Azərbaycan musiqi mədəniyyəti tarixində ilk baletin müəllifi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Üç pərdəli, proloq və epiloqlu "Qız qalası" baleti- bu əsər həmçinin müsəlman Şərqində ilk balet hesab olunur. Əfrasiyab Bədəlbəyli tərəfindən yazılan bu əsər, Azərbaycan balet sənətinin əsasını qoyub. Qəmər Almaszadənin baş rolda oynadığı ilk milli balet nümunəsidir.

 

Premyerası:

18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında.

Əhəmiyyəti:

Azərbaycanda və Şərq dünyasında ilk balet.

Əsas rəqqasə: Qəmər Almaszadə.

 

Əfrasiyab Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. Ali Pedaqoji İnstitutun nəzdindəki məktəbdə, Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, Leninqrad Konservatoriyasının nəzdindəki musiqi məktəbində təhsil alıb.

1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə, tədris olunan bütün fənlərdən "əla" qiymətlərlə məktəbi bitirib. 1917–1924-cü illər ərzində o, Bakıdakı 1-ci realni məktəbində təhsil alıb. 1923-cü ildən 1926-cı ilə kimi Bədəlbəyli təzəcə təşkil olunan Azərbaycan teatr məktəbinin dinləyicisi olub.

Məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edib. Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib.

Bir çox dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiosu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan – red) Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik – red) şöbəsinə daxil olub.

XXəsrin 20-ciillərində Azərbaycanoperavə operettalarınınsəhnədəngötürülməsinəzərdə tutulub. 17 yaşlı Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində dərc etdirdiyi məqaləsində "Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur" – deyə, buna qəti etirazını bildirib. 20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.

Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijor işləyib. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim Semyon Bretanitskinin sinfində skripka ixtisası üzrə təhsil alıb.

İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olub və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulan "Arşın mal alan" operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.

Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olan Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edib.

1928-ci il fevralın 16-da, musiqisi Ə. Bədəlbəyliyə məxsus C. Cabbarlının "Od gəlini" əsərinin premyerası olub. "Od gəlini" musiqisinin müvəffəqiyyətinə sevinən C. Cabbarlı bundan sonra yazdığı "Sevil" pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırıb. 1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli "Kommunist" qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayıb.

1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M. F. Axundov adına Dövlət Böyük teatrına işə qəbul olunub. 1931-ci ildə bəstəkar C. Cabbarlının "Almaz", daha sonra isə "1905-ci ildə" və "Yaşar" pyeslərinə, 1933-cü ildə A. Afinogenovun "Qorxu", 1934-cü ildə M. F. Axundovun "Hacı Qara", 1935-ci ildə isə "Müsyo Jordan" əsərlərinə musiqi bəstələyib.

Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşüb. Professor K. Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnib.

 

Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyib.

 

Əsərləri

Operalar

"Xalq qəzəbi" (1941)

"Nizami" (1948)

"Söyüdlər ağlamır" (1971)

 

Baletlər

"Qız qalası" (1940)

"Tərlan (balet)" (1941) — uşaqlar üçün

Nəsiminin əsərləri əsasında "Xoreoqrafik freskalar" (1973)

 

Orkestr üçün bəstələri

Simfonik orkestr üçün "28 aprel" marşı (1929)

Simfonik orkestr üçün təntənəli marş (1930)

Simfonik poema "Sovet hakimiyyəti uğrunda" (1930)

 

1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə başa çatdıran Əfrasiyab Bədəlbəyli vətənə qayıdır və qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli "Tərlan" balet-nağılını bəstələyir.

8 aprel 1940-cı il - Bu gün, Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet sənətinin təməl daşının qoyulduğu gün kimi daxil olub. Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin premyerası M. F. Axundov adına Azərbaycan Dövlət opera və balet teatrının səhnəsində işıq üzü görüb.

1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə "lncəsənət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın "Əməkdar incəsənət xadimi" fəxri adı verilib.

1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B. Zeydmanla birlikdə bir pərdəli "Xalq qəzəbi" operasını (libretto müəllifləri İ. Oratovski və Ə. Məmmədxanlı) yaradıb.

 

1941-ci ildə bəstəkar Səməd Vurğunun "Fərhad və Şirin" əsərinə musiqi bəstələyib. Bundan bir il əvvəl isə Ə. Bədəlbəyli görkəmli ədibin "Xanlar" pyesinə musiqi yazıb. Onu da qeyd edək ki, bəstəkar hər iki əsərin premyerasına dirijorluq edib.

 

Mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Qırmızı əmək bayrağı" ordeni

- 2 dəfə "Şərəf nişanı" ordeni

- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı

 

Xalq artisti Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib. Bu gün onun anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.