
Super User
GK-da maliyyə uğuru vədi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Hər dəfə özünü lazımsız, artıq adam sayanda onu yadına sal ki, sənin bədənində 25 milyon antutel var, onlar sənin damarlarınca hərəkər edir, səni qoruma üçün ölümə belə gedirlər.
2.
Seriallarda ölənlərin sayını görüncə düşündüm ki, ölkəyə yenidən siyahıyaalma lazımdır.
3.
Qproskop mənə bu günə maliyyə uğurları söz verib. Çarpayıda uzanıb səbirsizliklə gözləyirəm.
4.
-Məmmədov, sən addımbaşı vulqar söz, jarqon ifadə, biədəb məsəl işlədən şəxslərə necə baxırsan?
-Müəllim, hamısı posledni cındırdı.
5.
Fövqəladə Hallar Nazirliyi gələn il baş verəcək fövqəladə halların siyahısını hazırladı.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
Çeçenistan müharibəsini çəkməklə dünya şöhrəti qazanan, adı ABŞ-da memorial lövhəyə vurulan JURNALİSTİMİZ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün həm də Azərbaycanın hərbi jurnalisti və teleoperatoru Fərhad Kərimovun anım günüdür. Həqiqətən də biz bir çox adı dillərdə qalası olan şəxslərimizi tanımamaqda israrlıyıq.
Dağlıq Qarabağ, Gürcüstan, Tacikistan və Çeçenistanın döyüş zonalarında hazırladığı reportajların müəllifi Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır.
O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışır. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən Röyter və Assoşieyted Press agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır. O, həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olmuşdur.
Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırmağı bacarmışdı. 1994–1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynamışdır.
Fərhad Kərimov 1995-ci il mayın 21-də Çeçenistanda çeçen üsyançılar tərəfində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olmuşdur. Onun cəsədini mayın 22-də yerli sakinlər tapmışdır. Bir neçə gün sonra isə qardaşı tərəfindən cəsədə baxış zamanı onun Fərhad Kərimov olduğu rəsmi şəkildə təsdiq edilmişdir.
Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunmuşdur. Yalnız üç ildən sonra dostlarının köməyi ilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının yanında yenidən torpağa tapşırılmışdır.
1995-ci ildə Fərhad Kərimov silahlı münaqişə zamanı öldürülmüş jurnalist Rori Pek adına təsis edilən mükafata layiq görülmüşdür.
1996-cı ilin mayında Fərhad Kərimovun adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuşdur.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”
44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında ordumuzla, siyasətdə diplomatımızla, sosial mediada isə vətəndaşlarımızla bacara bilməyən Ermənistan yenidən ən yaxşı bacardığı işi - terror və təxribat silahını işə saldı.
Belə ki döyüşlərin getdiyi ərazidən tamamilə uzaqda yerləşən yaşayış məntəqlərimizi raket və artrelliya atəşinə tutdular. 11 və 17 oktyabr 2020-ci il tarixdə Gəncəyə raket hücumu nəticəsində 27 mülki şəxs şəhid oldu, 80 nəfər isə xəsarət aldı. Növbəti hədəf Bərdə şəhəri oldu. Burada isə 21 nəfər mülki şəxs şəhid oldu, 70 nəfər isə müxtəlif dərəcəli xəsarət aldı. Bu xain hücumlar nə dövlətimizin, nə millətimizin, nə də ordumuzun əzmini qıra bildi. Müzəffər ordumuz bu vəhşiliyin cavabını döyüş meydanında layiqincə verdi. Azərbaycan xalqı qalib gəldi. Ərazi bötövlüyünü bərpa etdi.
Bütün bunlara baxmayaraq, biz erməni xislətini və niyyətini heç vaxt unutmamalıyıq. Son 100 ildə əllərinə fürsət düşün kimi Vətənəmizə və millətimizə xəyanət edən ermənilərin Azərbaycanda törətdiyi terror və soyqırımı hadisələrini xatırlamaq yerinə düşər.
1905 və 1918-ci illərdə Daşnaksutyun terror təşkilatı 50 min soydaşımızı qətlə yetirib.
1937-38-ci illərdə minlərlə ziyalımızın represiya qurbanı olmağı birbaşa ermənilərin imzası ilə həyata keçirilib.
6 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
9 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
8 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir.
Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
8 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. "Qazax-cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında "Kislovodsk-Bakı" sərnişin qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Respublikası Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək, cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini, böyük insan tələfatı ilə nəticələnəcək partlayışlar törətmək tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində "ZİL" markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan "QAZ-66" markalı sərnişin avtobusu rayondan çıxarkən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır dərəcədə yaralanmışdır.
1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarə vurulmuş, 34 diplomat və ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Bütün bunlar onu göstərir ki, Ermənistan kimi bir qonşu ilə sülh içində yaşamaq üçün həmişə savaşa hazır olmalı, ehtiyatı əldən verməməli və arxayınlaşmamalıyıq.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
Böyük səhnədə yaddaqalan konsertlər verən qadın sənətkarlar içində ən məhsuldarı NƏZAKƏT TEYMUROVA
Əməkdar jurnalist Səadət Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün
Xalq artisti, əzizimiz Nəzakət Teymurova peşəkarlıq səviyyəsini hər zaman yüksəkdə saxlamağı bacarır. Ona bu işdə peşəkar sənətkarlardan ibarət komandası da dəstək verir. Təbii ki, incəsənət təkbaşına fəaliyyət deyil. Əliağa Sədiyev, Şirzad Fətəliyev və digərləri səhnədə Nəzakət xanımın qüsursuz performansını yüksək zövqlə tamamlayırlar.
Orkestr isə...bir ayrı aləmdir. Bakı Kamera Oskestri və baş dirijor Fuad İbrahiov hansı səhnəyə çıxsa, oranın yaraşığı olur. Amma bu gözəlliyin pərdəarxası da var, orkestrlə ifa olunan əsərləri, milli musiqiləri və xalq mahnılarını simfonik ifa üçün işləyən, oskestrləşdirən bəstəkar Ceyhun Allahverdiyevdir. Bu repertuar yeni deyil və Nəzakət xanım onu səhv etmirəmsə Bakıda 2 dəfə, xarici ölkələrdə bir neçə dəfə ifa edib. Bakıdakı ilk konsertdə canlı iştirak etməmişdim, amma bütün süjetləri izləmişdim. Birinci konsertdən sonra böyük bəstəkar rəhmətlik Arif Məlikovun müsahibəsini dinləmişdim. Ceyhun Allahverdiyevi ilk dəfə həmin vaxt onun dilindən eşidib tanımışdım. Arif müəllim təxminən belə dedi ki, bu işləmələrin hamısı tələbəm Ceyhunundur, onunla fəxr edirəm.
Bəli, Ceyhun müəllim ifaçı olmadığı üçün kütləvi mənada məşhur deyil. Şou əhlindən uzaq təvazökar insan, akademik musiqiçi, peşəkar bəstəkardır. Bizim Ülvinin də sənət müəllimidir. Ona görə yaxşı tanıyıram. Dünənki möhtəşəm gecədə səslənən əsrarəngiz osketrləşmə məhz ona məxsusdur və buna görə Ceyhun Allahverdiyevə böyük təşəkkürlər!!!
Nəzakət xanımın dünənki performansı isə ayrıca bir dastandır. Çox mükəmməl idiniz, gözəl və əziz ağdamlı qız.
Nəzakət xanım, böyük səhnədə yaddaqalan konsertlər verən qadın sənətkarlar içində ən məhsuldarıdır. Onun son 15 ildəki konsertlərinin demək olar hamısında olmuşam. Hamısı xüsusi konseptlə hazırlanmış, üzərində ciddi əziyyət çəkilmiş, aylarla tər tökülmüş tərtibat və ifa ilə yadımda qalıb.
Ümumiyyətlə, muğam ifaçıları intensiv konsert vermirlər. Əlbəttə ki, burada peşəkar komanda işi, prodüserlər, sponsor və s lazımdır. Bunun üçün adamın gərək bir az toydan da başı açılsın. Bu yerdə deyim ki, əməkdar artist Əliağa Sədiyev təkcə tarzən deyil, Nəzakət xanımın konsertlərinin prodüserliyindən tutmuş texniki təşkilatçılğına qədər hər işlə şəxsən məşğul olur və nəticədə ortaya YAXŞI İŞ çıxır. Hər konsert vermək istəyən xanəndənin Əliağa kimi canıynana sağ əli olmalıdır. Amma cəhd göstərmək lazımdır, cavan və orta nəsil xanəndələr fəallaşsa yaxşı olar. Dəstgahlar unudulur. Əksəriyyəti efirlərə çıxıb təqdim etdikləri toy repertuarından o yana keçə bilmir. Hansı özündən deyən cavan və ya orta nəsil xanəndənin bir muğam dəstgahı konsertini görmüşük?! Son illərdə yalnız Fərqanə Qasımovanın belə konsertini xatırlayıram. Bəlkə olub, mən bilmirəm.
Yeri gəlmişkən, muğamsevərlərin çox bəyəndiyi layihələrdən biri də Arif Babayev və tələbələrinin birgə ifasında muğam dəstgahları idi - Cahargar, Şur və Rast oxunub mənbilən və böyük sevgi ilə qarşılanıb, unudulmazlıq qazanıb. O tələbələrin hamısı indi həm də illərin müəllimidir. Əliağa müəllim, qolunuzu çırmalayıb bu konsertdən birini də təşkil edin, Arif müəllim səhnədən baxsın, saçı çallaşmış tələbələr bir SEGAH oxusun. Sonra da bunu cavan ifaçılarla etmək olar.
Bir sözlə, Nəzakət xanım ifasında təkrarsız olduğu kimi yenilikçilikdə və məhsuldarlıqda da birincidir. Ondan nümunə götürün, gənclər!!!
Nəzakət xanım, bu dərin fəlsəfi, ruhsal gecə üçün təşəkkürlər!!!
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
“Harda başlayır bu yol?” – TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı Poeziya saatında bu gün sizlərə Təranə Dəmirin şeirlərini təqdim edir.
***
Bir ovuc ümidə açdım gözümü,
Döydü pəncərəmi bahar bu səhər.
Mənə əl elədi günəş gizlicə,
Silindi könlümdən qübar bu səhər.
Təzədən vuruldum bahara bu gün,
Üzümü, gözümü günəşlə yudum.
Açdı taleyimdə yaz çiçəkləri,
Çəmənə vuruldum, çölə vuruldum.
Yenə sevdalandım yaz səhərinə,
İşığa bələndim, nura bələndim.
Açıldı ruhumun qaşı, qabağı,
Üstünə səhərin şehi çiləndi.
Bu səhər könlümün buzu əridi,
Bu səhər günəşin oduna düşdüm.
Nə yaxşı üzümə güldü bu səhər,
Nə yaxşı baharın yadına düşdüm.
***
Uşaq idik,
üzümüzdə gülüş, içimizdə işıq, saçımızda
sığal,
Yanımızda əmilər, dayılar, bibilər, xalalar ,
Sevgiylə açılırdı üzümüzə bütün qapılar.
Atamızın, anamızın qucağı boydaydı
xoşbəxliyimiz,
Dipdiriydi, dupduruydu qurduğumuz
xəyallar,
Ləkəsiz, tər-təmiz.
Azadlığımız kəndin qırağınacandı,
Bir öpüşcəndi ağrılarımızın ömrü.
Bayramdan bayrama sevinərdi əynimiz.
Xoşbəxtliklə bitərdi biz inanan nağıllar,
Nağılların ömrü də səhər açılanacandı.
Böyüyürdük dünyadan xəbərsiz
nağıl-nağıl, fəsil-fəsil.
Göydən üç alma düşürdü hər gecə,
Biri bizim, biri nağıl deyənin, biri də...
Yadımda deyil...
Göz açıb yumunca
keçdik bir-bir günləri, ayları, illəri,
Sığal-sığal keçdik,
Qoğal-qoğal keçdik.
Bir də gördük ki, payız döyür qapımızı,
Saçında külək, gözündə yağış, yolunda
xəzəl.
İstədik işıq sürətilə qayıdaq geri...
Onda da baxdıq ki, çox gecdi, çox gecdi...
***
İndi adamlar yox,yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman-liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya,
Hara baxırsan daşdı.
Ürəklər daş, küçələr daş,
Binalar daş, hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,
İçində məhəbbət, saçında sığal, ruhunda bahar .
Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış,əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın-yalavac misralar,
Nöqtələr, nidalar,suallar...
***
Bu qız bu oğlandan küsüb deyəsən,
Başını qaldırıb üzünə baxmır.
İstəyir çevrilib yanından gedə,
Onda da ayağı sözünə baxmır.
Oğlan addım-addım sayır zamanı,
Bir addım irəli, bir addım geri.
Qızla bir nəfəslik bu məsafəni
Neynirsə aşammır sabahdan bəri.
Hərəsi bir yanda vaxtı aldadır,
O da nigarandı, bu da nigaran.
Haqq-hesab çəkirlər ürəklərində –
Görəsən nə keçib aralarından?
Birdən külək qopur, ikisini də
Qatır qabağına səssiz, səmirsiz.
Göz açıb yumunca baxıb görürəm
Bir mənəm, bir külək, bir də ki, dəniz .
***
Bu yol neçə qışdan, bahardan keçib,
O dərədən keçib, bu yaldan keçib,
Neçə ayrılıqdan, vüsaldan keçib,
Nələrdən keçməyib yol olanacan?
Vurub dağa, daşa özünü gəzib,
Çəkib yerin, göyün nazını, gəzib,
Heç vaxt qatlamayıb dizini, gəzib,
Dolanıb özünə sarılanacan.
Uzana-uzana incəlib bu yol,
Döyülə-döyülə dirçəlib bu yol,
Elə ayaq üstə dincəlib bu yol,
Yüyürüb nəfəsi daralanacan.
Belində nə qədər yükü var,Allah,
Günahı, əzabı, görkü var, Allah,
Bu yol ağrı çəkib o ki var, Allah
Özünə yol tapıb, yol alanacan.
***
Addımlayıram tütün qoxuyan küçəni üzü dənizə sarı
Başımda külək, ayağımda payız, xəyalımda bahar.
Ağaclar da yeriyir mənimlə, binalar da.
Yanımda dolaşır rəngli-rəngli adamlar,
dodaqlarında qeybət, yerişində əda, qollarında təklik, gözlərində nida,
Çiyinlərində çanta, barmaqlarında mesaj, baxışlarında giley-güzar.
Hamısı yorğun, hamısı nigaran,
Hamısı yarımçıq, hamısı natamam...
Bəziləri Göyündən,
Bəziləri yerin dibindən baxır adama.
Bəziləri əynindən, başından,
bəziləri cibindən baxır adama.
Yazığım gəlir şəhərə, küçəyə,
Bahara, özümə, küləyə....
***
Ömürdümü bu görən,
Yoxsa sınaqdı, Allah?
Hayandan gələk sənə,
Hər yan günahdı, Allah.
Qarışıb bir-birinə
Qarası, ağı bunun.
Nə astarı, nə üzü
Bilinmir axı, bunun.
Bilmirik kimdi ağa,
Nökər kimdi, bilmirik.
Bilmirik ovçu kimdi,
Şikar kimdi, bilmirik.
Yatırıq, oyanırıq,
Görürük ki, sabahdı.
Yenə həminki dərddi,
Yenə həminki vaxtdı.
İndi acından ölmür,
İçindən ölür adam.
Abrından, həyasından,
Gücündən ölür adam.
Azdırır addımbaşı
Dərə bizi, dağ bizi.
Söz ilə öldürürlər
Vaxtından qabaq bizi.
Ömürdümü bu görən,
Yoxsa sınaqdı, Allah?
Hayandan gələk sənə,
Hər yan günahdı, Allah.
***
Ölürük varaq -varaq ,
Sətir -sətir, İlahi.
Harda başlayır bu yol,
Harda bitir, İlahi.
Nə tapsaq sınayırıq,
Pozuruq, sanayırıq,
Zamanla oynayırıq
Sənə xətir, İlahi.
Yerdimi, qəfəsdimi?
Eşqdimi, həvəsdimi?
Bu çıxan nəfəsdimi?
Yoxda nədi, İlahi?
Hay-haraydı, küy-kələk,
Yer kələkdi, Göy kələk,
Görək nə vaxt bitəcək
Bu əsatir, İlahi.
Dünya sirrdi, sən sirrsən,
Açammırıq nə sirrsə,
Onsuz da nə gedirsə
Bizdən gedir, İlahi.
Ölürük varaq-varaq,
Sətir-sətir, İlahi.
Harda başlayır bu yol,
Harda bitir, İlahi?
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
Görüntü - bu günün ən böyük aldanışıdır - ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
İnsanlıq... Dəyişən çox şey var. Bir o qədər də dəyişməyən. Zaman axır. Yeniliklər artır, şəhərlər böyüyür, texnologiya inkişaf edir. Amma bu axarın içində dəyişməyən duyğular, dəyişməyən ehtiyaclar da var — sevgi, qorxu, ümid, itki, nifrət kimi.
Bəzən görünən və gerçək arasında bir boşluq gizlənir. Hər şey görünməyənin arxasında gizlənə bilər. Görüntü hər zaman həqiqəti əks etdirmir. Bəzən sadəcə olmayanın üstünü örtmək üçün yaradılır. İnsan gülümsəyir, ancaq içində fırtınalar qopur. Paylaşılan şəkillərdə görünən xoşbəxt ailə, dost, yoldaş, karyera xoşbəxtliyin təzahürü kimi görünsə də, çox vaxt elə deyil.
Görüntü — bu günün ən böyük aldanışıdır. Çünki onu idarə etmək asandır. Bir şəkil, bir cümlə yetərlidir ki, görünmək istədiyin kimi görünəsən. Lakin həqiqət isə belə deyil. Əsl həqiqət özünlə təkbaşına qaldığında, “mən kiməm?” dediyin anda ortaya çıxandır.
Görünməyənin arxasındakını görmək bəzən insanın özünə belə çətin görünür. Artıq özünü sığdırdığı qəlibin bir parçasına çevirəndə, həqiqət pərdəsini üzünə çəkər. Ancaq unudur ki, üzünə çəkilən pərdə bir gün gözlərini yandıracaq qədər nazikləşə bilər. Və o zaman, istəməsə belə, bu həqiqətlərdən qaçmaq, gizlənmək mümkün olmayacaq.
İnsan nə qədər dəyişsə də, dəyişməyən ehtiyaclarından biridir — görünmək. Hər kəs mükəmməl görüntüyə sahib olmaq istəyir. Hisslərini gizləyərək, içindəki səsi boğaraq “hər şey yaxşıdır” obrazı yaratmağa çalışır. Və bu yolda atılan hər yanlış üçün sonrasında daha çox bədəllər ödəyir.
Bu həyatda heç bir şey mükəmməl olmadı, olmayacaq da.Və bəlkə də, bu natamamlıqlardır bizi insan edən.Yarım qalan şeylərdir bizi birləşdirən, bir-birimizə bağlayan.Çünki insan bir az özünün, bir az da başqasının davamıdır.
Görünməyənin arxasında gizlənən həqiqət səni gözləyir.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
"Mənim sazlı, sözlü dünyam" deyən Aşıq Hacı Göyçəli
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycanlı aşıq və şair Hacı Göyçəlinin anım günüdür. Hacı Göyçəli 1931-ci ilin iyun ayında Göyçə mahalının Daşkənd kəndinin "Hacı Qurban" yaylağında anadan olub. Hələ uşaq yaşlarından aşıqlığa həvəs göstərən Hacı 1945-ci ildə Daşkəndli Abbasəli Nəzərova şəyird olmuş və bir ildən sonra Bala Məzrəli Aşıq Hüseynin yanında,1947–1950-ci illərdə isə Qannılı Aşıq Mehdınin yanında şəyirdlik etmişdir.
1951–1955-ci illərdə Aşıq Hacı sovet ordusunda hərbi xidmətdə olmuşdur. Aşıq Hacı bir neçə şəyirdə aşıqlıq sənətinin sirlərini öyrətmişdir. Qannı kəndindən Balakişi, Qaraqoyunlu kəndindən Aşıq Səlim, Aşağı Şorca kəndindən Aşıq İslam 1968-ci ildən 1978-ci ilədək Aşıq Hacının yanında aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir.
1978-ci ildən öz həmkəndlisi Nuriddin İsgəndərovu özünə şəyird götürmüşdür. 1981-ci ildə Nuriddinlə birlikdə televiziyada "Aşıq Alı" dastanını, 1985-ci ildə isə "Şəmkirli Aşıq Hüseyn" dastanını söyləmişlər və hər iki dastanın lent yazısı televiziyanın "Qızıl fonduna" daxil edilmişdir. 1984-cü ildə IV Aşıqlar qurultayına nümayəndə seçilmişdir. 1991-ci ildə Almaniyaya qastrol səfərinə getmiş və Almaniyanın bir sıra şəhərlərində konsertlər vermiş, Azərbaycan folklorunu, Göyçə aşıq məktəbini layiqincə təmsil etmişdir.
1992-ci il 24–30-u oktyabrda Türkiyənin Konya şəhərində Ümumtürk aşıqlar müsabiqəsində iştirak etmiş və qızıl medala layiq görülmüşdür. 1988-ci ildə erməni təcavüzünə məruz qalan azərbaycanlılar Qərbi Azərbaycandan, eləcə də Göyçədən vəhşicəsinə sıxışdırılıb çıxarıldığı vaxt Aşıq Hacı da Şəmkir rayonunun Çənlibel kəndində məskunlaşmışdır.
“Göyçəli Koroğlu” (film, 2003) filminin çəkilişlərində iştirak etmiş və rollarda aparıcı aşıq kimi çəkilmişdir. Film "Koroğlu dastanı" əsasında çəkilmişdir. Filmdə həmçinin sənədli kadrlardan və aşıq deyimlərindən də istifadə olunmuşdur.
Aşıq 22 may 2011-ci ildə 79 yaşında Şəmkir rayonunun Çənlibel kəndində vəfat etmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
Yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 155 illiyinə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 158 №-li tam orta məktəbdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
“Ədəbiyyat və incəsənət” portalına Mərkəzi Kitabxanadan verilən məlumata görə, tədbirdə öncə kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova yazıçının həyatı, ədəbi yolu, ictimai fəaliyyəti haqqında məlumat verdi. Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında bildirdi ki, ədib ilk realist dramaturqlarımızdan biri idi. O, satira və yumor vasitəsilə cəmiyyətin eybəcərliklərini üzə çıxarmağa çalışmışdır, bu da hər zaman oxucunu düşünməyə təşviq edir.
Məktəbin ədəbiyyat müəllimi Xuraman Əliyeva çıxışında yazıçının ədəbiyyata və cəmiyyətə verdiyi töhvələri, onun irsinin bu gün də əhəmiyyətli olduğunu vurğuladı və qeyd etdi ki, bu yubiley münasibətilə keçirilən tədbir təkcə onun irsinə hörmət deyil, həm də gənc nəslin bu dəyərli irsi daha dərindən tanınmasına, ondan ilham almasına zəmin yaradır. Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığı gələcək nəsillər üçün hər zaman örnəkdir.
Tədbirdə iştirak edən müəllimlər Nəzakət Səfərova, Pərzad Vahabova, Şayəstə Məşədiyeva yazıçının yaradıcılığında xalqı maariflənməyə cağırmağından, əsərlərinin bu gün də aktual olmasından danışdılar.
Məktəbin 8-ci və 10-cu sinif şağirdləri Əlisəfa Ziyadlı, İsmət Əliyev, Məhəmməd Nuriyev və b. Əbdürrəhimbəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsinə dair səhnəcik nümayiş etdilər.
Sonda məktəbin müəllimi Nəzakət Səfərovanın hazırladığı Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
MƏŞHUR FOTOJURNALİST – O, Azərbaycanın bəlalarını dünyaya bəyan edib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
O, dünyanın 115 ölkəsində 1 milyondan çox şəkil çəkib. Çəkdiyi fotolar 25 jurnalın üz qabığı olub. Hər bir şəklinin də öz hekayəsi və öz nağılı var. Müxtəlif münaqişə zonalarında – Ruanda, Bosniya, Əfqanıstan, Pakistan, İraq, eləcə də Azərbaycanda çəkdiyi cavaş səhnələri hər kəsdə dərin təəssürat yaradır. Ən təsiredici anı Xocalıdan olan yaşlı qadının şəklini çəkərkən yaşayıb. Faciədən sonra qaça-qaça əllərini göyə açaraq gələn, amma əzizlərinin hamısının həlak olduğunu görən, ah-nalə edən qadının fotosunu çəkərkən. Bütün dünya həmin rəsmə baxaraq məyus olub. Məşhur fotojurnalist bu şəkli Fransa və Amerika da daxil olmaqla dünyanın bir çox ölkələrində sərgiləyib, kitablarına daxil edib. Hətta Avropada buna görə ermənilərlə münaqişələri də olub.
1992-ci ildə cəbhə bölgəsində ermənilər üç dəfə ona snayperdən atəş açıblar, güllələrdən biriŞuşa yolunda papağını aparıb, ikincisi qulağını cızıb, digəri isə ayağının arasından keçib. O, 20 yanvar, Xocalı faciəsi də daxil olmaqla, Azərbaycan – Qarabağ həqiqətlərini dünyaya bəyan edən fotojurnalist kimi tanınır.
Söhbət 26 iyul 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində anadan olmuş Reza Deqatidən (və ya Rza Diqqətidən) gedir. 14 yaşından şəkillər çəkməyə başlayan R.Diqqəti Tehran Dövlət Universitetinin memarlıq fakültəsində təhsil alırdı. Lakin fəaliyyətinə görə 22 yaşında həbs olunub, işgəncələrə məruz qalmışdır. Həbsdən çıxdıqdan sonra - 1981-ci ildə özünə qarşı artan təzyiqlər üzündən təhsilini yarımçıq qoyaraq İranı tərk etmişdir. Fransaya getmiş, 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamışdır. 1992-ci ildə həyat yoldaşı, yazıçı Reyçel Diqqəti ilə birlikdə Parisdə Webistan Foto Agentliyinin əsasını qoyub.
Biz bu yazıda qısaca olaraq R.Diqqətinin ancaq Azərbaycanla bağlı fəaliyyətinə diqqəti cəlb etmək istərdik.
“National Geografic”, “GEO” və digər dünyaca məşhur jurnalların tanınmış fotoqrafıolan R.Diqqəti Azərbaycan Respublikasına ilk dəfə 1987-ci ildə səfər edib. İki həftə sürən bu səfər “Vətən” cəmiyyətinin sədri, yazıçı Elçin Əfəndiyevin dəvəti ilə baş tutmuşdur. Bu onun Azərbaycanla, Azərbaycan ziyalıları ilə ilk tanışlığı olmuşdu. O, bu səfər zamanı Bəxtiyar Vahabzadə, Fərhad Xəlilov, Anar Rzayev, Fikrət Qoca başqa ziyalılarımızla tanış olmuşdu.
20 Yanvar günlərində də çox çətinliklə Bakıya gəlib çıxan R.Diqqəti soydaşlarının köməyi ilə Bakıda üç gün gizli şəkildə xəstəxana və meyitxanalarda çəkilişlər etmişdir. O, Şəhidlər Xiyabanında şəhidlərin dəfn mərasimində də olmuş və çoxlu fotolar çəkmişdir. Üç gündən sonra Fransaya qayıtmışdır. Həmin günün axşamı isə bütün Fransa televiziya və jurnalları Bakıdan xəbərlər yaymışdılar. R.Diqqəti özü deyir ki, “sonralar bildim ki, o zaman Azərbaycan DTX-sına təzyiqlər olub ki, harada yatmışdınız? “Fransız” gəlib, üç gün çəkiliş edərək gedib, sizin xəbəriniz olmayıb!”
Onun Azərbaycana növbəti səfəri Xocalı soyqırımından sonra, 1992-ci il fevralın 28-də baş tutmuşdu. Həmin gün Bakıya gələn məşhur fotoqraf azərbaycanlı olduğunu bildirmədən Fransadan gələnlərlə birlikdə Ağdama getmiş, orada Xocalıdan gətirilən meyitlərin, onların ailələrinin fotolarını çəkmişdi. R.Diqqəti “525-ci qəzet”ə müsahibəsində deyir: “...Bu vaxt erməni əsgərlərindən biri cibindən çay qaşığını çıxararaq mənə göstərdi. Soruşdum ki, bunu neynirsən? Cavab verdi ki, biz azərbaycanlıları əsir götürəndə bununla gözlərini çıxarırıq. Mən dünyanın heç bir yerində belə vəhşilik görməmişdim. Həqiqətən bizim meyitləri gətirəndə gördüm ki, gözləri çıxarılıb. Mən həmin fotoları çəkib sərgilərimdə nümayiş etdirdim. Bu, müharibə deyildi, əsil soyqırımı idi. Sonra Şuşaya üz tutdum... Neçə gün orada qaldım. Sonra geri dönüb Parisə getdim. Qarabağ müharibəsi və Xocalı soyqırımı ilə bağlı çəkdiyim bütün fotoları dünyaya yaydım”. ( https://525.az/news/42015-rza-diqqeti-yuz-defe-olub-dirilmisem)
Fotojurnalistin "Günahsızların qırğını" kitabında da 1992-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acıları əks olunur. Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda həmçinin qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərciklərdən, Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən fotolar da yer alıb.
Dünyanın ən məşhur fotojurnalistlərindən sayılan həmvətənimiz Rza Diqqəti müharibə gedən digər bölgələrdə Tərtər, Ağdam, Zəngilan və Cəbrayılda baş verən hadisələri də fotoobyektivin yaddaşına köçürüb. Fotoaparatının obyektivinə tuşladığı həqiqətləri dünyanın gözləri önünə çıxarıb.
Birinci Qarabağ müharibəsindən sonra da Rza bəy qaçqın və məcburi köçkünlərlə vaxtaşrı görüşərək, onların şəkillərini çəkib. O, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Avropa ölkələrində sərgilər təşkil edib, buna görə dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Rza Diqqətiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Rza bəy deyir ki, ermənilər “Mənə üç cür təzyiq göstəriblər, haqqımda şər, böhtan xarakterli yazılar yazıblar; fiziki təzyiq göstəriblər, sərgim olanda foto və kitablarımı cırıblar; ən pis təzyiq bir neçə böyük layihələrimin əngəllənməsi iləolub”. (https://teleqraf.az/news/art/301685.html)
O, 1997-ci ildə o, bir neçə ay Azərbaycan Respublikasında yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. Sonralar da vaxtaşırı ölkəmizə gələn fotojurnalist eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. Müsahibələrinin birində özü deyir ki, “Azərbaycanın hər yerini gəzmişəm. Bəlkə də onun ən ucqar kəndlərini mənim qədər heç kim tanımır”.
O, 2013-cü ildə Parisdə "Azərbaycan. Tolerantlıq məkanı" sərgisini təşkil etmişdir. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub.
2014-cü ildə "Alovun zərifliyi", "Qara Yanvar", "Dağlıq Qarabağ və Xocalı soyqırımı" hadisələrinə həsr edilmiş "Körpələrin döyülməsi" kitablarını yazmışdır. "Alovun zərifliyi" kitabında müəllifin Azərbaycan Respublikasına səfərləri zamanı çəkdiyi fotolar, Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar öz əksini tapıb.
Vətən müharibəsində qələbədən sonra da erməni vəhşiliyini davamlı və peşəkar şəkildə sübut etməkdə davam edən R.Diqqəti İsveçrənin Lozan şəhərində sərgi və konfrans təşkil edərək Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar. O, indi də erməni vandalizmini fotofaktlarla ifşa eyməkdə davam edir. Onun Şuşada M.P.Vaqifin məqbərəsinin, Ü.Hacıbıyovun büstünün, Bülbülün ev-muzeyinin, Ağdamda Natavanın məqbərəsinin viran qoyulması, Qubadlıda, Laçında və digər ərazilərdə məscid və qəbiristanlıqların dağıdılması və s. barədə ifşaedici fotoları erməni barbarlığından xəbər verir.
Qələbimizə ən azı bizi qədər sevinən R.Diqqəti MDU-da tələbə və müəllimkollektivi ilə görüşdə demişdi ki, möhtəşəm Qələbənin şahidi olduğu və işğaldan azad edilmiş torpaqları gördüyü üçün özünü şanslı hesabedir və qürur duyur. ADU-nin tələbələri ilə görüşdə isə söyləmişdi: “...Şuşa azad edilən kimi getdim, oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı, Şuşanın coğrafiyası fərqlidir. Mən dünyada dağ müharibələri görmüşəm, ona görə mənə inanmaq çətin idi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar. Erməni bilir ki, Qarabağ onun deyil, çünki dünyada heç bir millət öz evini yandırmaz".
Dünya şöhrətli fotoqraf R.Diqqəti indi də tez-tez ölkəmizə gəlir, müxtəlif rəsmi tədbirlərdə, çoxsaylı görüşlərdə iştirak edir, ustad dərsləri keçir. Qarabağda aparılan möhtəşəm quruculuq işlərini, ölkəmizin iqtisadi və mədəni həyatındakı uğurları öz kamerasının yaddaşına köçürməkdə davam edir.
Rza Diqqəti bizim pis günlərimizi görüb, indi yaxşı günlərimizin şahidi olur. Çəkdiyi fotolarla tariximizi yazır. Keçmişimizlə gələcəyimiz arasında bağ qurur. Bizim isə onun kimi həmvətənlərə həmişə ehtiyacımız var.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)
“Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir keçirilib
“Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəvəti ilə ölkəmizə gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb. Sədr Fuad Muradov çıxışında iki qardaş ölkə və xalq arasındakı tarixi bağlardan danışıb, dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq münasibətlərini xatırladıb. Komitə sədri həmvətənlərimizin Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, ölkədəki multikultural dəyərlərin gücləndirilməsinə töhfə verdiklərini vurğulayıb. Özbəkistanda yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onlara hər zaman xüsusi qayğı ilə yanaşdığını, həmçinin ictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərinə hərtərəfli dəstək göstərdiyini bildirib.
Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərin Məsələləri üzrə Komitəsinin sədri Kaxraman Sariev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyib. Sədr xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının rolunu xüsusi qeyd edib.
Millət vəkili Cavanşir Paşazadə öz çıxışında diqqəti ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına çəkib.
Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını dilə gətirib.
AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov, araşdırmaçı-jurnalist, türkoloq Aida Eyvazlı Göytürk və digər natiqlər çıxışlarında səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə Türk dünyası ilə birgə fəaliyyətə həsr edilən videoçarx nümayiş olunub.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)