Super User
Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
25 iyun 2025-ci il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon Mərkəzi Kitabxanasının, Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Sənan Əliyev, rayon İcra Hakimiyyətinin uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Əhməd Ağababayev, Oğuz rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun inspektoru Kənan Quliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, oğuzlu şair-tədqiqatçı Yusif Rza, Oğuz şəhərindəki tam orta məktəblərinin müəllim kollektivi, həmin məktəblərin yuxarı sinif şagirdləri, məktəb psixoloqları və fəal oxucular iştirak ediblər.
Tədbir Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Mərkəzi kitabxananın əməkdaşı tədbiri açaraq, onun məqsəd və əhəmiyyəti haqqında məlumat verib, iştirakçılara qonaqları təqdim edib.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığı və cəmiyyət üçün doğurduğu təhlükələr, onunla mübarizə üsulları, psixoaktiv maddələrin fiziki vəpsixoloji təsirləri, narkotik vasitələrdən istifadənin yaratdığı risk amilləri və asılılığın mərhələləri geniş şəkildə izah edilib. Eyni zamanda, antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafında rolu vurğulanıb.
Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, mövcud normativ-hüquqi baza və bu sahədə həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat verilib.
Maarifləndirici tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Xalq artisti Sona Hacıyevanın 118-ci ildönümüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sizə o vaxtlardan danışıram e, əsrin əvvəllərindən, onda ki, kino və teatrı qaragüruh yasaq adlandırırdı, adını çəkənlər təqib edilirdi. O vaxt bir fədakar xanım var idi, Sona adında. Səhnənin və ekranın işığına çevrilmişdi...
Azərbaycan SSR xalq artisti Sona Hacıyevadan danışıram, o Sona Hacıyevadan ki, 25 iyun 1907-ci ildə Şəkidə Əzizə Məmmədovanın ailəsində dünyaya gəlib.
S. M. Qənizadənin "Axşam səbri xeyir olar" tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü olub.
Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedib. Kənd zəhmətkeşləri qarşısında çıxış edib .
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin "Pəri-Cadu" əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb.
Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışırdılar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin, amma o dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirib. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradıb və yaxud komik surətə çevrilib.
İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona Hacıyeva məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırıb. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxardı. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafında öz töhfəsini verib.
Filmoqrafiya
- Prima
- Səhər
- Bəxtiyar
- Bismillah
- Əmək və qızılgül
- Qızmar günəş altında
- Min birinci söz
- O olmasın, bu olsun
- Telefonçu qız
Sna xanım 4 dekabr 1979-cu ildə vəfat edib.
2017-ci ildə Şəkidə aktrisanın 110 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
“Vətənə, millətə Məcnun sevgisi əsas şərtdir” - SABİR RÜSTƏMXANLI
Cahangir Namazov, “Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Həmsöhbətimiz çağdaş Azərbaycan ədəbiyyatının parlaq siması,
Azərbaycan xalq şairi, nasir, publisist, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.
— Uşaqlıq illərin iz yaddaşınızda hansı rənglər, hansı səslərlə qalıb? Bu rənglər və səslərin şair ruhunuza nə dərəcədə qatqısı olub.
— Mənim şeirlərimi araşdıran tənqidçilərdən biri yazıb: “Sabir Rüstəmxanlının şeirlərinin ümumi rəngi ağdır”. Kənardan görünən belədir. Mübahisə etmək də olar. Çünki türklüyün rəmzi olan mavi rəngi də çox sevirəm. “Ana südü”, “Ay işığı”, “Qarlı dağlar”, “Ağ yuxular”, “Ağ ümidlər”. “Anamızın əli unlu, üzü unlu...”,“Ömrün ilki də ağ, sonu da ağdır” və s. Tənqidçi yəqin ki, şeirlərimdə tez-tez işlədilən belə metaforalara əsaslanmışdı. Mən doğurdan da qarlı dağlar arasında qışı bitmək bilməyən bir kənddə doğulmuşam, qar haqqında şeirlərim də çoxdur. Xarakterimdəki xeyirxahlıq, adamlara yaxşılıq etmək vərdişi də bu ağ rəngi gücləndirir. Amma bütövlükdə uşaqlıqdan yaddaşıma hopmuş başqa rəngləri-saralmış zəmilərin, bərəkətli xırmanların və saralan payız meşələrinin rəngi də unudulmazdır. Vida və ayrılıqla bağlı olan hər şey məni həmişə içdən duyğulandırır.
Səs məsələsi daha mürəkkəbdir. Daha çox yadımda qalan hansılardır. Evlərimizin üstündən uçub cənuba gedən durna qatarlarının qıy səsləri. Həmişə nədənsə mənə elə gəlirdi ki, bu durnalar bu gün İran adlı bir ölkədə qalmış Cənubi Azərbaycana-Təbrizə uçur. Sübh çağı yenicə yuxudan oyanan quşların civiltisi nə qədər duyğusal idisə az qala göyü parçalayan göy gurultuları, yaz yağışlarının və yeri silkələyən ildırımların səsi də o qədər unudulmazdır. Bəlkə buna görə də “öz səsindən asılmış Torağayılar” və ya “şimşək harayı” leksikonumda çox təkrarlanıb. Bir də ney səsi, ürəyi titrədən ney səsi...
— Poeziyada milli ruhu oyatmaqla yanaşı, ümumbəşəri dəyərləri necə və hansı yollarla uzlaşdırmaq olar?
— Ümumbəşəri dediyimiz ayrı-ayrı milli dəyərlərin toplusudur.
Milli ruhu oyatmaq xalqı ümumbəşəri dəyərlərdən uzaqlaşdırmır əksinə ona daha da yaxınlaşdırır.
Bu sənətin bütün sahələrinə aiddir. Məsələn Səmərqənd, Buxara, Xiyvə abidələri millidir.
Özbək əməyinin və ruhunun məhsuludur. Lakin bunu hansı yolla ümumdünya mədəniyyətindən ayırmaq olar? Milli mədəniyyətlər böyüdükcə ümumbəşəri mədəniyyət də böyüyür.
Milli olmaq-sevmək deməkdir.
Öz keçmişini, tarixini, torpağını və yaradıcılıq qüdrətini. Özünü sevməklə sən heç kimə savaş elan etmirsən. Savaş həvəskarları “ümumbəşəri” adı altında xalqların xarakterindən və keçdiyi yoldan irəli gələn özəllikləri silib məhv etməklə, qloballaşma adı altında dünyanı ümumi bir boz rəngə bürümək istəyənlərdir. Amma məncə ümumbəşəri olmaq istəyirsənsə özünü daha yaxşı dərk et, daha çox milli ol!
Yüzillər boyu Azərbaycan türklərinin milli varlığı, dili, tarix yaddaşı, mübarizə əzmi, bütövləşmə və azadlıq eşqi, gücünə, müstəqil yaşamaq qabiliyyətinə inamı, mənəvi dəyərləri məhz ədəbiyyatın, yazılı və ya şifahi bədii sözün sayəsində qorunmuşdur. Siyasət fars və rus işğalına, ilahiyyat ərəb işğalına yol açanda, xalqı
öz Azərbaycan-türk kökünün üstündə daim canlı saxlayan ədəbiyyat olmuşdur.
Bunu bilən düşmənlər tarix boyu ilk növbədə millətin söz deyənlərini, düşüncə
sahiblərini, ana dilini hədəfə alıb, bizi yabançı dillərin, yabançı ədəbiyyatın, yabançı düşüncənin əsirinə çevirməyə çalışıblar. Gərək ümumbəşərilik ruh işğalına çevrilməsin.
— Usta-şagirdlik yalnız bilik ötürmək deyil, qəlbdən-qəlbə keçən bir ruh məktəbidir. Bu məktəbdə aldığımız ən böyük dərsi necə izah edərdiniz?
— Ustad deyiləndə mən ilk öncə öz məktəb müəllimlərimi, sonra da Türk dilində yazılan ədəbiyyatın klassiklərini nəzərdə tuturam.
Hər iki çeşmədən içdiyim saf sudur. Məktəb müəllimlərim, atamın-anamın yolunu davam etdirərək, mənə düzlük, halallıq, işə sevgi, yurda-ocağa bağlılıq dərsi keçib. Bununla yanaşı, ürəyimi torpağ , millət, Vətən tarixi sevgisi ilə, azadlıq ruhu və cəsarətlə doldurublar. Böyük ədəbiyyat müəllimlərimiz-Dədə Qorquddan, Nizami Gəncəvidən, Nəsimidən, Nəvaidən, Fizulidən isə ana dilinə sevgi, böyük humanist ideyalar, tanrı-insan bağlılığı, mənəvi kamillik, kainatı bütöv görmək dərsi almışam.
— Şairliklə insanlıq arasındakı ən incə bağ sizcə daha çox nədə özünü göstərir?
— Şairliklə insanlıq bir-birindən ayrı şeylər deyil. Şairlik insan halının peyğəmbərə, tanrıya, göylərə ən yaxın olan halıdır. Şair insanların təkcə çölünü yox, həm də içini görür.
Ən başlıcası isə şair insanları sevir və ömrü boyu bu sevgidən yazır. Məncə ən qısa bağ- sevgidir.
Şeir insan ruhunun elə bir əbədi, dəyişilməz duyğusudur ki, onu keçmiş-gələcək ölçüləri ilə ayırmaq, keçmişlə bu günün, bu günlə
gələcəyin mənəviyyatı, qəlb dünyası arasında sərhəd çəkmək çox çətindir. İnsanın ağlı, məlumatı, təhsili nə qədər artsa, yeniləşsə və bu günün adamı ensiklopedik məlumatı ilə keçmişin ən böyük alimlərini də heyrətə sala biləcək bir səviyyəyə çatsa da, onun hiss və duyğuları öz sələflərindən o qədər də fərqlənmir.
Dəyişilən ifadə formasıdır. Keçmişdə cəngavərlər sevgililəri ilə görüşə at üstündə, arabada və s. gedirdilər, indi maşınla gedirlər, görüşə aparan duyğunun
mahiyyəti isə az dəyişilib. Məncə, bu gün ədəbiyyatımızda müşahidə olunan bir sıra keyfiyyətlər
gələcəyin də əlamətləri sayıla bilər. Gələcəyin şeiri, şübhəsiz, bizə məlum olan
iki meyli qoruyub saxlayacaq. Yəni, şeirin informasiya yükü getdikcə daha da artacaq: başqa sözlə desək, ədəbiyyat daha ağıllı olacaq.
Bununla yanaşı, xüsusən
şeir üçün daha etibarlı və gələcək üçün də dəyişilməz yol-- hisslərin və sevginin dili ilə danışıqdır.
— Sizin fikrinizcə şairin ən böyük xoşbəxtliyi nədir?
Yazdığının insanlara təsiri, tarixin onu yaddaşında saxlaması yoxsa ürəyinin yüngülləşməsi.
— Məncə önəmli olan şairin öz ürəyini boşaltması, öz ruhunun səsini, duyğularını, sevgi və nifrətini dilə gətirmək, qələmə almaqdır. Bu prosesdə o yazdığının insanlara təsiri və sözünün tarixdə qalıb qalmayacağı haqqında düşünmür və ya çox az düşünür.
— “Söz-İlahi qüvvədir” deyirlər. Sizcə bu gün söz nə qədər qiymətlidir. Bu günün şair və yazıçıları cəmiyyətə təsir edə bilirmi?
— Sözə münasibət tarixi şəraitə və xalqların mədəni səviyyəsinə uyğun olaraq dəyişilir. əslində söz doğurdan da ilahi qüvvədir. Belə bir inam da formalaşdırılıb ki kainat ilahinin “Ol” kəlməsindən yaranıb. Şərqdə bu inam daha güclüdür. Klassik şairlərimizin “Vəhdəti vücud” inamı, yəni insanı tanrının zərrəsi saymaq, onu bir başa yaradana bağlamaq həm də sözümüzə və ədəbi təfəkkürümüzə təsir göstərib. Hurufizm cərəyanının Türk dünyasında nə qədər geniş yayıldığını bilirsiniz. İnsan üzünün hər bir cizgisi bir hərfə bənzədilirdi. İnsan sifətinə yazılmış sözlər İlahi kəlamlar kimi oxunurdu. İndi zahirən söz əvvəlki sehrini itirir, amma hər halda onu əvəz edən başqa bir qüvvə də yoxdur. Azərbaycanda şair və yazıçıların sözü həmişə nüfuzlu söz, ağsaqqal sözü sayılıb. Şairlərə inanıblar. 1988-ci ildə başlanan milli azadlıq hərəkatının önündə, aralarında mən də olmaqla, şairlər və yazıçılar dayanırdılar. Xalq bizə inanırdı. Bizim arxamızca gedirdi. Bəlkə buna görə hakimiyyət orqanları həmişə söz sahiblərinə və ədəbiyyata qısqanclıqla, bəlkə də qorxu ilə yanaşıblar. Bu gün dünyanın hər yerində ədəbiyyatı, sənəti gözdən salmaq üçün müxtəlif vasitələr düşünürlər. Söz adamı özünü daimi bir qorxu mühitində hiss edir. Ədəbiyyata dövlət dəstəyi azalır. Tirajın azlığı yeni kitabların populyarlaşmasına imkan vermir. Amma yenə ədəbiyyat öz gücünü və cəmiyyətə təsir etmək bacarığını saxlayır. Ədəbiyyat hakimdir. Hətta hakimlərin də, dövlətin də hakimidir.
— Bir sənətkar kimi bu gün cəmiyyətdə sizi ən çox narahat edən problem nədir və şair bu problemi necə həll edə bilər?
— Dünyada qloballaşma deyilən adamları qərbin əsirinə, robota çevirən, öz kökündən qoparmağa çalışan, ailəni, ənənəvi dəyərləri dağıtmaq istəyən bir proses gedir. Ən çox narahatçılıq doğuran budur. Şübhəsiz bütün bunlar şairin yaradıcılığına təsir göstərir və çox vaxt onu gedən proseslərlə üz-üzə qoyur. Bu terdə şair öz millətinin mənəvi dəyərlərinin, ana dilinin, milli ruhun, ədalətin, demokrayanın qoruyucusuna çevrilməlidir. Söz səngəri əbədidir və şair də daim bu səngərdərir.
— Şairin həyatı yalnız şeirdən ibarət olmamalıdır. Sizə görə şairin dünyası daha nələrlə zənginləşə bilər?
— Mən Azərbaycanın xalq şairi olsam da heç vaxt bir janra qapanıb qalmamışam. Bütün ömrüm boyu publisist yazılar yazmışam. Həyatımızın elə bir sahəsi yoxdur ki o barədə aydın vətəndaşlıq mövqeyindən fikrimi bildirməyim. Cavan vaxtımdan Azərbaycan ədəbiyyatını müxtəlif Beynəlxalq formlarda təmsil etmişəm. 1988-ci ildə aşılanan Meydan hərəkatını idarə etmişəm. 1989-cu ildə Azərbaycanın ilk müstəqil və demokratik qəzetini nəşr etmişəm. 1990-cı ildə xalqın təkidi ilə Azərbaycan parlamentinə deputat seçilmişəm. Sonra Mətbuat və iİnformasiya naziri olmuşam. Dünya parlamentində və İslam ölkələri təşkilatının Parlament ittifaqında Azərbaycanı təmsil edənlərdən biri olmuşam. Dünya azərbaycanlıları konqresinin həmsədriyəm.. Yəni əslində bir şair ömrü yaşamamışam. Çünki mənim düşüncəmə görə şairlik ilk növbədə öz ölkəsinin nümunəvi vətəndaşı olmaq deməkdir. Bir şeirimdə dediyim kimi:
Şairlər yer üzünə şeir yazmağa gəlmir,
Gəlirlər bu dünyanın tarazlığı itəndə.
Gəlirlər ürəklərə dəmir pərdə çəkilib,
damardan qan yerinə paslı sular gedəndə.
Təkcə şairlər dözər dünyanı əyən dərdə,
yeri şar kimi sıxan əriməz qəm yükünə,
Milyon qəlbə sığmayan iztirablar, əzablar,
dərdlər . qəmlər sığacaq bir şair ürəyinə.
Sairlər yer üzünə gəlmirlər xumar gözlə
baxıb gülə-çiçəyə,
qadınların nazına şeir deyib getsinlər.
Gəlirlər insanların könlünə işıq səpib
ədalət göyərtsinlər...
— Şeirlərinizdən Vətən, Türkçülük,xalq və millət dərdi əsas mövzulardan biridir. Milli-tarixi keçmişi tərənnüm edən şeirdə istedad, ilham və bilikdən başqa daha hansı keyfiyyətlər önəmlidir?
— Məncə, bu məsələ, yəni bir şairin ictimai-siyasi mövzuda, vətəndaşlıq problemlərindən yoğrulmuş şeirlər yazdığı halda, başqa bir şairin lirik və ya fəlsəfi şeirlər yazması tale işidir. Heç bir qələm əhli öz-özünə, mexaniki bir şəkildə belə bir seçim edə bilməz. Bu işdə ailə və məktəb tərbiyəsi də ciddi rol oynayır. Mən İranla sərhəddə doğulmuşam və uşaqlıqdan xalqın, Vətənin parçalanmasının nə boyda bir faciə olduğunu dərk etmişəm. Başqa mühitdə bu duyğular yaşana bilməz. Bu işdə Tarix bilgisi və “Qan yaddaşı “ da mühüm rol oynayır. İnsan özünü , millətini, tarixini və dünyanı dərindən bilib dərk etdikcə öz kökünə, ocağına daha möhkəm bağlanır. Türk dünyasını görmədən- bilmədən, onun tarixini və mədəniyyətini öyrənib sevmədən onun haqqında nə yaza bilərsən?
Vətənə, millətə Məcnun sevgisi əsas şərtdir. Sevmək və onun yolunda hər cür fədakarlığa hazır olmaq!
— “Şair - cəmiyyətin aynasıdır” deyirlər. Bu günkü türk dünyası şairləri sizcə cəmiyyətin aynası ola bilirlərmi?
— Türk dünyası böyükdür və bu dünyada şairlər bir-birindən fərqli, bir-birindən gözəl nəğğmələr qoşurlar.. Onların bir-birini daha yaxşı tanımasına və tanıtdırmasına ehtiyac var.
Türk dünyası həmişə böyük istedadlar yetirib, indi də yetirir. Şeir, ədəbiyyat həm də millətin daxili enerjisini, gücünü, şərə qarşı mübarizə qüdrətini göstərən sənət növüdür. Dünyanı poetik gözlə görən və güclü bədii əsərlər yarada bilən xalqın tükənməkdən, bitməkdən, yəni ölümdən qorxusu yoxdur. Başqa bir örnək də göstərə bilərəm: Azərbaycan türklərinin bir parçası olan Kərkük türkmanları Azərbaycandan və Türkiyədən aralıda İraqın siyasi xəritəsi içində qalıblar. Belə bir tədric olunmuşluq və siyasi basqı altında onlar öz dillərini və ruhlarını unutmaq əvəzinə, tam tərsinə, gücü poetik yaradıcılığa veriblər, Söz onların yaşamaq gücünün aynasına çevrilib. Sayı-hesabı bilinməyən Kərkük xoriat və maniləri ( dörd sətirlik şeirlər-bayatılar) sirli bir dünyadır. Cəmi dörd misrada insan təbiətinə və yer üzündəki yaşama aid olan bütün sirlər, sevinclər və kədərlər, mübarizə əzmi və ölüm öz əksini tapıb. Türk xalqlarının son dərəcə zəngin folkloru və yazılı ədəbiyyatı bu xalqların keçmişindən gəlsə də amma həm də parlaq gələcəyinin təminatçısıdır.
Mənə görə poetik söz olmasa dünya gözəlliyinii itirər.
Sözün qüdrətinə inanıram
Sözdən doğulmuşuq, mayamız təmiz,
Dünyanı söz ilə dəyişməliyik.
Ölüm hamımızın son səngərimiz,
Sonuncu sözədək döyüşməliyik!
— Şairlə bəşəriyyət arasında əsas bağı yaradan nədir?
— Şair bəşəriyyətin, yəni insanlığın bir zərrəsidir. Bir damla su özündə dünyanı əks etdirdiyi kimi şair də öz həyat yaradıcılığında insanlığın bütün ruhunu, ideallarını, əsas keyfiyyətlərini əks etdirir. Əsas bağlılıq budur.
— İnsan həyatında “daxili sükunət” deyilən bir hal var. Sizin yaradıcılığınızda bu sükunət hansı prosesdən keçib şeirə çevrilir?
— Belə bir sükunət adətən iri bir əsəri yazıb qurtardıqdan sonra yaranır. Sanki uzun bir yol keçib mənzil başına çatmısan, yaxud uzun ayrılıqdan sonra doğma evinə qayıtmısan: elə qapının ağzındaca, sənə doğma olan, öz əlinlə əkdiyin çinar ağacının altındaca oturub yorğunluğunu çıxarırsan. Necə çətin bir yol keçdiyini və qarşıda daha hansı məqsədlərin olduğunu düşünmədən... Bu halda insanın ürəyində qəribə bir boşluq yaranır hətta bitirdiyin əsəri öz əlinlə yazdığına da inana bilmirsən. Yeni bir yol başlayacağına, yeni nə isə yazacağına, ilhamın yenidən gələcəyinə də heç bir ümidin yoxdur. Sanki bütün sözlər deyilib qurtarıb, bütün yollar bağlanıb. Amma sonra qəfildən bulaq yenidən qaynamağa başlayır. Bu təxminən Koroğlu dastanındakı sehrli çeşmə kimidir. Müəyyən müddət ərzində yerdən gur bir axın kimi çıxır, sonra qəfildən torpağın altına çəkilir, elə bilirsən o su bir daha gəlməyəcək. O sükunət və ya boşluq dövrü nə vaxt bitəcək,yeni yazın bu dəfə hansı mövzuda və hansı janrda olacaq bilmirsən. Amma təcrübəli və peşəkar yazıçılar bu sükunət halını bir az qısalda bilər. köhnə əsərlə yeni əsər arasında istirahətə az vaxt ayırar.
— Sizcə çağdaş ədəbiyyat xalqın qəlbinə yol tapa bilirmi? Ədəbiyyat nə zaman xalqla, millətlə birlikdə yaşayır?
— Ədəbiyyatın xalqın qəlbinə yol tapması üçün ilk növbədə onu xalqa çatdırmaq lazımdır. Yəni kitabların tirajları elə olmalıdır ki, hər bir maraqlanan oxucuya çatsın. Sovet dövründə olan kitab ticarəti şəbəkəsi indi yoxdur. Dövlətin kitaba marağı azalıb, ondan ideoloji silah kimi istifadə etmir. Kitabların tirajı məhduddur, bir çox rayonlara və kəndlərə ümumiyyətlə yeni kitab getmir. Elektron kitab çıxdı, daha əvvəlki kitablara və kitabxanalara ehtiyac yoxdur düşüncəsi getdikcə daha da genişlənir. Bu, tamamilə səhv düşüncədir.
Yazıçıların kəndlərə, rayonlara səfərləri, oxucularla görüşlər azalıb. Televiziyalar ciddi ədəbiyyatı təqdim etməkdənsə daha çox şou proqramlarına və ucuz ədəbiyyata yer verirlər. Mövcud sosial şəbəkələrdə ciddi bədii əsərlər əvəzinə çox vaxt mənasız söz yığınları paylaşılır. Buna görə də ədəbiyyatın xalqın ürəyinə yol tapmamasından gileylənmək doğru deyil. ədəbiyyatı getdikcə ümumxalq dəyəri olmaqdan çıxıb məhdud bir dairənin malına çevirmək istəyirlər..
Bənzətmə nə qədər uyğunsuz görünsə də indi ədəbiyyata ordudan tərxis olunmuş bir əsgər kimi baxırlar. Savaş başlanan kimi hamının gözü sözə və ziyalıya çevrilir. Dar gündə söz də əsgər kimi xalqın önündə düşmənlə üz-üzə səngərdədir. Buna görə də Ermənistanla sonuncu Qarabağ savaşında da Azərbaycan ədəbiyyatı bütün qüdrəti ilə ordumuzun yanında, xalqın arasında idi.
Kitabla bağlı dediyim neqativ hallara baxmayaraq ədəbiyyat daim xalqın ürəyində və yanındadır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
“Sandıqda gül qoxlamısan…” - Fərqanə Səfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Fərqanə Səfərlinin şeirləri təqdim edilir.
Qalanların qibləsi
Tərs hiylənin yaddaşına
Düz yol çəkdim körpülərdən.
Həqiqətlər gün saymadı
Təqvimdəki son qəmərdən.
Asta-asta yel oynadı,
Dəyirmanı dərd götürdü.
Buğda sözün geri çəkdi,
Acanlar şansın itirdi.
Güzar ustalaşıb keçdi
Xəyalların kəm ucundan.
Eşq birtəhər yolun seçdi
Tünd badənin dəm ucundan.
Günah quduzlaşıb qaçdı
Xəyanətin kəndirindən.
Yol-yolağa "çiçək tökdü"
Yaltaqlığın ənbərindən.
Sonra... kaman zilə çıxdı -
"Do", "re", "mi"nin cərgəsindən.
Ölənlərə hava tutdu
Qalanların qibləsindən...
Dünyanın düz vaxtı
Mən elə bildim böyüyüb
Yetir insan öz baxtına.
Demə, əyri yol gedirmiş
Dünyanın lap düz vaxtına.
Yəhər yüklü ağrıları
Dartır köhlən sağrıları,
Qaçır alma oğruları
Həvvanın ta qız vaxtına.
Yorğun idi dar ağacı,
Ölüm də baxdı qıyğacı.
Laylaların ən qısqancı
Dönük çıxdı saz vaxtına.
Kəpənək doğuşdan bəri
Bir ipəkdi, bir də dəri,
Qışın oğlan həndəvəri
Çəkdi yolun yaz vaxtına.
Ümid-qarğış çantası
Allahın ətəyinə
Boşaltdım çanta-çanta
Şifahi qarğışları...
Alın yazım olmadı,
Göy üzünə həvalə.
Əzbərlərini pozmur
Bildiyim alqışların...
Bir Şahməran vurmuşdu
Yerin əncər qatında
Köklü diləklərimi...
"Yolçu yolunda gərək",
deyib asdım çiynimə
Yaşlı ümidlərimi...
Qara düşüb
Yumma daha gözlərini,
Eşqin yolu dara düşüb.
Sinən sözdən uzaqlaşıb,
Söz havası tara düşüb.
Əllərin boşa çıxanda,
Əzabın qoşa çıxanda,
Təkliyin başa çıxanda
Mərd ürəyin xara düşüb.
Tələsib əl saxlamısan,
Sandıqda gül qoxlamısan.
Sən şeytanı haqlamısan? -
Qız üstündə tora düşüb.
Tünd qələmin al sevdası,
Qaymaq kimi bal sevdası.
Dillənibdi lal sevdası,
Ağ vərəğə qara düşüb.
Əsrin aynası
Baxdı ki, qalmayıb dar ağacları,
Yer asdı özünü göyün üzündən.
Bezib can payını hürrə çevirdi,
Bax, onda Allahın çıxdı sözündən.
Töküldü qəlbinə neçə min alov,
Susdu qərinənin ana laylası.
Kürəsəl yorğunluq, bəşəri qayğı
Sıxdı qucağına əsrin aynasın.
Gözünün dərdində batırdı özün,
Yeddi qat insanı gömdü özünə.
Sonra ruh axtardı könül verməyə,
Uçmuşdu ürəklər göyün üzünə.
Mavi kəhkəşanın başına döndü,
Fırlanıb toxudu hava qatını.
Torpaq toxum-toxum cücərtdi vəchlə
Ana təbiətin varidatını.
Sentyabr
Ala-boz hava var başımda:
Son baharın naz havası.
Sentyabr əl uzadıb
Səbirsizlik dərgahına...
Alabaxta civil-civil
Yaydan kamını qoparıb.
Günəş özün yaman dartır,
Çöldən istini aparıb...
Həsrətlilər yağış güdür
Göyün birinci qatından.
Torpağın nəmliyi qoxur
Yerin gecə saatından...
Sentyabr gülüşlərinin
Qəhqəhəsi sərin,
Gəlişi zümzüməli.
Bir taxta oturacaq,
İlk sarı yarpaq
Və darıxmaq:
Payız hekayəli...
Yorulmuşuq neçəmiz
Görən, hardan baxasan
Adəmin həyatına?
Elə hey səmt yozuruq
Yerin yeddi qatına.
Cəhənnəm mələkləri
Bezibdi əlimizdən.
Torpağın toxum payı
Kök atıb dərdimizdən.
Bu yer qoşa budaqdı,
Birindən bar almışıq.
Çoxu ürəyə düşüb,
Özümüz tək qalmışıq.
Hərdən sınaq tapmışıq
Göylərin cığırında.
Dəhşət görüb azmışıq
Dünyanın axırında.
Şirin yuxu qaçırmaq
Gözlərə tələ deyil.
Bir kəpənək uçurmaq
"Təkamül" hələ deyil.
Seyrələn buludlara
Çətir tutmaq peşəmiz.
Günah adi günahdı,
Yorulmuşuq neçəmiz.
Yaşamaq asan işdi,
Ölmək çətinə dönüb.
Anası bəşər olan
Övlad yetimə dönüb.
Yeddi əkiz
Göyün bağrı yarıldı,
Doğdu göyqurşağını.
Yeddi əkizi gördü,
Yer dəyişdi çağını.
Şeytan da öz canından
Ağı, bozu atmadı -
İşin elə bərk tutdu,
Cənnətə qayıtmadı.
Səs-səmiri boğuldu
Mələyin qorxusundan.
Sevdası əcəl çıxdı
Hicranın yuxusundan.
Cəftəsi boş qapıdan
Haram halallıq aldı.
Bəyquş Simurqu tapdı,
Yolun gecədən saldı.
Başıdaşlı günahlar
Özünə gün ağlayıb -
İnsan səcdəyə gəlmir,
Belin nəyə bağlayıb?!
Əvəzlik
Cümləmdə şəxs əvəzliyi axtardım
Yerinə qoymağa...
Nə sən deyə bilirəm,
Nə də mən varam
Biz olmağa.
Ürkək-ürkək ayrılırıq,
Üç nöqtədən biri qalır.
Dizə kimi yalın qalan
Bu xoşbəxtlik
Fikrə dalır.
Tuturam boz hekayəmin
Soldan beşinci barmağın -
Ötürürəm qaranlığa,
Pozuram
gündən saymağın.
Yersiz başladıq
Ağlımız göydə qaldı
Ordan yersiz başladıq.
Ay-ulduzun vaxtını
Səbəb yoxkən daşladıq.
Yelləncək göy üzündə
İntihara ip oldu.
Dar ağacı şər kimi
Adsız, yurdsuz doğuldu.
Günəş də çaşıb qalıb
Dörd fəsilli sakinə.
Kölgə vaxtın düz bilir,
İnsan gəlmir təmkinə.
Arzunun həya donu
Batıbdı bataqlığa.
Lillənmiş günahları
Yazmışıq şıltaqlığa.
Ağlın yeri dar qalır,
Gündüz qorxur gecədən.
Qucaq dolu xəstəyik
Bircə ovuc sağ ikən.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Türkiyənin ən böyük naşiri – TAHSİN DEMİRAY
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Türk naşiri və yazıçısı Tahsin Demiray 1903-cü ildə İstanbulda dünyaya gəlib. 1919-cu ildə Kadıköy Sultanisini bitirdikdən sonra milli mücadiləyə qatılıb. 1923-cü ildə İstanbul Müəllim Məktəbini bitirib. İstanbul Universitetinin Fənn fakültəsində təhsilini davam etdirib, eyni zamanda Bolu liseyində müəllimlik edib. Fənn fakültəsini ikinci kursdan tərk edib.
Türkiyə Cümhuriyyətinin ilk və ən önəmli naşirlərindən biridir. Yeni dövlətin quruluşundan sonra 1925-ci ildə fəaliyyətə başlayan ilk nəşriyyatlardan biri olan Türkiyə Yayınevini qurmuş, Əlifba inqilabının ardından yeni əlifbanı yayınlama imtiyazını almışdır. Latın əlifbasıyla basılmış ilk "Əlifba"nı yayınlamışdır.
Ölkədə uşaq dərgiçiliyinin gəlişməsinə ciddi rol oynayıb. "Yeni Yol" və "Resimli Mecmua" adlı ilk uşaq dərgilərinin naşiridir. Daha sonra "Yavrutürk", "Binbir Roman", "Ateş", "Cumhuriyet Çocuğu", "Çocuk Haftası", "Yıldız, Büyük Ateş", "Altın Işık" kimi dərgilərlə Türkiyədə uşaq dərgilərinin inkişafına təkan verib.
O, bir naşir kimi Nihal Atsızın, Abdullah Ziya Kozanoğlunun tarixi romanlarını, Kazım Karabekirin xatirələrindən ibarət "İstiklal Harbimiz" adlı kitabını, İsmail Hami Danişmendin "Osmanlı Tarihi Kronolojisi"ni yayınlamışdır. Özü də yaradıcılıqla məşğul olmuş, Türk Qurtuluş Savaşı və sosioloji problemlər haqqında çeşidli kitablar yazmışdır.
Filmoqrafiya
- İlkokullar için ilk türk alfabesi
- Büyük dünya hava savaşı
- Dokuz Yıldız münasebetiyle
- İlkokullar için temel bilgiler
- Arkada bıraktığım küçük işarət taşları
- Toplum yapımıza tarih içinde bir bakış
- Fiske Taşları
- Hindistan mücahidi Ahmet Âzad ve İngiliz mahkemesi önünde nutku
- Eğitimimize sol akımların girişi ve öncüleri
- İstiklâl Harbimizin Müdafaası
- Buhranlarımızın temel sebepleri.
Tahsin Demiray 25 iyul 1971-ci il tarixində İstanbulda vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
MARAQLI SÖHBƏTLƏR - Bismarka sosiska ilə duel təklifi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Bir dəfə Prussiyanın baş naziri və Almaniya İmperiyasının gələcək “dəmir kansleri” Otto fon Bismark siyasi rəqibi, Prussiya parlamentinin üzvü, siyasətçi və alim Rudolf Virxovu duelə çağırır…
Gerisi inanılmazdır, özü də çox.
Onların arasında alman torpaqlarının birləşdirilməsi metodu ilə bağlı fikir ayrılığı yaranmışdı. Bismark bunu "güc və qanla" etmək istəyirdi. liberal Virxov isə aqressiv xarici siyasətin qəti əleyhdarı idi və büdcədən hərbi ehtiyaclar üçün səmərəsiz istifadə edilməsinə etiraz edirdi.
Təcrübəli duelçi Bismark sekundantlarını Virxovun yanına göndərir. Sadə vətəndaş olan Virxovun təcrübəli hərbçi və duel həvəskarı olan Bismarka qarşı dueldən sağ çıxmaq şansı yox idi. Lakin tibbi fizioloq və ümumi patologiya professoru olan Rudolf Virxov özü üçün son dərəcə çətin vəziyyətdən çıxış yolu tapır: o, sekundatlara silah seçiminin onun olduğunu söyləyir və dueli ...sosiska ilə təklif edir. Alim, zahirən tamamilə eyni olan iki böyük sosiska götürür və deyir: - “Bu sosiskaların birində insan həyatı üçün ölümcül təhlükəli olan trixinella var. Digəri isə təmizdir. Zahirən, onlar heç də fərqlənmirlər. Qoy zati-aliləri mənə bu şərəfi nəsib edən seçimini etsin: sosiskalardan birini seçib yesin. Digərini isə mən yeyəcəyəm”.
Bismarkın şoka düşmüş sekundatları belə qeyri-adi və dəhşətli duel silahından imtina edirlər. Duel baş tutmayır və eyni zamanda heç kim professor Virxovu qorxaqlıqda ittiham edə bilməyir.
Buna oxşar hadisə başqa bir görkəmli alim - fransız kimyaçısı və mikrobioloqu Lui Pasterin də başına gəlmişdir. Pasterin yoluxmuş sosiska ilə dueldən xəbəri olub-olmadığı məlum deyil. Amma məlum olan odur ki, yaranan münaqişə vəziyyətində alim son dərəcə müdrik davranaraq, münaqişənin həlli yolunu tapır.
Bir gün tanımadığı biri Lui Pasterin yanına gəlir və özünü bir qrafın sekundatı kimi təqdim edir. Məlum olur ki, qraf alimin onu təhqir etdiyini güman edərək, alimi qətiyyətlə duelə çağırırdı. Paster sakitliklə sekundanta qulaq asıb deyir: - “Məni duelə çağırırlarsa, ona görə də silah seçmək hüququ mənə məxsusdur. Burada iki kolba var: birində çiçək xəstəliyinin törədicisi, digərində isə təmiz su var. Əgər sizi göndərən şəxs öz istəyi ilə onlardan birini içməyə razı olarsa, o birini dərhal mən içəcəyəm”.
Bunu eşidə qraf şoka düşür. Beləliklə, duel baş tutmayır.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
GK-da kreativ Cin
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
NAŞÜKÜRLÜK
Təzəpir məscidində bir nəfəri əllərini göyə açıb Allaha dua edərək 100 manat istədiyini görən Dərdayılın ona ürəyi yanır, adəti üzrə bığlarına sığal çəkib, çıxarıb ona 50 manat verir.
Belədə həmin şəxs pulu götürüb yenidən əlıərini göyə açaraq deyir:
-İlahi, sən mənə pulu bu bığlı tarakanla niyə göndərirsən, əbləh pulun yarısını vermədi.
2.
OLMUŞ HADİSƏ
Məşhur deputat dəniz kənarından qəribə butılka tapır, ağzını açanda içindən cin çıxaraq deyir:
-Ey mənim xilaskarım, mən kreativ cin xidmətindənəm, biz müasir düşüncə tərzi ilə daha innovatik performanslar sərgiləyərək müştərilərə xidmət göstəririk, arzunu de, yerinə yetirim.
Gözlərinə işıq gəlmiş Deputat cəld içində 19 manat olan bank kartını çıxarıb deyir:
-Cin, elə et ki, mənim bu kartımdan ömür boyu pul əskik olmasın.
Cin “baş üstə” deyib ayin icra edir və qeyb olur.
Deputatın telefonuna bankdan mesaj gəlir: “Sizin bank kartınız ömrünüzün sonunadək içindəki məbləğlə birlildə bloklandı”.
3.
DİALOQ
-Sənan, xətrimə dəydin, necə ola bilər ki, bu qədər yaxınlıqdan sonra sən mənim adımı səhv deyirsən?
-Quzum, Sənan yox, Kənanam mən.
4.
FƏRQ
Keçmişdə heyvanlar barədə cəmi bir dənə veriliş var idi, adı “Heyvanlar aləmində” idi.
İndi hər kanalda tok-şou adı altında bir-iki aparıcılı, beş-altı ekspertli, on-on beş tamaşaçılı onlarca belə veriliş gedir.
Mən şəxsən keçmişdəkini daha çox bəyənirəm.
5.
MƏNTİQ
“Azərlotereya” içində lotereya biletləri satdığı yeraltı keçidin üstünə böyük bir reklam lövhəsi vurub: “Sən bura daxil oldunsa, demək, 500000 manat qazanacaqsan”.
“Qazanmaq şansın var” yox a, “qazanacaqsan”.
Götürəsən verəsən məhkəməyə, deyəsən ki, girmişəm bura, di ver 500000 manatı.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Ədəbiyyatımıza və kinomuza çox töhfələr verdi, dünyadan vaxtsız getdi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bayağı detektiv oxuyanlar, gedin “Cəbhədən cəbhəyə” romanını oxuyun. Ötən əsrdə Azərbaycanda yaranan 3 şedevr detektivdən biri, Həsən Seyidbəyli və İmraN Qasımovun birgə əsəri. Digər 2-si isə Cəmşid Əmirovun “Qara Volaq” və “Brilyant məsələsi” romanlarıdır. Yoxsa ki, indiki mənasız, məzmunsuz, rabitəsiz boz ədəbiyyatı detektiv deyib oxumayın.
Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan SSR xalq artisti Həsən Seyidbəylinin bu gün anım günüdür
Kinodramaturq və kinorejissor Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olub. Burada 132 saylı şəhər orta məktəbi bitirib. Leninqrad Kino Mühəndisləri İnstitutunda, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb.
"Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub.
"Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olub. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb.
Film Fondunda rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılıb.
Filmoqrafiya
- Bakıdan Göy-gölədək, Böyük yol, Bizim Cəbiş müəllim - rejissor
- Quba bağlarında və Tərtərçay vadisində, Xoşbəxtlik qayğıları - rejissor, ssenari müəllifi
- Doğma xalqıma, Qızmar günəş altında, Uzaq sahillərdə, Şosedə hadisə, Əyri yolla qazanc – ssenari müəllifi
- Telefonçu qız, Möcüzələr adası, Sən niyə susursan?, O qızı tapın - quruluşçu rejissor, ssenari müəllifi
- Kinorejissor Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
- Kinonu sevən adam. Həsən Seyidbəyli – Film Həsən Seyidbəyliyə həsr olunmuşdur.
Təltifləri
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Azərbaycan Yazıçılar Birliyinin üzvü Həsən Seyidbəyli çox erkən - 25 iyun 1980-ci ildə 59 yaşında dünyasını dəyişib. Nə qədər gerçəkləşdirə bilmədiyi işləri qalıb.
Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Bu dəfə fərqli gəlmişəm
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Səssizlik və sən.
Gecə saat on ikini göstərir.
Hər tərəf qaranlıqdı.
Yay yağışından sonra soyuyan otaqda tənha bir mən var, bir də yanan şam. Otağı isidəcək qədər gur yanmasa da, üzümün bir tərəfini isidib yoluma işıq salır. Qələmimdən çıxan hər kəlimə onun nuruyla aydınlanır.
Şam işığında sirli bir aləm var. Səni düşündürür, yazdırır, oxudur. Bu sadəcə bir işıq deyil, hər yanışıyla bir ömrü danışan hekayədir. İçində çox şey var. Sən varsan. Həyat var. O, sənə həm yol göstərir, həm də isti qucaq açır. Sanki bir doğman kimi yaxındır sənə. Onun həsrətinə dözə bilməyənlər yanıb kül olur, yanında olanlar isə dost.
O, bir yoldaşdır. Ən qaranlıq yollarda sənə yol göstərən, səninlə son nəfəsinə kimi yanan ən sadiq dostdur. Susur, amma danışdırır. Dinləyir, ancaq yorulmur. O yanır, mən isə yazıram. Səssiz baxışlarımız birləşir. Görəsən, nə istəyir? Gah yuxarı uzanır, gah da aşağı enir. Nəfəsim toxunanda isə sanki rəqs eyləyir.
Bu gün ilk görüşümüzdür, bir dost, yoldaş kimi. Bu dəfə fərqli gəlmişəm. Sənə başqa baxıram. İndi mənim üçün təkcə otağı aydınlatan bir şam deyilsən.
Öyrənmək istəyirəm: dərindənmi tanıyırsan, yoxsa dərman olmaq üçünmü yanırsan?
Səni hər gecə yenidən tapmaq ümidi ilə…
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)
Orxan Cuvarlının “DAŞ”I
Azərbaycan Ədəbiyyat Fondunun və “Ulduz” jurnalının birgə keçirdikləri Xalq Yazıçısı Anarın 85 illik yubileyi münasibətilə hekayə müsabiqəsinin mükafatçılarının hekayələrinin təqdimatı davam edir.
2-Cİ YER
Orxan CUVARLI
Mən Cuvarlı Orxan Ramin oğlu 1994-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşam. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr təhsili almışam. Magistr təhsilimi 2016-2019-cu illərdə Türkiyə Burslarının qalibi kimi Akdeniz Universitetinin jurnalistika fakültəsində tamamlamışam. 2019-cu ildə namizədlik dissertasiyamı uğurla müdafiə etmişəm. Rus, ingilis və türk dillərini bilirəm. Hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor vəzifəsində çalışıram.
2015-ci ildən Orxan Cuvarlı imzasıyla ədəbi fəaliyyətə başlamışam. 2016-cı ildə Üçüncü Gənc Ədiblər Məktəbinin iştirakçısı olmuşam. 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 2023-cü ildə Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"nın "Ədəbiyyat" nominasiyası üzrə laureatı olmuşam.
DAŞ
Sürməyi səmada süzən buludlar ayın qabağını kəsdi. Ayın üzünü duvaqtək örtən kövrək ziyası görünməz oldu, ətraf zil qaranlığa büründü.
Otuz il bu yerdən baxdığım, arabir tutqunlaşan, bəzən də apaydın olan səmada buludlardan savayı bircə qımıltı da gözə dəymirdi. Bulud topalarının süzüldüyü hissələr lacivərdə boyanırdı.
Bu səma illərdir gördüyüm yeganə mənzərə idi. İstəsəm də, bundan nə bir çərək əskiyi, nə bir qırıq artığını görə bilərdim. Sanki kimsə göy üzünü gözlərimin önündə bir rəsm tablosu kimi asıb getmişdi.
Gecə və gündüz növbələşəndə bu tablonun rəngindən başqa hər şeyi – eni, uzunu, genişliyi, hüdudsuzluğu yerli-yerində qalırdı.
Səhərlər rəssam bu xəyali tablonu açıq rənglərlə fırçalayırdı. Elə ki şər qarışırdı, tablodakı açıq rənglər qatı boyalarla əvəzlənirdi. Bu qatılıq buludların barmaqlarının ucunda gəzən adamlar kimi səssiz-səmirsiz çəkildiyi yerlərdə dərinləşirdi.
Az qala yaddaşıma həkk olunan bu rəsm tablosunda hərdənbir yeni şeylər; perik düşən bir dəstə sərçə, gözqamaşdıran günəş, bədirlənmiş ay, göy üzünə duz kimi səpələnmiş ulduzlar, səmanın canına yayılan göy qurşağı peyda olurdu.
Neçə gündür bu mənzərələrə baxa-baxa darıxmaq barədə düşünürəm. Darıxmaq hissi mənə ucsuz-bucaqsız səhranı xatırladır. Hərdən bu səhrada az qala dizlərinə qədər quma batırsan, arabir isti qumsal ayaqlarını yandırır. Məni ən azı darıxmaq qədər fanilik hissi də sıxcalayır.
Bəzən həyat adlı yarışın sonunu düşünəndə bu hiss içimi çulğayır.
Dünyaya gəlirsən, qayğıların da səninlə bərabər böyüyür, gündəlik məişət təkrarları səni təngə gətirir. Bu qapalı dövrəyə özün də bilmədən öyrəşirsən. Zaman keçdikcə təəccüb hissini itirməyə başlayırsan. Hər şeyin parıltısını itirməsi, adidən adi, sadədən sadə olması içindəki fanilik hissini ərşə çıxarır.
Tez-tez keçmişimə qayıdıram. Keçmiş etibarlı, sınaqdan üzüağ çıxmış dostsayağıdır. Keçmiş indinin dolaşığından, gələcəyin bilinməzliyindən fərqlidir. Keçmişdə hər şey donub. Sən həmin dövrdəki səhvlərini, peşmanlıqlarını, təəssüflərini, sevinclərini, kədərlərini, doğrularını ölçüb-biçsən də, dəyişə bilmirsən, olduğutək qəbul edirsən.
Keçmişdən nigaran qalmaq olmur. Sən olub keçənləri kiçik bir təbəssümlə və ya acı bir təəssüflə xatırlamaqla kifayətlənirsən. Keçmiş gələcəklə bağlı narahatlıqlardan, nigaranlıqlardan uzaqdır…
Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm.
Bu otuz ildə çox şeyi unutmağa çalışmışam. Bəzən bu evin sevinc dolu günləri yadıma düşür. Biz heç kimə dəyib-dolaşmayan bir ailə idik.
Biz deyirəm, çünki mən də bu evin məhrəm, ad verə bilmədiyim rahatlığına isinişmişdim. Bu dördgöz evə neçə səadətli, bəxtiyar illər sığışmışdı. Ta ki o məşum günə qədər.
İnsanın ürəyi də daşlaşa bilərmiş. Mən xırda bir daş parçası olsam da, bu həqiqəti qavradığım gün heyrətləndim. İlahi, adamlar necə də qəddar olurlar!
Həmin gecə indi zilləndiyim səma mənə aydın görünmürdü. Bizi otağın tavanı, evin damı ayırırdı.
Xocalı günlərlə mühasirədə qaldı. Bu günlərdə adamlar bir qırıq qorxunu, vahiməni ürəklərinə yaxın buraxmırdı. Heç kim varidatını, uşaqlığını, gəncliyini burada qoyub gedəcəyinə inanmırdı. Bəlkə də, inanmaq istəmirdi.
Son günlər bir neçə ailəni təxliyə etmək üçün helikopterlər gəlirdi. Həmin an o adamların çöhrəsinin büründüyü təəssüfü, ağlamsınan sifətlərini unuda bilmirəm. Onlar son dəfə evlərinə, həyətlərinə, ağaclara, dağlara, quşlara, səmaya baxıb doluxsunurdular.
Bizim bünövrəsini qoyduğumuz yuvalar ağlaya-ağlaya keçmişiylə vidalaşan adamlar üçün göz dağı idi. Onlar sanki təkcə bu evləri yox, xoşbəxtliklərini, firavan günlərini də kərpic-kərpic hörmüşdülər. İndi həmin evlər, xoşbəxtliklər intəhasız bir naməlumluğun qoynuna sığınmışdı.
Evindən ayrılmaq istəməyənlər müqavimət göstərməyə çalışırdılar. Əlisilahlı düşmən dəstələrinin qabağında gündən-günə zəifləyən, gücsüzləşən, əliyalın müqavimət.
Bu evin adamları tələm-tələsik getdilər. Silah səsləri get-gedə yaxınlaşdıqca onlar o qədər tələsirdilər ki, qazanları ocaqda, balaca qızcığazın kuklası divanın bir küncündə qaldı. Evin ağsaqqalı heç ayaqqabılarını geyinməyə macal tapmadı, məstlərini sürüyə-sürüyə ailəsini meşəyə tərəf apardı.
Həmin sabah şəhər ağappaq qarı yorğan kimi sinəsinə çəkmişdi. Axşama doğru müqavimətin zəiflədiyi anlarda dümağ yorğan qeybə çəkildi, qocaman şəhər bahar laləzarları kimi al-qırmızı rəngə təslim oldu.
Görəsən, o məşum gecə, həmin laləzarda kürəyi üstə canını tapşıran neçə şəhər sakininin son gördüyü şey indi baxdığım tutqun səma olmuşdu?
Kim bilir, bəlkə, bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: “Uşaqlar, qırmızı qar yağıb”…
O gecədən sonra evlərdəki yemək qoxusu pəncərədən içəri dolan barıt iyiylə əvəzləndi. Soyuq aralı pəncərələrdən, açıq qapılardan dalğa- dalğa evlərə doldu, otaqlar buz kəsdi. Divanın küncündə unudulan kuklanın sarı saçları qırov bağladı.
Soyuqdan sonra hərbi geyimli, tanımadığım adamlar da bu evə girdi. Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.
Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.
Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı.
Sonra bu evin taybatay qapılarını, sobasını sökdülər, masanı, taxtı, divanı, stulları, dolabları, qab-qacaqları, sarı kuklanı daşıyıb apardılar.
Aradan keçən otuz ildə o uca evdən geriyə tanımadığım adamların söküb aparmaqda çətinlik çəkdiyi mən və bənzərlərimdən ibarət bünövrə, üzündəki mamırlardan başqa həyat əlaməti olmayan daş parçaları yadigar qalıb.
“Ədəbiyyat və incəsənət”
(25.06.2025)


