İslamdan öncə qədim türklərdə orucluq olubmu? -ARAŞDIRMA Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 

Bu gün on bir ayın sultanı Ramazan ayının ikinci günüdür. Bu ay müsəlman dünyasında mənəvi paklığın, birliyin, səbrin və hümanizmin ən önəmli rəmzlərindən biri kimi qiymətləndirilir.

 

 

Ramazan müsəlmanların oruç tutmaqla mükəlləf olduqları bir aydır. Qurani-Kərim"də oruc və onun qəti hökm olaraq bəyan edildiyi ayədə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!" (Bəqərə, 183).

Orucluq sadəcə dini bir ibadət deyil, ailə və cəmiyyətin həyatında birlik, paylaşma, mərhəmət, insani dəyərlər və mənəvi dərinliyin simvoludur.

 Ölkəmizdə orucluq ənənələri yüzillər boyu xalqın dini-mənəvi dünyasının,ailə modelinin, sosial münasibətlərinin və milli mədəniyyətinin ayrılmaz hissəsi olub.

Bəs görəsən, İslamdan öncə qədim türklərdə oruç tutmaq ənənəsi olubmu? Çoxları elə bilir ki, oruc tutmaq ancaq İslamla bağlıdır. Tarixi mənbələr göstərir ki, türklərin oruc tutması tək İslam dini ilə bağlı olmayıb, bunun tarixi daha qədimlərə uzanıb gedir. Yəqin ki, "Bəqərə" surəsində 183-cü ayədəki "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi..." ifadəsi də buna işarədir.

Bəli, qədim türklərdə İslamdan öncə də oruc tutmaq olub. Bunu rus tarixçi və etnoloqu L.Qumilyovun dünya tarixində türklərin keçmişi, kökü haqda ən yaxşı araşdırma işlərindən hesab olunan məşhur "Qədim türklər" əsərindəki (Bakı-Gənclik-1993. səh: 313) "Manixeylərin (bu dinə tapınan uyğur türklərinin - İ.V.) qanunu pəhriz saxlama günləri nəzərdə tutulur, bu qanuna görə hətta yağ və süd belə yemək qadağandır..." cümləsi də sübut edir.

Uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu V-VI əsrlərə aid olan "Xuastuanift"in (tövbə və ya peşmanlıq duasının) bir hissəsinin tərcüməsindən də qədim türklərdə oruc tutmaq adətinin olduğunu görürük. Həmin hissədə deyilir: "...ildə bir dəfə yeddi ibadət adəti var idi, bir ay... oruc tutmaq gərək idi. Yenə mərasim yerində ibadət edib oruc tutaraq ağılla, səmimi qəlbdən tanrı bürhanlarından bir ildəki günahlarımızı bağışlamalarını diləmək gərək idi. Ey tanrım, ibadət başa çatınca otura bilmədiksə, bir aydakı orucu yaxşıca, təmiz tuta bilmədiksə, günahlarımızın bağışlanmasını diləməyə getmədiksə, nə qədər çatışmazlıq oldusa, indi, ey tanrım, günahlardan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!" (N.Cəfərov: "Türk xalqları ədəbiyyatı". I cild (Bakı, "Çaşıoğlu mətbəəsi" - 2006. səh:185). Burdakı "bir ay... oruc tutmaq gərək idi" sözləri heç bir mübahisəyə yer qoymur. Deməli, hələ İslamdan əvvəl türklərdə Göy Tenqriyə təqvalı olmaq üçün  pəhriz saxlamaqla oruc tutmaq da varmış.

 Hətta qədim türk dilində farsca "oruc" sözünün   "baçaq" adlı qarşılığı da olub. Əski uyğur sözü hesab olunur. Mənbələrdə bəzən bu sözün "baçak", "baçağ" və s. kimi yazılması hallarına da təsadüf edilir.  

XI əsrdə yaşamış M.Kaşğarlının məşhur "Divani-lüğat-it-türk" əsərində (I cild, Bakı - "Ozan" - 2006. səh: 410) bu barədə yazılıb ki, "Baçak xristianların orucu"dur. Bizcə, M.Kaşğarlı bu ifadə ilə xristianlığı qəbul etmiş türkləri  nəzərdə tutmuşdur.

Alman əsilli məşhur Rusiya şərqşünası, türkoloq, etnoqraf və arxeoloq V.V.Radlov isə bu kəlmənin, ümumiyyətlə, hər hansı bir dindən asılı olmayaraq, orucu bildirdiyini qeyd edir və fikrini "Manixeylərin (manixey dininə tapınan uyğur türklərinin - İ.V.) "Tövbə duası" kitabından gətirdiyi sitatla əsaslandırır.

AMEA-nın müxbir üzvü Ə.Quliyev də "Qədim uyğur türklərinin onomastikası" adlı monoqrafiyasında (səh:50) göstərir ki, baçaq xristian və manixeylərdə "oruc tutmaq", "pəhriz saxlamaq" mənasını bildirir".  

Filologiya elmləri doktoru, professor. N.Xudiyev isə "Qədim türk yazılı abidələrinin dili"  (Bakı, "Elm və təhsil", 2015, səh: 469) əsərində bu barədə yazır ki, "Baçağ (baçak, paçağ) orucluq"... kiçik baçağ - kiçik orucluq; uluğ baçağ - böyük orucluq; baçağ baçamak - oruc tutmak; baçağ olurmak - pəhriz saxlamaq, oruc tutmaq" deməkdir.

Filologiya elmləri doktoru, professor Ə.Rəcəblinin "Qədim türk yazılı abidələri" kitabının (Bakı, "Elm və təhsil" - 2010. səh: 236) IV cildində "baçaq" sözü "oruc", kitabın lüğət hissəsində (səh: 300) isə "bacamaq" sözü oruc tutmaq kimi tərcümə edilir. H.Hadinin "Türkcə Etimoloji Sözlük L-Z" kitabının 381-ci səhifəsində də "baçaq" "oruc" sözünün mənalarından biri kimi şərh olunur. Mehmet Akyılın "Divanü Lügati't-Türk'te Mastar ve Sıfat-Fiil Yapan Ekler, Değişik İşlevleri ve Geçirdikleri Değişimler" (Yakın Doğu Üniversitesi fənn və sosyal Bilimler Enstitusu. Yüksək lisans tezi. Türk dili ve edebiyatı Bölümü. Lefkoşa-2021. səh:16.)  əsərində də "baçaq" "dini oruc" adlandırılır.

Zənn edirik ki, göstərdiyimiz mənbələr və sitatlar  farsca "oruc" sözünün qədim türk dillərində “bacaq” adlı qarşılığının olduğuna şübhə yeri qoymur.

 Türkoloq B.Tuncay "Azərbaycan imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə yeni konseptual yanaşma" adlı əsərində "baçaq" sözünün "oruc" mənasında olduğunu təsdiq etməklə yanaşı yazır ki, "...qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərdə, o cümlədən, İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də, bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür... Bundan başqa, qədim türk dilində digər dinlərdə, o cümlədən, İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir... Bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Bu deyilənlər türkoloq, publisist, ssenarist B.Tuncayın "Əməkdar mədəniyyət işçisi", Prezident təqaüdçüsü və Özbəkistan Turan Elmlər Akademiyasının akademiki Y.Oğuzla birgə yazdıqları "Türkün gizli tarixi" əsərində də təkrar təsdiq olunur.

Günah edirəmsə, Allah günahımdan keçsin. Hərdən mənə elə gəlir ki, deyəsən axı, İslam dini Göy Tenqri dininin zəminləri üzərində formalaşıb. Bu fikri söyləməyimizin əsas səbəbləri son illərdə Məhəmməd Peyğəmbərin türk Peyğəmbərləri soyundan olması, XIII əsrdə yaşamış görkəmli tarixçi Ravəndinin Məhəmməd Peyğəmbər haqqında "O, qıyıqgözlü bir türk idi" yazması, M.K.Atatürkün "Əgər araşdırsanız, Peyğəmbərimizin Türk olduğunu sübut edə bilərsiz" söyləməsi, Peyğəmbərimizin türkləri və onların qəhrəmanlıqlarını yüksək qiymətləndirməsi, türk dilini öyrənməyi tövsiyə etməsi, özünün də bu dili kamil bilməsi kimi məlumatlar və onun ortada dolaşan türk xalqını "Mənim Ordum” adlandırması və İslama dil uzadanları türklərlə cəzalandıracağını elan etməsi, “İslamı türklər qoruyacaq"  və s.  kimi söyləntiləridir.

Bütün bunlar həm bir zamanlar ulu əcdadlarımızın etiqad etdiyi Göy Tanrı dininin öz terminologiyasına malik mükəmməl bir din olduğunu, hələ İslamdan əvvəl ondakı əksər dini terminlərin təmiz qarşılığının türkcəmizdə olmasını sübut edir, həm də uzaq keçmişdən bəri müqəddəs türk dilimizin Quran dili olan ərəb dili ilə "atbaşı getməsindən" (M.Kaşğari) xəbər verir. Bu isə qururvericidir.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

 

 

                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.