İSTİQLAL ŞAİRİ - Bu gün Əhməd Cavadın anadan olmasının 133-cü ildönümüdür Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini rus-bolşevik ordusu devirib Azərbaycanda hakimiyyətə yiyələndi. Sonradan bu irticanı qəbul etməyən, boişevizmə boyun əyməyən tək-tük ədibimiz oldu ki, bu sırada ən birinci Əhməd Cavad dayanırdı.

Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi qalmış Əhməd Cavad bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmışdır. Onun əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

Bu gün - mayın 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Əhməd Cavadın anadan olmasından 133 il ötür.

Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Adını axund olan atası Məmmədəli Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavad xanın çərəfinə qoyub. Belə ki, axund Məmmədəlinin atası Cavad xan ilə yaxın olub.

Cavad beş yaşına çatmamış atası dünyasını dəyişmiş, o, anası Yaxşı xanımın ümidinə qalmışdır. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.

Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.

Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunmuş, 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs demişdir.

O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.

Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

1920-ci ilin bolşevik işğalından sonra Ə.Cavadın hüquqları daim pozulmuş, yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir. Ə.Cavad ikinci dəfə “Göygöl” şeirinə görə həbs edilir.

Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

Nəhayət 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir.

Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə.Cavadın da H.Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi.

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

Bax belə bir faciəvi tale!

 

 

ƏHMƏD CAVAD

 

“Göygöl”

 

Dumanlı dağların yaşıl qoynunda
Bulmuş gözəllikdə kamalı Göygöl.
Yaşıl gərdənbəndi gözəl boynunda:
Əks etmiş dağların camalı Göygöl!

Yayılmış şöhrəti Şərqə, Şimala,
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış soralı Göygöl!

Bulunmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur bu böyük ölkə.
Olaydı könlümdə bir yaşıl kölgə
Düşəydi sinənə yaralı Göygöl!

Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır, ulduza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı Göygöl!

Kəsin eyşi-nuşi, gələnlər, susun!
Dumandan yorğanı, döşəyi yosun.
Bir yorğun pəri var: bir az uyusun.
Uyusun dağların maralı Göygöl!

Zümrüd gözlərini görsünlər deyə,
Şamlar boy atmışdir, uzanmış göyə.
Keçmişdir onlara qəzəbin niyə,
Düşmüşlərdir səndən aralı Göygöl!

Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər ayağından qurbanlar, otlar,
Ayrılıq könlünü qıralı Göygöl!

Bir sözün varmıdır əsən yellərə?-
Sifariş etməyə uzaq ellərə...
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, olsun qoy haralı Göygöl!

 

“Ədəbiyyat və incəsənət”

(05.05.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.