MARKSIN DOĞUM, NAPOLEONUN ÖLÜM GÜNÜ - tarixin gülümsədiyi an Featured

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Boş bir otaq. Nə divar var, nə də tavan. Sonsuzluğa açılan bir masa. Üzərində heç nə yoxdur – kağız, qılınc, güzgü və bir köhnə lampa istisna olmaqla. Qaranlığın içindən iki adam gəlir. Biri qılıncının səsini, digəri isə kitablarının ağırlığını gətirir.

 

Napoleon (ayaq səsləri ilə gəlir): “Mən bu boşluqda nə axtarıram? Dəmirin təntənəsi bitmiş, qılıncın əksi divarlara deyil, sonsuzluğa çarpır.”

 

Marks (sakitcə oturur, kağızı qaldırır): “Axtardığın şey hakimiyyət deyilsə, bəlkə cavabdır. Amma burda cavablar itaət etməz, sənin kimi hökm gözləməzlər.”

 

Napoleon (gülümsəyir, oturur): – Deməli, sən Marks olmalısan. Sənin ideyalarınla tanışam. Onlar nə zaman silaha çevrildi?

 

Marks (sakit və sərt): – O zaman ki, sən öz tacını qanla parıldatdın. Xalqın əlləri artıq çörək üçün deyil, zənciri qırmaq üçün yumulmağa başladı.

 

Napoleon: – Mən xalqı birləşdirdim. Mən onlara qüdrət verdim!

 

Marks: – Xalq qüdrətli deyildi, sadəcə sənə itaət edirdi. Sənin "birliyində" fərd yox idi. İnsan yox, əmr vardı.

 

Napoleon (qılıncı masaya qoyur): – Əmr olmadan nizam da olmaz.

 

Marks (kitabı açır): – Nizamı nizamlayanlar həmişə bir tərəf olur. Sən “qələbə” dedin, mən “ədalət”. Sən “təslim” dedin, mən “şüur”.

 

Napoleon: – Mən tarixə düşdüm.

 

Marks: – Mən tarixi izah etdim.

 

Bir anlıq sükutdan sonra Napoleon qəmli şəkildə deyir: – Mən də bir zamanlar xalqın içindən çıxmışdım. Amma yüksəldikcə onların səsini eşitmədim. Səssizlik gözəl idi.

 

Marks: – Səssizlik zalımların nəğməsidir. Mən o səssizliyi sözlərlə deşmək üçün yaşadım.

 

Napoleon (gözləri uzağa zillənmiş halda): – Bəlkə sən haqlısan… Amma mən yaşayarkən hər şey mənimlə dönürdü. Qorxu belə gözəl görünürdü.

 

Marks: – Sənin dövründə qorxu ehtişamla maskalanırdı. Mənim dövrümdə isə ümid qaranlıqda yaşayırdı. Bəlkə mən də yanıldım. Amma mənim yalanım azadlıq idi. Sənin həqiqətin – boyunəymə.

 

Masadakı lampa sönür. İkisi də qalxır. Napoleon qılıncını almır, Marks isə kitabı sinəsinə sıxır.

 

Napoleon (getdikcə səsi uzaqlaşıraq) : – Tarix bizi yad edəcək, amma fərqli səbəblərlə...

 

Marks isə cavabında təklikdə deyir: – Biri ölümün sükutu, biri düşüncənin sədası olaraq...

 

Tarix bəzən sadəcə xatırlamaq deyil – hiss etmək, güzgüdə özünü görməkdir. Bəzən isə... tarix zarafat edir. Həm də tünd yumorla. 5 May, belə bir tarixdir. Bu gün, iki böyük şəxsiyyətin, fərqli ideologiyaların və güc anlayışlarının mübarizəsinin simvolik təzahürüdür. Napoleon Bonapart – imperator, fateh, taxtların sevimlisi – 1821-ci ilin 5 mayında ölür. Bu dəhşətli ölüm, imperiyanın süqutunun son nöqtəsi olur. Başqa bir gələcək inqilabçısı – Karl Marksın isə 5 may doğum günüdür- 1818-ci ilin 5 mayı. Onun doğulması ilə tarixin ən böyük sosial və siyasi dəyişikliklərinin başlanğıcı qoyulur.

 İki fərqli zamanın içində sıxışmış bu iki şəxsiyyətin birləşən tarixləri, bəlkə də ən böyük dialoqun başlanğıcıdır.

 Napoleon deyirdi: “Tarix, razılaşılmış yalandan ibarətdir.”

Karl Marks isə yazırdı: “Tarix, sinfi mübarizələrin tarixidir.”

Görünür, tarix özü də bu ikisinin arasında qalıb – həm razılaşıb, həm üsyan edib.

Napoleon Bonapart, 15 avqust 1769-cu ildə Korsikada doğulub. İmperatorluq qurmaq üçün saysız-hesabsız döyüşlərə girib, Fransada özünün "Napoleon İmperiyası"nı yaratdı. Nəhayət, 1815-ci ildə Vaterlo döyüşündə məğlubiyyətə uğrayıb, təqib edilməkdən qaçmaq üçün Saint Helena adasına sürgün edilib. 1821-ci ilin 5 mayında isə orada dünyasını dəyişdi. Napoleonun ölüm günü, yalnız bir insanın yox, bir imperiyanın da sonunu işarə edir. O, qılıncı ilə Avropanın sərhədlərini dəyişmişdi, amma geridə qalan irsi, elə də yer üzünün sərhədlərini aşmadı. İmperiyasının dağılması, onun simvolizə etdiyi əzəmətin qısa müddətli olduğunu göstərdi.

 Bu zaman, 1818-ci ilin 5 mayında, Almaniyanın Trier şəhərində Karl Marks dünyaya gəldi. Marks, həm öz dövrünün həm də gələcək əsrlərin ən böyük düşünürlərindən biri olacaq və onun ideyaları “komunizm” adlı inqilabi ideologiyanın təməlini atacaqdı. 1848-ci ildə “Kommunist Manifesti”ni yazaraq, kapitalizmə qarşı şiddətli tənqidlərə başladı. Marksizmin əsas məqsədi, işçi sinfinin mübarizəsi ilə kapitalizmi alt-üst etmək və təbii sərvətlərin ədalətli bölüşdürülməsi ideyasını həyata keçirmək idi. Bu cür ideyalar, hər nə qədər onu qəbul etməsələr də, dünyanı əslində dərin şəkildə dəyişdirəcəkdi.

 O zaman, Napoleonun dövründə yüksələn monarxiyalar, aristokratiyalar və işçi təbəqəsinin yuxusuz gözləri, Marksın dövründə inqilabi hərəkatlara çevrildi. Napoleonun qılıncı ilə qurduğu güc, Marksın ideyaları ilə meydan oxuyacaq, bir-birini tamamlayacaq bir nizamın yerini dəyişdirəcəkdi.

Bir nəfəs dayanır, o biri başlayır. Amma bu nəfəs dəyişəcək nəfəs alıb verən milyonların ritmini.

Napoleon deyirdi: “Qılıncın və hökumətin zəhmi, bəzən həqiqətin içini yandırar.”

Marks isə yazırdı: “Əgər bir adamın düşüncəsi haqqındadırsa, o zaman o, sadəcə bir ideya təbliğ edir, amma xalqın içindəki həqiqət, bəzən qanla və üsyanla ölçülər.”

Görünür, tarix özü də bu ikisinin arasında qalıb – həm razılaşıb, həm üsyan edib.

 Otaqda kimin üstün olduğunu təsəvvür etmək maraqlıdır:

– Napoleon qılıncını masaya qoyur, gözləri ilə hökm edir.

– Marks isə kitabını açır, sözləri ilə sarsıdır.

İkisi də inamla danışır, amma biri imperator olaraq susmağı öyrənib, digəri isə susqunluqdan danışmağı.

Napoleonun yaşadığı zəfərlər bir gün parladı, sonra sönüb tarix kitablarına çevrildi.

Marksın ideyaları isə uzun müddət kağızda qaldı, sonra parçlar sındırıldı, bayraqlar dəyişdirildi, nizamlar sarsıldı.

 Və bu ikisinin ortaq cəhəti nədir?

Qorxuda bilirlər.

Biri ordularla, biri sözlə.

Biri bədəni əyməyə, o biri düşüncəni oyatmağa çalışdı.

Və hər ikisinin izləri bu gün də qarşımızda durub. Biri heykəllərdə, digəri sitatlarda yaşayır.

Bax, tarix bu cür maraqlıdır. 5 mayda biri ölümə imza atır, digəri 3 yaşında niyə "birində var, digərində yoxdur" deyə üsyana başlayır. Bu, tarixin gülümsədiyi andır. 

Sanki tarix deyir:

– “Ey insan, unutma! Qılınc bir gün qırılar, amma fikir... fikir ölməz. Amma unutma ki, fikir də qılıncsız yaşaya bilməz.”

 

 Tarix bu gün bizə sadəcə fakt vermir. Həm də sual verir:

 -Biri imperiyanı qurdu, digəri imperiyaları şübhəyə saldı. Sən hansının tərəfinəsən?

  Yoxsa sənin yerin onların görüşdüyü boş otaqdadır – qılıncın səsi ilə kitab səhifəsinin xışıltısı birləşən yerdə?

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.