Super User

Super User

AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİK TƏFƏKKÜRÜNÜN

 FORMALAŞMASINDA HEYDƏR ƏLİYEV FENOMENİ

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun “Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasında Heydər Əliyev fenomeni” adlı məqaləsini diqqətinizə çatdırır. Akademik mövzuya çox həssas, xüsusi seçdirmələrlə və detallarla yanaşıb, bu da yazının olduqca oxunaqlı olmasını şərtləndirib.

 

 

Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycanın nəinki tarixi coğrafiyasına, hətta onun beşdən birinə (Azərbaycan şimalına) nəzarət etmək, müxtəlif etnosları bir cəmiyyət halında birləşdirmək, bütöv bir sosium formalaşdırmaq gücünə malik deyildi. O daha çox milli dövlətçilik təfəkkürünün metaforik təzahürü idi. Azərbaycan SSR də, əslində, həmin metaforanın davamı sayıla bilər. Lakin məsələ burasındadır ki, XX əsrin ortalarında ölkədə milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün yenidən tarixi şərait yetişməyə başladı. Heydər Əliyevin respublikada rəhbərliyə gəlməsi ilə Azərbaycan mərkəzin verdiyi imkanlar daxilində hətta müəyyən maneələri də dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi. Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Və bütün bunları böyük bir cəsarətlə, gördüyü işin düzgünlüyünə tarixi bir inamla edirdi. Əgər müqayisə aparsaq, etiraf etməli olarıq ki, Azərbaycanın dövlət rəhbərləri içərisində Heydər Əliyev qədər böyük idarəçilik təcrübəsinə (və istedadına!) malik ikinci bir şəxs olmamışdır. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.

         Sovet dövləti dağıldıqdan sonra Azərbaycanda ən çox xatırlanan, müstəqil respublikanın dövlətçiliyini formalaşdırmağa dəvət edilən, istedadına istinad olunan şəxs Heydər Əliyev idi.

         Xalq hərəkatının, müxtəlif xarakterli münaqişələrin təşkili ilə hakimiyyətə gələn qüvvələrin dövlət idarəçiliyi sahəsində təcrübəsizliyi ortaya çıxanda isə Azərbaycanın məhz "Heydər Əliyevin Azərbaycanı" olduğu bütün aydınlığı ilə təzahür etdi. Bir sıra siyasi tarix mütəxəssisləri, publisistlər 1993-cü ilin iyun "qiyam"ını Heydər Əliyevin hakimiyyətə gəlməsində xüsusi hadisə kimi təqdim edirlər. Lakin bununla razılaşmaq çətindir. Heydər Əliyevin hakimiyyətə gəlişi 90-cı illərin ilk aylarından artıq reallıq idi. Bir-birinin ardınca baş verən hadisələrin inersiyası, get-gedə güclənən xaos "ölkənin sahibi” ni tələb edirdi. Hüdudsuz "demokratiya”nın, müxtəlif mərkəzlərdən idarə olunan hərc-mərcliyin, hakimiyyət uğrunda mübarizənin mahiyyəti, iç üzü ortaya çıxdıqca və nəhayət, Heydər Əliyevin yaratdıqları xalqın gözləri qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya ustasına meyil də güclənirdi. O, Azərbaycan xalqına yalnız bilavasitə idarəedici, dövlət qurucusu kimi yox, tarix kimi də lazım idi. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində xalqın fəhmi ilə ənənəvi olaraq istinad edəcəyi, üzərində yüksələcəyi tarixi də axtarıldı. Həmin tarixin xronologiyası Azərbaycan Xalq Cümhuriyyətindən başlasa da, cümhuriyyətin "praktika"dan deyil, "nəzəriyyə"dən ibarət olması ona əsaslanmağa imkan vermirdi.

         Azərbaycan SSRİ tarixinin Heydər Əliyev dövrünün milli yüksəliş təcrübəsi isə kifayət qədər zəngindir. 

         1993-cü ilin ortalarında Azərbaycan cəmiyyəti artıq demokratiyanı hərc-mərclikden xilas etmək uğrunda mübarizə aparmaq üçün özündə qüdrət tapdı. Bu isə birinci növbədə onda təzahür etdi ki, xalq uzun illər ərzində yetirmiş olduğu tarixi liderə inamını sonsuz bir enerji ile ifadə etdi. Və həmin inam xırda "xalq qəhrəmanları"nın, heç bir tarixə söykənməyən siyasət fəallarının "obraz"ını ictimai təfəkkürdən bütünlüklə silib atdı. Ona görə ki, bu "qǝhrəman"ları, bir daha təkrar edirik ki, tarix yox, təsadüflər, mövcud ictimai-siyasi problem ortaya çıxarmışdı. Tarix onları inkar edirdi.

...Azərbaycanı Heydər Əliyev xilas etdi. Onu bir dövlət kimi məhv olmaqdan Heydər Əliyev qurtardı dedikdə bizim nəzərimizdə, nə qədər qüdrətli olursa-olsun, təsadüfi bir xilaskar obrazı canlanmamalıdır; Azərbaycanın qurtuluşu  Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli, ictimai-siyasi enerjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Və belə də oldu... Heydər Əliyevin Azərbaycanın xilası üçün gördüyü işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək mümkündür. Bu, epik bir miqyasdır, bu fəaliyyət xalqın yalnız bu gününü müəyyən etmir, onun gələcəyinə əhəmiyyətli təsir göstərir ki, bu mənada Azərbaycanın qurtuluşu bu günlə məhdudlaşmayan, gələcəyə getdikcə tarixi məzmunu daha yaxşı dəyərləndiriləcək bir hadisədir.

Azərbaycanın qurtuluşunun yekunu, yaxud nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif nəsillərdən olan azərbaycanlılar onu arzulamış, onun qurulması uğrunda mübarizə aparmışlar. Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 15 iyun tarixli iclasındakı çıxışında Heydər Əliyev həmin mübarizənin tarixi mahiyyətini ifadə edərək demişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrünün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etmasina həsr edəcəyəm". Bu sözlərin deyilməsindən o qədər də böyük zaman keçməyib, dahi mütəfəkkir, dövlət qurucusu, həqiqətən, müstəqil Azərbaycan dövlətinin əsaslarını yaratmış, onun demokratik inkişaf yolunu istiqamətləndirmişdir. Heydər Əliyevin zəkası öz nuru ilə yalnız bu gün deyil, sabah da müstəqil respublikanın gələcəyini işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq üçün hər cür stimul verəcəkdir. Çünki Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. Həmin iradə idi ki, milli dəyərlərin böyük daşıyıcısına 1993-cü il 15 iyun tarixli (va tarixi!) iclasda aşağıdakıları dedirtmişdi: "... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir". Bununla belə, Heydər Əliyev bildirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli "izzəti-nəfs”ini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki "kimdənsə asılı olmaq hissini, inersiyasını öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda "mübarizə" prosesində məhz müstəqilliyini itirir. Odur ki, qurtuluşun Azərbaycanı taleyin ixtiyarına buraxılmış bir dövlət təsəvvürü deyil. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirin düşünüb müəyyənləşdirdiyi "ritm" üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır. Və ona görə də biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin.

Heydər Əliyev yaxşı bilirdi ki, "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır".

Bir illik hakimiyyəti dövründə milləti yüz yerə bölənlər düşünmürdülər ki, müxtəlif etnosların, etnik maraqların önündə "reverans" edən dövlət uzun zaman yaşamaz. Və sonrakı proseslər də göstərdi ki, etnik münasibətlər sahəsində 1991-1992-ci illərdə, 1993-cü ilin birinci yarısında buraxılmış səhvlər özünü büruzə verir. Azərbaycan dövlətinin qurucusu bir neçə il məhz keçmiş səhvlərin düzəldilməsi ilə məşğul oldu. Qurtuluşun Azərbaycanı yalnız 1995-ci ildən sonra normal inkişaf yoluna düşməyə başladı ki, bunun da ilk rəsmi ifadəsi Azərbaycan Respublikasının Konstitusiyası oldu. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya məhv olmaqdan xilas edilmiş, qurtulmuş Azərbaycanın "pasport"u idi.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

 

 

 

Cümə axşamı, 14 Noyabr 2024 18:22

Hər gün kitablar haqqında 5 qeyri-adi fakt

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portal insanlarda mütaliəyə maraq oyatmaq üçün ən müxtəlif yollara əl atır. Effekt doğuran bir yol da mütaliə barədə maraqlı faktların dərc edilməsidir. LitRes ədəbiyyat dərgisindən kitablar barədə maraqlı faktları sizinlə bölüşürəm. Üç gün ərzində hər gün 5 maraqlı fakt.

 

 

1. "Alisa möcüzələr ölkəsində" kitabı orada danışan heyvanlardan bəhs edilməsi olması səbəbindən Çində qadağan edilib. Sən demə bu, Çində kommunistin əxlaq kodeksinə, hakim ideologiyaya ziddir.

 

2. R. R. Tolkin "Üzüklərin hökmdarı" trilogiyasının bütün mətnini kompüterdə ikicə barmaqla yığıb.

 

3. “1001 gecə" nağıllarında sehirli çırağı olan Ələddin əvvəlcə çinli olub, sonradan onun vətəndaşlığını dəyişiblər.

 

4. "Hamlet" in rus dilinə ilk tərcüməsini yazıçı Aleksandr Sumarokov yerinə yetirib və əsəri "Hamlet - Danimarka şahzadəsi" adlandırıb.

 

5. Harvard Universitetinin kitabxanasında 4 qeyri-adi kitab qorunub saxlanılır. Bu hüquqi kitablar insan dərisində yazılıbdır.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

 

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Bu şeiri çox bəyənəcəyinizə əminəm!

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən batan günəşi 

Soraqlaya-soraqlaya...

- deyən şairin bu şeiri həqiqətən də poeziyanın sirli-sehirli olmasından xəbər verir. 

Xoş mütaliələr.

 

Hamı çıxır su üzünə...

 

Hamldan çıxıb gedəsən,

Gedəsən çox uzaqlara.

Yer üzünü tapşırasan

Bu balaca uşaqlara...

 

Götürəsən qələmini,

Son şeirinin varağından.

Hərdən əyilib öpəsən

Çiçəklərin yanağından...

 

Bir qız çıxa yolun üstə,

O ağlaya, yol ağlaya.

Gedəsən batan günəşi 

Soraqlaya-soraqlaya...

 

Ayı bağrına basasan,

Qaranlığın inadına.

Yorulanda baş qoyasan

Bir göyərçin qanadına...

 

Bir kimsənin olmadığı,

İzdihama yeriyəsən.

Gözlərindən ay işığı

Dama-dama yeriyəsən...

 

Dalğaları çevirəsən,

O üzünə, bu üzünə.

Bat, ya batma, nə fərqi var-

Hamı çıxır su üzünə...

 

...Qoy arxanca danışsınlar:-

Hara getdi, niyə getdi?

Bir uşaq göyü göstərə-

Allahı görməyə getdi...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Cümə axşamı, 14 Noyabr 2024 17:11

Lev Tolstoy haqqında qeydlər

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət”

 

Dünyadan vaxtsız köçmüş oğlum Əbilin Gündəliyindən silsilə paylaşımlar edəcəyəm. Bu gün ilk paylaşımımı edirəm.

 

Birinci yazı: 

Lev Tolstoy haqqında qeydlər

 

25 avqust 2006.

Həqiqi incəsənət yalnız o incəsənətdir ki, bütün incəsənət növlərini özündə birləşdirir deyən Tolstoy o sənətkarlardandır ki,

elə incəsənət özü onun qələmindən kağız üzərinə yayılır, əsərlərində göz oxşayır. Sənət Tolstoyda əriyir.

Tolstoya olan sevgi o qədər böyükdür ki, bu sevginin ağuşuna tək rus xalqı deyil, bütün dünya rahat sığa bilər.

Deyilmiş çox məşhur bir söz var ki, Tolstoy cəmiyyəti tərbiyələndirir. Əsərlərində rus xalqının bütün xarakterik cizgilərini çox aydın göstərən Tolstoyu dünya xalqları üçün zamanımızın əxlaq mayakı adlandırmaq olar. Zamanımızda Tolstoya nə çox ehriyac var, amma çox heyf ki, dünyamız artıq Tolstoylar yetişdirmir. Mən bədbinliyə qapılmaq istəmirəm. Hər halda, bir zaman Tolstoyu yetişdirən dünya ondan yenə də yetişdirəcək. Görünür, hələ zamanı deyil. Hər halda, indiki zamanda Tolstoyun əsərlırinin çapına yenidən ehtiyac var.

Rəssam öz əsərində hər bir boyanın seçimilə insan könlünü oxşadığı kimi, Tolstoy da öz  əsərlərində insan psixologiyasının ən incə cizgilərinə qədər nüfuz edir.

Tolstoydan bir əsr keçməsinə baxmayaraq mövzularının aktuallığı ilə bu gün də o, zamanımızı tədqiq edir, insan psixologiyasını araşdırır. Gələcək haqqında mülahizələr irəli sürür. Yüz ildir ki,insanlara yol göstərir...

                         (ardı var)

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

İBRAHİM İLYASLI

 

 

QARŞINIZDA BİR ÖMÜR SAYĞI DURUŞUNDAYIZ

 

                                           Vətən müharibəsinin şəhid və qazilərinə

 

Vətən sizə can dedi, Vətənə can verdiniz,

Damarları təpimiş torpağa qan verdiniz.

Otuz il otuz yerdən yaraları çatlayan,

Millətə qırx dörd gündə şəfayla şan verdiniz!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Bir çağrışı bəs etdi ali baş komandanın,

Yüz illərə tən oldu – hökmünə bax bir anın?!

Vahimədən yağılar pərən-pərən oldular,

Haləsi böyüdükcə çəkdiyiniz hilalın.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Belə cəng, belə savaş yer üzü görməmişdi,

Nə dağı, nə dərəsi, nə düzü görməmişdi...

Bu xalq on min doqquz yüz əlli gecə yaşayıb,

On min doqquz yüz əlli gündüzü görməmişdi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Xan Araz Sizi görcək qəhərlənib ağladı,

Köhlən Xudafərinin şahə qalxdı tağları.

O taydan bir ün qopdu, yer-göy lərzəyə gəldi,

Bu tayda ucalınca sənin zəfər bayrağın!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azğın düşmənlərinə çoxları çıxdı yiyə,

Avropa diş qıcadı, Asiya getdi küyə...

Ancaq birə-beş artdı gücünüz, qüdrətiniz,

“Hər zaman yanındayız!”- haykırınca Türkiyə.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Nərənizdən Şuşada qaya qopdu, daş yandı,

O gün qaş qaralmadı, qaralacaq qaş yandı.

DƏMİR YUMRUĞunuzun zərbindən yer titrədi,

Odlu nəfəsinizdən düşmən başa-baş yandı!

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ruhlar səltənətində ucalıqlar sizindi,

Uca başlar sizindi - uca dağlar sizindi.

Başqa yerdə gəzməsin haqqı haqq arayanlar,

Məmləkətdə haqq olan bütün haqlar sizindi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Ürəyim pasrçalansın, üzüm ağ olsun!- dedi

Heç nəyimiz olmasın, Qarabağ olsun!- dedi.

Bundan böyük ibadət görünməyib cahanda -

Şəhid doğan analar: “Vətən sağ olsun!”- dedi.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

Azərbaycan adını sinənizdən asdınız,

Yeni tarix yaradıb, yeni dastan yazdınız.

Qazi hüzurlarıdır daha səcdə yerimiz,

Şəhid məzarlarıdır ən müqəddəs andımız.

Adınızla tarixə möhürləndi bu payız,

Qarşınızda bir ömür sayğı duruşundayız!

 

 

MƏNİ BU QƏLƏMDƏN QORU, İLAHİ

 

Küfr mənlik deyil... Əstəğfürullah!-

Sənə can atıram, sənə, ilahi!

Şeytan bardaş qurub kürəyimizdə,

Aman vermir gələk dinə, ilahi!

 

Burdan daşlayırsan, o yandan çıxır,

Ordan təpinirsən, burda hazırdı.

Dünən gözlərimlə gördüm, masamda

Əyləşib yerimə şeir yazırdı.

 

İşə yüyürürsən – iş yerindədi,

Dükana girirsən – vitrindən baxır.

Meyxanadan qovub rədd eləyirsən,

Məscidin önündə qarşına çıxır.

 

Gah əziz dost kimi girir qollara,

Gah qarşı səngərdə top dalındadı.

Gah dilənçi misal çıxır yollara,

Gah milyonçu misal qul halındadı.

 

Bir əli göydələn saraylar tikir,

Bir əli ehmalca qazır altını.

Söyürəm, əlimdən özgə nə gəlir,

Hərçi-pətərinin yeddi qatını.

 

Elə qucaqlayıb yer kürəsini,

Bir küncü-bucağı çıxmır yadından.

Şərqdə müharibə alovlandırır,

Qərbdə dil-dil ötür “barış” adından.

 

Yerdə sahibidi küll-ixtiyarın,

Bildiyi məkrdi, duyduğu kindi.

Şahlar ən sevimli oyuncaqları,

Rəiyyət ovcunda plastilindi.

 

Yoxmu bu gedişin dönüşü, yoxmu,

Yoxmu bu gərdişin sonu, ilahi?!

Bu şeirdə şeytan barmağı varsa,

Məni bu qələmdən qoru, ilahi!

 

 

ƏFƏNDİM

 

Düşmən də çəkməsin mən çəkənləri,

Mən çəkən zülümdən olmaz, əfəndim.

Adamlar bir yana, bu məmləkətdə

Quş da salamımı almaz, əfəndim.

 

Həmdəmim odlardı, sirdaşım sular

Könlümü qəriblik bular, ha bular.

Qeybdən nida gəldi:–Boşalan dolar!

“Quyu su tökməklə dolmaz”, əfəndim.

 

Boranlar adlayaq, xəzanlar keçək –

Ömür-gün yalandı, vaxt-vədə gerçək.

Mənim gözlərimlə sulanan çiçək,

Ömrü billahında solmaz, əfəndim.

 

Yeddinci qatında haqqım var deyə,

Sidqinən eşqimi bağladım Göyə.

Tutlar saza dönə, qarğılar neyə

Qoşub qəmlərimi çalmaz, əfəndim.

 

Tapdım çəmini də, tutdum dilə də,

Necə hökm elədi, getdim elə də.

DÜNYA söylədiyin qaldı belə də,

Bə deyirdin «belə qalmaz, əfəndim»?

 

 

SİZİN DƏ MƏHLƏYƏ YAĞIŞ YAĞIRMI?

 

Sizin də məhləyə yağış yağırmı,-

Sular oynaşırmı navalçalarda?

Ala gözlərinə qonan buludun

Neçə yaşı olur bu sonbaharda?

 

Evinə torpağın ətri dolurmu,-

Açıb pəncərəni çölə baxanda?

Yenəmi ürkəksən həminki kimi,-

Yenəmi qorxursan şimşək çaxanda?

 

Kəndə dönürsənmi xəyallarında,-

Yadına düşürmü o payız günü?..

Birlikdə məktəbdən evə dönürdük,

Yeni haqlamışdıq “Sarı körpü”nü.

 

...Və qəfil başladı leysan tökməyə,

Sel ağzına aldı bərəni-bəndi.

Bir anın içində çay aşıb-daşdı,

İki yerə böldü “İncəsu” kəndi.

 

Başqa yermi vardı daldalanmağa?-

Qaçıb akasyanın altında durduq.

Birdən çəpərində Osman dayının

İşıq dirəyini ildırım vurdu...

 

Titrəyib əsirdin həyəcanından,

Tutub əllərindən,- qorxma, - söylədim.

Qorxulu nağıllar düşdü yadıma,-

Sənin qəhrəmanın olmaq istədim.

 

Xəyalən özümü çaya vururdum,

Ağaclar axırdı pərli-budaqlı...

Guya traktor da keçə bilməyən

Seli yaracaqdım... Eh, uşaq ağlı...

 

Yadındamı o nur, o ipək qarı?-

Sənəm nənə... Qaşdan bizə baxırdı.

-Ay bala, sətəlcəm olarsınız ki!-

Deyib, əl elədi, evə çağırdı...

 

Sonrası... Nə deyim, sonrası heç nə,

Buludlar dağıldı, yağış da kəsdi...

Ancaq, ürəyimdə şırım açmağa

Mənə bu xatirə bir ömür bəsdi.

 

Sizin də məhləyə yağış yağırmı?-

Sular sevişirmi navlçalarda?

Qırx ildi həmincə ağacın altda

Səni gözləyirəm, hardasan, harda?

 

 

DEYNƏN

 

Bu günü ömürlük saxla yadında,-

Adına günlərin gözəli deynən.

O gün bir ürəyi atdım odlara,

Alovu dünyamı bəzədi,- deynən.

 

O hər gün fələyin qalxar yanına,

Öz ruhu özünü bələr qanına...

Qəsəmi yollara, qəsdi canına,

Sevdası sən adda sözədi,- deynən.

 

Əzabı yenidi, ağrısı köhnə,

Ötdükləri tərdi, qarğısı köhnə.

Dəvası, dərmanı, sarğısı köhnə,

Yarası bir ömür təzədi,- deynən.

 

Havalı başında çən var, çisək var,

Onda eşq adına nə istəsək var...

Dəstində bir qoma qannı çiçək var,

Billahi, güzarı bizədi,- deynən.

 

Könlümün gizli bir şahzadəsidi,

AYın sirri, GÜNün ağ haləsidi...

Bu qoşma bir ahın şəlaləsidi,-

İbrahim eləcə mirzədi,- deynən,

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib.

 

AzərTAC xəbər verir ki, qoruğun muzeyində nümayiş etdirilən eksponatlara və açıq səma altındakı qayaüstü təsvirlərə tamaşa edən qonağa Qobustan abidələri, ərazidə aparılan elmi-tədqiqat işlərinin nəticələri barədə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

 

Azərbaycana sayca dördüncü səfəri olsa da, ilk dəfə Qobustan qoruğunu ziyarət etdiyini bildirən Peter Pelleqrini Qobustan qayaüstü təsvirlərini heyrətamiz adlandırıb, abidələrlə tanışlıqdan və göstərilən qonaqpərvərlikdən məmnunluqlarını dilə gətirib.

 

Sonda Slovakiya Respublikasının Prezidenti qoruğun xatirə kitabına xoş təəssüratlarını yazıb.

 

Səfərdə Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak da iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Norveçdə yaşayan soydaşımız Hadi Qaraçaydır.

 

 

Hadi Qaraçay

Norveç

 

BİZİM ÖYKÜMÜZ YENİCƏ BAŞLAYIR

Sayın Səid Mətinpura sunulmuşdur.

 

Adını sibl edib gülüş açarlar

Gülərlər

Gülərlər

Gülərlər

Adını sibl edib güllə açarlar

Vurarlar

Vurarlar

Vurarlar

Uşaqlarını

Uşaqlarını

Uşaqlarını

Günün gün orta çağında

Tutsaq tutarlar

Üzüm bağlarına çaqqal,

Şəhərlərinə beş on əli yaraqlı kaftar buraxarlar anam.

 

Göylərinin aynasında leyləklərin falı var

Göllərinin gözündə sona baş ördəklərin sevgi nağılı,

Gözlərini yumma

əllərini qoltuğunun soyuğuna

dizlərini qarnının sancısına qısma

bu gecənin də qarnına bir gündüz əkən var!

Yaxın gəl

Yanıma gəl

Bir azdan günəş pıtıraq gül açacaq

Bir azdan bir xoruz adını səsləyəcək

Bir azdan

qırmızı tərliklərini tərsinə geymiş

hardasa hansıysa quzu gözləri bütün oyanmamış bir qız çocuğu

oturub qaranlığın qibləsinə şirin şirin işiyəcəkdir...

 

Bir azdan

Ağrın canıma gəlsin

Bir azdan

Çox şeylər dəyişəcəkdir...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə -  Habil Rzanurundur

 

 

***

 

Nə varsa, yaddan çıxır,
Unudulur nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa.
Yalandan əsən külək,
Yalandan yağan yağış.
Yalandan gələn bulud
Çəkilir qarış-qarış.
Ömrün olan-qalanı
Alnından axır gedir.
Yalandan sevənlər də
Doğrudan çıxır gedir.
Görürsənmi yalandır,
Budur daha nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa…


***

 

Köçəsən dağlara, dağ quca səni.
Təzəkdən yarımçıq hasarın ola.
Səndəki “dağ”ı da verəsən dağa,
Nə dərdin, nədə ki azarın ola.

Bir daxman ola kaş, damsa da, olar,
Daxmanın yanında dumduru bulaq.
Beş altı qoyunun, bir kəhər atın,
Deyəsən dağlara, di gəl dost olaq!

Sübh tezdən gedəsən otlağa tərəf,
Nə zəngin adamsan, qoyun, quzun var.
Axşam da qayıdıb görəsən, Allah,
Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açıla, saf-saf güləsən,
Balaca qızına dil çıxarasan.
Sonra uşaqların anası üçün
Cibindən gizlicə gül çıxarasan.

O anda ilk görüş yadına düşə:
Ürkərdin bir fərə kəklik səsinə.
İlk o gün soyuqdan üşüməmişdin,
İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz,
Bu gün də sabahçün elə nağıldı.
Birdən səksənəsən uşaq səsinə,
Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar,
Ax... bunlar nağılsız çətin susacaq.
Yatın, gül balalar, yuxunuz şirin,
Atanız sizə bir şeir yazacaq!..

 

 

***

 

İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər..
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir – deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də…
Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı
Bu gün ovum qanlıdır: ovçu rahatlıqı
Mən nə olmaq istəyirəm?

Tək qalmaq istəyirəm...

 

 

***

 

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
Anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız,
Sən ey barmaqları misralı əcəl,
Sən ey üz-gözümün qırışlarına..
…İlişib yıxılan nazəndə gözəl...,

Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb…
...azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb-düşər,
sallanar, yellənər qulaqlarında.

Misal gətirərəm Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
“Bir günah sənindir, bir günah mənim”

Nə mən bəxtiyaram,
Nə sən bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günahsız.
Sən ey barmaqları misralı əcəl...
Sən ey ovucları ətir qoxan qız…

 

 

***

 

Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
Necəsən deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, basin,
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər,
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz,
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Birdə baxıb görərsən ki...
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki
Bir yol yoldaşın...

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

 

 

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi  insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və  “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Hümbət  Həsənoğlu - həkim, yazıçı, ictimai xadim.  “Tərəqqi” medallı.  Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.

 

- Hər qalib gəldiyin mübahisədə bir insan itirirsən.

 

- İnsan həyatı sonu sıfıra bərabər olan adi riyazi tənlikdir.

 

- Müəllimin vəzifəsi ona qulaq asanların içində onu başa düşənləri görməkdir.

 

- Saatın əqrəbi irəli getsə də, hər kəsin vaxtını geriyə sayır.

 

- Çox vaxt yastığa ağlayanın arzusu ətəyə ağlamaq olur.

 

- Vədin bər- bəzəyə ehtiyacı olur, əməl elə anadan gözəl doğulur.

 

- Yolundakı daşlar maneə deyil, əgər yaxşı yoldaşın varsa.

 

- Haqlı olub dost xatirinə susa bilən, xətirli dost olar.

 

- Sevgi hər şey deyil, amma onsuz hər şey heç nədir.

 

- Səbri olan əlçatmaz arzularına ayaqları ilə də rahat çatar.

 

- Təpə boyda ehtiyacı olanın,  dağ boyda iradəsi yoxdursa, düzdə qalar.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Cümə axşamı, 14 Noyabr 2024 14:04

BİRİ İKİSİNDƏ – Ramil Mərzilinin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ramil Mərzilinin şeirləri təqdim edilir.

 

 

ŞEİR VAXTI

 

Ramil MƏRZİLİ

 

 

AĞRİNİN ŞƏKLİ

 

Bir dözüm də görmədim

Ruhumda dözüm kimi.

Ümidlərim qaraldı,

Yanmadı közüm kimi...

 

Taqətini əzdirən,

Öz-özünü bezdirən,

Başdaşını gəzdirən

Görmədim özüm kimi...

 

Elə ki qəlb aldanar,

Cismin ruhunu danar.

Baxışlarım tapdanar

Yollarda izim kimi…

 

Göz yaşlarım yorula,

Kirpiyimdən ayrıla.

Bu yollar da sıyrıla,

Qanaya dizim kimi...

 

Arzuların öldümü

Ağzımda sözüm kimi?!

Sevmədi kimsə məni

Anam, ya qızım kimi...

 

 

***

 

Elə bilmə sənsiz ömür asandı,

Nə "qızıl teşt, nə də qızıl taxt" ola.

Ruhum səni arzulayır haçandı,

Sənlə birgə darıxmağa vaxt ola,

Mən darıxam, sən yüz yerə yozasan...

 

İlk nəfəsdən son nəfəsə aparar,

Ömür yolu başdan sona kədərdi.

Bir gün gələr, ruhun fəryad qoparar

Baxarsan ki, gördüklərin hədərdi,

Mən öləndə batacaqsan yasa sən...

 

Bir kəpənək qanadından asılıb

Yol gedəsən ürəyinin dincinə.

Yanağının çuxuruna qısılıb

Gülüş qona dodağının küncünə,

Bir baxışın ilğımında azasan...

 

Ömür nədir? "Keçmiş"lərlə "gələcək",

"Ölüm-qalım" oyununda zərin yox.

Duyğuların tüğyan edər beləcə,

Görsən əgər sığınmağa yerin yox,

Öz əlinlə məzarını qazasan...

 

 

HƏSRƏT BÜRÜYÜB DÜNYANI…

 

Sən baxma ki günbatanı günçıxandan sərin olur,

Sən baxma ki enişləri yoxuşlardan dərin olur,

Sən baxma ki vüsalları həsrətindən şirin olur,

Həsrət bürüyüb dünyanı...

 

Sən baxma ki eşq yükünü çəkənlərin gözü nəmdir,

Sən baxma ki sevənlərin bu dünyada bəxti kəmdir.

Sən baxma ki doğru yolun sağı dərddir, solu qəmdir,

Tanı, doğru yolu tanı...

 

Sən baxma ki taleyini vuranlar var, yıxanlar var,

Sən baxma ki bu sınaqdan üzüqara çıxanlar var.

Sən baxma ki tənhalıqdan öz əlini sıxanlar var,

Göstər görüm, əlin hanı?!

 

Sən baxma ki şair ömrü başdan-sona hədər olur,

Sən baxma ki bu həyatın son akkordu kədər olur.

Sən baxma ki bir gün gələn həmin yolla gedər olur,

Gözlərində gəzdir qanı,

Ciddiyə alma dünyanı...

 

 

MƏSAFƏLƏR...

 

Məsafə uzandıqca

Bilirsən ki, darıxır.

Adını sayıqlayıb

Öz səsinə karıxır...

 

Bəlkə də, məsafələr

Olanı unutdurub.

Boğazda qəhər olan

Qəmi, kədəri udub.

 

Məsafələr soyudar,

Buza dönər adamlar.

Həsrəti dərk edəndə

Dizə döyər adamlar.

 

Məsafələr yandırar

Adamı öz içində.

Ahı duman, sis salar

Buludların köçündə.

 

Məsafələr əridər

Ürəkdə hərarəti.

Uzaq ol məsafədən,

Yaxın buraxma qəti !!!

 


ÖLƏN ADAMIN ŞEİRİ

 

Heca-heca, misra-misra,

Şeirlərdən sökülürsən.

Bulud olub xəyalımda,

Gözlərimdən tökülürsən.

 

Hücum cəkir qəza, qədər,

Qatıram başın birtəhər...

Sonuncu nəfəsə qədər

Ciyərimə çəkilirsən.

 

Səpilib yollara yolçun!

Çoxdan sökülüb bu xurcun.

İtirib kələfin ucun,

Yumaq kimi bükülürsən.

 

Gəmiləri batırıram,

Ömrə pənah aparıram,

Yaddaşımdan qoparıram,

Ürəyimə əkilirsən.

 

Can verirəm görə-görə,

Zərrə-zərrə sökülürsən.

Ürəyimdə ölə-ölə,

Gözlərimdən tökülürsən.

 

 

ÖMÜR ESKİZİ

 

Birimiz yasdayıq, birimiz toyda,

Birimiz həşirdə, birimiz hayda.

Biz nəyə inandıq bu götür- qoyda,

Dərdlə loxmaladıq bu yavan ömrü.

 

Şirin sözləri də yeyə bilmədik,

Qürurun başını əyə bilmədik,

Nəyi qazanmışıq, deyə bilmədik,

Zamana uduzduq bu cavan ömrü.

 

Quru addımladıq yaşımız üstdən,

Ölüm gözə endi qaşımız üstdən.

Əl atıb qopartdıq başımız üstdən

Sərdik döşəməyə bu tavan ömrü...

 

 

***

 

Min tişədən keçir ömür,

Heykəl gəlib büt gedirik.

Acımamış xəmir kimi

Ha yapılsaq, küt gedirik.

 

Yerim fani, göyüm fani,

Nə görürsən, deyim fani.

Əyinlərdə geyim fani,

Lüt doğulub lüt gedirik.

 

Aç qapını, gələn mənəm,

Göz yaşıyla "gülən" mənəm.

Nə olsun ki, ölən mənəm,

Bax içimə, cüt gedirik...

 

 

PAYIZ ETÜDLƏRİ...

 

Taqqıldayan saat

zamanın işarəsidi.

Qarşıdakı göstərici –

ömrün dayanacağı...

Şüşəsilənin əlləri

alın yazısını silir yağışın,

göz yaşıma əlləri çatmır.

Radiodakı mahnı darıxmağımın səsidi.

 

Ömür yozulmayan yuxu,

Dəyişən fəsildi elə,

Həyatla ölüm yarışarsa,

Bəlkə, ömrün taqəti kəsildi elə.

Bu gecənin qaranlığında mənim kimi azanı var,

Ömrümüz də dəyişkəndi, baharı var, xəzanı var,

Min bir yerə yozanı var...

 

Çəkil!

Çəkil gözümün önündən,

Qarşımı görmürəm...

Boğazımdakı qəhəri aç!

Nəfəs ala bilmirəm.

Çəkil gözümün önündən,

Ölümümə yol alacaqsan,

Çəkil!

Yoxsa qəzam olacaqsan!..

 

 

QARANLIĞIN NAĞILI

 

Yenə qaranlıq qaçdı –

Kiminin ürəyinə, kiminin küçəsinə.

Ulduzlar qucaq açdı –

Kiminin gülüşünə, kiminin gecəsinə.

 

Mən bu zülmətdən keçib səni sevməyə gəldim,

Deyirəm ki, biləsən.

Gözlərinin qarası gecələrdən gözəldi,

Qalarsanmı belə sən?!

 

Sən dünyamın məvhəri, üzümdəki gülüşsən,

Ulduzusan gecəmin.

Yarımçıq şeirimdə sonuncu düzəlişsən,

Dilimdəki hecamın.

 

Mən – gözündən qor alan gülüşünün xəstəsi,

Ala-yarımçıq adam...

Sən – sevgi şeirimin əsrarəngiz bəstəsi,

Hər sözə açıq adam...

 

Saçının hər telinə qurban olan bəndəyəm,

Zülfünü yana dara.

Mən özümdən gedəli bilirəm ki, səndəyəm,

Sən hara, mən də ora...

 

Mən səndən gedə-gedə sənə doğru gəlirəm,

Deyirəm ki, biləsən.

Bu təzadlar içində xəfifcə dincəlirəm,

Ağlayıram, güləsən...

 

 

REKVİYEM...

 

Bəzən elə yanarsan,

Gecələr səssizliyin qoynunda uzanarsan.

Bir "sabahın xeyir"ə möhtac olar ürəyin,

Gəlməz gözlədiyin də...

İçindəki şaxtadan yerindəcə donarsan.

Özünü bu dünyanın ən bədbəxti sanarsan.

 

Bir daha görmək üçün min bir yalan uydurub, özün də inanarsan..

Həqiqəti danarsan.

Gülüb acizliyinə,

Özündən utanarsan...

Gəlməz səsi sədası, gün dönüb gecə olar,

Yolunu gözlədiyin,

Anını izlədiyin,

Bilməzsən necə olar?!

Gecəsi uzun olar gəlməyən sabahların,

Yarımçıq yuxularda ona tərəf qaçarsan...

Beləcə sabahları bu kabusla açarsan,

Özün-öz qucağında yorular, usanarsan...

 

Hər yazılan mesajda, hər döyülən qapıda

Elə bilərsən odur.

Ürəyinin doğması, ürəyinin yadı da

elə bilərsən odur.

Damağının dadı da elə bilərsən odur.

Bu qədər yox içində

hər şeyi itirərsən, heç nəyi qazanarsan.

Gəlməyəni gözləmək ağır olar, İlahi.

Nəfəs qədər özləmək ağır olar, İlahi.

Adını sayıqlayıb, yastığı qucaqlamaq,

Hönkür-hönkür ağlamaq,

Bütün arzularını açılmadan bağlamaq

Ağır olar, İlahi.

 

Elə sınıxmışam ki, güzgülərə də yadam,

Külü göyə sovrulan ocağı sönmüş odam.

Fəryadım qulağımı batırır eee, ay adam...

"Harda qaldın, ay qadam?!"

Qayıt qurban olduğum,

Həsrətin dağa dönüb

Qəlbdə şişmədən, qayıt!

Təqvimin son səhifəsi

Qopub düşmədən qayıt!

 

 

"SEVGİNİN ASTARI"

 

Bu dünya gözlərimdə oval deyil, düz xətdir,

Sən o xətlə paralel uzanırsan, Suzanna.

Bu həsrətə, bu dərdə dözmək də müsibətdir,

Gör nə qədər "günahlar qazanırsan", Suzanna.

 

Məndən uzaqda qalmaq günah deyil, bəs nədir,

Sən bu boyda yoxluğun harasında durmusan?

Bu necə vüsaldır ki, sol yanımı göynədir,

Bəlkə də, sən hicranın sırasında durmusan ?!

 

O dodaqlar, o gözlər, saçlarının qoxusu,

Hələ mələk baxışlar – cənnəti xatırladır.

Yüz ildir ki, çəkilib gözlərimin yuxusu,

Kirpiklərin enəndə zülməti xatırladır.

 

Saçlarından sürüşüb sol çiyninə qonardı,

Bir kəpənək misalı öpüşlərim, Suzanna.

Gecənin lal sükutu sübhədək uzanardı,

Dəyişməzdi heç zaman vərdişlərim, Suzanna.

 

Ya gəl günün birində, al yükü kürəyimdən,

Ya elə get ki, daha görməsin gözüm səni.

Bir ağrı rəsmi çəkib asmışam ürəyimdən,

Səni mən yaratmadım, öldürüm özüm səni...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.