Super User

Super User

Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Təbriz qeyrətimizin, Dərbənd cəsarətimizin, Şamaxı heyrətimizin, Borçalı həsrətimizin, İrəvan kədərimizin, Bakı mərhəmətimizin, Gəncə məhəbbətimizin baş kəndi, paytaxtıdı. “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin?” “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” nidası, “Gəncəvi” imzası, künyəsi ilə qələm çalanların, Kəlamla Qələmin vəhdətində tarix yaradan, Qələmini Süngüyə çevirən dahilərin diyarıdır Gəncə.

 

Türk saray mədəniyyətinin bütün çalarları ilə zinətlənən Gəncə tarixin bütün dönəmlərində ustad sənətkarları, təbib-filosofları, fikir və düşüncə sahibləri ilə dünyaya meydan oxusa da, dünya onu min illər bundan sonra da “Xəmsə”nin diyarı, Cavad xanın vüqarı, Cümhuriyyətin ilk paytaxtı – baş kəndi kimi etirafda bulunacaq.

 

Cəngi-cidalar diyarı: Gəncə

Deyirlər, deyirlər yox, elə həqiqətdir. Qafqazın əyanlarından biri kimi Hacı Zeynalabdin Tağıyevi də Çar IIİ Aleksandrın Tacgüzarlıq mərasiminə dəvət edirlər, onun təqdimatı zamanı protokol nümayəndəsi düşünür ki, Qafqazlı qiyafəsində olan bir türk-müsəlman rus dilini bilməz. Bu səbəbdən də “Tağıyev: vəhşi xalqın nümayəndəsi” – deyə təqdimat edir. Tağıyev Çarın hüzurunda sərt bir baxışla dönüb protokol nümayəndəsinə baxır və deyir: “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli keçmişi, zəngin mədəniyyəti vardır.”

Tağıyevin bu sərt cavabı, sərt baxışı Çarı yerində qərar almağa vadar edir. Onun hüzurunda protokol nümayəndəsini vəzifədən alır, saraydan sürgün edir...

Gəncə bizim Təbriz qədər sevdiyimiz, qürur mənbəyi hesab etdiyimiz, yerini başda bildiyimiz, tarixin bütün dönəmlərində ikinci paytaxt bildiyimiz şəhərimizdi.

Binəsinə müqəddəsliklərdən pay düşən Gəncə Əhli-beytə bağlı müqəddəslərin üz söykədiyi diyardı həm də. İslama qədərki dəyərlər tariximizdə də, ondan sonrakı mərhələlər də o cəngi-cidalara meydan olub. VII yüz ilin birinci yarısında farslar, ikinci yarısında ərəblər bu torpaqlarda qılınc sıyırıb. VII yüz ilin sonlarında Ərəblərlə Xəzərlərin döyüş meydanına, qan çanağına çevrilib. IX-X yüz illərdə Ərəb xilafətini, onun ardıyca isə Səlarilərin hakimiyyəti altında olan Gəncə, sonra Şəddadilərin paytaxtı kimi şöhrətlənib. X yüz ildə Gəncə həm də dini-siyasi mərkəz kimi Alban katalikosunun qərarı ilə Qafqaz Albaniyasının paytaxtlarından birinə çevrilərək Bərdəni əvəz edib. Qətran Təbrizinin dili ilə desək, “Cənnəti xatırladan” Gəncə XI yüz ildə Səlcuqların iqtidarı altında olub. I Sultan Toğrulun və Məlikşahın “Gözümün nuru” deyib vəsf etdiyi, “İpək Yolunun incisi”, “Türküstanın körpüsü” hesab etdiyi qiymətli məkana çevrilib.

“Atabəylər dövründə Eldənizlərin paytaxtlarından biri olan Gəncə “mühüm şəhər”, “böyük şəhər və paytaxt” yəni “dar əl-mülk” kimi Yaxın və Orta Şərqdə məşhur olub. 1231-ci ildə moğolların Azərbaycana II yürüşü zamanı basqına məruz qalaraq yenidən dağılan, XIV əsrdə Elxanilər dövründə təzədən qurulan, XV yüz ildə isə Qaraqoyunlular dövlətinin tərkibinə daxil olan, Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin dövründə tərəqqi dövrü yaşayan, Əmir Qaraman və varisləri tərəfindən idarə olunan Gəncə Ağqoyunlular zamanı Ziyadoğlu Qacar Əmirləri tərəfindən idarə edilib. Səfəvilər dövləti yarandıqdan sonra da Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olaraq Qarabağ bəylərbəyliyinin mərkəzinə çevrilib.

1606-cı ildən 1804-cü ilə, Çar Rusiyasına birləşənə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülasəsinin, daha doğrusu Əfşarlar və Qacarlar İmperiyasının mərkəzlərindən biri kimi inkişaf dövrünü yaşayıb.

1736-cı ildə Suqovuşanda Muğan düzündə Əfşarlar İmperiyasını, eyni zamanda Qurultayın qərarı ilə özünü şah elan edən Nadir şah Əfşara etiraz edən Gəncə xanı Uğurlu xan Qacarı görəvdən alan, onu sadəcə Qarabağ bəylərbəyi təyin etməklə kifayətlənən Nadir şah Əfşar Gəncənin ayrılmaz tərkib hissəsi olan qarapapaq türklərinin tarixi torpaqlarını - Borçalını Gürcü çarı II İrakliyə bağışlayır. Bu zaman Gürcü-İmeretiya Çarlığına aid olan torpaqların böyük bir qismi məhz Qacarların, sonra isə Əfşarların təsir dairəsində idi.

1747-ci ilə qədər Borçalının və Gəncənin tarixi faciəsi hiss olunmasa da, Nadir şahın qətlə yetirilməsindən sonra vəziyyət kəskin xarakter alır. Mərkəzi hakimiyyətdən ayrılan Azərbaycan xanları müstəqillik uğrunda savaşa başlayırlar. Vəziyyətdən istifadə edən Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalı uğrunda savaşa başlayaraq tarixə Rusiya-İran müharibəsi kimi daxil olan müharibələrin əsasını qoyurlar.

XVIII əsrin ortalarına qədər Şahverdi xan Ziyadoğlu Qacar tərəfindən idarə olunan Gəncə xanlığı 1780-ci ildən 1804-cü ilə qədər Qacarların ayrılmaz tərkib hissəsi olaraq qalır.  Cavad xan Çar cəlladı general Pavel Sisianov tərəfindən oğlu Hüseynqulu xanla birlikdə qətlə yetirilənə qədər yenə də tərəqqi dövrünü yaşayır. 1804-cü il yanvarın 3-də baş verən tarixi işğal təkcə V Gəncə xanı Cavad xanın qətli ilə bitmir, I Rusiya-İran müharibəsinin başlanmasına və digər xanlıqların işğalına səbəb olur.

Gəncə özünün əzəməti, keşməkeşli taleyi, tarixi qəhrəmanları, müdhiş taleyi ilə körpü idi. Onun qəhrəmanlıq, rəşadət dolu taleyində təəssüf ki, həm də Nadir şah Əfşarın qəzəbi, II İraklinin, Gürcü Çariçası Böyük Tamaranın, general Pavel Sisianovun “parçala hökm sür” adlı I Pyotrdan qalma siyasəti vardı.

“1804-cü il yanvarın 3-də Çar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çar I Aleksandrın həyat yoldaşının “şərəfinə” Yelizavetpol adlandırıldı. Xanlıq üsul-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı. 1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gücü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmsədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu”.

Bütün bu dəhşətlər, ağrılar, birliyi, bütövlüyü törəsi pozulmuş Azərbaycan, qədim-qayım Gəncə Qəznəlilərin, Səlcukların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların gözünün nuru düşmən qabağında atdöşü edilib, imperiyalar arasında bölündükcə 1846-cı il 14 dekabr tarixli inzibati ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılan Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı. Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının, Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. Quberniyanın tərkibinə Yelizavetpol, Şuşa və Nuxa qəzaları, ləğv edilmiş Ordubad qəzasının bir hissəsi, yeni yaradılan Qazax və Zəngəzur qəzaları daxil idi. 1873-cü ildə Yelizavetpol quberniyasının tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu.”

Bütün bunlar yerli əhalinin, bu torpaqların tarixi sakinlərinin etirazı ilə nəticələndi.

Gəncənin xilası, Çar Rusiyasının basqılarından nicatı, özgürlüyü uğrunda ayağa duranların sırasında deyil, önündə soyu, soykökü, şəcərə dəftəri ilə Səlcuqlara və Osmanlılara, Ziyadoğlu Qacarlara, Əfşarlara, Cavad xana bağlı olan Xasməmmədovlar, Rəfibəyovlar, Şeyxzamanovlar da vardı. Onlar quruluşun, zamanın mizanının, düzənini dəyişərək Çar Rusiyasının üstünə yeriyir, milli dövlətçilik tarixində yeni bir şərəfli səhifənin yazılması üçün tarixlə müasirlik arasında körpüyə çevrildilər. Tarixi mənbələr də sübut edir ki, “1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ölkədə ikihakimiyyətliliyin olması ilə səciyyələnirdi. Azərbaycanın şərq hissəsi - Bakı quberniyası – Bakıda fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi – Yelizavetpol quberniyası Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. 1918-ci il mayın 28-də Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü”. Gəncənin tarixində sınaq dolu anları, hər günü bir əsrə bərabər olan günləri sərf-nəzər etdikcə, o dəhşətli günlərdə Qafqaz İslam Ordusu ilə birlikdə süngüsünə söykənən, Bəhmən Mirzə Qacarın Milli Ordunu şərəfləndirən, general, polkovnik rütbəsi daşıyan varisləri- Sədrəddin Mirzə Qacarın, Rzaqulu Mirzə Qacarın, Xasməmmədovların, Rəfibəyovların səngərlərə sipər olan igidlərinin, qələmini süngüyə, süngüsünü qələmə çevirib tarix yaradan Cümhuriyyət qurucularının sırasında yer alan tarixi şəxsiyyətləri, igid, mərd, məğrur, məğlubedilməz gəncəliləri ehtiram hissi ilə anır, yad edirsən.

 

İmam Şamildən, Cavad xandan sonra doğan Günəş: Ələkbər bəy Rəfibəyov

Bayraq olmaq, Bayrağa dönmək, yoxdan bir Bayraq yapmaq, Cümhuriyyət qurmaq hər kəsin alın yazısı, Tanrıdan tale payı deyildir.

Ata tərəfdən Qacarlara, Cavad xana, ana tərəfdən Osmanlı sultanlarına bağlı olan Ələkbər bəy Rəfibəyov Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həbib bəy Mahmudbəyov, Kərim bəy Mehmandarov kimi Cümhuriyyətin zəminini hazırlayanlardan, Əbədi İstiqlalın beşiyi başında duranlardan, milləti milli məfkurədən milli dövlətçiliyə gətirən tarixi simalardan idi. Çar cəlladları I Pyotrun “Qafqazı parçala hökm sür! İstanbulu fəth et!” siyasəti ilə Qafqazlara qədəm qoyanda iki qüdrətli sərkərdənin: Şeyx Şamilin və Gəncəli Cavad xanın iradəs ilə üz-üzə gəldi. “Gəlirik!” xəbərini eşidən Şeyx Şamilin cavabı gecikmədi: “Qunib hündür bir dağdır, mən onun üzərindəyəm. Başımın üstündə Allah, arxamda xalqdır. Gəlirlər, qoy gəlsinlər!” Cavad xanın cavabı bir az da sərt səslənirdi. General Pavel Sisianovu qəzəbləndirəcək qədər sərt: “Qalanı ələ keçirə bilərsən, amma mənim cənazəmin üstündən keçəndən sonra!”

Hər iki sərkərdənin dedikləri həqiqət oldu. Mirzə Kazım bəyin “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman” nidası ilə Qafqazlarda Çar Rusiyasının aşına düz 20 il zəhər qatıldı. Gəncə qalası erməni yepiskoplarının fitnəsi ilə işğal ediləndə Cavad xanın cənazəsi üzərindən keçən Sisianovun kəlləsi Bakının qala divarları önündə Hüseynqulu xanın qılıncına doğranıb top kimi diyirləndi. XX yüz ilin önündə Çar Rusiyası iflas edəndə erməni daşnakları Çarizmin dağılan tifaqını qorumaq üçün onun dəyirmanına su töküb türk-müsəlmanları qan gölündə boğanda Qafqazın – Azərbaycanın üç Lideri: Əhməd bəy Ağaoğlu, Kərmim bəy Mehmandarov, Ələkbər bəy Rəfibəyov Difai Partiyasını qurdu. Bu “qisas qiyamətə qalmaz” deyib qələmini süngüyə çevriən üç tarixi şəxsiyyətin, sərkərdənin İmam Şamildən, Cavad xandan sonra Qafqazlarda boy verən əzəmətinin, əyilməzliyinin nümunəsi, əbədiyyət üfüqlərində doğan Günəşin təcəllası idi. Ələkbər bəy Rəfibəyov eynən Əhməd bəy Ağa oğlu, Kərim bəy Mehmadarov kimi “Günahsız yerə qanı tökülən hər bir türk, müsəlman üçün qan almaq, kəllə almaq gərəkdir” deyirdi. Xalq şairi Nigar Rəfibəyli millətinin qisasını qiyamətə qoymayanların, Cümhuriyyətin zəminini hazırlayanların, “İstiqlal Bəyannaməsi”nə imza atanların soyundan idi.

 

Təbabətdən siyasətə: Xudadat bəy Rəfibəyov

Çar Rusiyasının iflası, onun Qafqazlarda itən nüfuzu ucqarların əldə etdiyi muxtariyyət və müstəqillik arzularının gerçəkləşməsi ilə müşayiət olundu. Şərqin ilk Demokratik Cümhuriyyəti Tiflisdə elan olundu. “İstiqlal Bəyannaməsi”nə imza atan, milli məfkurədən milli dövlətçiliyə yol gələn qüdrətli simaların sırasında Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Rəfibəyov, Xəlil bəy Xasməmmədov, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Ələsgər bəy Mahmudbəyov kimi quruluşun, zamanın düzənini, mizanını dəyişən, tərcümeyi-halı ilə tarix yaradan 44 tarixi şəxsiyyət vardı. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quran həmin  dahilər Cümhuriyyətin 10 günlük Tiflis mərhələsindən sonra onu Gəncəyə köçürdü. Sultan bəy Sultanzadənin, Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, Şeyxzamanov qardaşlarının, Rəfibəyovların, Xasməmmədovların iradəsi ilə Şeyxzamanovların malikanəsindən Odlar Yurdu Azərbaycanın Səfəvilər, Əfşarlar və Qacarlar imeriyasından sonra özgürlüyünün rəmzi olan, Şəhidlərin al qanından rəng çəkən “Al Bayraq!” Gəncədə dalğalandı. O zaman Nigar Rəfibəylinin beş yaşı vardı. Əl boyda, ürək boyda uşaqdı. Dünyanın get-gəllərindən xəbərsiz olan körpənin soyunu, soykökünü, şəcərə dəftərini, tərcümeyi-halını zinətləndirən babası, dayısı, atası, genetik kodlarının daşıyıcıları olan doğmaları Cümhuriyyət qurucularının sırasında yer alır, milli dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirirdi.

 

Səni kim yaratdı böylə alyanaq?

Kiçik yarpağında incəliyə bax!

Sənin rəngindədir sevdiyim bayraq,

Sən ilk salamlarsan baharı, lalə!

 

-bu şeiri ilə o, illər sonra Şərqdə doğan Günəşə - cəmi 23 ayda millətə, məmləkətə Əbədi İstiqlalın şərbətini içirən Cümhuriyyətə sevgisini ifadə edəcəkdi. Özü də şura hökümətinin oraq çəkiçli Qırmızı Bayrağının kölgəsində....

Çar Rusiyasının iflas etdiyi ərəfədə Naxçıvanda, Gəncədə, İrəvanda Milli Şuralar qurulmağa başladı. Həmin şuraların iradəsi, Rəsulzadənin öndərliyi ilə Milli Hökumətin təməli qoyuldu. Nigar Rəfibəylinin atası, bir qədər də önə getsək Cavad xanın nəvəsi Difai Partiyasının qurucularından biri Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat bəy Rəfibəy 1917-ci ilin martında Gəncədə Nəsib bəy Yusifbəylinin başçılığı ilə qurulan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü kimi Cümhuriyyət quruculuğu yolunda ilk cəsarətli addımlarını atmağa başladı.

O, 1878-ci il yanvarın 12-də Gəncənin əsilzadələr məhəlləsində, Bala Bağmanda babası Cavad xanın ruhunu cisminə geyib yer üzünə gəlmişdi. Gəncə Kişi Gimnaziyasını, sonra da Xarkov İmperator Universitetini bitirmişdi. 1904-cü ildən 1907-ci ilə qədər Universitetin qospital-klinikasında ordinator kimi fəaliyyət göstərən Xudadat bəy Rəfibəyov vətənə - Gəncəyə dönmüş, o zamankı Yelizavetpol Şəhər İdarəsinin təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına direktor təyin edilmişdi. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq ona titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib. 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.

Xudadat bəy Rəfibəyov 1912-1913-cü illərdə Sankt-Peterburq İmperator Kliniki İnstitutunda 6 ay məşhur professorların apardığı 12 ixtisas kursunun dinləyicisi olub. Gəncəlilərin xüsui təkidi və istəyi ilə Cümhuriyyətin Gəncədəki ilk və son, tək və yeganə general-qubernatoru kimi fəaliyyət göstərəndə də, təbabətdən siyasətə yol gələn dahilər: Nəriman Nərimanov, Əziz Əliyev, Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Vəli Axundov, Şıxəli Qurbanov kimi həkimlik edib, həkimdən müqəddəs peşə, ondan müqəddəs ad və ali vəzifə tanımayıb. Bu səbəbdən də hələ Çar Rusiyası zamanı, 1916-cı ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. 1918-ci il iyunun 17-də təşkil olunan II Xoyski hökumətində ilk dəfə yaradılan Səhiyyə və sosial təminat naziri vəzifələr məhz ona etibar edilib.

Cümhuriyyətin eyni qurumda cəm edilən ciddi sahələrinə nəzarət edən, onun qanunvericilik bazasını formalaşdıran Xudadat bəy Rəfibəyovun fəaliyyəti dövründə ölkənin müxtəlif ərazisində dövlət hesabına xidmət göstərən xəstəxanalar açılıb. Kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin təməli qoyulub, ekspertizalar üçün laboratoriyalar təşkil edilib. Gəncə ətrafında Zurnabad adlanan ərazidə ilk dəfə olaraq ölkədə Taun əleyihən stansiya yaradılıb.

 

Cümhuriyyətin ilk səhiyyə naziri

“Xəmsə” deyəndə Nizami Gəncəvi, “Sevgili canan”, “Sənsiz” deyəndə kimliyindən asılı olmayaraq göz önünə Üzeyir bəy, bir də Bülbül gəlir. Nigar Rəfibəyli deyəndə isə yada düşən ilk ünvan dumduru bulaqlar, qaynar çeşmələr, geniş, açıq, fərah səma olur. Hər halda bu biz tərəflərdə belə idi. Hamı Nigarı oxuyurdu. Oxumağı, yazmağı bilən də, bilməyən də. “Ala gözlüm” deyəndə yadına onu salardı. Su pərilərini, göydə mələkləri sevən kimi onu sevirdilər.

O, Cümhuriyyətin ilk Baş Təbibinin – Səhiyyə nazirinin qızı idi. Xeyirxahlıq, yaxşılıq, dərdə dərman, ağrıya məlhəm olmaq onun ərzi halında idi.

Xudadat bəy Gəncədə doğulmuşdu. Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirmişdi. Burada təhsil alarkən tələbə yoldaşları ilə birlikdə “Həmyerlilər” dərnəyini qurmuşdu. Universiteti bitirəndən sonra Həkimlər Cəmiyyətini təsis etmiş, onun sədri kimi fəaliyyət göstərmişdi. 17 il rəhbərlik etdiyi bu cəmiyyətlə yanaşı, o 1914-cü ildə Yelizavetpol Tibb Cəmiyyətini qurmuş, yoxsul və kimsəsiz insanların müalicəsini öz üzərinə almış, Çar Rusiyasının ayrı-ayrı şəhərlərindən həkimlər dəvət edərək yerli əhalinin cərrahi əməliyyatlarına nail olmuş, cəmiyyətin üzvlərinin iştirakı ilə Qarabağa, Lənkərana, Şəkiyə, Naxçıvana, Dərbəndə, Borçalıya və İrəvana həkim briqadaları göndərmiş, o dövr üçün o qədər də asan başa gəlməyən səyyar müalicələr təşkil etmişdi. Bakıda, Şuşada, Şəkidə fəaliyyət göstərən cəmiyyətlərlə daima təmasda olan Yelizavetpol Tibb Cəmiyyəti Xudadat bəy Rəfibəyovla yanaşı Həsən bəy Ağayev, Həmzə bəy Zeynalov, Musa bəy Rəfiyev kimi Cümhuriyyət qurucularının dəstəyi ilə bir sıra nailiyyətlərə imza atmışdı.

Xudadat bəy Rəfibəyov 1918-ci il oktyabrın 6-da hökumətdə dəyişiklik ediləndən sonra Cümhuriyyətin Səhiyyə naziri kimi fəaliyyətə başlamış, iki ay bir gün nazir kimi fəaliyyət göstərmiş, 1918-ci il dekabrın 7-də II Xoyski hökuməti istefa verdikdən sonra o, ölkənin Baş cərrahı, eyni zamanda ilk Səhiyyə naziri kimi qeyri-rəsmi fəaliyyətini davam etdirmiş, 1919-il mayın 6-da Azərbaycan höküməti tərəfindən Gəncə quberniyasına general qubernator təyin olunmuşdu. Eyni soya, boya, qan bağına bağlı olan əmisi oğlu, Kiyev İmperator Universitetinin Tibb fakültəsinin məzunu, onunla və Həsən bəy Ağayevlə birlikdə Yelizavetpol Tibb Cəmiyyətinin qurucusu, fevral inqilabından sonra Müvəqqəti Hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniysaı üzrə müvəkkili, Nəsib bəy Yusifbəyli tərəfindən qurulan Türk Ədəmi – Mərkəziyyət firqəsinin ilk üzvlərindən biri, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikası dağılandan sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, 1918-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin II Kabinetinin portfelsiz naziri, 1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski kabinədaxili dəyişiklik etdikdən sonra ölkənin Himayədarlıq və Dini Etiqad naziri təyin edilən, 1918-ci il noyabrın 14-də general-qubernator Uilyam Tomsonla danışıqlar aparmaq üçün Ənzəliyə göndərilən nümayəndə heyətinin tərkibində yer alan, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Parlamana Musavat Partiyasından seçilərək maliyyə-büdcə komissiyasında fəaliyyət göstərən, 1919-cu il dekabrın 22-də formalaşdırılan beşinci hökumət kabinetində İctimai Təminat və səhiyyə naziri vəzifəsinə təyin olunan Musa bəy Rəfiyevin gerçəkləşdirdiyi bütün layihələrin aparıcı simasına, baş ideoloquna çevrilmişdir.

 

(Növbəti gündə sizə II yazı təqdim ediləcək)

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)                                                                                      

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bir dəfə məşhur detektiv yazıçı Artur Konan Doyl Londonun ən uğurlu bankirinin evinə şam yeməyinə dəvət olunur. Nahardan sonra qonaqlar yazıçıdan detektivlər kralı Şerlok Holmsun həyatından yeni bir maraqlı hadisə danışmağı xahiş edirlər...

 

-Yaxşı, - deyə yazıçı gülümsəyərək cavab verir, -Qulaq asın... Bir dəfə Holms böyük bir əmlak sığortası fırıldağını araşdırırdı. Onun, bu işdə Londonun əsas bankirlərindən birinin əli olduğuna dair bəzi şübhələri var idi, lakin əlində qəti sübutu yox idi. Nəhayət, gözəl günlərin birində cinayətkarı təhrik etmək üçün detektiv 12 aparıcı ingilis bankirinə belə bir teleqram göndərir: “Təcili qaçın! İşin üstü açıldı!”

Şerlok Holmsun düşüncəsinə görə, 12 bankirdən birinin - yəni əsl fırıldaqçının əsəbləri dözməyəcək və o mütləq qaçacaqdı...

Konan Doylun hekayəsindən vəcdə gələn ev sahibi qışqırır:

 - Əla! Xəfiyyəçi yəqin ki, cinayətkarı yaxalayır.

- Heç də yox! - yazıçı deyir, - Holmsun teleqramını alan 12 cənabın hamısı İngiltərəni naməlum istiqamətdə tərk edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

"Psixologiya və şeir" rubrikamızın həm insanın daxili dünyasını, duyğularını, psixoloji hallarını izah edə biləcək, həm də poeziyanın həmin hisslərə necə toxunduğunu göstərə biləcək çox maraqlı və dərin bir layihə olduğunu göstərə bildik.

Bu gün də psixoloqumuz şair qonağımızın şeirinə psixoloji aspektdən yanaşacaq.

 

Beləliklə, budəfəki yazar qonağımız unudulmaz Fikrət Sadıq yadigarı, AYB-nin üzvü, Prezident təqaüdçüsü sevimli yazar, publisist, pedaqoq Aysel Fikrət, psixoloq qonağımız isə Telan Təlim Tədris və Nitq inkişaf mərkəzinin təlimçi psixoloqu Həmidə Əliyevadır.

 

-Xoş gördük Həmidə xanım. Bu rubrikamızda hisslərin elmi və sözün sehrinə yaxından şahid olacağıq. Bəzən illərlə susan ürəyin səsini bir misra belə eşitdirə bilər.

Buyurun Həmidə xanım,

"Dünyanın işi" şeirinə psixologiya   pəncərəsindən boylanaq.

 

Dünyanın işi

 

Həmin gün,

Maşının şüşəsindən,

Gözlərinin sevgisizliyi ox kimi batdı ürəyimə.

Ruhum dondu

Sevgisiz gözlə.

Sonra bir il o sevgisiz gözlərdən,

Asdı özünü intihar edənlər.

Sevgisiz gözlərdən,

Dünyanın ən böyük balinası boğuldu,

Dünyanın ən böyük dəryasında.

Şəhərlərə bombalar yağdı,

Sevgisiz gözlərdən,

Adamlar qaldı dağıntılar altında.

Sevgisiz gözlərdən,

Afrikada qaradərili uşaq,

Acından öldü.

Sonra bu sevgisizlikdən,

Yeni növ həşəratlar doğuldu.

Gözləri kor.

Hara gəldi doluşdular.

Sonra daşqın oldu,

Bürüdü dünyanı.

Hər gün tv xəbərləri

Bir yeni hadisə dedi.

Susuzluqdan ölən balıqların,

ahı tutacaq dənizləri deyindi qoca qarılar.

Bu gün.

Öldü həşəratlar,

Susdu bombalar,

Kəsildi dünyanı basan su daşqınları.

Dirildi ən böyük dəryada ölən ən böyük balina

Mən Afrikada acından ölən qaradərili uşaqlara

Tərəf yola düşdüm...

Dünyanın sən durub

            sevgisiz baxdığın yerini silib,

yerində boy-boy ağaclar əkdim.

Yaz da gəldi...

 

-Salam, dəyərli Ülviyyə xanım. Bu qədər düşündürücü və duyğulu layihə üçün Sizə təşəkkür edirəm.

Bir psixoloq olaraq mən də bu şeiri öz baxış bucağımdan – insan ruhunun incə qatlarını nəzərə alaraq dəyərləndirəcəyəm.

Hisslərin, susqunluğun və görünməyən izlərin arxasında dayanan psixoloji mənanı birlikdə araşdıraq.

Bu şeir – "Dünyanın işi" – poetik dillə yazılmış, lakin dərin psixoloji qatlara toxunan bir mətn kimi qiymətləndirilə bilər. Psixoloji aspektdən yanaşsaq, şeirdə insanın emosional boşluğu, travması, dünyanı dərk etmə və dəyişdirmə ehtiyacı özünü göstərir. Aşağıda bu təbəqələri ardıcıl açaraq təhlil edək:

 1. Travmanın başlanğıcı:

“Maşının şüşəsindən,

Gözlərinin sevgisizliyi ox kimi batdı ürəyimə.”

Bu misrada sevgisizlik travmanın əsas səbəbi kimi təqdim olunur. Sevgisiz baxışın təsiri "ox kimi batmaq" metaforası ilə ifadə olunur – bu, emosional zədə, bəlkə də yadda qalan bir ayrılıq anı, təmasda olduğumuz bir laqeydlik, yaxud bir gözlə ünsiyyətsizlik kimi qəbul edilə bilər.

Bu, mikrotravma sayılacaq bir hadisənin, yəni sadəcə bir baxışın, necə makro səviyyədə təsirlərə səbəb ola biləcəyini göstərir.

 2. Sevgisizliyin domino effekti:

“Sonra bir il o sevgisiz gözlərdən...

...intihar edənlər... balinalar... bombalar... uşaqlar... daşqınlar...”

Burada poetik şəkildə, sevgisizliyin fəsadları universallaşdırılır: bir insanın içindəki boşluq, laqeydlik, empati çatışmazlığı bütün bəşəriyyətə yayılırmış kimi təsvir olunur. Bu, psixologiyada kolektiv travma, qlobal empati çatışmazlığı, emosional uyuşma kimi anlaşıla bilər.

 İnsanların bir-birinə qarşı duyarsızlığı, təkcə fərdi deyil, sosial və ekoloji fəlakətlərə də yol açır – şeirdə bu, simvolik dillə göstərilir.

 3. Metaforlar vasitəsilə daxili vəziyyətin ifadəsi:

"Balina boğuldu" – dünyada ən güclü varlığın belə bu sevgisizliyə tab gətirə bilməməsi.

"Qaradərili uşaq acından öldü" – sosial ədalətsizlik, fərqli bölgələrdəki hiss edilməyən ağrılar.

"Kor həşəratlar" – empati hissini itirmiş, məqsədsiz dolaşan insanlar.

"Daşqın" – emosiyaların daşması, bəlkə də depressiyanın, qlobal xaosun simvolu.

 4. Sağalma və transformasiya:

“Bu gün.

Öldü həşəratlar,

Susdu bombalar...

Dirildi balina...

Mən... tərəf yola düşdüm...”

Bu hissə psixoloji sağalma mərhələsini əks etdirir. Artıq insan passiv deyil. Travmanı dəyişdirmək üçün hərəkətə keçib. Bu, posttravmatik inkişaf (Post-Traumatic Growth – PTG) anlayışına uyğun gəlir. İnsan ağrını gördü, anladı və onu transformasiya etmək üçün öz rolunu götürdü:

 "Yerini silib, boy-boy ağaclar əkdim" – şair artıq sevgisizliklə mübarizə aparmaq qərarını verir. Bu da aktiv ümid, empatik dəyişiklik, özünə və dünyaya inamın bərpası kimi dəyərləndirilə bilər.

5. Yazın gəlişi – simvolik ümid

"Yaz da gəldi..."

Yaz burada yalnız fəsil deyil – psixoloji yenilənmə, ruhda baş verən dəyişiklik, insan duyğularının çiçəklənməsi deməkdir. Bu sonluq, ümidsizlikdən ümidə keçidi, emosional bloklanmadan duygusal axıcılığa doğru bir keçidi ifadə edir.

 Nəticə:

Şeir bir insanın sevgisiz baxışla başlayan emosional zədəsini, bununla bağlı daxili dağıntılarını, daha sonra isə bu dağıntının dünyadakı kollektiv ağrılarla necə rezonans doğurduğunu göstərir. Sonda isə bu ağrıdan çıxış yolu tapılır: emosional bağlılıq yaratmaq, sevgisizliyə qarşı duyarlılıqla cavab vermək, dünyaya sevgini qaytarmaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

Bazar ertəsi, 23 İyun 2025 08:29

Henri Uodsvort Lonqfellonun uşaq şeiri

“Ədəbiyyat və incəsənət” portalının UŞAQ ƏDƏBİYYATINI TANIDAQ layihəsində Britaniya və Amerika uşaq şeirindən seçmələr təqdim edilir.  Şeirləri ingilis dilindən tərcümə edən Şahin Xəlillidir.

 

Bu gün tanış olacağınız şeir Henri Uodsvort Lonqfelloya aiddir. O, Amerika şairidir.

 

Henri Uodsvort Lonqfello

(1807-1882)

ABŞ

 

Var cıqqılı bir bacı

Var cıqqılı bir bacı,

Alnının yarısına

Düşmüşdü qıvrım saçı.

Bax, kefi kök olanda

Dönürdü bal-pətəyə.

Heç kefi olmayanda

Dönürdü ifritəyə.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

  

Azərbaycan sevgi poeziyasına “Alagözlüm, səndən ayrı gecələr…” kimi bir şedevr bəxş etmiş Azərbaycanın Xalq yazıçısı Nigar Rəfibəylinin bu gün anadan olmasının 112-ci ildönümüdür.

 

Dərhal ondan başlayım ki, Nifgar xanım Azərbaycanın milli-azadlıq, ictimai-fikir və tibb sahəsində misilsiz fəaliyyəti lan məşhur Rəfibəylilər nəslindəndir. Bu gün tanınmış publisitimiz Şərəf xanım Cəlillinin bu ailə ilə bağlı maraqlı bir yazısına start veriləcək və tövsiyyə edirəm ki, bu yazını qaçırmayasınız.

 

Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində, sonradan demokratik cümhuriyyətdə səhiyyə naziri, Gəncənin qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin ailəsində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib.

İrticaçı bolşevik rejimi gənc şairəni daim atasına görə təqib edib, yalnız o dövrdə sanballı nüfuza malik Rəsul Rzaya sevgisi onu repressiyaların cəngindən qoruyub çıxarıb. Sonradan ailə həyatı qurublar, hər ikisi Xalq şairi olub, üstəlik, Azərbaycan ədəbiyyatına Anar kimi fenomenal Xalq yazıçısı kimi bir övlad da dünyaya gətiriblər.

 

Nigar xanımın "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilib. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.

Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.

 

Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunub kitabları:

Dənizin səsi gəlir

İşıqlı dünyam

Günəşdən gənclik istədim

Həzin bir axşamda düşsən yadıma

Şanlı nəsillərin yadigarısan

 

- Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları

Zəfər nəğməsi

Şeirlər

Anaların səsi

Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən

 

- Uşaqlar üçün yazdığı kitablar

Balaca qəhrəman

Günəşin cavabı

Məstanın balaları

Bizə bahar yaraşır

 

Mükafatları

1. "Şərəf nişanı" ordeni

2. "Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

4. "Azərbaycan SSR Xalq şairi" fəxri adı

 

O, 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

Nigar Rəfibəyli ilə Rəsul Rzanın aralarındakı sevgi tarixin bütün sevgilərindən başda olmağa layiqdir. Bugünkü gənclərə bu sevgi əsl örnək gətiriləcək sevgidir.

Və ömürlərinin sonlarında hər ikisi ağır xəstəlik keçirirmiş. Nigar xanım Rəsul bəyin ölümündən xəbərsiz olub, bunu ondan gizləyiblər. Hər gün gözləri xəstəxana palatasının qapısında olub, Rəsulunun gəlişini gözləyib.

Amma haqq dünyasında olan Rəsul bəy təbii ki, gələ bilməzdi…

 

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda

Yasəmənlər saçın yolur neyləyim?

 

Tez gələsən, bəlkə əlac verəsən

Sünbüllərin saçın yığıb hörəsən

Çiçəkləri gəlib özün dərəsən

Yolda qalib baxışları neyləyim?

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?

 

Və çox təəsüf ki, ən böyük sevgilərdən doğan ən böyük ayrılıqlar bax elə bu cür də bitir…

Ağrı, acı, nisgil dolu…

Bir az da nikbin…

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbirdə Türkiyə və Norveçdən gələn şairlər də iştirak ediblər.

Öncə Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamlayıb. O, çıxışında qeyd edib ki, 2025-ci il bayramlar ilidir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. L.Məmmədova qeyd edib ki, vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin yubileyi təntənəli, bayram şəraitində keçir. Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalamışdır. O qeyd edib ki, şairin yubileyi ilə əlaqədar MKS-də silsilə tədbirlər həyata keçirilir. Mərkəzi Kitabxanada inşa, esse və şeir müsabiqələri təşkil olunmuşdur.

Filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mütəxəssisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad qeyd edib ki, Bəxtiyar Vahabzadə bütün türk dünyasının şairidir. Bəxtiyar Vahabzadə yaradıcılığına türkçülüyü gətirirdi. Təsadüfi deyil ki, “Gülüstan” poeması dillərdə əzbər olmuşdur. O özü də etiraf edirdi ki, mən istədiyim zaman sözümü deyə bilmişəm. Bəxtiyar Vahabzadə təbiət, humanistlik, sevgi şairi idi.

Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd edib ki, Bəxtiyar Vahabzadə bir filosof idi. “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında Bəxtiyar Vahabzadəni tədris edirəm. Şairin 90 illik yubileyi qeyd olunan zaman mən elmi məqalə ilə çıxış etmişdim. Və artıq 100 illik yubileyi ilə əlaqədar Şəkidə keçiriləcək simpoizumda çıxış edəcəm”. O, Bəxtiyar Vahabzadə haqqında duyğularını dilə gətirən yazı ilə tədbir iştirakçılarını tanış edib. Y.İsmayılova çıxışını şairin şeirləri ilə yekunlaşdırıb.

Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə çıxışında Bəxtiyar Vahabzadənin böyük şair olduğunu vurğulayıb. “Azərbaycanın ağrılı-acılı günlərində radioda Bəxtiyar Vahabzadənin və Mirzə Xəzərin səsi gəlirdi. B.Vahabzadə öz dövründə bütün şairlərə yüksək qiymət verirdi. Bəxtiyar Vahabzadə yaradıcılığını oxuyanda hər bir söz hədəfə dəyir”. R.Mirzəzadə tarixçi alim Lev Qumilyovun Bəxtiyar Vahabzadə yaradıcılığına verdiyi rəy və yüksək qiymət haqqında danışıb.

Tükiyənin tanıınmış şairi, hekayə və roman yazarı Selvigül Şahin çıxışına qələmə aldığı şeiri ilə başlayıb. O, B.Vahabzadə haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, böyük şairlər ölmürlər, özlərindən sonra yetişən şairlərə örnək olur, əsərlərini miras qoyurlar.

Türkiyədən gələn qonaq, tanınmış yazıçı Suheyla Karaca çıxışına “Azərbaycan-Türkiyə” şeirini söyləməklə başlayıb. O, Azərbaycan xalqının sənətçi ruhuna aşiq olduğunu bildirib. Ədəbi-bədii gecədə şeir söyləyən uşaqların içində milli ruhu görəndə xoşbəxt olduğunu bildirib. “B.Vahabzadə təkcə öz millətinin yox, bütün türk dünyasının şairi idi”, – deyə çıxışını yekunlaşdırıb.

Osloda Azərbaycan Məktəbinin koordinatoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Günay Əliyeva çıxışında qeyd edib ki, Bəxtiyar Vahabzadə bizim üçün bir məktəbdir. Biz onun hər misrasından nəsə öyrənirik. O, B.Vahabzadənin “Kitab” şeirini söyləyib.

Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva tədbirə dəvətə görə təşəkkürünü bildirib. O, B.Vahabzadə yaradıcılığı haqqında fikirlərini bölüşüb. X.Əfəndiyeva tələbə vaxtı şairə portret hədiyyə etməsindən danışıb. Bildirib ki, B.Vahabzadə ona “mənim şəklimi yox, taleyimi çəkmisiniz” cavabını vermişdir.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Ulu Öndərin adını daşıyan Mərkəzdə ədəbi-bədii gecələrin təşkilinə görə L.Məmmədovaya öz təşəkkürünü bildirib. N.Ömərova çıxışında Bəxtiyar Vahabzadənin bütün türk dünyasının şairi, Vətəninə bağlı bir şair olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin B.Vahabzadə xəstəxanada olarkən onu ziyarət etməsi və onların dialoqlarından tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, mərkəzimizin fondunda Xalq şairinə aid lent yazıları da vardır.

Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Türkiyədən qonaq gələn yazarlara həsr etdiyi şeirini, şair Aytəkin Mehmanqızı, 225 №-li tam orta məktəbin direktor müavini Zenfira Nusalova B.Vahabzadənin şeirlərini səsləndiriblər. Tədbir iştirakçılarından İlahəxanım Rəşidova Xavər Xəlilinin şeirini, 128 №-li tam orta məktəbin 1-ci sinif şagirdi Tunay Həsənov “Azərbaycan-Türkiyə” şeirini söyləyib.

Esse, inşa və şeir müsabiqələrinin qalibləri Nəzakət Cəfərliyə, Davud Orucluya, İlahə Quluzadəyə, Şahhüseyn İbrahimova, şeir müsabiqəsinin qalibləri Allahverdi Ramazanova, Azərin Quliyevaya, Şücayət Kərimzadəyə, Züleyxa Xudiyevaya, Heydər Əliyevə, Fateh Qədirova diplom və təşəkkürnamələr təqdim edilib.

Tədbirin bədii hissəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, muğam ustası, xanəndə Maya Cəbrayılova “Çanaqqala Müzəffər” və “Nədən oldu”, Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin şagirdləri “Tar-kamanım gəl, gəl”, “Heydərbabaya salam”, “Azərbaycanım” mahnılarını və muğamlar ifa ediblər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşayiət edib.

Türkiyədən təşrif buyuran dəyərli və hörmətli yazarlar – Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını sevən, onu təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olunub. Azərbaycan muğamını, xalq musiqilərini peşəkar səviyyədə təbliğ etdiklərinə görə Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin müəllimləri – kamança ifaçısı Lalə Əfəndiyeva, tarzən Famil Məmmədov, qaval ifaçısı Əziz Mənsimli və tanınmış kamança ifaçısı Xətayə Cəfərova, sözügedən musiqi məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə və Mətin Cəfərov xalq musiqilərini gözəl ifa etdiklərinə görə təşəkkürnamələrlə təltif olunublar.

Yubiley tədbirində alimlər, şair və yazıçılar, KİV nümayəndələri, ziyalılar və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə  həsr olunmuş videoçarx nümayiş olunub. Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir:

https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=54s

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədikləri ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdilər. Ancaq insanların itirdiyi tək azadlıq deyildi.

 

Bu cümlələr ilk oxunuşda təsəvvürümüzdə kino fraqmenti kimi canlansa da yazıçı, tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabından bir hissədir. Diqqət cəlb edən məqam povestin retrospektiv tərzdə yazılması, hadisələrinin sonunun kitabın əvvəlində öz əksini tapmasıdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Yerdələnin birinci mərtəbəsi”nin Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Məmməd Məmmədlinin qələm dostları, yazıçılar, mədəniyyət xadimləri iştirak etdilər. Qonaqlar yeni nəşr haqqında fikirlərini bölüşdülər, müəllifin yeni əsərlərinin uğurlu alınmasından, həmçinin mövzu seçimindən və yazı üslubundan söz açdılar. Bildirdilər ki, müəllifin ortaya qoyduğu əsərdə bir az fantasmaqorik, bir az da magik realizmin elementlərindən istifadə olunub.

Təqdimat mərasimində bildirildi ki, kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və üç hekayəsi daxil edilib.

Qeyd edək ki, Məmməd Məmmədli “Mən atamı xatırlamıram...”, “Zülmətdən doğan Günəş”, “Ərafın dərin qatlarında” hekayələrinin, həm də “Ay işığı” povest və hekayələr toplusunun ispan dilindən tərcüməsinin müəllifidir.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

20 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan “OXU, YARAT, QAZAN!”- Yay Festivalı davam edir. Festivalın “OXU – Kitabların sehrli dünyasına səyahət et!” devizi altında növbəti tədbiri açıq hava şəraitində təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, uşaqların yay tətilində kitab oxumağa marağını artırmaq və onların asudə vaxtlarını mənalı keçirmək məqsədilə açıq havada kitabxana əməkdaşları müxtəlif bədii əsərlər əsasında viktorinalar təşkil ediblər. Uşaqlar həm sevimli əsərlərini xatırlayıb biliklərini nümayiş etdiriblər, həm də yeni qəhrəmanlarla tanış olublar.

Tədbirdə həmçinin, məntiqi düşünməni və yaradıcı yanaşmanı təşviq edən fərqli oyunlar – krossvordlar, söz zənciri və nağıl qəhrəmanları əsasında pantomima ("him-cim") yarışları keçirilib. Uşaqlar təqdim olunan ipucları ilə tanınmış personajları tapmağa çalışaraq əyləniblər.

 “OXU” istiqaməti çərçivəsində keçirilən bu tədbir kitabların sehrli dünyasına maraq oyadaraq uşaqlarda həm mütaliəyə sevgi, həm də ünsiyyət və təqdimetmə bacarıqlarının inkişafına töhfə verib. Festival çərçivəsində bu istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsi davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

 

Özbəkistanın paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının (TDT) III Diaspor Gənclərinin Forumu baş tutub. Forumda TDT-yə üzv ölkələr 1+2 formatında – hər ölkədən 1 rəsmi nümayəndə və 2 diaspor gənci – təmsil olunub.

 

Forumda Azərbaycandan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Əliyeva və diaspor gəncləri — Qazaxıstandan Raqif Zeynalov, Qırğızıstandan isə Aynur Əsədova iştirak ediblər.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Könül Əliyeva çıxışında Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərindən, eləcə də diaspor sahəsində əməkdaşlığın uğurla inkişafından danışıb. O, 2022-ci ilin dekabrında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi arasında imzalanan Anlaşma Memorandumunun bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və real nəticələr verdiyini vurğulayıb.

Çıxışdan sonra komitənin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı haqqında videoçarx nümayiş olunub.

Forum çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev ilə görüş keçirilib. Kaxraman Sariev Azərbaycana olan ilk rəsmi səfərindən məmnunluqla bəhs edib.

Daha sonra TDT-nin baş katibinin müavini Ömer Kocamanın və layihə direktoru Ali Çivilerin rəhbərliyi ilə iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıqlarla bağlı təkliflər irəli sürülüb.

Görüşün sonunda komitə adından Kaxraman Sarievə və TDT-yə xatirə hədiyyələri təqdim olunub.

Forum gənclər üçün ekskursiya ilə yekunlaşıb və yerli telekanallarda geniş işıqlandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

İşıq, nur dərhal zülmətin şəkildəyişməsinə səbəb olar, qaranlıqları aydınlığa çıxarar. Amma bəzən qaranlıqlar əbədi olur, bununla belə, onların müəyyən hücrələrində işıq seli, nur damlaları toplaşır.

Bax bu, zülmətdəki işıqdır, zülmətdəki nurdur.

 

Bu gün -21 iyun 2025-ci il tarixdə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində gözdən əlil şair Samirə Sahibin "Zülmətdəki nur" kitabının təqdimatı keçirildi.

Tədbirdə bölgə yazarları, ziyalılar, məktəb şagirdləri, şairin qələm dostları, qohumları iştirak etdilər.

Mərkəzin direktoru Reyhanə Sadıxova, AYB Lənkəran bölməsinin sədri, yazıçı dramaturq Qafar Cəfərli, LDU-nun professoru Yadulla Ağazadə, filoloq şair Aytəkin Ağazadə, tanınmış ziyalı Ağadadaş Əliyev və digər çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında fikir və düşüncələrini bölüşdülər.

Tədbirdə tanınmış muğam ustası İmanverdi Ağayev və başqa musiqiçilər şairi musiqinin ecazkar dili ilə təbrik etdilər.

Şairin məktəbli şagirdlər tərəfindən səslənən şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Sonda Samirə Sahib tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi...

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.