“1 şeir, 1 şair”də Arzu Əyyarızı və “Bilirsənmi” Featured

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Arzu Əyyarqızının "Bilirsənmi?” şeiri təqdim edilir. Arzu Əyyarqızı “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, AYB və AJB-nin üzvü, şair-publisistdir.

 

BİLİRSƏNMİ?

 

Bilirsənmi necə sevmişəm səni?

Qaçıb sığındığım ana qucağı kimi.

Bilirsənmi necə sevmişəm səni?

Uşaq vaxtı hər kəsdən gizləyib, qoruduğum,

Gecələr qorxmayım deyə,

Basıb bağrıma sıxdığım oyuncağım kimi.

 

Bilirsənmi necə sevmişəm səni?

Hər kəsdən soyuduğum, üşüdüyüm zamanda,

Qaçıb isindiyim ata ocağım kimi.

Bilirsənmi necə sevmişəm səni?

Canımdan can verdiyim,

Məndən nəvaziş uman, körpə uşağım kimi...

 

Bilirsənmi necə sevmişəm səni?

Son nəfəsdə su istəyən, xəstə dodağı kimi.

Bilirsənmi necə sevmişəm səni?

İnsanın qəbr evinə geydiyi ağı kimi...

 

Bilirsənmi necə sevmişəm səni?...

Saçıma yağdırdığın qarı tacım etmişəm,

Əlçatmazam hər kəsə, Savalan dağı kimi.

Bilirsənmi necə sevmişəm səni?

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.