Qabaqçıl maarif xadimi" döş nişanları, "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə", "Əmək veteranı" medalları ilə təltif olunmuşdur."Qabaqçıl ali məktəb işçisi"döş nişanına layiq görülmüşdür.

İstedadlı alim Zeynalov Süleyman Məhərrəm oğlu 13 sentyabr 1994-cü il də vəfat etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Azərbaycanın hazırda həyatda olan Milli Qəhrəmanlarından biri, Raquf Orucov və Polad Həşimovun komandiri, general-mayor Fəxrəddin Cəbrayılov saytlardan birinə açıqlama verib. O, maraqlı bir döyüş əməliyyatı barədə danışıb.

 

"Raquf atəşkəs dövründə, 1995-ci ildə yanımıza gəldi. Mən onu tağımın kəşfiyyat komandiri təyin etdim. Avqustun 13-də dağlarda güclü duman olan vaxt yeddi nəfər - bir çavuş və altı əsgər - posta qalxarkən yolu azıb Kəlbəcərin kəndlərindən birinə düşüblər. Çavuş əsgərlərin bir neçəsinin itdiyini anlayıb onların ardınca gedib və o da əsir düşüb. Əsgərlər çavuşun geri qayıtmadığını görüb geri dönmək istəsələr də, ermənilərin postuna çıxıblar. Həmin gün biz də onları axtarırdıq.

Ertəsi gün ermənilər xəbər göndərdilər ki, əsgərləriniz bizdədir. Bir həftə danışıqlar apardıq. Altı əsgəri qaytardılar, amma dedilər ki, çavuş Şuşa həbsxanasındadır və onu verməyəcəklər. Mən dərhal müdafiə naziri ilə əlaqə saxladım. Həmin vaxt nazir Səfər Əbiyev idi. İcazə istədim ki, iki kəşfiyyat qrupu göndərək, qarşı tərəfdən əsir götürək və əsirləri dəyişək. Əvvəl razılıq vermədi. Dedim ki, məsələ Ulu öndərə məruzə edilsin. O vaxt atəşkəs artıq elan olunmuşdu və hər hansı insident yeni döyüşlərin başlanmasına səbəb ola bilərdi. Nəticədə icazə verildi.

Kəşfiyyat bölüyünün zabitlərini çağırdım. Onlardan biri Raquf Orucov idi. Sağ və sol istiqamətlərdən hərəsi 11 nəfərdən ibarət iki qrup göndərildi. Sol istiqamətdən gedən qrup iki dəfə cəhd etdi, nəticə olmadı. Amma Raqufun qrupu Qarabağ zonasını keçərək birbaşa Ermənistana, Göyçə gölü ətrafında yerləşən Vardenisə (Basarkeçər-müəl.) qədər irəlilədi. Burada yalnız qəhrəmanlıq və qorxmazlıqdan danışmaq olar.

Rabitə dağlıq əraziyə görə işləmirdi. Bizim kəşfiyyatçılar 10 gün sonra üç nəfər erməni gətirdilər.

 

Ertəsi gün ermənilər mənə zəng edib dedilər ki, bilirik onlar sizdədir, gəlin əsirləri dəyişək. Əvvəl üç, sonra beş nəfərə razılaşdılar. Mən məsələni müdafiə nazirinə çatdırdım. O dedi ki, əgər 30 nəfər verirlərsə, dəyişək. Dedim ki, buna getməzlər. Bir müddət sonra xəbər göndərdilər ki, təkcə çavuş yox, mart ayında yaralanan başqa bir əsgər də bizdədir. Sənədlərə baxdım, doğrudan da həmin hərbçi mart ayından itkin kimi qeyd olunmuşdu.

Bizim qaydalara görə əsirləri bir gündən artıq saxlamaq olmazdı. Cənab Prezident Heydər Əliyev müdafiə naziri Səfər Əbiyevə tapşırıq verdi və helikopterlə gəlib onları apardılar.

İki gün sonra MTN-in Gəncə şəhər şöbəsinin rəisi Tofiq Babayev mənə qəzetləri göndərdi. Baxdım ki, yaralı çavuş və daha üç hərbçi dəyişdirilib. Yenə də inanmadım, bir zabitimi Bakıya göndərdim. Ertəsi gün çavuşu da götürüb geri qayıtmışdı. Dedilər ki, azad olunmuş digər hərbçilər hospitaldadır.

Əsas olan o idi ki, əsgərlər bildi ki, biz onları tək qoymuruq".

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Cümə axşamı, 12 Fevral 2026 15:27

Keçmişə qayıda bilsəydim…

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Bəzən insan sakit bir anda, heç nə olmadan, birdən keçmişə gedir. Bir qoxu, bir mahnı, bir küçə, bir şəkil kifayətdir. Birdən ürəyində köhnə qapılar açılır. Unutduğunu sandığın xatirələr səssizcə geri qayıdır. Toz basmış hisslər yenidən nəfəs almağa başlayır. Sanki zaman bir anlığa dayanır və sən yenə o köhnə anların içində qalarsan.

Və içində bir cümlə yaranır:

“Kaş ki, keçmişə qayıda bilsəydim…”

 

Kaş ki, bəzi sözləri vaxtında deyə bilsəydim. Daxilimdə yığılıb qalan sevgini, təşəkkürü, peşmanlığı vaxtında dilimə gətirə bilsəydim. Kaş ki, bəzi insanları daha çox qucaqlaya bilsəydim, daha çox üzlərinə baxıb “yaxşı ki, varsan” deyə bilsəydim. Kaş ki, “sonra” sözünü bu qədər rahat deməsəydim. Çünki “sonra” çox vaxt heç vaxt olmur.

O vaxtlar hər şeyin həmişə davam edəcəyini düşünürdüm. İnsanlar həmişə yanımda olacaq sanırdım. Sevdiklərimin səsi heç vaxt susmayacaq kimi gəlirdi. Həyatın məni yarı yolda qoymayacağını düşünürdüm. Amma həyat sakitcə, səs salmadan öyrətdi ki, heç nə əbədi deyil. Heç bir an, heç bir münasibət, heç bir sevgi zəmanətli deyil.

Bəzi ayrılıqlar xəbərsiz gəlir. Qapını döymədən girir həyatımıza. Bəzi vida sözsüz olur. Nə qucaq var, nə “sağ ol”, nə “bağışla”. Sadəcə bir gün o insan artıq yoxdur. Bəzi insanlar həyatımızdan çıxanda, biz bunu çox gec anlayırıq. Onların boşluğunu hiss edəndə artıq geri dönüş olmur.

Kaş ki, daha az inciyərdim. Kaş ki, hər sözə ürəyimi yormazdım. Kaş ki, daha çox anlayardım, daha çox dinləyərdim. Kaş ki, qürurumu ürəyimin önünə keçirməzdim. Çünki bəzən insan qürurunu qoruyarkən, ən dəyərli bağlarını itirir.

Bəzən susduğum üçün peşman oldum. İçimdə qalan sözlər boğazımda düyün oldu. Bəzən danışdığım üçün peşman oldum — düşündürmədən deyilən sözlərin yaratdığı yaralara görə. Bəzən getmədiyim üçün peşman oldum — qorxduğum üçün. Bəzən də getdiyim üçün — tez vaz keçdiyim üçün.

Həyat qəribədir — nə etsən, bir tərəfi yarımçıq qalır. Nə qədər çalışsan da, hər şeyi doğru etmək mümkün deyil. İnsan bəzən doğru bildiyini edər, amma nəticə yenə yanlış olar.

Keçmişdə çox şeyə görə özümü günahlandırmışam. “Əgər belə etsəydim…”, “kaş ki, onda başqa cür davransaydım…” deyə-deyə özümü yormuşam. Gecələr beynimdə eyni səhnələri yüz dəfə təkrarlamışam. Eyni cümlələri fərqli sonluqlarla yaşamışam. Amma zamanla başa düşdüm ki, o günkü mən, bugünkü ağlımla yaşaya bilməzdi.

O vaxt bacardığım qədər idim.

O vaxt bildiyim qədər sevirdim.

O vaxt gücüm çatdığı qədər mübarizə aparırdım.

O vaxt qorxa bildiyim qədər qorxur, cəsarətim çatdığı qədər cəsarətli olurdum.

Bunu qəbul etmək asan olmadı. Öz səhvlərinlə barışmaq, özünə “bağışlayıram səni” demək ən çətin mərhələdir. İnsan başqalarını bağışlamağı bacarır, amma özünü bağışlamaq illər aparır.

Keçmişə qayıtmaq istəyi — əslində, özünü bağışlaya bilməməkdir. İnsan keçmişini qucaqlaya bilməyəndə, indisini də rahat yaşaya bilmir. Hər gün dünənin kölgəsində qalır. Hər yeni günə köhnə yaralarla başlayır.

Bəlkə də qayıtsaydım, yenə səhv edərdim.

Yenə inanardım.

Yenə yanılardım.

Yenə ağlayardım.

Yenə ümid edərdim.

Yenə ürəyimi ortaya qoyardım.

Çünki o mən idim. Qorxuları ilə, xəyalları ilə, saf niyyətləri ilə, sadəlövhlüyü ilə…

İndi anlayıram ki, keçmiş məni yaralamaq üçün yox, formalaşdırmaq üçün var idi. Hər səhv, hər itki, hər göz yaşı məni bu günkü mənə çevirdi. Hər yıxılma məni bir az daha möhkəm etdi. Hər xəyal qırıqlığı məni bir az daha ayıq saldı.

Kaş ki, keçmişə qayıda bilsəydim — deyə düşünəndə, artıq başqa cür cavab verirəm:

Yox.

Qayıtmaq istəmirəm.

Çünki indi daha güclüyəm.

Daha səbirliyəm.

Daha dərin düşünürəm.

Daha diqqətlə sevirəm.

Daha az özümü itirirəm.

Və ən əsası — özümü bağışlamağı öyrənmişəm.

Artıq bilirəm ki, mükəmməl olmaq yox, səmimi olmaq vacibdir. Səhvsiz yaşamaq yox, səhvlərdən dərs almaq əhəmiyyətlidir. Keçmişi silmək yox, onu anlayaraq yoluna davam etmək lazımdır.

Bəlkə də insanın ən böyük qələbəsi başqalarını məğlub etmək deyil.

Öz qorxularını, peşmanlıqlarını, vicdan əzabını məğlub etməkdir.

Və mən bu savaşı yavaş-yavaş qazanıram…

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Dil də yaddaş kimidir hər şeyi saxlamır. Bəzi sözlər qalır, bəziləri isə səssizcə kənara çəkilir. Metaforalar isə ən tez unudulanlardır. Vaxtilə canlı, işlək, hiss daşıyan bədii vasitələr zamanla köhnəlir, təkrarlanır, sonra da istifadədən düşür. Beləcə, dilin görünməyən bir yerində unudulmuş metaforalar qəbristanlığı yaranır.

 

Bir vaxtlar güclü təsir yaradan bənzətmələr bu gün ya gülüş doğurur, ya da heç nə ifadə etmir. “Ürək yanır”, “zaman axır”, “qəlb qırılır” kimi ifadələr artıq oxucunu dayandırmır. Çünki bu sözlər çox yaşayıb. Onlar öz mənasını itirməyib, sadəcə hiss yaratmaq gücünü itirib. Metafora üçün isə ən böyük ölüm məhz budur.

Metaforalar adətən bir dövrün dünyagörüşündən doğur. Təbiətlə iç-içə yaşayan cəmiyyətlər təbiət bənzətmələri ilə danışırdı. At, yol, çay, dağ bunlar təkcə söz yox, həyatın öz idi. Zaman dəyişdikcə bu obrazlar da köhnəldi. Bugünkü insan üçün “çayın axını” əvvəlki qədər tanış hiss deyil, ona görə də təsiri azalır.

Ancaq problem təkcə köhnə metaforalarda deyil. Daha təhlükəlisi odur ki, yeni metaforalar yaranmaqda çətinlik çəkir. Çünki müasir dil çox sürətlə istehlak olunur. Sosial şəbəkə, reklam, şablon ifadələr dili yorur. Metafora yaranmamış köhnəlir. Düşünülməmiş yazılır, yaşanmamış paylaşılır.

Bəzi yazıçılar köhnə metaforalardan bilərəkdən istifadə edir. Bu, bəzən nostalji yaradır, bəzən də mətnə ağırlıq verir. Amma çox vaxt bu, risklidir. Çünki oxucu həmin sözlərlə artıq çox görüşüb. Metafora onu təəccübləndirmirsə, mətn də dayanır.

Dil nə itirdi sualına cavab sadə deyil. Dil söz itirmədi, təəccüb imkanını itirdi. Oxucu bir cümləni oxuyub dayanmalı, içindən “bunu belə də demək olar?” deməlidir. Bu baş vermirsə, metafora ölüdür nə qədər gözəl səslənsə də.

Bəlkə də yazıçının işi yeni metafora tapmaqdan çox, köhnəni diriltmək deyil, yeni baxış yaratmaqdır. Eyni sözlə başqa yerdən baxmaq. Metafora sözün içində yox, baxışın içində doğulur.

Unudulmuş metaforalar qəbristanlığı doludur, amma bu, dilin sonu deyil. Əksinə, bu, yazıçı üçün çağırışdır. Çünki dil həmişə boşluq buraxır. O boşluğu isə yalnız yaşayan, risk edən, sözə yenidən inanan adam doldura bilər.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Cümə axşamı, 12 Fevral 2026 14:28

Həm döyüş cəbhəsində, həm söz cəbhəsində

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizə bu gün doğum günü olan daha bir tanınmış şəxs barədə söhbət açacağam. Bu, şeir İslam Səfərlidir. O, 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açıb. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.

 

Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb

Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkib, yaddaqalan olub.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Onun "İki qardaş" (1950), "Badamlı kəndinin qızı" (1955) oçerkləri, "Təzə qəsəbədə gülüş", "Məzhəkli itki" (1973) novellaları, "İki könül bir olanda" (1947) balet-librettosu, "Şərqin qalibləri" (1960), "Bir stəkan çay" (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.

İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A. S. Puşkin, M. M. Svetlov, S. Marşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski və b. kimi tanınan sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib

Şairin bacısı oğlu, Əməkdar rəssam Əli Səfərovun dayısı ilə bağlı verdiyi müsahibə özündə İslam Səfərli barədə genişməlumatlar daşıyır.

Əli Səfərov şair haqqında bəzi mətbuat orqanlarının yazdığı yalan məlumatlardan gileylənərək, şairin gerçək həyat hekayəsindən danışıb.

Ömrünün çox hissəsini Bakı şəhərində keçirən şair Şəkərabad kəndində doğulub və oradakı məktəbdə təhsilini bir müddət davam etdirib. Lakin məktəb dörd və yeddiillik olduğu üçün şair təhsilinin geri qalanını davam etdirmək üçün Sarvanlar məhəlləsinə köçərək, hazırda adını daşıyan Naxçıvan şəhər 1 nömrəli məktəbə getməli olur. II Dünya müharibəsi vaxtlarında Sarvanlar məhəlləsində yaşayan şair, naxçıvanlı 12 nəfər ilə birlikdə könüllü olaraq müharibəyə yollanır.

Bəzi jurnalistlərin yazdığı yazılarda şairin müharibədən sağ qayıdan 13 nəfərdən  tək insan olduğu qeyd olunsa da, müəlliflərin İslam Səfərli yaradıcılığından xəbərdar olmadıqları açıq-aydın görünür. Çünki onlar müharibədən beş nəfər geri dönmüşdülər. İslam Səfərlinin “Onüçlər” şeirindəki bir bənd belə bu fikri təsdiqləməyə bəs edər:

 

Mərdlik edib, ad qazanan

Yarısından çoxu ölən,

Ölümündə üstə gülən

Kimdir?

Əgər soruşsanız,

Bir ağızdan siz hamınız,

Deyiniz ki, onüçlərdir.

 

Burada şairin “yarısından çoxu ölən” ifadəsinə fikir versək görə bilərik ki, şair onüçlər arasında müharibədə sağ qalan tək insan deyil. Onlar bədən nahiyələrində çoxlu qəlpə yaraları ilə müharibədən dönmüşdülər. Əli Səfərlinin sözlərinə görə şair döyüşlərdə kəşfiyyatcı olmuşdur. Bir gün şair müharibədə olarkən bir alman əsgəri ilə əlbəyaxa döyüşdə olur.

 

Əlini yaralayan şair öz silah dostlarından biri tərəfindən xilas olunur. Həmin döyüşdə İslam Səfərli və silah yoldaşları çoxlu alman əsirləri ilə geri dönüb. Şair 416-cı və 77-ci diviziyalarda xidmət göstərmiş, müharibə vaxtlarında “Qırmızı bayraq”, “Qızıl əsgər” kimi cəbhə qəzetlərində oçerk və şeirlərini çap etdirmişdir.

1944-cü ildə cəbhədə ağır yaralanan şair sağaldıqdan sonra 77-ci diviziyada fəaliyyətini davam etdirir. Müharibə bitdikdən sonra Naxçıvana qayıdan nəğməkar şair bir müddət “Şərq qapısı” qəzeti və Naxçıvan radiosunda çalışır. Burada çalışarkən şairin “Ədəbiyyat”, “Şərq qapısı”, “Azərbaycan gəncləri” kimi bir neçə qəzetdə şeirləri çap olunur.

Cəbhəyə yollanmamışdan qabaq İslam Səfərli və dostu İslam Bağırov Nehrəm arxının hər iki tərəfinə hər biri bir söyüd ağacı əkirlər. Cəbhədən geri dönən şair ağacların pöhrələyib bir-birinə sarmaşdığını görür. Lakin dostunu cəbhədə itirən şair bu ağaclar kimi qucaqlaşaraq ayrıldıqları o yerə qucaqlaşaraq qayıda bilmir.

Bu hadisə şairi çox təsirləndirir. “Qoşa söyüd” şeiri də belə doğulur. (Qucaqlaşmış söyüdlər onun vəfatından sonra 2000-ci illərdə genişləndirmə işlərinin “qurbanına” çevrilir -red.)

Bakıya tez-tez gedən şair şeirlərindən birini “Azərbaycan gəncləri” qəzetində çap etdirməyə nail olur və bu şeiri dahi bəstəkar Üzeyir Hacıbəyov görür. Üzeyir Hacıbəyov şairin istedadını görür və onu təhsil almasını məsləhət bilir.

Bunun təsiri ilə 1946-cı ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisasına daxil olan İslam Səfərli artıq Bakıda yaşamağa davam edir. 1948-ci ildə isə Bakının tanınmış ailələrinin birinin qızı olan Anaxanım Səfərli ilə ailə həyatı qurub Bakı şəhərində qalır. İslam Səfərli öz yaradıcılığının zirvə əsərlərindən olan “Nə vaxta qaldı?” şeirini də məhz o dövrdə yazır. Şair uzun müddət nişanlı qalmasından söz açaraq yazırdı:

 

Gilənar qızardı, ağ tut sovuşdu

Payını dərmədim, budaqda qaldı 

Hamı könül verib yara qovuşdu

Bəs bizim toyumuz nə vaxta qaldı?

Ay gözəl, nə vaxta qaldı?

 

İslam Səfərli yazdığı heca vəznindəki axıcı şeirləri ilə bir çox bəstəkarın diqqətini çəkməyi bacarmış, Cahangir Cahangirov, Rəşid Behbudov kimi simalarla çox yaxın olmuşdur. Bir gün türk şairi Nazim Hikmət Bakıya gələndə görüşlərin birində İslam Səfərli “Xəzərim, ay Xəzərim” şeirini oxuyarkən tədbir sonunda Nazim Hikmət “Yavrum, sən bu sözlərə mahnı yazdırma. Mahnı elə bu şeirin özündədir” ifadəsi ilə şairin yaradıcılığını yüksək qiymətləndirmişdir.

Şair günlərinin çox hissəsini təbiət qoynunda keçirməyi sevirdi. Bir gün şair dostu, yazıçı-publisist Əlfi Qasımovla birlikdə bütün gün gəzib istirahət edirlər. Axşama yaxın Əlfi Qasımovun qardaşı onları Şuşa şəhərindəki bulağa istirahət üçün aparmağa gələndə İslam Səfərlinin yoldaşı Anaxanım Səfərli şairin bu gün çox istirahət edərək gəzməsindən gileylənərək bir az da evdə oturmasını söyləyir. İslam Səfərli isə gedərkən “Mənə də bu qalacaq”, – deyir və nəticədə, aşağıdakı misraların tarixçəsi yaranır:

 

Günlər keçir birər-birər

Bir uğurlu yol gedirəm

Yurdumuzu vəsf edirəm

Əldə qələm, dizdə varaq

Mənə qalan bu olacaq.

 

İslam Səfərlinin yaddaşı da olduqca güclü idi. Demək olar ki, bütün şeirlərini əzbər deyərdi. Günlərin birində Səməd Vurğunla bir məclisdə olarkən, Səməd Vurğun “Mənə oxşayan qarabala İslam buradadır”, – deyərək İslam Səfərlini səsləyir və ondan keçən dəfəki tədbirdə dediyi şeiri yenidən səsləndirməsini istəyir. Bu hadisəyə Əlfi Qasımovun bir yazısında da rast gəlmək mümkündür.

İslam Səfərlinin ən zirvə əsərlərindən biri də 1955-ci ildə tamaşaya qoyulan “Göz həkimi”dir.

Bu əsər həm Naxçıvanda, həm də Bakıda tamaşaya qoyulmuşdur. Tamaşa verilən zaman zallarda boş yer olmurdu. Şair Bəxtiyar Vahabzadə müsahibələrinin birində dostları arasında dramaturgiyaya ilk İslam Səfərlinin gəldiyini demişdi.

 İslam Səfərlinin “Bir könül sındırmışam” şeirinin də olduqca maraqlı bir xatirəsi var. İslam Səfərlinin qadın dostlarından biri şairin bir sözü ilə ondan inciyir. Eyni yerdə şairin dostu Əlfi Qasımov da olur.İslam Səfərli gecə yatmayaraq “Bir könül sındırmışam” şeirini yazır və şeiri göstərmək üçün dostu Əlfi Qasımovun evinə yollanır. İslam Səfərli dünən gecə o qadının xətrinə dəydiyini söyləyir və şeiri göstərir. Əlfi Qasımov isə, “İslam, səndə ki bu ürək var, heç kəs səndən inciməz” cavabını verir. Bu məşhur şeirə daha sonra mahnı da bəstələnir. Şövkət Ələkbərovanın ifasında səslənən mahnının məşhur nəqarətində isə deyilir:

 

Qəbahətim böyükdür

Ay ellər, dünən axşam

Dünən axşamçağı

Büllur kimi bir ürək,

Bir könül sındırmışam…

 

Filmoqrafiya

- Ulduzlar sönmür

- Göz həkimi

 

Kitabları

- "Ordumuza ithaf" (şeir)

- "Naxçıvan gənclərinə məktub"

- "Məktub"

- "Biz kəşfiyyata necə gedək" (oçerk)

- "Biri ailənin üzvləri" (oçerk)

 

Təltif və mükafatları

1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

2. 3-cü dərəcəli "Şöhrət" ordeni

3. "İgidliyə görə" medalı

4. "Qafqazın müdafiəsinə görə" medalı

 

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Xalq rəssamı adını almaq böyük yüksəkliyi fəth etmək deməkdir. Xüsusən, dahi rəssamlar yetişdirən Azərbaycanda rəssamlığın önündə qərarlaşmaq çətindir...

 

Altay Hacıyev 2 aprel 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962–1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb.

1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunmuşdur. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olub. Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır. "Azərnəşr"də işlədiyi müddətdə dövrün tanınan yazıçıları, şairləri ilə tanış olub, onların yaradıcılığını öyrənib. O, bir tərəfdən qələm sahibləri, digər tərəfdən də tanınan rəssamlar arasında uzun müddət vaxt keçirib. Beləliklə, sənət aləmində özünəməxsus yer tutub, imzasını tanıtdırıb.

Altay Hacıyevin yaradıcılığı bir sıra özünəməxsus cəhətləri ilə diqqət çəkib. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənib. Bununla yanaşı, öz yaradıcılığında hər zaman şərqli duyumuna malik olduğunu büruzə verib, Azərbaycan təsviri sənətinin zəngin ənənələrindən yaradıcılıqla faydalanıb. Belə ki, əsərlərinin mövzusu, ideya bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli ilə yaradıcılığında iki istiqaməti paralel apardığını, bədii sintez etdiyini müşahidə etmək mümkündür.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib. Rəssam həm də bir çox silsilələr yaradıb. Ali təhsilini başa vurub Vətənə dönən rəssam 60-cı illərdə Bakıda gedən tikinti-quruculuq, əsaslı təmir-bərpa işlərini, Bakının inkişaf etmiş sənaye şəhərləri səviyyəsinə yüksəldiyini görüb və "Yeni Bakı" adlı ilk silsiləsini yaradır.

 "Xəzər", "Dənizin iftixarı" və "Xəzərin sahibi" adlı yeni silsilələr rəssamın yaradıcılığının ilkin dövrünü təhlil etməyə imkan verib. Altay Hacıyev yalnız kitab qrafikası ilə kifayətlənməyib, rəngkarlıq sahəsində də fırçasını sınaqdan çıxarıb. Rəngkarlıq əsərlərinin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.

 "Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərləri diqqətəlayiq əsərlərdir. 5-ci siniflər üçün "Azərbaycan tarixi" dərsliyinin üz qabığı üçün çəkdiyi Dədə Qorqudun rəsmi müzakirələrə səbəb olub

 

Mükafatları

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı

- Azərbaycan SSR əməkdar rəssamı

- Azərbaycan Respublikasının xalq rəssamı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "Füzuli Dünyası-500". "Humay" mükafatı

 

Ünlü rəssam 12 fevral 2019-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Cümə axşamı, 12 Fevral 2026 10:43

TÜRKPA Qazaxıstanın strateji rolunu vurğulayır

Qazaxıstan Respublikası Milli Qurultayının V iclasının yekunlarına dair Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin bəyanatı, şübhəsiz, hər bir türkdə böyük maraq oyatmışdır. Bu barədə daha dəqiq bilgi vermək üçün “Ədəbiyyat və incəsənət” portalı sizlərəTürk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin qeydlərini təqdim edir.

 

Səfir Ramil Həsən,

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi

 

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin Milli Qurultayın V iclasında səsləndirdiyi və dövlətin institusional əsaslarının möhkəmləndirilməsinə, Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirir.

TÜRKPA Qazaxıstanda həyata keçirilən islahatlara, xüsusilə konstitusiya və parlament sisteminin modernləşdirilməsinə, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına və nümayəndəlik institutlarının rolunun gücləndirilməsinə dəstəyini ifadə edir. Assambleya birpalatalı parlament — Qurultaya keçidi, qanunvericilik səlahiyyətlərinin genişləndirilməsini, yeni məsləhətçi strukturların yaradılmasını, eləcə də siyasi proseslərin inklüzivliyini və ictimai dialoqun inkişafını təmin edən tədbirləri alqışlayır. İslahatların real ictimai tələblərə və cəmiyyətin siyasi transformasiyaya hazırlığına əsaslanan, ölçülüb-biçilmiş və mərhələli yanaşma ilə həyata keçirilməsi xüsusi olaraq vurğulanır ki, bu da onların davamlılığını və legitimliyini təmin edir.

Assambleya diqqətə çatdırır ki, təklif olunan islahatlar qanunun aliliyinin möhkəmləndirilməsinə, dövlət orqanlarının şəffaflığının və hesabatlılığının təmin olunmasına, sosial sahədə büdcə vəsaitlərindən rasional istifadəyə və korrupsiyaya qarşı səmərəli mübarizəyə yönəlib.

TÜRKPA rəqəmsallaşma strategiyasını, müasir texnologiyaların tətbiqini, fərdi məlumatların qorunmasını, həmçinin vətəndaşların maliyyə və rəqəmsal savadlılığının artırılmasını dəstəkləyir.

 

Assambleya xarici siyasətə, iqtisadi inteqrasiyaya və beynəlxalq əməkdaşlığa ədalət prinsipləri, beynəlxalq hüquqa hörmət, regional və qlobal sabitliyin möhkəmləndirilməsi əsasında formalaşan balanslaşdırılmış yanaşmanı alqışlayır.

TÜRKPA Qazaxıstanın türk dünyasında regionun əsas aktorlarından biri kimi strateji rolunu vurğulayır və türk dövlətləri xalqlarının davamlı inkişafı və rifahı naminə təcrübə mübadiləsinə və səylərin əlaqələndirilməsinə hazır olduğunu bir daha təsdiqləyir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Təhlükəsiz liftlər, peşəkar əllər

 

Son illər Sumqayıtda lift təsərrüfatının idarə olunması sahəsində həyata keçirilən sistemli və innovativ tədbirlər şəhər infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasının bariz nümunəsinə çevrilib. Hazırda dövlət balansında olan liftlərə texniki xidmət və istismar işləri Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyi ilə bağlanmış müqavilə əsasında Sumqayıt “Lift-servis” Birliyi tərəfindən həyata keçirilir. İllər ərzində formalaşdırılan bu xidmət modeli təkcə texniki yenilənmə ilə deyil, həm də idarəetmədə müasir, şəffaf və ölçülə bilən mexanizmlərin tətbiqi ilə seçilir.

 

Şəhərin hündürmərtəbəli yaşayış binalarında yerləşən bütün liftlər intellektual idarəetmə sisteminə qoşulub. Bu məqsədlə Mərkəzi Dispetçer Xidməti yaradılıb və liftlərin fəaliyyəti vahid mərkəzdən real vaxt rejimində izlənilir. Dispetçer xidməti, texniki-istismar heyəti və təxliyyə qrupları sutka ərzində 24 saat, üç növbəli iş rejimində fəaliyyət göstərir. Bu da nasazlıqlara çevik reaksiya verilməsini, təhlükəsizliyin təmin olunmasını və xidmətin fasiləsizliyini təmin edən əsas amillərdən biridir.

İntellektual idarəetmə sisteminin əsas üstünlüklərindən biri lift təsərrüfatının vahid rəqəmsal nəzarət mühitinə inteqrasiyasıdır. Hər bir binada quraşdırılmış xüsusi kommunikasiya avadanlıqları vasitəsilə liftlər fiber-optik internet bağlantısı ilə Mərkəzi Dispetçer Xidmətinə bağlanır. Liftlərdən daxil olan texniki göstəricilər, dayanma və siqnal məlumatları real vaxt rejimində mərkəzi məlumat bazasına ötürülür, arxivləşdirilir və analitik təhlilə imkan yaradır. Bu isə istənilən dövr üzrə statistik hesabatların hazırlanmasına, nasazlıqların dinamikasının izlənməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.

Sistem eyni zamanda məsafədən idarəetmə imkanlarını da təmin edir. Zərurət yarandıqda liftə verilən gərginliyin dayandırılması və ya bərpası, idarəetmənin yenidən başladılması, eləcə də təcili dayanma əmri operativ şəkildə həyata keçirilir. Bundan əlavə, lift kabinalarında milli üslubda hazırlanmış həzin musiqi səsləndirilir ki, bu da sakinlərin məmnunluğunu artıran sosial-psixoloji amil kimi qiymətləndirilir. İki tərəfli səs əlaqəsi sistemi vasitəsilə sərnişinlər birbaşa Mərkəzi Dispetçer Xidmətinə müraciət edə, operatorlar isə istənilən vaxt kabina və maşın otağı ilə əlaqə yarada bilirlər.

Bu müasir idarəetmə modelinin tətbiqindən sonra liftlərin işlək vəziyyətinə nəzarət keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dayanmalar operativ müəyyən edilir, təxliyyə prosesi çevik təşkil olunur, sakinlərin təhlükəsizliyi tam təmin edilir. Nəticədə liftlərin dayanma müddətləri əhəmiyyətli dərəcədə azalıb, şikayətlər isə demək olar ki, minimum səviyyəyə enib.

Qeyd edək ki, intellektual idarəetmə sistemi Qafqazda ilk dəfə məhz Sumqayıt şəhərində tətbiq olunub və respublika üzrə analoqu olmayan bir model kimi dəyərləndirilir. Hazırda şəhərin 185 binasında yerləşən 600-ə yaxın liftə xidmət göstərilir.

 

 

Əməyi olanlar diqqətdən kənarda qalmır

 

Lift təsərrüfatının inkişafında uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən şəxslər də diqqətdən kənarda qalmayıb. Şəhərin ictimai həyatında və lift təsərrüfatının inkişafında göstərdikləri xidmətlərə görə Ramiz Məmmədov və Yekaterina Məmmədova Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müvafiq sərəncamı ilə fəxri fərmanla təltif olunublar. Fəxri fərmanlar icra başçısının müavini Fərid Ələkbərov tərəfindən təqdim edilib.

Təqdimat zamanı ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində son 10 ildə Sumqayıtda lift təsərrüfatının əsaslı şəkildə yeniləndiyi, istismar müddətini başa vurmuş liftlərin yeniləri ilə əvəz olunduğu xüsusi vurğulanıb.

Təltif olunanlar onlara göstərilən yüksək diqqət və etimada görə ölkə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 

Zəhmət, peşəkarlıq və sədaqət yolu

 

İnsan var ki, çalışdığı sahədə sadəcə vəzifə icra edir, insan da var ki, illərin zəhməti ilə bütöv bir sistemin formalaşmasında iz qoyur. Sumqayıt şəhərinin lift təsərrüfatının inkişaf tarixindən danışarkən təcrübəli mühəndis Ramiz Məmmədovun adı xüsusi hörmətlə çəkilir. O, bu sahəyə təsadüfi gəlməyən, ömrünü və peşəkar fəaliyyətini şəhərin təhlükəsiz və dayanıqlı lift sisteminin qurulmasına həsr edən fədakar mütəxəssislərdəndir.

Ramiz Mirzə oğlu Məmmədov 1951-ci il yanvarın 24-də Sumqayıt şəhərində anadan olub. Uşaqlıq və gənclik illəri şəhərin formalaşma və inkişaf dövrünə təsadüf edib. İlk təhsilini Sumqayıt stansiyası ərazisində fəaliyyət göstərən məktəbdə alıb, daha sonra 10 nömrəli tam orta məktəbdə səkkizinci sinfə qədər oxuyub. Orta təhsilini isə Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə başa vurub. Gənclik illərində idmana, xüsusilə futbola böyük maraq göstərib, şəhər birinciliklərində iştirak edib, “Neftçi” komandasının hazırlıq kursuna qədər yüksəlib.

1970-1972-ci illərdə hərbi xidmətdə olan Ramiz Məmmədov ordudan qayıtdıqdan sonra Sumqayıt Politexnik Texnikumunda təhsil alıb. Sumqayıt şəhər küçə işıqları kontorunda elektrik montyoru kimi çalışıb. Texniki savadı, məsuliyyəti və təşkilatçılıq bacarığı sayəsində qısa müddətdə baş usta vəzifəsinə yüksəlib, eyni zamanda həmkarlar komitəsinin sədri seçilərək ictimai fəallığı ilə də seçilib.

1984-cü ildə Sumqayıt şəhərində lift təsərrüfatı sahəsinin yaradılması bu istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Ramiz Məmmədov 1988-ci ildə bu sahəyə dəvət olundu və məhz həmin dövrdən etibarən lift təsərrüfatı onun həyatının əsas istiqamətinə çevrildi. Sonralar Gəncə Lift İdarəsinin yaradılması və Sumqayıtın bu quruma tabe edilməsi dövründə ciddi çətinliklər, texniki və təşkilati problemlərlə üzləşilsə də, peşəkarlığı və prinsipial mövqeyi ilə bu mərhələləri uğurla keçməyi bacardı.

Həmin illərdə formalaşan peşəkar münasibətlər bu gün də davam edir. Uzun illər baş mühəndis vəzifəsində çalışan Ramiz Məmmədov xüsusilə indiki rəhbərliklə - Cümşüd İsmiyevlə uzun illərdir çiyin-çiyinə çalışdığını, bu əməkdaşlığın Sumqayıt lift təsərrüfatının inkişafında həlledici rol oynadığını vurğulayır. Məhz bu birgə səylər nəticəsində “Lift-servis” Birliyi yaradıldı və şəhərin lift təsərrüfatında yeni, müasir mərhələ başlandı.

Söhbət əsnasında Ramiz müəllim dedi ki, son on ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun yaxından dəstəyi ilə lift təsərrüfatı əsaslı şəkildə yenilənib, onlayn intellektual idarəetmə sisteminə keçid təmin olunub. Bu gün Sumqayıt Azərbaycanda liftlərin vahid mərkəzdən 24/7 rejimində idarə olunduğu ilk və nümunəvi şəhərdir.

O, yalnız peşəkar mütəxəssis deyil, həm də gözəl ailə başçısıdır. Üç oğlu və bir qızı, beş nəvəsi var.  “Ot kökü üstə bitər”, deyib müdriklərimiz. Böyük oğlu Taleh ali təhsilli mütəxəssisdir və atasının yolunu layiqincə davam etdirir. Lift təsərrüfatında çalışır, eyni zamanda ictimai həyatımızda fəallığı ilə seçilir. Lift təsərrüfatı sahəsində YAP təşkilatının sədri və Corat qəsəbəsi bələdiyyəsinin üzvüdür. İkinci oğlu Anar da mexanikdir və hazırda Gəncə şəhərində bu sahədə işləri uğurla icra edir.

Ramiz müəllimin həyat yolu gənc mütəxəssislər üçün əsl nümunədir. Bu yol zəhmət, sədaqət, məsuliyyət və doğma şəhərə xidmət yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

 

Cümə axşamı, 12 Fevral 2026 10:02

115 il bundan əqdəm...

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

115 il bundan əqdəmnə baş verib? Həmin gün Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti Bəhram Mansurovun doğum günüdür. Məşhur tarzən 12 fevral 1911-ci ildə Bakıda dünyaya gəlib.

 

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçısı olub. Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olublar. Evlərində çoxlu tar olub.

 Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Məşədi Süleyman evə qayıdanda Bəhramın tara toxunduğunu sövq-təbii ilə başa düşər və "mənim tarıma kim toxunub?" - deyə soruşardı. Bəhram da günahını boynuna alaraq "hardan bildin ki, mən toxunmuşam" - deyə uşaq məsumluğu ilə soruşar, atası "tarın kökündən" - deyə cavab verərdi.

 Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib. Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edib.

Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayıb.

 

Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb. O, 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib. Bəhram Mansurov Sadıqcandan sonra klassik Azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən olub.

 Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

Bəhram Mansurov yaradıcılığının böyük bir hissəsi Opera və Balet teatrı ilə bağlıdır. 1922-ci ildə Leyli və Məcnun operasında Sona Hacıyeva və Hüseynqulu Sarabskinin oyunundan və Qurban Pirimovun tarının səsindən təsirlənən Bəhramda həmin teatrda işləmə həvəsi yaranıb. 1932-ci ildə Opera və Balet Teatrının bədii rəhbəri və dirijoru bəstəkar Müslüm Maqomayev onu bu teatra solist-müşayiətçi vəzifəsinə dəvət edib.

 Məşhur Hüseynqulu Sarabskini Məcnun rolunda artıq Bəhram müşayiət etməyə başlayıb. 54 il – ömrünün sonuna kimi muğam operalarını müşayiət edib. O, "Leyli və Məcnun" operasında muğam hissələrini Üzeyir Hacıbəyovun ciddi nəzarəti altında ifa edib. 1934–35-ci illərdə Bakıdakı Azərbaycan Hərbi Diviziyasının siyasi şöbəsinin rəisi Məmmədəli Əliyev Bəhram Mansurova hərbi özfəaliyyət ansamblına rəhbərlik etməyi təklif edib.

 O, 1936-cı ildə Tbilisidə keçiriləcək hərbi orkestrlərin Zaqafqaziya musiqi olimpiyadasında işritak etmək üçün kollektivi hazırlamağa başlayıb. Bəhramın rəhbərlik etdiri ansambl Gürcüstanın paytaxtında uğurla çıxış edərək fəxri fərmanlarla Azərbaycana qayıdıb. Bu uğuruna görə Bəhram Mansurova Azərbaycan diviziyasının rəhbərliyi tərəfindən təşəkkür elan edilib.

 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündəki konsertlərin birində Bəhram Mansurov "Mahur-hindi" muğamını solo, digər konsertdə isə "Əraq" muğamını ifa edən Əlövsət Sadıqovu üçlüyün tərkibində müşayiət edib.  Müharibəyə qədərki konsert fəaliyyətini uğurla keçirib.

Belə ki, 1939-cu il noyabrın 17-də qəzetlərdə yazılıb ki, Bülbülün rəhbərliyi ilə mədəniyyət xadimləri Samur-Dəvəçi kanalının inşaatçıları qarşısında çıxış ediblər. Burada 3 gün ərzində artistlər 15 min kolxozçu və inşaatçılar qarşısında 30-dan çox konsert veriblər. 1941-ci ildə Moskvada estrada artistlərinin festivalı keçirilib.

Azərbaycandan dəvət olunan konsert qrupunun tərkibində müğənnilər və aktyorlarla yanaşı Bəhram Mansurov da olub. Bəhram Mansurovun xatirələrindən:

 

"İyunun 21-də bizim qatar Moskvaya yola düşdü. Səhər Rostova çatanda dəhşətli xəbər eşitdik: "Müharibə başlayıb!". Bir neçə gündən sonra Moskvaya çatdıq. Hərbi vəziyyətlə əlaqədar Bakıya qayıtdıq. Bir çox mədəniyyət işçiləri, o cümlədən mən də "bron" alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərildim. İncəsənət adamları cəbhə xəttində döyüşçülər, arxada isə qospitalda yaralılar qarşısında konsertlərlə çıxış edirdilər".

Vaxtilə tanınmış bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarının yazarkən qocaman musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan "Gülüstan-Bayatı-Şiraz"ı isə Bəhram Mansurovun ifası əsasında yaradıb.

60–70-ci illərdə bəstəkar Nəriman Məmmədov "Çahargah" və "Rast" muğamlarını Bəhram Mansurovun ifasından nota yazıb. Azərbaycan xalq musiqisi nümunələri olan dəramədlər, rənglər, diringilər, təsniflər, zərblər, şikəstələr, saqinamələr, marşlar, saz havaları və s. tarzənin oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınıb.

Muğam sənətinin nüfuzlu bilicisi kimi, Bəhram Mansurov radioda "Muğam" və televiziyada "Məktəblilərin musiqi klubu" verilişlərinin məsləhətçisi olub. Bir çox özfəaliyyət müsabiqələrində münsiflər heyətinin üzvü olub. O, dəfələrlə müxtəlif auditoriya qarşısında muğamlar haqqında çıxışlar edib, dövri mətbuatda mütəmadi olaraq muğamın tarixi və bu günü barədə fikrini bildirib.

Bəhram Mansurovun tarda yalnız sol əllə, mizrab vurmadan çalmaq üsuluna "mizrabi — dəstkəri" deyilir. Azərbaycanda bu üsuldan əvvəllər yalnız Sadıqcan, Məşədi Süleyman və Mirzə Mansur kimi musiqiçilər istifadə edib. Öz dövrünün ifaçıları arasında "mizrabi-dəstkəri"dən istifadə edən yeganə tarzən Bəhram Mansurov olub.

 

Mükafatları:

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

- "Qafqazın müdafiəsinə görə" medalı

- Azərbaycan SSR əməkdar artisti

- "Şərəf nişanı" ordeni

- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

- "Əmək veteranı" medalı

- Azərbaycan SSR xalq artisti

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı.

 

Görkəmli tarzən 1985-ci il mayın 14-də, 74 yaşında, Bakıda vəfat edib. Bəhram Mansurov Yasamaldakı köhnə qəbristanlıqda dəfn olunub.

2011-ci il fevral ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bəhram Mansurovun anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Cümə axşamı, 12 Fevral 2026 11:00

Heç nə düşünməyəcəm

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün “heç nə düşünməyəcəm” dediyim an, ən çox düşünməməyi düşündüm. Anladım ki, insan beyni hər zaman bir şeylər düşünür. Bəzən bunu hiss etmirik, çünki hər an düşüncələri nəzarət etmək mümkün deyil. Elə anlar olur ki, özün də hiss etmədən özünü başqa hekayələrin mərkəzində görürsən. Beynimiz bir an belə olsa durmur.

 

Bu gün “heçnə düşünməyəcəm” deyəndə, özümü düşünməmək üçün daha çox düşündüyümü gördüm. Bu an fərqinə vardım ki, önəmli olan düşünməmək deyil, nə düşündüyünü bilməkdir. Düşüncələrimizi durdurmaq mümkün olmasa belə, nəyi düşünəcəyimizi seçmək mümkündür. Çünki seçim etmək bizim haqqımızdır. Bu haqqı başqasına verdiyimizdə isə nə seçim edə, nə də düşündüyümüzü seçə bilirik.

Hər dəfə bir düşüncəni seçmək, onu həyatımızın bir parçası etmək və ya buraxmaq bizim haqqımızdır. Və anlayırsan ki, düşünmək heç vaxt səhv deyil; səhv yalnız onu seçməmək və ya başqasına verməkdir.

Beləliklə, bu gün heçnə düşünməyə çalışmaq yerinə, nə düşündüyümü müşahidə etmək mənim üçün daha böyük bir azadlıqdır. Hiss edirəm ki, düşüncələrimin içində olsam da, onların əsiri deyiləm. Onları seçmək və buraxmaq mənim gücümdədir, və bu güc mənə sakitlik verir.

 

“Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.