Bilənlər bilməyənlərə desin, 25 may Filoloq Günüdür Featured

Fərasət Babazadə,

NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi, Gənc Yazarlar və Ədəbiyyatşünaslar klubunun üzvü

 

Mayın 25-i bazar gününə - qeyri-iş gününə düşür deyə mən yazımı sizlərə məhz bu gün – 2 gün öncə paylaşıram. Beləliklə, təqvimi vərəqləyirik, mayın 25-i günü görürük ki, ənənəvi, tanıdığımız əlamətdar günlərdən fərli bir günün təntənəsi duyulacaq. Filoloq gününün. Və əminliklə deyirəm ki, çox adam hələ də elə bilir ki, filoloq – nədirsə, fillə bağlı bir peşədir.

 

Filologiya, sözün ürəyi, dillərin yaddaşıdır. O, yalnız sözlərin arxasındakı mənanı deyil, insanlığın min illərdir yazdığı tarixcəni oxuyur. Bəzən bir şeirin içində, bəzən unudulmuş bir yazının kölgəsində, bəzən bir nənənin nağıl söyləyən səsində canlanır filoloqun baxışı. 25 may bu tarix bəlkə də rəsmi bir gündür, amma əslində bu gün, ruhunu sözə tapşıranların günüdür. Kağızda canlanan cümlələrin, mübtəda ilə xəbər arasında qurulan görünməz körpülərin, kitabların içində böyüyən düşüncələrin günüdür bu.
Filologiya nədir, sualını cavablandırmaq istəyən biri qələm götürmədən öncə öz iç səsinə qulaq asmalıdır. Çünki filoloq olmaq yalnız kitab oxumaq deyil. Yalnız bir sözü başa düşmək yox, onu min illik zamanda yaşatmaqdır. Filologiya, sətirlərin arasında gizlənən kədəri, bir vergülün arxasındakı niyyəti anlamaq sənətidir.
Filoloq Günü 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində qeyd olunmağa başladı. Bu günün özü beynəlxalq xarakter daşıyır, lakin o, Moskva Dövlət Universitetinin filologiya fakültəsi sayəsində ölkəmizə gəlib, bu tarix ilk dəfə məhz Moskvada qeyd olunub. Amma bu tarixdən öncə də sözə səcdə edənlər vardı. Antik Yunanıstandan gələn filologiya anlayışı sevgi ilə düşüncə arasında körpü qurdu: “philo” – sevgi, “logos” – söz. Yəni filologiya, sözə olan sevgidir.
Filologiyanın kökləri antik dövrlərə gedib çıxır. Qədim Yunanıstanda Homer əsərlərinin şərhi və Sanskrit filologiyası kimi ənənələr bu sahənin ilk nümunələrindəndir. Orta əsrlərdə yazılmış mətnlərin araşdırılması və İntibah dövrünədək kassik mətnlərin yenidən tədqiqi filologiyanın inkişafında mühüm rol oynayıb.

Bu sevgini öz canına hopduran insanlarsa adını tarixə yazdı: Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli, Salman Mümtaz, onlar yalnız yazmadılar, həm də topladılar, qorudular, dilin canını arxivlərdən çıxarıb həyata qaytardılar. Bu gün Azadə Musayeva, Afad Qurbanov, Tofiq Hacıyev, Bəxtiyar Məmmədzadə kimi filoloqların axtarışları, Möhsün Nağısoylunun, Mahirə Nağıqızının və bir çox dəyərli filoloqlarımızın qələmi ilə yazılan qrammatik rəsmlər, hamısı bu sahənin əzəmətidir.
Bəziləri filologiyanı ölü dillərlə maraqlanan bir sahə zənn edir. Halbuki filoloq, unudulmuş sətirləri oyadan, köhnəlmiş sözlərə yeni nəfəs verəndir. Filoloq, yalnız bir lüğət yaradan deyil, həm də bir millətin mənəvi lüğətini tərtib edən şəxsdir. O, yalnız “nədir?” sualını deyil, “niyə belədir?” sualını da düşünür. Çünki filoloqun işi məna ilə başlar, fəlsəfə ilə dərinləşər, ədəbiyyatla can tapar.
Ədəbiyyat filologiyanın nəfəsidir. Bu nəfəsi yaşatmaq üçünsə sadəcə məlumat deyil, dərin duyum, diqqətli baxış, düşüncəli yanaşma gərəkdir. Ədəbiyyat hər zaman yazıçı ilə başlamır, oxucu ilə də bitmir. O, filoloqun qəlbində yaşayır, tənqidçinin ağlında yenidən doğulur, və ən əsası gələcək nəsillərin ruhuna doğru yol tapır. Sözlər unudula bilir, amma dahilərin yaratdığı əsərlər əbədi qalır.
Ədəbiyyat, insan ruhunun kağız üzərində əksidir. Əbu Turxan demişkən: “Ən gerçək portret dahilərin yazılarında üzə çıxır. Onlar heç kimin görmədiklərini üzə çıxara bilirlər.” Bu cümlə adi bir cümlə deyil, bütün ədəbiyyatın sirrini özündə daşıyan bir güzgüdür. Füzuli bir məhəbbət deyərkən, əslində, qürurun, hicranın və insan tənhalığının portretini çəkirdi. Anar, İlyas Əfəndiyev, Cəfər Cabbarlı sanki yazdığı hər sətrə bir vicdan, bir sual yerləşdirirdi.
Bu əsərləri oxumaq üçün isə yalnız göz deyil, fəlsəfə, duyum, anlayış lazımdır. Hər kəs oxuya bilər, amma hər kəs anlaya bilməz. Bu baxımdandır ki, tənqidçi yalnız oxuyan deyil, anlayan insandır. O, yazıçının bir cümləsində gizlənən əsrin səsini eşitməlidir. Əbu Turxanın fikrində bu həqiqət açıqca ifadə olunur: Tənqidçi fəlsəfi hazırlıq səviyyəsinə görə yazıçıdan yüksəkdə durmasa, əsərin həqiqi qiymətini verə bilməz.” Bu, sözə deyil, sözün arxasındakı düşüncəyə baxmağı tələb edir. Yazıçı yaradır, tənqidçi anlayır. Onlar yazarkən, əslində fikri sözə çevirirlər.
Filoloq, sanki bir arxeoloq kimidir, amma torpaqdan deyil, sətirlərdən tapar xəzinəni. Onun tapdığı xəzinə isə qızıldan deyil, elmin özündəndir.
Ulu Öndər deyirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
Dil ünsiyyət vasitəsindən ziyadə, xalqın göz yaşının, gülüşünün, inamının, müqavimətinin səssiz şəklidir.
Mən inanıram ki, dilin içində millət yatır.  Hər araşdırdığımız kəlmə, hər öyrəndiyimiz dialekt, hər təhlil etdiyimiz şeir bu millətin qəlbində bir səsə çevrilir. Əgər bir xalq öz dilini sevə bilirsə, o xalq hər zaman ayaqda qalacaq. Və biz bu sevginin qoruyucularıyıq.


"Dəhşətli dərəcədə qəribə də olsa, indi mənə aydındır ki, bizim əsl, həqiqi marağımız mümkün qədər çox pul almaq, təriflənmək olub. Bu məqsədə çatmaq üçün isə yalnız kitab-qəzet çıxartmağı bilirdik. Elə onu da edirdik. Ancaq bu qədər faydasız işlə məşğul olub çox vacib insanlar olduğumuza inanmağımız üçün bu fəaliyyətimizə haqq qazandıran başqa bir düşüncə də olmalı idi. Elə buna görə də belə bir fikir ortaya atmışdıq: "Var olan hər şey şüurludur və var olan hər şey inkişaf edir. İnkişaf isə maarifçilik vasitəsilə olur. Maarifçilik də öz növbəsində kitabların, qəzetlərin yayılması ilə ölçülür. Bizə ona görə pul ödəyir, ona görə hörmət bəsləyirlər ki, kitab yazırıq, qəzet buraxırıq. Bax elə bu səbəbdən biz ən faydalı, ən yaxşı insanlarıq". Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı, ancaq birinin irəli sürdüyü ideyaya başqası bu ideyaya tam əks olan bir fikir ilə qarşı çıxdığından, biz yenidən düşünüb götür-qoy etməyə məcbur olurduq. Lakin biz bütün bunları görmürdük. Bizə yaxşı pul verir, tərəfdarlarımız bizi öyüb göylərə qaldırırdılar. Ona görə də hər birimiz özünü haqlı sayırdı.
İndi mənə aydındır ki, dəlixanadakı dəlilərlə bizim aramızda heç bir fərq olmayıb. Ancaq o vaxtlar yalnız azacıq şübhələnir və digər dəlilər kimi, mən də özümdən savayı hamını dəli adlandırırdım."

 

Tolstoy “Etiraf” əsərində bu həqiqəti sadə, eyni zamanda sarsıdıcı şəkildə göstərir. O yazır: Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həqiqətən də, bütün böyük ideyaların gözəlliyi onların içindəki birlik ehtimalıdır. Amma fikir parçalandıqda, ideya şəxsi marağa çevrildikdə, sözdəki işıq artıq yanmır.
Maarifçilik dediyimiz anlayış bir zamanlar insanı azad edən, cəmiyyətləri oyadan, qaranlığı işıqlandıran bir məşəl idi. Amma zaman keçdikcə bu məşəl bir çox əllərdə yalnız şəxsiyyət nümayişinə, tərif və qazanc vasitəsinə çevrildi. Fikir vasitə oldu, məqsəd isə görünmədən dəyişdi. “Maarifləndiririk” deyə-deyə kitablar yazdılar, qəzetləri çıxardılar, lakin sözün özü bizdən uzaqlaşdı.  Və nəticədə Tolstoyun dediyi kimi, hər kəs öz ideyasına aşiq, başqasının düşüncəsinə isə düşmən kəsildi.
Amma o bir cümlə yenə də bütün bu xaosun içində açar kimi dayanır: “Əlbəttə, hamımız həmrəy olsaydıq, bu fikir çox gözəl fikir olardı.” Həmrəylik – təkəbbürdən, eqodan, mənəm-mənəmlikdən imtina edərək, bir ümumi bizin yaranmasıdır. Filologiya, ədəbiyyat, maarifçilik, bunların hər biri məhz bu biz məvhumuna möhtacdır. Əgər filoloqlar bir-birini boğmağa yox, anlamağa çalışsa, əgər yazıçılar bir-birinə qarşı deyil, bir ideyanın fərqli səsləri kimi yanaşsa, əgər oxucu da sadəcə tərif üçün deyil, gerçək anlam üçün kitaba yaxınlaşsa, onda bəli, Tolstoyun dediyi fikir həqiqətən gözəl olardı.
Deməli, ideyaların özündən daha çox, ona yanaşma tərzimiz dəyərlidir. Və bəzən ən doğru fikirlər belə yalnız həmrəylik olmadıqda məhv olur, içi boşalır. Əsl maarifçilik isə birlikdə baş verir. Fikirin yeganə müdafiəçisi səmimiyyət və birgə əməkdir.
Biz keçmişdən gəlirik, amma gələcəyə gedirik, sözlə, sədaqətlə, səssiz, amma əbədi bir səslə. Zaman dəyişir, texnologiya inkişaf edir. Amma söz hələ də insanın ilk və son sığınacağı olaraq qalır. Gələcəyin filoloqları bəlkə də dil modelləri ilə müqayisələr aparacaq, amma yenə də onların qəlbində bir köhnə dəftərin iyini sevən ürək döyünəcək. Onlar yenə də bir şeirin ritmini, bir romanın ideyasını, bir hekayənin sirrini oxumağa çalışacaqlar.
Filologiya, bir az keçmiş, bir az gələcək, amma tam mənası ilə bu gündür. Bu gün, çünki söz bu andadır. Dünən, çünki dil kökə bağlıdır. Sabah, çünki söz yaşadıqca insan yaşayacaq. Filoloq isə bu zamanların hamısını öz qəlbində daşıyan şəxsdir. Bəzən bir lüğətin səhifəsində, bəzən unudulmuş bir əlyazmada, bəzən bir uşaq şeirində gizlənir onun izi.
Bu gün, 25 mayda, əgər sənin qəlbində sözə qarşı bir sevgi varsa, əgər sətirlərin içində itməkdən qorxmursansa, əgər bir dili sevirsənsə, deməli, sən də bir filoloqsan. Sən də bu böyük düşüncə yolunun yolçususan.

Və unutma: sözə xidmət etmək heç zaman köhnəlməyəcək bir məbəddə ibadət etməkdir.

“Ədəbiyyat və incəsənət”

(23.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.