Super User
Yazı — Sözün çölüdürmü?
Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün
“Yazı” deyəndə biz indi adətən ağ vərəqi, qaradaş (qələm) izini və ya yazılmış düşüncə anlayırıq. Amma bu söz əski türkün dünyasında tam başqa anlam daşıyırdı...
Öz türkcədə “yazı” – sadəcə yazılmış söz deyildi. Bu söz “çöl”, “düz”, “bozqır”, “sərilmiş genişlik” anlamlarında işlənirdi.
Yəni yazı – açıq yer, sərhədsiz dünya, insanın özünü anlada bildiyi, içindəkiləri hayqıra bildiyi oylaq, genişlik idi.
Toponimlərdə bu hələ də yaşayır: məsələn “Qarayazı” – “böyük çöl” deməkdir.
“Qara” – ulu, əzəmətli, güclü;
“Yazı” isə – özgür, sınırsız torpaq.
Yazı – eyni anda “sözün çöldə saldığı iz”dir. Yazmaq – Özgürlük, tinin (ruhun) fırtınasından doğan bir iz salmaqdır sanki. Çünki çöl nə qədər boş görünürsə, yazı da o qədər boş görünə bilər. Amma diqqətlə baxanda – izlər görünür.
Yazıçının işi də bu deyilmi?
O da çıxır çölə – sözlərin çölünə.
Düşüncələr əkir, onları toplumun içinə səpələyir, tümçələrlə torpaq sürür, sözün günəşi altında düşüncələri qurudur, bəzən də içsəl tufanlarını səssiz-səmirsiz çöldə dinclik tapır.
Öz türklər çölə çıxmağı davranış kimi yox, duyğusal sınır (sərhəd ) keçidi kimi görürdülər.
Yazmaq da budur: öz içindən çıxmaq.
Çöldə iz salmaq.
İndi belə bir sorğu doğur:
Əgər yazı çöldürsə…
Yazıçı da Çölçüdürmü?
Bəlkə də elədir.
Məncə, yazıçı:
özünü gurlaşdıra bilən,
içini çölə çevirən adamdır,
düşüncəsini, özünü çöldə açan,
qaranlıqda gözlə yox, duyğu ilə yazan,
keçilməmiş yollarla danışan adamdır.
Bu baxımdan yazıçı – dəyər yaradıcısıdır.
O iz buraxandır.
Çölə çıxan, geri qayıtmayan, gələcəyə, yaşama və toplumun ağlına səssiz izlər salan bir Çölçüdür.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedir
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Onlar gün üzünə yox, azadlığa həsrətdirlər. Bəlkə də heç zaman, heç nə üçün gün saymayan bu insanlar indi dəmir barmaqlıqlar ardında günləri, həftələri və illəri sayırlar. Bəzən də, bu sayım heç bitmiyəcək qədər uzun olur... Ömürlük!
Hər səhər zindan kimi dəmir qapıların cırıltısı, ağ divarların öz-özünə rəsm yaratdığı sonsuz tablo, ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkanda insan bəzən öz kölgəsini belə görə bilmir. Cəzaçəkmə müəssisələri həyatın dayandığı, xəyalların hər gün beyni qurcaladığı yerdir. Bəzən həyat burda nə cəzanın bitməsi, nə də azadlığa çıxışdır. Həyat sadəcə anı yaşamaqdır.
Cəzaçəkmə müəssisələrində nəfəs alanların əksəriyyəti vaxtlarının bitməsini gözlədiyi halda, bəziləri bunu vərdişə çevirərək monotonluğun içində itib-batırlar. Bura məhkumların dünyasıdır. Günlər bir-birinə bənzəyir. Saatlar Nuh əyyamından qalmış kimi paslanıb. Onlar üçün hər yeni gün təqvimdəki həmin tarixə xətt çəkməklə keçir. Günlər hardasa aşağı-yuxarı eyni keçir. Nə fəsillərin rəngi, nə də ömrün çağları burada hiss olunur. Burada yalnız insanların daxili sükutu hiss olunur.
Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş və yenidən özünü tapmaqdır. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizə. Onlar burada nə qədər yaxşı olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət pıçıldayır. Bu həqiqətin adı “vicdan əzabı”dır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün açıqdır.
Bəlkə də onların içində minbir peşmançılıq var. Hərəsi öz içindən qışqırır: “Biz səhvlərin kölgəsində böyüyən, peşmançılığın içində cılızlaşan adamlarıq. Kimimiz bilməyərəkdən, kimimiz isə bilə-bilə bu dəmir barmaqlıqlar arxasındayıq. Biz burada təkcə cəza çəkmirik, həm də cəzanın nə olduğunu anlayırıq. Bəzən bir məktub, bir uşaq şəkli, bir dua, bir göz yaşı bizi dəyişir. Bəzən isə heç nə dəyişmir.”
Gün işığı burada pəncərəyə toxunmur. Pəncərə isə azadlığın nə olduğunu çoxdan unudub. Qapılar bağlanır. Dəmirin dəmirə dəyən səsi eşidilir. Bu səslərin arasında isə gecələr yatmayan adamların hıçqırtılı duaları var. Kimsə illər əvvəl öpdüyü uşağın şəklini çıxarıb qoynuna sıxaraq yuxuya gedir!
Cəza sadəcə azadlıqdan məhrum olmaq deyil. Cəza sənin səsini heç kimin eşitməməsidir. Sənin peşmanlığını heç kimin görməməsidir. Azadlıqlarına qıyanlar, sevdiklərini yalnız xatirələrindəki üzlərindən tanıyırlar.
Bəzən bir anlıq əsəb, stres və hiddətlə verilmiş qərar həyatımızı dəmir barmaqlıqlar arxasına sürükləyir. Biz içəridə də dustaq olduğunuz halda, bütün ailə üzvlərimiz bizimlə bərbar dustaqlaşır. Özümüzə vurduğumuz zərbəni dolayısı ilə canlı mərmi kimi onlara tuşlayırıq.
Gəlin sevdiklərimizə sarılaq ürəklə, övladlarımızın əlindən tutaq sevə-sevə. Ayaqlarımızın, əllərimizin və gözlərimizin qədrini bilək. Onları başımıza gələcək bütün pis hadisələrdən sığortalayaq. Daima ətrafımızda bir nəfər olsun... Bizi bir baxışla, bir sözlə dayandıracaq biri. Unutmayaq: Azadlıq sahib olmaq yox, qoruya bilməkdir.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Buraxmayıb əllərini əlimdən… - QASIM QASIMZADƏNİN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sahil sakit, çəkilibdir ayaqlar,
Coşan dalğa qayaları qucaqlar…
Deyəndə ki, gəl qayıqla üzək, yar,
Çatıb qara qaşlarını nədən sən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Ay ucalır, gecə olur tən yarı,
Əynin nazik, əsir dəniz rüzgarı…
Üşüyürsən, bir yaxına gəl barı,
Qəzəblənib alovdan don geyirsən,
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Sübh şəfəqi boyayanda aləmi,
Töküləndə çiçəklərin şəbnəmi…
Deyəndə ki, çatdı ayrılıq dəmi,
Buraxmayıb əllərini əlimdən
“Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?
Görkəmli xanəndə Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözləridir, bu mahnının dinləməyən inanmıram ki olsun. Bəs bu gözəl sözlərin müəllifi kimdir? Azərbaycan Yazıçılar İttifaqının üzvü, dövrünün tanınmış şairi Qasım Qasımzadə! Bu gün onu mütləq anmalıyıq, çünki, bu gün onun dünyaya gəlişi günüdür.
Qasım Qasımzadə 23 iyun 1923-cü il tarixində Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləyib. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlayıb. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir. İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilib.
Kitabları
1. Bizim kənd
2. Bizim şəhər
3. Bizim dağlar
4. Azərbaycan ədəbiyyatında xalqlar dostluğu
5. Ürək döyüntüləri
6. Son görüş
7. Süleyman Rəhimov
8. Kiçik dayə
9. Nəğməli ürəklər
10. Bənövşə yarpağı
11. İsmət
12. Aşıq gördüyünü çağırar
13. Getdim, gördüm, düşündüm
14. Dağlar buraxmır məni.
15. Keçmə namərd körpüsündən
16. Daşdan keçən söz
17. Ədəbiyyatımız, mənəviyyatımız
Tərcümələri
- M. Tursunzadə. Hindistan balladası
- M. Mirşəkər. Qızıl qışlaq
- İ. Noneşvili. Qonaq gəlin Gürcüstana
- M. Tursunzadə. Asiyanın səsi
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.
Və onu da mütləq xatırladaq ki, hazırda oğlu, gözəl ziyalımız, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə ədəbiyyata xidmətdə ata yolunu şərəflə davam etdirir.
Qasım Qasımzadə 1993-cü ilin 28 iyulunda vəfat edib. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Bülbülün 128 illiyinə həsr olunmuş tədbir keçirilib
Bülbülün Memorial Muzeyində Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və Şövkət Ələkbərova adına 20 nömrəli 11illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor, ictimai xadim Bülbülün anadan olmasının 128 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Bülbüllə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq Bülbülün həyat və yaradıcılığından, Ümummilli Lider Heydər Əliyevin Bülbül yaradıcılığına göstərdiyi diqqət və qayğıdan, muzeyin yaranma tarixindən bəhs edib.
Tədbirdə həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı, şair - publisist Güləmail Murad çıxış ediblər.
Bülbülün xatirəsinə həsr olunmuş tədbirdə Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romansı, "Muğamsayağı", Fikrət Əmirovun "Yaz nəğməsi", "Məktəblilər nəğməsi ", Tofiq Quliyevin "Coş dənizim" mahnısı, Həsən Rzayevin "Çahargah rapsodiyası" və digər əsərlər səsləndirilib.
Sonda Bülbülün ifasında Qliyerin "Şahsənəm" operasından Aşıq Qəribin ariyası təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
“YARAT – Daxilindəki sənətkarı oyat!” devizi altında yaradıcı master-klass təşkil olunub
19 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “OXU, YARAT, QAZAN!” Yay Festivalı çərçivəsində yaradıcı master-klass baş tutub. “YARAT – Daxilindəki sənətkarı oyat!” devizi ilə təşkil olunan master-klassda uşaqların estetik dünyagörüşünü genişləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə müxtəlif əl işləri hazırlanıb.
Master-klassda uşaqlar müxtəlif nağıl və hekayə kitablarından ilhamlanaraq fərqli əl işləri hazırlayıblar. Əsas diqqət uşaqların təxəyyül gücünün stimullaşdırılmasına yönəldilib. Onlar gildən müxtəlif fiqurlar düzəldib və bu fiqurları öz zövqlərinə uyğun rəngləyiblər. Bu proses zamanı uşaqlara kitabxananın əməkdaşları tərəfindən həm nəzəri, həm də praktik dəstək göstərilib. Kitabxanaçılar uşaqlara fiqurların hazırlanma texnikası və boyalanma qaydaları barədə ətraflı məlumat verərək, yaradıcı prosesin hər mərhələsində onlara bələdçilik ediblər.
Uşaqlar tərəfindən böyük maraq və həvəslə qarşılanan master-klass onların yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, eyni zamanda estetik zövqlərinin formalaşmasına və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan bu cür maarifləndirici və yaradıcı tədbirlər uşaqların intellektual və emosional inkişafına xidmət edir. Festival çərçivəsində analoji tədbirlərin keçirilməsi davam etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
Azərbaycanın ilk qadın rejissorlarından biri - Gülcahan Güləhmədova
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Güləhmədovanı bu gün əbəs xatırlamadıq. Bu gün onun doğum günüdür. Və özü də, elə-belə, adi ildönümü deyil, tam 100 illiyidir. Gün ərzində izləyəcəyəm, görüm mədəniyyətimiz naminə bu qədər fədakarlılar göstərmiş bu xanımı bu gün hansı səviyyədə yad edəcəklər.
Gülcahan Güləhmədova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olub. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Onun müəlllimi Mehdi Məmmədov olub. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlayıb.
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurub. Adətən mental olaraq azərbaycanlı xanımın başqa millətdən olanla ailə həyatı qurması qəbul edilmir, bu səbəbdən də Gülcahan xanım müəyyən problemlər yaşayıb.
1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu edib.
1982-ci ildə rejissor teatrdan uzaqlaşıb və həmin ildən Opera Studiyasında çalışmağa başlayıb. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışıb. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.
Filmoqrafiya
Sən həmişə mənimləsən
Mükafatları
1. "Əməkdə fərqlənməyə görə" medalı
2. "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. "Azərbaycan SSR Xalq artisti" fəxri adı
5. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Gülcahan Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat edib. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
B.Vahabzadənin 100 illiyinə həsr edilmiş ədəbi-bədii gecə
Bölgə
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Oğuz rayon Uşaq Musiqi məktəbinin və Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sənin haqqındır azadlıq " adlı ədəbi-bədii tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, B.Vahanzadənin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının qüdrətli söz ustalarındandır. Onun əsərləri Azərbaycanda olduğu kimi qardaş türk respublikalarında da oxunur, sevilir.
Bədii hissədə Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirlər səsləndirilib. Eyni zamanda Şəki şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivinin bir-birindən maraqlı rəqsləri tədbirə rəng qatıb.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
TƏLƏBƏ YARADICILIĞI - “Bir Bayraq və minlərlə can” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalını Tələbə yaradıcılığı rubrikasında bu gün Ağdam Sosial-iqtisad Kollecinin tələbəsi Ayşən Cəfərlinin “Bir Bayraq və minlərlə can” hekayəsini təqdim edir.
Ən öndə Qəhrəman, solundaysa Qurbanov var idi. Arxalarınca digər əsgərlər gəlirdi. Gecə düşmüş, havaysa get-gedə daha da soyumuşdu. Qəhrəmanın içindəki o hiss böyüyürdü. İnsan öləcəyi günü hiss edərmiş. Qəhrəman da şəhadət şərbətini içəcəyi o anı gözləyirdi. Bu, bəlkə də onun dostlarıyla çiyin-çiyinə vuruşduğu son əməliyyat olacaqdı. Nəzrinin səsini eşitdiyi son günlər... Bir daha nə ailəsini, nə də dostlarını görə biləcəkdi.
Olsun.
Vətən sağ olsun!
Qəhrəman.
Uğrunda canından keçən varsa, bu vətən — vətəndir. Qəhrəman bu vətən uğrunda canından keçməyə hazır idi. Təki vətən sağ olsun!
Himnimizdə də deyildiyi kimi:
“Sən olasan gülüstan,
Sənə hər an can qurban”
O an gecənin qaranlığını aydınladan bir parıltı göründü səmada. Eyni anlarda əsgərlərinin səsini eşitdi Qəhrəman:
“Bomba! Əyilin!”
Çox qısa müddətdə cavab atəşi ilə düşmən susturulsa da, Qəhrəmanın üç yaralı əsgəri vardı. Buna baxmayaraq, “Davam edirik” dedi. İndi dayana bilməzdilər. Geriyə çəkilən düşmən əsgəri mütləq geri dönəcəkdi. Ona görə dayanmamalı, irəliləməliydilər. Bu torpaqlara gələnə qədər verdikləri canları düşündü. İntiqam atəşi ilə od tutub yanarkən yola davam etdilər. Qarşılarına çıxan hər kəsi bir-bir məhv etdilər. Kimsə onları dayandıra bilmirdi. Bir torpaq daha azad edildi düşmən əsarətindən. Məlumatlar verildi.
Əsgərlər yeni qələbənin sevincini yaşarkən, Qəhrəmanın gözləri qarşıda, bu küləkli yerdə dalğalana bilməyən düşmən bayrağına sataşdı. Onun baxışlarını bir neçə saniyə sonra görən əsgər Həmidov qaçaraq yanına gəldi. Çantasından çıxardığı üçrəngli bayrağı öpüb gözlərinin üstünə qoydu. Daha sonra komandirinə uzatdı. Qəhrəman ona başı ilə təşəkkür edib bayrağı aldı. Öpdü və gözlərinin üstünə qoydu. Daha sonra uzun dirəyin yanına irəlilədi. İlk düşmən bayrağını yerə endirdi, çəkməsinin altında gözəlcə əzdi. Daha sonra böyük bir qürurla üçrəngli bayrağı asdı. İpi hər çəkdikcə bayraq bir az da yüksəlir, əsən küləkdə dalğalanırdı. Nəhayət, yerini tapan bayraq ən yüksək zirvədə dalğalandı. Bütün əsgərlər və Qəhrəman bayrağın qarşısında durdu. Kimsədən səs çıxmadı, amma o an hər bir əsgər dalğalanan üçrəngli bayrağa baxaraq bu torpaqların azadlığı uğrunda can verən bütün oğulların ruhları qarşısında baş əydi.
“Komandir, indi neyləyək?” — Qəhrəmanın baxışları əsgərinə çevrildi.
“Dəstək gəldikdən sonra burdan ayrılırıq” — dedi o.
Kənarda yaralananlara ilkin tibbi yardım göstərilirdi. Hərbi həkim Cəfər Məmmədov onların yaralarına baxırdı.
“Evə qayıdırıq, uşaqlar” — gülümsəmədi Qəhrəman. O hiss hələ də canlı idi.
Sanki o an, ürəyinə dammışcasına bir səs eşidildi. Az öncə asdığı bayraq yerə düşürdü. Atəş səsləri ətrafa yayılarkən, Qəhrəman ondan bir neçə addım uzaqda olan və sürətlə yerə düşən bayraqdan başqa heç nəyə baxmırdı. Qaçdı. Bayrağa tərəf qaçarkən əsgərlərinin səsini eşidir, lakin nə dediklərini anlamırdı.
Bayraq — vətən deməkdi. Bayraq — şəhid deməkdi. O bayraq uğrunda nə canlar verilmişdi. O bayraq yerə əsla düşməməli idi.
“Komandir!”
Qəhrəman bayraq yerə düşmədən ipi tutdu. Düşmək üzrə olan bayrağı yenidən qaldırdı. Bu üçrəngli bayrağın yeri hər zaman mavi səma idi. O an Qəhrəmanın sol çiynində böyük bir ağrı yarandı.
“Komandiri qoruyun!”
Bayrağın ipini bərkitdikdən sonra təhlükəsiz bir yerə keçmək üçün irəlilədi, amma o an bir mərmi daha bədənini hədəf aldı. Dizləri üzərinə, bayrağın yanında yerə çökərkən “Sonunda...” — deyə fısıldamışdı. Gözləri mavi səmada dalğalanan üçrəngli bayrağa çevrildi.
“Hər şey vətən üçün” — dedi.
“Hər şey vətən üçün” — bir mərmi daha bədənini hədəf aldı. Artıq saymırdı, çünki sayısız mərmi onu hədəf alırdı — sırf bayrağı yenidən dalğalandırdığı üçün.
“Yaşasın Azad Azərbaycan!”
Gözləri qaralarkən şəhadət gətirdi.
O an, kinolardakı kimi həyatı gözlərinin önünə gəlmədi. Tək bir şey gördü — qaranlıq bir yerdəydi. Çox az bir işıq vardı. O da bir nəfərin üzərinə düşür, onu aydınladırdı. Arxası Qəhrəmana çevrilmiş olan bu adam hərbi formadaydı. Uzun boylu, enli kürəkli, olduqca heybətli görünürdü.
“Siz kimsiniz? Mən hardayam?” — deyə soruşdu Qəhrəman. Amma cavab ala bilmədi.
Sonra üzünü ona çevirdi. Qəhrəman bu adamı tanımırdı. Lakin ömrü boyu bu gözləri unutmazdı.
“Ömər...” — gülümsədi əsgər.
“Səninlə fəxr edirəm, ata” — dedi oğlu Ömər.
Onun balaca oğlu böyümüş, əsgər olmuşdu.
“Anam mənə əmanət, gözün arxada qalmasın.”
Sonra...
Sonrası — dərin bir qaranlıq.
Qəhrəman şəhadət şərbətini içərkən, ölmədən öncə gördüyü son üz — balaca oğlu Ömərin üzü idi.
Bir bayraq uğrunda canından keçənlər vardı o gün...
Həmin günün səhəri bütün xəbər kanallarında Zəfərin çalındığı elan olundu. Bütün xalq küçələrə dağılmışdı. Əllərində bayraqlar, uşaq-yaşlı demədən hər kəs Zəfəri qeyd edirdi. Qaçqınlar evlərinə geri dönür, vətən həsrətiylə yanan xalq göz yaşlarına boğulurdu. Və bəziləri...
Bəziləri yol gözləyirdi.
Bir bacı, qardaşının yolunu gözləyirdi.
Bir ana, oğlunu gözləyirdi.
Bir qadın, yoldaşından gələcək hər hansı bir məlumat üçün saniyələri sayırdı.
Bir uşaq, atasının işdən gəlməsini gözləyirdi.
Atası işə getmişdi.
İşdəydi və gələcəkdi.
Gələndə ona ən çox istədiyi o oyuncaq maşını alacaqdı. Söz vermişdi.
Atalar sözlərini hər zaman tutardı.
O uşağın atası heç vaxt işdən geri dönmədi...
Amma onun atası sayəsində neçə-neçə uşaq atasız-anasız qalmaqdan xilas olmuşdu.
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
İyul ayında vəfatının beş ili tamam olur...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu dünyada elə kişilər olub ki, onlar öz ləyaqəti, cəsurluğu və mərdliyi ilə əsl kişilik məktəbi yaradıblar. Bu məktəbin tarixini səhifələdikcə, onların necə əzəmətli insan olduqlarına heyran olursan və onlarla eyni xalqdan olduğuna görə, qürur hissi keçirirsən. Akademik Musa Mirzə oğlu Əliyev belə kişilərdən biri olub.
O, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü idi. Hətta 1950-1958-ci illərdə bu qurumun prezidenti vəzifəsində də çalışıb. O vaxt Azərbaycana rəhbərlik edən Mir Cəfər Bağırov bir gün akademikə telefon açaraq tapşırır ki, Səməd Vurğunla Mirzə İbrahimovu AMEA-dan uzaqlaşdırsın, sürgün olunacaqlar. O isə həyatını təhlükəyə ataraq bunu etməyib. Bu barədə növbəti söhbətlərimin birində geniş danışaram. Və daha yaxşısı, siz yazıçı Varisin Moskvada “Klassiklər və müasirlər” vintaj seriyasından çıxmış “Gecə reysinə bilet” romanını oxuyub bütün bu mətləblərdən xəbər tutasınız. İndi isə, mərhum akademikin yadigarı- beş il bundan öncə haqq dünyasına qovuşan AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuş Rəna Paşayevadan danışmaq istəyirəm...
Sakit təbiətli, təvazökar, kübar xanım idi. Əsilzadələrə xas olan davranışı, yüksək mədəniyyəti ilə onu əhatə edən insanların arasında böyük hörmət qazanmışdı. Diqqət mərkəzində olmağı, özünü daha geniş kütləyə tanıtdırmağı xoşlamırdı. Həm bir ana, həm bir xanım kimi bənzərsiz idi. Mülayim rəftarı, mehribanlığı ilə seçilirdi...
Deyirdi ki:- “Qırxıncı illərin əvvəlində atamı Moskvaya, SSRİ Xalq Neft Komissarlığının Elm İdarəsinə rəhbərlik etməyə göndərdilər. Almanlar Moskvaya yaxınlaşırdı. Atam sözün hərfi mənasında bomba sədaları altında Moskvanın neft üzrə ali məktəblərini Qroznıya və Ufaya köçürürdü ki, kadr hazırlığı pozulmasın. Moskvada atamı paytaxtda saxlamağa qərara almışdılar, lakin Bağırov Musa Əliyevin qayıtmasını tələb edirdi. Əslində, atamı güclə Bakıya qaytardılar və sonra...”
Əməkdar jurnalist Nadejda İsmayılova onun haqqında yazır: “Rəna Paşayevanı güldürmək çox çətin idi. Bir dəfə ondan müsahibə götürəndə- Rəna xanım, fikirləşirəm, sizə hansı sualı verim ki, üzünüz gülsün- deyə sual verdim.Görünür, bu sualım çox gözlənilməz olmuşdu. Rəna xanım gülümsədi: “Ümumiyyətlə, mən nadir hallarda gülürəm”- deyə cavab verdi. Mən də- “Nə üçün?” -söylədim. “Bilmirəm, uşaqlıqdan qüssəli xarakterim olub. Yəqin ki, çox tez yaşlaşmışam”- deyə bildirdi. Əlbəttə, burada zaman və genlər öz təsirini göstərmişdi. Babaları və ulu babaları arasında siyasətçilər, diplomatlar, maliyyəçilər, din və maarif xadimləri olub. Onlardan ən məşhuru- babasının qardaşı Məmmədtağı Əlizadə çar hökumətinin naziri, Rusiyanın Almaniyadakı elçisi, 1-ci Dövlət Dumasının deputatı, “Hümmət” Partiyasının əsasını qoyanlardan biri, “Əkinçi” qəzetinin fəal yazarı olub. 1918-ci il Şamaxı hadisələri zamanı daşnaklar tərəfindən diri-diri yandırılıb. Ailəsi xilas olmaq üçün qaçmağa məcbur olub.”
Rəna xanım uşaq ikən valideynlərinin yataq otağında hökumət telefonu olub. Bu telefonla yalnız Bağırov onlara zəng edirdi. Nadir hallarda olsa da, həmin aparatın zəngi səslənəndə uşaqlar çox qorxurmuşlar və pıçıltı ilə danışırmışlar...
“İndi də bir mühüm məsələdən söhbət düşəndə pıçıltı ilə danışıram. Mənə deyirlər: “Sən yenə səsini azaldırsan?” Mən isə cavab verirəm ki, yəqin, elə belə də həyatdan köçəcəyəm. İndi keçmiş dövr barədə nostalgiya ilə danışanları görəndə təəccüblənirəm. Axı o dövrdə nə var idi? Növbələr, heç nə tapılmırdı, darısqal mənzillər, bir yerə getmək mümkün deyildi. Qorxu... Yox. Bu gün keçmişdən daha yaxşıdır.”- söyləyirdi.
Evləri həmişə qonaq-qaralı idi. Azərbaycan elminin əsasını qoyanların, demək olar ki, hamısı o evdə olurdu, xüsusən atsı Elmlər Akademiyasının prezidenti olan dövrdə belə görüşlər tez-tez olurdu. Səməd Vurğun, Mirəli Qaşqay, Əşrəf Əlizadə, Süleyman Vəzirov, Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Şəfaət Mehdiyev, Baba Babazadə kimi görkəmli şəxsiyyətlər onlara qonaq gəlirdi. Sadə çay süfrəsi, səmimi münasibətlər və intellektual diskussiyaları dinləyib çox sevinirdi. Şərqşünaslıq ixtisasını isə özü seçib...
Deyirdi ki:- “O vaxt şərqşünaslığa çoxları can atırdı, çünki bu fakültə xaricə getməyə, Şərq ölkələrində işləməyə imkan verirdi. Amma mən hələ məktəb illərindən Yaxın Şərq ədəbiyyatını öyrənməyi arzu edirdim. 1968-ci ildə Livan ədəbiyyatına aid dissertasiya müdafiə etdim, 12 il Moskva Şərqşünaslıq İnstitutunda işlədim, Sudanda təcrübə keçdim, Əlcəzairdə oldum. Sonra Bakıya qayıtdım, uzun illər Şərqşünaslıq İnstitutunda, daha sonra 14 il Vaşinqtonda çalışdım.Mənim həyat yoldaşım Hafiz Paşayev ABŞ-da müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri olub. Onun səlahiyyətləri dairəsinə ABŞ-dan əlavə digər dövlətlər- Kanada, Meksika, Kuba, Latın Amerikası ölkələri də daxil idi. O vaxt Hafiz peşəkar diplomat deyildi. O, fizika-riyaziyyat elmləri doktorudur, buna görə də elm adamlarının qapılarını döyməyə başladı. Ölkəni gəzir, Kolumbiya, Harvard, Berkli universitetlərində çıxışlar edirdi. Mən səfir xanımları ilə görüşür, onların vasitəsilə ərəb dünyası ilə əlaqə yaradırdım...”
Telejurnalist Nadejda İsmayılova daha sonra yazır:- “Rəna xanım Hafiz Paşayevin ABŞ prezidentləri Buş və Klinton ilə mühüm tanışlıq görüşlərində iştirak edirdi, belə görüşlərdən yaranan ilk təəssüratın böyük əhəmiyyət kəsb etməsi isə diplomatik dairələrdə yaxşı məlumdur. Rəna xanıma xas olan kübarlıq, ağıl, davranış maneraları uzun müddət onların yadında qalırdı! Ərəb ölkələrinin səfirləri ilə Hafiz Paşayevin diskussiyalarında Rəna xanımın iştirakının əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir- filologiya elmləri doktoru, şərqşünas, ərəbşünas qadının ərəb dünyasına aid bilikləri diplomatları yaxşı mənada heyrətləndirirdi. Beləcə, onlar addım-addım vəziyyəti dəyişirdilər. Böyük səbir tələb olunurdu. Onlar heç nəyi nəzərdən qaçırmırdılar. Bəzən ən gözlənilməz tərəfdən uğur qazanmaq olardı, bu hətta kuryoz təsir bağışlayırdı...”
Varisin sözügedən kitabından Rəna xanımla Hafiz Paşayevin tanışlıqları tarixçəsini də oxuya bilirik. Müharibədən sonra SSRİ rəhbəri Stalin alimlərin bu müharibəyə verdikləri misilsiz töhfələri nəzərə alaraq onlar üçün yaşadıqları şəhərlərin ən gözəgəlimli yerlərində bina tikilməsi tapşırığı verir. Bakıda həmin bina dənizə möhtəşəm panoramı ilə indiki Funiklyorun, Bəhram Gurun abidəsinin yanında tikilir. Musa Əliyevin də, görkəmli yazıçı Mir Cəlalın da ailələrinə həmin binadan mənzil verilir. Musa Əliyevin qızı Rəna ilə Mir Cəlalın oğlu Hafiz eyni sinfə gedəsi olurlar, dostluq edirlər. Sonradan bu dostluq sevgiyə çevrilir. Məktəbi bitirəndən sonra Rəna xanımın ailəsi ilə bərabər Moskvaya köçməsi gənc Hafiz Paşayevin də məhz Moskvaya gedib, aspiranturaya orada daxil olmasına səbəb olur. Və bu sevgi sonda evliliklə nəticələnir. Bax beləcə, onlar yarım əsrdən çox birlikdə yaşayırlar. 2020-ci ildə isə Rəna xanım haqq dünyasına qovuşur...
“Hafizlə dostluğum çox möhkəmdir. Çox zərbələrə birlikdə sinə gərmişik. Var qüvvəmizlə bir-birimizi dəstəkləmişik.”- söyləyirdi...
Bəli, gələn ay Rəna xanımın vəfatının beş illiyidir. Beş ildir ki, aramızda yoxdur. Onu ehtiramla yad edir, ruhuna Allahdan rəhmət diləyirik...
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)
ƏDƏBİYYATÇILAR AİLƏSİNİN NÜMAYƏNDƏSİ - Bu gün Məsud Əlioğlunun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, xalq yazıçısı Əli Vəliyevin oğludur, Xalq yazıçı Afaq Məsudun da atasıdır. Əsl ədəbiyyatçılar ailəsinin görkəmli bir nümayəndəsi, Azərbaycan ədəbiyyatına bir çox töhfələr vermis yazar və alimdir.
Söhbət Məsud Əlioğlundan gedir.
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb.
27 yaşında "Nəsrimizdə vətəndaş müharibəsi mövzusu" adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında "Azərbaycan sovet nəsrinin inkişaf yolları" mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
1950–1960-cı illərdə Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri olmuş, həm də görkəmli bir ədəbiyyatşünas kimi də şöhrət qazanmışdır. 1960-cı illərin əvvəllərinə kimi o, yalnız Məsud Vəliyev kimi tanınıb, sonra Məsud Əlioğlu kimi də imzasını məşhurlaşdırıb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M. F. Axundov, N. Vəzirov, S. S. Axundov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, M. Ə. Sabir, M. Hadi, H. Cavid, Y. V. Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental "Hüseyn Cavid" monoqrafiyasının müəllifidir.
Kitabları
1. C. Məmmədquluzadənin dramaturgiyası
2. Məfkurə dostları
3. Rəsul Rza
4. Ədəbiyyatda yeni insan
5. Məslək qardaşları
6. Tənqidçinin düşüncələri
7. H. Cavidin romantizmi
8. Darıxan adamlar
9. Məhəbbət və qəhrəmanlıq
10. Amal və sənət
Məsud Əlioğlu cəmi 44 il ömür sürərək, 1973-cü ilin 23 iyun ayında Bakı şəhərində vəfat edib.
25 sentyabr 2018-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron Akt zalında Məsud Əlioğlunun 90 illik yubileynə həsr edilmiş elmi sessiya keçirilib. İnşallah, 100 illiyi də yüksək səviyyədə qeyd edilər!
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.06.2025)


