O, Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlmişdi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkən, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradan aktyor, SSR xalq artisti İsmayıl (Dağıstanlı) Hacıyevin doğum günüdür.“İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib” fikri isə tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanova məxsusdur.

 

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.

1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb.

Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.

Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb.

 

Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub. İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır.

 

Filmoqrafiya

1. Abbas Mirzə Şərifzadə

2. Ağasadıq Gəraybəyli (film, 1974)

3. Axşam konserti (film, 1948)

4. Böyük dayaq (film, 1962)

5. Koroğlu (film, 1960)

6. Kölgələr sürünür (film, 1958)-Zahidov

7. Qara daşlar (film, 1956)

8. Qatır Məmməd (film, 1974)

9. Səbuhi (film, 1941)

10. Sovet pəhləvanı (film, 1942)

11. Sualtı qayıq "T-9" (film, 1943)

 

Təltif və mükafatları

- "Stalin" mükafatı (2-ci dərəcə)

- Azərbaycan SSR Dövlət mükafatı

- "Lenin" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- "Xalqlar Dostluğu" ordeni

- "Qafqazın müdafiəsinə görə" medalı

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Fəxri adları

- SSR xalq artisti

- Azərbaycan SSR xalq artisti

- Azərbaycan SSR əməkdar artisti

 

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.