BİRİ İKİSİNDƏ Corc Oruellin “Fili öldürdüm” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün dünya klassikasının görkəmli siması Corc Oruellin “Fili öldürdüm” hekayəsi Tərcümə saatı rubrikasında təqdim edilir. 

 

 

Corc ORUELL

 

“FİLİ ÖLDÜRDÜM”

 

Tərcüməçi: Fidan VAHİD

 

 

Birmanın cənubunda yerləşən Moulmeyn şəhərində insanların əksəriyyəti mənə nifrət edirdi. Bütün yaşamım boyunca ilk dəfə idi ki, özümü bu qədər önəmli biri kimi hiss edirdim. Məni oraya bölmə üzrə polis zabiti kimi göndərmişdilər. Bu şəhərdə avropalılara qarşı çox güclü, bir o qədər də fərqli və mənasız nifrət ab-havası hökm sürürdü.

Əslində, heç kimin üsyan eləməyə cəsarəti çatmırdı. Lakin hansısa bir avropalı qadın bazarda təkbaşına gəzirdisə, mütləq kimsə ağzındakı betelini (xüsusi meyvə) çeynəyib acığını onun paltarına tüpürməli idi. Təbii ki, polis əməkdaşı olduğumdan mən də həmişə onların açıq hədəfində idim, imkan düşən kimi “zərbə endirmək”dən çəkinmirdilər. Bir dəfə futbol meydançasında bir qoçaq birmalı məni ayağı ilə vurub yıxmışdı, hakim (başqa bir birmalı) isə bunu görməzliyə vuraraq üzünü yana çevirdi. Bu hadisə ətrafımızdakı izdiham üçün böyük əyləncə olmuşdu, az zamanda çirkin gülüşlər ətrafı bürüdü. Bu cür hadisələr dəfələrlə baş verirdi.

Şəhərin dörd bir tərəfindən məni dövrəyə alan sarıdərililərin alçaldıcı baxışlarından və təhqirlərindən təngə gəlmişdim, əsəblərim get-gedə incəlib üzülürdü. Hamısından daha betəri isə gənc buddist rahiblərdi. Şəhər başdan-başa bu rahiblərlə doludur, onların da ki yeganə bir işi var – küçə tinlərində post quraraq avropalıları “sındırıb” məsxərəyə qoymaq.

Bütün bunlar məni çox incidirdi və düzünü desəm, yorulmuşdum. Çünki məhz həmin zaman kəsiyində imperiyanın əsl mahiyyətini anladım, qərarım qəti idi – işi tez başa vurub buralardan qurtulacaqdım. İngilis məmuru olsam da, gizlindən-gizlinə bütün qəlbimlə birmalıların yanında idim. İşimə də sözlə ifadə edilməyəcək qədər nifrət edirdim. İmperiyaların əsl simasını görmək üçün belə işlər əvəzolunmazdır. Həbsxanaların üfunətli zirzəmilərinə məhkum bədbəxt məhbuslar, azadlığı əllərindən zamansız alınanların simasına çökən dəhşətli bozluq, bambuk çubuqları ilə çarmıxa çəkilən çapıqlı bədənlər – bütün bunlar məni dözülməz bir günah duyğusuna düçar edirdi. Əlimdən də heç nə gəlmirdi. Gənc idim, bir tərəfdən təhsilim ala-yarımçıq, həm də şərqdə yaşamağa məcbur olan hər bir yalqız avropalı kimi, mən də öz problemlərimlə məşğul olmalı idim. Hətta imperiyanın qüruba yaxınlaşdığını, yeni doğacaq günəşlərin ondan da işıqsız günlər vəd edəcəyini də bilmirdim. Bircə onu duyurdum ki, mən iki od arasında çırpınıram: nifrət etdiyim imperiyaya sədaqətli xidmətlə məni təngə gətirən o iblis ruhlu balaca vəhşilərə olan hiddətim, qəzəbim arasında ilişib qalmışdım. Bəzən İngiltərə hakimiyyətinin əsarəti altında çabalayan zavallı xalqa ürəyim yanırdı, bu hakimiyyətin sonsuza qədər davam edən bir tiranlıq olduğunu anlayırdım, digər tərəfdən isə düşünürdüm ki, dünyada ən böyük həzz bir buddist rahibin qarnına süngü soxmaqdan ibarət ola bilər... Bu cür düşüncələr imperiya dünyasında yaşamağa məcbur olan bütün insanlara tanışdır. Yəni ən azından Hindistanda yaşayan istənilən ingilis məmurundan soruşsanız, bunu təsdiqləyə bilər. Əgər boş-bikar yaxalaya bilsəniz!

Bir gün bu tərəddüdlü düşüncələrimə dönüş nöqtəsi olan qəribə hadisə baş verdi. Birmalılar üçün adi, mənim üçün isə çox önəmli bir hadisə. Bu hadisə  imperializmin və despotik siyasətin acı gerçəklərinə daha yaxşı nəzər salmağıma imkan verdi. Səhər saatlarında şəhərin başqa səmtində yerləşən polis idarəsindən azğınlaşmış bir filin bazarı dağıdıb-tökməsi ilə bağlı telefonuma zəng gəldi. Polis məmuru məndən kömək istəyirdi. Belə anlarda nə etmək lazım olduğunu bilmirdim, amma hadisə maraqlı gəldiyi üçün tez miniyimə atlanıb bazara tərəf yola düşdüm. 44-lük vinçestrimi də özümlə götürmüşdüm, düzdür, nəhəngi öldürmək üçün çox kiçik idi, amma hər halda, dar məqamda səsindən istifadə etmək olardı. Yol boyu birmalılar məni saxlayıb filin “sərgüzəşt”lərindən danışmaq istəyirdilər. O, vəhşi deyildi, əhliləşdirilmiş fil idi, sadəcə, mest dövrünü keçirirdi (erkək fillərdə testosteron hormonunun artımı nəticəsində həddindən artıq təcavüzkar davranışlarla özünü göstərən periodik dövr). Başqa erkək fillər kimi, onu da zəncirləyiblərmiş, amma dünən gecə zənciri qırıb qaçıb. İndiki halda bu fili ancaq öz təlimçisi ram edib sakitləşdirə bilərdi, amma o da filin ardınca düşəndə yolunu azmışdı və indi fil ilə aralarında on iki saatlıq bir yol uzanırdı. Birmalılardan heç kimin silahı yox idi, çarəsiz halda gözləyirdilər. Fil bu zamana qədər bambukdan tikilən evi dağıtmış, bir inəyi öldürmüş, meyvə köşklərinə hücum edərək nə varsa basıb yemişdi, bələdiyyənin zibil maşını qarşısına çıxanda isə sürücü qaçmaq istəsə də, ona imkan verməyərək maşını gurultu ilə yerə çırpmışdı.

Birmalı polis yardımçısı və bir neçə hindli polis məni orada gözləyirdilər. Bu məhəllə dik yamac boyu uzanan, damları palma yarpağı və samanla örtülmüş, səfil bambuk daxmalardan ibarət bir labirintə bənzəyirdi. Hava isə yağış öncəsi boğunuqluğu xatırladırdı. Filin hansı istiqamətə getməsi ilə bağlı adamları sorğu-suala tutduq, amma bir nəticə vermədi. Bu, Şərqin dəyişməz qanunundur: uzaqdan aydın duyulan bir əhvalata yaxınlaşdıqca qaralıb yoxa çıxır. Bəziləri deyirdi, fil bu istiqamətdə gedib, bəziləri deyirdi ki, yox, o biri istiqamətdə, bəziləri də, ümumiyyətlə, fil haqqında eşitmədiklərini söyləyirdilər.  Artıq bütün bu əhvalatın uydurma olduğu qənaətinə gəlmişdim,  birdən yaxınlıqdan qışqırıq səsi eşitdik.  Qoca bir qadın əlində çubuq daxmanın yanından çıxaraq çılpaq uşaq dəstəsini qamçılaya-qamçılaya “Ay uşaqlar, uzaqlaşın buradan! Tez rədd olun!” deyə qışqırırdı. O biri qadınlar da yaşlı qadına qoşulandan sonra anladım ki, orada uşaqlara uyğun olmayan nəsə var. Yaxınlaşdıqda palçığın içərisində ölü bir bədənin uyuduğunu gördüm. Yerdə uzanan bu cansız hindli bədəni bir qaradərili dravid hambal bədəni idi və deyəsən, canını təzə tapşırmışdı. İnsanların danışdığına görə onun ölümü dəhşətli olub, qəfil qabağına çıxan azğın fil öncə xortumu ilə yazığı yuxarı qaldırmış, sonra ayağını üstünə basaraq palçığa pərçimləmişdi. Yağış mövsümü olduğundan torpaq yumşaq idi, hambalın bədəni yerdə bir fut dərinliyində və bir neçə yard uzunluğunda çuxur yaratmışdı. O, qolları sanki çarmıxa çəkilirmiş kimi və başı yana dönük halda eləcə üzüüstə uzanmışdı. Sifəti bütünlüklə palçıq olan hambalın bərələn gözləri və ağ dişləri dəhşətli bir iztirab ifadə edirdi. (Yeri gəlmişkən, heç kim mənə ölülərin hüzurlu göründüyünü deməsin, indiyədək qarşılaşdığım meyitlərin əksəriyyəti şeytani görkəmli olub). Nəhəngin ayağının gücü ilə hindlinin beli dovşan dərisi  kimi soyulmuşdu. Ölünü görən kimi yaxınlıqda yaşayan bir dostumun evinə fil silahı gətirməsi üçün adam göndərdim. Atı da artıq geri göndərmişdim, filin iyini hiss edən kimi qorxudan dəli olub məni belindən tullamasını istəmirdim. Bir neçə dəqiqədən sonra göndərdiyim adam silah və beş patronla qayıdıb gəldi. Elə bu vaxt birmalılar xəbər verdilər ki, fil yaxınlıqdakı çəltik sahəsindədi. Mən üzü sahəyə doğru addımlayırdım, arxamda isə böyük bir izdihamın addım səsləri...Artıq gec idi. Əlimdəki silahı görmüşdülər, fili güllələyəcəm deyə, həyəcanla qışqırışırdılar. Fil evlərini yerlə-yeksan edəndə heç bu qədər maraqlanmamışdılar, indi vəziyyət fərqli idi. Fili vuracaqdım və bu onlar üçün yeni bir əyləncə idi. Onları qınamıram, çünki ingilislərdən ibarət kütlə də, yəqin, elə bu cür hərəkət edərdi. Bundan əlavə, filin ətinə də göz dikmişdilər. Bu da məni əsəbiləşdirirdi. Fili öldürmək niyyətində deyildim – silahı yalnız zəruri halda özümü müdafiə üçün gətirtmişdim, həm də insanın arxasınca kütlənin gəlməsi həmişə onun əsəblərinə toxunur.

Çiynimdə silahım və arxamda bir-birini itələyə-itələyə hər an böyüyən izdihamlı ordu ilə təpəni üzüaşağı səfeh kimi addımlayırdım. Və deyəsən elə səfeh kimi də görünürdüm. Aşağıda – daxmalardan uzaqda asfalt yol başlayırdı, ondan sonra isə hələ ki şumlanmayan, amma ilk yağışlardan sonra islanmış və ara-sıra kobud, cod otların bitdiyi min yardlıq palçıqlı çəltik sahələri gəlirdi. Fil yoldan təxminən yeddi-səkkiz yard məsafədə, sol tərəfi bizə çevrilmiş halda dayanmışdı. İzdihamın yaxınlaşmasını zərrə qədər də hiss etmədi. Yerdən dəstə il ot çıxarır, onları təmizləmək üçün dizlərinə çırpır, sonra da ağzına soxurdu.

Yolda dayanmışdım. Fili görəndə dəqiq anladım ki, onu öldürməyimə gərək yoxdur. Çalışan fili öldürmək ciddi məsələdir – bu, bahalı bir maşını məhv etmək kimi bir şeydir, insan bunu etməsə, daha yaxşıdır. Sakitcə öz yeməyi ilə məşğul olan filin bir inəkdən heç bir fərqi yox idi. O vaxt da, elə indi də bu fikirdəyəm ki, filin “mest dövrü” üçün etdiyi hücumlar artıq geridə qalmışdı; sahibi qayıdıb onu ram edənə qədər heç kimə zərər vurmadan gəzib-dolanacaqdı. Heç mən özüm də onu öldürmək istəmirdim. Yenidən vəhşiləşmədiyinə əmin olmaq üçün bir az onu izləmək və sonra da çıxıb getmək qərarına gəlmişdim.

Lakin həmin an ardımca gələn izdihama nəzər saldım. Böyük bir kütlə idi, ən azı iki min adam vardı və sayları hər dəqiqə artırdı. Yolu hər iki tərəfdən uzun bir məsafədə bağlamışdılar. Rəngarəng paltarlardan boylanan bu üzlər sarı dənizə bənzəyirdi–xoşbəxt və həyəcanlı sarı simalar, hamısı əmin idi ki, fil öldürüləcək. Onlar məni sirkdə şou göstərməyə hazırlaşan sehrbaza baxdıqları kimi izləyirdilər. Məni sevmirdilər, amma əlimdə silah olduğundan onların dəyərli baxışlarına layiq görülmüşdüm. Və qəfil dərk etdim ki, gec-tez mən bu fili öldürməliyəm. İnsanlar bunu məndən gözləyirdilər və mən bunu etməli idim; məni irəliyə itələyən ikiminlik arzunu üzərimdə hiss edirdim və bu, qaçılmaz idi. Əllərimdə silah dayandığım həmin anda, ağ insanın şərqdəki hökmranlığının mənasızlığını, bihudəliyini ilk dəfə anladım. Budur, mən, silahsız yerli insanlardan ibarət kütlənin qarşısında əlisilahlı ağ adam – tamaşanın aparıcı aktyoru kimi görünürdüm; amma gerçəkdə səhnənin arxasındakı o sarı üzlərin iradəsi ilə irəli-geri itələnən mənasız bir kukla idim. Həmin an dərk etdim ki, ağ insan tirana çevriləndə özünün də azadlığını məhv etmiş olur. Bir növ boş, idarəedilən müqəvvaya, bir “sahib”in şərti fiquruna çevrilir. Çünki onun hökmranlığının əsas şərti bütün həyatını “yerlilər”də təəssürat yaratmaqla keçirməkdir və beləcə, hər böhran anında “yerlilər”in ondan gözlədiyini etməyə məcburdur. O, bir maska taxır və sonda sifəti həmin maskaya alışır. Filə atəş açmalıydım. Mən silah dalınca adam göndərəndə artıq bu öhdəliyi öz üzərimə götürmüşdüm. Sahib sahib kimi hərəkət etməlidir; qəti, əzmkar görünməlidir, öz fikrində əmin olmalıdır və hər kəsə aydın olan hərəkətlər etməlidir. Əlimdə silah, arxamca addımlayan ikiminlik izdiham və mən zəiflik göstərərək çəkilib gedirəm, heç nə etmirəm – yox, bu, qeyri-mümkündü. Kütlə mənə güləcəkdi. Mənimsə bütün həyatım, şərqdə yaşayan hər ağ insanın həyatı kimi, bir məqsəd uğrunda aparılan mübarizədən ibarət idi – gülüş hədəfinə çevrilməmək.

Amma yenə də fili öldürmək istəmirdim. Onun heyvanlara xas bir qayğıkeşliklə ot dəstələrini dizlərinə çırpmasına baxırdım. O an mənə elə gəldi ki, ona atəş açmaq çox böyük bir cinayətdir. O yaşımda heyvanların öldürülməsi məsələsində həssas deyildim, əslində. Amma heç vaxt da fil öldürməmişdim, belə bir istəyim də olmamışdı (Nədənsə iri heyvanları öldürmək insana həmişə pis təsir edir). Həm də heyvanın sahibini də nəzərə almalıydım. Canlı filin ən azı bir neçə yüz funt dəyəri var idi, amma öləndən sonra onun qiyməti yalnız dişi qədər olacaqdı, uzağı beş funt. Amma qərarımı tez verməli idim. Oradakı təcrübəli görünən bəzi birmalılardan filin necə hərəkət edtidiyini soruşdum. Hamısı eyni şeyi söylədi: irəli getməsəniz, sizi görməyəcək belə, amma çox yaxınlaşanda üstünüzə cuma bilər.

         Qərarımı verdim. Filə, təxminən, iyirmi beş yardlıq bir məsafəyə qədər yaxınlaşmalı və onun necə davranacağını yoxlamalı idim. Əgər hücum etsəydi, atəş açacaqdım; yox əgər məni hiss etməsəydi, sahibi geri qayıdana qədər onu orada təkbaşına buraxmaq ən yaxşısı olacaqdı. Amma bilirdim ki, bunların heç birini etməyəcəm. Zəif atıcı idim, torpaq da ki yumşaq palçıq; hər addımda batmaq olardı. Əgər fil hücum etsəydi və mən onu vura bilməsəydim, həyatda qalmaq şansım qır maşınının altında qalan qurbağanın şansına bərabər olacaqdı. Lakin o halda belə öz canım barədə, arxamda dayanıb məni diqqətlə güdən sarıları düşündüyüm qədər düşünmürdüm. Bəlkə də, tək olsaydım, heç bu qədər qorxmazdım. Əslində, Ağ insan “yerlilər”in qarşısında qorxmamalıdır və o, ümumiyyətlə, qorxu nədir, bilməməlidir. Beynimdəki tək düşüncə ondan ibarət idi ki, əgər işlər yolunda getməsə, o iki min birmalı məni qovulan, yaxalanan, tapdalanıb təpədəki hindli kimi dərisi soyulmuş meyit halında görəcək. Və əgər bu baş versəydi, çox güman, bəziləri mənə güləcəkdilər. Bu isə baş verməməli idi.

Yalnız bir yol qalmışdı. Silahımı patronlarla doldurdum və yaxşı nişan almaq üçün yerə uzandım. Kütlə sükuta qərq olmuşdu. İnsanlar sanki teatr pərdəsinin qalxmasını gözləyirdilər. Nəhayət ki, bir azdan o cılız əyləncələri başlayacaqdı. Silahım çarpaz nişangahlı gözəl bir alman tüfəngi idi. Amma mən o zamanlar təcrübəsiz olduğumdan fili öldürmək üçün onun iki qulağı arasında xəyali bir xətt uzandığını və oranı hədəf almaq lazım olduğunu bilmirdim. Mənim gülləm onun qulağından bir neçə düyüm kənara hədəflənmişdi, çünki beyninin hardasa oralarda olduğunu düşünmüşdüm.

Tətiyi çəkəndə nə atəş səsi eşitdim, nə də əks-zərbəni hiss etdim – hədəfə dəyəndə həmişə belə olur – amma kütlə tərəfdən dəhşətli bir şadyanalıq hayqırtısı gəldi. Həmin o qısa zamanda fildə çox dəhşətli bir dəyişiklik baş verdi. Nə hərəkət edirdi, nə də yerə yıxılmışdı, lakin bədəninin hər hissəsi tamam dəyişmiş, başqalaşmışdı. Qəfil zərbədən küskünləşən filin bədəni qırış-qırış oldu, sanki bir anda gözümdə qocaldı, elə bil min yaşı vardı. Güllənin qorxunc zərbəsi onu yerə yıxıb öldürməsə də, dərindən yaralamışdı. Elə bil fil iflic oldu. Ağzından su gəlirdi. Eyni nöqtəyə yenidən atəş açdım.  İkinci atəşdən də yıxılmadı, çarəsiz süstlük içərisində, dizləri üzərində dayanmışdı, çətinliklə də olsa, dik saxlayırdı özünü, ayaqları taqətdən düşmüş, başı isə aşağı sallanmışdı. Üçüncü dəfə atəş açdım. Bu atəş onun üçün idi, filim üçün... Dəhşətli ağrının onun bədənini necə silkələdiyini və dizlərindəki son gücü də alıb-götürdüyünü açıq-aşkar görürdüm. Amma yıxılarkən sanki bir anlıq da olsa, yenidən qalxmaq istəmişdi; arxa ayaqları çökəndə yerindən aşırılan nəhəng qaya kimi dikəldi, xortumunu isə ağac kimi səmaya doğru qaldırdı. Son dəfə bağırdı, sonra yerə yıxıldı. Dəhşətli gurultu ilə nəhəng fil qarşımda yerə sərildi.

Yerdən durdum. Artıq birmalılar yanımdan ötərək palçığın içi ilə qaçışmağa başlamışdılar. Aydın idi ki, fil daha ayağa qalxmayacaqdı, amma hələ ölməmişdi. Çox ritmik şəkildə nəfəs alırdı, uzun sürən və xorultulu bir təngənəfəslik içərisində idi, nəhəng qarnının yan tərəfi ağrı içində qalxıb-enirdi. Ağzı geniş açılmışdı – boğazının solğun-çəhrayı boşluğunu görə bilirdim. Ölməsini gözlədim xeyli müddət, lakin tənəffüsü azalmırdı. Nəhayət, sonuncu iki gülləni də ürəyinin yerləşdiyini ehtimal etdiyim hissəyə doğru atdım. Yoğun qan şırnağı qırmızı məxmər kimi axıb töküldü, amma hələ də ölməmişdi. Hətta güllələr belə bədənini tərpədə bilmir, işgəncəli tənəffüsü isə kəsilmirdi. Yavaş-yavaş və böyük əzab içərisində ölməkdəydi, amma məndən uzaqda, elə bir dünyada idi ki, heç bir güllə artıq zərər yetirə bilməzdi ona. Anladım ki, buna bir son verməliyəm. Nəhəng bir heyvanın hərəkət etməyə, hətta ölməyə yetəcək gücü olmadan yıxılıb-qalmasını görmək dəhşətli idi. Kiçik silahımı geri gətizdirdim, filin ürəyinə və boğazına doğru dalbadal atəş açdım. Heç bir təsiri olmadı. Əzablı tənəffüs saat tıqqıltısı kimi aramla davam edirdi.

Axırda daha dözə bilmədim və oradan uzaqlaşdım. Sonradan eşitdim ki, filin ölməyi daha yarım saat davam edibmiş. Birmalılarsa hələ mən orada olanda bıçaqlarını götürüb gəlmişdilər; deyilənə görə, filin cəsədini az qala sümüklərinə qədər parçalayıblarmış.

Sonralar filin öldürülməsi barədə, əlbəttə ki, sonsuz söz-söhbət dolaşdı. Filin sahibi qəzəbdən dəli olmuşdu, amma o, sadəcə, bir hindli idi və heç nə edə bilməzdi. Onun etiraz səsləri öz qulaqlarından o yana eşidilməzdi. Həm də mən hüquqi cəhətdən doğru olanı etmişdim, qudurmuş fil əgər sahibi tərəfindən idarə oluna bilmirsə, eynən qudurmuş köpək kimi öldürülməli idi. Avropalılar arasında isə fikirlər haçalanmışdı. Yaşlı insanlar deyirdilər ki, mən haqlıyam, gənclər isə bir hambalı öldürdüyünə görə fili güllələməyin biabırçı hadisə olduğunu söyləyirdilər, çünki fil istənilən murdar hambaldan daha dəyərlidir. Və sonunda hambalın fil tərəfindən öldürülməyinə sevinəsi oldum: hüquqi baxımdan bu, mənə fili öldürmək haqqı verirdi. Tez-tez özümdən soruşuram: görəsən, həmin gün o izdihamdan bir kimsə fili axmaq kimi görünməkdən yaxa qurtarmaq üçün öldürdüyümü anlamışdımı?

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.