Super User

Super User

Çərşənbə, 25 İyun 2025 09:01

Həm bədəni, həm də ruhu sağaldan AFAQ ŞIXLI

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Gözəl, lirik şeirlər, mükəmməl tərcümələr, sonsuz vətən sevgisi və xoş əməllər – bu xanımı səciyyələndirən ən əsas xüsusiyyətlərdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyada yaşayan həmyerlilərimiz arasında ədəbiyyat sferasında ən çox parlayan bir sima olan, Moskvada yaşayıb-yaradan   Afaq Şıxlının bu gün doğum günüdür.

 

Bir axşam otağına sehrli bir güc gələ,
Qayıdasan keçmişə -
otuz bir il əvvələ...

Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən günün ziyası...

Ömrün dar köynəyindən
otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların
yenə belinə düşə...

Haradasa kimsə də
həsrətindən sarala,
Qəlbin təlatümündən gözlər yuxusuz qala...

Şirin ola sevgidən çəkdiyin çilə belə,
Könlün zərif gül kimi bir də açıla bilə...

Məhəbbətli ürəyin, kədərsiz başın ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!

Bu incə, lirik, qəlbtitrədən poetik kəlmələrin müəllifi olan Afaq Şıxlı 25 iyun 1969-cu ildə Azərbaycan SSR-in Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndinin məşhur Şıxlinskilər soyundandır.

Bir zamanlar Çar Rusiyasında artilleriya Allahı adlandırılaraq rusları təəccübləndirən Əliağa Şıxlınski nəslinin növbəti nümayəndəsi də indi onları söün sehriylə, gücüylə təəccübləndirir.

 

Afaq xanım 1984-cü ildə - 15 yaşında ikən 12 saylı orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci müalicə-profilaktika fakültəsinə daxil olub. 1990-cı ildə 2-ci müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirərək, 2000-ci ilədək 15 saylı TSH-nin 5-ci şöbəsində həkim-terapevt işləyib.

Hazırda, qeyd etdiyim kimi, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının, Avrasiya Yazarlar və Rusiya Yazarlar Birliyinin, Rusiya Poeziya Akademiyasının, 2013-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib və 2015-ci ilin yanvar ayında AYB Moskva bölməsinin məsul katibi vəzifəsinə təyin olunub. Ədəbiyyatdan əlavə təbabət, musiqi və rəssamlıqla məşğul olur. O, görkəmli alim Arif Şıxlinskinin qızı, böyük yazıçı İsmayıl Şıxlının qohumudur.

 

Orta məktəbdə oxuyarkən məktəb Gənc şairlər dərnəyinin rəhbəri olub. Şeirləri divar qəzetlərində və bir neçə dəfə "Göyərçin" jurnalında dərc olunub. Son on ildə şeirləri və hekayələri respublika mətbuatında (çox sayda qəzet və jurnallarda), eləcə də, bir çox internet saytlarda dərc edilib. 1000-dən artıq şeir, hekayə və publisistik yazıların müəllifidir. 11 şeir və hekayə toplusunun müəllifidir.

 

Türk və Rus dillərindən bədii tərcümələri qəzet və jurnallarda, öz şeirləri rus, türk və fransız dillərinə tərcümə olunaraq, bu ölkələrin qəzet, jurnal və saytlarında dərc olunub.

 

Kitabları

 

- Qəlbimin dedikləri

- Sevərsənmi

- Yeddidən biri

- Məndən uzaqda

- Səni düşünürəm

- Ömrümün beşinci fəsli

- Dostlarım, bana da bahar gönderin

 və s. 

Afaq xanımı səmimi qəlbdən doğum günü münasibətilə təbrik edirik. Həkim insanın bədənini, şair ruhunu sağaldır. Nə xoş Afaq xanıma ki, həm həkimdir, həm də şair.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Bir şair daha susdu… Bir qələm yıxıldı… bir dəftər yarımçıq qaldı… Şair-alimin 77 yaşı olsa da, elə bir ömür də yarımçıq qaldı, ömür də… – Xalq yazıçısı ANARın sözüylə desək, şairlər nə zaman ölsə vaxtsız ölüm, cavan ölüm sayılır… Fəxr ediləsi Ürəyi, müslümanə ədaləti, vəfadarlığı vardı Fəxri Müslümün - həmişə də var olacaq - çün, yaxşılar getsə də, yaxşılıq qalır… Odur ki şair susdu deyərkən, əslində, o səsin sükutu da danışır demiş sayılır… – o, yenə danışır – yaddaşımızda, zamanın dərin könlündə...

 

Fəxri Müslüm (Fəxri Müslüm oğlu Quliyev; 10.04.1948 - 16.06.2025)! – o, dağlar döşündən (Gədəbəyin Şınıx elindən, Düz Rəsulludan) dəniz qıyısına (Bakıya) oxumağa gəlmiş, elə o gələn də, dağların vüqarını da, özləmini də özüylə yüksək təhsil ocağına, yeni qonşuluqlara, yeni işə, bir sözlə, altun qumlu Abşeron torpağının energetikası ilə harmoniyaya gətirmişdi… Dağlaroğulluğu ilə paytaxt sakinliyi qəribə bir dəngədəydi onun halında… – qalstuku, rəsmi geyim-keçimi, elmi dərəcəsi, pedaqoqluğu və bank sektorunda çalışdığı rəhbər görəvlər - paytaxt sakinliyi ilə birgə, rəsmiyyət, protokol səciyyəsi yaradırdısa, epos təfəkkürlü bədii yaradıcılığı, şairliyi, hətta özünəxas ləngərli danışığını, toylarda ağırtaxtalı oyununu izləyən təbəssümü konkret Şınıx havasındaydı… -

 

“Yaylağın şahıdı yaylım günəşi,

Kölgəni topuğna dəstələr bir az.

Yamac təbəssümlü gəlin kimidi,

Könlümün eşqini bəstələr, bir az”.

 

Bəzən bir insan getdikdə, yoxluğundan çox varlığı bizi düşündürür. Necə deyərlər, onun varlığı, elə yoxluğu haqqında da danışmağa səbəb verir. Fəxri Müslüm gedəndə, geridə təkcə boş yer qalmadı — geridə xoş xatirələr, kitablar və güvənlilik qaldı.

Fəxri Müslümün gedişi bir ömrün bitməsi olmaqla bitmir, ona xas bir səviyyənin, dağlardöşü-dəniz qıyısı ruhi-mənəvi dəngəsini təcəssüm etdirən bir mədəniyyət örnəyinin səhnədən çəkilməsi kimidir. Onun düşüncəsində millət vardı, mədəniyyət vardı, dərin köklər, geniş üfüqlər vardı. -

“Turana qılıcdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” - Cavidanə poetik düstur Fəxri Müslümün tam könlünə görəydi və diləzbəriydi.

 

“Yaddaş üzə çıxar Sibirdən belə,

Anıt daşlarımdan, qəbirdən belə…

Yovşana tutulub ömürdən belə,

Yenidən təzə-tər izimi saldı”.

 

O gün “Vida” adlı mərasim evində “yeddi”sindəydik; İntiqam Yaşara da dedim - bir anlığına mənə elə gəldi, özü hardasa buralarda bir yerdədi, indi gəlib hal-əhval tutacaq… Sonra o bir anlıq duyğu çəkilib haralarasa getdi, onun yerini divardan asılmış şəklindən oxuduqlarım tutdu… O şəkil illər öncənin şəkliydi, qəzet-dərgi, sayt - haralarda-haralarda dəfələrlə yayınlanmışdı və gözəzbərimiz sayılır… Və budur, “Vida”da ruhani masasının arxasındakı, üstü ayəli kiçik xalçanın üzərindən asılıb - ordan ən yaxşı şəkil asılır və ömürlük ayrılığı simvolizə edir… Fəxri Müslüm bir daha bu dünyaya baxmayacaq,  dostları, həmkarlarıyla həmsöhbət olmayacaq, onunçün xarakterik olan qonaqlıqlar təşkil etməyəcək, şeir yazmayacaq, zəng etməyəcək, fikir bölüşməyəcək və s…

Biz indi onun yoxluğuna deyil, varlığının qədir-qiymətinə yas saxlayırıq...

 

“Bulud yana durar, qürub başlayar,

Dərdimi içimə sərib, başlayar,

Hər nə var, qədərim dərib başlayar -

Şaman ocağından tüstülər, bir az”…

 

Gələnəksəl ricət çıxmasın, onun ardından danışmaq həm çətindir həm asan... Çətindir — çünki o, özü bu cür halları sözlərlə təskin etməyə alışmamışdı – səmimiyyətlə, fikir adamı kimi davranardı. İndi isə biz onun haqqında danışaraq susuruq. Sözlərimizin arasında bir nəfəs dayanır: onun yoxluğu… Asandır — çünki nəinki ziyansız, üstəgəl xeyirxah insanıydı, bəlkə bəzi kiçikçaplı yaramazlara sadəlöhv görünürdü — əslində, sadəydi, sadəlöhv deyildi… Yəni onun haqqında yaxşı, xoş xatirələr danışdığımızçün çətinlik çəkmirik, könülxoşluğuyla dərdləşirik…

Fəxri Müslümün ardından danışmaq – sanki bir güzgüyə baxıb, orada çatlamış bir işıq izini izləmək kimidir. Görünür… amma bütöv deyil. Çünki o, öz zamanına bütöv idi, öz sözüylə bütöv idi...

 

“Könül türküsünü tutub yaşadıq,

Qayıdıb yaşadıq, itib, yaşadıq;

Yeddiqat boy üstə bitib yaşadıq,

Hələ də, sonluğu, yozumu qaldı”...

 

Yeri ucmaq olsun!

Ocağı sönməsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

  

Onu rəsmən Azərbaycan Respublikasının əməkdar mühəndisi kimi təqdim edirlər. Amma biz tanınmış yazıçı və dramaturq kimi təqdim edirik. Çünki Hüseynbala Mirələmov necə ki, iqtisadiyyat sahəsində uzun illər Azərbaycanın inkişafı üçün əmək sərf edib, eləcə də, ədəbiyyatımızın, teatrımızın inkişafı üçün qol çırmayaraq ürəkdən çalışıb.

Bu gün onun doğum günüdür, tam 80 yaşı tamam olur. Öncə onu səmimi qəlbdən təbrik edək, ardınca bir qədər haqqında danışaq.

 

Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. Lənkəran şəhəri 2 № li məktəbin onbirinci sinfini gümüş medalla bitirib. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirib. 1970–1971-ci illərdə Kalininqrad vilayətinin Baltiysk şəhərində hərbi xidmət keçib. "Azərbaycan pioneri" qəzeti redaksiyasının Ədəbiyyat şöbəsinin "baş ədəbi" işçisi olub. Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib.

"Azərqaztəmirtikinti" trestinin və Maye Qaz İstehsalat Birliyinin rəisi, Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, Azərbaycan Qaz Emalı Zavodunun direktoru olub.

Yeni Azərbaycan Partiyasının üzvü olub, YAP Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Və əlbəttə ki, ədəbiyyat onu uşaqlıqdan özünə çəkib.

Yazıçı kimi ədəbiyyata 7-ci sinifdə oxuyarkən, 1961-ci ildə "Bir tikə çörək" hekayəsi ilə gəlib. İlk hekayələr kitabı – "Tənha durna uçuşu" 1986-cı ildə işıq üzü görüb. "Molodaya qvardiya" nəşriyyatının "Görkəmli adamların həyatı" seriyasından Ulu Öndər Heydər Əliyev, görkəmli oftalmoloq alim Zərifə Əliyeva və Prezident İlham Əliyev haqqında qələmə aldığı kitablar 40-dan artıq xarici dilə tərcümə olunaraq nəşir edilib.

30-dan artıq bədii və publisistik kitabın müəllifidir.

Müəllifi və həmmüəllifi olduğu "Nanotexnaologiya və nanokimyanin əsasları", "Neftin və qazın boru kəmərləri ilə nəqli", "İnşaat istilik fizikası", "Qaz emalı zavodlarında təhlükəsizlik qaydaları", "Boru kəmərləri və konsturuksiyaların qaynağı" və digər elimi nəşirlər də hazırda ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunan kitablardandır.

 

Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvü, Beynəlxalq mühəndislər, Rusiya Mədən Akademiyasının, Azərbaycan, Qırğızıstan, Asiya və Afrika Ölkələri Yazıçılar birliklərinin üzvüdür. Texnika elimləri doktoru, professorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri olub.

 

Mükafatları

1. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl kəlmə", "Yaddaş" mükafatı

2. "Rəsul Rza", "Akademik Yusif Məmmədəliyev" adına beynəlxalq mükafatı

3. "Uğur zirvəsi", "İlin yazıçısı", "A. N. Kosıgin" mükafatı

4. "Yuri Dolqoruki" adına mükafat

5. "Akademik Həsən Əliyev" adına beynəlxalq mükafat laureatı

6. MDB üzrə 100 direktorlar müsabiqəsinin 8 dəfə qalibi

7. Əməkdə fərqlənməyə görə Fransa Sənayeçilər Assosiasiyasının "Napoleon" qızıl medalı

8. "Qırmızı əmək bayrağı" ordeni

9. "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı

10. "Şöhrət" ordeni

11. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı.

 

“Ədəbiyyat və incəsənət”

(25.06.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və İpək Yolu boyunca yerləşən türk xalqlarına məxsus çoxəsrlik tarixi və zəngin mədəni irsin araşdırılması, qorunması və təbliğini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənədi Türk Mədəniyyəti və  İrsi Fondunun prezidenti Aktotı Raimkulova və “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova imzalayıblar.

Sənəd Türk dünyasının ortaq mədəni köklərinin araşdırılması, elmi tədbirlərin təşkili, birgə nəşrlərin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi məqsədini daşıyır. Tərəflər, həmçinin, beynəlxalq platformalarda türk mədəni irsinin tanıdılması üçün birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.

Memorandum tərəflər arasında gələcək əməkdaşlığın üfüqlərini genişləndirir və Türk dünyasının inkişafına xidmət edəcək irimiqyaslı birgə layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. 

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətlə Respublika Gənclər Kitabxanasında “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterial və elektron resurslar bazası hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, materialda görkəmli şairin həyat və yaradıcılığı, gənclik illəri, ictimai mövqeyi, mətbu fəaliyyəti, layiq görüldüyü orden, medal və fəxri adlar haqqında geniş məlumat təqdim olunub.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialda şairin yaradıcılığında xüsusi yer tutan azadlıq hərəkatı mövzusuna həsr etdiyi “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” adlı poemaları, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar hadisələri mövzusunda qələmə aldığı “Hələlik qiyamətədək”, “Ölüm ayrılıq deyil” povestlərindən bəhs edilib. Materialda Fikrət Qocanın müxtəlif illərdə yerli və xarici səfərlərdə, görüşlərdə lentə alınan görüntüləri də yer alıb.

“Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı videomaterialı kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/fikret-qocanin-soz-seneti-xezinesi yerləşdirilib.

Gənclər Kitabxanasının rəsmi saytında https://www.ryl.az/activity/Fikret_Goca “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair haqqında dərc edilən materiallar toplanıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi prosesi davam etdirilir.

Nazirlikdən AzərTAC-a bildirilib ki, attestasiyanın növbəti mərhələsi iyunun 23-dən iyulun 2-dək davam edəcək.

Bu mərhələdə instrumental alətlər (violin, klarnet, saksofon, fleyta, qoboy, truba), xor-dirijor, xoreoqrafiya və təsviri sənət ixtisasları üzrə çalışan müəllimlərin iştirakı nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Çərşənbə axşamı, 24 İyun 2025 15:36

Fazil Mustafa Vaqif Aslanı təbrik edib

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa tanınmış ictimai xadim - Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının sədri, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi, şair Vaqif Aslanı 75 illik yubileyi ilə bağlı təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təbrikdə yubilyarın Azərbaycan ictimai, elmi, ədəbi-mədəni mühitindəki seçilən mövqeyinə, milli-mənəvi düşüncəyə bağlılığına, yüksək poetik duyumuna diqqət yetirilib:

“Hörmətli Vaqif müəllim,

Sizi – Azərbaycan ədəbi-mədəni, ictimai mühitində öz dəst-xətti, milli-mənəvi düşüncəyə bağlılığı, yüksək poetik duyumu və elmi mövqeyi ilə seçilən qələm sahibini qarşıdan gələn 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Yaradıcılığınızda milli-mənəvi dəyərlərimizin poetik əksi, elmi-pedaqoji fəaliyyətinizdə isə etnoqrafik yaddaşımızın, türkologiyanın dərin qatlarına nüfuz edən tədqiqatçı təfəkkürü müstəsna yer tutur. Siz nəinki çağdaş poeziyamızın dəyərli imzalarından birisiniz, həm də klassiklərlə polemikaya girə bilən düşüncə və ifadə gücünə sahib ədəbi şəxsiyyətlərimizdənsiniz. Vətənə, dilə, milli kökə bağlılığınız, bədii və elmi sözə göstərdiyiniz həssaslıq gənc nəslə bir örnək kimi dəyərlidir.

Azərbaycan Yazıçılar Birliyinin Şəki filialının rəhbəri olaraq, bölgənin ədəbi mühitinin canlanması, istedadların üzə çıxarılması, sözə və sənətə sayğı duyulan bir atmosferin formalaşması yönündə göstərdiyiniz xidmətlər təqdirəlayiqdir.

Sizə möhkəm cansağlığı, yaradıcılıqda, ictimai, pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayıram”!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

Çərşənbə axşamı, 24 İyun 2025 17:10

SEÇMƏ ŞEİRLƏR: Nigar Rəfibəyli, “Gəlmədi”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

NİGAR RƏFİBƏYLİ

 

GƏLMƏDİ

 

Gəlmədi, ilk dəfə pozdu vədini,

Könül, nə deyirsən sən bu işə, nə?

Çox imtahan etdi, heç inanmadı,

Eşqin yollarında yorğun düşənə.

 

Gəlmədi, bir sadə təsadüf deyil,

Bir uğursuz niyyət saxladı onu.

Xəyal dünyasından ceyran baxışlı

Görən bir afətmi kəsdi yolunu?!

 

Axıtdım sel kimi mən göz yaşımı...

Gəlmədi... nə ağır oldu bu kəlmə.

Əyilmiş görməmək üçün başımı

Səadət də olsan, bir daha gəlmə!

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Azərbaycan kinoşünası Şəhla Əmirli barədə danışacağıq.Bu gün onun doğum günüdür.

Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib.

 

Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub.

 

2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-media" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub.

 

2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

 

"Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi" - onun qələminin məhsuludur.

Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları — Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Çərşənbə axşamı, 24 İyun 2025 16:06

PORTAL AKADEMİYASINDA - Liderlik nədir?

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Liderlik nədir?

 

Bəşər tarixindəki liderlər, beynəlxalq təşkilatların liderləri, ölkələrin liderləri, idarə və müəssisələrin liderləri, partiyaların liderləri, dini qurumların liderləri, idmanda komanda liderləri, media liderləri, incəsənətdə truppa, ansambl liderləri və s. və i.

Bizim qulaqlarımız «lider» kəlməsini addımbaşı eşitməyə alışıb. Bəs nədir bu liderlik? Liderliyin ən bəsit tərifi budur ki, liderlik – qrupda işin təşkilinin elə bir prosesidir ki, bu prosesdə hamının qulaq asdığı, hamının etibar etdiyi şəxs lider kimi çıxış edə bilir. Amma məsələnin mürəkkəb tərəfi də var: «Hamının qulaq asdığı şəxs», «hamının etibar etdiyi şəxs» statusunu necə qazanmaq olar? Bu statusu qazanmaq yolu necədir?

«Liderlik» anlayışı «uğurqazanma» anlayışının həmişə məntiqi davamı hesab olunur. Yəqin ki, yalnız həyatda müəyyən dərəcədə uğur qazana bilən insanlar lider olurlar. Amma bir məsələ də var ki, hər bir uğur qazanan insan da lider ola bilmir. Yəni, qazanılan keyfiyyətlər və vurulan hədəflər həmişə lider olmaq zərurətinə gətirib çıxarmır. Bu mənada, «lider» anlayışı «uğurlu insan» anlayışından daha mükəmməl anlayışdır. «Uğurlu insan» çoxluq təşkil edə bilər, ancaq «lider» məhdud sayda olur.

Adətən, liderlər 2 cür olur: formal və qeyri-formal. Burada birincilər təyin olunurlar, ikinciləri isə qruplar seçir.

Liderlik təlimləri, konsepsiyaları öz əsaslarını XX əsrin əvvəllərindən götürür, növbəti hissədə mən bu barədə ətraflı danışacağam. Hələlik isə onu söyləmək istəyirəm ki, XX əsrin əvvəllərində tədqiqatçılar bəşər tarixini dəyişən ən böyük dühaların, ən böyük liderlərin həyatlarını tədqiq edərək onların ümumi aparıcı xüsusiyyətlərini (məsələn, məqsədyönlülük, qətiyyət, səbirlilik, dözümlülük, güclü iradə, yaxşı hafizə, inandıra bilmək bacarığı, natiqlik istedadı, intellektuallıq, qılığa girmək məharəti, bir qədər hiyləgərlik, lazım olanda sərtlik və s. və i.) müəyyənləşdirməklə «Dahi insanların təlimi»ni yaratmışlar. Ancaq liderliyi liderin şəxsi keyfiyyətlərində axtaran bu təlim uğursuzluğa məruz qalmışdır, belə ki, liderin ümumi portretini yaratmaq mümkün olmamışdır, bu və ya digər liderlərdən hər hansı birinin spesifik aparıcı xüsusiyyətləri digərlərində eyni ilə olmamışdır. Üstəlik, bir liderin digərlərindən daban dabana zidd  özəl xüsusiyyətləri də bu ümumiləşməyə mane olmuşdur.

Bax bundan sonra «liderlik» anlayışının konkret şəraitdən doğması tezisi ilə barışmışlar. Zaman, məkan, iqtisadi və siyasi vəziyyət kimi faktorların «liderin» yaranması prosesindəki həlledici rolu fikir  süzgəcinə düşmüşdür.

Və bu həlledici rol oynayan faktorlar bir lideri eyni zamanda həm ucaltmağa, şəninə alqışlar dedirtməyə xidmət etmişdir, həm də yeri gələndə, onu kürsüdən aşağı yuvarlatmış, çirkaba batırmışdır. Bu səbəbdən, liderlik şərəfli olduğu qədər də riskli, təhlükəli bir missiya hesab oluna bilər.

«Liderlik» sahəsindəki tədqiqatların növbəti mərhələsi isə liderliyin sistemlilik nəzəriyyəsi olmuşdur. Burada artıq həm şəxsi keyfiyyətlər, həm şərait anlayışının liderliyin mahiyyətini açmağa tam müvəffəq ola bilməməsi təsdiqlənmiş, lider olmağın qrupdan, əhatədəki insanlardan bilavasitə asılılığı üzə çıxarılmışdır. Burada liderlik və lider qrup dinamikası çərçivəsində nəzərdən keçirilmiş, qrup bir sistem – liderlik isə bu sistemdə münasibətlərin təşkilatçısı hesab edilmişdir.

Sosialist sisteminin dünya üzrə demək olar ki, bütün tanınmış liderlərinin Vladimir Lenindən, İosif Stalindən tutmuş Fidel Kastroya, Mao Tze Duna  qədər hamısı tarixin ayrı-ayrı dönəmlərində müxtəlif zitddiyyətli qiymətlər almışlar. Bir tərəfdən onlar işıqlı cəmiyyət qurucuları, digər tərəfdən ən qatı diktatorlar hesab olunmuşlar, bu da onların münasibətlər təşkilatçısı olduqları qrup sisteminin ikili xarakterindən irəli gəlib.

Oxucularıma mən cəmi bircə misal çəkmək istəyəcəyəm. Ötən əsrin 30-40-cı illəri Sovet imperiyası tarixinin ən acınacaqlı, ən qara illəri hesab olunur. İosif Stalinin rəhbərliyi dövrünə təsadüf edən və stalinizm repressiyaları adını almış, insanların, əsasən, ziyalıların xalq düşməni damğası vurularaq güllələnməsi, həbs edilməsi, sürgün olunması ilə təşəkkül tapan bir prsesdə milyonlarla insan hədəf olmuşdu. Təsəvvür edin ki, təkcə tarixə «böyük terror illəri» kimi düşən 1937-38-ci illərdə SSRİ-də 681692 nəfər güllələnmişdir.

Bu terrordan mənim xalqım da böyük əziyyət çəkmiş, çoxsaylı qurbanlar vermişdir. Xalqın qaymağı məhv edilmişdir. Bura həm dövlət xadimləri, ictimai xadimlər, həm alimlər, pedaqoqlar, həm ədəbiyyat, incəsənət xadimləri daxildir. Haqlarında ayrıca danışmaq mümkün olmasa da mən onlardan bir neçəsinin adını mütləq çəkəcəyəm: Bəkir Çobanzadə, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, Ruhulla Axundov, Salman Mümtaz...

Həmin dövrdə Azərbaycana əslən Qubadan olan Mircəfər Bağırov rəhbərlik edirdi. Və sonradan bütün bu qanlı terrorun müəllifi olaraq tarixə məhz bu şəxsin adı düşdü, yeni gələn nəsillər onu lənətlədilər.

Liderliyin riski və təhlükəsi barədə danışmışdım öncə, bünü öz üzərində hiss etməyin ən bariz nümunəsi Mir Cəfər Bağırov sayıla bilər. Təsəvvür edin ki, digər qonşu Qafqaz Respublikaları Gürcüstan və Ermənistandan fərqli olaraq SSRİ rəhbərliyi Azərbaycana o dövrdə etimad göstərmişdi, bu respublikaya yerli insanı rəhbər təyin etmirdilər. Ona görə də, şəxsi keyfiyyətləri, siyasi liderlik plyusları hesabına bu posta yiyələnməyə müvəffəq olan Mir Cəfər Bağırov çox böyük təzyiq altında çalışmağa məhkum idi. Üstəlik, repressiyaların rejissoru SSRİ rəhbərliyi idi, o isə sadəcə icraçı rolundaydı. Bununla belə, xalqına sevgisini bu lider bir neçə olduqca tanınmış ziyalını həbsdən qurtarmaqla, respublikanın iqtisadiyyatına hədsiz xeyir verən çox vacib qərar və direktivlərlə hər halda göstərə bilmişdi, tarix gərək bunu unutmasın. Və bir də, mən əvvəlki hissələrdə Azərbaycanın XIX əsrdə Rusiya imperiyası və İran şahlığı arasında ikiyə bölünməsi barədə sizə danışmışdım. Azərbaycan xalqının iki ən böyük yarası var, bunlardan birincisi, şübhəsiz bu ikiyə bölünmədir (İkincisi isə Dağlıq Qarabağın işğalı). Bax həmin Mircəfər Bağırov 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında hərəkat yaradaraq qısa müddətdə İranın tərkibində Azərbaycan Demokratik Respublikasını qurmağa müvəffəq oldu. Əfsus ki, SSRİ rəhbərliyindən – Stalindən lazımi dəstək ala bilməyərək, BMT-dən xeyir-dua ala bilməyərək Mircəfər Bağırov öz böyük ideyasını sonadək həyata keçirə bilmədi. Böyük Britaniya və ABŞ-ın dəstəyi ilə İran 1946-cı ilin aprelində Cənubi Azərbaycana 20 diviziya yeridərək Azərbaycan hökumətini devirdi.

Bax budur böyük liderliyin taleyi. Və bu tale, həmişə yeni dövrün, yeni liderlərin, yeni tarixçilərin baxış bucağından asılı olur. Bayaq qeyd etdiyim kimi, istəsələr səni zirvəyə ucaldır, istəsələr isə çirkaba bulayırlar.

Biz liderlik təlimlərinə ümumilikdə toxunduq, növbəti hissələrdə onlar barədə konkret olaraq da danışacağıq. Hələlik isə mütləq onu da qeyd etmək istəyirəm ki, mənim liderlik anlayışına fərqli bir baxış bucağım da var. Düzdür, liderlik üçün müəyyən şəxsi xüsusiyyətlər lazımdır, düzdür, liderlik üçün şərait anlayışının böyük əhəmiyyəti var, düzdür, liderlik üçün qrup, komanda həlledici mahiyyət daşıyır. Amma, məncə, heç bir lider sonradan liderə çevrilmir, lider kimi doğulmaq lazımdır. Elə liderliyə xas intuisiya qabiliyyətini götürək. Bir şeyi intuitiv hiss etmək fitri istedaddır, əksərən, insan ona doğuluşdan malik olur. Məncə, liderlik daha çox bioloji xüsusiyyətdir, insanda anadangəlmə olur. Sonradan bu anadangəlmə xüsusiyyət liderlik konsepsiyasına aid olan yuxarıda sadaladıqlarımız şəxsi xüsusiyyətlərlə, şərait və sistemlilik faktorları ilə birləşəndə, yəni istedad toxumu sağlam və münbit torpağa düşəndə cücərir, liderlər yaranırlar.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.