Everestə qalxan ilk azərbaycanlı qadının daha bir uğuru - Müsahibə Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə Prezidentimiz tərəfindən "Tərəqqi" medalına layiq görülənlərdən biri də Vəfa Musayeva olub.

Everest zirvəsinə qalxan ilk azərbaycanlı və eyni zamanda Everest–Lhotse kombinasiyasını tamamlayan ilk azərbaycanlı qadın Vəfa Kahraman (Musayeva) “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamada “Tərəqqi” medalı ilə təltif olunmasını həyatının ən dəyərli anlarından biri kimi qiymətləndirib.

 

Alpinist bildirib ki, mükafatı aldığı an ilk olaraq ailəsini və illər boyu ona səssiz, lakin güclü dəstək olan insanları xatırlayıb:

“Həmin an ən birinci ailəmi, mənə səssiz, amma güclü şəkildə dəstək olan insanları xatırladım”.

O qeyd edib ki, 2016-cı ildən başlayaraq Everest ekspedisiyalarını izləyərkən rəsmi qeydiyyat sənədlərində “Azərbaycan qadını” bölməsində uzun illər dəyişməyən mənzərə ilə qarşılaşıb:

“Hər dəfə eyni mənzərəni görürdüm: "Azərbaycan qadını" bölməsində sıfır”.

Bu fakt onun üçün ciddi motivasiyaya çevrilib:

“Və mən qərar verdim ki, bu sıfırı birə çevirim. İlk dəfə Azərbaycan qadınının adını həmin siyahıya yazdırım”.

Bu gün isə artıq Everest zirvəsində həmin göstəricinin dəyişdiyini vurğulayan alpinist deyib:

“Bu gün sevinc hissi ilə deyə bilərəm ki, artıq Everest zirvəsində Azərbaycan qadınının qarşısında 0 yox, ‘ 1 var”.

Vəfa Musayeva ölkə başçısının idmana göstərdiyi diqqəti bildiyini, lakin “Tərəqqi” medalının onun üçün böyük və xoş sürpriz olduğunu bildirib:

“Bu medal keçdiyim yolun ən dəyərli təqdirlərindən biridir”.

Onun sözlərinə görə, bu təltif ona növbəti hədəfləri üçün güclü stimul verib:

“Bu təltif mənə növbəti zirvələrimə, növbəti layihələrimə daha ürəkli, daha əzmli və daha həvəsli addımlamaq üçün motivasiya verdi".

Açıqlamada vurğulanıb ki, alpinist üçün zirvə anlayışı yalnız dağlarla məhdudlaşmır:

“Dağlar bu yolun görünən tərəfidir. Əsl zirvələr insanın düşüncəsində, dünyagörüşündə və ruhunda fəth olunur”.

Azərbaycan müəllimi olduğunu xatırladan Vəfa Kahraman bu nailiyyətin təhsil üçün də önəmli mesaj daşıdığını qeyd edib:

“Müəllim sinif divarları ilə məhdudlaşmır. Müəllim dağlara qalxa, sərhədləri aşa, şagirdlərinə real həyat nümunəsi göstərə bilər.”

Dağa qalxarkən ən çətin anlarda onu geri dönməkdən saxlayan əsas amilin məsuliyyət hissi olduğunu deyən alpinist bildirib:

“Ən çətin anlarda özümə bir sual verirəm: "Əgər indi geri dönsəm, sabah özümə nə deyəcəyəm?”.

O, bu məsuliyyəti bayrağına, ölkəsinə, Azərbaycan qadınına və gənclərə qarşı hiss etdiyini vurğulayıb:

“Mən inanıram ki, bir insanın addımı başqa birinin cəsarətinə çevrilə bilər”.

Ədəbiyyatın həyatında xüsusi yer tutduğunu deyən Vəfa Musayeva dağlardan ilham alaraq uşaqlar və yeniyetmələr üçün hekayələr yazdığını bildirib:

“Bu gün uşaqlar üçün xəyal qurmaq çətindir… belə bir dövrdə onlara ‘arzunun arxasınca getmək mümkündür’ deyən canlı hekayələr gətirmək mənim üçün böyük qürurdur”.

Everestdən sonra məktəblərdə, layihələrdə və konfranslarda fəal çıxış etdiyini deyən alpinist bu dırmanışın yalnız fiziki deyil, mənəvi yol olduğunu vurğulayıb:

“Everest sadəcə fiziki bir dırmanış deyil. Everest mənəvi gücdür”.

Sonda Vəfa Kahraman media nümayəndələrinə və ona dəstək olan hər kəsə təşəkkür edib:

“Bu il mənim üçün möhtəşəm oldu. Bu uğur təkcə mənim deyil, bizim hamımızındır”.

O, həmçinin yaşadığı hisslərin sonradan bir şeirə çevrildiyini qeyd edib.

"Əlbəttə, mənim üçün o an sonra bir şeirə çevrilmişdi:

 

Gərək Bodhi ağacını seçərdim Budda kimi,

Tam 49 gün əyləşərdim, sakit...

Bəlkə mən də oyanardım,

Tapardım həyatın mənasını — onun kimi...

Amma olmadı,

Mən ki, o deyiləm.

Qədərimə - getmək, dağlara sarılmaq düşdü

Yanımda heç kim olmayanda,

Ayaqlarımın altına nərdivan qoyub

Göylərə qalxmaq, buludlara toxunmaq düşdü...

Ey Yaradan,

Buradayam,

Sənə daha yaxınam,

Everestin ən başındayam

Eşidirsən?.."

 

Şəkildə: Vəfa Musayeva

 

“Ədəbiyyat və incəsənət”

(31.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.