Super User

Super User

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Statusman, sosial medianın məşhur filosofu, saysız-hesabsız aforizmlər müəllifi Hümbət Həsənoğlu. Həm də Sumqayıt İcra Hakimiyəti yanında İctimai Şuranın sədri, Sumqayıt DOSTlar Klubunun təsisçisi və sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, yazıçı-publisist Hümbət Həsənoğlu! Bu il onun 70 illik yubileyidir və bu münasibətlə də müəllifi olduğu "Seçilmiş əsərlər" və "Sumqayıt dolması" adlı kitabları eyni vaxtda işıq üzü görüb.

 

Redaktoru Arif Ərşad olan bu kitablar çox yüksək səviyyədə naşir Ceyhun Xəlilovun rəhbərlik etdiyi "Express" nəşriyyatında dizayn olunmuş, yığılmış və "AZMİR" MMC-nin  direktoru Akif Şahbazovun rəhbərlik etdiyi nəşriyyatın mətbəəsində nəfis şəkildə çap olunmuşdur.

Kitabların belə gözəl şəkildə ərsəyə gəlməsində əməyi olanlar  -  naşir Akif Şahbazov, naşir Ceyhun Xəlilov, bədii redaktor Vüsal Hətəmov, tərcüməçi Vəfa Babayeva, korrektor Şəfa Fərhadqızı, fotoqraf Etibar Bənnayev, aşbaz Rafiq Kərimov, mühəndis Əliyar Fərzəliyev, mətbəənin direktoru Asif Şahbazov, dizayner Rafael Qasımov, dizayner  Vüsalə Qəribova,, dizayner Cəmilə Nəsirovadır.

Hümbət Quliyevin oxucularla hər bir görüşü bir bayramdır. Əminik ki, bu kitabları da oxucular sevəcəklər.  

Biz də fürsətdən istifadə edib həm yubileyi, həm də yeni kitabları münasibətilə Hümbət Həsənoğlunu səmimi qəlbdən təbrik edirik! Ona cansağlığı və bundan sonrakı yaradıcılığında uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Rəsul Qədiridir.

 ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində Güney Azərbaycan da zərbələr almaqdadır. Bütün dualarımız güneyli soydaşlarımızadır.

 

 

Rəsul Qədiri

Təbriz

 

 

GÖRƏSƏN VARMI BİR DADI SÖZÜMÜN?!

 

Payımın yay-yazı ötüb keçmiş, tökülür yarpağı yerə güzümün

Üç fəsil məndə pırtlaşıq düşdü, bəlkə Tanrı qatıb fəsil düzümün?!

 

Geri qalmış bahar qarı yağdı, şaxta yandırdı tər budaqlarımı

Mən ağaclar içində zeytunudum, dolu vurdu çiçəklərin üzümün

 

Qayıdıb arxaya baxıb görürəm, ömrümün bir çoxu gedib hədərə

Günlərim yel kimi əsib keçdi, səpilibdir yola külü közümün

 

Bəlkə də möv kimi bahar fəsli, kəsiləndə tağ üstə qol-budağım

Onda heç yarpağım inan yoxudu, süzülürdü yerə yaşı gözümün

 

Ağlaya-ağlaya çiçəkləndim, hər əlimdə beş-on dolu salxım

Kəpənəklər dönürdülər başıma, dedilər: döz ki bar verər dözümün

 

Mən elə tarlada göyərdim ki, ağacın qədri, qiyməti yoxudu

Bişdi yarpaqlarım ocaqlarda, qoralar olmadı mənim özümün

 

İndi güzdür olub qalan gilələr, bir qazanda ayaqlanıb, əzilib

Əlli illik şərab dadan deyəcək: -nə də dadlı şərab verib üzümün!

 

Baharın şaxtalı ötüb keçdi, susuz oldun bütün yayı “Yalnız”

Sonbaharda çiçəklənib könlüm, görəsən varmı bir dadı sözümün?!

 

 “Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya –resurs  şöbəsinin müdiri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

26 iyun Silahlı Qüvvələr Gününə ithaf olunur

 

 

Orxan maşının yan aynasından baxanda ağ rəngli bir “Nissan”ın çoxdan bəri onun arxasınca gəldiyini görmüşdü. Maraqlısı o idi ki, dünən də şəhərdə mağaza və marketlərə mal paylayanda bu maşını gördüyünü xatırlayırdı. Onda o qədər də fikir verməmişdi. Şəhərdə onun kimi minlərlə maşın vardı. Ancaq indi sürəti bir neçə dəfə artırıb azaldaraq hərəkət etsə də “Nissan” markalı maşının sürücüsü sanki onun hərəkətlərini təkrar edir, ötüb keçmirdi.

Güzgüdən bu dəfə eynəyini taxıb baxdı ki, bəlkə bir tanıdığıdır. Bu da əbəs idi. Ağ “Nissan” səbrlə onu izləyirdi, həm də aşkarcasına. Sürücünün kim ola biləcəyi barədə düşündü. Yenə də heç bir şey xatırlaya bilmədi.

Yolda maşınlar seyrəkləşəndə əlverişli bir yerdə ağ “Nissan” Orxanın maşınının  qarşısına keçib saxladı və sürücü yerə endi. Orxan da maşını saxlayıb maraqla baxırdı. Ağ “Nissan”ın sürücüsü Orxanın maşınına yaxınlaşanda Orxan da maşından düşdü. Gələn adam orta boylu, qara saçlı, səliqəli kostyumda, 35-40 yaşları arasında – elə təqribən onun özüylə həmyaş biri idi. Yaxınlaşıb kamal-ədəblə salam verib, özünü təqdim etdi. Orxanla əl sıxışdılar. Samir bir həftədir onun arxasınca gəzdiyini söyləyərək, vacib bir məsələ ilə bağlı olaraq onunla birgə getməsini xahiş etdi.

Orxan tərəddüd edirdi. Bunu Samir də görürdü. Əlbəttə, kim heç tanımadığı bir adamın belə bir təklifini qəbul edərdi ki?

Orxan işin sonunda şirkət maşınını aparıb təhvil verməli olduğunu bildirdi. Samir də öz maşını ilə onunla birlikdə şirkətə gedib sonra birgə gedə biləcəklərini söylədi.

Razılaşıb ayrıldılar.

Orxan düşüncəli halda sükanın arxasına keçdi. Bu müəmmanın nə ilə bitəcəyi haqqında heç bir fikri yox idi. Ancaq bu təklifdən qorxaraq geri çəkilməsinə də qüruru yol vermirdi. Öz-özünə fikirləşdi. Eh, Orxan, sən neçə odun- alovun içindən sağ çıxmısan, indi şəhərin mərkəzində başını salamat saxlaya bilməyəcəksən? Suallar bitmirdi. Samir də belə baxanda pis adama, dələduza oxşamırdı. Allaha təvəkkül deyərək, maşını gətirib təhvil verdi .Samir də maşını ilə arxada onu gözləyirdi. Orxan Samirin maşınına əyləşdi.

Maşın yerindən tərpəndi. Şəhərin mərkəzi  küçələri geridə qalmışdı, Samir maşını səbrlə idarə edirdi.

Orxan mağazalara firmanın ərzaq mallarını payladığına görə, şəhəri ovuc içi kimi tanıyırdı. Samirin maşını Yeni Günəşliyə döğru yol almışdı. Bu müddət ərzində aralarında elə bir ciddi söhbət olmadı. Ancaq havadan sudan. Yaşayış binalarının həyətinə giriş yerindən içəri dönərək maşını  birinci blokun qarşısında saxlayan Samir maşından düşdü. Orxan da maşından düşüb, ətrafına diqqətlə göz gəzdirdi. Samir üçüncü mərtəbəyə qalxacaqlarını deyib irəli yeridi. Orxan da onunla bərabər pillələrlə yuxarı qalxmağa başladı. Samir sağ tərəfdəki seyf qapının zəngini basdı. Qapı sakitcə açıldı və onlar içəriyə keçdilər. Orxan hələ də, onu necə bir sürprizin gözlədiyini bilmirdi.

Onlara yaşlı, nurani üzlü bir qadın xoşgəldin elədi və qonaq otağına buyurmalarını göstərdi. Orxan otağa daxil olanda pərdənin arxa tərəfində bir nəfərin olduğunu görüb, həyəcanla işin sonunu gözlədi. Bu zaman pərdənin arxasından 40 yaşlarında bir kişinin çıxaraq, onu qucaqlamaq üçün sağ qolunu yuxarıya doğru qaldırdığını gördü. Orxana bu üz, bu insan çox tanış gəldi. Ancaq kim olduğunu birdən-birə yadına sala bilmirdi. Qarşı tərəfdən ona doğru gələn adam Orxana yaddaşını təzələmək üçün kömək elədi.

-Orxan, mən Kamalam! Füzuli, döyüş böigəsi,- deyə bildi.

Orxanın zehni ildırım sürəti ilə işləyirdi. Bir anda hər şey yadına düşdü... O da qollarını açaraq, Kamalın üzərinə yeridi.

Onların görüşünü təsvir etməkdə qələm aciz qaldı...

 İki köhnə dost uzun illərdən sonra bir-birinə sarılmış, sevinc dolu göz yaşlarını tuta bilmirdilər. Otaqdakılar da baxıb bu mənzərəyə ağlayırdılar, sevinc yaşları axırdı gözlərdən...

Kamal Orxana anasını və Samiri yenidən təqdim etdi. Sonra dostlar süfrə arxasına keçdilər. Süfrənin üzərində quş iliyi, can dərmanı desən var idi. Hər şey qabaqcadan əziz qonağın gəlişi üçün hazırlanmışdı.

Dostlar bi-birindən hal-əhval tuturdular. Orxan Kamalın sol qolunun yerində köynəyin boş qaldığını görüb, bayaqdan nəsə soruşmaq istəyirdi, Orxan başa düşdü və sol qolunun yerini göstərdi: - Hə bunu deyirsən, birləşdirmək mümkün olmadı,- deyib köksünü ötürdü.

Xatirələr hər iki dostu yaxın keşmişin ağuşuna almışdı.

Ölkənin üzərini qara buludlar sarmışdı. Təcavüzkar Ermənistan soydaşlarımızı öz dədə-baba yurd yerlərindən qovub çıxartdıqdan sonra Dağlıq Qarabağ haqqında iddialara başlamışdı. Sovetlər İttifaqının süqutu bütün keçmiş Sovet Respublikalarında olduğu kimi bizdə də hakimiyyət və idarəetməni çaş-baş salmışdı. Erməni qəsbkarları Qarabağda həmvətənlərimizə divan tutur, tez-tez təxribatlar törədirdilər. Belə bir vaxtda yerli əhalinin əlində olan bütün silahlar, hətta ov tüfəngləri belə yığışdırılmışdı. Ancaq yerli əhali var qüvvələri ilə müdafiəyə qalxmış, onlara Azərbaycanın digər bölgələrində yaşayan könüllü dəstələr köməyə gəlmişdilər. Demək olar ki, hər bir kənd, qəsəbə və ümumilikdə rayonlar uğrunda ağır döyüşlər gedirdi. Azərbaycan təkcə Ermənistanla deyil, ona havadarlıq edən Rusiya ilə müharibə aparmaq məcburiyyətində qalmışdı. Rusiya Ermənistana həm silah-sursat, həm də canlı qüvvə sarıdan böyük köməklik göstərirdi. Bundan başqa müxtəlif ölkələrdən gətirilən muzdlu döyüşçülər, döyüşən ermənilər tərəfdə  üstünlük təşkil edirdi.

Vətənin belə dar, ağır günündə vətənini sevən heç bir insan laqeyd dayana bilməzdi. Orxan da belə vətənpərvər gənclərdən biri idi. O da ailəsi ilə halallaşaraq, könüllü olaraq döyüş bölgəsinə getdi. Kamalla da orada tanış olmuşdu. Sovet Ordu sıralarında olarkən Tank qvardiyasında olması onsuz da peşəkar döyüşçüləri azlıq təşkil edən Milli Qvardiyada əməlli başlı haraya çatmışdı. Orxan ekipaj üzvləri ilə birgə döyüşün ən qaynar yerlərində olmaqdan çəkinmirdilər. Füzuli rayonu uğrunda gedən döyüşlərdə məharət göstərən Orxana xüsusi hörmət göstərirdilər. 1994-cü ilin ən uğurlu əməliyyatları məhz Füzuli istiqamətində düşmənə sarsıdıcı zərbə endirməklə həyata keçirilmişdi. O vaxtkı şərtlər çərçivəsində orduda idarəçilik sisteminin çox zəif olması və bəzi siyasətbazların hoqqaları sonralar bu dönüş nöqtələrinin də üzərindən xətt çəkmişdi.

Belə ağır döyüşlərin birindən Orxan qərargaha qayıdan zaman yerdə çoxlu yaralının olduğunu görür. Onların arasında Kamalın vəziyyətinin daha ağır olduğunu hiss edir. Güllə Kamalın sol qolunu yuxarı hissədən demək olar ki tamamilə üzmüşdü. Kamal çoxlu qan itirmiş, rəngi avazımışdı. Lakin şüuru özündə idi. Sağ əli ilə sol qolunu tutmuşdu.

Orxan həkim briqadasının 16 km uzaqda Qaraxanbəylidə yerləşdiyini bilirdi. Xəstələr nisbətən döyüş zonasından kənarda idilər. Həkim briqadasının gəlməsi üçün xeyli vaxt lazım idi. Bu da Kamalın o vaxta qədər sağ qalıb qala bilməyəcəyini sual altında qoyurdu. Orxan Kamalın quruyan dodaqlarına və saralmaqda olan bənizinə baxıb, sönməkdə olan gözlərinə bir həyat, yaşam savaşına daha artıq dözə bilmədi. Verdiyi ani qərar onu qətiyyətlə hərəkətə gətirdi. Kamalı quçağına alaraq azca irəlidə olan tanka doğru inamla irəlilədi. Döyüş yoldaşları Orxanın nə etmək istədiyini hələ təyin etməmiş, Orxan döyüş maşınını  işə saldı, dayanmağa vaxt yox idi. Bu zaman onun gözünü sanki, qan tutmuşdu. Nə döyüş mövqeyi, nə də komandirin əmrini yerinə yetirmədiyi üçün alacağı çəza ona maraqlı deyildi. Nahamar yollarda başqa minik vasitələri işə yaramadığından, onun döyüş maşınının tayı bərabəri yox idi. Tam sürətlə irəliyə doğru gedir, Kamalı Cavid həkimə çatdırmağa çalışırdı.

Bir azdan Çadırı görəndə ümidi atrdı. Kamalın qoluna bağladığı kəmər, qanı azacıq da olsa durdurmağa kömək etmişdi. Çadıra çatan kimi köməyə adam çağırdı. Kamalı birtəhər çölə çıxardıb çadıra doğru apardılar. Artıq Kamalın gözləri qapalı idi. Orxan Cavid həkimə yaralını təhvil verib, döyüş mövqeyinə qayıtmağa tələsdi.

Geri gəldiyində döyüş yoldaşları komandirin onu soruşduğunu  və gələn kimi yanına gəlməsini söylədilər. Orxan indi anlayırdı necə bir səhv etdiyini. Komandirin otağına doğru gedərkən, bir daha azad, sərbəst olaraq oradan çıxa bilməyəcəyini, hətta ən ağır cəzaya layiq olduğunu düşünərək qapını döydü. Komandirin amiranə “gəl” səsi eşidildi. İçəri girən Orxan hərbi qaydada salam verdi. Komandir sərt baxışları ilə onu süzürdü. Sonra Orxandan Kamalla qan qohumluğunun olub-olmadığını soruşdu və çəzasının nə ola biləcəyini də.

Orxan çox gözəl başa düşürdü ki, ona tapşırılan postu tərk etməklə üç kəndin dinc əhalisini təhlükə altında qoymuş, döyüş mövqeyini icazəsiz tərk etmiş, içazəsiz olaraq döyüş zonasını tərk etmişdi. Ən ağır çəzanı , hətta ölüm hökmünü belə göz önünə almışdı.

Komandir əsəbi şəkildə otaqda var-gəl edir, onun bu hərəkətinə haqq qazandıra bilmirdi. Birdən stolun siyirməsini əsəbi şəkildə çəkdi. Orxan bu zaman gözlərini ani olaraq yumaraq, komandirin siyirmədəki silahı ilə onu vuracağını zənn etdi. Gözünün önünə ailəsi, bu il ilk dəfə məktəbə gedəcək oğlu, yenicə dil açmağa başlamış körpə qızı gəldi. Demək bura qədərmiş, dedi ürəyində, hər şey bitdi...

Birdən komandirin acıqlı səsi ilə, onun qapıya tuşlanmış barmağını gördü. Onun tez buradan getməsini, bir də səhvə yol verərsə çox ağır və sərt  bir cəza alacağını dediyini eşitdi. Yerində donub qalmışdı... Hələ də olanlara inana bilmirdi ki, bağışlanıb.

 

Orxan və Kamal yaxın keçmişi xatırlayıb, yenə də qucaqlaşdılar. Kamal tək sağ qolu ilə qucaqlamışdı onu...

Aradan xeyli vaxt keçmiş Kamal ailəsinə hər şeyi anlatmışdı. İki qardaş uzun illər Orxanı axtarıb, soraq etmişdilər. Nəhayət Samir qardaşı ilə Orxanın birgə olan döyüş şəkilindən tanıya bilmişdi. Orxanı araşdırmiş, həftələrlə təqib etmiş, nəhayət istədiyini əldə etmişdi.

Kamalın anası Orxanı öz oğullarından seçmədiyini, uzun illərdən bəri bu evdə əziz və hörmətlə xatırlandığını deyirdi. Deyirdi ki, sən mənim balamı ölümün gözünə dimdik baxaraq mənə qaytarmısan. Əlbəttə ki, Allahın izni ilə.

 

***

İndi iki ailə arasında möhkəm dostluq yaranıb. Dostlar isə tez-tez şəhərin sakit bir guşəsində çay süfrəsi arxasında oturaraq ötən günləri yada salırlar. Kamal aradabir  sol qolunun çox pis sızıdadığını deyir...

Dostlar yarım qalmış işlərini başa vurmaq üçün, Ali baş Komandanın Hücum əmrini səbrsizliklə gözləyirlər...

 

***

Tezliklə bu əmr də gələcəkdi... Orxan yenidən silaha sarılıb şücaət göstərəcək, Kamalsa min bir həyəcanla cəbhə xəbərlərini izləyəcəkdi...

Torpaqların azad edilməsi Kamalın ağrılarını bilmərrə kəsəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Bazar ertəsi, 23 İyun 2025 16:34

Milli azlıqları da gərək unutmayaq

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət” 

 

Məşhur bəstəkar, şair, Dağıstanın əməkdar incəsənət xadimi Asəf Mehman 1930-cu il 18 aprel tarixində Qusar rayonunun Əcəxür kəndində anadan olub. 1937-ci ildə kənddə məktəb təşkil edərək orada müəllimlik fəaliyyəti ilə məşğul olan atası Mehman Abdullayev "xalq düşməni" kimi həbs olunub, Sibirə sürgün edilib. Belədə, onun altı övladının tərbiyəsi ilə həyat yldaşı Xaselem və böyük qızı Çimnaz məşğul olub…

 

Həyat onu nə qədər ağır sınaqlara çəksə də, Asəf uşaqlıqdan oxumağa meyl göstərib. Onun anası övladlarının təhsil almasına yaxından kömək göstərib.

Uşaqlıqdan zehinli və bacarıqlı olması ilə seçilən Asəf Quba pedtexnikumuna daxil olub. Buranı başa çatdırmamış onu Xızı rayonuna müəllim işləməyə göndəriblər. Sonra o, hərbi xidmətə çağrılıb, xidməti borcunu yerinə yetirdikdən sonra, Qubadakı texnikum bağlandığına görə o, təhsilini Dərbənd pedaqoji texnikumunda davam etdirib. Buranı başa vurub, Dəvəçi rayonunda müəllim kimi fəaliyyətə başlayıb.

Onun şeirləri respublikanın qəzet və jurnallarında işıq üzü görür. İlk şeirlərini Azərbaycan dilində qələmə alan şairin imzası Azərbaycan mətbuatında tez-tez görünüb. Sonralar o, dogma ləzgi dilində yazmağa başlayıb. Musiqi istedadı olan, tar çalıb mahnı oxumağı xoşlayan gənc mahnı yaradıcılığına başlayıb və tezliklə onun mahnıları dildən-dilə düşüb.

1960-cı ildə Dağıstana köçəndə çoxlu sayda mahnının müəllifi kimi tanınırdı. Məşhur müğənni Düriyyə Rəhimovanın Bakı radiosundan ləzgi dilində səsləndirdiyi "Qara gözlər", "Yuxu" kimi mahnıları onun müəllifinə böyük şöhrət gətirib.

Sənətkar təqaüdə çıxana kimi həmin vəzifədə çalışıb. Böyük bacarığı ilə seçilən Asəf bəy Dağıstan Dövlət Radio Verilişləri Komitəsinin ləzgi musiqisi redaksiyasının rəhbəri təyin olunub. Asəf Mehman "Ana ürəyi", "Mənim vüqarım", "40 bahar", "Ləpələr", "Hörmət", "Mənsiz", "Özüm özüm haqqımda", "Fəxr edirəm", "Yüz bir mahnı", "100 qəzəl" kitablarının, "Mənim Sədəfım", "Şurşurəli", "Xarubəy və Tsarubəy" musiqili komediyalarının və "Daş sandıq" dramının müəllifidir.

K. Qurbanəliyev onun həyat və yaradıcılığına həsr olunmuş "Tanıdığımız Asəf Mehman" kitabını çap etdirib. 2010-cu ildə Dağıstanın xalq artisti fəxri adına layiq görülmüş Asəf Mehman şirin mahnıları və lirik şeirləri ilə tanınan sənətkardır. O, 80 illik yubileyini təntənə ilə qeyd edib.

Nasir və dramaturq Asəf Mehman 23 iyun 2015-ci ildə, 85 yaşında dünyaya gözlərini qapayıb.

Mən bilmirəm, Qusarda gənc nəsil onu tanıyırmı. Tanımırsa, tanıtmaq yaşlı nəslin borcudur.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Bu gün bir rejissor haqqında danışmaq istəyirəm. Hansıki bu şəxsə zamanında Hindistanlı rejissor Rac Kapur "Hindistana gəl. Səni milyoner edərəm" demişdi. Haqqında söhbət edəcəyim Azərbaycan rejissoru Hüseyn Seyidzadədir. Bu gün həm Hüseyn Seyidzadənin özü haqqında, həmdə ekranlaşdırdığı ən yaxşı 5 Azərbaycan filmi barədə söhbət edəcəyəm.

 

Rejissorsuz nə teatr, nə də ekran əsəri mövcuddur. Qəribəsi də budur ki, ən uğurlu tamaşanın da, bədii filmin də, elə operanın da, baletin də həmişə ifaçılarından, libretto və ssenari müəlliflərindən, bəstəkarlarından, hətta bədii tərtibatından da ətraflı danışılır. Bəzi tamaşalara, filmlərə də baş rolun ifaçılarına görə maraq göstərilir. Nadir hallarda bu yaradıcı məhsulun uğurlarından söz açanda rejissor zəhmətini də xatırlayanlar olur. Halbuki hər bir əsərin istər teatr səhnəsində, istərsə də ekranda öz əksini tapmasında rejissor əməyinin əhəmiyyəti danılmazdır. Teatr sənətinin görkəmli nümayəndəsi unudulmaz Həsənağa Turabov söyləyirdi ki, Azərbaycan teatrı və kinosu təkcə korifey aktyorların hesabına deyil, həm də bu ağır yükün altına girərək onu şərəflə irəliyə doğru aparan rejissorların sayəsində inkişaf tapıb.

İstər teatr, istər kino sahəsində fəaliyyət göstərən, əməyi bu gün də unudulmayan, Azərbaycan rejissor sənətində bir məktəb yaradan ustadlar çox olub. Onlardan biri də kino tariximizdə dərin iz qoymuş əməkdar incəsənət xadimi Hüseyn Seyidzadədir. Şərəfli bir şəcərəyə mənsub Seyidzadələrin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri var.

 

Hüseyn Seyidzadə 1910-cu ilin oktyabrında İrəvan şəhərində anadan olub. 1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində İrəvandan baş alıb qaçan ailələrdən biri də Seyidzadələr idi. Onlar əvvəl Tiflisdə, sonra Bakıda məskunlaşıblar. Hələ 15 yaşında ikən fabrikdə çalışan Hüseyn Seyidzadənin kinoya böyük marağı var idi. Bu səbəbdən də mədəniyyət ocaqlarında fəaliyyət göstərən özfəaliyyət kollektivlərində iştirak edirdi. Sonralar sorağı İşçi Teatrından gəldi. O zaman Azərbaycan teatrının gənc kadrlara böyük ehtiyacı var idi. Hüseynin yaratdığı rollar mütəxəssislərin diqqətini çəkirdi. Bu səbəbdən də 1928-ci ildə onu indiki Sankt-Peterburq şəhərinə göndəriblər. Gənc aktyor burada - Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib. Bakıya qayıtdıqdan sonra onu kinostudiyada işə götürüblər. Hətta o vaxtların səssiz kinolarından birində neftçi rolunu da yaradıb. 

1931-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa gedərkən Hüseyn Seyidzadənin 21 yaşı vardı. Hüseyn Seyidzadənin dərs aldığı insanlar artıq dünyada tanınmış, böyük sənətkarlar idi - Mixail Romm, Lev Kuleşov, Sergey Eynşteyn və başqaları. 1936-cı ildə Bakıya qayıdan Hüseyn Seyidzadə bir sıra bədii və sənədli filmlərin çəkilişində rejissor assistenti, dublyaj rejissoru işləyib. İlk dəfə ona tələbə yoldaşı Niyazi Bədəlovla birlikdə "Ayna" adlı bədii filmi çəkməyi tapşırıblar. Lakin indi də məlum olmayan səbəblərə görə, həmin filmin çəkilişi dayandırılıb. Bir neçə ildən sonra yarımçıq qalmış ekran əsərinin materialları əsasında Hüseyn Seyidzadə "Sovqat" adlı qısametrajlı bədii filmə quruluş verib. Qəlbi arzularla coşub-daşan, Azərbaycan kino sənətində bir rejissor kimi öz izini qoymaq istəyən Hüseyn Seyidzadə, əslində, ağrılı taleyi olan bir sənətkar idi. 1937-ci ilin repressiyaları onu caynaqlarına çəkib gedər-gəlməzə aparmasa da, ürəyinə silinməz dağlar vurub. Gah partiya sıralarından çıxarıblar, gah ona şiddətli töhmət veriblər, gah da "sonuncu xəbərdarlıq"lar ediblər. Səbəb nə idi? Gənc rejissoru nədə ittiham edirdilər? Bu faciədən qurtulanların bir qismi başını aşağı salıb suların durulmasını gözləyir, bir qismi sarsıntı içində əzab çəkir, bir qismi isə fürsəti fövtə vermirdi. Tanınmış insanlar, ziyalılar, istedadlı şəxslər barəsində yuxarılara böhtan dolu "məlumat"lar göndərirdilər. Belə şantajdan biri də Hüseyn Seyidzadənin ünvanına oldu. Guya o, tərcümeyi-halında bəzi məsələləri gizlədib. Bildirməyib ki, Türkiyədə onun qohumu var, partiyanı aldadıb ki, kəndli oğludur. Əslində, onun atası İrəvan şəhərinin varlı əyanlarından - tanınmış tacirlərindən olub və sairə. Hətta İkinci Dünya müharibəsindən geri qayıtmayan qohum-əqrəbanın da həlak olmasını, yaxud da itkin düşməsini bir sıra müəmmalara bağlayaraq Hüseyn Seyidzadəni ləkələyib sıradan çıxarmaq istəyiblər. Bütün şər qüvvələrin təzyiqindən min bir əziyyətlə qurtulan Hüseyn Seyidzadə öz sənəti ilə məşğul olmağı bacardı. O, anadan elə rejissorluq üçün doğulmuşdu. Bu səbəbdən də Azərbaycan kino sənətini şöhrətləndirə biləcək əsərlər yaratdı. 

1956-cı ildə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasını Hüseyn Seyidzadə ekranlaşdırdı. Bu, Azərbaycan kino tarixində ilk rəngli bədii film idi. Film müxtəlif beynəlxalq kinofestivallara göndərildi və yüksək dəyərləndirildi. Məhz bu filmlə Hüseyn Seyidzadə yüksək səviyyəli rejissor olduğuna hamını inandırdı. Təsadüfi deyil ki, Azərbaycan kino sənətinin parlaq səhifələrini yazan bu məşhur film dünyanın 60-dan çox ölkəsini dolaşıb.

 

Hüseyn Seyidzadənin taleyi əvvəldən gətirməmişdi. Onu uğurla uğursuzluq daban-dabana izləyirdi. İndi də böyük həvəslə baxdığımız "O olmasın, bu olsun" filmi ilə bağlı ötən əsrin ortalarında mətbuat səhifələrində haqsız tənqidlər baş alıb gedirdi. Rejissoru motivsizlikdə qınayaraq onu "primitiv əhvalatlar çəkən rejissor" adlandırırdılar. Amma tarix özü də sübut etdi ki, bu bənzərsiz film əbədiyaşardır. Onun çəkilməsindən 60 il ötsə də, yenə maraqla izlənilir, sevilir.

 

1959-cu ildə Hüseyn Seyidzadə "Koroğlu" filminin çəkilişinə başladı. Rejissorluq yaradıcılığında ikinci filmi olan bu ekran əsəri də kino tariximizin ən parlaq səhifələrindən biridir. Yenə də Hüseyn Seyidzadənin başı bəlalar çəkdi. Filmin ssenarisi Moskvada əsaslı dəyişikliyə məruz qaldı. Bu da bəllidir ki, filmin ilk variantı rus dilində lentə alınıb. Bu filmin çəkilişində rejissor o qədər təzyiqlərə məruz qalmışdı ki... Özü sonralar dostlarına deyərmiş: "Koroğlu" istədiyim kimi alınmadı, fikirləşdiyim kimi çəkməyə qoymadılar".

 

Hüseyn Seyidzadənin üçüncü filmi "Yenilməz batalyon" oldu. 1965-ci ildə çəkilən bu film Qılman İlkinin "Qalada üsyan" adlı romanı əsasında ekranlaşdırıldı. Kinoşünas Aydın Kazımzadə söyləyir: "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından Hüseyn Seyidzadənin mükəmməl işlərindən biridir".

 

Tamaşaçıların çox sevdiyi və Azərbaycan kino sənətində yeni bir mərhələ olan "Dəli Kür" filmini də 1969-cu ildə məhz Hüseyn Seyidzadə ekranlaşdırıb. İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilən "Dəli Kür" filmi Azərbaycan kinosunun şah əsərlərindən biridir. "Dəli Kür"ün ictimaiyyət tərəfindən məhəbbətlə qarşılanması Hüseyn Seyidzadəni ruhlandırırdı. Təbii ki, bu filmin də ssenarisində dövrün, quruluşun redaktəsi müəyyən mənada öz işini görmüşdü.

 

 Hüseyn Seyidzadənin sonuncu filmi isə "Qayınana" kinokomediyası olub. Xatirələrdən bəlli olur ki, əslində yeni ekran əsərinin ona tapşırılması Heydər Əliyevin göstərişi ilə olub. Teatrda tamaşaya baxan Ümummilli lider bildirib ki, "Qaynana”nı ekranlaşdırmaq lazımdır və bu filmi də mütləq "O olmasın, bu olsun” filmini çəkən rejissora tapşırmaq lazımdır.

 

 Mütəxəssislər söyləyirlər ki, Hüseyn Seyidzadə kinorejissor kimi çox istedadlı idi. Onun yaradıcılıq imkanları geniş olub. Amma nədən 43 il ərzində cəmi beş film çəkib? Onun həyatına bələd olduqca, anlayırsan ki, bu rejissor bir tərəfdən quruluşun amansız repressiyaları ilə mübarizə aparırmış, o biri tərəfdən isə kino haqqında fikirləşirmiş. Bütün bunlar da onun səhhətinə təsir edirdi. Tez-tez xəstələnirdi. Aydın Kazımzadə danışır ki, "Dəli Kür" filmi ilə əlaqədar Hüseyn Seyidzadəni çox sorğu-suala tutdular. Özü bu barədə söyləmişdi: "Bu filmi təhvil verərkən mənə finalı dəyişdirməyi məsləhət gördülər. Üstüörtülü dedilər ki, əks-təqdirdə film ümumiyyətlə ekranlara buraxılmayacaq". "Dəli Kür"ün kitab variantında göstərilir ki, kazaklar gəlib Cahandar ağanın torpaqlarına zorla sahib olmaq istəyirlər. Cahandar ağa da onlarla mərdi-mərdanə vuruşur. Filmdə isə tamam başqa təsvir görürük. Cahandar ağa Allahyar tərəfindən ailə-məişət zəminində qətlə yetirilir. 

Milli dəyərlərə bağlılıq Hüseyn Seyidzadəni həmişə həyat reallığına sadiq olmağa kökləyirdi. Bəlkə də ona görə tarixi mövzularda film çəkməyə daha çox meyil göstərirdi ki, sovet quruluşunun diktəsindən kənarda qalsın.

 

Onun haqqında yazılanlardan məlum olur ki, məşhur hind aktyoru Rac Kapur Bakıda olarkən Hüseyn Seyidzadənin filmlərinə baxaraq heyrətlənib. Azərbaycanlı rejissora öz təklifini də bildirib: "Hindistana gəl, səni milyoner edərəm". Təbii ki, vətənini həddən artıq sevən Hüseyn heç hara getmədi. Doğmaları söyləyirlər ki, onun ən böyük arzularından biri də Natəvan haqqında film çəkmək idi. Qəfil ölüm hər şeyi yarımçıq qoydu.

 

Bəzən cild-cild kitablar yazan müəlliflər elə sağlığında unudulur. Amma bir bayatısı ilə ədəbiyyatda əbədi qalanlar var. Əslində, uzun ömür yaşamayan, imkanlarından, yaradıcılıq qabiliyyətindən çox da istifadə edilməyən Hüseyn Seyidzadə beş filmi ilə Azərbaycan kino sənətində əbədi yer tutdu.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Hər şey rasionallar üçün! Bəs irrasionallar?

 

Psixologiyada da, astrologiyada da, numerologiyada da, fizioqnomikada da insanların bir çox tiplərinə və alt tiplərinə rast gəlmək mümkündür. Ancaq onları bütövlükdə iki böyük kateqoriyalara bölürlər:

Rasionallar:

 - Bu insanlar ardıcıldırlar, planlaşdırılmış, təşkilatlandırılmış, öncədən düşünülmüş həyat sürürlər.

İrrasionallar:

 - Bunlarsa impulsiv, nizamsız, improvizəedilmiş, düşünülməmiş həyat sürürlər.

Demək olar ki, bütün zamanı idarə etmək, planlaşdırmaqla bağlı təlimlər rasionallara uyğun gəlir. Öz həyatlarını qrafiklə idarə edən bu adamların əksəriyyəti böyük kompaniya və korporasiyalarda idarəçilik bürokratiyası atmosferində, bəziləri isə öz şəxsi bizneslərinin monotonluq atmosferində məqsədə, uğura doğru addımlayırlar. Cari və perspektiv planlar, aylardan, rüblərdən, dekadalardan, illərdən ibarət zaman bölgüsü, qrafiklər, hesabatlar və s. və i. onların həyatlarının ayrılmaz hissəsidir.

Amma irrasionallar üçün bütün bunlar yad şeylərdir, tam azad mühit, yaradıcılıq atmosferi, sərt tələbkarlığın olmaması – onlarçün ən ideal variantdır.

Adətən sivil cəmiyyətlərdə rasionalları ciddi, irrasionalları isə qeyri-ciddi hesab edirlər. Yer kürəsində, hesablamalara görə, rasionalların irasionallara nisbəti 49%-in 51%-ədir.

Əziz oxucum, sən hansı insan tipindən olduğunu bilirsənmi?

Psixologiyada bu iki tip insanların əlamətlərinin dəqiq bölgüsünə rast gəlmək olur. Bu bölgülərə nəzər yetirsən sən də öz tipini müəyyənləşdirə bilərsən. Belə ki, rasionallar:

 - Qayda-qanunu sevirlər, hər şeyin öz yerində olmasını xoşlayırlar;

 - İşə ciddi yanaşır, nizam-intizama riayət edirlər;

 - Situasiyaya nəzarət varsa, hər şey müəyyənlik içindədirsə, onlarçün çox rahatdır;

 - Yekcins işə rahat alışırlar;

 - Dəqiq planlar qurub onlara əməl etməklə öz məqsədlərinə çatmağı sevirlər. Onların bir qlobal, əsas hədəfləri və bir neçə alt hədəfləri olur;

 - Dəqiq və punktual işləyirlər, keyfiyyətlə işləyirlər.

 - İşgörmə qabiliyyətləri, qarşıya qoyulan işlərin yerinə yetirilməsi onların əhval-ruhiyyəsindən olduqca az asılı olur;

 - Qənaətçil olur, vəsaitlərini növbəti günlərə bölürlər;

 - Rasionalların hədəfə çatmaq üçün həmişə bir neçə planları, vasitələri olur. Biri alınmayanda onlar digərlərinə keçirlər;

 - Daim mütaliə edir, yeni biliklər almağa çalışır, istifadə etdikləri ədəbiyyatı əvvəldən sonadək oxuyurlar;

 - Naharda və şamda nə yeyəcəklərini səhərdən bilirlər, həftənin ortasında şənbə və bazar günlərinin qrafikini cızırlar;

 - Gözlənilməzliklər, qeyri-stabilliklər və xaos onlara çox pis təsir göstərir, planlarının pozulması onları stress halına belə gətirir;

 - Seçdikləri hər hansı sahədə, adətən, onlar böyük peşəkar olur, öz işlərinin ağasına çevrilirlər.

İrrasionallar isə:

 - Bir neçə məqsədli olurlar, ən müxtəlif sahələrdə uğur qazanmağa çalışırlar;

 - Rasionallardan fərqli oalarq hədəfə çatmaq vasitələri keçərli olmayanda vasitəni yox, hədəfi dəyişirlər;

 - Yekcins işə alışa bilmirlər, hətta buna məcbur olsalar belə eyni işi görməyə müxtəlif formalar düşünüb tapırlar;

 - Monotonluq onların düşmənidir;

 - Tam gözlənilməz, proqnoza gəlməz olurlar;

 - Situasiyaya nəzarəti itirmək, qəfildən gözlənilməzliklərlə rastlaşmaq onları narahat etmir, cəld qərar qəbul edib situasiyaya uyğun hərəkət edə bilirlər;

 - Qayda-qanun, nizam-intizam onlarçün xoşagəlməzdir;

 - Səliqə-səhman yaratmırlar, dağınıq şəraitdə belə heç nə olmayıbmış kimi yaşaya bilirlər;

 - «Naharda nə yeyəcəksən?», «Bu işi neçə vaxta görə bilərsən?», «Qonaqlıqda neçə saat oturacaqsan?» kimi suallara cavab verməkdə çətinlik çəkirlər;

 - Kitab oxuyanda ardıcıllığa riayət etmir, daha maraqlı yerləri axtarır, maşın sürürlərsə tıxacla rastlaşanda gözləmir, cəld həmin küçədən çıxıb alternativ yolla hərəkət edirlər;

 - İş qabiliyyəti tam əhval-ruhiyyələrindən asılıdır. Kefləri yoxdursa, asanca bugünkü işlərini sabaha qoyurlar;

 - Qənaət nə olduğunu bilmir, əllərinə gələn vəsaiti elə həmin gün də xərcləyib qurtarmağa çalışırlar.

 - Həyatda daha çox uğursuzluqla rastlaşırlar. Sabaha doğru gözü bağlı getmək, «harada qırıldı, qırıldı» devizi ilə yaşamaq onlara, adətən, ziyan gətirir.

 - Uğurlu irrasionallar çox az olur. Amma belələri olursa da, artıq onlar düha olurlar, ətrafındakıları sözün həqiqi mənasında təəccübləndirirlər. Bu insanlar eyni zamanda bir neçə dil bilir, bir neçə biznes idarə edir, bir neçə idman növü ilə məşğul olur, səyahət edir, incəsənətə meyil göstərir, bir çox tədbirlərə qatılır, yeni-yeni insanlarla ünsiyyələ can atırlar.

Söhbətimizin əvvəlində mən qeyd etdim ki, uğurlu adam olmaq, lider olmaq üçün bütün təlimlər rasional adamlara yönəlib. Çünki uğurlu olmaq hədəfi vurmaq üçün nizam-intizamlı, planlı, vaxta nəzarət edən insan olmaq vacib sayılır. Demək, bizim bu kitabımızda yazılanların da böyük əksəriyyəti rasionallar üçündür. Bəs onda irrasionallar necə olsunlar? Məgər mənim oxucularım arasında belələri azdır?

Heç narahat olmağa dəyməz! Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş. Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!

Maraqlıdır, deyilmi?

Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:

a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.

Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.

Bəs nə etməli?

Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!

b) İrrasionallar yekcins, monoton işdən bezirlər.

Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.

Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.

c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar

Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.

Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.

Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin məqaləsi təqdim edilir.

 

 

QEYSDƏN MƏCNUNA:

TƏSƏVVÜFÜN MİSTİK ZAMAN MODELİ KONTEKSTİNDƏ SUBYEKTİN SUFİ TRANSFORMASİYASI

 

Təsəvvüfün təqdim etdiyi mistik zaman modelinə görə, zaman dairəvi trayektoriya boyunca vahiddən parçalanmaya (nüzul və ya involyusiya) və yenidən parçalanmadan vahidə (üruc və ya evolyusiya) marşrutu üzrə gedir. Hərəkətdə olan Zaman ilkinliyində vahid olanı parçalanmaya doğru qovduqca fərqləndirici xüsusiyyətlər üzə çıxarır. Bu fərqli xüsusiyyətlər ilkin ümumi başlanğıcdan uzaqlaş manın elə bir həddinə çatır ki, artıq onlar arasında ümumilik görünməz olur. Və bu nöqtədən evolyusiya başlayır...

         Evolyusiya mərhələsinə fərqlərin tədrici azalması, ümumiliyin isə artması xasdır. İlkin ümumilik mənəvi başlanğıcdır. İnvolyusiyadan evolyusiyaya keçid isə mənəvi başlanğıcdan uzaqlığın kulminasiya həddi olmaq etibarı ilə ən qatı materi allıq momentidir. Ona görə də evolyusiya mərhələsində kəsrətdən vəhdətə doğru gedən yol dünyəvilikdən mənəviyə doğru da gedən yoldur. Məşhur mütəsəvviflər dən olan Cüneyd Bağdadidən "son nədir?" – deyə soruşulduqda "əvvələ dönməkdir" – cavabını verir.

Təsəvvüfün inkişaf haqqında irəli sürdüyü konsepsiya (kəsrətdən vəhdətə, materiallıqdan ilkin mənəviyə) Şərq poetik təfəkkürünün inkişaf qanunauyğunluğunu, bu inkişafın müxtəlif mərhələlərində təsəvvüfün xarakterini, lap elə təsəvvüfi şeirin struktur mürəkkəbliyini şərh etməyə imkan verir. Müsəlman Şərqinin poetik fikri fərqli təmayüllərin vahid məcrada vəhdətinə doğru can atıb, Müsəlman Renessansı deyilən hadisə isə bu təmayüllərin ən kamil vəhdətə nail olduğu dövrlərdə yaranıb. Bu kontekstdə Füzuli rezonansı ən kamil evolyusiya aktı dır. Biz Füzulini evolyusiya aktı hesab edərkən nə onun türklük miqyasında məlum nəhəng missiyasını, nə də ayrılıqda Azərbaycan bədii fikrinin inkişafında oynadığı rolu deyil, poeziyasının vəhdəti təmsil etməsini nəzərdə tuturuq. Bu vəhdət Füzuliyə qədər involyusiya mərhələsini yaşayan və fərqli təmayüllərlə seçilən poetik fikrin Füzuli yaradıcılığı timsalında birləşməsindən tutmuş, bədii mətnin strukturunda poetik və fəlsəfi planın sintezinə qədər özünü göstərir. Poetik fikrimizin ayrı-ayrı təmayüllərinin Füzuli şeiri timsalında vahidləşməsi estetik büllurlaşma ilə paralel ge dir. Artıq Azərbaycan ədəbi-nəzəri fikri Yaşar Qarayevin timsalında bu aspektdən müşahidələrin nəticəsini bitkin nəzəri qənaət kimi təqdim edir: "İlahi" və "təbii" dünyaların hər ikisi Füzulidə bir yerdədir, biri zahirdə görünəndə digəri alt qatda görünür. "İki dünyada" yaşayan şairin bir dünyada yaşayan adi bəşərdən fərqi də elə budur. Daha doğrusu, burada empirik fərdilik yoxdur, mənəvi vəhdət, kosmizm və qloballıq var" Füzulidə belə bir mənəvi vəhdəti ən müxtəlif baxış bucağından izləmək mümkündür. Bizcə, daha səmərəli üsul poetik və təsəvvüfi məzmunun vəhdəti fonundan yanaşmadır. Çünki bu yöndən yanaşmada bədii təfəkkürün struktur modeli, orada təsəvvüfün mövqeyi haqqında daha dolğun təsəvvür yaranır və ümumən "Füzuli və təsəvvüf" probleminin çox qaranlıq cəhətləri aydınlaşır. Həm də artıq təsəvvüfşünaslıqda sufi məzmunlu hesab edilən (məhz hesab edilən) bədii mətnə bu aspektdən yanaşmanın, mükəmməl olmasa da, müəyyən prinsipləri formalaşmışdır. Füzulişünaslıqda "Füzuli və sufizm" problemi haqqında kifayət qədər tədqiqat aparılıb, son nəticədə istər türk, istər Azərbaycan, istərsə də Avropa alimləri şairin obrazlar sisteminin sufi poeziyası bazasına əsaslanmasını təsdiq etmişlər. Lakin belə bir elmi yekdilliklə yanaşı, bu problem barədə əsasən iki mülahizə mövcuddur:

1. Füzuli sufi simvollarından təriqətə mənsub olan şairlər kimi İlahi eşqi tərənnüm etmək naminə istifadə edib - Füzuli sufidir.

         2. Füzuli sufi simvolikasını lirik qəhrəmanın məşuqəyə yüksək eşqini tərənnüm etməkdən ötrü adi poetik vasitə kimi işlədib – Füzuli sufi deyil.

         Şairin hansısa sufi təriqətlərdən birinə mənsubluğunu və ya rəğbətini təsdiq edən heç bir tarixi fakt mövcud deyil. Lakin bununla yanaşı, Füzulinin irihəcmli əsərlərindən olan "Bəngü-Badə", "Rind və Zahid", "Səhhət və Mərəz", "Yeddi cam" kimi alleqorik məzmunlu əsərlərində ənənəvi sufi-panteist konsepsiya yığcam süjet xətti daxilində öz bədii ifadəsini tapmışdır. Bu əsərlərdə ayrı-ayrı obrazların alleqorik planda ifadəsi vasitəsilə şairin öz dünyagörüşünün təsiri altında qismən dəyişən sufi konsepsiya bütöv sistem xarakterlidir. Ruhi-mənəvi ekstazın texniki stimulu kimi musiqiyə böyük əhəmiyyət verən şair ("Həft cam") XIII əsrin dahi sufi şairi Cəlaləddin Rumi mistik məktəbinin (mövləviyyə) əsas ruhunu və ideyalarını təbliğ edir. "Səhhət və Mərəz" əsərində isə ruhun öz əzəli mənşəyi ilə vəhdət təşkil edərək fənaya qovuşması ideyası sufi eposçuluğu ənənəsində Əttarın "Məntiqüt-teyr" əsərini assosiasiya edir. Əgər "Məntiqüt-teyr"də quşların əfsanəvi Simurq axtarışından, sonda uzun məşəqqətlərdən sonra bu əfsanəvi padşahın onların özü olduğundan söhbət açılırsa (fars dilində si-otuz, mürğ isə quşdur), "Səhhət və Mərəz" də ruhla səfa ayinəsində görünən hüsnün vəhdətindən söz açılır.  Şairin "Rind və Zahid" əsərində isə bir-birindən fərqli iki dünyagörüş - rindlik və zahidlik müqayisə edilir və onların bir-biri ilə zənginləşməsindən yaranan sufi-fəlsəfi konsepsiya ön plana çıxarılır. Rindanə ovqatın qabarıqlığı ilə seçilən "Bəngü-Badə"də də məcazi mənada götürülən şərabın üstünlüklərindən söhbət açılır. Mistik aşiqlə Allah arasında vəhdəti mümkünləşdirən ilahi eşqin simvolu şərab ilahiliyin rəmzi kimi faktlaşır. Onun lirik əsərləri içərisində də doktrial səciyyəli elə mülahizə lər mövcuddur ki, şairin birbaşa sufi eşqinin tərənnümçüsü olduğuna şahidlik edir. "Qəd ənarəl", "Keç", "Bəkləriz", "Fəqr mülkün tut" və s. "traktat səciyyəli" (T. Hacıyeva) əsərlərin təsəvvüfi konsepsiyadan bəhrələnməsinə heç bir şübhə yoxdur. Bu əsərlərin ideyası təsəvvüf təliminin ayrı-ayrı istiqamətlərini özündə əks etdirir. Bu tip əsərlər şairin ümumi yaradıcılığı timsalında azlıq təşkil etdiyindən aşiqanə əsərlərin dünyəvi, yalnız traktat səciyyəli əsərlərin sufi məzmunlu hesab edilməsi də özünü doğrultmur, istər-istəməz birtərəfli şəkildə Füzulini dünyəvi eşqin tərənnümçüsü hesab etməyə gətirib çıxarır. Dünyəvi məhəbbəti həyatda ola biləcək ən ali dəyər kimi qiymətləndirib şairin də bu ali dəyərin tərənnümçüsü kimi başa düşülməsi təcrübəsi ilə ədəbiyyatşünaslığımız tanışdır və bu təcrübə problemə yenidən qayıtmağı bir daha zərurətə çevirir. Məhz belə bir zərurətin nəticəsi olaraq son on ildə Füzuli poeziyasına bu aspektdən yanaşma meyilləri tədqiqatçılar arasında kifayət qədər güclənib.

Təsəvvüfşünaslıqda normativləşən qənaətə görə, poetik büllurluq, xalis estetiklik kəsb edən mətndə poetik və metafizik olmaq etibarilə ikipilləli məzmun mövcuddur. Belə mətndə obrazlar ümumanlaşıqlı səviyyəyə məxsus poetik və mistik təcrübəni əks etdirən fəlsəfi olmaqla iki müxtəlif strukturda mövcud olur. Bu strukturlar arasında isə simvol əlaqələndirici həlqə rolunu oynayır. Təsəvvüf şeirinin Xətaiyə qədərki mərhələsində poetik-sufi mətnin bu strukturları arasında sərhədlər aydın sezilməkdə idi. Lakin tədricən vahid məcrada bütövləşən və büllurlaşan poetik təfəkkürdə bu planlar arasında sərhədlər silinir, poeziya yekcins xarakter kəsb edir. Belə yekcinslik bədii mətndə simvolun işarə etdiyinin (ilahi eşq, vəhdət, fəna, kəsrət və s.) simvol predmetinin özü ilə (şərab, sərv, dodaq, yanaq və s.) əvəzlənməsində əksini tapır. Sufi şeirinin bu mərhələsini ərəb poeziyasında İbn əl Fərid (XIII əsr), fars poeziyasında Hafiz (XIV əsr), türk poeziyasında isə Füzuli (XVI əsr) təmsil edir. Füzulidə əvvəlki iki şairdən fərqli olaraq ikiplanlılıq hərəsi ayrılıqda həndəsi mükəmməllik, bir-biri ilə münasibətdə isə elə vəhdət təşkil edir ki, poetik planın harada qurtarıb sufi-fəlsəfi planın haradan başlandığını sezmək olmur. Başqa sözlə, poetik planın mükəmməlliyi daxili təsəvvüfi məzmunla şərtlənsə də, daxili qatın özünə nüfuz etməyə imkan vermir.

Füzuli fars dilindəki "Divan"ının dibaçəsində yazır: "Bir neçə gecə özümü təfəkkür atəşi içində əritdim və fars qəzəlləri divanını tərtib etdim ki, həm kamil müdəqqiqlər onun üstüörtülü gözəl məzmunundan həzz alsınlar, həm də sadədil zəriflər onun zövq ziyafətindən paylarını götürsünlər". Deməli, şair özü oxucu auditoriyasını iki zümrəyə ayırır: sadədil zəriflər və kamil müdəqqiqlər (tədqiqatçı lar). Eyni zamanda vahid mətndə hər iki zümrənin estetik zövqünü təmin etmək kimi şairdən böyük poetik istedad və ağır zəhmət tələb edən vəzifəni də qarşısına məqsəd qoyduğunu bildirir. Füzulişünaslıqda onun təsəvvüflə əlaqəsi barədə bir- birindən fərqli iki mülahizənin meydana çıxmasının səbəblərindən biri də "dərun-birun", "məzmun-ibarə", "məna-surət" ifadələrinin müasir ədəbiyyatşünaslığın məzmun və forma anlayışı ilə eyniləşdirilməsidir. Halbuki, bugünkü anlamda məzmun və forma anlayışları Füzuli şeirinin hər iki qatına eyni dərəcədə aid oluna bilər.

Sənəti Tanrıya çevirən başlıca xüsusiyyət poetik büllurluq və dini məzmunla yanaşı, həm də bədii formanın mükəmməlliyidir. Bədii forma mükəmməlliyi Füzulinin şüurlu şəkildə qarşısına məqsəd qoyduğu və əlinə qələm aldığı gündən sonadək sadiq qaldığı niyyət olub. Şair bu barədə əsərlərində ətraflı məlumat verir. Tədqiqatçılar da şairin "filoloji zəhmətkeşliyini" dönə-dönə vurğulayıblar. Lakin Füzuli şeirlərinin çoxplanlılığını, bu planların bir-biri ilə həndəsi uyarlılığını- bir sözlə, obraz mükəmməlliyini yalnız zəhmətin nəticəsi də hesab etmək doğru olmazdı. Füzulidə bədii forma mükəmməlliyini şərtləndirən başlıca xüsusiyyət bədii yaradıcılığa sövq edən daxili ideyanın kamilliyi və mənəvi yaşantının dərinliyidir. Əgər mənəvi yaşantı sənət aktına çevrilməli olan səviyyədədirsə, onda münasib formanı da müəyyənləşdirir. Füzulinin hər bir qəzəlini könül mülkünün özündən kənara ötürdüyü mənəvi yaşantıdan ayrılan enerji də hesab etmək olar. Və o, bədii mətnə çevrilmə prosesinin özündəcə mükəmməl ifadə formasının tapılmasına kömək edir. Dərd potensiallıq mərhələsində (hələ şeirə çevrilməmişdən əvvəl) poetik dünyaduyumun məntiqi ilə yaşanılır. Ona görə də aktivləşdiyi, şeirə çevrildiyi andaca formanı da tapır. Əlbəttə, bu məqamda Şərq poeziyasının uzunəsrlik sufi və poetik məzmunu ifadə təcrübəsinin də həlledici rolunu nəzərdən qaçırmaq olmaz.

Füzuli eşqinin xarakteri barədəki mübahisələrdə "təsəvvüfi", "dünyəvi" qəlibləri tez-tez ifadə olunur. Mətnin ikiplanlılığı bir daha təsdiq edir ki, şairin eşqini mütləq şəkildə bunlardan yalnız biri hesab etmək hər iki halda yanlışdır. Son dövr ədəbiyyatşünaslığımızda klassik irsə münasibətdə yaranmaqda olan ifrat tendensiyaları sezən A.Rüstəmova çox doğru olaraq qeyd edir: "Bir vaxtlar marksist-leninçi ehkamlar bizi mənəviyyatdan, ruhdan, Tanrıdan uzaqlaşdırırdı. İndi idealist fəlsəfəyə həddindən artıq aludəçilik bizi Yer, Təbiət və İnsan realiyasından təcrid edir. Hər iki halda da klassik uduzur – onun bütövlüyünə, həqiqətinə hər iki halda xələl gəlir..." Zahidin Allahla təmənnalı məhəbbəti ilə aşiqin məşuqəyə cismani ehtirası eyni dərəcədə naqislikdir. Təmənnadan uzaq Allaha eşq və ehtirasdan arınan gözələ məhəbbət isə eyni bir kamillik zirvəsidir. Füzuli eşqi də belə bir kamillik zirvəsindən dəyərləndirilməlidir.

Eşqin belə bir zirvədən dəyərləndirilməsinin ən böyük nümunəsi isə "Leyli və Məcnun" dastanıdır. "Leyli və Məcnun" Füzuli poeziyasında onun fəlsəfi dünyagörüşü, eşq konsepsiyası və bu konsepsiya daxilində təsəvvüfün mövqeyini əks etdirmək baxımından dini məzmunlu, irihəcmli əsərlərindən ("Mətləül-etiqad", "Hədiqətüs-süəda", "Hədisi-ərbəin") daha çox əhəmiyyətlidir. Poemada təsəvvüf konsepsiyası, fəlsəfə bütün süjet xəttini özünə tabe etdirən hakim mövqedə deyil, bədiiliyin daxilindədir. Lakin "vasitəçi", "zahiri qabıq" səciyyəli də deyil. Eşqin ən ali mərhələsinin təsviri üçün daxili anlamdadır. Həm də fəlsəfi ideyanın poemadakı belə səciyyəsi ümumən təsəvvüfün Füzuli bədii düşüncəsindəki mövqeyi ilə şərtlənir. Şair əsərin girişində "Əfsanə bəhanəsilə raz ərz etdiyini" qeyd edir: Tutsam tələbi-həqiqətə rahi-məcaz, Əfsanə bəhanəsilə ərz etsəm raz, Leyli səbəbilə vəsfin etsəm ağaz, Məcnun dili ilə etsəm izhari-niyaz.

         "Leyli və Məcnun" əsərindəki eşqi mütləq şəkildə ilahi eşq hesab etmək də doğru deyil. Əsərdə eşq dünyəvilikdən ilahiliyə doğru təkamüldə verilmişdir və bizcə, əsərin təhlili də bu aspektdə aparılmalıdır.

Təsəvvüf təlimində mənəvi təkmilləşmənin şəriətdən sonrakı üç mərhələsinə uyğun olaraq (təriqət, mərifət, həqiqət) əsərdə də eşqin təkamülü üç mərhələni ayırıb fərqləndirməyə imkan verir:

         1. Dünyəvi məhəbbət

2. Dünyəvi məhəbbətdən ilahi eşqə keçid

3. İlahi eşq.

Əsərdə birinci mərhələ Məcnun dünyaya gələndən ("Bu tuğrayi misalı - məhəbbətdir və dibaçeyi-divani möhnətdir") Kəbədəki dua səhnəsinəqədərki ("Bu Məcnuni-biçarənin Kəbəyə üz urduğudur və minacatla sevdası artdığıdır") süjet xəttini əhatə edir. Qəbilə başçısının yeniyetmə övladı Qeysin məktəbdə Leyli ilə tanışlığı, bir-birinə könül vermələri iki gəncin bir-birinə olan ülvi məhəbbətidir. Bu mərhələdə nə Leyli simvolik obraz, nə də Qeys Tanrı aşiqi deyil. Şairin Leylini təsvir edərkən işlətdiyi epitetlər onun real həyatdan gəldiyini (prototipliyini) bir daha sübut edir:

 

Şahbaz baxışlı, ahu gözlü,

         Şirin hərəkətli, şəhd sözlü.

         Rahü-rəvişi müdam ğəmzə,

         Başdan-ayağa təmam ğəmzə.

Ayruqca şəklü xoşca peykər,

Yaxşıca sənəm, gözəlcə dilbər,

Aləm səri-muyinin tüfeyli,

Məhbubeyi-aləm, adı Leyli.

         Eyni zamanda Qeyslə Leylinin ilkin məhəbbət "oyunları" yeniyetmələrin yaş həddinə uyğun, olduqca real planda təsvir edilir:

 

Çün lövhələr üzrə xətt yazardı,

Əmdən xəttini qələt yazardı.

Yəni ki, xəta təvəhhüm edə,

Ol gül açılıb təbəssüm edə...

 

Hadisələrin sonrakı inkişafı məcnunluq üçün zəmin hazırlayır. Leyli cəmiyyətlə ilk toqquşmada zahirən güzəştə gedir, Qeys isə eyni məqamda eşqini etiraf edir, həm də bu mərhələ üçün o qədər də xarakterik olmayan bir tərzdə qeyri-iradi, bunu fitri başlanığıcla əlaqələndirir:

 

Su süfləliyindən ayrılarmı?

Od yandıra bilməyə bilərmi?

Ol gün ki, rəhimdə kilki-qüdrət,

         İcadıma verdi ziybi-surət,

Doldurdu həva ilə dimağım,

Sevda ilə bağladı ayağım...

 

Qeys eşq mübtəlalığının "tale məsələsi" olduğunu anlamaqla yanaşı, Leyli nikahı ilə bu dərdə məlhəm ediləcəyinə də inanır:

 

Onunla edin bu dərdə məlhəm,

Urman dəxi özgə kimsədən dəm.

        

Qeysin bu sözlərini eşidən ata Leyli ilə onun dərdinə dərman etmək qərarına gəlir. Lakin Leylinin atası bu izdivacın baş tutması üçün Qeysin eşq xəstəliyindən sağalmaq şərtini irəli sürür. Bu mərhələdə Məcnunun Leyliyə qovuşması üçün iki yol mövcuddur: geriyə və irəliyə gedən yollar. Geriyə Leyliyə qovuşmaq üçün inkişafın aşağı səviyyəsini təmsil edən kütlə ondan məhz özü kimi olmağı tələb edir. Cəmiyyət şəxsiyyəti sevmir, onu öz içində əritməyə çalışır. Bəs Məcnun necə, Qeysə dönmək istəyirmi? Məşhur Kəbə səhnəsində cəmiyyət Qeysi belə bir dilemma qarşısında qoyur. Məcnunluq Qeys üçün irəlidə – xəyal aləmində Leyli vüsalının potensial imkanıdır. Kütlə də Qeysi məhz bu imkandan məhrum etmək istəyir. Qeys yaxın gələcəkdə heç bir vüsal ümidi görməsə belə, bu potensial imkandan imtina etmir, daha doğrusu, imtina edə bilmir. Tanrı dərgahına əl açıb eşq bəlasına daha artıq mübtəla olmağı diləyir:

 

Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni!

 Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

 

Artıq bu, Məcnunun çıxardığı qəti hökm olur. Geriyə yol yoxdur! Bununla da Qeys sevgisindən Məcnun eşqinə keçidi təmin edən ikinci mərhələ başlayır. Əsərdə orta keçid bu mərhələlər içərisində ən uzunu və keşməkeşlisidir. Bu mərhələdə aşiqə həm geriyə – nikahda Leyliyə, həm də irəliyə – məna aləmində Leyliyə qovuşmağa sövq edən qüvvələr eyni vaxtda təsir edir. Real Leylidən mütləq hüsnə tədrici təkamülü özündə əks etdirən bu mərhələdə Məcnun iki qütb arasında tərəddüddədir. Cəmiyyətlə Məcnun arasında yaranan uçurum da ən kəskin şəkildə bu mərhələdə əksini tapmışdır. Məcnunluq sufi planda daxili kamilləşmə ilə yanaşı, real sosial planda mövcud ənənələrə, normativ baxışlar sisteminə etiraz kimi də faktlaşır. Ona düşmən kəsilən cəmiyyətə qarşı Məcnun da incə bir müxalifət ovqatı hiss etdirir:

 

Çoxdur bəni-adəm içrə bidad,

Et könlümü vəhşət ilə mötad!

         Bir mülkdə ver mənə qərarı

         Kim, etməyə adəmi qübarı!

 

Füzulidə "insan və zaman" konflikti cəmiyyətin qeyri-hümanistliyindən doğmur. Halbuki, bizim ədəbiyyatşünaslıqda şairin sosial baxışları adı altında bu yöndən ifrat sosioloji tədqiqatlar aparılıb. "Uzun illər biz ədəbiyyatşünaslığımızın tarixini, faktlarını və inkişaf qanunauyğunluqlarını sxemlərlə öyrənmişik: tədqiqatlarda və dərsliklərdə bütün orta əsrlər sığıb Füzuli ilə mücərrəd bir şər, zülmət, qaranlıq stereotipinin arasında münaqişənin və mübarizənin modelinə". 

Məcnunla cəmiyyət arasındakı konflikt kamilləşən və bundan dolayı cəmiyyətdən uzaqlaşan aşiqlə öz məişət həyatını yaşayan və hər şeyə, o cümlədən Məcnuna da bu məişətin dar çərçivəsindən baxan bəşər arasında baş verir. Bu konfliktin kökü – tarixi şəraitin qeyri-naqisliyi ilə bərabər, şəxsiyyət kimi Məcnunun mənəvi-psixoloji aləmindədir. Əgər belə olmasa idi, mövcud tarixi şəraitdə real qüvvə olan Nofəlin qılıncı problemi həll edərdi. Məhz Nofəl qələbəsinin faydasızlığı Məcnun eşqinin adi məişət deyil, "tale", "qəzavü-qədər" səviyyəsini bir daha təsdiq edir. Əsərdə İbn Səlam Məcnunun rəqibi olsa belə, məcnunluğa əks qütb kimi deyil, paralel işlənmişdir. Hətta onu məcnunlaşmayan, Leyli nikahına can atan Qeysin (birinci mərhələ) adekvatı da hesab etmək olar. O, Leylinin izdivacına nail olmaq üçün malından, hətta canından belə keçməyə hazırdır:

 

Şərt eylədi ol bulənd əxtər

Kim, olsa bu kami-dil müyəssər

Sərf eyləyə gəncü mali-aləm,

Cananə yolunda, bəlkə, can həm.

 

Lakin bütün bu səxavəti və fədakarlığı ilə yanaşı, ölüm anınadək İbn Səlam yer övladı olaraq qalır. Füzulinin öz təsnifatı ilə yanaşsaq, İbn Səlam eşqi "cananı can üçün sevməyin" faktı idi. Sufiyanə eşq əsərin sonuna doğru Məcnunun simasında artan xətt üzrə inkişaf edir. Azərbaycan ədəbiyyatşünaslığında sosioloji yönün üstün olduğu bir şəraitdə belə tədqiqatçılar bu fikri təsdiq edir.

         Əsərdə üçüncü mərhələ "Bu Leyli-Məcnunun istiğna sıdır və isbati-səfayi-imlasıdır" hissəsindən başlamış Məcnunun ölüm səhnəsinədək olan hissəni əhatə edir. Əvvəlcə Tanrının zərrəsi, nuru kimi Leyliyə aşiq olan Məcnun öz "Mən"ini fəna dəryasında məhv edib Tanrının özünə qovuşduqdan sonra Leylidən imtina edir:

 

Xəyalilə təsəllidir, könül meyli-vüsal etməz,

Könüldən dişrə bir yar olduğun aşiq xəyal etməz.

 

Türk ədəbiyyatşünası Hasibə Mazıoğlu "Leyli və Məcnun"un sonunda Məcnunun Leylidən imtina etməsini mahiyyət etibarilə dünyəvi hesab etdiyi eşqin idealizasiyası kimi qiymətləndirir. "Məcnunun ancaq eşq ilə yaşaya biləcəyi, onun eşqin ələmlərindən zövq duyması kimi bütün hisslər bizi mərhələ-mərhələ bəşəri eşqin üstünə yüksəldir. Şair eşqin bu mərhələsində təsəvvüfün məcazlarından faydalanmış, eşqi idealizə edərkən təsəvvüfi bir vasitə olaraq istifadə etmişdir. Müəllif Məcnunun timsalında eşqin mənəvi təkamül nəticəsində kəmiyyət dəyişməsindən keyfiyyətə çevrilməsini diqqətdən kənarda qoyur. Əgər eşqdə məqsəd eşqin özünün idealizasiyası idisə, onda Məcnunun aşağıdakı bəyanatını necə anlamalı:

 

Məndə olan aşikar sənsən,

         Mən xud yoxam, ol ki var, sənsən!

         Daim sənə məndədir təcəlli,

Mən qeyrdən olmuşam təsəlli.

 

Eşq cövründən zövq bulmaq Məcnunun Leylidən ayrıldığı gündən səhrada Leyli ilə yenidən üz-üzə gəldiyi günə qədər xarakterik idi. Çünki eşqin bu cövrü Məcnunu ali məqsədə-vəhdət məqamında Leyli vüsalına doğru aparırdı. Məqsədə nail olunduqdan sonra isə vasitə bir növ əhəmiyyətini itirir. Bu məqamda Məcnunun əsl kimliyini də ən dürüst şəkildə Leyli anlayır:

 

Oldum necə olduğundan agah,

Xoş mərtəbədir bu, bərəkallah!..

Hala mənə rövşən oldu halın,

Meraci-həqiqəti kəmalın.

 

Əgər əvvəlcə Leyli Tanrı zərrəsi kimi Məcnunun kamilləşməsinə səbəb idisə, sonda kamilləşən Məcnunun simasında Leyli də həqiqəti və vəhdəti dərk edir, ölüm yatağında Ya rəbb, məni et fənayə mülhəq Kim, rahi-fəna imiş rəhi-həq -  deyərək dünyadan kamil aşiq kimi gedir. Hekayətin məna aləmində vüsalla, vəhdətlə tamam olması üçün belə də olmalı idi. Kamilləşib fənayə qovuşan Leyli və Məcnun bir-birinə, birlikdə isə Tanrılarına qovuşurlar:

 

İzharə gəlib rümuzi-vəhdət,

Vəhdətdə tamam olub hekayət.

 

XVI əsrdən reallaşan cəmiyyət təfəkkürü Füzuli şeiri timsalında mistik ideyanı mətnin daha dərin qatına qovur. Zamanın qovduğu və sıxlaşdırdığı bu ideya mətnin nüvəsində enerji kütləsi kimi qərarlaşır. Üst qatda "fələklərə baş vuran" bədiilik bu nüvə ətrafında cəmləşir. Təsəvvüfi ideyanın Füzuli poeziyasında asan lıqla sezilməməsinə səbəb də elə budur. Daxili qata sıxlaşan ideya üst qatdakı mükəmməlliklə vəhdət təşkil edərək estetik zövqü kifayət qədər təmin edir. Sanki bu qatda sehrlənən və cazibəyə düşən oxucu bu cazibədən çıxıb daha ali orbitin cazibə dairəsinə düşə bilmir. Bu mənada Füzuli poeziyası yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə ümumtürk ədəbiyyatının, yalnız orta əsrlərin deyil, bütün dövrlərin fövqəlestetik poeziya zirvəsi kimi faktlaşır.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Hər şey eyni idi – otağın divarları, pəncərənin açılan mənzərəsi, divardakı saat, önümdəki ayna.

Lakin içimdə nəyinsə boğulduğunu, hər gün daha da daraldığını hiss edirdim.

Adını qoymaq çətin idi, nə olduğunu bilmək də.

 

Günlər bir-birinə bənzəyirdi.

Sanki eyni səhəri eyni yorğunluqla qarşılamaq üçün hər gecə yuxuya dalırdım.

Nə dəyişirdi? Heç nə.

Mən isə içimdə hər gün nələrisə itirirdim.

Dəyişmək istəyirdim. Amma qorxurdum.

Tanımadığım gələcək, alışdığım narahatlıqdan daha təhlükəli görünürdü.

Bəzən alışdığım həyatımı qəbullanmağa çalışırdım.

Amma içimdəki o inadkar səs susmurdu.

“Getməsən, yox olacaqsan…” – deyirdi.

Sadəcə irəliləmək lazım idi – geriyə dönmədən, qorxmadan.

Yerimdə qalsam, içimdəki səs məni sakit-səssiz tükədəcəkdi.

Mən o səsə qulaq asmaq istədim.

Bütün səslərə qulağımı bağladım.

Sadəcə bir səsi – qəlbimin səsini dinlədim.

O səs heç bir səsə bənzəmirdi.

İnamla, cəsarətlə danışırdı.

Deyirdi ki: “Hərəkət etsən, qazanacaqsan. Yoxsa, bir yaz gülü kimi, heç açmadan solub gedəcəksən.”

Mən qorxaraq da olsa, irəliləməyə qərar verdim.

Çünki tükənmək – yaşamaqdan daha təhlükəli idi.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Müsahibimiz tanınmış Azərbaycan şairi, jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Manevr.az” , “Dalidag.az” saytlarının qurucusu, Prezident mükafatçısı Namiq Dəlidağlıdır. 

İnanırıq ki, müasir poeziyamızın tanınmış simalarından olan Namiq Dəlidağlı ilə apardığımız müsahibə oxucuların marağına səbəb olacaq.

 

— Namiq bəy, sizin fəaliyyətiniz çoxşaxəlidir. Aktiv ədəbi yaradıcılıqla məşğul olmaqla bərabər qurucusu olduğunuz saytlar, ədəbi birlik var. Eyni zamanda Türkiyədə fəaliyyət göstərən iki saytın köşə yazarısınız və s. Bu işlərin zəhmət, səbr tələb etdiyini bildiyimə görə, bu barədə sual verməyəcəm. Sizə doğma olan jurnalistika ilə ədəbiyyat arasındakı əlaqələr necədir və bu iki sahə bir-birinə necə bağlıdır?

 

— Əsas bağlılıq odur ki, ikisi də istedad tələb edir və yazmaq qabiliyyəti olan kəslər bu iki sahədə özlərini sınayır, imzalarını təsdiq edir. Fərqli tərəfi odur ki, ədəbiyyat sırf yaradıcılıq sahəsidir, jurnalistika isə həm də ədəbi - ictimai peşədir. Ancaq hər ikisinin materialı, xammalı SÖZDÜR.

 

—Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasdakı yeri haqqında nə düşünürsünüz? 

 

Azərbaycan ədəbiyyatının tarixi çox qədim və zəngindir. Rəsmi mənbələr Qədim Azərbaycan ədəbiyyatının ilk nümunələrinin Herodotun “Tarix” kitabında saxlanılan “Midiya” və “Astiaq” əfsanələri olduğunu bildirir. Eləcə də Qədim Azərbaycan ədəbiyyatının bizə yadigar qalan ən böyük və mühüm abidəsi “Avesta”nın olması diqqətə çatdırılır.

“Kitabi - Dədə Qorqud” dastanı Azərbaycan türklərinin tarixi qəhrəmanlıq keçmişini əks etdirən möhtəşəm sənət abidəsi olaraq bu günümüzdə də aktualdır, oxunur. Qeyd edim ki, bu dastan, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq səviyyədə əhəmiyyətli bir mədəni irs nümunəsidir. 2000-ci ildə UNESCO tərəfindən “Dədə Qorqud” dastanı “Bəşəriyyətin Şifahi və Qeyri- Maddi Mədəni İrsinin Şah Əsərləri” siyahısına daxil edilmişdir. Bu, dastanın beynəlxalq səviyyədə tanınmasına və qorunmasına böyük töhfə vermişdir.

Onu da xüsusilə qeyd edim ki, Azərbaycan ədəbiyyatı müəyyən dövrlərdə təzyiqlərə məruz qalmış, çətin, eyni zamanda şərəfli tarixi yol keçmişdir. 

1937-ci illərdə repressiya maşınının sükanı arxasında əyləşən Stalin-Bağırov cütlüyü “siyasi fəaliyyət”lərinə görə neçə-neçə milli düşüncə sahibinə, söz adamına, şair və yazıçımıza "xalq düşməni" damğası  vuraraq həbs etdirdi, onlar işgəncələrə məruz qaldılar və edam edildilər.

Göründüyü kimi post-sovet dönəmində “sığala yatmayan”, “sözə baxmayan” müəlliflər represiya qurbanı olublar. Azad sözə, yaradıcılığa ciddi maneələr yaradılıb. Bu da ədəbiyyatın inkişafına sözsüz ki, mənfi təsirini göstərib.

Bütün bunlara baxmayaraq, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatına layiqli töhfələr verib.

Təbii ki, müasir Azərbaycan ədəbiyyatının inkişaf dövrü ölkəmiz müstəqillik qazanandan sonra başladı. Artıq Azərbaycan ədəbiyyatı kifayət qədər inkişaf edib və dünya səviyyəsində nəzm və nəsr əsərləri ortaya qoyub.

 

 —Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri ilə ədəbiyyat əlaqələrini inkişaf etdirmək istiqamətində nə kimi işlər görülür? Şəxsən sizin ələqələriniz hansı səviyyədədir?

 

 —Ümimiyyətlə, türkdilli dövlətlərlə ölkəmizin bütün sahələrdə geniş əlaqələri var, buna çox maraqlıyıq. O cümlədən ədəbi sahədə də əlaqələrimiz genişlənib. Həm mətbuat və media vasitəsi ilə, həm də şəxsi münasibət quraraq yaradıcılığımızı daha geniş arenada təqdim etməyə, qarşılıqlı əlaqələr yaratmağa çalışırıq. Müxtəlif qurumlar, ədəbi birliklər var ki, sözügedən sahədə çox aktivdirlər.

Ötən il növbəti şeirlər kitabım qardaş Özbəkisatanda nəşr edildi, orada yaşayan, mənə dəstək olan dostlarıma minnətdaram. Digər türkdilli ölkələrdə də kitablarımın çap edilməsini arzulayıram və bu yöndə işlər davam edir. Yaradıcılığımdan nümunələr Mərkəzi Asiya ölkələrinin mətbuat və mediasında ardıcıl olaraq dərc edilir, yayınlanır. Orada yaşayan yaradıcı adamların yaradıcılıq nümunələrini mütəmadi olaraq burada, rəhbəri olduğum saytlarda yayınlayırıq. 

     

  —Sizcə, bu gün ədəbiyyata, kitab oxumağa maraq əvvəlki kimi qalırmı? Gənclərin kitab oxumağa marağını necə artıra, inkişaf etdirə bilərik? 

 

 —Əlbəttə, əvvəlki dövrlə müqayisədə kitab oxumağa maraq xeyli azalıb. Bunun da obyektiv səbəbləri var. İndiki informasiya bolluğunda, maraq dairəmizin digər istiqamətlərə yönəldiyi bir vaxtda kitab oxumağa həvəs azalıb. Hər şeyin asanına qaçdığımız kimi, mənəvi ehtiyaclarımızı da asan yollarla təmin etməyə çalışırıq. O üzdən, kitabı əvəz edən internet resursları bu boşluğu, ehtiyacı müəyyən qədər doldurur. Bu da təbii haldı. Dünya sürətlə inkişafdadır. Ancaq kitabdan aldığımız ruh qidasını, dincliyi heç nə əvəz edə bilməz. Odur ki, gənclərə tövsiyə edərdim, kitaba yadlaşmasınlar, kitab gerçəkdən ruha qida verən ən gözəl mənbədi. 

 

  —Həyatınızda hansısa təsadüflər olub və onlar yaradıcılıq fəaliyyətinizə necə təsir edib? 

 

—Həyatımda və yaradıcılığımda hansısa bir təsadüfin yaddaqalan rolu olmayıb. Həyatda eləyə bildiklərim çətinliklə və öz gücümə olub.   

 

 —Əgər öz həyatınızın bir hissəsini dəyişdirmək imkanı olsa, nəyi dəyişdirərdiniz və niyə? 

 

-Heç nəyi. Çünki, bu mümkün deyil. 

 

—Sizcə, yaradıcı insanlar dünyanı necə başa düşürlər və bunu necə ifadə edirlər? 

 

—Bu dünyanın müvəqqəti olduğunu hər kəs bilir. Yaradıcı olan da, olmayan da. Burda əsas fərq dərk məsələsindədir. (Əslində dünya əbədidir. Biz gəlib-gedirik, o qalır) Bu dünyanın əbədi olmadığını bilə-bilə bəzi insanlar yaxşılıqdan çox, yamanlıq edirlər. 

Bir də yaradıcı adamların dünyanın içində öz dünyası da olur. Xəyallarında qurduqları öz dünyalarını bəlkə də əbədi bilirlər. Bu bir təsəllidir həm də...

 

— Namiq bəy, hazırkı Azərbaycan ədəbiyyatının əsas mövzuları hansılardır? 

 

—Bu suala müəyyən qədər fərdi yanaşsam daha doğru olardı. Çünki, yaradıcılıq fərdi məsələdir. Başqasının adından danışmaq, fikir bildirmək düzgün olmazdı. Hərənin öz səsi, öz sözü, öz ruhu var.

Azərbaycan vətəndaşı olaraq hazırkı dövrdə mən ən çox zəfər ruhuna köklənmişəm. Düzdür, yağı düşmənin millətimizə, məmləkətimizə qarşı törətdiyi vəhşiliyi, ağrı-acını zaman-zaman öz yaradıcılığımızda canlandıracağıq, bunu unutmaq olmaz! Ancaq daha çox otuz ilə yaxın erməni təcavüzünə məruz qalan bir ölkənin vətəndaşı, qələm adamı olaraq yurd-ağrı acısından deyil, parlaq qələbəmizdən, zəfərimizdən, igid Azərbaycan əsgərinin şücaətindən, igidliyindən yazıram və düşünürəm.  

 

—Söz bu mövzudan düşmüşkən bildirim ki, beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi 30 ilə yaxın işğal altında qaldı. O cümlədən sizin doğulub boya-başa çatdığınız Kəlbəcər rayonu da işğal edilmişdir. Bu gün ölkənizin ərazi bütövlüyü təmin edilib, torpaqlarınız azaddı...

 

—Bəli. Havadarlarının köməyi və yardımı nəticəsində bütün parametrlərinə görə Azərbaycandan zəif olan Ermənistan ərazilərimizi uzun müddət işğal altında saxladı. Mən zəif deyəndə qarşı tərəfin təkcə hərbi gücünü, texnikasını nəzərdə tutmuram. Ermənilər bir toplum olaraq da zəif xalqdı. Onlarda vətən, torpaq sevgisi ötəridir. Çünki toplum olaraq həmişə köçəri həyat yaşayıblar, vətən sevgisi, yurda bağlılıq erməni toplumunda zəif olub, ya da heç olmayıb. Ermənistan bir dövlət kimi indi Azərbaycanın əzəli torpaqlarında mövcuddur. Tarixi vərəqləsəniz görərsiniz ki, burada heç bir erməni qəhrəmanının adı keçmir. Onlar həmişə terrora meyilli olub, günahsız insanları öldüməkdə “qəhrəmanlıq göstəriblər”. Ermənilər bizim yaddaşımızda “öz qanından qorxan” bir toplum kimi qalıb. Üz-üzə döyüşdə zəif olan erməni əsgəri havadarları olmasaydı bizim ərazilərimizi işğal edə bilməzdi.

44 günlük Vətən savaşında qəhrəman Azərbaycan əsgəri döyüş meydanında düşmənin cavabını verdi, ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. 30 illik işğal dövründə ermənilər ancaq o yerlərdə oğurluqla, talançılıqla məşğul olub, demək olar ki, daşı-daş üstündə qoymayıblar qalsın. İtin yalqabını, ayaqyolunda unitazı belə aparıblar. 

Mənim doğulduğum Kəlbəcər rayonu da bu işğalın, talançılığın qurbanı oldu. Ermənilər işğal dövründə onun təkrarolunmaz təbiətinə düşmən qənim kəsildi, bütün təbii sərvətini korkoranə, vəhşicəsinə daşıdı, taladı. Mənim doğulduğum kəndi, atam tikən evi də söküb dağıdıb, daşını belə aparıblar. Yersiz qisasçılq, insanlara nifrət bu toplumda çox güclüdür. Tarixən özlərinin heç nəyi olmadığı üçün həmişə qonşularının və digərlərinin torpağına, varına, mədəniyyətinə, ədəbiyyatına, mətbəxinə göz dikiblər, oğurluq ediblər. 

 

-Yaradıcı adamın məsuliyyət ilə, şəxsi həyatındakı məsuliyyət arasında necə əlaqə var? 

 

- Əslində məsuliyyət məsələsi insanın ən müsbət cəhətlərindən biridir. Həm şəxsi, həm də yaradıcı insanların məsuliyyətinin kökündə dəqiqlik dayanır. Şəxsi həyatında məsuliyyətli olan insanlar çox zaman yaradıcılıq sahəsində bu keyfiyyətə malik olur. Ancaq burada müşahidə elədiyim digər bir məqam var: bəzi hallarda yaradıcı insanlarda olan tənbəllik, məsuliyyət məsələsini kölgədə qoyur. Bu da insanın özündən asılı deyil.  

 

-Sizcə, yazıçının, şairin dünyagörüşü digər insanlardan fərqlənirmi? O, hansı prinsiplərə əməl etməlidir? 

 

- Yazıçı və ya şairin dünyagörüşü digər insanlarla eyni ola bilər. Ancaq dünyaya baxışılarında fərq var. Ancaq yaradıcı adamların cəmiyyətdə nüfuzu, çəkisi onları daha diqqətli, məsuliyyətli olmağa çağırır. Çünki onlar ictimai şüurun formalaşmasına, həm də insanların düşüncə tərzinə təsir edə bilirlər.

 

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

 

 

 

 

 

 

 

Bazar ertəsi, 23 İyun 2025 13:28

Yazı — Sözün çölüdürmü?

Eltən Törəçi, dəyər yaradıcısı, “Ədəbiyyat və incəsənət” üçün

 

“Yazı” deyəndə biz indi adətən ağ vərəqi, qaradaş (qələm) izini və ya yazılmış düşüncə  anlayırıq. Amma bu söz əski  türkün dünyasında tam başqa anlam daşıyırdı...

 

Öz  türkcədə “yazı” – sadəcə yazılmış söz deyildi. Bu söz “çöl”, “düz”, “bozqır”, “sərilmiş genişlik” anlamlarında işlənirdi.

Yəni yazı – açıq yer, sərhədsiz dünya, insanın özünü anlada bildiyi, içindəkiləri hayqıra bildiyi oylaq, genişlik idi.

Toponimlərdə bu hələ də yaşayır: məsələn “Qarayazı” – “böyük çöl” deməkdir.

Qara” – ulu, əzəmətli, güclü;

“Yazı” isə – özgür, sınırsız  torpaq.

Yazı – eyni anda “sözün çöldə saldığı iz”dir. Yazmaq – Özgürlük, tinin (ruhun) fırtınasından doğan bir iz salmaqdır sanki. Çünki çöl nə qədər boş görünürsə, yazı da o qədər boş görünə bilər. Amma diqqətlə baxanda – izlər görünür.

Yazıçının işi də bu deyilmi?

O da çıxır çölə – sözlərin çölünə.

Düşüncələr əkir, onları toplumun içinə səpələyir, tümçələrlə torpaq sürür, sözün günəşi altında düşüncələri qurudur, bəzən də içsəl tufanlarını səssiz-səmirsiz çöldə dinclik tapır.

Öz türklər çölə çıxmağı davranış kimi yox, duyğusal sınır  (sərhəd ) keçidi kimi görürdülər.

Yazmaq da budur: öz içindən çıxmaq.

Çöldə iz salmaq.

İndi  belə bir  sorğu  doğur:

Əgər yazı çöldürsə…

Yazıçı da Çölçüdürmü?

Bəlkə də elədir.

Məncə, yazıçı:

özünü gurlaşdıra bilən,

içini çölə çevirən adamdır,

düşüncəsini, özünü çöldə açan,

qaranlıqda gözlə yox, duyğu ilə yazan,

keçilməmiş yollarla danışan adamdır.

Bu baxımdan yazıçı – dəyər yaradıcısıdır.

O iz buraxandır.

Çölə çıxan, geri qayıtmayan, gələcəyə, yaşama və toplumun ağlına səssiz izlər salan bir Çölçüdür.

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.