Super User
Jak de Morqanın xəbis niyyəti – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.
BİLİRSİNİZMİ?
19. Müqəddəs Nina İrəvan qız gimnaziyasında 1875-ci ildən 1900-cü ilədək təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qızı olmuşdur. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi.
20. İrəvan şəhərinin adı orta əsr mənbələrində Rəvan, İrivan, İrəvan kimi qeyd edilmişdir. 1827-ci il çar Rusiyasının işğalından sonra şəhərin adı Erivan kimi yazılmış, yalnız 1936-cı ildə Yerevan adlanmışdır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin ərazisi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, Çar Rusiyası dövlətlərinin ərazisinə daxil olmuşdur. Çar Rusiyası süqut etdikdən sonra Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri paytaxt kimi ermənilərə güzəşt edilmişdir.
21. 1 yanvar 1850-ci ildə İrəvan quberniyasında Müqəddəs Ripsimi İrəvan qadın təhsil məktəbi fəaliyyətə başlamışdır. İrəvan şəhərində fəaliyyət göstərən bu qadın təhsil müəssisəsi Qafqaz Qubernatoru Mixail Vorontsovun həyat yoldaşı Yelizaveta Vorontsovanın təşəbbüsü ilə Müqəddəs Nina Xeyriyyə Cəmiyyətinin idarə heyətinin qərarı ilə açılmışdır.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Sevinc Şirvanlı "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində növbəti qələm sahibi Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair Sevinc Şirvanlıdır.
Qısa təqdimat:
Əliyeva Sevinc Kamil qızı (Sevinc Şirvanlı): 30 noyabr 1983-cü ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 1989-cu ildə Cəlilabad şəhər 8 saylı orta məktəbə daxil olmuş, 2000-ci ildə isə orta məktəbi bitirərək orta təhsil haqqında Attestatını almışdır. Daha sonra Cəlilabad şəhər 36 saylı Peşə Məktəbində ilk peşə təhsili almış, ardınca Cəlilabad şəhərində 1 il altı aylıq tibb kursuna qatılaraq burada tibb bacısı ixtisasına yiyələnmiş və Diplomunu almışdır.
Sevinc xanım bir müddət yaşadığı Cəlilabad rayonunda Tibbi Sosial Ekspert Komisiyasında tibbi qeydiyyatçı vəzifəsində işləyib. Ali təhsil almaq və hüquqşünas olmaq istəsə də bu istəyinə nail ola bilməmişdir. Hətta, bu arzusuna çatmaq üçün dərslərini, xüsusilə də tarix fənnini yaxşı oxumuşdur.
Sevinc Şirvanlı hələ uşaq yaşlarında ikən bədii ədəbiyyat sahəsinə həvəs göstərmiş və III sinifdə oxuyarkən bir sıra şeirlər qələmə almışdır. Bu sahədə peşəkar fəaliyyəti isə 11 yaşında ikən (V sinifdə oxuyarkən) başlamışdır. Onun bədii ədəbiyyat və yaradıcılıq sahəsində olan nümunələri dövrü mətbuatda işıq üzü görmüş və bir sıra kitablarda yer almışdır. İndiyədək yazdığı şeirlərdən bir qismi "Münasibət", "Vətəndaş həmrəyliyi", "Xural" və digər qəzetlərdə, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin ədəbi-bədii orqanı olan "Şəfəq" jurnalında və eləcə də Cəlilabadda yayımlanan "Sözün işığı" jurnalında çap olunmuşdur.
2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə çap olunmuş "Qələm tutan incə əllər" kitabında təqdimatı və poeziya örnəkləri dərc edilmişdir. "Həməşəra" Fəxri Diplomu laureatıdır.
Müxtəlif mövzuları ehtiva edən 100 şeirindən ibarət "Həyatı mənə sevdirən şeirlərimdir" adlı kitabı 2024-cü ildə, 50 şeirindən ibarət olan "Həsrətimi çəkəcəksən" adlı ikinci kitabı isə 2025-ci ildə Bakı şəhərində "Elm və təhsil" nəşyiyyatı tərəfindən nəşr edilmişdir.
Ədəbiyyat və poeziya sahəsində "Sevinc Şirvanlı" təxəllüsü ilə tanınan bu xanım şairin "Şirvanlı" təxəllüsünün əsaslı bir səbəbi var: Məlum olduğu kimi əslən Şamaxıdan olan Məşədi Məhəmməd Zeynal oğlu (1868-1935) XIX əsrin ilk illərində (1902-ci ildə) Şamaxıda baş vermiş güclü zəlzələdən sonra bir neçə şirvanlı tacir və ailə üzvləri ilə birlikdə ilk öncə o zaman indiki Cəlilabadın mərkəzi sayılan Hasıllı kəndinə köçmüş, amma müəyyən problemlərə görə həmin kəndi tərk edərək Astraxankaya (indiki Cəlilabad şəhərinə) gəlmişlər.
Əldə olan məlumatlara əsasən, mərhum Məşədi Məhəmməd və bir neçə varlı tacir indiki Cəlilabad şəhərinin ilk ərazisini Çar dövründə Rusiyadan bu ərazilərə köçürülmüş malakanların rəhbəri, eyni halda keçmiş Astraxanovkanın mülkədarı İnnokentiy Anikiyev oğlanlarından qızıl pulla satın almış və beləliklə də Cəlilabadda ilk olaraq 7 ailənin məskunlaşması üçün burada yaşayış evləri tikib, bu doğma diyarı adablaşdırmışlar.
Daha sonralar rayonun müxtəlif kəndləri və digər ətraf rayonlardan bura çoxsaylı insanlar gəlib məskunlaşsalar da, idiyədək Cəlilabad əhalisinin müəyyən bir hissəsi "Şamaxılı" və ya "Şirvanlı" kimi tanınır. Bu günə kimi də mərhum Məşədi Məhəmməd Zeynal oğlu cəlilabadlılar tərəfindən qurucu və xeyriyyəçi bir insan kimi hörmətlə anılır. Hal-hazırda Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yerləşən Ana heykəlinin yaxınlığında onun keçmiş zamanlarda mövcud olmuş malikanəsinin yerləşdiyi binanın qarşısında heykəli mövcuddur. (Bu barədə ətraflı məlumat əldə etmək üçün bax: "Yurdumun tarixi", İlqar İsmayılzadə, səh: 209-213; "Astraxanbazar tarixi", İlqar İsmayılzadə, səh: 22-31; "Cəlilabad tarixi", İlqar İsmayılzadə, səh: 6-7.)
Cəlilabad tarixinə qısa ekskursiyadan sonra bu əziz diyarın xanım şairlərindən olan Sevinc Şirvanlının ədəbi mühitdə daşıdığı "Şirvanlı" təxəllüsünün də hansı anlamda olduğu aydınlaşır. Çünki, onun babaları məhz həmin dövrdə Şamaxıdan bu diyara gəlmiş insanlardan olublar. Mərhum Məşhədi Məhəmməd isə Sevinc xanımın nənəsinin doğma dayısı sayılır.
Ulu Tanrıya xüsusi bağlılığı ilə tanınan Sevinc xanım şeirlərini özünün "şəxsiyyət vəsiqəsi" sayır. O, həyatda üzləşdiyi çətinlik və acılıq anlarında bir əziz anası, bir də şeirlərinə üz tutur. Özünün söylədiyinə görə, həyatda dərdlərini anasına və şeirlərinə sarılaraq bölüşməyi üstün tutur. Həyatda hobbisi evdarlıq, səfər, müqəddəs yerlərin ziyarəti, kitab oxumaq, həmçinin, gül-çiçəklərə qulluq etməkdir. Ailəlidir, Zeynəb, Zəhra və Aydan adlı üç qız övladı var.
Bədii ədəbiyyat nümunələri:
"Həsrətimi çəkəcəksən"
Bir gün axtararsan məni,
Bağışlayım deyə səni.
Anlayaraq günahını,
Çünki almısan ahımı,
Həsrətimi çəkəcəksən.
Bax günəşin işığı tək,
Gərəyin olacam sənin.
Ağladanda səni fələk,
Fikrinə Sevinc gələcək.
Həsrətimi çəkəcəksən.
Mənlə keçən günlərinə,
Etdiyin zülmlərinə,
Peşman olub əməlinə,
Dəyərimi biləcəksən,
Həsrətimi çəkəcəksən.
Həyatımı qaraltdığın,
Ömür boyu ağlatdığın,
Bir qadın tək alçaltdığın,
Sevinc deyib gələcəksən,
Həsrətimi çəkəcəksən...
“Elm öyrən!”
Qızım, sənə budur ilk məsləhətim,
Dilimizi öyrən, gəlməsin çətin.
Çalış ol savadlı, vüqarlı mətin,
Sən öz dilimizin saxla hörmətin.
Qızım, dərslərini yaxşı oxu sən,
Oxu gələcəyin işıqlı olsun.
Bilmək istəyirsən keçmişimizi
O zaman yaxşı bil tariximizi.
Mənim sevdiyim fənn ədəbiyyatdır,
Bizə yol göstərən mənəviyyatdır.
Var onda şairlər, ədiblərimiz,
Onlardan qalıbdır öyüdlərimiz.
Bütün elmlərin şahı riyaziyyat,
Onu bilməyənə çətindir həyat.
İstəsən hesabda aldanmayasan
Onun hər sirrini öyrən, ol rahat.
Cəmləyib özündə bütün dünyanı,
Maraqlı elmdir bu coğrafiya.
Dənizi, dağları, düzü, səhranı
Səyahət edərək kitabda tanı.
Canlı təbiəti öyrədir bizə,
Köməkdir insana biologiya.
Onun sayəsində öyrənirik biz
Nədən ibarətdir gözəl cismimiz.
Fizika, kimya, həndəsə, rəsm...
Sən özün bilərsən öyrənsən hansın.
Fərqli ola bilər düşüncələrin,
İstərəm biləsən elmin dəyərin.
Ömürlük vəfalı sirdaş istəsən,
Gəl indi elm öyrən, sənətə yiyələn.
Sənət də sadiqdir elə ana tək,
Səni hər halınla inan etməz tərk.
Son olaraq doğma elimizin tanınmış şairi Sevinc Şirvanlı xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
BİRİ İKİSİNDƏ Feyziyyənin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Feyziyyənin şeirləri təqdim ediləcək.
ŞEIR VAXTI
FEYZİYYƏ
MESAJ
onlar yuxularında
evlərinin pəncərəsini daşlayar,
qonşularına çığırıb
"pərdələri çəkin" deyərlər...
sən onlara baxma,
bu, gün tutulmasıdı, hələ çox çəkəcək.
bircə mən döyəcləyəcəm hər kəsin yerinə
mis qazanları,
dəmir qapaqları.
heç kim bilmir,
günəş hələ çox gizlənəcək hamıdan –
axı o, bircə çəkili pərdələrdən incik,
axı o, təkcə bağlı pəncərələrdən küskün...
mən inanmaram, inanmaram dualara,
bircə qaçmağı bilərlər – Onun dərgahına,
bunun qulluğuna...
onlar dadını bilməz
bağlı-bağlı pəncərələrdən küsməyin,
örtülü-örtülü pərdələri çəkə bilməməyin...
bəs başına-başına döyməzsənmi,
birisi desə, ay bala,
onu-bunu nahaq qaxınc etdin başına...
sən onlara baxma,
onların nələri yox idi, nələri –
yuxuları,
duaları,
anaları...
onunsa bircə iyirmi doqquz yaşı vardı,
iyirmi doqquz yaşı...
***
bütün sualların cavabı
bir qağayının dimdiyindəymiş, demə,
demə, olanlar kabusmuş,
oyanıb "bismillah" deyəcəm,
bir də deyəcəm, məni bağışla,
butun kabuslara bağışla məni.
hər şey birdən oldu,
birdən oldu hər şey:
əvvəl bir burulğan göründü uzaqdan,
lap uzaqdan,
qara, qorxulu,
kabus kimi qorxulu.
sonra gözlərimi qum tutdu,
o tutdu gözlərimi.
yuxularıma süd sızdı o gecə,
o gecə bütün kollar
kəklikotu qoxuyan lalələr açdı,
bütün ağaclar balıq qoxuyan gilaslar gətirdi.
bağışla,
o gecə qırmızı yağmurluqdan savayı
əynimə heç nə gəlmədi,
bağışlama məni,
göy qurşağı rəngində yağan balıq yağışından
qaçmağa yer tapammadım.
daha heç nə gözləmirəm,
məni gözləyən bircə sabahlardı,
onlar da gözləri qumla dolu,
açılmaları qorxulu.
gecələr işığı yanılı qalan pəncərələrin
yozumu çox olar, bilirsən...
bilirəm, sən hər şeyi bilirsən.
bağışla, bu yellənən yelləncəyin
bir ipi qırıqmış, demə,
bağışla, bu yelləncək
ağaca etdiyi dualarında yellənir,
ona toxuna bilmərəm.
qorxma, qorxma, ay ömrüm-günüm,
kuzənin çatının əksidir,
ildırım deyil göydə çaxan...
mənsə saymağı öyrənirəm hələ,
hələ də on birdən başlayıram.
dördüncü dəfə iyirmidə saxla məni.
bu dəfə saxla məni
tut əlimdən, gir qoluma, saxla məni.
de ki, evimizə getməliyik,
nolar, dilə tut məni...
sən bilirdin, sən bilirdin,
o hər şeyi bilirmiş,
həmin o qağayı...
günah məndədir,
hər şeyi bilirmiş o qağayı...
***
sən bircə dəfə sormadın
bir dərdin varmıdır? – deyə.
səndən umduqlarım qədər
səndən küsəmmirəm, niyə?!
keçirəm hər yanlışından,
keçirəm səhvindən elə.
sən hər məni "sındıranda"
sənə sığınıram yenə.
sən bircə dəfə sormadın,
niyə bu qədər susuram,
varlığından inciyəndə
yoxluğuna üz tuturam.
sən bircə dəfə sormadın
istimi, soyuqmu mənə?
mən acmıyam, susuzmuyam –
yox isti-soyuğu sənə.
"niyə bunları sormadım?.." –
deyə, özünü çox yorma.
sən "dost" adında düşmənsən,
bircə "niyə"sini sorma.
***
o beli at çiynindən,
torpağı belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...
bəlkə, bir əsər çəkəsən?!
bilmirsən? öyrənərsən! –
böyük, lap böyük...
əvvəl bir çay çəkərsən –
axsa da olar, axmasa da.
sonra bir cam çəkərsən,
hardasa oralarda –
dolu olsa da olar, boş olsa da.
yaxınlıqda bir tut ağacı olsun,
amma qara tut –
barı olsa da olar, olmasa da.
amma altında adam çəkmə:
əllərində bel görsək, neylərik,
necə deyərik:
– torpağı belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...
daha vaxtdır, qalx, yola çıx
indi sənə bircə işarə lazımdı.
– al! bu da yağış...
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Həmidə Cavanşirin boynundakı medalyonda Mehmandarovun şəkli niyə vardı? - I YAZI
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə varan Qazi Mustafa Kamal Paşa Atatürkün Fətih dastanının təntənəsi olaraq köşkdə ilk mətbuat konfransı düzənləndi. Konfransı Kərim bəy Mehmandarovla birlikdə DİFAİ Partiyasının quran, “Kaspi”nin, “Fyüzat”ın, “Həyat”ın, “İrşad”ın memarlarından biri, Şuşalı Əhməd bəy Ağaoğlu təşkil etmişdi. Konfransda Atatürkə tarixi bir sual verilmişdi: “Uğrunuzun mayası nəyə bağlıdır?” Qazi tərəddüd etmədən söyləmişdi: “Ətimin və sümüyümün yiyəsi Əlirza əfəndidirsə, ruhumun yiyəsi Ziya Göyalpdır”. Ziya Göyalpın ruhunun yiyəsi Əli bəy Hüseynzadə, onun ruhunun yiyəsi Hacı Zeynalabdin Tağıyev, ən yaxın silahdaşı, dostu, arxadaşı isə Əhməd bəy Ağaoğlu idi.
Tale elə gətirib ki, kimsə soyunu, soy-kökünü, millətini, məmləkətini, valideynlərini seçə bilmir. Ona alın yazısı deyirlər. “İxtiyar mənimdir, xalqa nə borcdur!?” hikmətinə tapınanlar isə sənətini, işini, peşəsini, dostunu seçməkdə azad ruhunun dalıyca gedir.
Milli-mənəvi dəyərlər tariximizdə Nizami Gəncəvi - Xaqani Şirvani, Şah İsmayıl Xətai - Qurbani, Nəimi - Seyid İmadəddin Nəsimi, Əlişir Nəvai - Hüseyn Baykara, İbrahimxəlil xan - Molla Pənah Vaqif, Hacı Zeynalabdin Tağıyev - Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov - Sultan Məcid Qənizadə dostluğu, arxadaşlığı olub. Bu dahilərin dostluğu Yaxın və Orta Şərq mühiti üçün qəbul olunandır. Şərqdə qadın-kişi dostluğu adətən başqa cür yozulardı.
Yalnız üç cüt müqəddəs dostluq var ki, o milli-mənəvi dəyərlər tariximiz üçün sözün həqiqi və məcazi mənasında hadisə idi. Mahmud ağa - Mirzə Güllər, Xurşidbanu Natəvan - Qasım bəy Zakir və bir də Həmidə xanım Cavanşir - Kərim bəy Mehmandarov dostluğu. Birincilər Şamaxının, ikincilər Qarabağın elmi-mədəni mühitində qoşa qanada döndülər. Odlar Yurdu Azərbaycanı zirvələrə qaldıranların sırasında yer aldılar. Hər üç cütlük sarayda sultan olsa da, millətə sonsuz, hüdudları məlum olmayan sevginin nümunəsinə, cəhalətdən qurtuluşun simgəsinə, bəlgəsinə döndülər. Mirzə Güllərin ruhunun atası, soyu, soy-kökü, şəcərə dəftəri ilə Nadir şah Əfşara, Əfşarlar sülaləsinə, Şamaxı xanı Mustafa xana, Şirvan şahlarına bağlı olan, adını tarixə sənətin, mədəniyyətin, elmi-irfanın, muğamların, xalq mahnılarının, aşıq sənətinin himayədarı, Muğam Mərkəzinin qurucusu kimi yazan Mahmud ağa xanəndə Güllərin şərəfinə malikanəsində “Qızılı Salon”u tikdirdi. Muğam müsabiqələri təşkil etdi. Zamanın, quruluşun qadağalarına rəğmən qalifeyi şalvar geyən, buxara papağının altında bir cüt hörgünü gizləyən xanəndə Güllər - Mirzə Güllər kimi Şamaxıdan İsfahana, Qarabağdan Türküstana, Borçalıdan Anadoluya, Dəmirqapı Dərbənddən İraq-Türkmən ellərinə səs saldı. Sadıqcanın tarından, Cabbar Qaryağdıoğlunun qavalından, Aşıq Bilalın şirmayi sazından qopan muğamlar, xalq mahnıları, təsniflər həm də Mirzə Güllərin məxməri səsi, qaltanlı ifası ilə zinətləndi. Mirzə Güllər dəvət aldığı bütün məclisləri “Mahmud ağa Gərayısı” ilə başlayıb onunla bitirdi. Bu bir müphəm sevginin, gündə bir kərpic hörülən eşq sarayının harayı idi. El yatmazdı harayından.
Nə mən olaydım İlahi, nə də bu Aləm
İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı, Qarabağ xanlığının son vərəsəsi - Xurşidbanu Natəvanın ustadları çox olmuşdu. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir. Bu mütəfəkkir alimlərin, müqtədir qələm sahiblərinin içərisində ancaq bir nəfərin sözü Xurşidbanu Natəvan üçün Tanrı kəlamı, Peyğəmbər buyruğu idi. Onların arası Dürrü yektanın saray qanununu pozduğu günə, Xasay xan Usmiyevdən sonra rəiyyət Seyid Hüseynlə nikahına qədər dəymədi.
Günlərin bir günü Xan qızı törəni, törə qanunlarını pozub, əsilzadələrin, Şuşanın zadəgan mühitinin üstünə yeridi. Kərim xan Zəndə meydan oxuyub Şuşanın, Qalanın təməlini qoyan üç sərkərdənin, Pənahəli xanın, Alagöz Məhəmmədin, Mirzəli Səmədin, Qarabağın nicatını Çar Rusiyasında görən vəziri-azam Molla Pənah Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirməkdən belə çəkinməyən Məhəmməd bəy Batmanqılıcın, “Kürəkçay”dan sonra kürəyinə ox sancılan, sarayında varisləri ilə birlikdə öz qılıncına doğranan İbrahim xanın ruhunu incitdi.
Şuşanın zadəgan-əsilzadə mühiti nə “Məclisi-üns”ə, nə “Məclisi-fəramuşan”a, nə də, Xan qızının xeyirxahlıq, yaxşılıq dolu qəlbinə baxmadı. Ondan üz döndərdi. Müqəddəs ruhların ah-naləsinə qoşulub “Zar könlü qəmə girifdar” olan Xan qızının “Nə mən olaydım İlahi, nə də, bu aləm olaydı” deyib, Abbasın ağrısı, oğul dağı ilə İmarət-Qərbəndə köçdüyü günə qədər bağışlamadı. Torpağın üzü soyuqdur deyirlər. Üzü soyuq, könlü isti torpaqda, Qarabağda Xan qızından iki soyun iki nümayəndəsi dönmədi. Mirzə Mustafa bəy Mehmandarov və Əhməd bəy Cavanşir.
Məni ailə adamı edən sən oldun
Mirzə Cəlil dünyasını 1932-ci il yanvarın 4-də, qarlı bir qış günündə, gündüz saat 3-də dəyişdi. Ruhu bədənindən qopmamışdan üç gün öncə üzünü Həmidə xanıma tutub söyləmişdi: “Mən öləndə molla çağırmayın!” Canını tapşırmamışdan iki gün öncə üz-gözünü, əl-ayağını yuduğundan “Meyit qüsulu” da verilmədi. Kəfənlənmədi də. “Molla Nəsrəddin”in, “Allahsız”ın qiyafəsində, “əyni kostyumda” yola salındı. Həmidə xanım onun son istəyini yerinə yetirdi. O, bu dünyaya hər bir qüdrətli kişinin arxasında bir qadın ömrü əriyir kəlamını gerçəyə çevirməyə gəlmişdi. Bu nə az, nə çox, düz 25 il çəkdi. Hər günü bir əsrə bərabər 25 il. Göz yaşının sel olduğu, inamına doğrandığı, Kəhrizli, Şuşa, Tiflis, Təbriz, Bakı arasında əriyən ömründə iki dəfə Mirzə Cəlildən etiraf eşitmişdi: “Mən ailə üçün yaranmamışam. Mahiyyətcə dərvişəm. Xasiyyətim ağırdır. Əsəbiyəm. Başa düşürəm ki, mənimlə birgə yaşamaq çətindir. Uşaqları tərbiyə edə bilmirəm. Məni ailə adamı edən sən oldun.” “Sənə layiq olmağa çalışıram.”
Həmidə xanım Mirzə Cəlilin üçüncü, Mirzə Cəlil onun ikinci nikahı idi. Mirzə Cəlilin ağır xasiyyəti ilk iki nikahını yarıda qoymuşdu. Faciə o yerə çatmışdı ki, Naxçıvanın əsilzadə, zadəgan mühiti yol verməsə də, hökumət işinə girib Nazlı xanım Kəngərli ilə ailə həyatı qursa da, onu da, ağır dərdə mübtəla etmiş, hətta ölümünə belə bais olmuşdu.
Həmidə xanımın 16 yaşı olanda Bərdə zadəganlarından olan Polkovnik İbrahim bəy Davatdarova ərə verilmişdi. Bu nikahdan onun Mina və Müzəffər adlı iki övladı dünyaya gəlmişdi. Brest-Litovskidə və Qarsda hərbçi kimi xüsusi nüfuz qazanan Davatdarov Qafqaz Albaniyası Knyazlarına bağlı idi. Rusiya-Türkiyə müharibəsindən sonra Qarsda konsul vəzifəsinə təyinat alan Davatdarovun ölümündən beş il sonra belə dul qadın ömrü sürən Həmidə xanım Cavanşir 1906-1907-ci illərdə iki dəfə Tiflisdə Mirzə Cəlildən evlilik təklifi alsa da, nə ilk məktuba, nə də ikinci təklifə cavab verməmişdi. Qızı Mina xanım Davatdarova Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirdikdən, Mirzə Cəlilin katib kimi çalışdığı Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti ilə Tiflisdə və Qarabağda mühüm layihələr gerçəkləşdirdikdən, atası Əhməd bəy Cavanşirin kitabının “Qeyrət” mətbəəsində çapına nail olduqdan sonra “Molla Nəsrəddin”ə könül verməyi qərarlaşdıran Həmidə xanım ona “yoldaş və arxa” olmağı qəbul edir. Bu addımın əsilzadə şərəfinə, zadəgan tituluna yad olduğunu bilsə də. Mirzə Cəlili Tiflisdən Kəhrizliyə qonaq dəvət edən Həmidə xanım da, Mirzə Cəlil də öncə qərar alır ki, məsələ üstü örtülü qalsın. O, qohum-əqrəbaya “Minanın müəllimi-Məhəmməd Həsənov” adında təqdim olunsun. Elə də edirlər. İki gün keçmiş Kəhrizliyə varan Həmidə xanımla Mirzə Cəlil gəlişin üçüncü günü Mirzənin istəyi ilə nikah məsələsini tezləşdirməyi qərara alır. Həmidə xanımın qohum-əqrəbası çox idi. Onun Xan sarayı qədər əzəməti vardı. Pənahəli xanın, Batmanqılıc Məhəmmədin, Mehrəli bəyin, Cəfərqulu bəyin, Əhməd bəy Cavanşirin soyuna bağlı idi. Hamıdan, hər kəsdən öncə isə məlumat bir nəfərə verilməli, onun rizası, xeyir-duası alınmalı idi. O, Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov idi.
Topxana meşəsində açılan atəş
Həmidə xanımın yaxşı at çapmağı, quşu gözdən vurmağı, “Mauzer”i göydə oynatmağı vardı. Bu ona atasından miras qalmışdı. Əhməd bəy Cavanşir Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş, Petroqrad Hərbi Akademiyasının Kadet məktəbini bitirmiş, bir çox müharibələrin iştirakçısı olmuşdu. Göstərdiyi igidliklərə görə orden-medallar almaqla yanaşı, “dəli Əhməd titulu” qazanmışdı. Onun dostları çox olsa da, bir dostunun yeri həmişə əvəzsiz olmuşdu. O, Doktor Kərim bəy Mehmandarov idi. Pənahəli xanla birlikdə Şuşanın-Qalanın təməlini qoyan Mehmandar Mirzəlinin nəticəsi.
Həmidə xanım Kərim bəy Mehmandarovu üstündən illər ötəndən sonra, ilk dəfə Topxana meşəsində görmüşdü. “Mauzer”indən açdığı atəş Mehmandarovun sağ çiynini sıyırıb keçmişdi. Bu ilk tanışlıq cavan həkimdə qəribə duyğular oyatmışdı. Kərim bəy Sankt-Peterburq Tibbi Cərrahlıq Akademiyasını bitirmişdi. Aleksandra Mixaylovna Dolqanova ilə nikahında Mixail adlı oğlu dünyaya gəlmişdi. Sonra ayrılmışdılar... Kərim bəy 1883-cü ildə Vətənə dönmüş, Yelizavetpol (Gəncə) Quberniyasında həkimliyə başlamışdı. Topxana meşəsindəki təsadüfi görüş onun ən gözəl təsadüfü, daha doğrusu gerçəyi olmuşdu. Batmanqılıcın və Mirzəli bəyin törəsi bir bədəndə iki can - Azərbaycan olsa da, araya Davatdarovun nişan üzüyü çəpər çəkmişdi. Rus Əhmədin - Əhməd bəy Cavanşirin Silahdaşı ilə Həmidə xanımın Sirdaşı illər sonra yenidən, elə bura da - Topxana meşəsində üz-üzə gəlmişdi. O zaman Kərim bəy Mehmandarov Bəhmən Mirzə Qacarın qızı, Qacarlar sarayının şahzadəsi Zəri xanım Qacarla, Həmidə xanım da son aylarını yaşayan atası Əhməd bəy Cavanşir və iki övladı - Mina və Müzəffərlə başmaq seyrinə çıxmışdılar. Gül bülbülü, bülbül gülü çağırsa da, könlü viran Kərim bəylə, taxtı talan Həmidə xanımın arasında elə də bir fərq yox idi...
Əbədi sevginin xatirəsi - “Gümüş Medalyon”un əfsanəsi
“Molla Nəsrəddin” məktəbinin ciddi tədqiqatçısı, Azərbaycan teatr tarixinin bilicisi, unudulmaz Qulam Məmmədli deyirdi ki: “Ən çətin vaxtlarda dolanışıq və Mirzə Cəlilin əsərlərinin çapı, kitablarının nəşri ilə bağlı hər şeyindən keçən Həmidə xanım heç vaxt boynundakı “Gümüş Medalyon”a toxunmamışdı. Vəsiyyət etmişdi ki: “Öləndən sonra da, boynundan çıxarmasınlar.” Onun niyə bu qədər qiymətli olduğunu bilmirdim. Ölümündən iki gün qabaq məni çağırdı. Medalyonun qapağını açıb göstərdi. Medalyona iki şəkil həkk edilmişdi, atası Əhməd bəy Cavanşirin, bir də Kərim bəy Mehmandarovun (Kərim bəy Mehmandarov görkəmli ictimai-siyasi xadim idi. 1906-cı ildə erməni-müsəlman soyqırımları zamanı Əhməd bəy Ağaoğlu ilə birlikdə DİFAİ Partiyasını qurmuş, erməni daşnaklarının cəzasını kəsənlərin rəhbəri olmuşdu). Kərim bəy Mehmandarov medalyonu ona ilk tanışlıqları zamanı Topxana meşəsində vermişdi. Həmin gün Həmidə xanım “Mauzer”i ilə onun sağ çiynini yaralamışdı. Sonra da, dəsmalı ilə yarasını sarımışdı. Kərim bəy həmin dəsmalı ömrünün sonuna qədər cibində gəzdirirmiş. Bunu mənə rəhmətlik Cabbar Əmi – (Cabbar Qaryağdıoğlu) demişdi. Həmidə xanım həmin gün qoynundan kiçik bir kisə də çıxardı. Medalyonu və kisəni ürəyinin başına sıxdı. Kisəni göstərib dedi: “Əhməd bəyin, bir də, Kərim bəyin məzarından öz əlimlə götürüb gətirdiyim torpaqdır. Dəfn edəndə gözlərimə tökərsiniz. Biri sağ, o biri, sol gözümdür”. Həmidə xanım qürurlu adamdı. Bu sirri bir Allah, bir o, bir də belə çıxdı ki, mən bildim. Onun dediklərinə əməl etdim. Həmidə xanım hər şeydən, hamıdan küskün getdi. “Qələmi qırılsın yazı yazanın. Ağabəyimə, Gövhərbəyimə, Banubəyimə, mənə yazı yazanda qəm dəftərində yer qoymadı” deyirdi. Mirzə bir dəfə onun boynundakı medalyonla maraqlanır. Medalyonu açır, sonra götürüb yerə çırpır. Bu evliliklərinin ilk vaxtlarında olur. Həmidə xanım onu qaldırıb boynundan asır. “Bir də toxunsan, Gedərəm! Həmişəlik Gedərəm!” deyir. Mirzəni ölənə qədər bu hərəkətinə görə bağışlamır. Onlar ayrılmadılar, amma elə ayrı kimi yaşadılar. Mirzə həm əvəzsiz, həm də, naqolay adamdı. Bacısı Səkinə xanım Həmidə xanımla dərdləşib söhbət edəndə deyərmiş: “Qardaşım Cəlilin bütün evliliklərində bəxti gətirib. Onun birinci və ikinci arvadları çox yaxşı qadınlar idi, onu qəlbən sevirdilər. Ancaq qardaşım heç vaxt xoşbəxtliyinin qədrini bilməyib, bu qadınları da, bədbəxt edib.”
Kəhrizlidən Şuşaya göndərilən teleqram
Həmidə xanım Mirzə Cəlillə kəbin məsələsini gerçəkləşdirmək qərarını alanda, xeyir-dua üçün ilk xəbəri Kəhrizlidən Şuşaya göndərir. Teleqram vurub atasının silahdaşını, özünün qəlb sirdaşını - Kərim bəy Mehmandarovu çağırtdırır. Kərim bəyin qohumu, ailə həkimi, ən əsası atasının dostu kimi üstündə haqqı-sayı vardı. Əhməd bəy Cavanşir dünyasını dəyişəndə qızının əlini onun ovcuna qoyub, əmanət etmişdi. Bu azmış kimi Doktor Mehmandarov onun cənazəsini çiyninə alıb atası Cəfərqulu bəy Cavanşirin və anası Zöhrə xanım Cavanşirin ortasında torpağa vermişdi. Doğmaları, qohumları çox olsa da, atasız, arxasız dünyada Həmidə xanım üçün tək və yeganə doğma insan Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarovdu.
O, bunu Mirzə Cəlilə anlatmaq üçün “çox çəkdi”. Canından çəkəcək qədər çox. Baxmayaraq ki, “Molla Nəsrəddin”in “dinləmək və anlamaq” kimi dərdi var idi. Bu barədə “Xatirələrim”də yazan Həmidə xanım qeyd edir: “Teleqraf göndərib mərhum atamın əziz dostu və ailə həkimimiz Kərim bəy Mehmandarovu bizə dəvət etdim. Doktor Kərim bəy Mehmandarov Şuşada yaşayır və işləyirdi. O, gizli inqilabi fəaliyyət göstərən Süleyman bəy Mehmandarovun əmisi idi. Doktorla öz xəstəliklərindən başqa, həyatımda etmək istədiyim dəyişikliklərlə bağlı məsləhətləşmək istəyirdim. Artıq beş il idi ki, dul idim. Həyat yoldaşım polkovnik İbrahim bəy Davatdarov vəfat etdikdən sonra, qətiyyən ərə getmək fikrim yox idi. Durumu Kərim bəy Mehmandarova danışdıqdan sonra, o, mənə belə cavab verdi: “Sizin bu istəyiniz məni təəccübləndirmir; Gec ya tez kimi isə sevməli və ərə getməli idiniz. Etdiyiniz bu seçim isə mənim xoşuma gəlir. Mirzə Cəlil nadir istedad sahibidir. Onun böyük gələcəyi vardır. Ancaq onun öz mühüm fəaliyyətini buraxıb bura, sizin yanınıza gəlməsi təəssüf doğurur. Eyni zamanda sizin də qara camaat arasında apardığınız lazımlı fəaliyyəti buraxıb şəhərə köçməyiniz öz növbəsində təəssüf doğurur. Ayrılıqda sizin hər ikiniz cəmiyyətimiz üçün çox gərəkli ictimai xadimlərsiniz, ancaq bir yerdə bir-birinizə mane ola bilərsiniz. Ziyalı qadınlar, adətən ərlərinə qarşı çox tələbkar olurlar. Hər bir hərəkətlərinə görə, hesab sorurlar. Bu isə onları sıxır, bədbəxt edir. Bir az ehtiyatlı olun, onu qorumaq və çox şeylərin üstündən keçmək lazımdır...”
Sonralar həyatın çətin məqamlarında əziz həkimin qiymətli nəsihətlərini xatırlayaraq əslində özümü məcbur edirdim ki, Cəlili bağışlayım və onun şəxsi işlərinə müdaxilə etməyim...”.
Könlünə girən gözdən uzaq olanda nə olur ki?
Kərim bəyin etiraz dolu, həm də, üstüörtülü dediyi məsələlər Həmidə xanımın taleyi oldu. Xidmətçi Olqa Şipyaginanın nikah məsələsinə münasibətini “Xatirələrim”də qələmə alan Həmidə xanım yazır: “Olqanın Mirzə Cəlildən heç xoşu gəlmirdi. Hesab edirdi ki, onun çox amansız gözləri var və məni bədbəxt edəcək. Ağlayır, yalvarıb-yaxarırdı ki, ona ərə getməyim”.
Həmidə xanımla Mirzə Cəlilin münasibətinə etiraz edənlərdən biri də, Qasım bəy Zakirin qardaşı oğlu Mustafa bəy Behbudov olur. Nikaha dəvət məktubunu alan Mustafa bəy məktubu qaytarmaqla kifayətlənmir. “Mən bundan sonra Həmidə xanımın heç bir tapşırığını yerinə yetirməyəcəyəm. Bundan sonra onu, heç tanımaq da istəmirəm”.
Xurşidbanu Natəvanın Seyid Hüseynlə nikahında olduğu kimi “Küllü-Qarabağ” bir yana olur, Həmidə xanım bir yana. O, Mirzə Cəlilin, Kərim bəy Mehmandarov da onun oduna yanır. Onlar iki bədəndə bir can - Azərbaycan olub, Əbədi sevginin xatirəsini - “Gümüş Medalyon”un əfsanəsini yaratdılar. Mövlana Cəlaləddin Rumiyə qoşulub “Könlünə girən gözdən uzaq olanda nə olur ki?” dedilər.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
“Xirtdəyə qədər dua” - Vəli Efenin şeiri haqqında bir neçə cümlə
Nizami Bayramlı, “Ədəbiyyat və incəsənət” üçün
Bu şeir mövzusuna görə Tanrı ilə insan arasında olan münasibətin poetik ifadəsidir, di gəl ki, qurulan münasibət ənənəvi deyil, daxili sarsıntı ilə yüklənmişdir. Görünən mənzərə budur ki, müəllif bu şeirlə xirtdəyə qədər dua edib.
Şeirin ilk misrasına nəzər yetirsək, aydın şəkildə görərik ki,– “Zülmət qaranlıqdır bu” – müəllif məkana və ruha aid olan dərin bir boşluğu diqqətə çatdırır və dərhal ekzistensial kontekstə keçir. Və misradakı “zülmət” sözü sadəcə fiziki qaranlıq deyil, insanın mənəvi qaranlığı, yolunu, ümidi və Tanrını itirmə halıdır. Bu cür başlanğıc oxucunun şeirin emosional tonuna uyğunlaşmasını təmin edir və bütün struktura qaranlıq bir fon verir.
İldırımın “çaxması” isə bu qaranlığa bir anlıq işıq salmaq istəyi deyil, həm də Tanrıdan gələcək ani bir əlamətə ehtiyacdır.
“Çaxa nolar, çaxa nolar, ilahi” təkrarı şeirdə dua formasını xatırladır, amma bu dua boyun əymək yox, üsyankarlıqla yüklənib.
Təkrarlar burda texniki yox, funksional poetik elementə çevrilib – onlar emosional gərginliyi artırır və səsin təkrar-təkrar dərinlikdən gəldiyini hiss etdirir.
Bu struktur, müəyyən mənada zikri xatırladır – amma Tanrını xatırlamaq yox, Tanrını çağırmaq zikri.
Növbəti misralarda “bir anlıq işığın” qaranlığı “yıxması” arzusu, əslində, ilahi toxunuşa duyulan ümidsiz ehtiyacdır.
Müəllifin məqsədi işığa çıxmaq deyil, qaranlığın dağılmasını təmin etməkdir – bu isə artıq xilas yox, məhv arzusudur.
Burada pozitiv ilahi gözlənti yox, qaranlığın içində əriyib getməkdən qorxu var.
İkinci bənddə keçmiş, bu gün və gələcək arasında qurulan münasibət tamamilə dekonstruktivdir – zaman parçalanmış, dəyərlər silinmişdir.
“Dünənim lənətlənib, bu günüm cadulanıb, sabahıma qıyılacaq” misrası ilə müəllif zamanın bütün təbəqələrini mənfi hal kimi təqdim edir.
Bu ifadələr poetik yox, fəlsəfi tutum daşıyır – burada insanın taleyi deyil, zamanla münasibəti sorğulanır.
“Əlimi tut, ilahi” deməklə şair əvvəlki üsyanı unutmur, sadəcə çarəsizliyə keçid edir.
Bu keçid, Tanrıya qarşı duyulan ikili münasibəti göstərir – həm qəzəb var, həm ümid.
“Boğazımacan doluyam, kirpiyiməcən yağışam” misrası klassik təhkiyədən uzaqlaşıb modernist poetikaya yaxınlaşır.
Burada obraz yaradılmır, hal təcrübəsi verilir – yəni şair özünü hiss, su və ah kimi təqdim edir.
Bu hal konkretlikdən uzaqdır, amma məcaz gücünə əsaslanaraq oxucuya real ağrı yaşadır.
“Bir məhşər aham, qarğışam” misrası isə obrazın kulminasiya nöqtəsidir – burda artıq insan yox, qiyamətə bərabər bir ruhi partlayışdan bəhs edilir.
Bu misra şeirin ritmini artırsa da, sonrakı sətirlərdə bu gərginliyin azaldılmaması müəyyən poetik tıxanma yaradır.
Oxucu fasilə gözləyir, amma ritm dayanmadan davam edir – bu da şeirdə nəfəs alma imkanını azaldır.
“Dilimi tut, ilahi” deyimi, Tanrıdan sükut istəmək kimi görünür, amma əslində, artıq sözə olan inamsızlığın ifadəsidir.
Sözə inamsızlıq – yazı üçün həm təhlükəli, həm də poetik cəsarətli bir fikirdir.
Şeirin üçüncü hissəsində “dönük üz” və “dönük söz” anlayışları üst-üstə gəlir, bu isə Tanrı ilə münasibətin kəskinləşdiyini göstərir.
Burada “dönük” sözü həm günahkarlıq, həm də etiraz mənasında işlənir – bu ikili məna oxucunu mövqeyini müəyyənləşdirməyə məcbur edir.
“Yaşamağım yükdü sənə?!” sualı poetik zərbədir – çünki bu, ilahi ədalətə açıq şəkildə toxunmaq cəhdidir.
Bu misra həm poetik, həm etik cəhətdən sərhəd misradır – onu yazmaq şairin məsuliyyətidir, oxumaq isə oxucunun.
“Yükünü at, ilahi” deyimi isə artıq səbirin sonudur – bu, Allahdan bağış deyil, qərar tələb etməkdir.
Bu nöqtədə artıq şair dua edən yox, haqq tələb edən mövqedədir – bu, modern dövrün poetik üslubuna uyğundur.
Sonra isə qəfil yumşalma gəlir: “Könlümə bax, ruhuma bax...” – bu, bir az əvvəlki sərtliyin yaratdığı tarazsızlığı aradan qaldırır.
Bu yumşalma şeirin daxili ritmini düzəldir və balansı bərpa edir.
“Yandırmağa bircə dəfə tükünü at...” misrası çox orijinal və metaforikdir, amma bir qədər qapalıdır.
Bu cür metaforalar oxucudan əlavə diqqət və ya kontekstual təhlil tələb edir.
Bəzən bu tip obrazlar şeiri zənginləşdirsə də, onun anlaşılma dərəcəsini azalda bilər.
Final hissəsində şair yenidən “dönüklük” ideyasına qayıdır – bu isə poetik dairəvi quruluş yaradır.
“Alnımı harana qoyum, yazıma sığal çəkəsən?” misrası həm metafizik sualdır, həm də qayıdış arzusu.
Bu nöqtədə şair artıq üz çevirməyi yox, sığal istəyini dilə gətirir – bu, daxili dramatizmin yumuşaldılmasıdır.
Şeirin son misrası – “İlahi, mən çox pisəm, sən necəsən?” – təkcə ən güclü poetik dönüş deyil, həm də varoluşsal sualdır.
Bu sual Tanrını cavab verməyə çağırmır, onu “hal” kimi anlamağa çalışır.
Bu da şeiri klassik teistik poetikadan fərqləndirən əsas cəhətdir.
Yəni burada Tanrıdan bağışlanma yox, başa düşülmə gözlənilir.
Bu gözlənti oxucuya tanış gəlir, çünki çağdaş insan üçün də Tanrı bir sığınacaq yox, sual yeridir.
Bütün bu elementlərə baxanda şeir çağdaş Azərbaycan poeziyasında fərqlilik ortaya qoyur.
Səmimiyyəti, ritmi, strukturu və fəlsəfi dərinliyi onu sıradan mətnlərdən ayırır.
Təkrarların sayı bir az azaldılsa, bəzi misralar yenidən düşünülüb ritmik nəfəs açılsa, şeir daha güclü olar.
Metaforaların bir qismini açmaq və ya onlara yön verəcək kontekstual ipucları əlavə etmək oxucunu çaşqınlıqdan qurtarar.
Vəli Efe hiss etdiyini deyil, hissin özünü yazıb – bu isə şairlik üçün vacib mərhələdir.
Şeirdəki qaranlıq təsvirləri insan ruhunun labirintindən xəbər verir – və bu labirintdə Tanrı da, insan da azıb.
Bəzi misralar istər forma, istər fikir baxımından müasir ekzistensial poeziya ilə səsləşir.
Burda Rilke, Celan, hətta Şəfiqə Əfəndizadənin bəzi səmimi fəryadlarını xatırladan notlar da var.
Bu şeir bir mövzu üzərində qurulmayıb – bu, bir halın tam mənzərəsidir.
Müəllif həyatın tən ortasında susub, içində danışmağı bacarıb.
Bu cür mətnlərdə yazı yox, hansı halda olursansa, o üstün gəlir – və bu, artıq poeziya deyil, yaşamdır.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Şəhidlər barədə şeirlər - Beyrək Fezullayev
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Beyrək Fezullayev
Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ilə Malıx əsas məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinfi davam etdirib. 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.
Beyrək Fezullayev 2015-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-ci ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "Qırmızı beret" sertifikatını qazanıb.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00-03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Beyrək Fezullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Havası cənnəthava,
Yeri gül-çiçək şəhid.
Özü Oğuzelindən,
Adı da Beyrək şəhid!
O özigidliyini
Vətəndən, yurddanalıb,
Sanki xeyir-duanı
Dədəm Qorquddan alıb.
Alıbdı Qazanxanın
Gücünü şimşək kimi.
Köynəyini göndərib
O, Bamsı Beyrək kimi.
Onun köynəyindəki
Qanı şəhid qanıdı.
Onu igidliyiylə
Bütün vətən tanıdı.
Tanıdıq bu torpağın
Dərdinə tən balasın.
Kasıb komadan çıxan,
Varlı vətən balasın.
Acısı özü boyda,
Özü öldüyü boyda,
Bir qızın barmağında
Nişan üzüyü boyda.
Özü boyda yara var
Yoxluğunun içində.
Elə bil hamı gedir
Tabutunun içində.
Qələbə tabutu da
Vətənlə dolan şəhid.
Qəfildən arzuları
Xatirə olan şəhid.
Daha narahat olma,
Düzələr yavaş-yavaş.
Havalar soyuq keçir,
Özünü qoru, qardaş!
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Nə üçün ən parlaq rəngləri çəkmək yerinə divarı qaraya boyayırsan? -ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən oxuduğum kitabdakı bir söz, bir cümlə belə məni o ana aparır. O an hər şey gözümün qabağında dayanır. İçim sıxılır, getdikcə daralıram. Başımın hərləndiyini hiss edirəm. Boğazım düyünlənir, sözlər boğazımda ilişib məni boğur. Mən sadəcə bir cümlə deyə bilirəm: “Bunu mənə niyə etdin?”
Amma cavabı səbəbsizdir. Açdığı yara isə səbəbsiz yaranan səbəblər dənizində boğulur. Nə suyun üzünə çıxacaq qədər yüngül, nə də dərinlərə batacaq qədər ağırdır. Ən çətin olan da budur: nə bata bilir, nə də azadlığına qovuşa. Bizi bu ana məhkum edən qüvvəni anlaya bilmirəm.
İnsan sevdiyi divarlara ən parlaq rəngləri çəkmək yerinə, nə üçün onu qaraya boyayır? O divarların hansı rəngi sevdiyini soruşdunmu heç?
Qaranı sevməyən divarı inadla qaraya boyamaqdan vaz keç.
İcazə ver, o divarlar rahat nəfəs alsın, günəş görsün, sevdiyi rəngi özü seçsin. Çünki hər seçim sənin rəngindir.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Şəhid ailələri və Qarabağ fatehləri diaspor gənclərinin yay düşərgəsində
Xankəndidə keçirilən Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və Qarabağ fatehləri ilə görüş olub.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin şöbə müdiri Cavid İsmayılın moderatorluğu ilə baş tutan panelin fəxri qonağı Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub. Paneldə şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova, şəhid mayor Sənan Qasımovun anası Dürdanə Qasımova, şəhid MAXE Xəqani Nəsirovun atası Kamran Nəsirov, şəhid əsgər Fərhad Fərhadlının anası Gülümnaz Fəhrədova və Qarabağ fatehləri iştirak ediblər.
Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
Sevinc Orucova çıxışında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhid və qazilərimizin xalqın milli birliyinin və dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda önəmli missiya yerinə yetirdiyini söyləyib. Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edib, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, Qarabağ fatehləri isə keçdikləri döyüş yolundan danışıblar. Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımızı azad Xankəndidə görməyin onlar üçün qürurverici olduğunu vurğulayıblar. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizin çıxışları gənclərdə böyük qürur hissi yaradıb. Onlar bir çox məqamlarda göz yaşlarına hakim ola bilməyiblər. Özbəkistandan olan iştirakçı Xulkaroy Racapovanın şəhidlərə həsr olunan şeiri səsləndirməsi böyük rəğbətlə qarşılanıb.
Gənclər düşərgənin Xankəndidə təşkilinə görə Azərbaycan dövlətinə sonsuz təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Nar elementi, şərq mifologiyası, Abşeron – ümumən TOĞRUL NƏRİMANBƏYOBUN 95-İ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın dünya rəngkarlığına bəxş etdiyi ən azman sənətkarlardan biri Toğrul Nərimanbəyovdur. Palitrasının rəngarəngliyi, xüsusən folklora və mifologiyaya söykənən millilik onun əsərlərini dünyaya sevdirərək, eyni zamanda vəsf etdiyi Azərbaycanı da sevdiribdir.
Bu gün onun anadan olmasının 95 illik yubileyidir, əminəm ki, ölkə gündəmində onun anılması başlıca yer tutacaqdır.
SSRİ-nin və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulub. 1930-cu ilin sonlarında atası Fərman Nərimanbəyov Avropada təhsil alan digər azərbaycanlılar kimi represiyyaya məruz qalıb və Sibirin Marinski şəhərinə sürgün edilib. Daha sonra anası – milliiyətcə fransız İrma xanım da həbs edilərək sürgün edilib. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayıb. Daha sonra məktəbə başlayıb və səhərlər dərsə gedib, axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alıb.
1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması, əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya, daha sonra Səmərqəndə sürgünə göndərilib. Valideynləri həbsdə olarkən Toğrul və qardaşı Vidadiyə polyak əsilli dayələri Anna Andreyevna baxıb. Sonralar Nərimanbəyov dayəsinin portretini çəkərək tabloya "Ana" adını verib.
1946-cı ildə Toğrul əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1950-ci ildən isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alıb. 1955-ci ildə buradan məzun olub. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı da öyrənməyə başlayıb. Toğrul anası ilə tələbəlik illərində Səmərqənddə görüşüb. 1961-ci ildə anası bəraət alıb Bakıya qayıdıb. Bir müddət sonra amnistiyaya düşən atası Fərman bəy Nərimanbəyov da Sibir sürgünündən vətəni Azərbaycana qayıdıb.
1980-ci illərdən sonra Toğrul Nərimanbəyov bir sıra ölkələrdə yaşayıb. İlk əvvəl Bakıdan Moskvaya səyahət edən rəssam bir müddət burada yaşadıqdan sonra 1989-cu ildə ABŞ-ın Massaçuset ştatının Boston şəhərinə dəvət edilib və burada fərdi sərgilər açıb. 1992-ci ildə Lüküsemburq şəhərinə köçüb. 1992-1993-cü illərdə sənət həyatını burada davam etdirib.Burada bir neçə salonda sərgiləri keçilib və böyük rəğbət toplayıb.
1993-cü ildə Lüksemburqdan Paris şəhərinə köçüb. Qısa bir müddət içində buradakı həyatına uyğunlaşan rəssam üçün Fransanı xüsusi edən səbəb anası İrma xanımın əslən fransız olması idi. Parisdə yaşadığı dövr rəssamın yaradıcılığının ən məhsuldar dövrlərindən biri hesab edilib.
Onun əsərləri Fransada "Fransa qalereyası" , Almaniyada "Müasir Sənət Muzeyi" (Köln), "Sənət Muzeyi "(Hagen), Polşada "Müasir Sənət Muzeyi" (Varşava), ABŞ-da "Milli Aironavtika Muzeyi "(Vaşinqton), Macarıstanda "Müasir Milli Sənət Muzeyi" (Budapeşt), Bolqarıstanda "Müasir Milli Sənət Muzeyi" (Sofiya), Rusiyada "Rusiya Milli Muzeyi" (Petersburq), "Tretyakov qalereyası" (Moskva), "Şərq Xalqları Muzeyi" (Moskva), "Bəstəkar Qlinka Muzeyi" (Moskva) kimi müxtəlif ölkələrin muzey və qalereyalarında sərgilənir.
Toğrul Nərimanbəyov "Fransa Müasir İncəsənət Ensiklopediyası"nda haqqında məlumat olan yeganə azərbaycanlı rəssamdır. Bu kitabda onun adı dünya şöhrətli rəssamlarla yanaşı yazılıb.
O, bacarıqlı rəssam olmaqla yanaşı həm vokal sənətçisi, həm də şair olub. Toğrul Nərimanbəyov klassik operalardan ariyaları, xüsusilə də italan bəstəkarların əsərlərini ifa edib. Rəssam 1996-cı ildə Bakıda "Kirxa" konsert salonunda, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, 2000-ci ildə Bolonyadakı (İtaliya) "Oratoria di San Rosso" zalında böyük konsertlər verib.
Rəssamın yaradıcılığı abstraksionizm və fiquratizm uslubuna aid edilir. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, həmçinin özünəməxsus üslubu ilə səciyyələnib. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinin rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olub.
Rəssam 1950-ci ildə Türkiyənin küçəsi adlı əsəri ilə Azərbaycan Dövlət Rəsm Sərgisinə qoşulub. Daha sonra 1953-cü ildə qardaşı Vidadi Nərimanbəyovu rəsm etdiyi “Qardaşımın portreti”, “Venera gecələri” əsərlərini ərsəyə gətirib. O ən uğurlu rəsmlərindən biri olan “Yaylaqdan dönüş” əsərini 1954-cü ildə tamamlayıb. Nərimanbəyovun 1955-ci ildə Litva İncəsənət Universitetinin rəssamlıq fakültəsində bitirmə dissertasiyası olan “Baltikyanı balıqçılar” əsəri rəssamın ilkin əsərləri sırasında ən qiymətli rəsm əsərlərindən biridir.
Rəssam ilk mənzərə və natürmort əsərlərində "sərt üslub" sənətindən təsirlənib. Onun bu istiqamətdə ərsəyə gətirdiyi ilk əsərləri “Bakıda bağ (qapı önü)” (1955), “Bayıl mənzərəsi” (1955), “Bakı günorta vaxtı” (1956) tablolarıdır. Onun 1963-cü ildə çəkdiyi “Ağaclar və qayalar” əsəri də bu istiqamətdə çəkilmiş mənzərə əsərlərindəndir. Bu yöndə çəkdiyi ilk natürmort əsərləri isə “Meyvələr”, “Qabaqla natürmort”, “Narlar və armudlar” əsərləridir.
Toğrulun ilk uğurlu əsərlərindən biri olan "Xəzərdə şəfəq" (1957) romantik üslubda çəkilib. Cəsur neftçilərdən bəhs edən “Fırtınadan da güclü” (1960), “Xoşbəxtlik” (1961), “Sevinc" (1963), nasist həbsxanasının çətin şəraitini təsvir edən "Həyat üçün" (1963) tablolarında dramatizm və rəssamın fəlsəfi fikirləri diqqəti cəlb edib.
O, yaxın dostu, Azərbaycanın digər məşhur rəssamı Səttar Bəhlulzadə ilə Azərbaycanın bölgələrini gəzib, “Göyçay bağlarında” (1965), “Bolluq” (1968), “Bərəkət” (1968) və s kimi əsərlərini bu səyahətlər nəticəsində meydana çıxıb. Nərimanbəyov mənzərə əsərlərində daha çox doğulduğu şəhər olan Bakını təsvir edib. Sənətinin orta dövrlərində kətan üzərində yağlı boya texnikası ilə “Köhnə Bakı” (1964), “Bakıda bahar” (1964), “Bakı” (1965), “Bakıda küləkli gün” (1977) tablolarını ərsəyə gətirib. Nərimanbəyovun Bakıya, onun tarixinə və memarlığına bağlılığı rəssamın tablolarında daha çox köhnə şəhər mənzərələrinin təsviri formasında özünü göstərib.
Mükafatları
1. "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. Azərbaycan SSR Dövlət mükafatı
4. SSRİ Dövlət mükafatı
5. "Qırmızı əmək bayrağı" ordeni
6. "SSRİ xalq rəssamı" fəxri adı
7. "İstiqlal" ordeni
8. "Şərəf" ordeni
Filmoqrafiya
- Toğrul Nərimanbəyov
- Qobustan
- Əllər və rənglər
- Dədə Qorqud
- Dantenin yubileyi
- Rənglərin melodiyası
- Salam, Zeynəb!
- Yeddi gözəl
- Toğrul
Dahi rəssam 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)
Həmidə Cavanşirin boynundakı medalyonun sirri: o, ərindən nəyi gizləyirdi? – ANONS
Bu gün sizlərə olduqca maraqlı bir yazı təqdim edəcəyik. Bu yazı Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Cavanşirin boynundakı medalyonun sirrindən bəhs edir.
Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlillinin qələmə aldığı yazı o uzaq tarixin bizə bəlli olmayan qatlarına işıq saçır:
“...Mirzə bir dəfə onun boynundakı medalyonla maraqlanır. Medalyonu açır, sonra götürüb yerə çırpır. Bu, evliliklərinin ilk vaxtlarında olur. Həmidə xanım onu qaldırıb boynundan asır. “Bir də toxunsan, Gedərəm! Həmişəlik Gedərəm!” deyir. Mirzəni ölənə qədər bu hərəkətinə görə bağışlamır.
Onlar ayrılmadılar, amma elə ayrı kimi yaşadılar...”
“Ədəbiyyat və incəsənət”
(07.08.2025)


