Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

 

1.                Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) 60 növ faydalı qazıntı çıxarılır. Bunlar arasında Qara metallar (Fe,Mn, Cr), nadir metallar (Ti, Ni, w, Mo, Re), rəngli metallar (Cu, Pb, Al, Zn, Mg), qiymətli metallar (Au, Ag, Pt) vardır.

2.                1832-ci il 14 yanvarda açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi.

3.                1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Təbii ki, şagirdlər yerli sakinlərdən - azərbaycanlı və ruslardan ibarət olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

qiş gecəsi boz dumana bürünür
qış gecəsi ay çox solğun görünür
bəyaz aya baxınca ürəyimiz üzülür
göz yaşları axmadan kipriklərə düzülür
mən də aytək saralıram soluram
mən də aytək  göyüzündə yalqız oluram
heç bilmirəm təqvimdə günlərdən hansı gündü
yenidən yaşamış kimiyəm indi
a luna kanula gülüm çiçəyim
parçalanır bu gecə parçalanır ürəyim
göydə ay solub gedir soyuq qış havasında
yuxuda səni gördüm bir bülbül yuvasında
mən yuxumun içində qarışdırdım yuxumu
sən bülbül yuvasından səsləyirdin ruhumu
mən qanımla ay rəsmi çəkirəm aynada
ilahi namaz üstə diz  çökürəm aynada
aynadakı bu adam nəyin nəsidi Allah
qeybdən bir səs gəlir kimin səsidi Allah
allahım bir zamanlar mən ay suvarisiydim
mən cənnətdən qovulan bir mələk varisiydim
ayrılıq acısı var bu gün şeirlərimdə
metropol həyatına alışmış bir şamanam
alnımda gözəl ayın öpücüyü görünür
mən artıq taleyimlə barışmış bir şamanam
iki gecədi ay çox solğun görünür
ömrümün aynasında sənin ruhun görünür

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

Çərşənbə, 06 Avqust 2025 14:43

Təvəkkül Boysunarın “Börnaut” hekayəsi

 

“Ədəbiyyat və incəsənət” portalı bu gün sizlərə Təvəkkül Boysunarın “Börnaut” hekayəsini təqdim edəcək.

 

 

 

Təvəkkül BOYSUNAR

 

 BÖRNAUT

      

Şirkət müdiri məni axşamkı iş yeməyinə dəvət eləyəndə əvvəlcə həvəssiz olsam da, restorana çatıb masa arxasına keçəndən sonra əhvalım yavaş-yavaş düzəlməyə başladı, çünki indi bizimlə eyni masada şıq geyimli gözəl xanımlar, yaraşıqlı bəylər əyləşmişdi və onların hamısı böyük şirkətlərdə yüksək vəzifə sahibi idilər.

Qısa tanışlıqdan sonra  sifarişlərimizin birinci hissəsi gətirildi və hər kəs əlini çəngələ atıb yeməyə girişmək istəyəndə qəfildən necə oldusa, danışmağa və masada oturanlara məsləhət verməyə başladım:

– Bir dəqiqə. Çəngəllərinizi işə salmamış, zəhmət olmasa, hamınız bir ağızdan "Bismillahir-rəhmanir-rəhim" deyin.

Masadakıların hamısı əl saxlayıb təəccüblə mənə baxdılar. Dediyim sözdən özüm də çaşdım və susmağa çalışsam da, heç cür bacara bilməyib danışmağa davam elədim:

– Bəli, hamı "Bismillahir-rəhmanir-rəhim" desin. Çünki əks halda cinlər də sizinlə bir yerdə sizin yeməyinizdən yeyəcək və nəticədə doya bilməyəcəksiz.

Cəmi dörd aydır işə düzəldiyim şirkətdə baş direktor məni ən yaxşı işçilərdən biri hesab edirdi, amma indi hardan gəldiyini bəlli edə bilmədiyim, qarşısını da heç cür ala bilmədiyim bu danışığım masadakı adamların təəccüb dolu nəzərlərini üzərimə çəkdikcə mənə elə gəlirdi ki, hər kəsin gözü qarşısında lümlüt qalıb rüsvay olmuşam.

Kiminsə təcili köməyinə ehtiyacım var idi, ancaq masadakı adamlar iş birliyi qurmaq istədiyimiz şirkətin nümayəndələri olduğu üçün mənə yad adamlar idi və onlar sadəcə təəccüb içində gah mənə, gah da bir-birlərinə baxır, arabir yanlarındakı şəxsə nəsə deyirdilər.

Mənsə bu lənətə gəlmiş dilimlə danışmağa hələ də davam edir və bütün çəngəlləri yeməkdən uzaqda tutub hər kəsi özümə qulaq asmağa məcbur edirdim:

– Özü də iş orasındadır ki, cinlər yeyəndə bizim kimi əllərini sabunlayıb yemirlər. Bildiyim qədəriylə, onlar əllərini yeməyə... belə.. necə deyim.. yəni çirkli-çirkli vururlar da. Ona görə deyirəm ki, mütləq "Bismillahir-rəhmanir-rəhim" deyin. Kim istəyər ki, yeməyinə o pis şey bulaşsın? Elə deyil, Minurə xanım?

Yaxınlığımda oturan və adını bilmədiyim qadına baxıb soruşdum və deyəsən, hətta göz vurdum.

Şirkətin direktoru, üzü qızarmış vəziyyətdə mənə baxır, nə edəcəyini bilmirdi. Axırda o:

– Araz bəy, sizə nolub? – deyə yerindən qalxdı, mənə sarı gəldi və qolumdan tutub sanki kömək etməyə çalışırmış kimi masadan qaldırmağa cəhd etdi.
Bu vaxt sanki özümə gəldim və sözlərimi bir-bir xatırlayıb vəziyyətdən çıxmaq üçün gülərək dedim:

– Həsən bəy, narahatlığa əsas yoxdu. Bu, sadəcə bir psixoloji eksperiment idi. Siz Allah, üzrlü hesab edin.

Masadakı şəxslərə təbəssümlə baxıb səliqəli və inandırıcı şəkildə cümləmi tamamladım və hiss etdim ki, deyəsən, vəziyyət düzəlir. Çünki onların bir çoxunun üzündəki çaşqınlıq yavaş-yavaş səngidi və yanımda ayaq üstə dayanmış şirkət direktoru öz yerinə keçdi.

Mənsə gərginliyi daha da azaltmaq üçün sözümə davam elədim:

– Həqiqətən, bağışlayın... Sadəcə, bu psixoloji eksperimenti mütləq müdirin və yad adamların olduğu məkanda etmək lazım idi.

Sonra sözlərimin daha da inandırıcı görsənməsi üçün növbəti cümlələrimi dilə gətirdim, amma hiss etdim ki, deyəsən, məni danışdıran yenə də bayaqkı naməlum qüvvədir:

– Əslində, bunu sirr saxlayırdım, amma mən psixologiya üzrə Nobel mükafatına namizədəm bu il. Namizədliyim artıq təsdiqlənib. Məncə, bu səbəbdən qüsura baxmayıb bağışlaya bilərsiniz mənim bu anormal eksperimentimi.

Hər kəsdən əvvəl şirkət direktorunun təəccüblü səsi gəldi:

– Ciddi deyirsiz, Araz bəy?

– Aha, bəli, inşallah, yaxın zamanlarda nəticələr açıqlanacaq.

Bayaqdan mənə dəli kimi baxan adamların hər biri masa arxasından öz təbəssümlü və nəzakətli təbriklərini ünvanlamağa başladı.

Bir az əvvəl “Minurə xanım” deyə müraciət etdiyim qadın, şirkət direktorunun üzünə baxıb:

– Deməli, Həsən bəy, işinizdəki uğurların sirri həm də bu cür istedadlı kadrlar imiş, hə? – dedi. Qarşılıqlı təbəssümlər masa üstündə o tərəf-bu tərəfə gəzişdi.

Artıq bayaqkı gərginlik keçmişdi. Amma şirkət direktoru:

– Vallah, əməlli-başlı şok yaşadıq. Başlayaq yeməyə, nuş olsun, – deyəndə və hər kəs çəngəllərini götürüb yeməyə girişmək istəyəndə mən ucadan:

– Bismillahir-rəhmanir-rəhim, – deyə qışqırdım və çəngəli balığa necə möhkəm batırdımsa, çəngəl balığın o biri üzündən çıxıb boşqabı cingildətdi. Hamı təzədən mənə baxdı.

Mən yenə özümə gəlib dedim:

– Və bu, sonuncu eksperiment idi. Artıq nöqtə qoyuldu. Amma fikirləşməyin ki, sizə yaşatdığım bu diskomfortu kompensasiya etməyəcəm. Xeyr, elə deyil. İçimdə ciddi bir əminlik var ki, qısa müddət sonra siz belə bir qonaqlıq üçün Azərbaycanın ilk Nobel mükafatçısının evinə yığışacaqsınız.

Masa arxasından müxtəlif səslər, uğur və alqış anlamlı sözlər gəldi.

Gənc və yaraşıqlı bəylərdən biri sual verdi:

– Araz bəy, çox maraqlıdır, namizədliyiniz rəsmi şəkildə təsdiqlənib? Nə əcəb mətbuatda bu haqda heç nə yazılmayıb?

– Aha, əlbəttə, təsdiqlənib. Sadəcə, mən lazımi şəxslərdən xahiş etdim ki, mətbuatda bircə şey də verilməsin bu haqda.

Boynundan yaşıl boyunbağı asılmış gənc qız:

– Niyə? – deyə soruşdu.

– Göz dəyməsin deyə. Dedim, birdən göz dəyər, bütün işlər korlanar. Mənə lazımdımı? Onsuz da nəzərdən möhkəm qorxuram.

Masada kimlərsə güldü, kimlərsə təəccüblə susdu. Danışmağa davam elədim:

– Əslində, mən iki il əvvəl də Nobelə namizəd olmuşdum. Özü də başqa sahədə. Ginekologiya. Qadın cinsiyyət orqanında indiyəcən kəşf olunmamış bir sıra maraqlı sinir nöqtələri tapmışdım və sən demə, bu sinir nöqtələrinə toxunaraq onların sevgi duyğularını müxtəlif istiqamətlərə yönləndirmək olurmuş. Təsəvvür edirsinizmi? Bu, kiçik tapıntı deyildi. Yəni təsəvvür edin ki, təxminən antena kimi də... Necə ki, antenanı sağa-sola tərpədəndə ekran gah aydın, gah bulanıq görsənir, eləcə də qadınların həmin sirli nöqtələrinə toxunanda, məcazi mənada desək, qəlbinə lazımi kişinin siması həkk olunur. Yəni vurulur da ona. O mənada. Siz Allah, üzrlü sayın, başınızı ağrıdıram, sadəcə, kimlərəsə maraqlı olar deyə, dedim. Yəni o kəşf balaca kəşf deyildi də.

Masadakı xanımlardan biri ayağa qalxıb əlindəki kiçik çanta ilə harasa getdi, mənsə nəzarət eləyə bilmədiyim danışığımın itirilmiş cilovunu axtarmaqdan birdəfəlik vaz keçib ağzımdan çıxan sözləri hər kəs kimi dinləməyə davam elədim:

– Həsən bəy, bəs siz hansı sahə üzrə Nobelə namizəd ola bilərsiz, hə?

Şikətin direktoru üzümə baxdı.

– Hə, Həsən bəy? Sizi deyirəm.

Sonra masadakı xanımlardan birinə baxdım və ağlıma gələn ilk adla müraciət elədim:

– Maşın kolleksiyası yığmaq üçün Nobel verirlərmi, hə, Cülyetta xanım? Sizcə, Həsən müəllimə verərlər Nobel buna görə?

Həsən müəllim nəsə dedi, masadakılardan da kimsə nəsə dedi. Onları sanki eşidə bilmirdim. Birdən hansısa qüvvə məni ayağa qaldırdı və sanki sağlıq deyirmişəm kimi, qədəhi əlimə götürüb, yan masalardakı şəxslərin də məni eşidəcəyi qədər uca səslə dedim:

– İcra hakimiyyətindəki işinizdən sonra həbsə düşmüşdüz. Çıxmaq üçün nə qədər xərclədiz, Həsən bəy? Görün nə qədər pulunuz var imiş ki, maşın kolleksiyanızdakı iyirmi üç maşına gərək qalmayıb, – səsimi daha da ucaltdım və digər masalara da baxaraq davam etdim:

Nəysə, əziz dostlar. Quranda bilirsiz, nə deyir bu haqda?

İndiyəcən heç vaxt öyrənmədiyim və dilimizdəki üç-beş sözündən başqa heç nə bilmədiyim ərəb dilində bir neçə cümləni səliqəli və cəzbedici şəkildə səsləndirdim:

– Vaylul-li kulli əlləzi cəməa mələv-və addədəh. Yəhsəbu ənnə mə ləhu axlədəh. Kəllə ləyumbəzənnə fil-hutaməh.

Beynimin bir tərəfi hər kəs kimi buna təəccüblənərkən, o biri tərəfi də indiyəcən üzünü belə açmadığım Quranın həmin ayəsini tərcümə edib, gözlərini diqqətlə mənə dikən və məni diqqətlə dinləyən yan masalardakı yad adamlara çatdırdı:

– Yəni ki, vay halına o adamların ki, onlar var-dövlət yığarlar, sonra da onu gecə-gündüz sayarlar. Onlar elə bilirlər ki, yığdıqları sərvət onları ölümsüzləşdirir. Elə deyil. Onlar adamı kül eləyən alovun içinə atılacaqlar, – qısa bir fasilə verib davam etdim. – Başa düşdüz? Bax belə. Mənlik bu qədər. Bunu içirəm sizin sağlığınıza, əziz digər masalarda əyləşən yoldaşlar!

Yerimə oturdum.

Aralı masalardan kimlərinsə gülüş səsi gəlirdi. Kimlərsə diqqətlə gözünü dikib sakitcə bizə tərəf baxırdı.

Ağ köynəkli ofisiant mənə yaxınlaşıb qulağıma tərəf əyildi, nəsə dedi, amma həmin an mən onu anlaya bilmədim.

Bir neçə dəqiqə sonra masada yeganə adam mən qalmışdım.

Çaxır sifariş etdim.

Saatlar keçdi...

Gecəyarısı ofisiantlardan biri gəlib:

– Müəllim, restoranı bağlayırıq, siz durmursuz? – deyə soruşdu.

         Qardaş, mənim yerimi orda salın da, bax orda –  qapının yanında salın. Bu gecə sizdə qalım, olar elə? – dedim.

Səhər üzü gözlərimi evdə açdım. Və telefonumun kontaktındakı son zənglərə baxıb evə necə gətirildiyimi təxmini olaraq başa düşdüm.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

Çərşənbə, 06 Avqust 2025 14:07

Haydı Törə yoluna, Ulu Türklük yoluna...

 

Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

“Rusiyanın içində bizə açıq qapılar var – sadəcə döyülməyi gözləyirlər...”

Əgər Rusiya bizi sıxışdırırsa – bazarda yerimizi daraldır, miqrantımıza zülm edirsə – demək ki, yanlış darvazanın önündəyik.

 

Çünki Rusiyanın içində elə bölgələr var ki, orada dilimiz danışılır, dua bizim kimi edilir, çörək bizim kimi bölünür.

Biz oraları çoxdan unutmuşuq...

Onlar isə hələ də bizi unutmamışlar...

 

Kazan bizi gözləyir – Tatarıstanın ürəyidir.

 

Orda Naberejnıye Çelnı, Almetyevsk, Buqulma, Çistopol kimi şəhərlər təkcə sənaye bölgələri deyil – qardaş yurdudur.

 

Ufa bizi tanıyır – Başqırdıstanın nəfəsidir.

 

Sterlitamak, Salavat, Belebei, Baymak, Neftekamsk – bunlar topoqrafiya deyil, bizim unutduğumuz kəndlərimiz kimidir.

 

Mahaçqala bizdən incikdir – Dağıstanda Qumuq eli bizi xatırlayır.

 

Khasavyurt, Buinaksk, Karabudakhkent – Azərbaycan məhsulu orda qürurla satılar, əgər aparan olsa.

 

Çerkessk – Qaraçay-Çərkəz elinin paytaxtı.

 

Karacayevsk – türk nəfəsi hələ də ordadır. Uzaq saydığımız bu şəhər, əslində çox yaxın ruhdadır bizə.

 

Nalçik – Kabardin-Balkarın qəlbi.

 

Baksan, Tırnauz, Proxladnı – bu adlar xəritədə solğun görünür, amma könüldə canlıdır.

 

Kızıl – Tuvanın başı.

 

Tere-Xol, Piy-Khem, Erzin – sənin bir dəfə belə getmədiyin yerlərdə sənin haqqında danışanlar var.

 

Gorno-Altaysk – Altayların ocağı.

 

Onguday, Kosh-Agach – çöl ruhunu axtarırsansa, baxışlarını oraya döndər.

 

 

***

Biz illərlə Moskvaya baş əyib iş gördük,

Amma Kazana baş çəkməyi unutduq.

 

Biz Moskva gömrüyündə əzilərkən,

Ufa’dakı qardaş əli uzanıqlı qaldı.

 

Biz Qərbə doğru sürüklənəndə,

Türkün doğu qapıları bağlı qaldı.

 

Bəlkə də zaman yetişdi...

Ətimizi, çörəyimizi, xalçamızı, oxumuzu, sözümüzü götürüb bu yurdların yolunu tutaq.

Ticarət elə burdan başlasın.

Sözümüz elə bu ellərdə eşidilsin.

Brendimiz Turanın adı ilə tanınsın.

Çünki biz tək deyilik.

Çünki bizi gözləyənlər var.

Və bəlkə də, bizi sıxışdıranların vəzifəsi – bizi yola salmaqdır.

Törə yoluna, Ulu Türklük yoluna...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

 

 

Çərşənbə, 06 Avqust 2025 13:28

ANAR - “Vurğunluq”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR. “VURĞUNLUQ”

 

Səməd Vurğun – xalqımızın qəlbində, ruhunda, mənəviyyatında müstəsna yer tutan sənətkardır. Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Marağadan Şamaxıyacan – vahid Azərbaycan torpağında şairin adı ən əziz, ən doğma, ən geniş şöhrət qazanmış bir addır. Mən o taylı-bu taylı şəhərlərimizin adlarını qəsdən qoşa çəkirəm. İnsafsız tarixi tale ilə, bizdən asılı olmayan siyasi maraqlarla yurdumuzun bir-birindən ayrılmış parçalarını bu gün yalnız dilimiz birləşdirir. “Dil” sözünün hər iki mənasında: lisan anlamında da, könül anlamında da.

Tarixin elə məqamları var ki, bölünmüş, parçalanmış xalqın yeganə vəhdəti  sözdür. İlk növbədə şair sözü... Ayrılıqdan çox yazıblar. Dostla dostun, qardaşla qardaşın ayrılığından... İki sevən qəlbin hicranından, Cənub və Şimal adıyla bölünmüş, sərhədlərlə kilidlənib qovuşmaz olmuş iki vətən ərazisinin bir-birinə həsrətindən... Bu ayrılığın gözlənilməz və son dərəcə təsirli rəmzi Səməd Vurğunun “Körpünün həsrəti” şeirində ifadə olunmuşdur.

Araz qırağında dayanmış qatarın pəncərəsindən bu tayı, o tayı seyr edən şair sənətkar fəhmiylə sanki daş körpünün insani həsrətini, intizarını duyur, bütün varlığıyla yaşayır.

 

Gözüm körpüdədir... Dayanmış qatar,

Elə bil o, qəsdən saxlayır bizi.

Körpünü basmışdır yabanı otlar,

Nə cığır görünür, nə ayaq izi...

Kim bilir, kim bilir, nə vaxtdan bəri

Bir insan keçməyir bu daş körpüdən.

Elə bil yol çəkir onun gözləri,

Fəqət nə gələn var, nə də bir gedən.

 

Sözə çəpər, fikrə sərhəd yoxdur, şeirə körpü lazım deyil. Şeir özü körpüdür, yoldur, eli oba-oba, oymaq-oymaq dolaşan mənəvi təsəllimiz, ümidimiz, güman yerimizdir.

Xəritələr müxtəlif olur – siyasi xəritələr, fiziki xəritələr, iqlim xəritələri, tarixi xəritələr, Səməd Vurğun yaradıcılığının ən parlaq səhifələri, başda məşhur “Azərbaycan” şeiri olmaqla, yurdumuzun poetik xəritəsidir. Savaşlarla, sazişlərlə, qanla, göz yaşlarıyla parçalanmamış, bölünməmiş bir vətənin poetik xəritəsi Bakıdan Makuyacan, Qarabağdan Qaradağacan, Zəncandan Zəngilanacan...

Gözümüzü açıb dünyanı – ağ örpəyi buludlar olan qarlı dağları, durna gözlü bulaqları, bir tərəfi bəhri-Xəzər Bakımızın çıraq-çıraq sahillərini görəndən bəri – sakit axan Arazların, zülm əlindən qurtulmuş quşların səsləriylə bir yerdə qulaqlarımız şeir vəznlərinə, qafiyə ahənglərinə də alışır – ən körpə yaşlarımızdan Səməd Vurğun misraları yaddaşımıza həkk olunur. Həyatda qarşımıza çıxan ilk kitablardan – “Əlifba”, “Ana dili” kitablarından tanış olduğumuz Səməd Vurğun yalnız şair kimi deyil, əsatiri şəxsiyyət kimi canlanır. Çox erkən ağarmış saçları, bir qədər dalğın baxışları, vüqarlı duruşunda əbədilik ruhu, əsatir, əfsanə ölçüləri duyulur – şair sanki elə yaşadığı illərdəcə özü öz abidəsinə çevrilmişdir. Ömrünün son çağında çəkdirdiyi fotolarda o öz yaşından – əlli yaş nədir ki, – çox-çox sinli görünür. Bu gün onun övladları atalarıyla yaşıddırlar. Əlli yaş – yaradıcı ömrün orta yaşıdır, amma Səməd Vurğun haqqında düşünürkən adama elə gəlir ki, onun heç orta yaşı olmayıb, poetik ömürlüyü yalnız iki mərhələdən ibarətdir: odlu, qaynar, çılğın gənclik illəri, bir də müdrik, təmkinli ağsaqqallıq çağı, “heç yana, heç yerə tələsmədiyi” mənəvi yetkinlik dövrü. Belə təsəvvür, əlbəttə, aldadıcıdır, “Ömür dedikləri bir karvan yolu”, bu misra iyirmi bir yaşlı gəncin yazdığı “Dilican dərəsi”ndəndir... “Şair, nə tez qocaldın sən” bu misra isə bir az təəssüf, bir azacıq kədər qarışıq inam dolu şeirin nəqəratıdır – son şeirlərindən birinin, “Dilican dərəsi”ndən son şeirlərinəcən keçən ömür adlı karvan yolu yalnız şairin yolu deyil, bu, həm də tarixin çox mühüm və ziddiyyətli keçidi, zamanın çətin aşırımıdır. Odur ki, Səməd Vurğun irsini – Gənclik həvəsi və Ahıllıq təmkini deyə yalnız iki mərhələylə müəyyənləşdirmək yanlışdır, Səməd Vurğun poeziyasını səciyyələndirən – dövrün bütün mürəkkəbliyi, dolaşıqlığı, enişi-yoxuşudur. Məncə, bu poeziyanın ən böyük dramatizmi şairin özünün özlüyü uğrunda mübarizəsidir, zamanın bütün təlatümləri qarşısında şair təbiətinin, şair xislətinin ilkin mahiyyətini hifz etmək, saxlamaq əzmidir...

Səməd Vurğunun sənətkar təbiətinin, şair xislətinin təməl cəhətləri, həqiqi mahiyyəti nədən ibarətdir? Şəksizdir ki, belə zəngin yaradıcılıq aləminə malik bir şəxsiyyətin sənət genişliyini bir, ya iki cəhətlə məhdudlaşdırmaq lazım deyil, daha doğrusu, mümkün də deyil. Bir məsələ də var; hamının ümumi Səməd Vurğunu olduğu kimi, hərənin öz şəxsi, fərdi Səməd Vurğunu da mövcuddur. Yəni şairin əlvan dünyasından hər oxucu öz zövqünə, qəlbinə daha yaxın, daha munis olanı seçib-sevir. Məsələn, mənimçün Səməd Vurğun yaradıcılığının “Dağlar” rədifli iki şeiri, “Yadıma düşdü”, “Tənha məzar”, “Mən tələsmirəm”, “Şair, nə tez qocaldın sən”, “Gödəkcə”, “Yada sal məni” kimi inciləri şairin bəzi poemalarından daha qiymətli, daha əhəmiyyətlidirlər. “Muğan” poemasının özündə – bu əsərin poetik zirvəsi – bulaq suyu kimi duru və şəffaf “Ceyran” qoşmasıdır. Mən heç bir vəchlə şairin ayrı-ayrı şeirlərini onun poemalarına qarşı qoymaq istəmirəm. Əksinə, “Komsomol poeması” kimi həqiqi romantikayla, səmimi gənclik ruhuyla aşılanmış əsər fəlsəfi dolğunluğu baxımından da, məsələn, “İstiqbal təranəsi”, yaxud “Ayın əfsanəsi” kimi əsərlərdən daha yığcam, daha bitkindir, daha dərin təsir bağışlayır. “Komsomol poeması”nda vaxtın nəbzi vurur, zamanın çırpıntısı eşidilir, mühitin havası duyulur. Axıcı, sərrast sətirlərdən neçə-neçə insan taleyi, insan xarakteri boylanır. “Ayazlı, şaxtalı bir qış axşamı” başlanan hünər və kədər dolu əhvalat Humaysız qalmış başqa bir axşamla tamamlanır – qaranlıq sularda əks olunmuş ay işığında. Qızğın sinfi mübarizələrdən və nakam bir məhəbbətdən, Novruz bayramının xoş ovqatından və kənddə ilk teatr tamaşasının maraqlı təfərrüatından bəhs edən bu gözəl sənət əsərində dövrün dəqiq əlamətləri, adət-ənənələrin dürüst nişanələri, zamanın konkret tələbləri, çağırışları, anlayışları əks olunub. Və gerçəkliyi, dövrü, insan münasibətlərinin əlvan bəlirlərini son dərəcə əyani cizgilərlə canlandıran poemanın mətni içində – qəfil püskürtü kimi, hər şeyin – illərin, fərdlərin, məfkurələrin fövqünə yüksələn əbədi bir poeziyanın nəfəsini duyuruq:

 

Yerlərə baxıram – bağçalı, bağlı,

Göylərə baxıram – qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin bir torpaq olur

Bir yandan boşalır, bir yandan dolur

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir çünki kainat,

Cahan daimidir, ömür amanat.

Əldən-ələ keçir vəfasız həyat,

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

Bəlkə də bu, subyektiv bir mülahizədir, amma şəxsən mənimçün Səməd Vurğun poeziyasının ülviyyəti, özünəməxsusluğu, qüdrəti məhz, bax, bu şeirdə və bu səpkili əsərlərdədir... Sadə, adi sözlərdən doğan dərin hikmət, dəbdəbəsiz, təmtəraqsız ifadələrin həqiqi fəlsəfi müdrikliyi...

 

Həyat dedikləri şübhəli bir şey,

Ölümsə şübhədən çıxmaq deməkdir...

 

İyirmi iki yaşlı şairin qələmindən çıxmış bu misralarda varlığın məğzini və mahiyyətini çox erkən çağlardan anlamaq cəhdi var.

 

Sakit bir yuxuya getmişdi dəniz,

Dərin bir məqsədi, fikri var kimi, –

 

beyti gözlərimiz önündə əyani bir lövhə yaradırsa, Kamal! Sən bir günəşsən ki, camalından şəfəq parlar misrasının mənasını dərk etmək çətindir.

 

Əsir bahar yeli qəlblərimizə,

Təbiət varlığa belə qarğamış...

 

Sözlər necə də yerli-yerində işlənmişdir, bədii dilin ən xəsis vasitələriylə necə yaddaqalan bir obraz yaranmışdır. Sözün şöhrətinə həsr olunmuş şeirdə isə söz bolluğu poetik obrazlılığı üstələyir, ifadənin təsir gücünü axıdıb aparır...

Səməd Vurğun poeziyasının yuxarıda bəhs etdiyim daxili dramatizmindən danışarkən mən məhz bunu nəzərdə tuturdum – fitri poetik təbin şəffaflığı, saflığı, sənətkar istedadının həqiqi, sadədil müdrikliyi, lirik səmimiyyətşairin ilkin yaradıcılıq xislətindədir. Fəqət zamanın elə keçidləri olur ki, şairdən səmimiyyət, təbiilik, özünəxaslıq yox, dəbdəbəli təriflər, təmtəraqlı tərənnümlər, zahiri bər-bəzək tələb edilir. Səməd Vurğun poeziyasının həqiqi varlığı, xalq şeir qaynaqlarından qidalanmış yüksək sadəliyi hər cürə gözqamaşdırıcı və ruhuna yabançı saray naxışlarının həmləsi qarşısında özlüyünü qoruyubsaxlamağa çalışır. Bu mübarizəni danmaqla, onun üstündən sükutla keçməklə biz Səməd Vurğun iradəsininçətin döyüşlərin sınaqlarından qalib çıxmış şair iradəsinin gücünə göz yummuş oluruq.

Özünü öz şairlik təbiətinə sadiq saxlamaq sınağı Vurğun qarşısında yaradıcılığının ilkin dövrlərindən dayanıb. Şairin böyük qardaşı Mehdixan Vəkilov xatırlayır ki, məşhur maarifçi Firidun bəy Köçərli balaca Səmədi seminariyaya qəbul etmək istəməyəndə on iki yaşlı uşaq: Əh! A Firidun bəy, sən nə bilirsən bu ürəkdə nə var?” – deyə qocaman müəllimə xitab etmişdi.Elə bu uşaq yaşlarından Səmədin ürəyi dolu idialtı yaşında anası Məhbub xanımı itirmiş, atasının çaldığı yanıqlı saz havalarının sədaları altında böyümüş, dumanlı-çiskinli dağlar, gül-çiçəkli dərələrin qoynunda dolaşan Qarayazı meşəsinin iydəliklərini, Kür qırağının seyrəngahını gəzə-gəzə, gecələr Keşik dağında yanan işığa baxa-baxa, anadil quşlarının bir-birini çağırmasını dinləyə-dinləyə boya-başa çatmış Səməd Vurğunun rübabıhəzin bir gözəllik telində köklənmişdi.

 

Gəlib xatirimə qərib bir axşam:

Yanıb əriyirdi evimizdə şam.

Durnalar başımın üstdən keçəndə,

Onlara quş kimi qoşulub mən də

Ən uzaq ellərə uçmaq istədim,

Evdən baş götürüb qaçmaq istədim.

İnsan qanadsızdır! Çatıb qaşımı

İlk dəfə arzusu gözündə qaldım...

Anamın dizinə qoyub başımı

Xəyallar içində yuxuya daldım.

 

Belə xəyalpərvər, təbiət gözəlliklərinə həssas, qəlbi ana dağıyla dağlanmış şair ruhlu gəncin eşq bəlalarına da çox erkən yaşlarından giriftar olması təəccüblü deyil... Odur ki, gənc şairin etirafıyla yaşı arasında uyğunsuzluq bizə qəribə görünmür:

 

Çatandan bəridir on beş yaşıma

Çox bəlalar gəlib qanlı başıma.

Baltalar vurulub ömür daşıma,

Bu eşqin yolunda yanan olmuşam.

 

Bu sətirlərdə vurğunluğun ilk rüşeymləri cücərməkdədir. Həm kiçik hərflə vurğunluğun – yeniyetməlik dövründə qıza vurğunluğun, həm də Azərbaycan poeziyasında böyük mərhələ təşkil etmiş, baş hərflə yazılan Vurğunluğun...

Gənc Səməd özünə Vurğun təxəllüsü seçərkən bəlkə də yaradıcılığının qayəsini təsdiqlədiyini düşünmürdü. Dilbərə, pəriyə, gözələ aşiqanə vurğunluq anlayışı çox qısa müddət ərzində dəfə-dəfə geniş, əhatəli bir miqyas qazandı... Xalqa vurğunluq, vətənə vurğunluq kimi dərk olundu, dövrə, zamana vurğunluq keyfiyyətini kəsb etdi. Estetik mövqeyə çevrildi.

Səməd Vurğun dövrün şahidi, səlnaməçisi, “ayinəsi” olmaqdan daha çox zamanın vurğunu oldu, həyata heyran gözlərlə baxdı. Həyata heyran gözlərlə baxmaq isə istər-istəməz nəyəsə göz yummaq deməkdir. Bu, Səməd Vurğun poeziyasının məziyyəti, ya kəsiri deyil, xüsusiyyətidir, səciyyəvi cəhətidir. Səməd Vurğun tam səmimiyyətlə özünü ağ günlərin şairi adlandırırdı və bu konsepsiyaya uyğun gəlməyən hər şeyi şeirindən də, fikrindən də, qəlbindən də uzaqlaşdırmağa çalışırdı... Lakin bu, asan iş deyildi... Öz nəğməsini boğazlayan Mayakovski kimi, Səməd Vurğun da daxili ehtiraslar, fikirlər, şübhələr çarpışmasından xali deyildi... Səməd Vurğun şeir-sənət aləminə acılı-şirinli məhəbbət duyğuları gətirmişdi, onun ilhamı qanadlı xəyallardan mayalanmışdı, amma yaradıcılığının ən ilkin çağlarından sərt barışmazlıqla özü öz təbi qarşısında yasaqlar qoyurdu:

 

Mən and içmişəm ki, bir də qələmim

Gözəllərdən ilham almayacaqdır.

 

 Başqa bir səciyyəvi etiraf:

 

 Bütün arzularım gülür yarına,

Xəyaldan ilhamlar almamaq üçün!

 

Bu qədər zəngin fikri təxəyyülə malik olan sənətkarın xəyaldan imtina etməsi, ilhamını xəyaldan ayırmaq istəməsi nəylə bağlıydı? Dövrün tələbi, daha doğrusu, estetik meyarları tələb edirdi və müəyyən bir etapda şairə elə gəlirdi ki, “dəstədən geriyə qalmamaq üçün” o, “nəfəsləri benzin və kükürd qoxulu milyonların şairi olmalıdır”. Digər tərəfdən, “gülləri, çiçəkləri sayrışan, tər cunalı yazların, sarı simləri sarılıq gətirən ağ sədəfli sazların, zurnalı düyünlərin” şairi olmamalıdır. Poetik manifest aydın və qeydsiz-şərtsizdir, lakin həqiqi şair özünün bizə bəyan etdiyi proqramların və manifestlərin çərçivələrinə sığışmır, içində yaşayan bir ruhla, nəfəslə, qəlbinin səsiylə yazıb-yaradır... Səməd Vurğunun poetik hünəri dövrün ötəri şüarlarından vaz keçmədən – öz üzvü, təbii şairlik xislətini qoruyub saxlamasıdır.

Mehdixan Vəkilovun xatirələrində maraqlı və Vurğun xarakterini anlamaq baxımından çox səciyyəvi bir epizod nəql edilir... “Səmədi əvvəlcə Ermənistan kommunist gənclərinin qurultayına, sonra Zaqafqaziya kommunist gənclərinin qurultayına, ordan da Ümumittifaq komsomol qurultayına nümayəndə seçmişdilər. Lakin şair qatarla Tiflisdən Moskvaya gedərkən Ağstafa stansiyasına çatanda Göyəzən dağını, Qazağı görmüş, sevgilisini xatırlamış və “dəli şairə” məxsus bir tövrlə qatardan düşərək birbaşa Qazağa, nənəsinin yanınaqayıtmışdı...”

Bu hadisə yalnız Vurğun şəxsiyyətinin maraqlı əksi deyil, həm də onun yaradıcılığının müəyyən səmtlərinə, xüsusilə “Yadıma düşdü” kimi klassik nümunəsinə bir açardır.

İlk məhəbbət, təbiət şeirlərini yazdıqdan bir müddət sonra Səməd Vurğun həmin əsərlərini “ölən şeirlərim” ifadəsiylə damğalayır, hətta “Dilican dərəsi” kimi incə bir qoşmanın da üstündən qələm çəkir. Moskvada təhsil illərində şair paytaxtın qaynar mühitinə düşür, “bu yerdə nə hicran, nə qayğı, nə qəm, nə Sənan eşqi, nə intizar” olduğunu söyləyir; könüllər sərbəst, duyğular azad olan bu yeni dünyanın şairi “dərdli günlərini heç edirmi yad” deyir. Vurğun yaradıcılığının sərbəst vəznli, “Raport”, “Fanar” səpkili keçidini adlayır, adına həm geniş ümumxalq məhəbbəti, həm də rəsmi təqdirlər gətirən bir sıra məşhur şeirlərini, o cümlədən, Stalini tərənnüm edən əsərlərini yaradır, yüksəksəviyyəli görüşlərdə iştirak edir, səsi ən mötəbər kürsülərdən ucalır. Şairin təbii, səmimi, fitri vurğunluğu yalnız poetik istiqamət kimi deyil, rəsmi mövqe kimi də təsdiq olunur. Və elə bu vaxt, şöhrətin, mənsəbin yüksək pilləsində Səməd Vurğun ölümsüz şeirini yaradır:

 

Başına döndüyüm gül üzlü sona!

Ömrümün ilk çağı yadıma düşdü.

 

Şairin yadınadüşən hər lövhə, keçib getmiş illərin hər səhnəsi qəlbin ən incə tellərini titrədir: payız fəslində bostan içində şamamanın tağı da, ceyranın duruşu, durnanın zü, kəkliyin ayağı da, gəlinlərin bayramqabağı fəsəli yayması da, nişanlı qızların görüşdən qabaq telini saymağı dayalnız şair hafizəsindəyaşayan yaddaş adaları deyilVurğun poetik varlığının təməl dəyərləri, unuduluşu mümkün olmayan sərvətidir... Şair illərin, yolların, məcburi sözlərin üzərindən uzaq keçmişlərə boylanır, xəyalı dağı, aranı gəzir və eyni zamanda, o öz poetik təbiətinin, sənətkar məninin özülünə, başlanğıcına qayıdır. Yadıma düşdü adi, sadə mətləblərdən bəhs etsə də, proqram şeirdir, dahadoğrusu, məhz elə sadə, adi mətləblərdən bəhs etməsiylə proqram əsərdir. Şeirin altında 1936-cı il tarixi yazılıb. Faciəvi hadisələr ərəfəsində, havada gələcək qanlı-qadalı müharibənin nəfəsi duyulan bir vaxtda Səməd Vurğun qışın buz qatığını, yayın ayranını, payızın qaymağını yadınasalır. Əlbəttə, həmin illərdə, aylarda, günlərdə şair dövrün hadisələriylə bilavasitə bağlı olan şeirlər də yazıb. Amma əlli il sonra, bugün, yazılma tarixindən yarım əsr keçdiyi vaxt Yadıma düşdü bizimçün həqiqi poeziyanın ən müasir səslənən kamil örnəklərindən biridir...

Böyük ədəbiyyatın, əsl sənətin amalı, məqsədi bir, yolları isə müxtəlifdir. Nə yaxşı ki, belədir, hamı bir yolla getsə, necə basabas, tünlük olardı. Tünlük isə sənətin qənimidir. Səməd Vurğun ədəbiyyatda, şeirdə bir-birinə oxşamaq azarını çox dürüst göstərmişdir:

 

Bəzən qoyulmayır hər söz yerinə,

Şeirimiz oxşayır biri-birinə,

Eyni xəritələr, eyni şəkillər

Xəyala açmayır yeni bir səhər.

 

Ədəbiyyatda geniş bir yol var – zamanın vüsətli tərənnümü, insan hünərinin, döyüş və əmək qəhrəmanlığının ilhamlı vəsfi, varlığa, dünyaya, həyata vurğunluq. Səməd Vurğun yaradıcılığı bu şərəfli yolun bariz və parlaq örnəyidir.

Ancaq həyatda uğursuz iqballı insanlar da var, dünyanın acıları-ağrıları da, zamanın ziddiyyətləri də, düyünləri də var və ədəbiyyat bunlardan da vaz keçə bilməz. Sənət yalnız insanı öymür, ona təsəlli də verir, mərhəmət, şəfqət əlini də uzadır. Və nəhayət, ədəbiyyatın mühüm bir vəzifəsi də fənalıqları göstərmək, naqislikləri döymək, mənfilikləri gülüşlə, istehzayla, satirayla damğalamaqdır – Sabir, Mirzə Cəlil yolu.

Səməd Vurğunun şair təbiəti, idrak xüsusiyyəti, dünyaduyumu eləydi ki, o, həyatı yalnız işıqlı görmək istəyirdi. Amma o, heç də qaranlığın mövcud olduğunu danmır, ədəbiyyatı zülmətin qalıqlarıyla mübarizədən çəkindirmirdi. Bəzən şairin satirik janrlara müəyyən biganəliyini onun ümumən satiraya pis münasibəti kimi qələmə verirlər. Bu, əlbəttə, düz deyil. Vurğun təvazökarlıqla:

 

Oxucum, etiraf edirəm qəlbən,

Satira gəlməyir mənim əlimdən, –

 

esə də, biz şairin bu qənaətiylə razılaşa bilmərik.

Hədəfi sərrast vuran qüvvətli poetik parçalar Vurğunun satirik istedadına da ən tutarlı sübutdur:

Özü qorxaq, cüssəsi dar,

Andını da tez unudar,

Sözlərini çeynər, udar,

Hey udqunar asta-asta...

 

O, “mərd” olar yaxşı vaxtda,

Çox danışar hünər haqda,

Çətin işdə, bərk ayaqda

Tez sıpıxar asta-asta.

 

Tilsimlidir o qəhrəman,

Qan da axmaz yarasından.

Odun-suyun arasından

Üzə çıxar asta-asta...

 

Belə kəskin sətirlər yaradan şair satiraya, tənqidə laqeyd qala bilməzdi. Səməd Vurğunun tənqidi gülüş, məzhəkə janrları haqqında yazdığı misralar şairin gələcək ədəbi nəsillərə verdiyi öyüdlər sırasında vacib yer tutur:

 

Başqa bir qüsur da ağrıdır bizi

Bəzən unuduruq gülməyimizi...

Varmı şeirimizdə məzhəkə yazan,

Oxucu gözləyir bunu hər zaman.

Unutmaq olmaz ki, doğrudan da, biz

Böyük Sabirlərin varisləriyiz.

 

O da diqqəti çəkir ki, Səməd Vurğun bəzi hallarda fikrini narahat edən, qəlbini nigaran qoyan bir sıra ciddi mətləbləri zarafata salıb deyirdi:

 

Bəlkə də hər bir ağ gün bir qara gün deməkdir...

Bəlkə də hər şirinlik bir acılıq yeməkdir.

Bəlkə yalandır günəş, həqiqətdir gecələr.

Yordu mənim beynimi bu saysız bilməcələr.

Sorsalar, bu pərdəli fəlsəfələr neçindir?

Deyin, bu göz yaşları bir az gülmək üçündür!

Nə yazıq ki, vaxtsız əcəl Səməd Vurğunu əsrin mühüm bir aşırımında, ictimai və siyasi həyatın vacib tarixi keçidində dünyamızdan ayırdı. Yeni dövr şairin ürəyindəkiləri öz ürəyi istədiyi şəkildə deyə bilməsi üçün nə qədər böyük imkanlar verdi, necə geniş üfüqlər açdı.

Vəfatından bizim günlərəcən keçən bu otuz il ərzində böyük şair hələ nələr yarada bilərdi. Bu gün biz Səməd Vurğunun 30 illik yaradıcılıq ömründə ədəbiyyatımıza bəxş etdiyi zəngin sənət xəzinəsiylə öyünürüksə, ölümündən keçən otuz il boyu onun yoxluğundan doğan nisgil də həmişə qəlbimizdədir.

Səməd Vurğunun anadan olmasının 80 illiyini bayram etdiyimiz günlərdə otuz il bundan qabaq şairi itirdiyimizi kədərlə, ağrıyla xatırlayırıq. Və bu gün biz Səməd Vurğunun özü haqqında yazmadığı sətirləri onun özünə şamil edirik:

 

Otuz il, otuz il yaşadıq sənsiz!..

Otuz il, otuz il, sən bizdən uzaq

Bəlkə zinət oldun bu məzarlığa,

Lakin əməllərin alovlanaraq

Günəştək boy atdı bütün varlığa,

Dünya cənnət olsa, dərd unudulmaz,

Of… səndən ayrıldıq bir ilk baharda...

 

İlk bahar son baharla, qış yayla əvəz olunacaq, illər, on illər, otuz illər, əsrlər keçəcək. Səməd Vurğunun böyük adı yurdumuzun hər bucağında, hər qarışında qarla yaşayacaqdır. Hər ay, hər gün elimizi şəhər-şəhər, kənd-kənd, oymaq-oymaq gəzəcəkdir.

Bakıdan Makuyacan, Dərbənddən Mərəndəcən, Qəzvindən Qazaxacan...

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

Çərşənbə, 06 Avqust 2025 13:03

Teatrımızın Dəmir Ledisi

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki:- “Teatr ali sənət növü olduğu üçün bir növ, elitar sənətdir. Bu sənətin kütlə üçün olması fikri isə, kommunist ideologiyasının yanlış lozunqu idi. Yadınızdadırsa, bir zamanlar deyilirdi ki, səhnə həyatdan bir pillə yuxarıdır. Amma, mən deyirəm ki, sənət xalq üçün, kütlə üçün deyil. Doğrudur, bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlir, zallar boş deyil, amma məqsədli tamaşaçı yox dərəcəsindədir. Yəni tamaşaçıların əksəriyyəti nəyəsə baxmağa gəlsə də, konkret zövqü və sənət mühakiməsi olanı azdır. Tamaşaçı sənətə əyləncə növü kimi baxırsa, o, tamaşadan heç bir ideya, mesaj ala bilməz...”

 

İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti, hadisələrə mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində, səhnə əsərlərində bu keyfiyyətlər açıq-aşkar görünür…

 

“Hər bir millətin mədəniyyət göstəricisi onun teatra münasibətilə ölçülür. Musiqidə isə bu əsasən simfonik musiqinin dərki kimi qəbul edilir. Burada bir həssas məsələ də var, “haradan filan qədər pul qazana bilərəm”i düşünən adam üçün “Tik-Tok” daha çox maraqlıdır. “Harda daha çox əylənə bilərəm?” deyən insan üçün gecə barları, restoranlar və s. daha cəlbedicidir. Onun üçün teatr və sənət rakursu cəlbedici deyil. Yəni əylənmək, dincəlmək düşüncəsində olan adama teatr təfəkkürü, zövqü yaddır. Digər tərəfdən isə, dövrün zaman anlayışı, vaxta münasibət baxımından bu gün tamaşaçını teatrda saxlaya bilmirik. Məcburiyyətdən tamaşaları qısa zaman çərçivəsinə görə hesablayırıq. Əvvəllər 3 saat, 4 saat nümayiş etdirilən tamaşalarımız vardı. İndi məcburiyyətdən 1 saat, 1 saat 30 dəqiqə, uzağı 2 saatla kifayətlənirik. Tamaşaçını iştirakçıya çevirmək cəhdi mənim əsas istəyimdir. Ötən vaxtlarda bir təcrübə etdim: tamaşanın ən gərgin yerində tamaşaçıdan reaksiyanı almağı yoxladıq. Yəni görüm, bu tamaşaçı səhnəni necə və nə dərəcədə qavrayır? Reaksiyalar heç də teatrı anlayan, sənəti dərk edən tamaşaçıdan xəbər vermirdi. Bizdə emosiyaya təsir var, amma mən şüura təsirdən bəhs edirəm. Ən dəhşətlisi bax budur. Bu sənətdə çalışanların, böyük mənada, dramaturji bazası yox dərəcəsindədirsə, müasir teatr üslubları və formaları haqqında təsəvvürü yoxdursa, özünü bu sənət vasitəsilə köçürə bilmək ifadəsi yoxdursa, demək ki, heç nə yoxdur. Yol da yanlışdır, mövcudluq da. Mənim fikrimcə, bu gün Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır. 26 teatr yox, 10 teatrla qənaətlənmək, ciddi islahatlar aparmaq gərəkdir, bütünlükdə teatra münasibət dəyişməlidir. İdarəetmədən, inikasa qədər. Çünki indiki teatrlarımız 40-cı, 60-cı illərin teatrı deyil. Sürət başqa sürətdir, dövr başqa dövrdür...”- söyləyir.

 

Zərifliyi və güclü iradəsi ilə fərqlənir. Təbii cazibədarlığı və dərin intellekti ona ətrafdakıları özünə cəlb etməyə kömək edir. İncə diplomatiya bacarığı və anlayışı ilə qarşısına qoyduğu hədəfləri ustalıqla dəf edir. Həm şəxsi, həm də peşəkar həyatında güclü iradə nümayiş etdirərək çətinliklərin öhdəsindən gəlir. O, instinktiv olaraq gözəl sənət əsərini tanıyır və ondan necə istifadə edəcəyini yaxşı bilir. Təxəyyülü çox güclüdür, dostluğa böyük əhəmiyyət verir... 

 

Deyir ki:- “Ailədə atama ən çox bənzəyən mən idim. Və atam ən həlledici məqamlarda mənim “qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir şey hiss etmirdim. Amma atam “eynən atama bənzəyirsən” deyirdi, səndən əla hakim olar. Bu peşəni çox sevirdi deyə məni həkim görmək istəyirdi. Lakin ürəyimin səsi atamın səsindən daha güclü oldu. Çox sonralar peşəmlə bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq verməyimə görə özümü qınadığım vaxtlar da olub. Amma seçdiyim peşə məni özümü ifadə etməyim üçün əsas vasitə oldu. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə dəysin. Həmişə seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub. Atam isə bu peşəmlə, mənim seçimimlə “Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı. Birdəfəlik qəbul etdi...”

 

Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə 1982-ci ildə Sumqayıtdakı 17 saylı orta məktəbi başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini ərsəyə gətirib. 1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib. Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyirə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bir müddət burada işlədikdən sonra bir il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət Akademik Milli Teatrının bədii rəhbəridir...

 

“Deyirlər ki, teatrda rejissor və ya bədii rəhbər kişi peşəsidir. Amma əsla belə deyil. Və mən, ümumiyyətlə, qadın-kişi peşə fərqinin tam əleyhinəyəm! Ortada qol-əzələ gücü yox, intellekt və duyum fərqliliyi söz konusudur. Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla, onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə güclü olub. Kişilərdən fərqli olaraq, qadının daha həssas araşdırmaçı gücü xüsusi qısqanclığa səbəb olur. Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara? Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini cins fərqiylə qarışdıracaq deyilik ki... Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də deyirəm.”- söyləyir.

 

 Xidmətlərinə görə 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. 2024-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı olub. Bir neçə ildir ki, ardıcıl olaraq Prezident mükafatı alır...

 

Deyir ki:- “Mən mövcud, bəlli, işlənmiş formanı sındırmağa, özümü ifadəyə meylli biriyəm. Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı işimə qüsursuz köçürməyə çalışıram. Nə necə görünür, necə qəbul olunur mənə maraqlı deyil. Yetər ki, sonuca qane olum.”

 

Hər kəsin bir daxili dünyası var, - deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, onu düzə düz, əyriyə əyri söyləməyə vadar edir. Həm rejissor və həm də bədii rəhbər kimi mükəmməldir. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib. Deyir ki, hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq. 2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanım hər gün "sehirli qutuda" səbirsizliklə gözlədiyimiz, yeri görünən adamdır. Bayağı verilişlərin baş alıb çoxaldığı zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi? Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…

 

Dünən - avqustun 5-də Mehriban Ələkbərzadənin növbəti ad günüydü, 60 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, sevgi və ehtiramımı bildirirəm. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

Çərşənbə, 06 Avqust 2025 12:33

Milan ona həqiqətən də qucaq açdı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevənlərin arzusu Parisdə Mulen-Ruju görmək, əylənənlərin arzusu Rio-de-Janeyro karnavalına baş çəkmək, oxuyanların arzusu isə Milanda La-skala səhnəsində çıxış etmək olur həmişə. Onun da uşaqlıqdan ən böyük arzusu Milana getmək olub...

 

Azərbaycanlı opera müğənnisi Eldar Əliyev 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub. Uçaqlıqdan səs tembrini hamı bəyənib, ona gözəl karyera görüblər. Orta təhsilini bitirdikdən sonra 1991-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1992-ci ildə isə arzularının dalınca İtaliyaya gedib, "Lirica Osimo" Akademiyasına qəbul olunub.

Peşəkar karyerasına 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında V. A. Motsartın məşhur "Sehirli fleyta" operası ilə başlayıb. 1994–1995-ci illərdə Gyorgy G. Rathın dirijorluğu ilə "Macbeth" (Banco) və "Madama Butterfly" (Lo Zio Bonzo) operalarında çıxış edib. 1995-ci ildə Rossini Opera Festivalı" çərçivəsində "Guglielmo Tell" operasında Leuthorl obrazını canlandırıb.

1996-cı ildə Valeri Gergievin dirijorluğu ilə Sergey Prokofyevin "Oyunçu" operasında və "Teatro dell’opera Roma"da Juri Ahronovitchin dirijorluğu ilə "Turandot" (Timur) operasında, 1997-ci ildə "Rossini Opera Festivalı" çərçivəsində Jurovskinin dirijorluğu ilə Rossinin "Moïse et Pharaon" operasında Pharaon obrazı ilə və "New Israel Opera" evində "Rigoletto" operasında Sparafucile obrazı ilə çıxış edib.

1997–1998-ci illərdə "Teatro Regio di Parma"da Verdinin "Don Carlo" operasında Grande Inquisitore obrazını canlandırıb.

1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında canlandırdığı Timur obrazandan sonra Bologna, Brüssel və Romaya canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb.

 

2002-ci ildə Renato Palumbonun dirijorluğu, Hugo de Ananın rejissorluğu ilə "Lucrezia Borgia" operasında canlandırdığı Astolfo obrazında səhnəni Mariella Devia ilə bölüşüb.

Bundan sonra karyerasını davam etdirmək üçün "Teatro alla Scala"ya qayıdıb. 2005-ci ildə Çaykovskinin "Çereviçki" operasında çıxış edib.

2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb.

Və heç kəsin inanmadığı baş verib. 2020-ci ildə, avqustun 6-da arzularının çiçəkləndiyi bir dövrdə yaşadığı Milan şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

Çərşənbə, 06 Avqust 2025 11:28

BİRİ İKİSİNDƏ Ramil Əhmədin məqaləsi ilə

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi” məqaləsi təqdim ediləcək.

 

 

TƏNQİD

 

Ramil ƏHMƏD

 

XATIRLAMANIN VƏ UNUTMAĞIN SƏSİ

 

Öncədən anlaşaq: musiqişünas deyiləm. Olsaydım, heç şübhəsiz, son iki ildir mütəmadi olaraq əsərlərini dinlədiyim dörd azərbaycanlı bəstəkardan Qasımzadə Türkərdən, İbişov Tahirdən, Qəmbərli Ayazdan, Səid Qənidən və əlbəttə, həm onları, həm də onlarla eyni dalğada olan başqa yaradıcıları birləşdirən “Cadenza” orkestrından yazardım. Əslində, bu yazını heç mən yazmalı deyildim. Sadəcə, bu bəstəkarların işlərini daha yaxşı anlamaq üçün hazırda oxuya biləcəyim təhlili yazılarla qarşılaşmıram. Elə o anda özüm nəsə yazmaq istədim: anlayaraq yazmaq və yazaraq anlamaq üçün. Ey ucsuz-bucaqsız azlıq, ardımca, növbəti abzasa:

 

PROTOKOL

        

     Getdiyimiz hər yerdə tez bitməsini istədiyimiz protokol çıxışlar olur. Mütləq kimsə deyir ki, birinci və ikinci sıranı boş buraxın. Bu da bizim yazının protokol hissəsidir. Tədbirlərdə hansısa rəsminin çıxışını “2x” sürətində dinləmək şansı verilməsə də, ədəbiyyatın demokratik quruluşunda sizin digər başlığa keçmək hüququnuz var. 2024-cü il dekabrın 30-da Muğam Mərkəzində keçirilən “Cadenza” orkestrinin “Kiçik Dəniz küçəsi #2” adlı konserti keçirildi. Ən yeni peşəkar musiqimizi dinləmək fürsəti yaradan orkestrin ilin sonuncu konsertinin repertuarı dörd bəstəkarın əsərlərindən ibarət idi. Bu dörd bəstəkarın yollarının ilk dəfə kəsişdiyi, tələbəlik həyatlarının, ilk gənclik illərinin keçdiyi önəmli məkanlardan olan Kiçik dəniz küçəsi birləşdirici, başlanğıc funksiyasını yerinə yetirir. Konsertin adında məkana vurğu varsa, proqrama daxil olan əsərlərin əsas motivi zaman, zaman içində geri dönüşlər, dəyişimlər ön plandadır. İfa olunan əsərlərin bəzisi bir neçə müddət öncə yazılsa da, əksəriyyəti yeni bəstələr idi. Bir çoxu ilk dəfə ifa olunurdu. İndi oxuduğunuz bu yazını il ərzində bir-birindən fərqli və yeni musiqi əsərlərini dinləməyimizə vəsilə olan “Cadenza”ya – bu əsərləri yaradanlara və bizə çatdıran ifaçılara təşəkkür məktubu kimi də qəbul etmək olar. 

 

ZAMANDA RƏNGLİ SƏYAHƏT

 

...Ötüb keçən zaman, keçmiş dediyimiz yaşanmışlıq necə də rəngarəngdir, deyilmi?! Səid Qəninin “Adagio”sunu dinləyərkən gözümün önündə bir səhnə canlandı: bir adam yavaş-yavaş, ağır addımlarla keçmişə səyahət edir. Keçmişə nəzər salmaq həmişə kaleydoskop effekti yaradır. Ömür tale adlı toxucunun tez-tez dəyişən müxtəlif rəngli naxışlardan hördüyü bir xalçadır sanki. Kaleydoskopda bu çoxrəngli fiqur kombinasiyasını yaradan içində bir-birinə baxan aynalardır. Həyatda da elədir, günlərimiz, rutinlərimiz, vərdişlərimiz, davranış qəliblərimiz bir-birinə güzgülənir hərdən. Amma bu güzgüdəki yansıma da orijinaldır, təqlid deyil. Bəstəkarın əsərin bəzi məqamlarında notların bir-birinə baxan ayna effekti ilə istifadəsi çox zərif bir məqam kimi yaddaşımda qaldı.

“Adagio” keçmişə səyahətin bir xülasəsi idisə, onun ardınca səslənən “Epizod” ötən gündə baş vermiş bir anı dondurub onu ən mikro hissələrinə qədər bölüb xatırlama cəhdidir. Əsərin qoboy üçün yazılmış hissələri bir anlıq insana bu keçmişə səyahətin təkcə şüur qatında yox, həm də alt-şüurda baş verdiyini hiss elətdirir. Sona doğru qoboyun pianonun qulaqlarına sərt bir şəkildə nələrisə deməsi isə sonuncu çağırış kimi, hansısa amansız, tükürpədici bir həqiqətin son dəfə dilə gətirilməsi kimi səsləndi...

 

İTMİŞ ZAMANIN SORAĞINDA

 

Unutduğunu sandığın bir anda qəfil yolunun kəsişdiyi kiçik bir küçə, bəlkə, tanış qoxu, bəlkə, bir əşya heç nəyin hafizəndən silinmədiyini xatırladır. Bəzən sən özün də ömrünün xronologiyasını hansısa nəsnələrlə, əşyalarla ard-arda düzürsən. Evin çox da gözə batmayan bir hissəsində altşüur kimi bir qutuya qoyulduğu, zaman-zaman açıb baxdığın bu fotoşəkillər, başqaları üçün heç bir məna ifadə etməyən, artıq praktik istifadəyə yararsız hala düşmüş kiçicik əşyaya baxıb uzun bir ili, bir ömrün həyati yolayırıclarını xatırlaya bilirsən. Bunu, bəlkə də, bir şeirdə misra edə bilərdim, amma bura yazıram: əşyalar zehnimizin içindəki xatirələr seyfinin açarıdır... Əllə tutulması mümkün olmayan keçmiş uzun müddət xəyali bir şəkildə insan zehnində yaşaya bilməz, onun maddələşməsi qaçılmazdır. Uşaqlarımıza qoyduğumuz nənə-baba adları, ağ-qara rəngli fotoşəkillər, saralmış məktəb gündəlikləri, qol saatları, uşaqlıq köynəkləri və sair keçmişi maddələşdirməyin nişanələri onları yaşatmaq cəhdləridir.

Bəstəkar Ayaz Qəmbərli əvvəlcə, itmiş zamanının ruhunu cisimləşdirməyin çoxlu yollarından birini seçir: əşya. Ancaq tək bir əşya fonunda məhdudlaşdırmaq istəmir: əntiq əşyalar. Sonra bir nəfərin şəxsi tarixçəsi fonuna sığışdırmamaq üçün dərəcəni bir qədər də artırır: əntiq əşyalar dükanı. “Akvarel” silsiləsindən yazılan bu əsər solo piano üçün nəzərdə tutulub. Bu cümləni elə-belə informasiya olsun deyə, yazmadım. Belə bir əsərin məhz solo olaraq nəzərdə tutulması strukturu tamamlayır. Heç cür təsəvvür etmirəm ki, belə bir əsər ansamblla ifa olunsun. İtmiş zamanın sorağı kollektivləşə bilməz. Eyni anın şahidi olan adamların həmin keçmiş məqama dönməsi solodur, təkdir, bircədir. Ortaq yaşadığımız məqama eyni rakursdan baxmaq, ümumən eyni anın içində olub onu eyni şəkildə tükətmək psixoloji, emosional, bioloji olaraq mümkün görünmür.

“Əntiq əşyalar dükanında” əsəri plastik, tunc və ya daş yaddaşına keçmişi həkk etmiş şeylər vasitəsi ilə itmiş zamanı soraqlayır. Dəfələrlə fərqli registrlarda, fərqli notlarla, fərqli dinamika ilə təkrarlanan “mi, re#, do#, re#” motivi unutduğunu sandığın bir anın zehində anidən parıldaması effektinə ekvivalent kimi səslənir. Fərqli not təkrarlarına rəğmən, motiv eyni tempə, ritmə və interval ardıcıllığına sabitlənib. Bir növ xatırlama anı necə baş verirsə-versin, əşyanı harada unutduğuna dair ehtimal kombinasiyaları olsa da, o elə həmin unutduğun məkana sabitlənib. Unudulanlar, yaşananlar, zamanın içindəki məqamlar yerini dəyişmir. Biz hafizənin oyunları ilə onların yerini ya dəyişirik, ya dəyişik salırıq. Təkrarlanan “mi, re#, do#, re#” motivi hər yeri ələk-vələk edib tapmadığın əşyanın yerini bir an – aha!!! – yadına salmaq məqamını xatırladır. Son bir ümidlə bu dəfə digər çəkməcəni açmağa gedirsən; bütün diqqətini toplayıb qarşında özünü sənə xatırladan naməlum tanışın həmin gün dediyi sözü dəqiqləşdirməyə cəhd edirsən və birdən hər şey yada düşür, özü də bütün təfsilatı ilə, hekayəsi ilə birlikdə!

“Elementlərin müqaviməti” də zamanın içində bir başqa itmişliyi xatırladır. Bu dəfə gərgin, daha isterik şəkildə. Diqqətlə dinləyəndə əsərin ifa olunma çətinliyini sezirsən. Bəstəkar avanqardın bütün imkanlarını, imkansızlığını yoxlamağa cəhd edir elə bil. Bununla da, xatırlama deyilən mexanizmin müşküllüyünü düşündürür. Bəzən violinin, bəzən violonçelin, bəzən pianonun dağınıq, gərgin səsi ilə belə bir atmosfer yaranır: kimsə stəkanı yerə çırpdı; pəncərəyə daş atdı; kimsə bütün ürəyini boşaltdı, ardınca qapını möhkəmcə çırpdı... Və qapının bu əsəbi çırpılışı cümlənin sonuna nida kimi düşdü!

 

DİALOQ: ÖTƏN GÜNLƏRLƏ SÖHBƏT

 

Bir az uzaqdan başlayıram: incəsənətimizin bütün növlərinə modernlik musiqi və rəssamlığımızdan daxil olub. Bu iki sənətin zamana çevik adaptasiyası, dünya ilə səsləşməsi, ondakı dəyişiklikləri tez bir zamanda duymaq və sənətə yönəldə bilmək digər sahələrə görə daha sürətlidir. Burada səsin və rəngin ümumbəşəri kodlarının, tərcüməyə ehtiyacının olmamasının da əhəmiyyətli rolu vardır. Nə üçün mən son iki ildir müasir bəstəkarların əsərlərini dinləməyə gedirəm deyə, özümdən soruşsam, cavabım bəllidir: dialoq. Eyni havanı udduğumuz, eyni səmanı paylaşdığımız, eyni siyasi, sosial, iqtisadi reallığı paylaşdığımız, mənimlə yaşıd olan yaradıcı adamların dünyanı notlarla, səslə necə anlamlandırdığını, ətraf aləmlə olan dialoqunu eşitmək istəyirəm. Uzun söhbətdir, ancaq bu gün yaşadığımız durğun yaradıcı mühitin ən önəmli problemi dialoqun olmamasıdır. Bu səbəblədir ki, böyük əksəriyyətində iştirak etdiyim konsertlərdə bir-iki ədəbi simadan, iki-üç rəssamdan başqa heç kimi görmürəm. Eyni şey digər tərəfdə də baş verir, kitab təqdimatlarında, poeziya günlərində, rəsm sərgilərində də bir-iki digər sahələrlə məşğul olan yaradıcı simadan başqa heç kəsi görmək olmur. Yaradıcı şəxs üçün vacib elementlərdən olan içə qapanma dörd yanımızı əhatələyib – hamı öz içinə həm də şəxsi olaraq qapanıb. Rəssam rəssamla, şair şairlə, bəstəkar bəstəkarla çəkib öz sərhədlərini. Bütün bunları xatırlamağıma səbəb Türkər Qasımzadənin soprano və gitara üçün yazdığı “Adil Mirseyidin sözlərinə iki nəğmə” əsəri ilə səs və söz arasında dialoq qurmasıyla bağlıdır. Üç misradan ibarət olan birinci şeir və onun davamı hissiyyatını ötürən bir qısa şeir Mirseyidin nəğmə kimi yazdığı misralardır. Şairə görə, bu şeirlərin öx daxili intonasiyası, nəğməsi, heç şübhəsiz, varıydı. Bu şeirləri oxuyarkən o səsi eşitmək, bəlkə də, yalnız bir bəstəkar mütaliəsində mümkün ola bilərdi. Türkər Qasımzadənin bu əsərinin yaranmasında intiutiv olaraq duyuram ki, əsas  misralar, məncə, budur:

 

“Sən harada olacaqsan,

Ötən gün geri gəlsə?”

 

İstər dil, istərsə də mövzu baxımından modern şeirimizin imkanlarını genişləndirən, şeirində səs və rəng elementlərindən geniş şəkildə istifadə edən A. Mirseyidin ən imkansız olanı – zamanı geri qaytarsa belə, qeyri-müəyyən bir boşluğa düşdüyü məqamın təsviridir bu. Ötüb keçən zamanın içindəki “onun” yenidən yerini təyin etmək istəyi və ya sadəcə, düşüncəsi. Kimə ünvanlanıb bu sual? Kimdədir ən doğru cavabı? Cavab nədir? Dialoq kimi görünən bir monoloq var qarşımızda. Bu iki misra bir qeyri-mümkün dialoq qurma cəhdindən başqa bir şey deyil sanki. Türkər Qasımzadənin əsərində də duyduğum bu idi: cavabsızlıq. Əsərin strukturunda sanki “ötən günlər” Mirseyidin şeiridir, “sən” Qasımzadənin musiqisi, ya da tərsinə. Cavabını kimsənin bilmədiyi, bəlkə, bilsə belə, ifadə olunmazlığın qeyri-mümkünlüyünün sintezi. Gitaranın gövdəsinə toxunaraq alınan səs şeirdəki qaranlıqda vurnuxan quşların qanad çırpması, hansısa boşluqdan maddi bir şeyə toxunuşuna harmonik olsa da, ümumən bu iki əsər arasındakı dialoq ənənəvilikdən çox kənardır. Bəstəkar bir şeir və gitara üçün yazılmış musiqi dedikdə klassik bir yanaşma ilə ağlımıza gələn fikri alt-üst edir. Müşkül olan gerçəkləşib – ötən gün gəlib çıxıb indiyə, amma oradakı o sevilənin, o əzizi-mənin yerini müəyyən edə bilməmək alt-üst olmaq demək deyilmi? Mahiyyətcə mümkünsüz bir dialoq üzərində qurulmuş, öz içinə dərviş kimi qapanmış bir Mirseyid şeiri ilə ən yeni musiqinin bütün imkanları yoxlamaq ehtirası, o dərvişi çiləxanasından çıxarıb meqapolislə dialoqa çağıran Qasımzadənin yaratdığı əsər...

   

ZAMANI UNUTMAQ

 

Keçən zaman ərzində, bəlkə, yanlış, bəlkə, doğru olaraq Tahir İbişovun əsərlərini belə qavradım: əsərlərinin görünən tərəfindən çox görünməyənləri var, dünyəvi olanla metafizik olanın ahəngini tapmaq, yaratmaq istəyi var. Heç şübhəsiz, bu sadəcə, bəstəkarın istəyi kimi də qalmır, reallaşmış nümunə kimi dinləyiciyə təqdim olunur. Əlbəttə, dinləyici bu əsərlərin musiqi tarixi üçün əhəmiyyətli ustalığı, yeniliyi, fərqliliyini, bəlkə, bir o qədər duymur. Məncə, bu sonacan bilinəcək bir şey də deyil, ya da olmamalıdır. Bir yazar olaraq mənim üçün də çox kədərli olardı ki, yazdığım bir mətni bir şərhlə, bir rəylə tükətmək, tam qavramaq mümkün olsun. Tahir İbişovun da çox sevdiyi klassik şairimizin sözlərinə müraciətlə deyim ki, ciddi sənət gərək şərhi-bəyana sığmasın.

Konsertin sonunda bəstəkarın simli orkestr üçün yazdığı “Ur-fani” adlı əsər ifa olundu. Əslində, bununla da konsertin birinci əsərdən sonuncuya qədər bəlli bir daxili nizamı olduğu, əsərlərin sıralanmasında da kompozisiya qurma, konsertə yeni bir məna çaları əlavə edilmə istəyi olduğu duyulur. Əsərin ad seçimiylə bəstəkarın yaratdığı mənanı konkretləşdirmək çətin olsa da, sözün məna yaxınlığı ilə istiqaməti müəyyən etmək mümkündür. “Ur” sözünün lüğətdə (1)puç, batil; (2)eyib, ar; (3)lüt, çılpaq kimi mənaları var. “Fani” sözü isə əbədi olmayan, müvəqqəti, keçici məzmunu ilə sabitlənib.  Konsert boyunca, mənim şərhimcə, biz zaman içində yaddaşın, hisslərin, yaşanmışlığın dalğalanmasını dinlədik;

Said Qəninin “Adagio” və “Epizod”u bizə ötüb keçən zamana müxtəlif rəngli – kaleydoskopdan baxırmış kimi baxmağı təklif etdi;

– Ayaz Qəmbərli “Əntiq əşyalar dükanında” və “Elementlərin müqaviməti” ilə itmiş zamanı əşyalarla maddiləşdirib anlamağa səslədi və bu anlamağın iki halını göstərdi, birincidə bu itkini təmkinlə qəbullanmağı, ikincidə isə onunla üzləşməyin nevrotik halını;

– Türkər Qasımzadə “Adil Mirseyidin sözlərinə iki nəğmə”si ilə şairin “Sən harada olacaqsan/ Ötən gün geri gəlsə?” misrasını mərkəzə alaraq, əslində, məsələ zamanın itkisi yox, o zamanın içində itirdiklərimizlə dialoq yaratmanın atmosferini qurdu, sən demə, ən mümkünsüz olan ötən günlərin geri qayıtmaq fürsətinin olmaması deyilmiş, onlar geri də qayıda bilərmiş, amma, ancaq, lakin, fəqət bu qayıdışdan sonra oradakı adamların, əşyaların, xatirələrin yerini müəyyənləşdirmək necə mümkün olacaq, kim biləcək bu bilməcənin cavabını? Üstəlik, burada dəyişən, sadəcə, arzulanan deyil, həm də arzulayandır.

– Tahir İbişov “Noktürn” gecə musiqisi ilə əvvəlcə dinləyicisini psixoloji olaraq hazırladı, ya da hazır olub-olmadığını yoxlamaq istədi. “Ur-fani”si ilə bütün bu zaman içində gedib-gəlmələrin puçluğunu, zaman deyilən şeyin keçiciliyini vurğuladı. Hər şey dəyişikliyin bir parçasına çevrilməyə, dəyişikliyə məhkumdur. Unutmaq da, unudulmaq da qaçılmazdır. Bu əsər, bəlkə, bizi unutmağa köklədi; bəlkə, istəməsək də, unudacağımızı dedi; bəlkə də, öz metafizik axtarışlarıyla gəlib çıxdığı bir həqiqəti dilləndirdi. Bəlkə, elə, bəlkə də, yox. Amma bəlkəsiz sözün bütün mənalarında unutmadan yenilənə bilmək mümkünmü?

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Radikal dini cərəyanların gənclərə tasiri: necə qorunmalı?” mövzusunda  dini maarifləndirici tədbir keçirilib. Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Oğuz RİH başçısının müavini Aliyə Osmanova rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən unikal bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində yaşayırlar.

Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında maarifləndirmənin önəmi xüsusi qeyd edilib. Milli-mənəvi və dini dəyərlərimizin qorunması, eləcədə vətənpərvərlik prinsiplərinin təbliğində  cəmiyyətin, xüsusilə gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

 

 

 

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Türk xalqlarının tanınmış mədəniyyət xadimləri layihəsini təqdim edirik.

 

Cahangir Namazov, 

dəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Bəzən bir insanın sözləri milyon könlün sirdaşı, bir misrası min könlün aynası olar.

Sanubər Mehman elə bir könül şairidir, ruhun şairəsidir.

Onun yazdıqları könüllərə nur, ruha isə hüzur bəxş edir.

S. Mehman təkcə duyğuların şairəsi deyil, həm də böyük istedad sahibi, tanınmış özbək şairəsidir.

 

O, təkcə şeir- yazmır – o, düşüncəsi ilə danışır, könüllə toxunur...

Onun poeziyasında Mövlana Cəlaləddin Rumi, Əhməd Yəsəvi, Fəridəddin Əttar kimi sufi mütəfəkkirlərinin izləri, ruhu, nəfəsi duyulur.

Bu izləri təkrarlamır, bu izlərdə öz sözünü deyir – səmimi, ilahi və könüldən gələn bir dillə.

Xüsusilə vurğulamaq lazımdır ki, S.Mehman 19-20 yaşlarından etibarən artıq özbək ədəbiyyatının nəhəng simaları –ədəbiyyatşünas, ədəbiyyat tənqidçisiÖzbəkistan Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru Nəcməddin Komilov kimi ustadların diqqətini çəkmiş, onların dualarını almışdır.

20 yaşında yazdığı şeirlərə bu kimi ulu ədəbiyyat dayaqları sevgi və böyük etimadla ön sözlər, resenziyalar yazmışlar.

Bu isə şairənin fövqəladə istedadının və  poeziyasındakı ilahi nəfəsin, halın bariz sübutudur.

S.M – öz xalqının ruhunu, millətinin mənəvi dərinliklərini və insanlığın əbədi suallarını könül aynasında əks etdirə bilən bir aşıqdır.

Onun səsi bir dövrün səsi deyil, bir çağırışın, bir işığın, bir eşqin səsidir.

O, Buxaranın qədim torpaqlarında, Çarzanə adlı bir kənddə doğulub, amma əsl doğuluşu – şeirə könül verdiyi gündür.

 O gündən etibarən, o artıq “adi bir qələm sahibi” deyil, Tanrının sözlə vəsilə etdiyi könül quşudur.

 Onun səsi artıq təkcə Buxaranın yox, Azərbaycandan tutmuş Keniya, Belçika, Hindistan, Almaniya, Amerikaya qədər könül coğrafiyalarında səslənir.

Şairənin şeirlərində təkcə kəlmə yox, hal var, nəfəs var, Allaha qayıdış var.

 

Hər kəs öz işinə batır dünyada,

Evi, gərdişinə batır dünyada.

Könlünü dünyaya satır dünyada,

Allahıma varıb, gəlsəm, olarmı?

Qəlbimi suvarıb, gəlsəm, olarmı?"

 

Bu sual – əslində bir şeirin yox, bir ömrün səcdəsidir.

Hər misra – bir zikr, hər misra – bir təvəkkül, bir müraciət, bir iç səsi.

Bu səti‌rlərdə Xəyyamın fəlsəfəsi, Ruminin ehtizazı, Nəsiminin yanğısı, Şəms Təbrizinin səssiz harayı ilə yoğrulmuş bir qəlb dərgahıdır.

Elə ona görədir ki, onun sözləri yalnız gözlə oxunmur, ürəklə duyulur, ruhla içilir.

Ən çox təsir bağışlayan misralarından biri:

 

“Mən kiməm:

Gülün yarpağına Haqdan düşən xətt,

Torpağa əmanət canam, bədənəm...”

 

Bu misralarda şairə öz varlığını maddi və mənəvi qatlarda sorğulayır.

Gül yarpağındakı Haq xətti – yaradılışın təcəllisidir.

O, bədənini torpağa əmanət edilmiş ruh kimi təqdim edir və bununla insanın müvəqqətiliyini, amma ilahi mənbəli mənliyini poetik dillə vurğulayır.

 

“Mövlanə Ruminin içdə naləsi,

Şəmsi Təbrizinin fəryadıyam mən.”

 

Bu bənzətmələr onun eşqi ilahi məna ilə dərk etdiyini göstərir.

O, yalnız duyğu halında qalmır – eşqi fəlsəfi və mistik bir yol olaraq izah edir. Mövlanə və Şəmsin fəlsəfəsinə istinad etməsi poetikasına sufilik işığı qatır.

 

“Eşq ilə bəlanı nikahlandırdım,

Aşıqsən – mübarək, Şəmsi Təbrizim!”

 

Bu misra isə şairənin eşqə fədakarlıqla boyun əyməsini, dərdi gözəlliklə qəbul etməsini bildirir.

Onun üçün eşq – fəlakətin özü deyil, fəlakətin gözəlləşdiyi, ruhun saflaşdığı yoldur.

 

“Məcnunlarım, məndən qaçın, dövrəmdə hey bihuş uçun,

Qəbrinizi tezcə açın – Leylinəfəs Sənubərəm.”

 

Bu sətirlərdə şairə qadın olaraq yalnız sevən deyil, həm də sevdirən, öz ətrinə bihuş edən, Leylinin nəfəsi kimi tənha, lakin sehrli bir varlıq kimi özünü təqdim edir.

Buradakı metaforalar – qəbir, uçuş, bihuşluq – onu həm mistik, həm də ehtiraslı bir poetik obraz kimi önə çıxarır.

 

“Köhnə dəftərləri açmamaq olmur,

Köhnə dəftərlərdə qalan dünya bu...”

 

Bu misralarda zamanın toz basmış səlnaməsi deyil, könüllərdə qalan təqvim var.

 Bu dünyanı eşqlə dolan, hicranla yoğrulan, övliya ruhu ilə oxşayan bir dünya kimi təqdim edir.

 

Onun üçün dünya – badədir, amma şərab yox – sevgidən dolmuş bir badədir.

S. M yalnız bir qadın şair deyil – qəlbi Allahın nuruna yönəlmiş bir aşıqdır.

O, özünü dünyaya satmayan könüllərdən danışır, hər kəsin öz işinə batdığı bir çağda könlünü Tanrıya aparan yollar axtarır:

 

“Məni sevdiyi gün ağıldan azdı,

O bilici, səma – ağsaqqal səma.”

 

Sənubər xanım həm şeirin naxışkarı, həm könül dülgəri, həm də söz mücahididir.

 

“Mən meydan içində ürəyi tikdim –

Və tikdim ən təzə duyğularımı.”

– deyir.

 

Bu, sadəcə poeziya deyil, könül inqilabıdır.

O bu dünyanın səthində yaşamır – o dərinliklərdə nəfəs alır, orada yazır, orada ağlayır, orada dua edir.

Şeiri təsəvvüf, Onun dili zikr, Onun səsi könül...

 

“Sənubər, halını aşiqlər bilər,

Eşq üçün dünyadan köçən dünya bu...”

 

Bu misra ilə öz ruhunu oxşayan hər bir aşığın kimliyini xatırladır.

Onunla bir cümlədə olmaq istəyirsən, çünki onun sözü sənə səssiz dua kimi toxunur, sən də onunla şeir oxumursan – könül ibadətinə durursan.

Və nəhayət, o öz varlığını belə tərif edir:

 

“Sevməyəndən əvvəl Məcnun idim mən,

Sevdiyimdən sonra oldum Sənubər.”

 

Bu misra onun həyat fəlsəfəsidir.

"Sənubər" – sevgidən doğan bir ad, eşqdən yoğrulan bir ömür, sözdə Tanrı axtaran bir könüldür.

Nəticə olaraq, S. Mehman poeziyasında həm Qərb romantizmi, həm Şərq sufizmi, həm də qadına xas zəriflik və ilahi sevgi var.

Onun misralarında hisslər yalnız duyulmur, həm də izah olunur.

Sözlər isə ruhun səması ilə yerin torpağı arasında qurulmuş bir körpüdür.

Ən dəyərli olan isə odur ki, bu poeziyada Allaha, eşqə, qadına və insanlığa olan saf bir dua var. 

S. Mehman — duaya çevrilmiş bir şeirdir.

O, “Sözün Vətəni”ni qurub.

O vətəndə yalnız könüllər yaşayır, yalnız Tanrını sevənlər, yalnız sevib göz yaşını zikr sayanlar...

Və bu ruh sahibi – bizim zamanımızın aşiqlərinə Tanrıdan bir paydır.

Əziz və dəyərli oxucular!

Leylinəfəs bu şairənin  şeirlərinə könül verin, onları sevgi ilə oxuyun, duyun və ən vacibi — səmimi bir qəlb ilə qiymətləndirin.

Bu şeirlər öz dəyərini könüllərdə tapacaq.

 

QISA TƏQDİMATI

Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.

Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur.

 “Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”,

“Eşq Gəlir”,“Sözün Vətəni” kitablarının müəllifidir.

 

ŞEİRLƏRİ

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu

 

DÜNYA BU

Köhnə dəftərləri açmamaq olmur,

Köhnə dəftərlərdə qalan dünya bu.

Təkcə badə kimi hicranla dolmur,

Sevgidən badəsi dolan dünya bu.

 

Mahnılar oxudum eşqin tarında,

Özünü övliya bilən bu dünya.

Məşrəbə çevrilib Bəlxin darında –

İmandan asılıb, ölən bu dünya.

 

Ey yar, əllərini əllərimə ver,

Ayrılıq - köksümü dələn dünya bu.

Gündüzü həsrətdə, gecə yaz şeir,

Dünyanı unudan, bölən dünya bu.

 

Həsrət, get, sinəmə sığmazsan ancaq,

Fəqət eşq neyini çalan dünya bu.

Əzizim, sevgilim, gözlərimə bax,

Sənə tələsməkdə dolan dünya bu!

 

Sənubər, halını aşiqlər bilər,

Eşq üçün dünyadan köçən dünya bu,

Hələ sübh kimi xoş mahnılar ilə

Vüsal şərbətini içən dünya bu!

 

 

GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?

 

Hər kəs öz işinə batır dünyada,

Evi, gərdişinə batır dünyada.

Könlünü dünyaya satır dünyada,

Allahıma varıb, gəlsəm, olarmı?

Qəlbimi suvarıb, gəlsəm, olarmı?

 

Bir məqam istərəm, məqamdan artıq,

Bir aram istərəm, aramdan artıq.

Bircə an  könlünü et pay, qonaqlıq,

Mən onu haylayıb gəlsəm, olarmı?

Allaha dayayıb gəlsəm, olarmı?

 

Səhərlər açılar göyün qapısı,

Qafillər yatmaqda qəflət yuxusu.

Dəyməyin, qoy yerdə qalsın hamısı,

Göylərə baş çəkib gəlsəm, olarmı?

Sonra yer şərhini bölsəm, olarmı?

 

Sənubər, ağaclar gecə ay əmər,

Gecə aləm evə məyus çəkilər.

Gecə qüssə qəlbi  bəxtinə gömər,

Mən gülə çevrilib qalsam, olarmı?

Könülə çevrilib qalsam, olarmı?

 

Deyib, demədiyim etirazım var,

Çalıb, çalmadığım ürək sazım var.

Sənə etmədiyim sonsuz nazım var,

Sinəni aç, ora dolsam, olarmı?

Gözlərinə çöküb ölsəm, olarmı?

 

 

VAR MƏNİM

 

Qamış ağlar neyəm deyə,

Üzüm ağlar meyəm deyə.

Allahımdan bir saniyə

Üzülməz anım var mənim.

 

Gül sevilib həşəm oldu,

Bir damcı su körpəm oldu.

Sevdim, nəsibim qəm oldu,

Ölməyən canım var mənim!

 

Gedək, söyləyim zaram mən,

“Can”ımda olan “dar”am mən.

Yuxundan da kənaram mən,

Demək, imanım var mənim.

 

Dünyaya bax, necə gendir,

Gözünə ruhumu endir.

Gəl uçaq, qəfəsi sındır,

Qanadım, şanım var mənim.

 

Bu cür ömür - xırda əzab,

Xəyyamın min illik şərab.

Günəş ağlar, gətirməz tab,

Susmayan qanım var mənim!

 

Başı yaxşı vurdun daşa,

Nə çarə var, axan yaşa?

Sevməyimdi gələn xoşa,

Başqa nə şanım var mənim?

 

Sənə gəldim, - səni deyə,

Dünya vəsli,  -günü deyə.

Görüb də sev, -məni deyə,

Eşqdə xoş anım var mənim.

 

Sevib, daha qəmgin oldu,

Çeşmi-giryanım var nəim.

Eşq qaynayan qanımdadır,

Ölməyən canım var mənim!

 

 

OLDUM SƏNUBƏR

 

Başdan nəqqaşları çox sevən bədən,

Fitrətim zər olsa, qismətim zərgər.

Sevməyimdən əvvəl Məcnun idim mən,

Sevdiyimdən sonra oldum Sənubər.

 

Vallah, şövqündəyəm, şövqünəm bu an,

Ölü könülə də can bəxş edərəm can.

Məni sevdiyi gün ağıldan azdı,

O bilici, səma — ağsaqqal səma...

 

Mən onun ruhundən tökülən əhəng.

Səpildim köz rəngli yarpaqlarıma.

Sabaha özümdən əskik yaşasam –

Asın, verin məni torpaqlarıma!!!

 

Dayaq verməliyəm yeni ruhuma,

Kiminsə köhnəlmiş duyğularını.

Vaxt gəldi, səsləmək fürsəti yetdi -

Şeir adlı dəyər qayğılarını!!!

 

Mən meydan içində ürəyi tikdim –

Və tikdim ən təzə duyğularımı.

Ehtiraslar məğlub etməsin deyə,

Ağlayıb atdım mən gülüş varımı.

 

Gecələr səsləndi, qəlb kövrək, əsər,

Onun canındamı, sevgi, qədim iz?

Bir gün bu həyatdan getsəm mən əgər,

Məndən də qalarmı bircə yeni söz?

 

Fəna, nəqqaşları çox sevən bədən,

Fitrətim zər olsa, qismətim zərgər.

Sevməyəndən əvvəl Məcnun idim mən,

Sevdiyimdən sonra oldum Sənubər.

 

 

BU NECƏ SÖHBƏT?

 

Hüzura gəlmədən, getməyim heç - “sağ”,

Təkliyə vermədən “sol” istiqamət.

Qəlbimə eşq saldın, bu qədər batmaq –

Tanrım, göylərində bu necə söhbət?!

 

Özümə gəlməmiş, gələr bir qayğı,

Yenə bir qəm onu edər bartərəf.

Öldürüb qoymazmı bu qədər sevgi -

Tanrım, pünhanında bu necə söhbət?!

 

Səndən başqasına gərək deyiləm,

Əllərim duada hər səhər, ya Rəbb!

Eyvah söyləyirəm, ürəkdən, eyvah –

Yerdə, asimanda bu necə söhbət?!

 

Fələkdən qar yağar, ürəkdən hüzün,

Sözü açıq desəm, titrəyər dodaq.

Bir hicran vermisən, uzundan uzan,

Bir bax, zindanında bu necə söhbət?!

 

Yar dedim, nalələr çıxdılar üzə,

Dost dedim, nadanlar durdular səf-səf.

Dost da öz dostuna belə edərmi –

Tanrım, məkanında bu necə söhbət?!

 

Qulsan! – möhür vurdun, itaət etdim,

Gül dedin, fəxr etdim, açılıb getdim.

Neynək, yad bağlarda yanılıb getdim-

İşlək bağbanında bu necə söhbət?!

 

Tozlandım, barından məhəbbət içəm,

Dəryaların var ki, daşarsan əlbət.

Sənubər quşunam, uçmağım gəlsə -

Tanrım, göylərində - bu necə söhbət?!

 

 

MƏN KİMƏM

 

Mən kiməm:

Gülün yarpağına Haqdan düşən xətt,

Torpağa əmanət canam, bədənəm.

Min illik aşiqlər etməmiş diqqət,

Eşq deyə yaranmış ən surli fənnəm.

 

Mən kiməm:

Səmanın yerə əkdiyi,

Əhli-eşqə töhfə, günəşiyəm mən.

Züleyxanın Yusif dərdi çəkdiyi,

Sevgiyə çevrilən göz yaşıyam mən.

 

Mən kiməm:

Mövlanə Ruminin içdə naləsi

Şəmsi Təbrizinin fəryadıyam mən.

Anamın ən sadə, müdrik balası,

Yaradanın gözəl icadıyam mən.

 

Mən kiməm:

Qönçələr eşq deyə, buraxdığı iz,

Allah dediyində sədasıyam mən.

Min illik bir qəlbin önündə aciz,

İşıqlar, həsrətlər ədasıyam mən.

 

Mən kiməm:

Məcnunun göylərdə ahı,

Leylinin alınmaz qisasıyam mən.

Həzrəti Əyyubun ibadət çağı,

Allaha edilən duasıyam mən.

 

O dua üzündən dünyaya gələn –

Dünyanın səmimi duasıyam mən.

Bir anda min dəfə daşıb  tökülən,

Bir könlün ən məsum dəryasıyam mən.

 

Ey fələk, əlindan dad çəkməyim yox,

Hər nə göstərmisən, şeydasıyam mən.

Qismətlə, əzəldən gül ilə bitən –

“Sənubər” adlanan inşasıyam mən.

 

 

ŞƏMSİ TƏBRİZİM

 

Baxışlar, pıçıltı – qədim vaxt dindi,

Ey mənim bəlakeş, ağlayan gözüm.

Bizim bu sevdamız mübarək indi,

Aşiqsən –  mübarək, Şəmsi Təbrizim!

 

Dünyanı  alovlar içinə aldıq,

Nə  ağlımız qaldı, nə ani sezim.

Aləmə çarəsiz qovgalar saldıq,

Məşuqsan – mübarək, Şəmsi Təbrizim!

 

Kimlərdən qlımayıb qədim dəlilik,

Bunca güvənirsən göylərə, gözüm.

Mübarək bu halın, adın üstəlik,

Aşıqsən –  mübarək, Şəmsi Təbrizim!

 

Bizdən qalasıdır dünyaya ələm,

Allahım, bizimçün ver ona dözüm.

Diz çök qarşımızda, ey müqəddəs qəm,

Aşiqsən – mübarək, Şəmsi Təbrizim!

 

Qanıma susadı  ah, bu ayrılıq,

Gəlirsən, indi gəl, ey qan əzizim.

O qədər gözəlsən, ey gözəl varlıq,

Məşuqsan – mübarək, Şəmsi Təbrizim!

 

Hal ilə sevdanı bir adlandırdım,

Dəlimdir başıma çıxan o kəsim.

Eşq ilə bəlanı nikahlandırdım,

Aşiqsən – mübarək, Şəmsi Təbrizim!

 

 

XÜLASƏ

 

Mən hara gedim, ürək

İşarə etməyəndə?

Dağla torpaq, gillə su,

Köz bərə etməyəndə.

 

Xar olardımmı bunca,

Zar olardımmı bunca?

Mənə bircə yol baxıb

Qəlb parə etməyəndə.

 

Baxan deyildim əsla,

Yox,  getdi  dağlı bəla.

Bəlakeş yara İssık* –

Sitarə* etməyəndə.

 

Nə gələrdi gülümdən,

Eşq çəkilməz yolumdan.

Aramızı ölümdən

Kənarə etməyəndə.

 

Hesabın ver, qatil eşq,

Ey görən eşq, batil eşq.

Yarı yar et, kamil eşq,

Məsxərə etməyəndə.

 

Mən Sənubər, yar idim,

Od idim, yanar idim.

Gəl məni qurtar dedim,

Eşq çarə etməyəndə.

 

Vüsal ala dərdimi,

Eşq  doldura qəlbimi.

Heç şair edərdimi,

Avarə etməyəndə!

 

 

LEYLİNƏFƏS SƏNUBƏRƏM

 

Yer ilə göy arasında, izindən pəst Sənubərəm,

 Gözlərinin qarasında qaşına qəsd Sənubərəm.

 

Meydən dinən, meydən sönən ürək məndə,

İki dünyanın məstiyəm, bir meypərəst Sənubərəm.

 

Tozum eşqdir, tufanım eşq, abi-heyvanım sevgidir,

Asimanım, yerim eşqdir, ah, eşqpərəst Sənubərəm.

 

Gəlişi qəlb, gedişi qəlb, suyu, qumu, torpağı qəlb,

Getmə məndən, canım-konlüm, könülpərəst Sənubərəm,

 

Sizə gəldim, böyük Xəyyam, bu, nə afət, bu nə aram,

İki gözüm eşq dolu cam, nuş elə, iç, Sənubərəm.

 

Məcnunlarım, məndən qaçın, dövrəmdə hey bihuş uçun,

Qəbrinizi tezcə açın – Leylinəfəs Sənubərəm.

 

Sağam, azarlıq istərəm, dərdəm, xumarlıq istərəm,

Bir dəli varlıq istərəm, etməyin bəhs, Sənubərəm.

 

Tanrı, göstər yolum hanı, qəlbsizəm ki, qəlbim hanı?

Canım qədər sevdim səni, bir xara xas Sənubərəm.

 

Məhv elədim səni könlüm, könlümə qəsd Sənubərəm,

Axtarıb tap, məni könlüm, tamam əbəs Sənubərəm.

Etməyin bəhs, Sənubərəm, Leylinəfəs Sənubərəm!

 

“Ədəbiyyat və incəsənət”

(06.08.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.