Əməkdar jurnalist Səadət Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün
Xalq artisti, əzizimiz Nəzakət Teymurova peşəkarlıq səviyyəsini hər zaman yüksəkdə saxlamağı bacarır. Ona bu işdə peşəkar sənətkarlardan ibarət komandası da dəstək verir. Təbii ki, incəsənət təkbaşına fəaliyyət deyil. Əliağa Sədiyev, Şirzad Fətəliyev və digərləri səhnədə Nəzakət xanımın qüsursuz performansını yüksək zövqlə tamamlayırlar.
Orkestr isə...bir ayrı aləmdir. Bakı Kamera Oskestri və baş dirijor Fuad İbrahiov hansı səhnəyə çıxsa, oranın yaraşığı olur. Amma bu gözəlliyin pərdəarxası da var, orkestrlə ifa olunan əsərləri, milli musiqiləri və xalq mahnılarını simfonik ifa üçün işləyən, oskestrləşdirən bəstəkar Ceyhun Allahverdiyevdir. Bu repertuar yeni deyil və Nəzakət xanım onu səhv etmirəmsə Bakıda 2 dəfə, xarici ölkələrdə bir neçə dəfə ifa edib. Bakıdakı ilk konsertdə canlı iştirak etməmişdim, amma bütün süjetləri izləmişdim. Birinci konsertdən sonra böyük bəstəkar rəhmətlik Arif Məlikovun müsahibəsini dinləmişdim. Ceyhun Allahverdiyevi ilk dəfə həmin vaxt onun dilindən eşidib tanımışdım. Arif müəllim təxminən belə dedi ki, bu işləmələrin hamısı tələbəm Ceyhunundur, onunla fəxr edirəm.
Bəli, Ceyhun müəllim ifaçı olmadığı üçün kütləvi mənada məşhur deyil. Şou əhlindən uzaq təvazökar insan, akademik musiqiçi, peşəkar bəstəkardır. Bizim Ülvinin də sənət müəllimidir. Ona görə yaxşı tanıyıram. Dünənki möhtəşəm gecədə səslənən əsrarəngiz osketrləşmə məhz ona məxsusdur və buna görə Ceyhun Allahverdiyevə böyük təşəkkürlər!!!
Nəzakət xanımın dünənki performansı isə ayrıca bir dastandır. Çox mükəmməl idiniz, gözəl və əziz ağdamlı qız.
Nəzakət xanım, böyük səhnədə yaddaqalan konsertlər verən qadın sənətkarlar içində ən məhsuldarıdır. Onun son 15 ildəki konsertlərinin demək olar hamısında olmuşam. Hamısı xüsusi konseptlə hazırlanmış, üzərində ciddi əziyyət çəkilmiş, aylarla tər tökülmüş tərtibat və ifa ilə yadımda qalıb.
Ümumiyyətlə, muğam ifaçıları intensiv konsert vermirlər. Əlbəttə ki, burada peşəkar komanda işi, prodüserlər, sponsor və s lazımdır. Bunun üçün adamın gərək bir az toydan da başı açılsın. Bu yerdə deyim ki, əməkdar artist Əliağa Sədiyev təkcə tarzən deyil, Nəzakət xanımın konsertlərinin prodüserliyindən tutmuş texniki təşkilatçılğına qədər hər işlə şəxsən məşğul olur və nəticədə ortaya YAXŞI İŞ çıxır. Hər konsert vermək istəyən xanəndənin Əliağa kimi canıynana sağ əli olmalıdır. Amma cəhd göstərmək lazımdır, cavan və orta nəsil xanəndələr fəallaşsa yaxşı olar. Dəstgahlar unudulur. Əksəriyyəti efirlərə çıxıb təqdim etdikləri toy repertuarından o yana keçə bilmir. Hansı özündən deyən cavan və ya orta nəsil xanəndənin bir muğam dəstgahı konsertini görmüşük?! Son illərdə yalnız Fərqanə Qasımovanın belə konsertini xatırlayıram. Bəlkə olub, mən bilmirəm.
Yeri gəlmişkən, muğamsevərlərin çox bəyəndiyi layihələrdən biri də Arif Babayev və tələbələrinin birgə ifasında muğam dəstgahları idi - Cahargar, Şur və Rast oxunub mənbilən və böyük sevgi ilə qarşılanıb, unudulmazlıq qazanıb. O tələbələrin hamısı indi həm də illərin müəllimidir. Əliağa müəllim, qolunuzu çırmalayıb bu konsertdən birini də təşkil edin, Arif müəllim səhnədən baxsın, saçı çallaşmış tələbələr bir SEGAH oxusun. Sonra da bunu cavan ifaçılarla etmək olar.
Bir sözlə, Nəzakət xanım ifasında təkrarsız olduğu kimi yenilikçilikdə və məhsuldarlıqda da birincidir. Ondan nümunə götürün, gənclər!!!
Nəzakət xanım, bu dərin fəlsəfi, ruhsal gecə üçün təşəkkürlər!!!
“Ədəbiyyat və incəsənət”
(22.05.2025)