
Super User
Ermənistan-Gürcüstan bağları: dünən, bu gün, sabah... - III YAZI (III bölüm)
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün
GÜRCÜLƏŞMİŞ ERMƏNİLƏR
Ermənistanın Gürcüstana yönəlik strateji siyasətində zaman-zaman həm siyasi, həm də dini alətlərdən istifadə etdiyi bəllidir. Bunlardan biri də ermənilərin “biz də xristianıq” arqumenti ilə Gürcüstan dövlətinin mədəni, dini və sosial strukturlarına (hətta, materiyasına) nüfuz etmə cəhdləridir. Bu yanaşma, “gürcüləşmiş ermənilər” vasitəsilə daha təsirli hala gəlir və tarixi, dini, siyasi bağların manipulyasiyası ilə müşayiət olunur.
“Gürcüləşmiş ermənilər” anlayışı, Gürcüstanda yaşayan və ya gürcü cəmiyyətinə inteqrasiya etmiş erməni mənşəli şəxslərə aiddir.
Gürcüstandakı ermənilər tarix boyu bir çox hallarda Gürcü Pravoslav Kilsəsinə yaxınlaşıb və ya formal olaraq ona qoşulublar. Bu, sosial və siyasi bağları gücləndirmək üçün bir taktika kimi istifadə olunub. - Onlar özlərini gürcü mədəniyyəti ilə əlaqələndirsələr də, strateji məqamlarda erməni maraqlarına xidmət edirlər.
Gürcüstan erməniləri arasında özlərini gürcü etnik kimliyinə yaxın hiss edənlər də, erməni kimliyini qorumaqda israrlı olanlar da var. Bu “ikiqat kimlik” modeli, Ermənistana həm bir təsir kanalı, həm də cəmiyyət daxilində manipulyasiya imkanları yaradır.
“Gürcüləşmiş ermənilər”, Gürcüstan dövlətində və cəmiyyətində strateji yerləri tutaraq, bəzən Ermənistanın maraqlarını dolayı yolla təşviq edə bilir.
Ermənilər Gürcüstanla dini yaxınlıq yaratmaq məqsədilə xristianlıq faktından geniş istifadə edir. Bu strategiya, özəlliklə aşağıdakı yollarla həyata keçirilir. -
Xristianlıq üstünə odaqlanmaq:
Ermənistan Gürcüstanla eyni dini irsi bölüşdüyünü vurğulayaraq, münasibətlərdə “tarixi dostluq” narrativini gücləndirmək istəyir.
“Biz də xristianıq” tezisi, Gürcüstanın Pravoslav Kilsəsini və siyasi dairələrini təsir altına almaq cəhdi kimi də yorumlana bilər.
Dini infrastruktur məsələləri:
Ermənilər Gürcüstanda yerləşən erməni kilsələrinin sayı və statusu üzərindən Gürcüstan dövlətinə müxtəlif təzyiqlər göstərir.
Bəzi hallarda ermənilər, Gürcüstanın tarixi irsini mənimsəməyə çalışaraq, qədim gürcü kilsələrini “erməni abidəsi” kimi təqdim edir.
Dini təsir üsulları:
Gürcüstanın beynəlxalq imicinə təsir göstərmək üçün erməni diasporu “xristian qardaşlığı” mövzusunu qabardır və Gürcüstanı Ermənistanı dəstəkləməyə çağırır.
Nüfuz cəhdlərinin səbəbləri
Ermənilərin Gürcüstan dövlətinə nüfuz etmə cəhdləri bir neçə əsas səbəbə dayanır.
Bunun birincisi, strateji mövqedir:
Gürcüstanın bölgədəki önəmi və Ermənistanın blokadadan çıxmaq üçün onun daşımaçılıq və iqtisadi infrastrukturuna ehtiyacı danılmazdır.
İkincisi, Samtsxe-Cavaxetiya bölgəsi ilə bağlıdır:
Bu bölgədə ermənilərin etnik üstünlük təşkil etdiyi yerlərdə separatizm ehtimalı ilə Gürcüstan dövlətinə təzyiq göstərilməsi müəyyən təcrübəyə malikdir.
Üçüncüsü, tarixi iddialardır:
Ermənilər, Gürcüstanın tarixi ərazilərinə, özəlliklə də qədim kilsələrə dair iddialar irəli sürərək, dini mədəni irs vasitəsilə təsir gücü əldə etməyə çalışır.
Dördüncüsü, Rusiya faktorunu vurğulaya bilərik:
Yəni, Rusiya ilə işbirliyi edən bəzi erməni dairələri, Gürcüstanın zəiflədilməsinə yönəlik strategiyalarda iştirak edə bilər.
Gürcüstanın reaksiyası və dəyişən gerçəkliklər
Bu planda birinci vurğu dövlət nəzarəti ilə bağlıdır:
Gürcüstan hökuməti, ermənilərin dini və sosial manipulyasiya cəhdlərinə biganə qalmır.
Özəlliklə, erməni separatizminin qarşısını almaq üçün Samtsxe-Cavaxetiya bölgəsində dövlət nəzarətinin gücləndirildiyi xatırladıla bilər.
İkinci vurğumuz Pravoslav Kilsəsinin roluna dairdir:
Gürcü Pravoslav Kilsəsi, erməni dini iddialarını rədd edir və bu məsələdə dövlətlə həmrəy şəkildə çalışır.
Üçüncüsü, beynəlxalq işbirliyi vurğusudur:
Gürcüstan, Türkiyə və Azərbaycanla bağlarını gücləndirərək, Ermənistanın təsir dairəsini məhdudlaşdırır. - Bunu Gürcüstanın xeyirxahları da, bədxahları da bilir.
Beləliklə,
Ermənilərin “biz də xristianıq” strategiyası və “gürcüləşmiş ermənilər” vasitəsilə nüfuz cəhdləri Gürcüstanın dövlət və cəmiyyət strukturuna təsir etməyə yönəlib. Lakin Gürcüstanın strateji tərəfdaşları və iç siyasi mexanizmləri, bu cür cəhdlərin qarşısını almaq üçün effektiv alətlərə malikdir. Gürcüstanın bu məsələdə diqqətli olması və öz milli maraqlarını qorumağa davam etməsi vacibdir.
PASSİV-AQRESSİVLİK
Ermənistanın Gürcüstana qarşı qeyri-səmimi və “inersik” (passiv-aqressiv) münasibətləri, həm tarixi kontekst, həm də çağdaş bölgəsəl gerçəkliklər baxımından diqqətə alınmalıdır. Bu münasibətlərin Ermənistanın gələcəyinə necə təsir edəcəyi, özəlliklə də Paşinyanın siyasi idarəçiliyi ilə bu dinamikanın dəyişib-dəyişməyəcəyi maraqlı suallar doğurur.
Bəli, Ermənistanın Gürcüstana yanaşmasının özəllikləri vardır.
Ermənistanın Gürcüstana münasibətini təyin edən əsas özəllikləri sıralayaq. -
1. Strateji rəqabət:
Ermənistan Gürcüstanın artan bölgəsəl təsirinə qısqanclıqla yanaşır və özünü tarixi və mədəni baxımdan daha üstün mövqedə görmək istəyir.
2. Etnik manipulyasiya:
Samtsxe-Cavaxetiya bölgəsində erməni icması vasitəsilə Gürcüstana təzyiq göstərmək siyasəti danılmazdır.
3. Tarixi iddialar:
Gürcüstanın bəzi əraziləri və dini abidələri üzərində əsassız iddialar irəli sürməklə həm iç, həm də beynəlxalq aləmdə gərginlik yaradır.
4. İqtisadi bağların təhdidi:
Gürcüstan Ermənistan üçün Rusiya ilə (Yuxarı Lars yolu üzərindən) əsas əlaqə dəhlizidir. Lakin Ermənistan bu iqtisadi asılılığı etibarlı bir işbirliyinə çevirməkdə uğursuzluğa düçardır.
Qeyri-səmimi yanaşmalar Ermənistanın özünü təcridə sürükləməsi və Gürcüstanla olan bağlarının daha da gərginləşməsi ilə sonuclana bilər.
Bəs, Paşinyanın qonşularla “0 problem” siyasəti varmı və varsa, o, gerçəkçidirmi?
Belə bir təsəvvür var ki, Nikol Paşinyanın bölgəsəl siyasəti daha çox Batıya inteqrasiya və qonşularla gərginliyin azaldılmasına yönəlib. Lakin onun Gürcüstanla (da) “0 problem” siyasəti yürütməsi üçün bir neçə maneə var. -
Bunun birincisi, iç təzyiqlərdir:
Ermənistanın bəzi siyasi dairələri və diaspor təşkilatları Gürcüstanla yaxınlaşmağa qarşıdır. Onlar Samtsxe-Cavaxetiya məsələsində zaman-zaman daha radikal mövqe tələb edib.
Paşinyan inersiya ilə sürən bu, iç və dış (diaspor) təzyiqləri neytrallaşdırmaqda çətinlik çəkir.
İkincisi, strateji asılılıqdır:
Ermənistanın Gürcüstanın daşımaçılıq dəhlizlərindən asılılığı, onu zəif tərəf kimi göstərir. Bu asılılıq Paşinyanın dəngəli siyasət yürütməsini çətinləşdirir.
Üçüncüsü, əlbəttə, Rusiya faktorudur:
Rusiya, Ermənistanın Gürcüstanla sıx işbirliyini dəstəkləmir, çünki bu, Güney Qafqazda Rusiyanın təsir dairəsini zəiflədə bilər.
Paşinyanın Batıya yaxınlaşma cəhdləri, Rusiyanın təzyiqi ilə qarşılaşır və Gürcüstanla olan bağlarına da təsir edir.
Dördüncüsü,
Gürcüstanın müstəqil siyasəti göstərilə bilər:
Gürcüstan Ermənistanla bağlarda tarazlığı qoruyaraq, strateji tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə sıx işbirliyini davam və inkişaf etdirir.
Paşinyan qonşularla “0 problem” siyasəti yürütmək üçün Gürcüstanın bu gerçəkliklərini nəzərə almaq zorundadır.
Ermənistanın mövqeyi nə vaxt və necə dəyişə bilər?
Ermənistanın Gürcüstana qarşı qeyri-səmimi yanaşmasının dəyişməsi üçün aşağıdakı şərtlər tələb olunur. -
1. Daxili islahatlar:
Ermənistan cəmiyyəti və siyasi elitası bölgədə təcrid durumundan çıxmaq üçün qonşularla konstruktiv işbirliyinin vacibliyini anlamalıdır.
Paşinyan hökuməti bu yöndə ciddi addımlar atmazsa, dəyişiklik çətin mümkün ola…
2. Samtsxe-Cavaxetiya probleminin tam qapadılması:
Ermənistanın Gürcüstana qarşı etnik təzyiq vasitələrindən imtina etməsi və bu bölgəni gərginlik mənbəyi kimi istifadə etməməsi gərəkdir. - Yəni, məsələ, əlverişli vaxta ertələnmiş yox, birmənalı şəkildə sonlandırılmış olmalıdır. - Bu sonlandırma-sıfırlanmanın gerçəkliyi, səmimiliyi praktik olaraq sübut olunmalıdır.
3. Bölgəsəl işbirliyi:
Ermənistan Gürcüstan-Azərbaycan-Türkiyə iqtisadi işbirliyi modelinə qoşularaq, təcrid durumundan çıxmaq şansı qazana bilər.
Paşinyanın hökumətinin başarısızlığı halında nə ola bilər?
Əgər Paşinyan Gürcüstanla münasibətləri düzəltməkdə uğursuz olarsa:
-Ermənistan bölgəsəl layihələrdən qıraqda qalmağa davam edəcək;
- Gürcüstan vasitəsilə həyata keçirilən tranzit əlaqələrin pozulması Ermənistanın iqtisadi durumunu daha da çətinləşdirəcək;
- İç sosial-iqtisadi problemlər, Gürcüstanla gərgin münasibətlər fonunda daha da dərinləşəcək.
Sonuc olaraq,
nələri vurğulaya bilərik? -
Gürcüstana qarşı qeyri-səmimi siyasəti uzunmüddətli perspektivdə Ermənistanın özünün əleyhinə çevrilə bilər. Gürcüstanın bölgəsəl siyasətində mövqeyinin gücləndiyi bir vaxtda Ermənistanın bu qonşu ilə səmimi işbirliyi etməməsi, Paşinyanın iç və dış uğursuzluqları ilə sonuclanacaqdır.
Paşinyanın “0 problem” siyasəti (əgər səmimi olaraq, belə bir siyasət doğrudan da, varsa) yalnız Ermənistanın iç siyasətdə cəsarətli islahatlar, bölgəsəl gerçəkliklərin qəbul edilməsi və manipulyasiyalardan imtina edilməsi ilə mümkün ola bilər. Əks halda,
bu yanaşma Ermənistanın öz strateji durumunu zəiflədə bilər və bölgəsəl işbirliyinin gələcəyini məhdudlaşdıra bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: Cavaxetiya bölgəsi
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
KİNOBƏLƏDÇİdə - Qisas və sevginin vəhdəti: “Om Şanti Om”
Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
“Om Şanti Om” filmi Hindistan istehsalıdır, 2007-ci ildə rejissor Fərəh Xan tərəfindən çəkilib.
Hər gəncin bir xəyalı, bir düşüncəsi olur. Haqqında bəhs edəcəyim qəhrəmanımız Om Prakaş da özünü gələcəyin aktyorlarından biri olaraq görür. Rejissorlar isə ona çox vaxt çox sözü olmayan bəsit rollar verir. Lakin Om bununla razılaşmır və soyadının onu irəli aparmayacağını düşünür. O, anasını gələcəyin məşhur aktyorlarından biri olacağına inandırır.
Om məşhur gənc aktrisa Şanti Priyaya aşiq olur. Film çəkilişlərinin birində Om Şantini yanğından xilas edir. Buna cavab olaraq Şanti Oma təşəkkür yeməyi söz verir. Om özlüyündə bu işin daha ciddi münasibətə çevriləcəyini düşünür. Ancaq Şantinin məhşur prodüser Mukeş Mehranla evli olduğundan xəbərsizdir. Hətta Şanti və Mukeş evli olduqlarını belə gizlədir.
İş ondadır ki, Şanti Mukeşi sevir. Lakin qarşı tərəfin hissləri və düşüncələri fərqlidir. Mukeş Şantini yeni filmin çəkilişi üçün dekorasiyaların olduğu evə dəvət edir. Şanti yoldaşına övladları olacağı müjdəsini verir. Lakin həmin axşam faciə yaşanır. Mukeş dekorasiyalarla dolu pavilyonu yandırır və Şantini ordan qoyaraq qapını bağlayır. Bütün bunlara Om da şahid olur. O, Şantini yanğından xilas etməyə çalışsa da bunu bacarmır və Mukeşin adamları onu da orda öldürürlər.
Sən demə…
Hindistan kino fantaziyası öz işini görür. Hadisələrdən 30 il sonra Om məhşur aktyor Rac Kapurun oğlu Om Kapur ampluasında üzə çıxıb yaşamına davam edir. Om Kapur hər nə qədər aktyor olaraq yaşamına davam etsə belə qisas almaq üçün Şantinin yandırıldığı dekorasiyalar pavilyonunun yenidən təmir edilməsini istəyir və həmin böyük gün gəlib çatır. Om bir filmin çəkilməsi bəhanəsi ilə Mukeşi pavilyona dəvət edir və orada 30 il əvvəl baş verənləri onun üzünə vurur və Mukeşi öldürür.
Yadda saxlayın, heç kimin ahı heç kimdə qalmaz və heç kim yaşatdığını yaşamadan bu dünyadan köçməz.
“Ədəbiyyat və İncəsənət”
(03.02.2025)
Sən də pilotsan, Ekzüperi də pilot idi – FİKİR FIRTINASI
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
– Salam, dostum! Yenə də dünyadan qopmusan? Axırda bu kitab-dəftərin içində
itib qalacaqsan. Nə vaxt baxsam, gah yazırsan, gah da kitab oxuyursan. Bir az
da ətrafa bax, həyatın dadını çıxar. Gəzməli, görməli, əylənməli o qədər yer
var ki. Sənsə bu dünyadan, bu gözəlliklərdən bixəbər yaşayırsan. Bəzən sənə
görə narahat oluram. Belə yaşamaq yaxşı deyil, dost.
– Xoş gördük, əziz dostum! Mənə görə narahat olmağına ehtiyac yoxdur. Mən
istədiyim yerlərə istədiyim zaman gedirəm. Məni tanıyırsan, belə şeyləri çox da
sevmirəm. Gəl, bu məsələni uzatmayaq. Bu, seçim məsələsidir, gərək ki, hər
kəsin seçiminə hörmətlə yanaşaq. Kimisə seçiminə görə qınamağın mənası yoxdur.
– Eh... Nə deyirəm, qoy sən deyən olsun. Onsuz da çox zaman məni öz
sözlərinlə tələyə salmağı bacarırsan.
– Niyyətimin belə olmadığını bilirsən. Gəl, əyləş, bərabər kitab oxuyaq. Yeni
bədii kitablar almışam. Xoşuna gələni seç, götür.
– Axı mən pilotam, bədii kitab oxuyub nə edəcəyəm? O ki mənim işimə heç nə
qatmayacaq. Boşuna vaxt itkisidir. Səni başa düşürəm, sən müəllimsən,
ədəbiyyat oxumalısan, çünki sənin işinə uyğundur. Məni ancaq təyyarələrlə
bağlı məlumatlar maraqlandırır. Səndə elə bir şeylər varsa, ver oxuyum. Yoxsa
neynirəm mən uydurma nağılları oxuyub xəyallara qapılmağı? Bunu sən yaxşı
bacarırsan, dostum... Ha-ha-ha...
– Yox, dostum, ədəbiyyat sənin anlatdığın qədər bəsit və uydurma nağıllardan
ibarət deyil. Ədəbiyyat – sənsən, mənəm, Azərbaycan xalqıdır. Ədəbiyyat
sənin keçmişin, indin, gələcəyindir. O, sənə keçmişin sirlərini danışar, indinin
acı və şirinliklərini yad edər, gələcəyinə isə işıq salar. Analarımızın dilindən
qopan laylaların qələmlə səhifələrə əbədi həkk olunduğu bir tarixdir ədəbiyyat. Nə sən, nə mən, nə də bu xalq ədəbiyyatı bilmədən yaşaya, yarada, var ola bilməz.
Nə üçün biz belə düşünürük? Nədir bu kitablara qarşı olan biganəlik? Kim
olduğumuzdan, hansı peşənin sahibi olduğumuzdan asılı olmayaraq, gərək ki,
hər kəs həm bədii, həm elmi, həm də fəlsəfi əsərlərlə tanış olsun. Çünki bu
əsərlər yalnız biliklə zənginləşdirmir, həm də insanın və həyatın daha dərindən
anlaşılmasına, düşüncə tərzinin inkişafına və daxili zənginliyinin artmasına
kömək edir.
-….
-Bu kitaba bax! Kitabın adı ”Balaca Şahzadə”dir, müəllifi Antuan de Sent-Ekzüperi. Dünyanın ən çox tərcümə olunan və ən çox oxunan kitablarından biridir. Daha maraqlısı nədir, bilirsən? O da sənin kimi pilot idi! Ancaq biz onu bu əsəri ilə tanıdıq. Pilot olmaq sadəcə sükan arxasına keçib təyyarəni idarə etmək deyil, eyni zamanda bu yolda rastlaşdığın həyat hekayələrini görə bilməkdir. Bu həyatı görməkdir! O zaman pilot da, həkim də, tarixçi də ədəbiyyatda silinməz izlər qoya bilər. Baxıb da görmədiklərin kölgədə qalaraq unudulmuş xatirələrə çevrilir. Əgər sən də istəsən, bu hekayələri əbədi olaraq yaşada bilərsən. Necə? – deyə soruşsan: hiss et və yazmağa başla! Qələmin yazdığın hər kəlmədə ruhunun izini tapar...
– Bəlkə də haqlısan, dostum... Bəlkə də...
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
MƏŞHUR TÜRKLƏR: Oğuz Xaqan. Türk ellərinin ulu atası
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Oğuz Xaqan (Oğuz Kağan) – türklərin əfsanəvi ulu əcdadı və böyük hökmdarı hesab olunur. “Oğuz Xaqan2 dastanı qədim türk mifologiyasının ən mühüm əsərlərindən biridir və əsasən Orta Asiya, Qərbi Türküstan və Azərbaycan türklərinin mədəniyyətində mühüm yer tutur.
Əfsanəyə görə, Oğuz Xaqan qeyri-adi bir şəkildə dünyaya gəlmişdi. O, doğulanda dərhal danışmağa başlamış, qısa müddət ərzində böyümüş və qeyri-adi gücə sahib olmuşdu. Uşaqlıqdan böyük igidliklər göstərmiş və xalqını düşmənlərdən qorumuşdu.
Xaqan güclü bir ordu toplayaraq böyük yürüşlər etmiş və geniş əraziləri fəth etmişdi. Əfsanələrdə onun Çin, İran, Hindistan və Bizansa qədər yürüşlər etdiyindən bəhs olunur. Oğuz Xaqan türk xalqlarının birliyini təmin edərək böyük bir imperiya qurmuşdu.
Əfsanəyə görə, Oğuz Xaqan dünyasını dəyişməzdən əvvəl oğullarına vəsiyyət vermiş və türk xalqının gələcəkdə necə yaşaması, hansı dəyərlərə sadiq qalması lazım olduğunu izah etmişdi. Oğuz Xaqanın altı oğlu olmuş və onlar vasitəsilə 24 Oğuz boyunun əsası qoyulmuşdur.
Oğuz Xaqan türklərin milli kimliyinin və dövlətçilik ənənəsinin simvolu kimi qəbul edilir. Onun adı Orta Asiya, Anadolu və Azərbaycan türklərinin tarixi salnamələrində, dastanlarında və nəsillər boyunca qorunub saxlanmışdır.
Dastanı, həm tarixi hadisələri, həm də mifoloji elementləri birləşdirən epik əsərdir və türklərin dövlətçilik düşüncəsinin, hərbi strategiyasının və mədəni irsinin əsas sütunlarından biridir.
Qədim Oğuzcaya dair yazılı abidələr çox məhdud olsa da, Orxon-Yenisey yazıları, Köktürk və Uyğur mətnləri, eləcə də “Oğuznamə” və “Dədə Qorqud Kitabı” kimi mənbələrdə bəzi ifadələr qorunub saxlanmışdır. Sizə qədim türkcədən Oğuz Xaqanla bağlı bəzi cümlələr təqdim edirəm:
1. “Oquz beg erdi, yirni kök törütmiş.”
(Oğuz böyük bəy idi, yeri Göy yaratmışdı.)
2. “Oquz qagan bodunın yığdı, il törü tutdı.”
(Oğuz Xaqan xalqını topladı, dövlət qaydasını qurdu.)
3. “Oquz, kök qut bolmış er, uçaq kün tütmiş er.”
(Oğuz, Göy Tanrının bəxş etdiyi qut idi, günəş kimi yüksəlmişdi.)
4. “Kök Tenqri yarlıqasa, bəglər irti.”
(Göy Tanrı bəxş edərsə, bəylər ucalar.)
Oğuz Xaqan və Tanrıların hədiyyəsi
Oğuz Xaqan hələ gənc ikən səhrada təkbaşına ov edirdi. O, böyük bir maralı izləyərək dərin meşəyə daxil oldu. Günəş batmağa yaxın idi və meşə qaranlığa qərq olmuşdu. Birdən göydə parlaq bir işıq göründü. Bu işıq adi bir işıq deyildi – o, sanki bütün dünyanı aydınladırdı. Oğuz Xaqan başını qaldırıb baxanda göy üzündə parlayan bir nurun içindən nazik, gümüş saçlı, ay üzlü bir qızın endiyini gördü.
Qızın gözləri ulduzlar kimi parlayırdı, səsi isə şirin bir musiqi kimi idi. Oğuz Xaqan heyranlıqla ona yaxınlaşdı və soruşdu:
– Sən kimsən? Niyə bu dünyaya gəldin?
Qız gülümsəyərək cavab verdi:
– Mən Göy Tanrının sənə göndərdiyi hədiyyəyəm. Sən yer üzündəki xalqları birləşdirəcək, böyük bir xaqan olacaqsan. Sənin nəsilindən igid hökmdarlar törəyəcək. Mən sənin yoldaşın olmağa gəlmişəm.
Oğuz Xaqan bu qızı gördüyü an qəlbi sevgi ilə doldu. Onu Göy Tanrının bir lütfü kimi qəbul edərək evləndi. Bu evlilikdən üç oğlu dünyaya gəldi: Gün, Ay və Ulduz. Daha sonra Oğuz Xaqan Yer Tanrısının hədiyyəsi olan başqa bir qızla da evləndi və ondan da üç oğlu – Dağ, Dəniz və Gök doğuldu.
Oğuz Xaqan oğullarına belə nəsihət etdi:
– Siz birlikdə olmalısınız. Günəş, Ay və Ulduz gecəni aydınlatdığı kimi, siz də xalqa yol göstərəcəksiniz. Dağ, Dəniz və Göy isə yer üzünü qoruyacaq. Siz birlikdə türk ellərini idarə edəcək və adınızı əbədi edəcəksiniz!
Bu altı oğul sonradan Oğuz boylarını yaratdı və türklərin şanlı tarixi beləcə davam etdi.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
GAP Antologiyasında Mehdi Səhəndinin “İçimdə intihar edən canavar” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Mehdi Səhəndidir.
Mehdi Səhəndi
Urmiya
İÇİMDƏ İNTİHAR EDƏN CANAVAR
Çevrəmi buz tutmuş qar çiçəyiydim,
Günəşə boylandım qarlar içində.
Mən hələ özümlə heç-heçə idim,
Kor kimi gülürdüm karlar içində.
İçimdə bir sümük ağzına alıb,
İçimi tökürdü canavar biri.
Cəmdəyi deyəsən dişinə çalıb,
Leşimi sökürdü canavar biri.
Özüm, öz içimdən yıxılmaqdaydı,
Qanımı tökdülər fışqıranmadı.
Xırxıram əlində sıxılmaqdaydı,
Nə qədər can atdım qışqıranmadı.
Sonra yorğun idim, dizə çökürdüm,
Yanımdan bir tanış kölgə ötüşdü.
Və səsimə geri döndü, öskürdüm,
Gözüm ovcundakı gülləyə düşdü.
İçimdə gözləri sürünür hələ,
Baxışlar altında ayaqlanırdım.
Sınırdı arada körpülər belə,
Bir tanış ürəkdən uzaqlanırdım.
Gözləri hələ də baxırdı mənə,
Canavar donunu biçib boyuna.
Canavar içimdə intihar etdi,
Sonuncu köynəyim yırtıldı, ana!..
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
PA – UORREN BAFFET: “Özünə investisiya qoy”
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Uorren Baffetdən «Uğur qazanmaq qaydaları». Hər gün cəmi bir qayda. Çünki bu qaydalar sadəcə oxuyub üstündən keçmək üçün deyil, yaddaşa yazıb əməl etmək üçündür.
1-ci qayda:
Unutmayın – həmişə özünə investisiya qoymaq lazımdır!
«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
“Sən mənim ən böyük zəifliyim oldun” - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Həmişə elə bilirdim ki, insan yalnız öz içindədir. Öz ruhunda, öz düşüncələrində, öz bədənində. Heç kim heç kimin içini görə bilməz. Heç kim heç kimin ruhuna toxuna bilməz. Çünki insan yalnızdır. İnsan təkdir. Və insan yalnız o qədər azaddır ki, azadlığı da bir növ məhkumluğa çevrilir.
Mən də tək idim. Mən də azad idim. Heç kimə bağlanmadan, heç kimə məhkum olmadan, heç kimin nəfəsində boğulmadan. Mənim üçün sevgi – başqalarının qurduğu bir sistem idi. O sistemi uşaqlıqdan öyrədirlər – sev, sevil, ailə qur, qaydalara tabe ol, öz azadlığını bir başqasının varlığına dəyiş.
Mənə görə isə bu, absurd idi. Mən hər zaman sistemlərə qarşı olmuşam. Mən çərçivələri qıran, qaydaları tapdalayan, öz yolunu özü seçən biri olmuşam. Sevgi? O, məni heç vaxt maraqlandırmayıb. Mən sadəcə insanların necə bu qədər kor-koranə bağlandığını, necə bu qədər asılı hala düşdüyünü başa düşə bilmirdim.
Hə, mən hər şeyə gülürdüm – həyata, insanlara, ölümə, xaosa, hətta özümə də. Çünki bu dünya mənim üçün bir tamaşa idi. Hər kəsin bir rolu vardı – kimisi sevən, kimisi sevilən, kimisi tərk edilən, kimisi unudulan. Mən isə kənardan dayanıb baxırdım, gülürdüm, izləyirdim, amma heç vaxt səhnəyə çıxmırdım. Heç vaxt o oyunun bir parçası olmaq istəmirdim. Çünki mənim üçün sevgi sadəcə bir oyun idi. Qanunları olan, qaydaları olan, sadəcə udmaq və ya uduzmaq üçün oynanılan bir oyun. Mən isə heç vaxt uduzmurdum. Mən heç vaxt zəif olmurdum.
Ta ki, sən gələnə qədər.
Ta ki, mən, o oyunda uduzana qədər.
Sən gəldin və mənim yaratdığım divarları sındırdın. Sən gəldin və heç bir silah işlətmədən, heç bir güc göstərmədən, heç bir zor tətbiq etmədən, sadəcə varlığınla məni məğlub etdin. Sənin yanındaykən artıq mən özümə sahib deyildim. Sənin yanındaykən, sanki kimsə məni öz bədənimdən çıxarıb başqa bir dünyanın içinə salmışdı. Hər zaman azad olmaq istəyən birisi üçün bu, ən böyük məhkumluq idi. Mən, sərhədləri tanımayan biri, indi bir nəfəsin sərhədləri içində itib-batmışdım. Mən, heç kimə bağlanmayan biri, indi sənin gedişinlə parçalanırdım.
Bu, məni qorxudurdu. Çünki mən bu hissi qəbul edə bilməzdim. Mən heç vaxt boyun əymədim, heç vaxt uduzmadım, heç vaxt zəif olmadım. Amma sən… sən mənim ən böyük zəifliyim oldun. Və mən bunu çox gec anladım.
Əvvəllər mənim üçün insanlar sadəcə rollar oynayan aktyorlar idi. Amma sən... sən səhnənin kənarında dayanmışdın. Sən bu oyuna mənim kimi gülmürdün, bu dünyaya mənim kimi baxmırdın. Sən həqiqi idin. Sən tamaşanın bir hissəsi deyildin. Sən, sadəcə, var idin. Və mən özümü səhnədən kənara çıxan bir obraz kimi hiss etdim.
Mən həmişə sərhədsizliyə inanmışam. İnsan yalnız öz ruhuna sahibdir, öz bədəninə, öz düşüncələrinə. Amma sənin toxunuşunda mən özümə aid olan hər şeyi itirdim. Sənin baxışlarında mən artıq azad deyildim. Sənin varlığında mən artıq özümə sahib deyildim. Mənim içimdə yanğınlar qopurdu. Amma bu yanğınlar məni yandırmırdı. Sənə toxunduqca, sənə yaxın olduqca, sanki özümü daha çox itirirdim.
Bəs indi?
İndi isə sən getdin. Məni azad etdin. Mənə qaytardın əvvəlki həyatı. Həmin o sərhədsizliyimi, həmin o qaydasızlığımı, həmin o sistemsizliyimi... Mən indi yenə azadam. Amma bu azadlıq mənə artıq dar gəlir.
Çünki azadlıq heç vaxt həqiqi olmur. Çünki insan yalnız azadlığına yox, eşqə də məhkumdur.
Mən gülürəm. Çünki başqa cür cavab verə bilmirəm. Mən güləndə insanlar düşünür ki, mən güclüyəm. Amma sən bilirsən… bilirsən ki, o gülüşlərin arxasında sən varsan. Sənin yoxluğuna ağlayan, amma hələ də gülən bir mən var...
Sən mənim ən böyük zəifliyim oldun.
Və mən indi başa düşürəm ki, bəzən, ən gözəl zəncirlər bizim heç vaxt qırmaq istəmədiklərimizdir.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
AÇIQ PORTFEL – Avropa Birliyində minimal əməkhaqqına görə Lüksemburq birincidir
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda ən çox sevilən filmlərdən biri olan “Şərikli çörək”də bu məşhur kəlmələr hamıya tanışdır: “Baden-Badenin mavi gecələr. Fransız xalqı kef eləyir”. Sovet rejiminin qatı senzurası şəraitində Azərbaycan kinematoqrafiyası bu yolla Avropadakı həyat şəraitinin daha üstün olmasını diqqətə çatdırırdı.
Bu gün də Avropada həyat şəraiti postsovet ölkələrindəkindən daha üstündür. Avropada minimal əməkhaqqı əksər Avropa Birliyinə (AB) üzv ölkələr və namizəd ölkələrdə inflyasiyadan daha sürətli artır, bu da bütün regionda real gəlirlərin artmasına səbəb olub. Euronews Business bazar günü bu dəyişiklikləri analiz etdi, biz də bu məlumatları sizlərə əlçatımlı edirik.
Avropanın fərqli-fərqli ölkələrində minimum əməkhaqqı çalışanların həyat səviyyəsinin əhəmiyyətli dərəcədə fərqləndiyinə sübutdur. 2025-ci ilin yanvarı ilə bağlı olaraq, 22 araşdırılan AB ölkəsindən 10-da aylıq minimum əməkhaqqı 1000 avro səviyyəsindən aşağıdır.
Bu fərq alqı-satqı gücü paritetinə (PPP) görə hesablandıqda azalır, amma əhəmiyyətli fərqlər qalır. Məsələn, Almaniyada minimum əməkhaqqı Bolqarıstandan iki dəfə çoxdur.
Bəs Avropada minimum əməkhaqqı göstəricisi ilə insanlar nə qədər qazanır? Hansı ölkələrdə ən yüksək və ən aşağı minimum əməkhaqqı mövcuddur? Nominal əməkhaqqı ilə PPP-yə görə əməkhaqqı müqayisə edildikdə necə dəyişir?
Avropa Statistika Bürosunun məlumatlarına görə, 2025-ci ilin yanvarına qədər AB-də minimum aylıq əməkhaqqı Bolqarıstanda 551 avrodan, Lüksemburqda isə 2638 avroya qədər dəyişir. AB-yə namizəd ölkələri də nəzərə alsaq, onda ən aşağı minimum əməkhaqqı cəmi 285 avro təşkil edən Moldovadadır.
AB-nin 27 üzv dövlətindən 22-də minimum əməkhaqqı mövcuddur, amma Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əməkhaqqı yoxdur. Buna görə də bu müqayisədə əsasən 22 ölkə və məlumatları olan namizəd ölkələrə diqqət yetirilir.
Avrostat ümumiyyətlə minimum maaşları üç kateqoriyada incələyir:
Qrup 1: Aylıq 1500 avrodan yuxarı
Bu qrupa daxildir: Lüksemburq (2638 avro), İrlandiya (2282 avro), Niderland (2193 avro), Almaniya (2161 avro), Belçika (2070 avro) və Fransa (1802 avro).
Bu qrupda aylıq 1500 avrodan yüksək minimum maaşlar olan ölkələr daxildir, amma yalnız Fransa 2000 avroya çatmır. Digər bütün ölkələr bu həddi keçib ki, bu da fərqin artdığını göstərir. Ən yaxın izləyicisi olan İspaniya isə 1323 avro ilə gəlir, amma onun yenilənmiş göstəricisi hələ açıqlanmayıb.
Qrup 2: 1000-1500 avro arası
İspaniya (1323 avro), Slovenya (1254 avro), Polşa (1091 avro), Litva (1038 avro), Portuqaliya (1015 avro) və Kipr (1000 avro) "orta" qrupdadır. 2024-cü ilin iyulunda burada yalnız iki ölkə var idi, amma minimum əməkhaqqının yaxın zamanda artırılması ilə bu qrup xeyli genişlənib.
Qrup 3: 1000 avrodan aşağı
Bu ən böyük qrupdur və burada AB-nin 10 üzv ölkəsi və bütün namizəd ölkələr daxildir. Bu qrupda Xorvatiya (970 avro), Yunanıstan (968 avro), Malta (961 avro), Estoniya (886 avro), Çexiya (826 avro), Slovakiya (816 avro) və Rumıniya (814 avro) nisbətən yaxşı vəziyyətdədir, onların minimum əməkhaqqı 800 avrodan yuxarıdır.
AB-yə namizəd ölkələr arasında isə ən yüksək minimum əməkhaqqına malik olan Türkiyədir – 708 avro ilə, Türkiyə hətta iki AB üzv ölkəsini – Macarıstanı (707 avro) və Bolqarıstanı (551 avro) belə geridə qoyur.
Xatırladaq ki, Azərbaycanda minimum əməkhaqqı 1 yanvar 2025-ci il tarixindən yüksəldilibdir və hazırda 400 manat təşkil edir. Bu, təqribən 225 avrodur.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
Sürəyya Bəylərbəyovadan Esmira Fuada qədər
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənətə
Qadın yazarlar - onlar həqiqətən də bədii ədəbiyyata, publisistikaya rəng qatırlar, ortaya kişilərdən fərqli - daha duyğusal, daha emosional yazılar qoyurlar. Bu gün onlardan ikisi barədə söz açmaq istəyirəm. Çünki hər ikisinin doğum günüdür.
SÜRƏYYA BƏYLƏRBƏYOVA
Tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sürəyyə Bəylərbəyova 1897-ci il fevralın 3-də müəllim ailəsində anadan olub. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanılıb. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirib, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edib. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olub, burada ictimai əsasla işləyib, həm də stenoqrafçı kursunda oxuyub.
1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edib. İlk tərcümələri A.Bartonun əsərləri olub. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayıb.
Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə edib, beləliklə, bədii tərcümə ustalarına kömək edib. M.S.Ordubadinin "Dumanlı Təbriz" romanını, A.Şaiqin, Mir Cəlalın hekayələrini, C.Cabbarlının "1905-ci ildə", "Od gəlini" pyeslərini, M.İbrahimovun "Həyat" pyesini, "Azərbaycan nağılları"nı, S.Vurğunun "Vaqif", "Fərhad və Şirin" mənzum dramlarını rus dilinə tərcümə edib.
1934-cü ildən vəfat edənə qədər Azərbaycan Yazıçılar İttifaqında çalışıb. 1941–45-ci illərdə illər İkinci Dünya müharibəsində "Fədakar əməyə görə" medalı ilə təltif edilib.
Tərcümə kitabları:
1. A.Barto. "Qardaşlar"
2. S.Fedarçenko "Sonunu kim tapa bilər?"
3. A.Barto "1 may"
4. A. və R.Barto "Ağlağan qız"
Sürəyya xanım 1977-ci ildə martın 14-də vəfat edib. Allah rəhmət eləsin, Amin!
ESMİRA FUAD
Filologiya elmləri doktoru Esmira Fuad 1958-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində doğulub.
Bir müddət Göyçay rayon Nizami adına narçılıq sovxozunda fəhlə, sonra Azad Komsomol Komitə katibi, daha sonra Bakı Dövlət Universiteti nəşriyyatında redaktor, Ali Diplomatiya Kollecində elmi metodist, "Azərbaycan diplomatiyası" jurnalında baş redaktorun I müavini, "Respublika" qəzetində uzun illər humanitar elmlər redaksiyasının müdiri işləyib.
Esmira Fuad 1999-cu il 4 aprel tarixindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlayıb. Hazırda Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir.
O, "Mirzə İbrahimov adına Kitab Fondu"nu yaradıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. "Yeni tərcüman" qəzetinin təsisçisi və baş redaktoru olan Esmira Fuadön 100-dək elmi-ədəbi məqaləsi, onlarla publisistik yazısı dövri mətbuatda nəşr olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında Azərbaycan qadınlarının rolu"na, Almaniyanın Nizami Gəncəvi Adına Ədəbiyyat İnstitutunun isə "Xocalı soyqırımı"na həsr olunmuş yazıçı və jurnalist yazılarının müsabiqələrində qaliblərdən biri olub.
2008-ci ildə Azərbaycan Qadınlarının III, Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultaylarına nümayəndə seçilib. Amerika Bioqrafiya İnstitutu tərəfindən Cənubi Azərbaycan Ədəbiyyatı üzrə ekspert elan edilib. 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutu üzrə ilin alimi seçilib.
Elmi əsərləri:
1. Şəhriyar poeziyasında xalq həyatı
2. Məhəmmədhüseyn Şəhriyar (Ədəbi mühiti, həyatı və yaradıcılığı)
3. Əgər bir ömrüm də olsaydı
4. Ağ üzlü Qara Moşu
5. Azərbaycan xalça sənətinin Kamili
6. Dünyaya naxış insanlar
7. Söz sərrafı Şəhriyar
8. Sözə sevdalılar
9. Quba və qubalılar (həmmüəllif)
10. Zakir Bağırov-90. O, həyata yalnız xeyirxah işlər görmək üçün gəlmişdi.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Esmira xanıma Allah xeyirli ömür nəsib etsin. Amin!
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)
MİLLİ QƏHRƏMANLARIMIZ - Şahin Tağıyev
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı Şahin Tağıyevın bu gün doğum günüdür. Quru Qoşunları mənsubu, Polkovnik-leytenant Şahin Tağıyevin 76 yaşı tamam olur.
O, 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Udmurt vilayətinə göndərilib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub.
Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində Ordudan təxris olunub.
2001-ci ildən İsveçdə mühacirətdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.
“Ədəbiyyat və incəsənət”
(03.02.2025)