“Təqdimat” – Flavusun “İki fincan” hekayəsi Featured

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Ədəbiyyata duyduğu sevgi və fərqli düşüncə tərzi ilə seçilən gənc qələm sahiblərini tanıtmaq hər zaman xüsusi önəm daşıyır. Bu gün sizə yaradıcılığı ilə diqqət çəkən daha bir istedadlı gəncimizi təqdim etmək istəyirəm.

Flavus (Həmdullayeva Mənzər Pərviz) 26 avqust 1995-ci ildə Şamaxı rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimliyi ixtisası üzrə təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetində sosial fəlsəfə ixtisası üzrə magistratura təhsili alıb.

“Mücrü” nəşriyyatının təşkil etdiyi “Gənc yazarlar” müsabiqəsində iştirak edərək qalib olub. Müəllifin “Təzadlar içində eynilik” adlı kitabı çapdan çıxıb.

Sizə isə onun bir hekayəsini təqdim edəcəyəm.

 

 

FLAVUS,

“İKİ FİNCAN”

 

Günəş oyanmadan gözlərimi açmış, bəyaz tavanı izləyirdim. Bu gün yorğunluğumu daha çox hiss edirdim. Həftələr idi ki, ertələdiyim bir qarşılaşma... Qaçmağa çalışırdım, yoxsa ciddi məsələ olaraq qiymətləndirmirdim. Əslində, ara-sıra sorğulayırdım. Nə idi ki, belə səssiz-sədasız keçib gedər dediklərim? Dünən cəsarətimi toplamışdım. Beləcə, bugünkü görüşə gedəcəkdim. Yataqdan qalxıb jaketimi geyindim. Yaz gəlsə də, hələ də səhər sərinliyi insanın cismini ürpədirdi. Təmiz hava almaq istəyirdim. Mətbəxə keçdim. Fikirli olduğumda mütləq isti çay ya da qəhvə içməyi çox sevirdim. Düşüncələr ruhumu zəmhəri bir soyuqda donduranda məni isidirdi. Bu gün çay içəcəkdim. Suyu çaydana doldurub sobanın üstünə qoydum. 7-8 dəqiqəyə qaynayacaqdı. Mətbəxin pəncərəsində gözlərimi bağçaya zillədim. Düşünmürdüm. Sadəcə ayaq üstə dayanmış, suyun qaynama səsini gözləyirdim. Bir neçə dəqiqə sonra dəmliyə çay əlavə etdim. Sonra ətirli çayı sevdiyim üçün kəklikotu və qızılgül qönçəsinin qurudulmuşunu ayırıb dəmliyin yanına qoydum. Artıq su qaynamışdı. Çayın üzərinə az miqdar su əlavə edib dəmliyi dəmə qoydum. Bir neçə dəqiqə sonra isə üzərinə kəklikotu yarpaqlarını və qızılgül qönçələrini atmışdım. Bir-birinə qarışan ətirli qoxular artıq hiss edilirdi. Bir fincan süzüb bağçaya çıxdım. Sübhün sərin və təmiz havasını ciyərlərimə çəkdim. Fincandan süzülən buxarla çayın meyxoşedici qoxusu məni gülümsətdi. Bir anlıq necə də kiçik şeylərlə xoşbəxt olduğumu düşünüb duruxdum. Hər şey bu səbəbdən olmadımı? Kiçik sevinclərin arxasınca qaçarkən böyük sevinc sədalarından uzaqlaşmışdım. Son bir neçə ay ərzində çiyinlərimdə daşıdığım o yük artıq canımı sıxırdı. İnsanların içində dik qalan qamətim, gecələr çarpayıda bir yumağa çevrilirdi. Güclü idim, hər kəsə qarşı. Özümə qarşı isə o qədər zəif və incik idim ki... Bütün bunların səbəbkarı mən idim axı... Mən səbrin damla-damla böyüyüb göl olduğuna inanmışdım. Zəhmətin və fədakarlığın ən ali xilaskarlıq olduğunu öyrənmişdim. Məsumiyyətin bütün daş qəlbləri kül etdiyinə ümid etmişdim. Elə deyildi. Təcrübə etdim və öyrəndim. Hər acının bir dili var. Mərhəmət bütün qəlblərin açarı deyildi. Bəzən səni böyük zindanlara həbs edən zəncir olur. Mən anlamışdım. Yalnız mərhəmət duyğusu olan canlılara mərhəmət etməliyik. Ancaq gec idi. Düşüncələrimdə fikir-fikirə qaçarkən günəş artıq öz yuvasını tərk edib insanları da isti evlərindən ayırmışdı. Bir neçə saat evdəki işlərimi həll edib taksi ilə həmin məkana getdim. Öncədən rezerv etdirdiyim üçün istədiyim masada əyləşə bildim. Dəniz pəncərədən içəri boylanacaq qədər yaxın idi; mən də qarşısında əyləşdim. İki fincan qəhvə söylədim. Hər zamankı adəti olaraq gecikirdi. Ümid edirəm ki, qəhvəsi soyumadan gəlib çata biləcəkdi. Bir neçə dəqiqə sonra iki qəhvə fincanı masaya qoyuldu. Təzə qəhvənin qoxusu dodaqlarıma yüngül bir gülüşü qonaq gətirdi. İçimdən “sevmək budur” dedim. Dadına baxmadan belə o, sənin sevdiyin bir dəyərdirsə, xoşbəxt ola bilirsən. Qəhvəmdən ilk uddumu almışdım ki, səssizcə qarşıma oturdu. Hər zaman belə səssiz və sədasız gəlməyi sevirdi. Mən bu günə kimi onunla hesablaşmağı heç sevməmişdim. Bu gün hər şeyin fərqli olacağını bilirdim. Çünki onun belə ehtimal etmədiyi bir məsələdə artıq söz sahibi idim. Gözlərindəki həyəcan, saflıq, mərhəmət duyğusu artıq solmuşdu. Bir zamanlar işıltısı ilə gözləri qamaşdıran o ruh sönmüşdü. Hirsli idi. Gözlərini soyumaqda olan qəhvəyə zilləmişdi. Nəfəs alış-verişi getdikcə sürətlənirdi. Bu onun necə qəzəbləndiyini göstərirdi. Ona nəfəs almağa imkan vermək istədim.

- Çox hiddətli görsənirsən...

Yavaşca gözlərini fincandan çəkib baxışlarını mənə tərəf doğrultdu. Bir neçə saniyə sanki simamdakı hər zərrəni xatırlamaq üçün rəsm edirdi. Sonra boğuq və xırıltılı səslə dedi:

- Hər şeyi unuda bilirsən, elə deyilmi?

Sanki məndən hesab soruşurdu. Səsi masadakı bütün havanı dondurmuşdu. O, hər zaman çox güclü idi. Sonra ironik bir gülüşlə:

- Ancaq sənə də ağır gəldi o cümlə...

İliklərimə qədər tərifsiz o acını hiss etdim. Birinin o cümləni üzümə vurmağından elə çox qorxurdum ki... O qorxmadı, mənim qorxumu da görməzdən gəldi. “O həmişə belə qəddar idi?” deyə özümə sual etdim. Buraya gələrkən ümid etmişdim ki, bu məsələ masada açılmayacaq. O isə yalnız bu məsələdən danışacağını göstərmişdi. Sanki mənə düşünmək üçün zaman vermişcəsinə əlini qəhvə fincanının qulpunda gəzdirib davam etdi:

- Bu hekayədə ən günahsızı sən idin. Bunu heç vaxt unutma.

Sözlərini bitirib dərindən nəfəs alaraq əlavə etdi:

- Necə də pafosla səslənir, elə deyilmi?

Son günlərdə hiss etmədiyim həmin keylik artıq sürətlə barmaqlarıma hücum edib dirsəyimə qədər irəliləmişdi. Sol qolum tamamilə ağrılaşmışdı. Bir yükə çevrilmişdi sanki. Onun gözlərindəki əzab daha ağrılı idi. Nəfəsim daralırdı. Ağlamamaq üçün gözləri ilə savaşırdı. Hər nəfəs alışı gözlərinə bir təhdid idi. Mənim gözlərim isə dolmadan iki damla yaşla vidalaşdı. Ani və qəfil, heç bir duyğu hiss etmədən sadəcə yanaqlarımdan süzülüb masaya düşdü. Baxışları düşən göz yaşlarımı izlədi. Masada o iki damlanın islatdığı hissəyə sabitləndi. Artıq nəfəs-nəfəsə qalmış o acı hiss edilmirdi. Sanki onun yerinə göz yaşlarım hesab ödəmişdi. Onunla danışmalı idim. Buna görə də sözə başladım:

- Dediyin cümləni eşitmək belə tüklərimi ürpərdir. Düşün ki, böyük savaşın içindən iki nəfər sağ çıxır. Və sən o savaşda hər şeyini itirirsən. Həmin insanı qorumaq üçün. Verdiyin qurbanların acısı yalnız o səninlə yeni bir savaşa girsə dinəcəkmiş kimi hiss etdirir. O isə sənə bu cümləni deyib arxasını çevirib gedir. O an ağlını itirəcəkmiş kimi olursan. Sən bütün fədakarlıqları o yeni savaşa girmək üçün etmişdin. İndi isə tək başına o savaşa girəcəksən. Amma böyük acıları qəlbinə möhürləyərək. Dayanılmaz bir acıdır. İnan, bu məsələdə çox düşünmüşəm. Nə edəcəyimi o qədər bilmirdim ki... Sən mənim toxunulmazımsan. Qəlbimdəki ən gizli və sirli qapının sahibi. Mərhəmətin ən gözəli sənin qəlbindir.

Nəfəs almaq üçün susdum. İndi deyəcəklərim ona çox ağır gələcəkdi. O da nə demək istədiyimi onsuz bilirdi. Əlini qəhvə fincanından çəkib dalğaları ilə üsyan edən dənizə baxdı. Sonra pıçıltı ilə dedi:

- Bu gün seçim edirsən. Yaşamaq üçün həyatda qalmalısan. Səni bütün dünyasının qəhrəmanı edən balaca üçün. Mənə böyük bir cəza kəsirsən. Məhbus etmək ağır deyilmi? Niyə öldürməyi seçib tamamilə başqa biri olmursan?

Yenə gözlərim dolmuşdu. Ona demək istədiklərim o qədər ağır idi ki...

- Sən çox məsum idin. Saflığını öldürə bilmirəm. Səni sadəcə gizlədə bilərəm. Bir daha qarşılaşmamaq üçün. Çəkdiyin acılara layiq olmadığını düşünürəm. Beləcə üsyankar birinə çevrilirəm. Sənin üçün ədaləti qorumaq adına savaşsam, o balacanın qəlbinə qorxu salacağam. Düşünmə ki seçim edirəm. Sənin yaralandığın qədər onun da yaralanmağını istəmirəm. Çünki səni sağalda biləcək heç bir duyğu ilə qarşılamadım. Ümidim bir tək Tanrıyadır. Səni yalnız Onun görə biləcəyi qəlbimə həbs edəcəyəm. Qəlbimi bir məzara çevirə bilmərəm, ancaq məhbəs ola bilər. Çünki öldürsəm, Tanrı əfv etdiyimi anlayacaq. Səni məhbus etməliyəm ki, Tanrı ədaləti bərpa etsin. Mən unutsam da, O unutmayacaq.

Artıq səhərin o qovurucu günəşi buludların arxasında qalmışdı. Səmanı qara buludlar zəbt etmişdi. Tutqun havanın büründüyü an o, boğuq səsi ilə davam etdi:

- Mənimlə birlikdə davam edə bilməzsən. Məni öldürmək ədalətsizlikdir. Sən, mən və o balaca üçün ən doğru qərarı vermisən. Məhbus edirsən, çünki bir gün Tanrının qisasımı aldığını görmək istəyirsən. Ona görə ki, mən heç vaxt hesablaşmamışdım. Hər şeyi Tanrıya həvalə etmişdim. Mənim kimi seçim edərək mənə də mərhəmət edirsən. Bilirsən, çox qürurluyam. Sən bacardın deyə. Dimdik ayaqdasan. Mən sənin qəlbindəki o məsum qızam. Sən isə mənim xəyallarımdakı o möhtəşəm anasan.

Onun sözləri o qədər ürəkdən deyilmişdi ki, ona necə təşəkkür edəcəyimi bilmədən məhcub olmuş bir təbəssümlə dilləndim:

- Sən mənim ən yaxın dostumsan. Məni yenə də anladın.

Göz yaşları yanaqlarımdan süzülərkən gülümsədim. Ayağa qalxdı. Sonra qapıya yönəldi. Yanımdan keçərkən əyilib qulağıma pıçıldadı:

- Tanrı ədaləti bərpa etdiyi gün məni o məhbəsdə tək qoyma. Birlikdə ağlamalıyıq.

Həmin an mənim üçün zaman dayanmışdı. Gözlərim onun qəhvə fincanına sabitlənmişdi. O, heç soyuq qəhvə sevməzdi. Nadir hallarda buzlu qəhvə içərdi. Buz kimi olmuş həmin qəhvə də onun qəlbi kimi soyumuşdu. Bir anda eşidilən qarsonun səsi məni düşüncələrin buxovlarından ayırıb həmin ana geri qaytardı:

- Xanım, deyəsən qonağınız gəlmədi. Qəhvəni dəyişimmi?

Təbəssüm etdim.

- Gəlmişdi. Daha qəhvə sevmədiyi üçün içmədi. Mənə soyuq qəhvə verə bilərsiniz? Özümlə aparacağam.

Hesabı ödəyib oradan ayrıldım. Dəniz sahilində addımlayacaqdım. Hiss edirdim. Tanrını... Hər şeyi Ona həvalə etdiyim üçün. Göylərdən süzülən damlalar bütün vücudumu islatmışdı. Əlimdəki qəhvə fincanına düşən damlalar çox gözəl görsənirdi. Ömrümə 8 il idi ki, quraqlıq çökmüşdü. Heç yağış yağmamışdı. İndi Tanrı sanki imtahanımı keçdiyim üçün məni mükafatlandırırdı. Ömrüm artıq bərəkətli olacaqdı. Mən yenidən çiçək açan ruhumla yeni bir savaşın ən güclü və qorxmaz qəhrəmanı olacaqdım...

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.