İstiqlaliyyət sevdalısı – Əhməd Cavad Featured

Fatimə Sadıqova, tarix müəllimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Bayrağını yüksəltməyə

Cümlə . müştaqdır.

Azərbaycan, Azərbaycan!”

 

Bu sətirlərdə təkcə bir himn deyil, bir millətin azadlıq harayı, bir xalqın könlündə çırpınan istiqlal eşqi səslənir. Bu mübarək misraların müəllifi, Azərbaycanın istiqlal şairi Əhməd Cavad — elin, Vətənin, türk dünyasının söz bayraqdarı idi.

1892-ci ilin 5 mayında, Şəmkirin Seyfəli kəndində dünyaya gələn bu böyük ruh, daha uşaqlıq çağlarında ilahi bir missiyanın carçısına çevrilmişdi. Ərəb-fars dillərini dərindən öyrənməsi, əruz vəznində ilk poetik nümunələr yaratması onun ədəbiyyat səhnəsinə qədəmlərini öz zəhməti ilə atdığını göstərir. Lakin zaman keçdikcə, bu şair sadəcə qəzəl yazan deyil, öz qələmini silaha çevirən bir mücahidə çevrildi.

Əhməd Cavad ədəbiyyat aləminə 1910-cu ildən qədəm qoydu. 1916-cı ildə “Qoşma” adlı ilk şeirlər kitabı nəşr olundu. Onun şeirləri sadəcə söz yox, bir çağırış, bir üsyan idi — zülmə, əsarətə, imperializmə qarşı. O, 1912-ci ildə Osmanlıya yardım üçün yollanan Qafqaz könüllülərinin azadlıq ideallarını ürəyində daşıyırdı.

Əhməd Cavad Azərbaycan Demokratik Respublikasının ruhunu, nəfəsini, səsini sözə çevirənlərdən idi. Onun poeziyasında xalqın iniltisi, ümidi, mücadiləsi səslənir. Hər misrası bir əsgər kimi cəbhədə döyüşür, hər bəndi bir bayraq kimi dalğalanırdı. “Çırpınırdı Qara dəniz” şeiri, Üzeyir bəyin bəstəsi ilə, təkcə musiqi deyil — bir millətin hönkürtüsü, Atatürkün belə gözlərini yaşa boğan bir tarixdir.

Cümhuriyyətin sevinci ilə yaşayan şair, onun süqutunun da ağrısını sinəsində daşıdı. Lakin susmadı. Azadlıq deyib yandı, yazdı, çağırdı. Hətta “Azərbaycanfilm”də işlədiyi dövrlərdə belə, əsərlərində pantürkist məzmun axtarılıb təzyiqlərə məruz qaldı. Əsərləri çap olunmadı, haqqı yeyildi, amma ruhu sınmadı.

1937-ci ildə “xalq düşməni” damğasıyla həbs olundu. Onun istintaq sənədləri yazır ki, 12 oktyabrda güllələndi. Lakin gerçək odur ki, Əhməd Cavad bir gün əvvəl — 11 oktyabrda, məhkəməsiz, şəhid edildi. Onun qətli bir nəfərin yox, bir xalqın söz azadlığına, istiqlal ruhuna qarşı edilən cinayət idi.

Əhməd Cavad heç zaman xalqına xəyanət etmədi. O, qələmini satmadı, ruhunu əymədi. Vətən üçün yazdı, vətən üçün yaşadı, vətən üçün öldü. Bu gün Azərbaycan bayrağı harada dalğalanırsa, orada Əhməd Cavadın ruhu var.

      Hüququndan keçən əsgər

      Hərə bir qəhrəman oldu...

Bəli, Azərbaycan Respublikasının Dövlət Himninin bu sətirləri Azərbaycan xalqının milli qəhramanlıq salnaməsini özündə əks etdirən dəyərli misralardı. Kim bilir bəlkə də döyüşlərdə vuruşan əsgərlər, vətən uğrunda canından keçən şəhidlər bu misraları özünə nümunə götürüb qəhraman olmaq üçün vuruşdular?...

O, istiqlaliyyətin səsi, sözün vicdanı, Azərbaycanın qürur simvoludur.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.