Çeçenistan müharibəsini çəkməklə dünya şöhrəti qazanan, adı ABŞ-da memorial lövhəyə vurulan JURNALİSTİMİZ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün həm də Azərbaycanın hərbi jurnalisti və teleoperatoru Fərhad Kərimovun anım günüdür. Həqiqətən də biz bir çox adı dillərdə qalası olan şəxslərimizi tanımamaqda israrlıyıq.

 

Dağlıq Qarabağ, Gürcüstan, Tacikistan və Çeçenistanın döyüş zonalarında hazırladığı reportajların müəllifi Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır.

 

O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışır. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən Röyter və Assoşieyted Press agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır. O, həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olmuşdur.

 

Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırmağı bacarmışdı. 1994–1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynamışdır.

 

Fərhad Kərimov 1995-ci il mayın 21-də Çeçenistanda çeçen üsyançılar tərəfində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olmuşdur. Onun cəsədini mayın 22-də yerli sakinlər tapmışdır. Bir neçə gün sonra isə qardaşı tərəfindən cəsədə baxış zamanı onun Fərhad Kərimov olduğu rəsmi şəkildə təsdiq edilmişdir.

Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunmuşdur. Yalnız üç ildən sonra dostlarının köməyi ilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının yanında yenidən torpağa tapşırılmışdır.

1995-ci ildə Fərhad Kərimov silahlı münaqişə zamanı öldürülmüş jurnalist Rori Pek adına təsis edilən mükafata layiq görülmüşdür.

 

1996-cı ilin mayında Fərhad Kərimovun adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuşdur.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.