İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir" - Cəfər Cabbarlı
“Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi” - Xalq artisti Hökümə Qurbanova
Mərziyyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olub. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxuyub. Bu dövrlərdə teatr fəaliyyətinə başlayıb, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub.
Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli… kimi müqtədir aktrisalar çıxış ediblər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib.
Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. "Hacı Qara", "Bir Ailə", "Bakının İşıqları", "Bir Məhəllədən İki Nəfər", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində qaranlıq bir mühitdə parlayan ulduz olub.
Filmoqrafiya
- Ağasadıq Gəraybəyli (film, 1974)
- Bakının işıqları (film, 1950)
- Bəxtiyar (film, 1955)
- Bir ailə (film, 1943)
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Qızmar günəş altında (film, 1957)
- Əsl dost (film, 1959)
Təltif və mükafatları
- "SSRİ xalq artisti" fəxri adı — 22 iyul 1949
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 aprel 1936
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 aprel 1933
- "Stalin" mükafatı (2-ci dərəcə) — 1948
- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni — 25 fevral 1946, 22 iyul 1949
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)


