Görkəmli naşir və tərcüməçi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda bir vaxtlar naşirlər pleadası var idi. Bu sənətin peşəkarları olan bu şəxslər poliqrafiya işinin xiridarı idilər. Çox təəssüf ki, hazırda bu sahədə yalnız təsadufi şəxslər çalışırlar, sənət olaraq bu sənət itib batmaqdadır. Günümüzdə tək bir peşəkar naşir qalıbdır, Şəddat Cəfərov. Mənsə sizə bu pleadanın görkəmli nümayəndəsi Mustafa Əfəndiyev barədə danışmaq istəyirəm.

 

Mustafa Əfəndiyev 1918-ci ildə Füzuli şəhərində anadan olub, orta təhsilini bitirdikdən sonra müəllim işləyib, 1939-cu ildə SSRİ–Finlandiya, daha sonra İkinci Dünya müharibəsində ön cəbhədə döyüşüb və ağır yaralanıb.

Müharibədən sonra yazı-pozu işinə böyük marağı özünü göstərib.  O, 1950–1955-ci illərdə M. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Bu universitetin jurnalistika fakültəsini bitirən ilk azərbaycanlı kimi tarixə düşübdür.

Moskva təhsilindən sonra Vətənə qayıdan Mustafa Əfəndiyev redaktorluq fəaliyyətinə başlayıb. 1960-cı illərdən etibarən Azərbaycan Dövlət Nəşriyyatında (Azərnəşr) baş redaktor və 1970-ci illərdən ömrünün sonuna kimi nəşriyyatın direktoru vəzifəsində çalışıb.

Mustafa Əfəndiyev "1001 gecə" nağıllarının 5-ci cildini, L. Tolstoyun "Hacı Murad" povestini və uşaq hekayələrini, A. Çexovun hekayələrini, R. Kiplinqin "Mauqli", L. Kerrolun "Alisa möcüzələr diyarında" kimi məşhur romanlarını, M. Qorkinin "Günəşin övladları" pyesini, Yelin Pelinin, V. İvanovun, A. Çakovskinin, S. Uluqzadənin və b. əsərlərini dilimizə tərcümə edib.

Onun tərcümə yaradıcılığı Azərbaycan tərcümə ədəbiyyatının inkişafında və zənginləşməsində əhəmiyyətli rol oynayıb.

Mustafa Əfəndiyev 3 noyabr 1982-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.