
Super User
HƏZİ ASLANOV – bu gün bu böyük qəhrəmanın anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovet İttifaqında iki dəfə Sovet İttifaqı qəhrəmanı adını qazanmaq mümkünsüz görünən bir iş olsa da o –azərbaycanlı balası bunu bacarıb. Təəssüf ki, o da ermənilərin qurbanına çevrilib.
Vətəninə xidmət edən, qəhrəman hərbiçimiz Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib. 13 yaşında atasını itirən Həzi, atasının çalışdığı kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. İl yarımdan sonra komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Zaqafqaziya hərbi hazırlıq məktəbinin məktəb rota qəzetinin redaktoru olub.
Məktəb müdavimi ikən komsomol təşkilatının katibi seçilib. Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayına vzvod komandiri təyin olunub.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvov vilayətində xidmət edib. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə Aslanovun batalyonu qeyri bərabər döyüşə girib və özü bu haqda belə yazır: "1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik..."
1941-ci ilin dekabrında mayor Aslanov Moskva yaxınlığındakı tarixi döyüşdə iştirak edir. Mojaysk tərəfdə döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşür və bu atıcı bölməni mühasirədən azad etmək üçün mayor Aslanova əmr verilir. Güclü döyüş taktikası ilə Aslanov mühasirə yaradan alman ordusunun top və pulemyot atəş nöqtələrini məhv etməyi bacarır. Bu əməliyyat zamanı Aslanovun olduğu tankın sürücü-mexaniki ağır yaralanır və Aslanov tankı özü idarə edərək taqımlara komandanlığı davam etdirə bilir. Mühasirədən 40-dan artıq döyüş avtomobili və yüzlərlə şəxsi heyət azad olunur. Həzi Aslanov Moskva ətrafında gedən döyüşlərdəki qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülür.
Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepaya rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilmiş, amma Həzi Aslanov yolda vəfat etmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsində müstəsna xidmətləri olmuş yazıçı-jurnalist Musa Bağırovun "Sərkərdənin taleyi" adlı sənədli kitabında deyilir: “Beqiaşvili Həzi Aslanovun şəxsi həkimi olmuşdu…Beqiaşvili ilə mən Tbilisidə onun evində görüşdüm. O dedi: "H. Aslanov yaralananda mən orda yox idim. Lakin 5 dəqiqə sonra özümü ora çatdırdım. Vəziyyəti ağır idi. Ona təcili surətdə təzə qan köçürmək lazım idi. Mən Həzinin yanına uzandım ki, öz qanımdan 500 qram ona köçürülsün. O, yavaş-yavaş özünə gəlməyə başladı. Hətta bizimlə zarafat da edirdi. Onu Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldi. Həzinin xahişi ilə onu Moskvaya qədər mən müşayiət etməli idim. Amma məni zorla onun yanından ayırıb başqa iş dalınca göndərdilər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov ölməməli idi. Yaralanandan sonra o, düz 23 saat sağ qaldı. Bu müddətdə onu Moskvaya aparmaq üçün ayrılan təyyarə də o yatan evin arxasında dayanmışdı..."
Həzi Aslanovun ölümünü onun daxil olduğu Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqqramyan təşkil edir. Çünki, H. Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda, komanda məntəqəsində və öz ordumuzun açdığı mərmi atəşindən sonra mümkün olub.
Onun qəbri Bakıda – Dağütü Parkda - Şəhidlər Xiyabanındadır.
Mükafatları
1. 3 Qırmızı Bayraq ordeni
2. 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni
3. 1-ci dərəcəli Vətən müharibəsi ordeni
4. 2 Qırmızı Ulduz ordeni kavaleri və medallar
1944-cü ildə general-mayor H. Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ. Baqramyan buna maneəçilik törədib. Ölümündən 46 il sonra, 1991-ci ildə H. Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Allah rəhmət eləsin. Amin.
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Ağ və qara arasındakı çalarlar - DAHİ LÜTFİZADƏNİN DOĞUM GÜNÜDÜR
Heyran Zöhrabova, “Ədəbiyyat və inscəsənət”
"Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Mənim uğur formulum qabiliyyət, zəhmət və isrardır. Uğurun elementləri bunlardır"
Bu gün qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür.
Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakının Novxanı kəndində, jurnalist Rəhim Ələsgərzadə və həkim-pediatr Fanya Koremanın ailəsində dünyaya gəlib. İlk təhsilini Bakı şəhərində 16 nömrəli rusdilli məktəbdə alıb.
1931-ci ildə ölkədə yaranmış ağır vəziyyətlə əlaqədar Lütfi Zadə ailəsi ilə birlikdə Tehrana köçmüş və təhsilini amerikalıların Alborz missioner məktəbində davam etdirmşdir. Orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş və 1942-ci ildə həmin fakültəni uğurla bitirmişdir.
1944-cü ildə Amerika Birləşmiş Ştatlarına getmiş və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. 1946-cı ildə mühəndis-elektrik ixtisası üzrə magistr diplomunu aldıqdan sonra Kolumbiya Universitetinin doktoranturasına daxil olmuşdur. Alim burada onu doktorluq dərəcəsini almağa ruhlandıram müəllimi, professor Ernst Adolf Gilyemin ilə birlikdə elmi tədqiqat aparmış və 1949-cu ildə dissertasiya müdafiə etdikdən sonra mühəndislik bölməsində assistent olaraq çalışmağa başlamışdır.
O, Kolumbiya Universitetində elektromaqnit sahə nəzəriyyəsi, dövrə analizi, sistem nəzəriyyəsi, məlumat və ardıcıl maşınlar nəzəriyyəsi üzrə dərs demişdir.
Lütfi Zadə 1950-ci ildə dosent, 1957-ci ildə isə professor elmi adlarına layiq görülmüşdür. Alim daha sonra"Kibernetikanın atası" hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya köçmüş və 1959-cu ildən ömrünün sonuna kimi Kaliforniyanın Berkli Universitetində professor vəzifəsində çalışmışdır. 1963-1968-ci illər ərzində həmin universitetin "Kompüter elmləri və elektrik mühəndisliyi" kafedrasına rəhbərlik etmişdir. Çalışdığı dövrdə və sonralar bu kafedra "Elektron texnikası və kompüter elmləri" kafedrası kimi fəaliyyətini davam etdirmişdir.
O, daim yeni, orijinal və az tədqiq olunmuş mövzulara maraq göstərmişdir.
Lütfi Zadə müasir idarəetmə elminin əsasını təşkil edən məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələrinin, elmdə inqilab yaratmış, riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açmış qeyri-səlis məntiq nəzəriyyəsinin və yeni elmi istiqamətlər formalaşdıran bir sıra başqa nəzəriyyələrin banisidir.
O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə yapon alimlərinə verilən ən yüksək "Honda", 1996-cı ildə isə "Okava" mükafatlarına layiq görülmüşdür.
Lütfi Zadə həmçinin 1991-ci ildə Berkli Universitetinin ömürlük professoru seçilən yeganə şəxsdir. 1992-ci ildə Beynəlxalq Robot və İstehsalat Simpoziumu (İSAAM) çərçivəsində Lütfi Zadə"Qeyri-səlis Məntiqin Atası" adına layiq görülmüşdü.
O, NASA və NATO-nun aparıcı mütəxəssislərindən biri olmuşdur. Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Yaşadığı Berkli şəhərində "İnstitute Zadeh-ZİFT" İnformasiya Texnologiyaları İnstitutuna da rəhbərlik etmişdir. Qeyd edək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. O, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, Amerika Elminin İnkişafı Dərnəyi, Hesablama Maşınları Dərnəyi, Amerika Süni İntellekt Birliyi, Beynəlxalq Qeyri-səlis Sistemlər Birliyi, Avstriya Kibernetika Tədqiqatlar Cəmiyyətinin üzvü olmuşdu.
tədqiqatlarına görə çoxsaylı milli və beynəlxalq mükafatlara layiq görülmüşdü.
Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüş, həmçinin, Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan, Rusiya və ABŞ akademiyalarının fəxri üzvü seçilmişdi.
Professor 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olmuş, 50-dən çox doktorant hazırlamışdı.
O, daimi işi yeri ilə yanaşı, Massaçusets Texnologiya İnstitutunda, Stenford Universitetində, elmi-tədqiqat laboratoriyasında (San-Xose) dəvətli professor kimi fəaliyyət göstərir, Fransa, İngiltərə, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Almaniya, Çin, İtaliya, İspaniya, Hindistan, Macarıstan, Yuqoslaviya, Türkiyə, Polşa, Avstriya, İsveç, İsveçrə, Rumıniya, Portuqaliya, Səudiyyə Ərəbistan və s. ölkələrdə mühazirələrlə çıxış etmişdir.
Lütfi Zadə 1946-cı ildə Tehranda tanış olduğu Fanya Zand ilə ailə həyatı qurmuşdu.
Alim vətənini tərk etdikdən sonra Azərbaycana cəmi iki dəfə gəlib. İlk dəfə Bakıya 1965-ci ildə birgünlük səfər etmiş, ikinci dəfə isə 2008-ci ilin noyabrında "BakuTel" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Üçüncü dəfə isə o, 2017-ci ildə əbədi olaraq vətəninə geri dönmüşdür. Alim 6 sentyabr 2017-ci ildə dünyasını dəyişmiş və 29 sentyabrda Birinci Fəxri Xiyabanda dəfn edilmişdir. Ölümündən bir ay əvvəl o, müsəlman adətlərinə görə vətənində dəfn olunmasını xahiş etmiş, bir məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Və onun bu istəyi Prezident Administrasiyası tərəfindən həyata keçirilmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Böyük hərflərlə sənətkar – POLAD BÜLBÜLOĞLU
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
Xalq artisti Polad Bülbüloğlu yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının sənət və mədəniyyət təmsilçisi kimi ün qazanmış müstəsna bir sənətkardır. TÜRKSOY-un ilk başqanı (1993-2008) olmuş görkəmli sənətkarın adı musiqidən diplomatiyaya, ictimai fəaliyyətdən mədəniyyətin zərif gücünün tətbiqinə qədər geniş bir spektrdə tanınır və qiymətləndirilir.
80 illik ömrü boyu o, təkcə fərdi bir sənətkar kimi deyil, həm də xalqların mənəvi inteqrasiyasını həyata keçirən, mədəniyyət körpüləri salan şəxsiyyət kimi çıxış edib. Bu baxımdan, Polad Bülbüloğlunun yubileyi yalnız milli deyil, daha geniş anlam daşıyan universal bir hadisədir. Bəşərilik əslində, millilik üzərində qurulub-ucalır. Polad Bülbüloğlu da öz sənətində məhz milli ruhu qlobal kontekstdə təqdim etməyi bacarıb.
Sənətkarın Dədəm Qorqudun eposunun motivləri əsasında yaratdığı “Eşq və Ölüm” baleti vurğularımızın parlaq təsdiqidir.
Türk dünyasında ədəbiyyat sahəsində Çingiz Aytmatov son qərinələrin zirvəsidir, musiqidə isə Polad Bülbüloğlu eyni səviyyədə dəyərləndirilə bilər.
Polad Bülbüloğlu yaradıcılığına təkcə musiqi(çi) kimi baxmaq onun geniş və çoxşaxəli fəaliyyətinə dar çərçivədə yanaşmaq olardı. Onun bəstələdiyi musiqilər xalqın ruhunu ifadə edən özəl kodlar daşıyır – Gündoğar melodik gələnəkləri ilə Günbatar musiqisinin çağdaş ritmik dinamikası arasında tarazlıq yaratmaq baxımından Polad Bülbüloğlu yaradıcılığı fenomenaldır. Onun bəstələdiyi mahnılar və musiqilər məhz bu universallıqla hər kəsə doğma görünür. Bu, eyni zamanda, onun dünya musiqi mədəniyyətinə ləyaqətli bir şəkildə daxil olmasının ifadəsidir.
Bəli, Polad Bülbüloğlu yalnız musiqidə universallıq yaratmaqla yetinməyib. Onun mədəniyyət sahəsindəki rəhbərlik fəaliyyəti Azərbaycanın özünü dünyaya yeni imicdə təqdim etməsi ilə yadda qalıb. Polad Bülbüloğlundan danışdıqda, Xalq artisti titulunu və ödüllərini sadəcə bir bioqrafik detala çevirmək olmaz – təltifləri, əslində, onun ölkə və sənət adına gördüyü işlərin rəsmi təsdiqidir. Müstəqil Azərbaycanın ən yüksək dövlət təltiflərinin laureatı olan sənətkar, Prezidentin imzası ilə ötən gün daha bir yüksək təltif aldı: 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni!
***
Bir çox sənətkar milli dəyərlərin daşıyıcısıdır, lakin Polad Bülbüloğlu bu dəyərləri beynəlxalq səhnəyə çıxarmağı bacaran azsaylı simalardandır. Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli Səfiri kimi fəaliyyəti dönəmində o, Azərbaycan mədəniyyətini diplomatiya ilə uhulətli-suhulətli şəkildə birləşdirərək, dünya ilə ünsiyyət qurdu. Bu, “sənət siyasət deyil, lakin siyasətdən daha güclü bir körpüdür” fəlsəfəsini ortaya qoymuş oldu.
Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024), Başqurdistanın (2024) Xalq artisti, Dağıstanın (2015) Əməkdar incəsənət xadimi olaraq onun gördüyü işlər, mədəniyyət arealları arasında da ortaq dəyərləri tapmaq və onlara yeni həyat verməklə əlamətdardır. Polad Bülbüloğlu fəaliyyətində musiqinin və diplomatiyanın vəhdətini yaratmaqla xalqlar arasında empatiya üçün mükəmməl bir örnək təqdim edib.
Sənətkarın “Gəl, ey səhər”, “Doğma diyar”, “Durnalar”, “Bayatılar”, “Bakı”, “Məni gözlə”, “Bənövşələr” və b. mahnıları təkcə Azərbaycanda deyil, Türk dünyasında da dillər əzbəridir. Bu musiqilərdən axan melodik ruh insanın öz mənəviyyatı ilə dialoqa girməsinə münbit ortam yaradır. Onun musiqisində xalq dastanları ilə çağdaş insanın tənhalığını, milliliklə qloballıq arasında olan harmoniyanı görmək mümkündür. - Zatən, biz Azərbaycanın coğrafi mövqeyini Asiya ilə Avropanın ayrıcı deyil, məhz qovşağı kimi qəbul edirik. Bu qovuşma da öz ruhi energetikasını dalğa-dalğa yayır. Üzeyir bəy Hacıbəyli, Bülbül, Səttar Bəhlulzadə, Rəsul Rza, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Toğrul Nərimanbəyov, Vaqif Mustafazadə, Məmməd İsmayıl… və əlbəttə, Bülbüloğlu kimi sənətkarlar o dalğaları tutub, sənət fəzasında təcalla etdiriblər…
Yubilyar sənətkarımız dillər əzbərinə çevrilmiş bir çox mahnının müəllifi və onların ifaçısı, habelə, kino-filmlərin, dram tamaşaları musiqilərinin, simfoniya, simfonik poema və b. unudulmaz əsərlərin müəllifidir.
Görkəmli bəstəkar və müğənni, ictimai, sənət və dövlət xadimi, professor Polad Bülbüloğlunun 80 illik yubileyi onun keçdiyi mənalı yolun həm simvolik yekunu, həm də yeni bir mərhələyə keçidi kimi qəbul oluna bilər. Bu yubiley təkcə sənətkarın deyil, onun təmsil etdiyi mədəniyyətin və dəyərlərin təntənəsi, qələbəsidir. O, təkcə keçmişin və günümüzün deyil, gələcək dönəmlərin də mədəniyyət xəritəsində unikal bir iz buraxıb.
Sənətkarın bu ilki yubileyi ərazi bütövlüyümüzün, suverenliyimiz bərpa olunmasının, azad Şuşaya, digər şəhər və kəndlərimizə Böyük Qayıdışın başlanmasının sevinci, qüruru fonunda keçirilir. Bu, mənalı ömrün 80-ci ildönümünü daha da əlamətdar edir.
15 il öncə Azərbaycanda “İlin adamı” seçilərkən, çox haqlı olaraq, onun ərazi bütövlüyü uğrunda apardığımız mübarizəni beynəlxalq ictimaiyyətə səlist təqdim etməsi, diplomatiyaya qoyulan təbii sınırlamalara baxmayaraq cəsarətli açıqlama və müsahibələr verməsi, ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu təsirli şəkildə aşılaması və s. vurğulanırdı.
Azərbaycanın Mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri (2006–2024) olmuş sənətkar, Milli Məclisin I və VII çağırış üzvü (1995–2000, 2024-cü ildən), 2024-cü ilin 23 sentyabrından Mədəniyyət komitəsinin sədridir.
Mən incəsənət xadimlərinin, mədəniyyət işçilərinin, ona necə inandıqlarının, dərdləşdiklərinin, uğurlaşdıqlarının şahidiyəm. Mən sənətkarın TÜRKSOY başqanı və Mədəniyyət naziri olduğu dönəmlərdəki əməkdaşlığımızı illər sonra xatırlamasının da şahidiyəm. Buradan öz minnətdarlığımı bir daha bildirirəm. Heç təsadüfi deyil ki, Polad müəllim Mədəniyyət komitəsinin sədri kimi, QHT-lərə ilk məktubunu məhz Dünya Gənc Türk Yazarlar Birliyinə (25 illik yubileyə görə) ünvanladı. Sədr müavini olduğum Mədəniyyət Nazirliyinin İctimai Şurası ilə görüş təklifimi müzakirəsiz qəbul etdiyini də bura minnətdarlıqla yazıram. Bunlar Polad Bülbüloğlunun bir sənət və dövlət xadimi olaraq qayğıkeşkiyinin, nəcibliyinin və xeyirxahlığının göstəriciləridir.
Belə şəxsiyyətlər haqqında düşünəndə, onların nə qədər böyük bir missiyanı həyata keçirdiklərinin fərqinə varırıq. Polad Bülbüloğlu kimi nadir simaların fəaliyyəti insanları ruhlandırır, xalqlar arasında bağları dərinləşdirir və mədəniyyətin nə qədər sınırsız olduğunu bizə xatırladır.
Bu gün 80-nini qeyd edən Sənətkarın yubileyi qutlu olsun!
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Qazaxıstan Respublikası sədrliyində Türk Mədəniyyəti və İrsi Fondu Şurasının İkinci İclası keçiriləcək
Leyla Səfərova, “Ədəbiyyat və incəsənə”
7 fevral 2025-ci il tarixində saat 10:30-da Qazaxıstan Respublikasının sədrliyi altında Türk Mədəniyyəti və İrsi Fondun Şurasının İkinci iclası təşkilatın üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə keçiriləcək. Məkan Astana şəhərindəki Qazaxıstan Respublikasının Milli Muzeyi (Tavelsizdik prospekti 54) olacaq.
İclasın əsas mövzusu Türk mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılması üçün strateji addımların müzakirəsidir ki, bu məsələlər də Türk Dövlətləri başçılarının verdiyi tapşırıqlara uyğun olaraq «Türk Dünyası Vizyonu - 2040», TURKTIME və digər strateji sənədlərdə əks olunub.
2025-2026 illərini əhatə edən fəaliyyət planları da müzakirə ediləcək.
Bu iclasın yekunları Türk Dövlətləri arasında mədəni əməkdaşlığın inkişafında mühüm addım olacaq, mədəni irsin qorunması sahəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq layihələrə yeni təkan verəcəkdir.
İkinci Şura iclası Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Naziri Aida Balayeva, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova, Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbək Omuraliev, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli, Qırğız Respublikası Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirinin müavini Gülbara Abdıkalıkova, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavinlırindın biri, Özbəkistan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Avazxan Tajixtanovun iştirakı ilə keçiriləcək.
Qeyd etmək lazımdır ki, İkinci Şura iclası çərçivəsində bir sıra əlavə tədbirlər də keçiriləcəkdir ki, tədbirlər proqramını diqqətinizə çatdırırıq:
1. 6 fevral 2025-ci il saat 15:00-da. Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Qazaxıstanın dövlət və elm xadimi, akademik Darxan Qıdıralının «Daşa Yazılmış Tarix» adlı kitabının Azərbaycan, türk, qırğız dillərində təqdimatı olacaq.
2. 6 fevral 2025-ci il saat 19:00-da E. Rəhmadyeva adına Dövlət Akademik Filarmoniyasında (Konqres Hollu) Türk xalqları musiqisindın ibarət “TAMYR” adlı konserti keçiriləcək. Konsertdə «TURAN» folklor-ethnografik ansamblı, «GULDER» ansamblı (Qazaxkonsert), Qazaxıstan Respublikası Dövlət Rəqs Ansamblı «SALTANAT», Qazax Milli Musiqi-Dram Teatrı, E. Rəhmadyeva adına Dövlət Akademik Filarmoniyasının kollektivləri çıxış edəcək.
3. 7 fevral 2025-ci il saat 10:00-da Qazaxıstan Respublikasının Milli Muzeyində «Türk dilinin başlanğıcı: Divani Lügət-it-Türk» adlı beynəlxalq sərginin açılışı olacaq, sərgidə təşkilata üzv ölkələrinin nümayəndə heyətlərinin başçıları iştirak edəcək.
“Ədəbiyyat və incəsənət”
(04.02.2025)
Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə silsilə materiallar hazırlayıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası dünən - 2 Fevral - AzərbaycanGəncləri Günü ilə əlaqədar silsilə materiallar - “2 Fevral – Gənclər Günü” adlıbiblioqrafik icmal, virtual və ənənvi kitab sərgisi hazırlayaraq istifadəçilərə təqdimedib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, hazırlanan materiallarda Azərbaycanda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlərin-qanun, fərman və sərəncamların tam mətni, “2 Fevral - Gənclər Günü”nün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət, idman sahəsində qazanılan uğurlar haqqında geniş məlumat verilir. Biblioqrafik icmalda “Gənclərimiz sabahımızdır!” başlığı altında Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr, ölkədə gənclərə daimi diqqət və qayğının bariz nümunəsi olan “Gənclər İli”, “Gənclər Fondu”nun, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, gənclər üçün “Prezident Mükafatı”nın təsis edilməsi, könüllülük hərəkatı, gənclərlə əlaqədar müxtəlif sahələrdə qəbul edilən proqramlar haqqında geniş məlumat təqdim edilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/multimedia/gencler- gununuz-mubarek virtual kitab sərgisində Ümummilli Lider Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunur
Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda https://ryl.az/funds/biblioqrafik-icmal gənclik haqqında aforizmlər, gənclər siyasəti mövzusunu əhatə edən “İlham Əliyev və müasir Azərbaycan-gənclərin gözü ilə”, “Azərbaycanın gənclər siyasəti”, “Azərbaycanda gənclər hərəkatı”, “Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri”, “Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi” 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və dövrü mətbuat nümunələri əks olunur.
Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, qəzet və jurnallar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış vəsaitlər sərgilənməkdədir.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Deyəsən, Nikol Paşinyan “Mərənd”ə gəlir
Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru,“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Yanvarın 31-də baş nazir Nikol Paşinyan Karen Dəmirçyan adına idman-konsert kompleksində ilin ilk mətbuat konfransını keçirdi. Bu mətbuat konfransı bir neçə amillə yadda qaldı. Əsasən də, erməni jurnalistin baş nazirə Azərbaycana “maneəsiz keçmə” ilə bağlı veridiyi sualla.
Baş nazirin cavabında həm uyğunsuzluq, həm də etiraf var idi. Sanki nəsə yadına düşür bədəni üşüyürdü. Üşütməsi olan adamında, təbii ki, qızdırması olur. Qızdırması olan adamında həqiqəti dilinin ucunda olur.
Baş nazir deyir ki, tranzit yollardan danışırıqsa, biz də İranın təklif etdiyi şərtləri edirik, amma Ermənistanın yurisdiksiyası çərçivəsində. Görəsən baş nazir hansı onların səlahiyyətlərinə aid olan hüquqi sferadan danışır? Düzdür, vaxtilə Qarabağda da hüquqi sferadan danışıb halay çəkir, viski içirdilər. Amma və lakin, təəssüflər olsun ki, viskinin təsirindən ayılanda özlərini dalana sıxışmış gördülər və bu hadisədən sonra ölkə başçısı cənab İlham Əliyev tərəfindən adları “Dalan” ölkə qaldı.
Amma insaf dinin yarısıdır. Erməni baş naziri özü etiraf edərək belə dedi: “Mən deyəndə ki, Qarabağ heç vaxt müstəqil olmayıb. Oranı heç bir xarici ölkə tanımayıb, Azərbaycanın tərkibində olub… Məsələ tam sübut və isbat olundu ki, Qarabağ heç zaman müstəqil olmayıb. Və bu da son!”
Baş nazirə üç tərəfli bəyanatı imzaladığı zaman hansı vəziyyətdə olduğu haqda ünvanlanan suala isə belə cavab verdi: “Mənim başıma heç kəs silah dayamayıb və təhdid edən də olmayıb. Əgər mən üçtərəfli bəyanata imza atmasaydım itkilərin sayı üç misli qədər çox, əsrlərin sayı isə 25 min nəfərdən artıq olacaqdı. Gedin minnətdar olun ki, bu cəsarəti özümdə tapıb o sənədə imza atdım”.
Əslində, həqiqətə baxanda Nikol Paşinyana erməni xalqı sağlığında heykəl ucaltmalıdır. Çünki o, erməni qəsbkar quldur və təcavüzkar əlisilahlı hərbçilərini II Qarabağ zəfərində Azərbaycan əsgərinin caynağından “başına silah dayanmadan” alıb. Onun etiraflarında da bəlli olur ki, əgər Ermənistan kapituliyasiya aktına imza atmasaydı, faciənin miqyası onun statistikasında da betər olacaqdı.
Ümid edir və səbirlə gözləyirik ki, Ermənistan xarici havadarların qucağından düşüb özünə isti olmasa da, sərin yuva qurar. Ağlını başına yığıb Azərbaycanın bütün təklifləri ilə razılaşsa, həm erməni əhalisi, həm də bölgə üçün qaynar həyat başlayar. Düzdür, onlar səmimi qonşuluğa layiq olmasalar da, Azərbaycan hər zaman öz tolerantlığını sərgiləyəcək. Ermənistan rəhbərliyi isə bu qısa müddətdə qəti qərar qəbul etməli, aslanın pəncəsindən yaxa qurtarmaq üçün əlinin dalını masaya qoymağı bacarmalıdır. Necə ki bunu baş nazir Nikol Paşinyan edərək “Mərənd”ə gəlir!
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
“Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Gənclər və idman nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
“Kimyaçı” mədəniyyət sarayında təşkil olunan tədbirdə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səsləndirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin özlərini hər sahədə doğrultduqlarını söyləyib. Sumqayıtın günü-gündən inkişaf etdiyini, abadlaşdığını qeyd edən Z.Fərəcovun sözlərinə görə, bu şəhərin tərəqqisi Ümummilli Lider Heydər Əliyevin danılmaz səylərinin və bu şəhərə göstərdiyi böyük dəstəyinin nəticəsidir. O, Sumqayıt sakinlərinin idman sahəsində də uğurlu nəticələr əldə etdiklərini və bunun davamlı olacağına inandığını diqqətə çatdırıb və gənclərə yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Gənclər Paytaxtının rəmzi açarını icra başçısına təqdim edib. Nazir Ulu Öndərin gənclərə böyük qayğı və diqqət göstərdiyini, gənclərin Azərbaycanın dünyada tanınmasında böyük rol oynadığını bildirib. Azərbaycanda 400-ə yaxın gənclər təşkilatının olduğunu vurğulayan Fərid Qayıbov ölkənin gələcəyinin onların əlində olduğunu deyib. O, Sumqayıtda il ərzində müxtəlif yerli və beynəlxalq tədbirlərin keçiriləcəyini də diqqətə çatdırıb.
Rəsmi çıxışlardan sonra Prezident mükafatına layiq görülmüş gənclər təltif edilib, Gənclər Günü ilə bağlı videoçarx nümayiş olunub.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov ilə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Prezident mükafatına layiq görülənlərin gələcək illərdə daha böyük nailiyyətlərə imza atacaqlarına, Azərbaycanı ölkə xaricində uğurla təmsil edəcəklərinə əminliklərini ifadə ediblər. Sonra Sumqayıt Gənclər Paytaxtının loqo və maskotu ictimaiyyətə nümayiş olunub, ardınca ilin gəncləri mükafatlandırılıb.
Tədbirdə müxtəlif beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etmiş və ilboyu aktiv fəaliyyət göstərən Sumqayıt gənclərinə şəhər icra hakimiyyətinin başçısı adından fəxri fərmanlar təqdim edilib.
Tədbir şəhərin mərkəzində təşkil olunmuş konsert proqramı ilə yekunlaşıb. Müğənnilər Miri Yusif, Murad Arif, Mardan, Nigar Camal, Gülyaz və Gülyanaq Məmmədovaların, Çinarə Məlikzadənin ifaları alıqşla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Atatürk Mədəniyyət Mərkəzi ilə birgə layihələr reallaşdıracaq
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Türkiyə Respublikası Mədəniyyət Turizm Nazirliyi Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Mədəniyyət Mərkəzi rəhbəri Zeki Eraslan ilə görüşmüşdür.
“Ədəbiyyat və incəsənət” portalına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Ankarada Atatürk Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı, Azərbaycan-Türkiyə qardaşlığı, mədəni əlaqələr, Türk dünyasının ortaq dəyərləri, milli mədəniyyətin təbliği məqsədi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Atatürk Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq müzakirə olunmuş və tərəflər arasında bu istiqamətdə yol xəritəsinin hazırlanması razılaşdırılmışdır.
Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türk Dövləti və Düşüncə Həyatını Formalaşdıran Şəxsiyyətlərin Qısa Ömür Hekayələri silsiləsi və tərcüməsi” adlı layihəyə, Azərbaycan tarixi şəxsiyyətləri, mütəfəkkirlərinin daxil edilməsi, Türkiyə tərəfinin yaratdığı uşaq ədəbiyyatı və nağılların təbliğinə dair onlayn portala Azərbaycanın qoşulması, Türk dünyası və Şərqin böyük bayramı Novruz bayramı, onun adət-ənənələri ilə bağlı birgə layihələrin reallaşdırılması, Azərbaycana dair kitabların Türkiyədəki Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə olunması ilə əlaqədar təkliflər müzakirə edilmiş, onların həyata keçirilməsinə dair birgə iş aparılması qərara alınıb.
Daha sonra Atatürk Mədəniyyət Mərkəzinin yeni binası, Mərkəzin kitabxanası, konfrans və konsert sarayı, araşdırma mərkəzləri ilə tanışlıq olmuş, gələcəkdə birgə tədbirlər, layihələrin reallaşdırılması yollarına dair fikir mübadiləsi olub.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
YARADICILIQ EMALATXANASInda balaca rəssam Minarə Abdullayeva ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SİZLƏRƏ BU QƏDƏR ŞÖHRƏT QAZANMIŞ 14 YAŞLI BİR QIZCIĞAZ BARƏDƏ DANIŞACAĞAM
Vladimir Belinski söyləmişdir ki: “İncəsənətin ilkin şərti gözəllikdir. Gözəllik olmayan yerdə sənət də yoxdur və bu, aksiomdur”. İncəsənət müxtəlif növlərə bölünür, bunlar ifadə vasitələrinə, forma və məzmununa görə fərqlənir. Bu gün "Yaradıcılıq emalatxanası" rubrikamızın qonağı insan ruhunu oxşayan rəssamlıq sənətinə vurğun olan balaca rəssam Minarə Abdullayevadır.
Abdullayeva Minarə Şahin qızı – 08 dekabr 2011-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının Təsviri və tətbiqi sənət ixtisası üzrə 7c sinfində təhsil alır. Türkiyə, Almaniya, Bolqarıstan, Norveç, Peru, Ukrayna və başqa ölkələrdə keçirilən bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edib. Tətbiqi və təsviri sənət üzrə Respublika və beynəlxalq müsabiqələrdə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Təhsil İnstitutunun inzibati binasının interyerinə verdiyi töhfəyə görə Azərbaycan Reszpublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Mükafatları: Ukraynada Valensia Art Fest 2022 Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. Azərbaycan Gənclər İttifaqının Qarabağ mövzusunda keçirdiyi Beynəlxalq müsabiqəsində “Bayraq kimliyimizdir” əsəri I yerə layiq görülüb. Türkiyədə keçirilən “ART PLANET” müsabiqəsində II yeri tutub. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Qarabağın incisi - Şuşa” adlı rəsm əsərləri və əl işlərinin II Ümumrespublika müsabiqəsində II yeri qazanaraq Fəxri Fərmana və pul mükafatına layiq görülüb. Almaniyada “HERBST SYMPHONIE - BERLİN 2021” beynəlxalq müsabiqəsində II yerə layiq görülüb. “EL LOGİSTİCS GROUP” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən keçirilən “8 noyabr - Zəfər günü və işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturun yenidən qurulması” adlı uşaq rəsm-müsabiqəsində III yeri qazanaraq Diplom və pul mükafatı ilə təltif edilib. “FABER-CASTEL”in keçirdiyi “Mən və texnologiyalar” müsabiqəsinin qalibi olub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin keçirdiyi müsabiqədə “Şuşa qalası” əsəri 2-ci yeri və pul mükafatı qazanıb. Peruda keçirilən rəsm müsabiqəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyası ilə birgə təşkil etdiyi “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş müsabiqədə, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının şagirdləri arasında təşkil olunmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Qış nağılı” mövzusunda ən gözəl rəsm müsabiqəsində, “LİATRİS HOLDİNG” və “NEWS24”ün təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilən “Mənə dünyanı çək” rəsm müsabiqəsində, Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyə Respublikası İzmir şəhərində İşılay Sayqın Gözəl Sənətlər liseyində keçirilən tədbirdə iştirakına görə Diplomlarla təltif edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə “Ümummilli lider Heydər Əliyev” adlı əsəri 2-ci yerə layiq görülüb.
Azərbaycan Republikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ortaq Dəyərlər İctimai Birliyinin reallaşdırdığı "Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində keçirilmiş "50 milyonun Zəfəri" rəsm müsabiqəsində “Şuşa qalası” əsəri qalib olub və mükafatı qazanıb. Beynəlxalq VII uşaq və gənc rəsm festivalının, VII uşaq və gənclərin incəsənət festivalının iştirakçısı olub. Bolqarıstanın Azərbaycandakı Səfirliyinin keçirdiyi “Bolqarıstan - Uşaqların gözü ilə” müsabiqəsində Diploma layiq görülüb. Mərakeşin Azərbaycandakı Səfirliyinin keçirdiyi “Mərakeş – Gənc Azərbaycan rəssamlarının gözü ilə” müsabiqəsində Diploma layiq görülüb.
2024-cü ildə Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsində “Rəsm” nominasiyası üzrə 1-ci yerə və mükafata layiq görülüb.
Mən sadalamaqdan yoruldum daha, ona görə də müsahibəyə keçid alıram.
-Xoş gördük, balaca rəssamımız, yaşınız az olsa da, böyük uğurlara görə sizi təbrik edirik. Rubrikamızda az da olsa, rənglər dünyanıza səyahət etmək istədik.
Bilmək istərdik ki, bizim gözəl rəssamımızın barmaqları nə zamandan belə gözəl rəsmləri yaratmağa başlayıb?
- Mən şəkil çəkməyə bağçada oxuduğum vaxtlarda başlamışam. Yəni, 4 yaşımda. Bağçadakı müəllimim anama deyib ki: "Qızınızı təhsil almaq üçün gələcəkdə İncəsənət Gimnaziyasına yönləndirin. Çünki sizin qızınız bütün günü bağçada şəkil çəkir və o, nə zamansa böyük rəssam olacaq."
Anam da onun tövsiyəsini və istəyimi nəzərə alıb məni Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasında təhsilə istiqamətləndirib.
- Rəsmlərinizin hamısı çox gözəldir, məlumdur ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. Rəsmlərinizin arasında Şuşa ilə bağlı möhtəşəm əsəriniz var. Minarəmiz bu rəsmi yaradarkən hansı hissləri yaşadı?
- Bu əsərin maraqlı yaranma tarixçəsi var. Böyük Zəfərimizdən sonraydı. Anam - siz yəqin onu tanıylırsınız, şairdir, Rəsmiyyə Sabir- mənə Facebookda bir şəkil göstərdi. Bu şəkil bir foto idi. Şuşa qalasının yanında Qarabağ atı üzərində bir Azərbaycan gəncinin fotosu idi. Foto o qədər möhtəşəmdi ki... Mədəniyyət paytaxtımız Şuşa, Qarabağ atı, onun üzərindəki Azərbaycan gənci, Azərbaycan gəncinin əlində müqəddəs üçrəngli bayrağımız, bir az aralıda Xarıbülbülün maketi. Bu qədər gözəllik bir arada. Necə təsirlənməyəsən?... Foto mənə o qədər təsir etdi ki, anama onu çəkmək istədiyimi bildirdim. Anam mənə böyük kətan və akril boyalar alıb gətirdi. İşə başladım. Bir neçə gün ərzində bitirdim. Hamı bu əsəri çox bəyənir. Bu əsərimlə bir neçə dəfə müsabiqələrdə qalib olmuşam.
- Rəsmlərinizdə milli geyimlərin gözəlliyi, rəngi diqqəti cəlb edir. Geyimlər maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirir. Buradan hiss olunur ki, balaca rəssamımız millətinə böyük sevgi ilə bağlıdır. Növbəti sualım belədir: Vətənpərvər insan necə olmalıdır?
- Valideynlərim məni vətənpərvər böyüdüblər. Özümü dərk edəndən bu hisslərlə yaşamışam. Vətənpərvər insan öz millətini, torpağını, ölkəsini çox sevməlidir. Onu qorumalıdır, onu ölkəsindən kənarda da layiqincə təmsil etməlidir. Mən çəkdiyim rəsmlərlə ölkəmizi xaricdə təmsil edirəm və bu məni xoşbəxt edir.
- Minarə rəsm çəkərkən rəngləri əvvəl seçir, yoxsa ruhunun əlləri boyaları özü seçir və olubmu ki, ananız- sevimli şairimiz Rəsmiyyə xanım şeir oxuyarkən siz o cümlələrdən ilhamlanıb hansısa rəsm çəkmisiniz?
- Hər hansısa bir əsəri çəkmək mənim ruhumdan gəlməlidir. Nədənsə təsirlənib yaradıcılığa başlayanda o əsərim uğurlu olur. Anam və müəllimim Nəsibə Əsgərova mənə sənət yolunda dəstəkdirlər. Bəzən anamın şeirlərindən də ilhamlanıram. Anamın şeirlərini çox sevirəm.
- Hansı məşhur rəssamların əsərləri sizi daha çox ilhamlandırır?
- Azərbaycanın gözəl rəssamları olub və indi də var. Səttar Bəhlulzadənin, Toğrul Nərimanbəyovun, Tahir Salahzadənin əsərlərini çox sevirəm. Sakit Məmmədovun və müəllimim Nəsibə Əsgərovanın əsərləri isə ruhuma daha doğmadır.
- Yalnız ağ və qara boyanız olsa idi, hansı rəsmi çəkərdiniz?
-Bir insan silüeti çəkərdim. Onu da deyim ki, mənim yalnız ağ və qara rənglərlə çəkdiyim rəsmlərimin sayı azdır. Kasad rəngli rəsmlərim də həmçinin, azdırlar.
r
-Minarə dünyanı hansı rənglərlə boyamaq istərdi?
- Əlvan rənglərə. Mənim yaradıcılığımda əlvan rənglər xüsusi yer tutur. Siz də mənim daha çox yaşıl rənglərlə boyalı rəsmlərimi çox sevirsiniz.
- Minarənin rəsmləri canlansaydı, nə söyləyərdi?
- Yəqin ki, təşəkkür edərdilər. Mən onlara həyat verməyə cəhd etmişəm.
Sevimli balaca rəssamımız, "Ədəbiyyat və İncəsənət" portalının komandası adından sizə uğurlar arzulayırıq. Qəlbinizdəki arzuların həyata keçməsini diləyirik.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Riad Məmmədov “Evidence” fransız leyblində iki albom buraxır
Azərbaycanlı və rusiyalı pianoçu, bəstəkar Riad Məmmədov Fransanın “Evidence” leyblində “East of Eden” adlı iki albom buraxır.
AzərTAC xəbər verir ki, tanınmış pianoçu və bəstəkar Riad Məmmədovun yeni layihəsi “East of Eden” və “East of Eden II” adlı iki orijinal bəstəni ehtiva edən albomdan ibarətdir. Albomlar müasir akademik və orijinal musiqi üzrə ixtisaslaşan fransız leybl “Evidence”də buraxılır. Buraxılışa dəstək olaraq fevral ayında Moskva və Sankt-Peterburqda konsertlər keçiriləcək.
“East of Eden” layihəsi Riad Məmmədovun Şərq intibahının irsi və onun Qərb musiqi ənənəsi ilə üst-üstə düşməsi üzərində uzun illər davam edən düşüncəsinin nəticəsidir. Albomlara klassik, Şərq, xalq və caz musiqisinin elementlərini incə şəkildə birləşdirən orijinal kompozisiyalar daxildir. Səsyazmada həm akademik, həm də ənənəvi alətlərdə ifa edən musiqiçilər iştirak edirdi: fortepiano, kontrabas, nağara və tar.
Vokal partiyaları “Questa Musica” ansamblı (Qərbi Avropa xor ənənəsi) və Şərq oxuma üslubunu təmsil edən solist-xanəndə tərəfindən ifa edilib.
Riad Məmmədovun sözlərinə görə, “East of Eden” sadəcə bir musiqi albomu deyil, həm də zaman və mədəniyyətlər arasındakı əlaqənin dərindən öyrənilməsidir: “Şərq və Qərb dialoqunu təkcə musiqi ilə deyil, həm də mətn vasitəsilə - albomlarda orta əsrlər və müasir şairlərin şeirləri, mütəfəkkirlərin və filosofların fikirləri ilə çatdırmaq mənim üçün vacib idi. Burada çoxqatlı səs fonu yaradaraq rus fortepiano məktəbinin təsiri də mühüm rol oynayır”.
Alboma müasir rəssamlar Aydan Salahova və Yevgeni Dedovun əsərləri daxildir. Onlar musiqili hekayəni qadın və kişi, Şərq və Qərb, maddi və efemer mövzularının vizual təqdimatı ilə tamamlayır.
Layihə “Little Tribeca” ailəsinin bir hissəsi olan fransız “Evidence” leyblində buraxılır. Bu ticarət brendi klassik və orijinal musiqi sahələrində albom buraxılışları ilə tanınır və onun son layihələrinə Stinqin “Thélème” barokko ansamblı ilə əməkdaşlığı da daxildir.
“East of Eden” layihəsi Şərq və Qərb ənənələrini unikal müəllif təfsirində birləşdirərək müasir akademik musiqi dünyasında mühüm hadisəyə çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)