İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın anadan olmasının 99 ili tamam olur.
LeylaVəkilova1927-ciilyanvarayının 29-daBakıdadoğulub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib.
1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb. 1945–1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.
Leyla Vəkilova müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, Mulla ("Qu gölü", "Yatmış gözəl" və "Şelkunçik", Pyotr Çaykovski), Pao Xoa ("Qırmızı lalə", Reynqard Qlier), Kitri ("Don Kixot" Lüdviq Minkus), Laurensiya ("Laurensiya", Aleksandr Kreyn), Zarema ("Bağçasaray fəvvarəsi", Boris Asafyev), Gülşən ("Gülşən", Soltan Hacıbəyov) partiyalarını ifa edib.
Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslovakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.
1976-cı ildən 1982-ci ilə kimi Azərbaycan Dövlət Rəqs Ansamblına bədii rəhbərlik edib. Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər.
“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru, ssenarist, kino redaktoru Yaqub Əlioğlu 1993-cü ildə Leyla xanım haqqında “Balet uçuş deməkdir” adlı sənədli film çəkib. Bu barədə o belə deyir:
“Balet uçuş deməkdir” adlı sənədli film özünün də ürəyincə oldu. Sən demə, o filmə mərhum prezidentimiz Heydər Əliyev də baxıb və sonra Leyla xanımla əlaqə yaradaraq, onunla xeyli danışıb. Leyla xanım çox sevincli idi. Sanki sevincini kiminləsə bölməyə adam axtarırdı.
Mənə dedi ki, “dur gəl bizə, danışaq”. Çox sevinirdi. Getdim, ürəkdolusu telefon söhbətinin təəssüratından danışırdı. Onda mənə dedi ki, “Yaqub, istəyirəm haqqımda kitab yazasan”. Maraqlı bir faktı da deyim, o filmdən və o telefon danışığından bir müddət sonra Leyla xanıma prezident təqaüdü və “Şöhrət” ordeni verildi.
Mən də sənət xadimlərinə həsr etdiyim kitabımda onun haqqında “Qu quşunun nəğməsi” adlı portret yazısı yazdım. Doğrudur, xoşuna gəldi, amma xahiş etdi ki, ona ayrıca kitab həsr edim. Mən də Leyla xanıma söz verdim ki, onun üçün ayrıca bir kitab yazacağam. Çünki həqiqətən də buna layiq idi. Bütün ömrünü baletə həsr etdi. Ailə xoşbəxtliyi yaşamadı, hər şeyi sənət üçün etdi.
1999-cu ildə Leyla xanım vəfat etdi. İş, yaradıcılıq, məişət qayğıları bizi çox məşğul edirdi. Odur ki, bu kitab məsələsi qismən də olsa, unuduldu. 2010-cu ildə Leyla xanım yuxuma girdi. Çox qəribədir, yuxuda o məsələni xatırlatdı. O gündən sonra işə başladım, çox çətinliklə onunla bağlı materialları əldə etdim. İnanın, onun az sayda olan yaxınları telefonu üzümə qapadırdılar. Yenə sağ olsun, Xareoqrafiya məktəbinin o vaxtkı rəhbəri Rima Məmmədova kömək etdi. Nə isə, kitabı tamamladım.
Amma əsas məsələ onun çapı idi. Mənim də buna qədər 7 kitabım olub və heç biri üçün kiməsə müraciət etməmişəm, xahiş-minnətdə olmamışam. Maddi imkanımın məhdudluğundan kitabın çapı qaldı. Amma yenə bir gün Leyla xanım yuxuma gəldi. İnanın, dedi ki, başladığın işi yarımçıq saxlama.
Yenə deyirəm, bəzi insanlar üçün bu adi, bəlkə də qeyri-ciddi görünər. Amma mənə sanki ruh, inam verdi. Kitabın çapı ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məktub yazdım. Çox keçmədi, nazirlikdən müsbət cavab gəldi. Nəticədə 2014-cü ilin sonlarında çox nəfis tərtibatla Leyla xanıma həsr olunan “Qu quşunun nəğməsi” kitabı işıq üzü gördü.
Leyla Vəkilova 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru olub. Onun layiqli yetirmələri bu gün də sənət fəaliyyətlərini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Mükafatları
- "SSRİ xalq artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Lenin" ordeni
- "Şöhrət" ordeni
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


