O ala gözlər barədə BALLADA Featured

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 


Bəzən həyatımı sorğulamaq pəriləri qapımı döyəndə, cavabları kitab səhifələrində deyil, insanlarda axtarıram. İnsanları müşahidə edərək özüm üçün kiçik fəlsəfi dərslər çıxarıram. Gözəllik haqqında eşitdiyim ən çox təkrarlanan söz isə budur: “Gözlərin nə gözəldir.” Bu söz qarşısında çox vaxt utanaram. Amma etiraf etməliyəm ki, gözlərimin gözəl olması məni içdən bir az da olsa sevindirir.

 

Bəziləri mənə "Kübra" yerinə "nəlbəki göz", "gilas göz", ya da "ceyran göz" deyə xitab edər. Əvvəllər göz təmasından çəkinərdim. Elə bilirdim ki, kiminsə gözlərinə baxmaq ayıb, uzun müddət göz təması qurmaq isə mədəniyyətsizlikdir. Zaman keçdikcə bu fikir dəyişmək əvəzinə mənim üçün qorxuya çevrildi. Hər kəsdən gözümü qaçıraraq danışmaq bir növ adət oldu. Hətta uzun söhbətlər zamanı da qarşımdakının üzünə baxmaz, gözlərini incələməzdim.

Amma son zamanlar, necə olduğunu anlamadan, göz təması qurmağı öyrənməyə başladım. İnsanları diqqətlə izləyir, bəzən gözümü belə qırpmadan onların gözlərinə baxıram. Bu sadə müşahidə tədricən məndə dərin bir marağa çevrildi. Artıq sadəcə izləmirdim – gözləri oxumağa, onların danışmadan dediklərini anlamağa çalışırdım.

Mavi, yaşıl, qonur, qəhvəyi və ya qara... Hər göz bir nağıl kimidir. Kədəri, sevinci, qorxunu, şübhəni, bəzən isə ümidi daşıyır. Bəzilərinin sıx və uzun kirpikləri var – elə bil hisslərini qorumaq üçün gözlərin üstünə pərdə çəkiblər.

 

Bilmədiyim çox şey var. Məsələn, mənim gözlərimdən nə oxunur? Yaxud mən bu baxışların düzgün oxucusuyammı? Amma bir şeyi bilirəm: hər kəsin üzündə qaçıb gizlənə bilmədiyi bir cüt göz, bir qığılcım var. Və bəzən ən güclü səs, heç bir söz deməyən bir baxışda gizlənir.

 

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.