Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Naxçıvan Muxtar Respublikasında son illərdə sosial-iqtisadi aktivliyin artması nəqliyyat xidmətlərinə olan tələbatın da yüksəlməsi ilə müşayiət olunur. Əvvəllər bölgədə taksi xidmətlərinin məhdud və yüksək tariflərlə fəaliyyət göstərməsi əhalinin daşınmasında bir sıra çətinliklər yaradırdı. Artıq o dövr deyil, hamı sarı taksiyə minsin. Sözün düzü, nə o “sarı” taksilərin hökmranlığı qalıb, nə də “maşın tapılmır” narahatlığına.
İndi hər kəs cibinə uyğun rəngi, xidməti, maşını seçə bilir. Elə taksi demişkən. Şəhərin döyünən ürəyi ictimai nəqliyyat olub həmişə. Əvvəllər naxçıvanda nəqliyyat çox seyrək olsa da, taksilər od qiymətinə olub. Vaxtilə hava limanından Hacıvar kəndinə cəmi 1 kilometrlik yolun 5 manata başa gəldiyi günlər artıq xatirəyə çevrilib. Şəhərin nəqliyyatı hər zaman onun ürək döyüntüsü olub, amma bu ürəyin ritmi heç vaxt indiki qədər rəqəmsal dövrlə ayaqlaşmamışdı. Bakıdan gələnlər “Bolt çağırın” deyəndə kənddəki Gülnisə xala, Canbaxış əmi təəccüblə baxırdı: “Ay bala, o nə olan şeydir elə?” Gəl indi bunu Gülnisə xalaya Canbaxış əmiyə izah et ki, Bolt səni evdən götürüb düz gedəcəyin ünvanın həndəvərinə aparır.
Nənəm nağıl edirdi ki, bir qonşumuz var idi Telli xala. Ozaman Naxçıvanda tək-tük maşın olardı. Telli xalada Kültəpədən Siraba qızı Fatmanisə gilə gedirmiş. Bir maşın gəlib saxlayır Telli xalanın yanında. Sürücüdə cavan oğlan. Deyir xala gəl otur səni də aparım yorularsan. Xala da qayıdasan ki, ay bala başıva dönüm sən get ginən mən tələsirəm! Hə dostlar sözümün canı var. Bu əhvalat olub təxminən 1900 çoxdanlarda. Üstündən illər keçir yenə eyni dövr yaşanır. Bu dəfə avvamlıq və yaxud cahillikdən yox. Bu dəfə sıxlıqdan, tıxacdan. Artıq adam istiyir ki, gedəcəyi ünvana piyada hərəkət etsin, nəinki maşınla.
Heç yadımdan çıxmaz ilk dəfə 2004-cü ildə İstanbula gedərkən elə düşünürdüm məndən xoşbəxt adam birdə gəlməz dünyaya. Taksidə Asma körpüyə doğru yol almışdıq. Əzəmətli Aya Sofiiya qarşımızda dağ kimi görünsə də fəqət biz ona çata bilmirdik ki, çata bilmirdik. Elə bilirdim ki, biz irəlilədikcə o da bizdən uzaqlaşır. Böyüdükcə fərqinə vardım ki, böyük meqapolislərdə tıxaclar saatlarca davam edərkən belə bir mənzərə çıxırmış ortalığa.
Bəs necə edək ki, bu tıxaclardan yaxa qurtaraq? 18:00-da işdən çıxıb beş dəqiqəlik yolu bir saata niyə gedək? Əslində bu vəziyyətdən çıxış yolu çoxdur. Zəruri olmadıqca şəxsi yox, ictimai nəqliyyatlarla hərəkət etmək tösiyyə olunur. Dövlət Yol Polisinin də tələbi çox zaman fikirlərimizlə üst-üstə düşür. Bəs onda bir sualda çıxır meydana. Elə sakinlər var ki, onlar evdən ictimai nəqliyyata çatana qədər həm gecikir, həm də basabasla mənzil başına çatır. Bəs onlar nə etsin?
Bu yerdə müsahibim Talıbov İlkin Yusifəli oğlu bildirir ki, bu zaman Bolt sifariş etmək lazımdır. Bolt-un AYNA-dan 2033-cü ilə qədər etibarlı rəsmi icazəsi var. İlkin Talıbov qeyd edir ki, artıq bir ildən çoxdur ki, Bolt Naxçıvanda fəaliyyət göstərir. Sürücülərin sayı beş minə yaxındır. Lakin sistemdə təmizləmə işləri aparılır və sürücü sayı daha da optimallaşdırılacaq.
Tətbiqə müstəqil şəkildə qoşulan sürücüləri sistem avtomatik blok edir. Hər bir sürücü rəsmi qaydada ofisə yaxınlaşıb sənədlərini təqdim etdikdən sonra fəaliyyət göstərə bilir. Sahibkar olaraq bu işlə məşğul olmaq istəyən şəxslə müqavilə bağlanır və aylıq olaraq dövlət büdcəsinə müvafiq məbləğdə vergi ödəməsi şərti ilə fəaliyyət göstərə bilir. İlkin Talıbov bildirir ki, icimaiyyəti ən çox məşğul edən məsələlərdən biri də Bolt-un qiymət siyasətinin necə tənzimlənməsidir. Qiymətləri heç kim dəyişmir, sistem özü nizamlama aparır. Bəzən 5 manata gedilən məsafəni tətbiq müəyyən vaxtlarda 3 manata hesablaya bilir. Bu, tələb-təklifə, günün saatına və sifariş sıxlığına bağlıdır. Adres dəqiq yazıldığı zaman müştəri istənilən ünvandan götürülür və mənzil başına çatdırılır. Bolt sifarişçisi çoxlu sayda sürücü sifariş edib ləğv edərsə sistem avtomatik qiyməti artırır. Eyni zamanda çox sifariş verib sürücünü gözlətdirən və iptal edən müştərilər də şirkət tərəfindən blok edilir.
Şirkətin həmçinin təhlükəsizlik və xidmət baxımından da geniş imkanları var. Proqramda zəng, təhlükəsizlik və GPS bölməsi mövcuddur. İstifadəçi nömrəni ora yazmaqla öz təhlükəsizliyini təmin edir. Həmçinin müştəri razı qalmadığı sürücü barədə dərhal “dəstək xətti” bölməsinə şikayət edə bilər və həmin sürücünün fəaliyyəti dayandırıla bilər. Eyni qayda sürücü üçün də keçərlidir.
Müsahibim qeyd edir ki, Bolt xidməti ilə bərabər Bolt Food xidmətinin fəaliyyəti də təşkil olunub. Hazırda Naxçıvanda 50 aktiv kuryer xidməti var. Restoran, ərzaq mağazaları və apteklərdən çatdırılma xidməti həyata keçirilir. Bəzən sifariş edilib, sonra ləğv olunan hallarda şirkət cəriməni restorana ödəyir. Müştəri isə növbəti sifarişdə həmin borcun balansından silindiyini görür. Ona görə də hər kəs bilməlidir ki, sifarişi iptal etmək məsuliyyət yaradır. Ünvan dəyişən müştərilər yeni ünvanı tətbiqdə mütləq qeyd etməlidir, əks halda kuryer köhnə ünvana gedir və yol xərci artıq müştərinin üzərinə düşür.
Ofis hər gün 10:00–19:00 arası, şənbə günü isə 13:00-a qədər fəaliyyət göstərir.
Faktiki işsiz olan şəxslərin bu sistemlə fəaliyyət göstərməsi həmçinin regionda işsizliyin azalmasına da müsbət təsir göstərir. Beləliklə Bolt və Food həm nəqliyyat və çatdırılma ehtiyaclarını qarşılayır, həm də yerli sakinlər üçün davamlı gəlir mənbəyi yaradaraq iqtisadi fəallığı dəstəkləyir.
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


