Super User

Super User

Çərşənbə, 29 Oktyabr 2025 14:29

“Biri ikisində” – Taleh Mansurun şeiri ilə

              

                  

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin  şeiriləri təqdim edilir.

                  

 

Taleh  MANSUR

(Azərbaycan)


İLAHİ XƏYAL

 

Şeir qəlbi şah tutasan, şax qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan ilahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.

 

Azıb yolu duman-çənə düşəsən,
Qızılgülə, yasəmənə düşəsən,
Dönüb şehə – göy çəmənə düşəsən,
Leysan olub çiçəkləri döyəsən.

 

Şahlar dönür, qullar dönür Allaha,
Qağayılar, qular dönür Allaha.
Ay göz yaşım, sular dönür Allaha,
Bəs nə üçün qayıtmırsan göyə sən?

 

Batıb-çıxan Günəş insan, Ay insan,
Toparlanıb il olmadın, ay insan,
Cavab axtar, sual vermə, ay insan,
Sən dünyada ən cavabsız niyəsən.

 

Doğma cismi özgə bilməz kəfənin,
Dirildəcək səni ölməz kəfənin.
Ölüb geysən, əynə gəlməz kəfənin,
Gərək onu dirigözlü geyəsən.

Yalan oldu düzdə qaçan xəyallar,
Qanad saldı quştək uçan xəyallar.
Yer üzünə ayaq açan xəyallar
Göy üzünü unutdular, deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

Çərşənbə, 29 Oktyabr 2025 12:29

Dünyanın əsas mədəniyyət hadisələri - İCMAL

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bayırda payızın orta ayının son günləridir, dünyanın mədəniyyət xəritəsində isə bu günlər diqqət çəlb edən 2 böyük hadisə vardır, icmalımızda bu gün nlar barədə danışacağam.

 

Art Basel Paris 2025

Bu beynəlxalq sənət sərgisi Parisdə keçirilir və 23-26 oktyabr tarixlərini əhatə edir.

Sərgidə 206 qalereya iştirak edir və “Emergences” adlı bölmə yeni və yüksələn sənətçilərə həsr olunub.

Hadisə yalnız sənət satış sahəsində deyil, həm də “sənət/fəshn”, moda və performans ilə kəsişən mədəni dialog olaraq səciyyələnir.

Bu cür sərgilər mədəniyyətin qlobal səviyyədə mümkünlüyünü, ölkələrarası dialoqunu və sənət bazarını da əks etdirir.

 

Riyadh Season 2025‑26

Səudiyyə Ərəbistanında keçirilən bu mövsümi mədəni-əyləncə festivali 2025-ci ilin oktyabrında başlayır və 2026-cı ilin əvvəlinə qədər davam edəcək.

Festival çərçivəsində komediya şouları, musiqi festivalları, idman tədbirləri və geniş əyləncə zonasaları planlaşdırılıb.

Bu, ölkənin “Vision 2030” proqramı çərçivəsində, mədəniyyət və turizmin genişləndirilməsi məqsədilə atılan addımlardan biridir — mədəniyyətin yalnız sənət deyil, həm də iqtisadi və strateji bir resurs olduğunu göstərir.

 

Mənbə: Vogue Business

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

 

 

"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. 2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun,2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq  İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.

 

ŞAGİRD:

Sadiq Nəbili Xəyal oğlu - 25.06.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci il Aslan Muradov adına 84 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşam. Hal-hazırda 11-ci sinfində təhsil alıram. 2018-ci ildə YUNESKO-nun İnformasiya hamı üçün Azərbaycan Komitəsi tərəfindən “TƏŞƏKKÜRNAMƏ - Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin ədəbi-bədii irsinə maraq göstərdiyinə və şairin qəzəllərin peşəkarlıqla ifa etdiyinə görə” təltif edilmişəm. Aşıq Ələsgər və Azərbaycan folkloru müsabiqəsində şeir nominasiyası üzrə -ci yerin qalibi, Dünya Türkdilli Dövlətlər arasında keçirilən Pöhrə 2022 istedad müsabiqəsində Bədii qiraət üzrə LAUREAT adına layiq görülmüşəm. Qızıl açar müsabiqə qalibi, Bakı məktəblilər arasında keçirilən şeir müsabiqəsində -ci yerin qalibi və bir çox müsabiqələrdə qalib olmuşam. Vətənpərvərlik ruhunda şeirlər yazıram. Nağıl və hekayələrim var.

 

ESSE:

Texnologiyanın inkşafı insanı tənbəlləşdirirmi?

Bu gün texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Smartfonlar, süni intellekt, avtomatlaşdırılmış sistemlər – hər biri gündəlik işlərimizi asanlaşdırır. Lakin bir sual yaranır: bu rahatlıq bizi tənbəl edirmi? Texnologiyanın verdiyi imkanlar bəzən insanı düşünməyə, hərəkət etməyə və mübarizə aparmağa az həvəsli hala gətirir. Əvvəllər insanlar sadə işləri özləri görürdülər: məktəbə piyada gedir, məktubları əl ilə yazır, hesablamaları kağız üzərində aparırdılar. İndi isə bir düymə ilə hər şey hazır olur. Bu, vaxt qazanmaq üçün yaxşıdır, amma eyni zamanda fiziki və zehni fəaliyyətimizi azaldır.

Məsələn, onlayn alış-veriş bizi bazara getməkdən xilas edir, amma hərəkətsiz həyat tərzini gücləndirir. Süni intellekt bizə düşünmədən cavab verir, nəticədə bəzən beynimizi işlətməyə ehtiyac duymuruq. Hətta bəzən texnologiyadan asılı qalırıq – sosial şəbəkəsiz və telefonsuz özümüzü itmiş kimi hiss edirik. Bununla belə, texnologiyanın tənbəllik yaratması qaçılmaz deyil. Əksinə, düzgün istifadə olunsa, bizi daha səmərəli və yaradıcı edə bilər.

Məsələn, onlayn tədris və rəqəmsal kitabxanalar insanın öyrənməsini asanlaşdırır və imkanlarını genişləndirir. Texnologiya nə yaxşı, nə də pisdir – o, sadəcə alətdir. Onun bizi tənbəlləşdirib-tənbəlləşdirməməsi ondan necə istifadə etdiyimizdən asılıdır. Əgər biz rahatlığı məqsəd yox, vasitə kimi görsək, texnologiya bizi gerilətməz, əksinə, irəli aparar.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

Çərşənbə, 29 Oktyabr 2025 14:04

Xalq artisti Ağaxan Salmanlının doğum günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də onun potensialı tam açılmayıbdır, baxmayaraq ki Xalq artisti adını qazanıbdır. Çünki əksərən çəkildiyi rollar epizodik, ikinci dərəcəli rollar olubdur. Halbuki, məxsusi ona uyğun rollar tapa bilərdilər rejissorlar.

 

Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist, xalq artistidir.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.\.

 

Teatr sahəsindəki rolları

1. Cəfər Cabbarlı — ("Aydınlığa doğru" Seyfəddin Dağlı)

2. Romeo — ("Romeo və Cülyetta" Vilyam Şekspir)

3. Dinar — ("Yadındamı" Altay Məmmədov)

4. Səməd — ("Sən nə üçün yaşayırsan?" İmran Qasımov, Həsən Seyidbəyli)

5. Doktor — ("Yuxulama" Kamal Aslanov)

6. Kazım — ("Məhəbbət bir bəladır" Əhməd Orucoğlu)

7. Qulam — ("Pul dəlisi" Əhməd Orucoğlu)

8. Artur — ("Ovod" Eteri Voyniç)

9. Hacı Murad — ("Tamahkar" Süleyman Sani Axundov)

10. Kərbəlayi Mirzalı — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə)

 

Filmoqrafiya

1. İstintaq davam edir

2. Axırıncı aşırım 

3. Tülkü həccə gedir

4. Maqarıç

5. 1001-ci qastrol

6. Pıspısa xanım və Siçan bəy.

 

Aktyor 29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat edib. Suraxanı qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

Çərşənbə, 29 Oktyabr 2025 15:40

Həm aktrisa, həm kulturoloq, həm də prodüsser

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həm aktrisa, həm kuturoloq, həm də prodüsser təqdimatı ilə söhbət kimdən gedir? Rada Nəsibovadan. Bir neçə roluna baxmaq kifayət edir ki haqqında ağızdolusu danışasan.

 

Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərib. İşlədiyi müddət ərzində o, müxtəlif janrlı obrazlar yaradıb. Kinoda 2002-ci ildən fəaliyyət göstərir. 20-ə yaxın filmdə, 10-dan çox teatr tamaşasında rol alıb.

 

Teatr səhnəsindəki rolları

1         Oqtay Eloğlu -    Sevər

2       Nəsrəddin -          Pəri  

3       Ağa Kərim xan Ərdəbili- Leyla       

4       Təklif -       Nataliya    

5       Tribunal      - Nadya      

6       Durnalar qayıdanda -     Günay        

7       Məhəbbət əzabları -        Reyhan      

8       Kömürçü ailəsi -   Mərziyyə    

9       Xurşidbanu Natəvan      - Təhminə  

10       Mesenat     - Tələbə qız

 

Mükafatları

6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan miusiqisində, xüsusən klassik musiqimizdə çox önəmli adlar vardır ki, min təəssüf, onlar barədə ictimaiyyət yetərincə məlumatlı deyildir. Halbuki, bu misiqi xadimləri elitar musiqi qanadı olan klassik, simfonik musiqimizin təbliği baxımından müstəsna rola malikdirlər.

Bu gün sizlərə dirijor Rauf Abdullayev barəsində danışacağam.

 

Rauf Abdullayev 1937-ci ildə anadan olub. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirib. 1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olub. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq edib. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq edib. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

 

Filmoqrafiya

1. Babək

2. Yeddi gözəl

3. Qətl günü

4. Özgə vaxt

5. Könül nəğməsində variasiyalar

6. Maestro

7. Bir anın həqiqəti

8. Arxada qalmış gələcək

 

Təltif və mükafatları

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı

- Azərbaycan SSR Lenin komsomolu mükafatı

- "İstiqlal" ordeni

- "Şərəf" ordeni

- "Şöhrət" ordeni

- "Xalqlar dostluğu" ordeni

- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

Çərşənbə, 29 Oktyabr 2025 09:31

Türk dünyası məşhurları – BAYANÇUR XAN

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası məşhurları layihəsində bügünkü təqdimat Bayançur xan barədədir.

 

VIII əsr Türk tarixində mədəni, siyasi və dini baxımdan dönüş mərhələsi hesab olunur. Bu dövrdə yaranmış Uyğur Xaqanlığı(744–840) türk sivilizasiyasının klassik formalarından birinə çevrildi. Bu dövlətin formalaşması və güclənməsi birbaşa olaraq Bayançur xanın (744–759) fəaliyyəti ilə bağlıdır. O, Türk dövlətçilik ənənəsini yeni mədəni və dini məzmunla birləşdirərək, Türk-İslam öncəsi intibah dövrünün banilərindən biri olmuşdur.

Bayançur xan, əsil adı ilə Kutluğ Bilgə Kül Qaghanın oğlu, İdikut soyuna mənsub idi. Atasının ölümündən sonra, təxminən 747-ci ildə Uyğur taxtına çıxmış, 759-cu ilə qədər hakimiyyətdə olmuşdur. O, hakimiyyətə gəldiyi dövrdə türk dünyasında siyasi dağınıqlıq hökm sürür, Göytürk imperiyasının dağılmasından sonra müxtəlif boylar müstəqillik uğrunda mübarizə aparırdı.

Bayançur xan on boylu uyğur ittifaqını birləşdirərək vahid dövlət strukturu yaratdı və paytaxtı Qarabalasagun şəhərində qurdu. Bu şəhər sonradan Orta Asiyanın ən mühüm mədəni mərkəzinə çevrildi.

Bayançur xan dövləti təkcə hərbi güclə deyil, həm də qanun və mədəni islahatlar vasitəsilə möhkəmləndirdi. Onun dövründə:

• Türk runik əlifbası ilə dövlət yazışmaları aparılmış,

• Yerli idarə və vergi sistemi tənzimlənmiş,

• Ticarət yollarının təhlükəsizliyi təmin edilmişdir.

O, Göytürk mirasını qoruyaraq, yeni dövləti qanun, tərbiyə vənizam əsasında idarə etmiş, bununla da, türk dövlətçiliyinə hüquqi təməl vermişdir.

Bayançur xanın hakimiyyəti dövründə Uyğur xaqanlığı mani dini(manixeizm) ilə tanış oldu. Hərçənd bu din onun dövründə hələ rəsmi ideologiya kimi qəbul edilməmişdi, lakin Bayançur xanın sarayı manixey rahiblərinə açıq idi və dini dözümlülük siyasəti yürüdülürdü.

Bu siyasət nəticəsində:

• Çin, Soğd, Tibet və Hindistanla diplomatik və mədəni əlaqələrinkişaf etdi;

• Uyğur şəhərlərində elm, yazı və sənətkarlıq mərkəzləri yarandı;

• Türk yazı mədəniyyəti ilk dəfə şəhər mədəniyyəti ilə sintez halında inkişaf etdi.

Bayançur xan dönəmində Uyğurlar:

• 750-ci illərdə Qarluq və Türgəş üsyanlarını yatırdı,

• Çin Tang imperiyası ilə ittifaq quraraq An Luşan üsyanının yatırılmasında iştirak etdilər (755–757).

Bu yürüşlər nəticəsində Uyğurlar Çin üzərində böyük nüfuz qazandılar və Tang imperatoru onlara “Tian Kehan” (Göy xaqan)titulunu verdi.
Bununla da, Uyğur dövləti regionda həm siyasi, həm də diplomatik baxımdan əsas gücə çevrildi.

Bayançur xan yalnız bir sərkərdə və hökmdar deyil, həm dəmədəniyyət qurucusu idi. Onun dövründə:

• Uyğur şəhərləri Ordu-Balıq, Beşbalıq, Qoço elm və sənət mərkəzlərinə çevrildi;

• Türk dilində runik yazılı abidələr çoxaldı;

• Uyğurların dövlət rəmzləri (bayraq, möhür, damğa) formalaşdı;

• Dövlət idarəçiliyi hərbi demokratiyadan hüquqi-monarxik modelə keçdi.

Bayançur xanın qurduğu siyasi və mədəni sistem sonradan Karaxanilər (Qaraxanlılar), Qəznəvilər, Səlcuqlar və Osmanlılar kimi türk dövlətlərinin idarəçilik ənənələrinə təsir etmişdir.

Bayançur xan türk tarixində mədəni dövlətçiliyin və idarə hüququnun simvoludur. O, türklərin yalnız döyüşkən xalq deyil, həm də dövlət, yazı və mədəniyyət yaradan millət olduğunu sübut etmişdir. Onun yaratdığı Uyğur dövləti, türklərin yazılı ədəbiyyata, şəhər mədəniyyətinə və çoxdinli tolerant idarə sisteminə keçidinin başlanğıcı olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Uzaq və yaxın Lütfi Zadə” ekranlara çıxanda, düzü, təəccübləndim. Sənədli film şəkmək – məncə filmlərin ən ağırını, ən məşəqqətlisini dünyaya gətirməkdir. Burada sən reallıqdan, tarixi xronikadan, real görüntülərdən qopa bilmir, təxəyyülə meydan verə bilmirsən. Əslində, həm də monoton bir sahədir. Və bu konkretlik şərçivəsinə sığınıb da bu cür ustalıqla iş ortaya qoymaq, əlbət ki böyük ustalıq və peşəkarlıq tələb edir.

Görkəmli Azərbaycan əsilli Amerika aliminin həyatına və elmi fəaliyyətinə həsr olunmuş bu sənədli film 1998-ci ildə çəkilib (qısametrajlı sənədli film formatında) və TV üçün nəzərdə tutulub. Film Lütfi Zadə ilə bağlı müxtəlif müsahibələri, onun elmi irsini, xaricdəki fəaliyyətini, vətənə münasibətini əks etdirir. Məsələn, film çəkilişi zamanı alimlə ABŞ-da görüşlər olmuşdur. Az büdcə ilə buna nail olunması da bir hünərdir.

Film niyə önəmlidir? Film, dünya elminə böyük təsir göstərmiş bir azərbaycanlı alimin həyat və fəaliyyətini tanıtmaq baxımından əhəmiyyətlidir. Alimin həm “uzaq” (yəni ABŞ və beynəlxalq müstəvidə) həm də “yaxın” (xaricdə yaşayan soydaşlarımız, vətəni ilə əlaqələri) tərəfləri vurğulanır — buna görə də “Uzaq və yaxın” kimi metaforik başlıq seçilmişdir. Azərbaycan elmi və mədəniyyətində belə film-portretlərin çəkilməsi alimin xatirəsinin qorunması və gənc nəslə nümunə olması baxımından əhəmiyyətlidir.

Və bu işi ərsəyə gətirənlər sirasında bir ad da var: Sənan Sultanov!

Aktyor, prodüser, rejissor Sənan Sultanov 29 oktyabr 1978-ci ildə Bakıda dünyaya göz açıb. 4 saylı rus məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub. Bir çox sənədli filmlərin rejissorudur. Hal-hazırda Azərbaycan Televiziyasının film studiyasında rejissor kimi fəaliyyət göstərir.

Qısametrajlı sənədli-bioqrafik televiziya filmləri rejissoru Sənan Sultanov fəaliyyətlərinə görə 2012-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Uzaq və yaxın Lütfi Zadə

2. Rənglərdə yaşayan kino

3. Biz qayıdacağıq — rejissor asistenti

4. Cavid ömrü — rejissor asistenti

5. Kinolentdə imzası... Həbib İsmayılov (sənədli film) — AZ-Tv rejissor

6. Yaşadım ki, yaşadam. Yaşar Nuri

7. Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (sənədli film) — Az-TV rejissor

8. Muxtar Avşarov xatirələrdə...  Az-TV rejissor

9. Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (sənədli film) — Az-TV rejissor

10. Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (sənədli film) — Az-TV rejissor

11. Gülüş fenomeni. Sabit Rəhman (sənədli film) — Az-TV rejissor

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhərində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təşkil olunan “Zəfərin rəngi” adlı tədbirdə “44 Zəfər Plakatı” rəsm sərgisi açılıb. Tədbir Milli Məclisin deputatı Səbinə Salmanovanın təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutub.

 

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, deputatlar, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra tədbirin rəsmi hissəsi çərçivəsində “44 Zəfər Plakatı” adlı rəsm sərgisinin açılışı olub.

Mərasimdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününu Azərbaycan xalqının qürur və şərəf səhifəsi kimi dəyərləndirib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni torpaqlarımızdan qovaraq 30 illik həsrətə son qoydu. Bu Qələbə xalqımızın birliyinin, Vətən sevgisinin və əsgərlərimizin qəhrəmanlığının nəticəsidir. Biz şəhidlərimizin qanı ilə yazılmış bu tarixi Qələbəni heç vaxt unutmayacağıq”.

Milli Məclisin deputatı Səbinə Salmanova çıxışında təşkil olunan tədbiri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin bədii təcəssümü olaraq xarakterizə edib: “Zəfərin rəngi” sərgisi gənclərin Vətənə, şəhidlərə olan sevgisinin göstəricisidir. Biz bu əsərləri Sumqayıt məktəblərinə hədiyyə etməklə Zəfər tariximizi gələcək nəsillərə ötürmək istəyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk”.

Tədbirdə həmçinin şəhid ailələrinin üzvləri də çıxış edərək Vətən müharibəsində canlarını fəda etmiş oğullarının xatirəsinin belə tədbirlərlə anılmasının onlara böyük mənəvi dəstək olduğunu vurğulayıblar.

Tədbir zamanı iştirakçılar “44 Zəfər Plakatı” adlı rəsm sərgisinə baxış keçiriblər. Sərgidə nümayiş olunan əsərlərdə Vətən müharibəsindəki birlik, mübarizə ruhu və Qələbə sevinci bədii şəkildə ifadə olunub.

Bildirilib ki, sərgidə təqdim olunan bütün rəsmlər Sumqayıt şəhər məktəblərinə hədiyyə ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

Çərşənbə, 29 Oktyabr 2025 08:28

Teleradioda unudulmaz bir ad

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan teleradiosunda zaman-zaman ömürlərini xalqın maariflənməsinə, uşaqların tərbiyəsinə həsr edən bir çox xadimlər fəaliyyət göstəriblər, adları teleradio tarixinə daimi həkk edilibdir. Belə bir imza da var idi – Rafiq Savalan!

 

Rafiq Savalan (Ağayev Rafiq) 1940-cı il dekabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. İbtidai təhsilini Bakıda, orta təhsilini Neftçalada alıb. Eyni zamanda neft mədənlər idarəsinin elektrik quraşdırma sexində fəhlə işləyib. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Azərbaycan radiosu təbliğat və xəbərlər baş redaksiyasında müxbir kimi başlayıb. Kiçik redaktor, böyük redaktor, siyasi icmalçı, radionun uşaqlar üçün proqram baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.

Teleşirkətdə "Səhər" proqramının baş redaktor müavini vəzifəsində işləyib. Hər bazar günü uşaqların maraqla dinlədikləri "Biləyən" radio verilişinin yaradıcısı, müəlliflərindən biri və redaktoru olub. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. Onun hekayələri, felyetonları, publisist yazıları və tərcümələri dövri mətbuatda müntəzəm çap olunub, efirdə səslənib. Son illər televiziya və dövri mətbuatda islam tərbiyəsi mövzusunda çıxışlar edib, "İmam Əli" və "İmam Rza filmlərinin dublyajına rəhbərlik edib.

 

Əsərləri

1. Nigarın nağılları

2. Ağ qızılın nağılı

 

Tərcümələri

1. L. N. Tolstoy. Əsərləri. XII c.

2. L. N. Tolstoy. Əsərləri. XVI c.

3. V. V. Ovçinnikov. Palıd kökləri

4. M. M. Zoşşenko. Lenin haqqında hekayələr.

5. F. Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası

 

Filmoqrafiya

1. Dağlı çörəyi

2. Bakı milyonçuları. Ağa Musa Nağıyev

 

Rafiq Savalan 29 oktyabr 2023-cü ildə vəfat edib. Bu gün anım günüdür.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(29.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.