Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət"
Portalın əməkdaşlarının cavablandırdıqları növbəti ekspress-sorğu hazırda sərin-ilıq günlərini yaşadığımız payız fəsli ilə bağlıdır. Payızı niyə sevmək, yaxud niyə sevməmək?
Mənim ömrümün ən sərt, ən kəsici fəsli elə payızdır. Elə bir fəsil ki, mən təkliyin nə demək olduğunu düz iki dəfə, eyni ayda, eyni gündə ondan öyrəndim.
Bəzən düşünürəm, insan ən çox kimi sevir? Bəs onun ən böyük düşməni kim olur? Özü? Ailəsi? Yoxsa, sevmək üçün seçdiyi insan?
Əslində, insanın ən böyük düşməni, onu sevirmiş kimi davrananlardır.
Bax, payız, mənim səninlə heç bir şəxsi-qərəzliyim olmayıb. Amma sən, sanki, ruhumdakı o balaca körpəni küləyinlə sovurub aparmaq, içimdəki isti nəfəsi soyutmaq istəyirsən. Nədir bu tilsim? Nədir bu acığın mənə, oktyabr?
Bilirəm, qəribə gələcək, amma mən səni yenə də sevirəm, payız. Bəli, bəli… həm səni sevən, həm də o ağrını yaşayan mənəm.
Bəlkə də indi bu yazını oxuyan düşünəcək ki, insan niyə dəfələrlə yaralayan bir fəsli sevsin axı? Amma mən bilirəm, insanı insan edən, qazandıqları yox, vaz keçdikləridir.
Mən bu fəsildə atamı basdırmışam ruhumun ən qaranlıq küncündəki məzara.
Və atama bənzəyən o insanı da, eyni gün, eyni soyuqluqda oraya dəfn etmişəm.
Amma səni yenə sevirəm, payız. Çünki küləklə qarışıq çiskin yağışın hər dəfə mənə kim olduğumu xatırladır. Səni ən çox verdiyin dərslərə görə sevirəm. Çünki hər ilin 27 oktyabrında özümə yeni sözlər verirəm və Allahın izni ilə, onları növbəti payıza qədər yerinə yetirirəm.
İlk sorğu göndərilən gündən bu yazını neçə dəfə yazıb-silib başladığımı saymadım. Çünki hər oktyabrda sənə bir az küsürəm, payız… Amma nə qədər küssəm də, sonda yenə səni sevirəm.
Hər şeyə görə sağ ol, payız.
Səninlə ağrını da, sevinci də yaşadım və bu, məni mən elədi.
“Ədəbiyyat və incəsənət”
(31.10.2025)


		  	