Sumqayıt Dövlət Rəsm Qalereyasında “Qələbənin Rəngi” Featured

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Qələbənin Rəngi” adlı sərgi-tədbir təşkil olunub. Tədbir Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərin xatirəsinə həsr edilib.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından daha sonra çıxış edənlər -Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Camaləddin, şair Akif Amal, rəssam İntiqam Cəfərov və şəhid kəşfiyyatçı-snayper, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların Vətən sevgisindən, xalqın birliyindən və bu kimi tədbirlərin gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynadığından danışıblar.

Çıxış edənlər qeyd ediblər ki, bu cür mədəni tədbirlər şəhidlərin xatirəsini yaşatmaqla yanaşı, onların qəhrəmanlıq yolunu gənc nəsilə tanıtmaq baxımından da xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə şəhid anaları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sərgi çərçivəsində Gülayə Sadıqovanın rəhbərliyi ilə general-mayor Polad Həşimov adına 28 nömrəli məktəbin şagirdləri musiqi nömrələri ilə çıxış ediblər. Onların ifasında səslənən vətənpərvərlik ruhunda mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sərgi bölməsində isə Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işləri nümayiş etdirilib. Gənc rəssamların əsərlərində Vətən, Qələbə, azadlıq və qəhrəmanlıq motivləri əsas yer tutub.

Tədbirin sonunda iştirakçılar sərgiyə baxış keçirib, gənc rəssamların yaradıcılığını yüksək qiymətləndiriblər. “Qələbənin Rəngi” adlı bu tədbir həm şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi, həm də Vətən sevgisinin sənət dili ilə təqdimatı kimi yadda qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.