İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Allah ona qəni-qəni rəhmət eləsin. Gəldi, yaşadı, musiqimizi – muğam və təsniflərimizi sevə-sevə ifa edib milynlara sevdirdi və getdi...
Xalq artisti, hələ sağlığında ikən korifey sayılan Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldıqdan sonra əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub. Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb
Bir vaxtlar o və Zeynəb Xanlarova Leylini və Məcnunu oynayanda Opera və Balet teatrında əsla bilet tapılmazdı...
Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra — 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.
1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verib. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur.
Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib, onları böyük ifa edib. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub
1978-ci ildə"Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adını alıb. O, 1998-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Bundan əlavə Xalq artisti "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı, "Şərəf" ordeni alıb. 2 il öncə o, Azərbaycan Prezidentinin fəxri diplomuna, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 2025-ci il mayın 8-də isə Heydər Əliyev mükafatına layiq görülüb.
Son dəfə “Ulduz”un baş redaktoru Qulu Ağsəs ustad sənətkarla onun evində söhbətləşmişdi, “Xalq qəzeti” TV-də efirə getmiş həmin söhbətdə Arif Babayev bəzi məqamlara toxunmuşdu.
SƏS BARƏDƏ
– Sizin səsiniz yaddaşımızda musiqi möhürü kimi həkk olunub. Heç nə sizin səsinizə xələl gətirə bilməz.
+Səsi gərək qoruyasan, külək, soyuq hava ona pis təsir edir. Konsert zamanı soyuq olanda xırıltı yaranır və bu da çətinlik törədir. Ona görə də xanəndəlik çox çətin sənət sayılır. Uzun illərdir mən buna şahidəm, çox çətindir.
AŞIQ HAVASI BARƏDƏ
– Siz xalq mahnılarının, muğamların və bəstəkar nəğmələrinin mahir ifaçısısız. Hansısa bir məclisdə sizdən aşıq havası oxumağı istəyən olubmu?
+Bəli, həm də çox oxumuşam. Saz yaxşı çalınanda, mən də oxuyanda, sanki, özümlə danışıram.
– Operada aşıq rolu da oynayanda, yəqin oxumusunuz da...
+Bəli, baş rollardan biri olan Aşıq Qəribi oynamışam və aşıq kimi oxumuşam.
MÜŞAYİƏT BARƏDƏ
– İndiyə qədər sizi tarda ən yaxşı müşayiət edən, sözsüz anlayan kim olub?
+Sərvər İbrahimov, Həsən Dadaşov. Onlarla uzun müddət işləmişəm.
ArifBabayevötən il iyulun 23-də kəskintənəffüs çatışmazlığı diaqnozuilə QaxRayonMərkəziXəstəxanasınahospitalizasiyaolunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. 1 avqust 2025-ci ildə vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn edilib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.02.2026)


