Super User
“Ulduzlara uçdun sən...”
“Ulduzlara uşdun sən...” – Polad Həşimovun doğum gününə
Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərahgah rəisi, general-mayor, Azərbaycanın ərazi bütövlüyü uğrunda Tovuz döyüşlərinin şəhidi, əfsanəvi qəhrəman Polad Həşimovun doğum günü idi, 51 illiyi.
Şair, AYB üzvü Çoşğun Xəliloğlu “Şəhidlər barədə şeirlər” silsiləsindən bir şeirini də Polad Həşimova ithaf edib. Şeiri təqdim edirik:
POLAD İSRAYIL OĞLU HƏŞİMOV
(02.01.1975.-14.07.2020.)
ULDUZLARA UÇDUN SƏN
Qələmin gücü yetməz vəsf etsin hünərini,
Dünya boyda işıqdın, boğdun dünya şərini,
Belə tez gözləmirdik cənnətə səfərini,
Getdin, gedişin ilə ürəklərə köçdün sən,
Azadlıq mələyitək ulduzlara uçdun sən.
Tanrı bəxş eyləmişdi sənə tərtəmiz ürək,
Yaşayıb çalışırdın ana yurdu sevərək,
Ən şərəfli peşəni məhəbbətlə seçərək,
Addım-addım yüksəldin, şərəfli yol keçdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Sən xalqın ürəyində nur kimisən- sönməyən,
Azadlığın yolçusu, öz yolundan dönməyən,
Elə zirvədəsən ki, heç bir zaman enməyən,
Müqəddəs yolçuluğu məhəbbətlə, seçdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Polad kimi komandir, general unudulmaz,
Elə yaralar var ki, heç zaman, ovudulmaz
Zaman keçər, dəyərin itirməz yaqut, almaz,
Parlayan almaz kimi nurlu şəfəq saçdın sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Təbəssümün nur saçır günəş kimi üzündə,
Sabaha bir inam var baxışında, gözündə,
Hələ yola çıxacaq çox oğullar izinlə,
Zəfər yoluna çıxan təzə bir yol açdın sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
Hünərindən söz açır, bax, Ali Baş Komandan,
Peşəkar zabit idin, həm də xeyirxah insan,
Bu torpağı, Vətəni əziz bilirdin candan,
Şəhidlik şərbətini birnəfəsə içdin sən,
Azadlıq mələyi tək ulduzlara uçdun sən.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
“Lеyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini gеri buraxmışdır...” – CƏFƏR CABBARLI
“Ədəbiyyat və incəsənət” portalı dahi şairimiz Məhəmməd Füzuli barədə yazıları yekunlaşır. Bu gün sizlərə böyük dramaturqumuz Cəfər Cabbarlının yazdığı “Mirzə Fətəli Axundzadə haqqında” məqaləsindən Füzliyə aid hissəni təqdim edirik.
...Bəlli olduğu üzrə, azəri ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi.
Füzuli azəri ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış, dörd yanını sarmış boşluq içərisində yеni doğurmuş ədəbiyyatı çiyinlərinə almış və yеnilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sеntimеntalizm ədəbiyyatı olmaq üzrə ...təqdim еtmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sеntimеntalist əsərlər bu gün bеlə bütün sеntimеntalizm ədəbiyyatının ilk sıralarında gеdə bilir. O öz mövzularında bəzən böyük ədəbi kеçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə еtmiş, lakin bu yarışda onlardan gеri qalmamış, hər halda, “Lеyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini gеri buraxmış və hamısından yüksəyə qalxmışdır.
Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat vеrdi. Lakin еyni zamanda onun dühası ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb onu öz ağırlığı altında əzməyə başladı. Еl ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik dеyildi. Azəri ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəklərə doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gеdişi ilə irəliləmək dеyil, bəlkə, yüksəldiyi yеrdə bеlə dayanmadı və sürətli hərəkətlə еnişə doğru yuvarlanmağa başladı...
Şairlər, ədiblər Füzulini ötməyə dеyil, bəlkə, ona yеtişməyə, var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və bеləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa, orada bərkitməyə çalışırdılar. Bеləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə, kеçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şеirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar еdirdi.
Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şеirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idеalı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gеdirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gеdişlə Füzulinin başına hərlənir, haraya gеtdiyini özü də bilmirdi. Füzuli еlə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım bеlə olsun bayıra çıxmır və uzun illər yеni bir şəklə kеçmirdi...
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
O, Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlmişdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkən, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradan aktyor, SSR xalq artisti İsmayıl (Dağıstanlı) Hacıyevin doğum günüdür.“İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib” fikri isə tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanova məxsusdur.
İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.
1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb.
Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.
Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb.
Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub. İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır.
Filmoqrafiya
1. Abbas Mirzə Şərifzadə
2. Ağasadıq Gəraybəyli (film, 1974)
3. Axşam konserti (film, 1948)
4. Böyük dayaq (film, 1962)
5. Koroğlu (film, 1960)
6. Kölgələr sürünür (film, 1958)-Zahidov
7. Qara daşlar (film, 1956)
8. Qatır Məmməd (film, 1974)
9. Səbuhi (film, 1941)
10. Sovet pəhləvanı (film, 1942)
11. Sualtı qayıq "T-9" (film, 1943)
Təltif və mükafatları
- "Stalin" mükafatı (2-ci dərəcə)
- Azərbaycan SSR Dövlət mükafatı
- "Lenin" ordeni
- "Qırmızı əmək bayrağı" ordeni
- "Xalqlar Dostluğu" ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Fəxri adları
- SSR xalq artisti
- Azərbaycan SSR xalq artisti
- Azərbaycan SSR əməkdar artisti
İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
“Xalq susduqca şahzadələr çoxalar” - Abdulla bəy Divanbəyoğlu
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mən ədəbiyyatşünaslardan, kitabsevərlərdən sruşdum, dedim, Abdulla bəy Divanbəyoğlu kimdir, tanıyan olmadı. Şeir sənət ocağı olan Qazax mahalından olanlardan soruşdum ki, belə bir adam tanıyırsınızmı, yox dedilər.
Ədəbiyyatımızda o qədər düha var ki, qeyrilərini unuduruq, adları zəmanəmizə gəlib çatmır. Bu səhvdir. Hər kəsin haqqını vermək lazımdır. İndi mən sizə Abdulla bəy Divanbəyoğludan danışım. Görün, belə bir ustad yazar unudulmağa layiqdirmi?
Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olub. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil alıb. Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik edib.
1905-ci ildə Bakıda rus-tatar məktəblərində, eləcə də "Nəşri-maarif" və "Nicat" cəmiyyətlərinin nəzdində açılan 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs deyib. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləyib. Abdulla Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini, Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışıb
Bədii yaradıcılığa gənc yaşlarından başlayıb. "Şahzadə və Əbdül" (1902), "Can yanğısı" (1903), "Fəhlə" (1906) və s. əsərlərini qələmə alıb. Rus dilində yazdığı "Şahzadə və Əbdül" əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə edib (1959). "Duman" (1904), "İlan", "Fəhlə" (1906), "Ərdoy dərəsi" (1910), "Məcnunun Leyliyə məhəbbəti" (1910), "Cəng" (1910), "Dan ulduzu" (1911) və s. hekayələri, "Parlaq ulduz" (1912) felyetonu vardır.
Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin şərq şöbəsində təhsilini davam etdirib. Xalq maarifi sahəsində çalışıb, Azərbaycan Dövlət Arxivinin müdiri olub. Ömrünün sonunadək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri işləyib.
Azərbaycan tarixinin öyrənilməsində, folklor və etnoqrafiya materiallarının toplanması və öyrənilməsində xidmətləri vardır. Dövrü mətbuatda məqalələri və elmi-kütləvi əsərləri dərc olunub. "Can yanğısı" (1958), "Şahzadə və Əbdül" (1966) və "Seçilmiş əsərləri" (1981) kütləvi tirajla nəşr edilib.
“Əbdül və Şahzadə” — Abdulla bəy Divanbəyoğlunun ən çox xatırlanan satirik-ictimai məzmunlu əsərlərindən biridir.
Əsərdə iki əsas obraz — Əbdül (sadə xalq nümayəndəsi) və Şahzadə (imtiyazlı təbəqəni təmsil edən şəxs) qarşı-qarşıya qoyulub. Hadisələr onların dialoqları və davranışları üzərindən inkişaf edib. Bu qarşıdurma vasitəsilə cəmiyyətdəki sosial bərabərsizlik, ədalətsizlik və hakim təbəqənin laqeydliyi açıq şəkildə göstərilib.
Əsərin əsas ideyası:
Zəhmətkeş insanın haqqının tapdanması, hakim və varlı təbəqənin öz maraqlarını xalqdan üstün tutması, cəmiyyətdə ədalətli quruluşun olmaması, maarif və şüurun dəyişdirici gücü.
Maraqlı cəhətlər:
Alleqorik xarakterlidir – obrazlar konkret şəxslərdən çox, sosial təbəqələri təmsil edir.
Satira və istehza güclüdür – gülüş altında ciddi problemlər gizlənir.
Dialoq üzərində qurulub – oxucuya və ya tamaşaçıya fikir daha təsirli çatdırılır.
Maarifçi ruh daşıyır – oxucunu düşünməyə və sual verməyə vadar edir.
Ədəbi əhəmiyyəti:
“Əbdül və Şahzadə” XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında sosial tənqid ənənəsinin formalaşmasında mühüm rol oynayan əsərlərdən sayılır.
“Əbdül və Şahzadə” əsərindən sitata bənzər (məzmunca) nümunələr:
Əbdül: “Biz işləyirik, yoruluruq, amma bəhrəsini görən başqaları olur.”
Şahzadə: “Hakimiyyət mənimdir, demək ki, haqq da mənim yanımdadır.”
Əbdülün düşüncəsi: “Əgər ədalət yalnız varlıya xidmət edirsə, bu, ədalət deyil.”
Müəllif mövqeyi (alleqorik): “Tac başda ola bilər, amma vicdan yoxdursa, hökm də boşdur.”
Əsərin ideyasını əks etdirən fikir: “Xalq susduqca şahzadələr çoxalar.”
Abdulla bəy Divanbəyoğlu 1936-cı ilyanvarın 6-davəfatedib.Bu gün dünyadan köçməsinin tam 90 illiyidir. Allah rəhmət eləsin!
Düşünürəm ki, bu yazı ən azı xeyli insanın yaddaşına bu adı həkk eləyə bildi.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
Azərbaycan musiqi mədəniyyəti tarixində ilk baletin müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Üç pərdəli, proloq və epiloqlu "Qız qalası" baleti- bu əsər həmçinin müsəlman Şərqində ilk balet hesab olunur. Əfrasiyab Bədəlbəyli tərəfindən yazılan bu əsər, Azərbaycan balet sənətinin əsasını qoyub. Qəmər Almaszadənin baş rolda oynadığı ilk milli balet nümunəsidir.
Premyerası:
18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında.
Əhəmiyyəti:
Azərbaycanda və Şərq dünyasında ilk balet.
Əsas rəqqasə: Qəmər Almaszadə.
Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirib. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alıb. 1923-cü ildən 1926-cı ilə kimi Bədəlbəyli təzəcə təşkil olunan Azərbaycan teatr məktəbinin dinləyicisi olub.
Məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edib. Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib.
Bir çox dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiosu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan – red) Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik – red) şöbəsinə daxil olub.
XXəsrin 20-ciillərində Azərbaycanoperavə operettalarınınsəhnədəngötürülməsinəzərdə tutulub. 17 yaşlı Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində dərc etdirdiyi məqaləsində "Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur" – deyə, buna qəti etirazını bildirib. 20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijor işləyib. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim Semyon Bretanitskinin sinfində skripka ixtisası üzrə təhsil alıb.
İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olub və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulan "Arşın mal alan" operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.
Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olan Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edib.
1928-ci il fevralın 16-da, musiqisi Ə. Bədəlbəyliyə məxsus C. Cabbarlının "Od gəlini" əsərinin premyerası olub. "Od gəlini" musiqisinin müvəffəqiyyətinə sevinən C. Cabbarlı bundan sonra yazdığı "Sevil" pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırıb. 1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayıb.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M. F. Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunub. 1931-ci ildə bəstəkar C. Cabbarlının "Almaz", daha sonra isə "1905-ci ildə" və "Yaşar" pyeslərinə, 1933-cü ildə A. Afinogenovun "Qorxu", 1934-cü ildə M. F. Axundovun "Hacı Qara", 1935-ci ildə isə "Müsyo Jordan" əsərlərinə musiqi bəstələyib.
Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşüb. Professor K. Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnib.
Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyib.
Əsərləri
Operalar
"Xalq qəzəbi" (1941)
"Nizami" (1948)
"Söyüdlər ağlamır" (1971)
Baletlər
"Qız qalası" (1940)
"Tərlan (balet)" (1941) — uşaqlar üçün
Nəsiminin əsərləri əsasında "Xoreoqrafik freskalar" (1973)
Orkestr üçün bəstələri
Simfonik orkestr üçün "28 aprel" marşı (1929)
Simfonik orkestr üçün təntənəli marş (1930)
Simfonik poema "Sovet hakimiyyəti uğrunda" (1930)
1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə başa çatdıran Əfrasiyab Bədəlbəyli vətənə qayıdır və qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli "Tərlan" balet-nağılını bəstələyir.
8 aprel 1940-cı il - Bu gün, Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet sənətinin təməl daşının qoyulduğu gün kimi daxil olub. Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası M. F. Axundov adına Azərbaycan Dövlət opera və balet teatrının səhnəsində işıq üzü görüb.
1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə "lncəsənət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B. Zeydmanla birlikdə bir pərdəli "Xalq qəzəbi" operasını (libretto müəllifləri İ. Oratovski və Ə. Məmmədxanlı) yaradıb.
1941-ci ildə bəstəkar Səməd Vurğunun "Fərhad və Şirin" əsərinə musiqi bəstələyib. Bundan bir il əvvəl isə Ə. Bədəlbəyli görkəmli ədibin "Xanlar" pyesinə musiqi yazıb. Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin premyerasına dirijorluq edib.
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- 2 dəfə "Şərəf nişanı" ordeni
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı
Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib. Bu gün onun anım günüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
Bu gün Xalq artisti Mərziyyə Davudovanın anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir" - Cəfər Cabbarlı
“Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi” - Xalq artisti Hökümə Qurbanova
Mərziyyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxuyub. Bu dövrlərdə teatr fəaliyyətinə başlayıb, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub.
Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli… kimi müqtədir aktrisalar çıxış ediblər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz olub.
Filmoqrafiya
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Bakının işıqları (film, 1950)
- Bəxtiyar (film, 1955)
- Bir ailə (film, 1943)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Qızmar günəş altında (film, 1957)
- Əsl dost (film, 1959)
Təltif və mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 aprel 1936
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 aprel 1933
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1948
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
Həyatın paradoksu - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən elə hiss edirsən ki, bəzi həyatlar insanı özünə qaytaran aynadır. Sanki durduğun yerdə sərt küləyin sənə toxunduğunu hiss edirsən. Heç gözləmədiyin anda bütün vücuduna yayılır və səni titrədərək reallığa döndərir. O anda anlamağa başlayırsan.
Həyat insana bəzən yalnız bir dəfə şans verir. Fərq etməz harada və necə, hansı anda, hansı zamanda. Önəmli olan bu fürsəti əldən vermədən addıma çevirməkdir. Hər addımdan sonra daha sağlam basmağı, həyatın nəbzini duyaraq yaşamağı öyrənirsən.
Həyat yoldur. Yolçusu isə insandır. Yollar müxtəlifdir insanlar kimi. Paradoks ondadır ki, hər yol səni fərqli yerə aparsa da, qarşına fərqli insanlar çıxarsa da, sonda səni özünə qaytarır.
Ən sonuncu yol insanın özüylə baş-başa qaldığı yoldur. Bütün dayanacaqlar səni ora aparmaq üçün qurulmuş bir hazırlıqdır. Bu isə ən çətin olanıdır. İnsan özü ilə üzləşmək istəməz. Amma son da özü ilə üzləşməkdən keçir. Bundan qaçış yoxdur.
Bir gün getdiyin yolda yalnız özünü görəcəksən — olduğun, olmaq istədiyin və heç vaxt olmaq istəmədiyin halınla. Bu yolda sənə heç kim kömək edə bilməyəcək. Çünki burada yalnız sən və sənə qarşı olan baxışların var. Nə bir sorğuya, nə də cavaba gərək duyarsan.
Çünki insan başqalarından gizlədə bildiyini özündən gizlədə bilmir. Və o anda anlayırsan: bütün yollar səni həyata yox, özünə gətirib.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
“Səni ömrüm boyu gözlərəm mən...”
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Bağışlaram səni” – bu mahnını onun ifasında məhz bu gün dinləyək...
Onun anım günündə...
Azərbaycan Respublikasının əməkdar artisti Aygün Bəylər (Hümmətova) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. Ailədə 6 uşaq olublar. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. Uşaqlıq dostu olan Rəsul Vilayətlə nikahda olub. 2009-cu ildə Canan adlı qızı dünyaya gəlib.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygün filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib.
Müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürüb. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb. 1986-cı ildən Azərbaycan Televiziya və Radiosunun solisti olub. 1987-ci ildə sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yeri tutub.
Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ və digər dövlətlərdə təmsil edib. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. Televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylərin sənət taleyində yeni səhifə açılır.
Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birincilik mükafatına layiq görülərək festivalın qalibi olub.
Bu dövrdən başlayaraq 2005–2010 illər arası Aygün Bəylər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərdə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s.
2012-ci ildə Aygün Azərbaycan Dövlət Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub. 2013-cü ildən etibarən ATV telekanalı ilə müştərək olaraq Aygün "Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb. 2015-ci ildə solo konsert təşkil etmək lazım olan məbləğə görə evini girov qoyub.
Konsert günü Günəşli neft yatağında yanğın hadisəsilə üst-üstə düşdüyünə görə konsert baş tutmayıb, nəticədə Aygün Bəylər həmin məbləği itirib. Özü də tutulduğu xəstəliyi bu hadisə ilə əlaqələndirib. 2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunub
Filmoqrafiya
Qış nağılı. I film
Qış Nağılı. II film
Bakı bağları. Buzovna
Müğənni 6 yanvar 2024-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
P.S. İrəliləyən saatlarda mərhum müğənninin bacısı ilə müsahibə təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)
Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu “Birgəyaşayış“dır. 120 ölkədən 600-dən çox əsərin nümayiş olunduğu sərgidə əsasən rəsm əsərləri nümayiş olunsa da, burada dünya incəsənət ustalarının heykəltaraşlıq əsərləri, fotoşəkilləri, müasir incəsənət nümunələri və videoalar da sərgilənir. Sərginin digər maraq doğuran eksponatları müasir rəqəmsəl texnologiyalar vasitəsilə yaradılan sənət əsərləridir.
Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin “Kənd toyu” əsəri ilə təmsil olunur. Əsərdə ənənəvi toyların bəzəyi olan bəy və gəlin yox, toyun canlılığını təmin edən qonaqlar və onların məclisdəki fəaliyyətləri rəngli boyalarla təqdim olunur. Rəssam Azərbaycanın milli toy adətlərində kənd amilini ön plana çıxarmaqla yanaşı, sadə və zəhmətkeş Azərbaycan insanının poetik obrazını ağ kətan üzərində böyük məharətlə canlandırıb. Əsər çinli və xarici incəsənət ustaları, eləcə də ziyarətçilər arasında böyük marağa səbəb olub.
Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək. Sərgi çərçivəsində 1-ci beynəlxalq incəsənət konfransı da keçirilib.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)
Əli Bağış, səni tanıdım!
Vaqif Yusifli, “Ədəbiyyat və incəsənət” üçün
Əli Bağış... Doğrusunu deyim ki, indiyə kimi mən belə bir yazarı tanımamışam. Qulu Ağsəs onun «Altı və sıfır» kitabını mənə təqdim etdi və o kitabdakı publisistik məqalələri, hekayələri və şeirləri oxuyandan sonra tanımadığımı tanıdım.
Publisistika, nəsr, şeir... Yaradıcı bir adamdan söz açıramsa, mənim üçün bu janrların ən əhəmiyyətlisi hansıdır sualını vermirəm. Çünki bədii istedadın hansı janrda önəmli olması şərtidir, əsas odur ki, müəllif özünü necə ifadə edir.
«Dörd tabut» hekayəsi mənim fikrimcə, onun bədii yazıları içərisində xüsusilə seçilir və bu hekayə təkcə məzmununa görə deyil, həm də formasına-təhkiyə tərzinə, təsvir edilən hadisələrin bir-birilə üzvi şəkildə bağlılığına, novellavari sonluğuna görə də diqqəti cəlb edir. Və bir də hekayədə təsvir olunan obrazların hər biri ¬xaraktercə digərindən fərqlənir. «Dörd tabut»da müəllif iki azərbaycanlının və iki erməninin qətlindən söhbət açır və məlum münaqişənin gətirdiyi düşmənçiliyin iki ailəni fəlakətlərə düçar etdiyini nəzərə çarpdırır. Təhkiyə tərzi nağılvaridir, amma bu çox qəmli bir hekayətdir. Bu hekayətdə iştirak edənlərin hər biri özünəməxsus personaj kimi diqqəti cəlb edir. Əvvəlcə Sona və Səttar hekayətini dinləyirik.
«Günlərin bir günü Sona Səttarın evinə gəlin köçdü. Gün günü qovdu, ay ayı qovdu və Sona buz baltası kimi oğul doğdu. Adını Nihad qoydular. Səttar Sona sevgisinin bu gözəl payının gəlişi hamını sevindirdisə, işsiz-gücsüz Səttarın qaşqabağını heç açmadı. «Heç özümü saxlaya bilmirəm, bu körpəni necə saxlayacam?»
Və Səttar üz tutur Rusiyaya, adsan, pul-para, şan-şöhrət qazanır. O illər üçün bu tipik bir hadisə idi. Minlərlə həmyerlimiz xoşbəxtliyi, səadəti, firavan dolanışığı Rusiyada, başqa ölkələrdə axtarırdılar. Amma anlamırdılar ki, «Hər gün körpəsini tənha ürəyinə sıxıb göz yaşlarını yaz yağışı kimi səpən» Sonalar onların yolunu gözləyir. Və günlərin bir günü: «Səttar gəlməmişdi, Səttarı gətirmişdilər». Məlum olur ki, Səttar həmyerlilərini başına toplayıb «millətin başçısı»na çevrilib. Ona bu yerdə haqq qazandırmaq olarmı? Necə qazanıb o pulları ki, 1 milyon dollar da ölümündən sonra ailəsinə çatmalıdır? Sona «Bu pullar nə mənə, nə də körpəmə lazımdır» deyir. Haqlıdır. Amma Rusiyada «millətin başçısı» kimi «şöhrət» qazanan Səttarı Sona bağışlamasa da, biz bağışlayırıq. O, bir erməni dığasının «bizlərə «azərbaran» deyən Surenin bağırsaqlarınıü qarnından çıxarıb boğazına doladı». Özü də güllələnir. «Səttarın meyidi ata yurduna çatan səhərin axşamı Surenin meyidi də dağ kəndindəki evlərinə çatdı».
Yox, hekayənin məzmununu, hadisələrin bundan sonra gedişini söyləmək fikrində deyiləm. Çünki bundan sonra Səttarın və Surenin oğulları da eyni düşmənçilikdən həlak olurlar.Hekayənin ictimai-siyasi mənasına keçid baş verir. Amma sonda bu keçid anaların görüşməsiylə humanizm –bir-brini anlayacaq həddinə yetişir. «Dəli Kür.. dörd bədbəxt qadından və iki xoşbəxt körpədən xəbərsiz-xəbərsiz axırdı. Anuş suya, iki körpəyə, gəlininə, Sonaya və Sonanın gəlininə baxa-baxa pısıldadı: -Siz türklərdə su aydınlıqdı. Bəlkə, heç bir-birlərini öldürmədilər».
Əli Bağışın «Dörd tabut» hekayəsini onun bədii yaradıcılığında uğurlu bir hadisə hesab edirəm və çox güman ki, o, hər dəfə hekayə yazmaq istəyəndə «Dörd tabut»u xatırlasın.
«Altı və sıfır»a Əli Bağış səkkiz şeirini daxil edib. Hər hansı bir şairi şeirlərinin hansı mövzuda yazılmasına görə yox, o şeirlərdəki poeziya havasına, bu havanın gətirdiyi bədii təsvir incəliyinə, fikrin ifadəli şəkildə izahına görə qiymətləndirmək lazımdır. V.Q.Belinski yazırdı ki: «Şeirin poetik olması üçün nəinki təkcə rəvanlıq və ahəngdarlıq azdır, hətta hiss özü də təklikdə hələ kifayət eləməz: burada fikir lazımdır ki, hər cür poeziyanın da elə əsl məzmununu təşkil edən budur. Bu fikir poeziyada həyatın müəyyən bir tərəfini müəyyən baxış kimi özünü göstərir, şairin əsərlərini ilhamlandıran və yaşadan bir başlanğıc kimi meydana çıxır». Əli Bağış fikir şairidir. Amma onun şeirlərində ifadə etdiyi fikirlər yalın-yalxı və çılpaq fikirlər deyil, ən başlıcası, həyat həqiqətindən doğan fikirlərdir. «Bakıya qar az yağır». Doğrudan da belədir. Sadə, məlum bir fikir, amma şeirdə bu fikrin poetik təfsirini görürük.
Qar az yağır Bakıya.
Xəsis əlindən zorla qopan manatlar kimi.
Tanrı nəhəng əllərindən
Bir-bir atır qar dənələrini.
Böyük Səhraya dənə-dənə yağdırdığı
yağış damcıları kimi.ürəkləriylə
qorumaq üçün
Pencərələrdə
səhərə kimi
qar keşikçisinə dönür
cocuqlar.
Bakıya qar az yağır.
Az yağan qar gözləri, ürəkləriylə
qorumaq üçün
Pəncərələrdə
səhərə kimi
qar keşikçisinə dönür
cocuqlar.
Bakıya qar az yağır.
Bu az yağan qara,
bəlkə də ən çox
sevinir unudulmuş
şəhid qəbirləri.
Bu şeirdən də görsənir ki, Əli Bağış haqqında söz açdığı mətləbi danışmır, o mətləbin izahına da çalışmır, lakin hamının gördüyü mənzərənin şeir dililələ rəsmini çəkir. «Neftçilərə rekviyem» şeiri isə assosiyalar doğurur. Neft daşlarında güclü qasırğa üç fəhləni dənizdə batırıb. Onlar çörək uğrunda şəhid oldular. Fikrin assosiativliyi elə buradan doğur. Başqa bir şair bəlkə də burada qəhrəmanlıq çaları axtarardı. Amma baxın:
Torpaq üzərində bitən buğdanın çörəyini
dənizin dibində tapmağa getdilər…
Hər zaman Aslan ağzında olan çörək
Bu dəfə Qağayı dimdiyində, Balıq mədəsindəydi.
İndi o qədər rahatdılar ki…
Nə banklar axtaracaq onları,
Nə onlardan borc aldıqları qohumları, dostları.
Üç evdə arvad tənələri, uşaq gileyləri
Ünvansız qaldı.
Sərt realizmlə aşılanıb bu şeir. Belə şeirlər çox az yazılır.
Əli Bağış və onun yazıları haqqında söz açan müəlliflərin demək olar ki, hamısı onun şeirlərindən söz açırlar.Hamı onu şair kimi təqdir edir. Amma mənim fikrimcə, Əli Bağış bu günün irəlici publisistlərindən biridir. Deyirlər ki, şeir ya nəsr əsəri bədii, obrazlı, təçvir vasitələrinin zənginliyilə seçilir, publisistika isə bunlarsız da keçinə bilər. Yanlış fikirdir. Publisistik yazıda da bədiilik prinsipi əsas şərtlərdən biridir və Bədii Publisistika anlayışı burada yerinə düşür. Əli Bağışın bir çox publisistik yazılarını məhz bədii bir yazı kimi oxumuşam.
Əli Bağışın Qarabağ müharibəsi ilə bağlı yazılarını həyəcansız oxumaq olmur. O, bu yazılarda müharibənin içindədir. «Bir söyühə alınmış kənd», «İki şəkil-iki qətlin tarixçəsi» «İntiqam», «Qədirin qədirsizliyi» və s. bu tipli yazılarda müharibənin onda doğurduğu təəssüratlarla tanış oluruq.
Əli Bağışın publisistik yazıları keçmişə, tarixi hadisələrə və şəxsiyyətlərə bu günün nöqteyi-nəzərindən aydınlaşdırıcı bir baxış var. Məsələn «SSRİ niyə dağıldı» yazısını oxuyursan və razılaşırsan onun fikirləriylə. Və Əli Bağış onu düşündürən, narahat edən reallıqlara da münasibətisiz keçinmir. «Müraciət formamız necə olmalıdır?», «Belənçik», «Fərqli dini baxışlarım», «Milçək və fil məsələsi» tipli yazılarda mən publisistin həmin reallıqlara tənqidi münasibətini görürəm.
Təbii ki, Əli Bağışın kitabda toplanan bütün yazıları haqqında söz aça bilmirəm. Amma bu yazıların müəllifinin xeyli dərəcədə məlumatlı, dünya tarixini, görkəmli şəxsiyyətləri, incəsənəti, ayrı-ayrı elm sahələrini öz qədərincə mənimsədiyini ancaq alqışlamaq olar.
O, Ramiz Rövşəni çox sevir. Yazılarında tez-tez onu xatırlayır və şeirlərindən misallar gətirir. Bizi birləşdirən nöqtələrdən biri də budur.
Əli Bağış, səni tanıdım.
“Ədəbiyyat və incəsənət”
(05.01.2026)


