İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan dramaturgiyasının ən ünlü isimlərindən biri – Cəfər Cabbarlı.
Daim yeni, daim aktual.
Bu gün onun anım günüdür.
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. 1928-ci ildən Azərbaycan Dövlət Türk Akademik Dram teatrosunda tərcüməçi və ədəbi hissə müdiri kimi fəaliyyətə başlayıb. 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alıb.
Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub. Lakin o, ərizə yazıb həmin fakültədən çıxıb. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayıb. 1924–1927-ci illərdə isə C. Cabbarlı Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin filologiya şöbəsində də təhsil alıb
Cabbarlı ədəbiyyata şeirlə gəlib və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunub və 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunub. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə Cəfər Cabbarlını da özünə cəlb edə bilib. Cəfər Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olub.
Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görüb, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edib və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışıb. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürüb. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirib
"Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını alan qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edib. Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazıb.1915–1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi.
O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi əsərləri qələmə alıb, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar edib. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi var. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılıb
"Nəsrəddin şah" C. Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərib. Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirib
Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair "Trablis müharibəsi" və ya "Ulduz" və "Ədirnə fəthi" pyeslərini yazıb. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülüb. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesini "Trablis müharibəsi" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılıb.
"Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazıb. Cəfər Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Osmanlı tarixinin Balkan müharibələri (1911–1913) dövrünü mətbuat məlumatları əsasında izləyib, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq bu səhnə əsərlərini yaradıb. "Trablis müharibəsi"ndə hadisələr 1911–1912-ci illər İtaliya-Osmanlı müharibəsi fonunda cərəyan edib.
"Ədirnə fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirib, əsər ilk dəfə elə həmin il, dekabrın 15-də Abbas Mirzə Şərifzadənin təqdimatında nümayiş etdirilib. Cəfər Cabbarlı "Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb.
"Ədirnə fəthi"ni bu mövzuya həsr etdiyini, "Trablis müharibəsi"ndə Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoyub.
Mükafatları
Cəfər Cabbarlı Ümumazərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinin iclasının 25 aprel 1933-cü il tarixli, 32 nömrəli Protokolu ilə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Böyük ədib 31 dekabr 1934-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.12.2025)


