Mütaliə saatı: Bahar Bəxtiyarqızı, “Əslində, mən kiməm?!” Featured

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.

Xoş mütaliələr.

 

 

5-Cİ DƏRC

 

Sosial damğalar qadını tərk edən kişi üçün deyil, özünü xilas edən qadın üçün işə düşür

 

Beşinci hissə

 

          Qapını döyən növbəti pasiyentim Cəsur idi. Lalə otaqdan çıxmaq üçün qapını açdı. Onlar qapının ağzında qarşılaşdılar. Bir anlıq gözüm, Cəsurun Laləyə olan baxışlarına sataşdı. Elə bil illərdir tanıdığı birini görürmüş kimi baxırdı. Cəsur içəri keçdi, amma qapını örtərkən belə başını geriyə çevirib Laləni süzdü.

          Əlimlə buyur işarəsi edərək, əyləşməsini istədim. Daha sonra sual dolu baxışlarımı ona yönəldib, səbirsizliklə danışmasını gözlədim.

          Cəsur on yeddi yaşında, qara qaşlı, qara gözlü, saf və təmiz qəlbli bir gənc idi. Amma dilindən çıxan sözlər onun bu xüsusiyyətlərinə heç yaraşmadı:

          - Humay xanım, az öncə gedən xanım Lalə idi?

         - Bəli, odur. Tanışsınız?

         - Hə, bizim məhəllədən bir küçə yuxarıda yaşayır. Yoldaşı türməyə düşən kimi ondan boşandı. İndi də deyəsən nişanlanacaq. – dedi. Amma bunları deyərkən səsində bir kin, bir qərəz hiss olunurdu.

          Sözünü kəsdim. Bu cür yanaşma, xüsusilə də heç bir dəqiq məlumat olmadan insanın haqqına girmə asanlığı, məni narahat etdi.

         - Sən bütün bunları haradan bilirsən? – deyə ciddi ifadə ilə soruşdum. O isə narazı halda:

         - Bunu bizim məhəllədə bilməyən yoxdur. Qadınlar öz aralarında danışıb, belə-belə yayılıb.

         Cəsurun bu cavabı məni daha da məyus etdi.

         - Cəsur, mən səni belə biri bilmirdim. Bu cür qərəzli və dedi-qodu üzərindən danışmaq sənə yaraşmır. Laləni yaxından tanımırsan. Onun yaşadıqlarının şahidi olmamısan, amma başqalarının sözlərinə inanaraq, bir qadının haqqına girirsən. Lalə, çətinliklərə rəğmən ayaqda qalmağı seçib və buna nail olub. Belə bir qadını alqışlamaq əvəzinə, daşlamağı seçmək nə qədər doğrudur?

         Sözlərimi qəti bir tonda dedim və bir daha bu mövzunun açılmayacağını bildirərək söhbəti bağladım. O, öz problemlərindən danışdı, mən isə diqqətlə dinlədim. Beləcə, hiss etmədən vaxt keçdi və bu gün ona ayrılmış vaxtımız sona çatdı.

***

         Evə getmək vaxtı idi. Bu gün işdə keçirdiyim saatlar əvvəlki günlərə nisbətən daha gərgin olmuşdu. Evə piyada getməyi qərara aldım. Bir az hava almaq, həm də yaşananlar barədə düşünmək istəyirdim. Lalə ilə bağlı məsələlər, Cəsurun fikirləri, insanların birini tanımadan mənfi düşüncələrə qapılması məni çox narahat edirdi. Bununla belə, içimdə bir təsəlli vardı. Bəlkə də onların hər ikisinin həyatına yaxşı mənada, kiçik də olsa, toxunuş edə biləcəkdim.

         Amma… Rüstəm… Fikirlərim yenə Rüstəmə yönəlmişdi. Qəribəsi o idi ki, ayaqlarım məni yenə həmin dəniz kənarına aparmışdı. Elə bil bu yer, Rüstəmlə bağlı yarım qalan bütün cavabsız sualların, düşüncələrin məskəni idi. Onu yenidən görəcəyimə olan ümidimi isə heç vaxt itirməmişdim. Hətta, bu barədə, evdə həyat yoldaşımla da danışmışdım. O isə məni dinləyib gülümsəyərək demişdi:

         - Əgər belə hiss edirsənsə, demək ki, mütləq qarşılaşacaqsınız.

         Universitetdə, bakalavr və magistr dərəcələrini müvəffəqiyyətlə bitirmişdim. Hər ikisində də ixtisasım psixoloq idi. İnsanların həyat hekayələrini dinləmək, düşüncələrində onlara yol göstərmək, özlərinə məxsus uyğun bir yer tapmalarına kömək etmək, mənə sevinc verirdi.

         Məktəb illərimdə dostlarımdan tez-tez bu sözləri eşidirdim: “Humay, sən çox yaxşı dinləyicisən.”, və ya “Sənlə danışanda elə yüngülləşirəm ki, sanki problemlərimin ağırlığı azalır və həll yolu tapıram.”

         Bu kimi ifadələr məni çox sevindirirdi. İnsanların həyatına müsbət təsir etmək arzusu məni psixoloq olmaq qərarına gətirib çıxarmışdı. İşə başlayanda özümə söz vermişdim: yanıma gələn hər bir insana, mənə inanıb öz hekayələrini paylaşan hər kəsə əlimdən gələnin artığını edəcəkdim. İndiyədək bu sözə sadiq qalmışam. Yanıma qəmgin gələn insanları xoşbəxt və gülərüz yola salmaq mənim ən böyük uğurum olub. Amma… Rüstəm… Ona kömək edə bilməməyim məni hələ də incidir.

         Dəniz kənarında düşüncələrimlə dolaşarkən havanın qaraldığını gördüm. Bu, mənə evə qayıtmağın vaxtı gəldiyini xatırlatdı. Düşüncələrimi bir kənara qoyub, evə tərəf yollandım.

***

         Günlər bir-birini əvəz edir, eynilik bəzən məni yorurdu. Bir neçə gün işimə fasilə verib, ailəmlə birlikdə şəhərkənarı istirahət mərkəzlərindən birinə getdik. Bu məkan dəyişikliyi mənə işimdə keçirdiyim gərginliyi unutdurdu. İstirahətdən xoş əhval-ruhiyyə ilə qayıtdım.

         Səhər hər zamankı kimi işimin başında idim. Günə ardıcıl iki pasiyentimlə başlamışdım. Onların seansları bitdikdən sonra nəhayət, Lalənin qəbul vaxtı gəlib çatdı. Ancaq o, hələ də gəlməmişdi.

         Gözlərim bir an belə qapıdan ayrılmırdı. Lalə indiyə qədər bir dəfə də olsun gecikməmişdi. Əgər işləri çıxsa, mütləq zəng edərək ya saatı dəyişdirər, ya da başqa günə təxirə salmağımı xahiş edərdi. Amma bu dəfə nə zəng, nə də xəbər vardı. Bir az nigaranlıq hiss etdim. “Görəsən, hər şey qaydasındadır?” – deyə düşünərək ona özüm zəng etməyə qərar verdim. Telefonunu yığdım, amma sönülü idi. Zəng çatmadığını gördükdə narahatlığım daha da artdı. Axı nə baş verə bilərdi? Lalənin vəziyyəti yaxşıdırmı?

         Özümü sakitləşdirməyə çalışdım. Bu cür halların baş verə biləcəyini, hamının həyatında gözlənilməz vəziyyətlər yaşandığını öz-özümə deyirdim. Bəlkə də, keçərli bir səbəb var idi. Yenə də, nigaranlıq içimdə yer etmişdi.

         Günün sonuncu pasiyentini qəbul etməyə hazırlaşırdım. Lalədən hələ də xəbər yox idi. Telefonuna zəng çatmırdı, mesajlarıma cavab vermirdi. Hər cür fikirlər beynimdə dolaşırdı, amma onları bir kənara qoyub işimi davam etdirməkdən başqa çarəm yox idi.

         Gün boyunca ondan bir xəbər çıxmadı. Narahatlıq içində günü yekunlaşdırıb evə qayıtdım.

 

***

          Yeni həftənin ilk iş günü idi. Bu gün Lalənin qəbul günü deyildi. Ötən həftə sonunda ondan yenə xəbər ala bilməmişdim, lakin içimdə bir ümid vardı: bəlkə bu gün gələr, ya da heç olmasa zəng edər. Amma günorta keçdi, yenə də ondan xəbər çıxmadı.

          Bir neçə pasiyentimlə söhbət etdikdən sonra, Cəsur içəri daxil oldu. Onu görəndə bir anlıq düşündüm ki, bəlkə Lalədən xəbərdardır. Amma soruşmağa tərəddüd etdim. Onsuz da məhəllədə Lalə haqqında yayılan yalanları təsdiqləmişdi. Belə bir halda soruşsam, bəlkə də gedib yenidən xoşagəlməz sözlər danışardı. Buna görə də susmağı seçdim.

          Cəsur qarşımda oturdu. Keçən seansımızın davamını gətirmək istəyirdi. Lakin onun gözlərindəki həyəcan, üzündəki qəribə ifadə diqqətimi çəkdi. Danışarkən bəzən sözləri qarışdırır, bəzən kəkələyir, bəzən də nə deyəcəyini unudurdu. Sanki öz fikirlərində boğulurdu. Mən isə çaşqınlıqla onu izləyirdim.

          Birdən söhbətini yarımçıq kəsib:

         - Humay xanım, bilirsiniz nə olub?

          Bir anda duruxdu, baxışlarını yerə dikdi. Dolmuş gözlərini məndən gizlətməyə çalışırdı.

          Həyəcanlandım:

         - Cəsur, nə olub? Danış, çəkinmə!

         O, yenidən başını qaldırıb soruşdu:

         - Lalə ilə danışmısınız? Bu gün yanınıza gələcəkmi?

          Bu sual məni daha da narahat etdi:

         - Sən Lalədən xəbərdarsan? Mən də ondan bir xəbər ala bilmirəm. Telefonuna da zəng çatmır.

          Cəsur, başını buladı:

         - Vallah, mənimlə bağlı bir şey yoxdur. Əksinə, mən ona kömək etməyə çalışdım. O gün, sizin mənə olan reaksiyanızdan sonra, çox utanmışdım. Bir daha kimsə haqqında bilib-bilmədən danışmayıb, qınamayacağıma özümə söz vermişdim.

          Onun bu sözləri özünü müdafiə etməyə çalışdığının göstəricisi idi. Artıq nə isə vacib bir şey gizlətdiyi mənə bəlli olurdu. Səbirsiz idim:

          - Cəsur, nə olub axı? Lalənin başına nə iş gəlib?

          - Sizin yanınızdan çıxandan sonra məhəllədə bir neçə oğlanla dayandım. Birdən yanımızdan bir maşın keçdi. İçində Lalə xanımı və nişanlısını gördük. Oğlanlar dərhal əsassız sözlər danışmağa başladılar. Birisi dedi ki, ‘Sabah onu qaçıraq, nə istəsək, edək. Yanındakı oğlandan bizim nəyimiz əskikdir? Həm də, o bizim məhəlləmizə yaraşmır, bacılarımıza, ailələrimizə pis nümunə olur.” 

         Bunu eşidəndə qəzəbdən donub qalmışdım. Cəsur danışırdı.

         - Onlara qarşı çıxdım. Dedim ki, bu, doğru deyil. Nə bilirsiniz ki, o, nə yaşayıb? Amma onlar məni söyüşlə təhqir edib, özümü də alçaltdılar.

         Səhəri gün binan qarşısında dayanıb, Laləni gözlədilər. Sonra onu zorla maşına mindirib, köhnə bir xarabalığa apardılar. Orada ona toxunmağa çalışırdılar. Mən isə onların ardınca düşüb, yanlarına getdim. Şübhələnməsinlər deyə, özümü elə apardım ki, guya mənim də Lalədən xoşum gəlmir. Həm də dünən onu müdafiə etmişdim deyə indi burda olmağım, onları şübhələndirə bilərdi. Mən hər şeyi gecədən planlaşdırmışdım. Laləni xilas etməli idim.

         Səsi titrəyirdi:

         - Oğlanlara dedim ki, icazə verin, ilk mən… – deyərək zaman qazanmağa çalışdım. Yolda isə, artıq polisə məlumat vermişdim. Polislər gələnə qədər zaman qazanmalı, onların başını qatmalı idim.

         Bütün bunları eşidərkən əsəbdən əllərim əsdi.

         - Nəhayət, polis gəldi və hər kəsi saxladı. Laləni də bölməyə apardılar. Yalnız onu bilirəm ki, o, məndən şikayətçi olmadı. Digərlərini isə ağır cəzalar gözləyir.

         Cəsur səsini alçaldıb əlavə etdi:

         - Telefonunu oğlanlar əlindən almışdılar. Sonradan mən götürüb polislərə təhvil verdim. Ola bilər ki, bu səbəbdən ona zəng çatmır.

         Onun danışdıqlarından sonra nitqim qurudu. Cəsurun Laləni xilas etməyə çalışması, bir tərəfdən qəhrəmanlıq idi, digər tərəfdən isə yazıq qızın yaşadığı faciəni düşünmək məni dəhşətə salırdı.

         - Bəs indi Lalə haradadır?

          Cəsur çiyinlərini çəkdi:

         - Bilmirəm. Amma düşünürəm ki, bu hadisədən sonra o özünə qapanacaq. Yazıq qız, çox qorxmuşdu.

          Söhbətimiz təzəcə bitmişdi ki, telefonuma gələn mesaj səsi diqqətimi çəkdi. Tez əlimi uzadıb ekrana baxdım. Mesajın Lalədən olduğunu görəndə ürəyim sevincdən titrədi. Bu xəbəri Cəsura çatdıranda, onun da üzündə sevincin izlərini gördüm. Həmin an mesajı yüksək səslə oxumağa başladım:

         “Axşamınız xeyir, Humay xanım. Bilirəm ki, qəbula gələ bilmədiyim üçün narahatsınız. Zəng və mesajlarınızı yeni gördüm. İlk növbədə, sizi xəbərsiz qoyduğum və narahat etdiyim üçün üzr istəyirəm. Bunu izah etmək üçün, əsaslı səbəblərim var, lakin bu səbəbləri mesajda deyil, növbəti qəbul vaxtında üz-üzə danışmağı daha uyğun hesab edirəm. Ümid edirəm ki, anlayışla qarşılayacaqsınız.”

         Mesajı oxuduqdan sonra, həm Cəsur, həm də mən dərindən nəfəs alıb, Allaha şükür etdik.

          Bu yaxşı xəbərdən sonra, Cəsurla rahat öz problemləri haqqında söhbətimizə davam etdik. Belə günün son pasiyenti olan Cəsurla da qəbul saatının bitdiyini bilib söhbətimizi də bu günlük bitirdik.

          Cəsur getmişdi, amma hələ evə qayıtmaq istəmirdim. Beynimdə Lalənin qorxu dolu baxışları və çırpınışları canlanırdı. Başa düşə bilmirəm, niyə bizim cəmiyyətdə boşanmış qadına qarşı bu qədər kin, nifrət var? Niyə?

          Üstəlik, bu nifrət çox vaxt onun öz ailəsindən başlayır. O ailədən ki, o qadını böyüdüb boya-başa çatdırıb. Valideynlər bəzən qızlarının ər evindən yalnız ağ kəfənlə çıxmasına razı olurlar, amma boşanmasına əsla!

          Ən acınacaqlısı isə budur ki, qadının ən böyük düşməni elə qadındır. Boşanmış bir qadının yad kişi ilə yolda təsadüfi salamlaşmasına belə, məhəllədəki “xalalar” dərhal qulp qoyur. O dedi-qodular bir dildən, o biri dilə keçdikcə daha da şişir, bir az da əlavə rəng qatılır. Nəticədə bəzi qadınlar həmin yalanları öz yoldaşlarına danışır və beləcə bir qadının namusuna ləkə gətirilir. Ona əxlaqsız damğası vurulur.

          Deyirlər ki, 21-ci əsrdəyik, hər şey müasirləşib. Bəziləri qadınların “azğınlaşdığını”, azadlıq tələb etdiklərini iddia edirlər. Öz ayaqları üstündə durmağa başlayan qadınları, ailə dəyərlərinə qarşı çıxmaqda ittiham edirlər. Amma düşünmürlər ki, hər qadın, əslində, öz yoldaşının bir əsəridir. O, hansı şəraitdə formalaşıbsa, o cür davranır. Nə qədər ki, cəmiyyətimizdə cahil qadınlar olacaq, bu qadınlar eyni cəhalətlə oğul böyüdəcəklər, saysız-hesabsız qızlarımız bu cür yalan və şayiələrin qurbanı olmağa davam edəcək.

          Çox zaman şahidi olmuşam və pasiyentlərimdən də dəfələrlə eşitmişəm ki, bəzi qadınlar iş həyatına atıldıqdan sonra, həyat yoldaşlarının qısqanclıq və narazı davranışları ilə üzləşiblər. Bu hallarda kişilər, xanımlarının uğur qazandığını və maaşlarının bəzən öz gəlirlərindən artıq olduğunu gördükdə, müxtəlif bəhanələrlə onların işdən çıxması üçün ailə daxilində mübahisələr yaradıblar. Hətta xanımları hansısa mövzuda fikir bildirəndə, “Hə, sən evə pul gətirirsən deyə belə danışırsan, özünü evin ağası hesab edirsən!” kimi ifadələrlə onları incitməkdən çəkinməyiblər.

          Belə vəziyyətlər göstərir ki, hər kişi ağıllı qadınla münasibətini davam etdirməyə qadir deyil. Çünki, ağıllı qadının qarşısında yalan vədlər, manipulyasiya və ya qışqırıqla öz mövqeyini təsdiqləmək mümkün deyil. Amma düşünürəm ki, həqiqətən ağıllı və özünə güvənən kişilər, məhz ağıllı xanımlarla ailə qurmağa üstünlük verirlər. Belə kişilər başa düşürlər ki, yalnız ağıllı xanımlarla qurulan ailə, daha sağlam və sabit ola bilər. Eyni zamanda, gələcəkdə övladların savadlı, güclü və uğurlu insanlar kimi yetişməsi üçün, ən yaxşı zəmini yaradar.

          Təəssüf ki, bizim cəmiyyətimizdə bu cür düşünən kişilərin sayı hələ ki azdır. Amma zamanla bu düşüncə tərzinin dəyişəcəyinə, bu sayın artacağına ürəkdən inanmaq istəyirəm. Belə bir cəmiyyət qurmaq, hər birimizin ortaq arzusu olmalıdır.

           Elə bu düşüncələrə dalıb getmişdim ki, birdən telefonumun zəng səsi məni özümə gətirdi. Zəng edən yoldaşım idi. Hələ də işdə olduğumu bildikdə, məni evə özü aparacağını söylədi. Bu xəbər məni sevindirdi. Onunla uzun yol getməyi, söhbətlər edib fikir mübadiləsi aparmağı çox sevirdim.

          Təxminən on beş dəqiqə sonra iş yerimin yaxınlığındakı binanın qarşısına gəlib çatmışdı. Dərhal aşağı düşdüm. Maşına minib salamlaşdıq. Hal-əhval tutduqdan sonra bir anlıq susqunlaşdım. Yoldaşım mənim bu sakitliyimə öyrəşməmişdi. Həm də gözlərimdəki sual dolu baxışları hiss edərək soruşdu:

          - Əzizim, sənə nə olub? Nə üçün danışmırsan? Halbuki sözlü adama oxşayırsan.

          Ona tərəf baxıb dedim:

         - Ağlımı qarışdıran cavabsız bir sual var. 

         - Nə sualdır elə? Ver görək.

          Bu sözlərdən ürəklənib soruşdum:

         - Əzizim, bəzi kişilər niyə güclü və ağıllı qadınlarla ailə qurmaqdan çəkinirlər?

          Yoldaşım təbəssüm etdi və sakitcə dedi:

         - Səni narahat edən elə budur? Bax, bu sualın müxtəlif cavabları ola bilər. Necə ki hər qadın bir-birinə bənzəmir, hər kişi də eyni deyil.

         Məsələn, bəzi kişilər uşaqlıqdan özünəinam əskikliyi ilə böyüyüblər. Belələri güclü qadın qarşısında özlərini yetərsiz hiss edirlər, çünki gücsüz qadınlar üzərində üstünlük qurmaq daha asandır. Amma ağıllı qadınla bu mümkün deyil.

          Digərləri isə ailə mühitindən qaynaqlanan stereotiplərin təsiri altında qalır. Atalarını evdə hökmran, analarını isə itaətkar görərək, bu davranışı təkrarlamaq istəyirlər. Buna adi hal kimi baxırlar. Amma bir şeyi unutmaq olmaz: əsl kişilik qadının üstünə qışqırmaqla, masaya yumruq vurmaqla, yaxud evdə bütün qərarları öz başına verməklə  ölçülmür. Qadını yalnız qab yuyan, paltar yuyan, uşaqlara baxan, ya da sadəcə həyatını asanlaşdıran biri kimi görmək düzgün deyil.

          Həyat yoldaşı ifadəsinin mənası elə buradan  qaynaqlanır: həyatın hər anında, hər qərarında bir-birinə yoldaş olmaq. Hər iki tərəfin istək və arzuları var. Sağlam ailə, qarşılıqlı hörmət və anlayış üzərində qurulur. Fədakarlıq qarşılıqlı olmalıdır. Məncə, sağlam düşüncəli kişilər də belə düşünürlər. Əslində ağıllı kişilər güclü qadınlarla xoşbəxt olurlar. Çünki belə qadınlar həm özlərini, həm də həyat yoldaşlarını irəli aparırlar. Onlar güclü və ağıllı qadının həyatlarına qatdığı dəyəri anlayır, bunu qiymətləndirirlər. Bu cür münasibət əsl tərəfdaşlıqdır.

          Onun bu sözləri məni həm düşündürdü, həm də sakitləşdirdi. Yoldaşımın anlayışı və dərin düşüncəsi, mənim üçün həm bir güvən mənbəyi oldu, həm də sualıma cavab tapdım. Yol boyu daha çox söhbət etdik, amma artıq içimdəki narahatlıqdan əsər-əlamət qalmamışdı.

 

(Bazar ertəsi sizlərə 6-ci hissə təqdim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.