Üzeyir bəyin məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasına daxil oldu... Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Firəngiz xanım dahi sənətkar, çox gözəl insan idi. Həmişə deyirdi ki, mənim bu yerə gəlməyimə səbəb Allahın verdiyi istedad və zəhmətdir. Ölümündən əvvəlki son illərdə teatra da gəlmirdi, istəmirdi xəstə vəziyyətində onu kimsə görsün. Ərköyün deyildi, əksinə yumora meyli olan xanım idi. O düzü-düz, əyrini-əyri deyirdi. Bütün rejissorlar onunla işləmək istəyirdi. Amma onun bacarığından kinoda az istifadə etdilər" - Xalq artisti Tariyel Qasımov deyib bunları.

 

Bu isə ƏməkdarartistBəhramOsmanovunsözləridir:Firəngiz Şərifovanınadı gələndə heç vaxtunutmadığımbirhadisənixatırlayıram. 2006-ci ildə Tatarıstanın paytaxtı Kazan şəhərinə qastrol səfərinə gedəndə orda maraqlı hadisə ilə qarşılaşdım. İllər öncə, tatarların məşhur dramaturqlarından biri Kərim Turçirin Abbas müəllimlə olan görüşlərində Firəngiz xanımın üç yaşında fotosunu çəkib. İllər sonra o həmin şəkli mənə verdi ki, Firəngiz xanıma çatdırım. Firəngiz xanım fotonu görüb sevincindən qəhərləndi. Onlar bizim aktrisaları çox sevirdilər, onlara dəyər verirdilər”.

Bu gün Firəngiz Abbasmirzə qızı Şərifovanın anım günüdür.

O, 6 fevral 1924-cü ildə Bakıda doğulub.  Səkkiz yaşında Azərbaycan məktəbinin birinci sinfinə gedib və növbəti ildə yenidən rus məktəbinin birinci sinfində oxumağa başlayıb. Paralel olaraq səkkiz il Bakı Xoreoqrafiya Məktəbində oxuyub.

1941-ci ildə ailəsinin yaxın dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Beş il konservatoriya təhsili alıb və soprano səsinin peşəkarlıq yönündə formalaşmasına nail olub.

Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub.

1949-cu ilin əvvəllərində bu sənət ocağı məcburi özünümaliyyələşdirmə iş üsuluna keçirildiyinə görə müvəqqəti bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktrisa kimi işləməyə başlayıb.

Tezliklə teatrın repertuar ağırlığını çəkən əsas aktrisalardan biri olub. Anası Mərziyə xanım xəstə olanda görkəmli aktrisaya anadan doğulmasının altmış illiyi munasibətilə təntənəli yubiley keçirilib. Yubileydən sonra Firəngiz Şərifova 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb.

 

O, bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib və qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2001-ci ilədək oranın aparıcı sənətkarı olub

O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm və bəstəkar Səid Rüstəmov), Ulduz ("Ulduz", dramaturq Sabit Rəhman və bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto və Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış nağılı", Vilyam Şekspir) kimi maraqlı rollar oynayıb.

1949–1961 və 1965-ci ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında yaratdığı dramatik, komik, fəci və psixoloji səhnə obrazları Firəngiz Şərifovanın yaradıcılığında xüsusi yer tutmuşdur. Həmin səhnə surətlərinin daha xarakterikləri Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça ("Qarlar kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer Stou) və s. rollarıdır

 

Filmoqrafiya

- Abbas Mirzə Şərifzadə

- Astana

- Bayquş gələndə...

- Bir ailəlik bağ evi

- Bizim küçənin oğlanları

- Dağlı çörəyi

- Qonşu qonşu olsa…

- Üzeyir ömrü

- Ömürdən uzun gecə

- Qətl günü

- Qaraca qız

- Xüsusi vəziyyət

- Ən vacib müsahibə

 

Firəngiz Şərifzadə milli səhnə mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə, qazandığı sənət qələbələrinə görə 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti və 25 dekabr 1969-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2002-ci ildən prezident təqaüdçüsü olub. 20 fevral 2014-cü il tarixdə Bakıda vəfat edib. O vəfat edən gün həmkarları çox üzüldülər.

“Allah rəhmət eləsin. Böyük aktrisa idi. Bu, Azərbaycan mədəniyyəti, incəsənəti üçün böyük itkidir. Çox təsirləndim. Dərin hüznlə baş sağlığı deyirəm. Onun ruhu şad olsun və bütün aktyor dostlarım adından öz kədərimi bildirirəm” dedi Həmidə Ömərova.

“Böyük bir aktrisamızı itirmişik. Mən onunla bir neçə tamaşada bir yerdə oynamışam. Sözün düzü, yadımda qalan ilk dəfə mən Gənc Tamaşaçılar Teatrında oynayanda onun  təbriki olub. İlk dəfə səhnəyə addım atan aktyoru təbrik eləməyə gəlmişdi. O heç nə demədi. Sadəcə, məni qucaqlayıb öpdü. Bu mənim yaddaşımda əbədi olaraq qalıb. Sonradan bir çox tamaşalarda oynadıq və biz ondan çox şey öyrənirdik. Allah rəhmət eləsin. Qəbri nurla dolsun” dedi Elşən Rüstəmov.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.