Komitə sədri Xalq şairini təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Fazil Mustafa Vətəndaş Həmrəyli Partiyasının və Azərbaycan Dil Qurumunun qurucu-başqanı, Xalq şairi Sabir Rüstəmxanlıya 80 illik yubileyi ilə bağlı təbrik məktubu ünvanlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrik məktubunda Xalq şairinin həyat və fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:

 “Sizi – çağdaş Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli si­ma­sını, is­tiqlal düşüncəsinin yorulmaz daşıyıcısı olan Xalq şairini – 80 illik yubileyiniz mü­nasibətilə sə­mimi qəlbdən təbrik edirəm!

Sizin çoxşaxəli yaradıcılığınız və ictimai-siyasi fəaliyyətiniz Azərbaycan xalqının milli yaddaşının, azadlıq idealının, mənəvi bütövlüyünün və vətəndaş həmrəyliyinin qorun­masına önəmli töhfələr vermişdir. Poeziyanızda Vətən sevgisi, dilə bağlılıq, milli kimlik duyğusu və Türk dünyasının birliyi dü­şüncəsi yüksək bədii-estetik səviyyədə ifadəsini tapmış, müxtəlif nəsillərin mənəvi forma­laş­masına təsir göstərmişdir.

Siz həm ədəbiyyat xadimi, həm də milli düşüncə adamı olaraq Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynamısınız. Özəlliklə dövlət müstəqilliyinin bərpası uğrunda mübarizə illərində, habelə Millət vəkili olaraq uzunmüddətli, səmərəli xidmət illərində nü­mayiş etdirdiyiniz prinsipial mövqe, milli mənafelərə sədaqət və vətəndaş məsuliyyəti Azərbaycan aydınının tarixi missiyasının parlaq örnəklərindəndir.

Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dili olaraq nüfuzunun yük­səl­dil­məsi yönündə gördüyünüz işlər xüsusi təqdirə layiqdir. Dilimizin milli kimliyimizin əsas sütunlarından biri kimi qorunmasına yönəlmiş tə­şəbbüsləriniz milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından önəm daşıyır.

Sizin publisistik yazılarınız, romanlarınız, şeirləriniz və ictimai-siyasi məzmunlu çı­xış­larınız Azərbaycan vətəndaşının, dünya azərbaycanlılarının düşüncə dünyasında milli özü­nü­dərk duyğusunun, həmrəyliyin güclənməsinə xidmət etmişdir. Türk dünyasının ortaq mənəvi bağlarının möhkəmləndirilməsi yönündəki fəaliyyətiniz də ayrı bir dəyər kəsb edir.

Milli-mənəvi dəyərlərin qorunması, vətəndaş cəmiy­yə­tinin inkişafı, vətəndaş həm­rəyliyi və milli dilimizin zənginləşdirilməsi dövlət siyasətinin mü­hüm istiqamət­lərin­dəndir. Sizin kimi ünlü aydınların fəaliyyəti bu strateji xəttin mənəvi dayaqlarını gücləndirir.

Sizi 80 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm can­sağ­lığı, yaradıcılıqda və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar diləyirəm!”

 

“Ədəbiyyat və incəsənət”

(19.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.